Hekayələr - Asif KƏNGƏRLİ

 

Qəlyan

 

Qəlyan sənin əlindədir, sən ki qəlyanın əlində deyilsən?!.

Müəllif

 

Deyilənə görə, İrandakı tiryəkilər belə edirlər: onlar şam yeməyindən sonra ortalığa qəlyan, bir də tiryəklə şiş gətirirlər, şişi odda qızdırıb bir əldə tuturlar, tiryəki isə o biri əldə. Şişi tiryəkə vurub dağlayır, ondan çıxan tüstünü isə qəlyanla içəri sümürürlər...

Bir gün tiryəkə təzə qurşanmış Qulamrza adlı bir gəncə qəlyan lazım olur. O, soraqlaşıb bir qəlyandüzəldən usta tapır, ona deyir:

- Usta, nə qədər istəyirsən sənə pul verim, mənə bir şahanə qəlyan düzəlt.

Usta altdan yuxarı gənci süzüb soruşur:

- Vardan, dövlətdən nəyin var?

Qulamrza qürrələnir:

- Hər şeyim: iki "Benz" otobusum var ki, Təbriz-Tehran arası işləyir, üç TIRım var ki, Avropaya mal daşıyır, bir dördmərtəbə çaxtumanım var ki, üstdə özümüz qalırıq, altını kirayə vermişəm, bir də bazarda qızıl dükanlarım var... Usta, sən mənə bir yaxçı qəlyan düzəlt, deşiyini də gen elə.

Qoca usta gənci diqqətlə dinləyib köksünü ötürür:

- Sən heç narahat olma, ağa. O saydığın şeylərin hamısı: otobus da, TIR da, ev də, dükanlar da - hamısı, hamısı bax, bax, bu deşikdən keçib gedəcək, heç narahand olma, niyə narahand olursan? - deyə təzə düzəltdiyi qəlyanlardan birini Qulamrzaya tərəf uzadır.

 

 

Məntiq

 

Yandırma! Yandırsan, yandıracaq...

Müəllif

 

Bir gün iki nəfər - Əli ilə Vəli həmsöhbət olurlar. Əli Vəliyə deyir:

- Sən məntiqin nə olduğunu bilirsən?

- Yox, - Vəli etiraf edir.

- Əgər bilmək istəyirsənsə, mən sənə izah eləyərəm.

- İzah elə, - deyə Vəli xahiş edir.

Əli fikrini çatdırmaq üçün söz axtarmağa başlayır:

- Məntiq, məntiq... Ee, məsələn, sənin cibində kibritin var?

- Var, - Vəli tez dillənir.

- Əgər kibritin varsa, demək, siqaretin də var; bunların ikisinin bir yerdə olması məntiqi deyil?

Vəli bir az fikirləşdikdən sonra razılaşır:

- Bəli, məntiqidi.

- Əgər sən siqaret çəkirsənsə, onun içərisinə, öz aramızdır, nə vaxtsa nəşə-zad qoymaq da məntiqidi, ya yox?

Vəli bir xeyli düşünür, yenə razılaşmalı olur:

- Bəli, məntiqidi.

- Əgər sən nəşə çəkirsənsə, evdə dava-dalaş, söz-söhbətin boşanmaya qədər gedib çıxması da məntiqidi, ya yox?

Vəli görür ki, Əli haqlıdı: "Nəşə olan yerdə dava-dalaş da, hələ boşanma da olar", - deyə düşünür. Onlar ayrılırlar... Əli öz yoluyla, Vəli isə öz yoluyla gedir. Söz Vəlini tutduğu üçün elə hey o barədə düşünür...

Vəli yolda bir nəfərə rast gəlir. O, yol adamından soruşur:

- Qardaş, kibritin var?

- Var, - deyə yoldan keçən cavab verir.

Vəli təəssüflə deyir:

- Əgər kibritin varsa, onda evin yıxılacaq...

 

 

Tənəzzül

(Pantomima)

 

I gəliş. Ərzaq dükanının qabağı. İri, bahalı bir "Cip" gəlib dayanır. Dolu bədənli, şıq geyimli bir gənc maşından düşüb dükana daxil olur. Alacağı şeyləri əli ilə göstərir. Satıcı cəld dörd torba yığıb piştaxtanın üstünə qoyur. Gənc oğlan cibindən bir dəstə iri kağız pul çıxarır. O, pulu verib qalığını almadan tez maşına tərəf gedir. Satıcı əlində kağız pul oğlan gedən tərəfə baxa-baxa qalır...

II gəliş. Həmin gənc işlənmiş "Mersedes"də gəlir, dükana daxil olur. Şıq olmasa da, geyimi pis deyil. Cibindən irili-xırdalı kağız pul çıxarır, alacaqlarını işarə ilə göstərir, iki torba mal alır. O, pulun qalığı olan dəmir pulları almaq istəyir, lakin son anda ondan imtina edir. Satıcı əlində dəmir pullar o gedən tərəfə baxır...

III gəliş. Gənc oğlan köhnə "Jiquli"də gəlir. O, arıqlayıb, üzü tüklü, paltarı nimdaşdır. Oğlan sağa-sola boylanır. Dükana girir, siqaretlə tum alır, dəmir pullarla hesabı ödəyir. Gedir. Satıcı onun arxasınca heyrətlə baxır...

IV gəliş. Həmin gənc piyada, axsaya-axsaya, əlində bir torba gəlir. Çox arıqlamış, üzü tüklü, ayaqqabısı da, paltarı da cırıq vəziyyətdədir. O, torbanı piştaxtanın üstünə qoyur, gətirdiyi boş şüşələri təhvil verib bir qutu siqaret alır. Gənc başını aşağı salıb yavaş-yavaş ordan uzaqlaşır. Satıcı onun arxasınca baxır, başını bulayır...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!