Kənd qatilləri (Hekayə) - Vüsal NURU

Ölü kəndlərin əziz xatirəsinə

 

Endikcə duman seyrəlir, seyrəldikcə kənd görünür.

Navalçalarında ot göyərmiş evlərin arasından dolanan, dağılmış çəpərlərin qarşısından keçən əyri-üyrü yolla sol ayağını darta-darta qaçan Topal Məhərrəm təngnəfəs çağırırdı:

- Molla İsfəndiyar! Molla İsfəndiyar... 

Molla İsfəndiyar qırmızı "Jiquli"sinin dam-baqajına yorğan-döşək yükləmişdi, üstündən kəndiri çarpaz çəkib düyün atırdı. Adını eşidəndə əlini saxlayıb arxaya boylandı. Məhərrəm özünü çatdırdı. Yapışdı Molla İsfəndiyarın qara qılı qıvrım biləyindən, təngnəfəs yalvardı:

- Səni and verirəm, oxuduğun kitaba, getmə. Ölənlərin goruna and verirəm, bir gün də qal...

Molla İsfəndiyar biləyini onun əlindən qopardı.

- Ayə, yekə adamsan, dünən bütün günü sənə moizə oxumuşam. Topal Məhərrəm, mümkün deyil, ağamın cəddi haqqı, mümkünatı yoxdu.

- Bəs, anam? Getsən, onun duasını kim oxuyacaq? Bu kənddə anamı təm-tək necə basdıracam?

- Zəng elə qohumlarına.

- Zeynəb bacı yuyar, sən duasını oxuyarsan. Mən də dəfn eləyərəm. Canım çıxmaz, qəbrin də qazaram, qəbrə də qoyaram. Ömrü boyu dualı-qüsullu olub anam. Ortalıqda qalmasın. Günahdı.

- Ay Məhərrəm, ayə, ay Topal, niyə başa düşmürsən? Ev tutmuşam, uşaqlar ordadı, bilirsən. Onları şəhərdə özbaşına qoya bilmərəm, axı. Şəhər bura kimi deyil ey, hərə bir dərədən, təpədən ac qurd kimi gəlib. Biz nə bilək, anan nə vaxt öləcək?

- Mən bilirəm. Nəfəsi boğazında qırılır...

- O vaxt-vədə bircə qurban olduğuma məlumdu. Bu yiyəsiz kənddə oturub Əzrayılı gözləyə bilmərəm, axı.

- Molla İsfəndiyar, adam kişi olar.

- Yeri, o qapının ağzındakı çamadanları gətir bəri.

Məhərrəm astanada Zeynəbi görəndə dili açıldı:

- Ay Zeynəb bacı, sənə qurban olum, bəs, sən getsən, anamı kim yuyub-qüsullayacaq, kim kəfənləyəcək? İnsafınız olsun, bizi Əzrayılın qabağında qoyub getməyin.

- Bu günə kimi sən çimizdirmirdin Məsimə xalanı? Vaxtı gələndə yenə əziyyətin çəkərsən. Şəhərə gedirəm ey mən, şəhərə. Məscidə aşpaz düzəlmişəm. Sabah da ehsan veriləcək. Axşama kimi şəhərə çatmalıyam. Birinci gündən gecikə bilmərəm işə. - Zeynəb çamadanları Məhərrəmin əllərinə tutuşdurdu. Məhərrəm iri sarı çamadanları darta-darta gətirib maşının arxasında yerə qoydu.

- Vallah, üz vurma, Məhərrəm. Dünən bir samovarlıq söhbət elədik, yəni başa düşmədin? Bu kənd qurumuş dəyirmandı, susuz arxdı, ölüb bu kənd. Özün görürsən, kəndin qazını da kəsiblər...

- Siz gedəndə gəlib işığı da kəsəcəklər.

- Bəs, dükan-bazar? Nə alaq? Nə yeyək? Bir siqaretə görə 13 kilometr gedirik. Nə olsun, kənd meşənin kənarıdı, çayın yanıdı, dağın döşüdü?! Lap elə cənnətin ortasıdı. Gözəllik yeyilmir, içilmir. Uşağın ehtiyacı mənzərəylə ödənmir. Başa düşürsən? Müqəddəslik, dəyərlər, ay nə bilim, dədə-baba yurduna sevgi-mevgi qarın doyurmur, Topal. Onlar tox qarnın, dolu cibin hissləridi. Görmürsən, əlacımızı kəsiblər? - Səsini bir az qısdı, guya kimsə eşidəcək. - İş yoxdu, Məhərrəm, iş. Bir sənin anandı, səndə də pul yoxdu, ay rəhmətliyin oğlu. Şəhər belədi ki, hər gün adamlar xəstə düşmüş toyuq-cücə kimi tələf olurlar. Bir qəbiristanlığa girsəm, bəsimdir. Bu dey, xalam oğlu İlyas, torpaq alıb, ev tikdirir. Özü də işlədiyi qəbiristanlığın düz yanında. Günorta yeməyini evində yeyir, yolpulu vermir. Hələ kreditə maşın da götürüb oğluna.

- Kəndə baxma, Molla İsfəndiyar, şəhərdə səni bir oxudan ikinci dəfə ağız açdırmaz. Məclisdən qovar. Sənin heç avazın da yoxdu. Ərəbi, ölüsü bir yana, heç Allah da sənin oxuduğunu başa düşmür.

- Kiri, ə, bilirəm, yandığından deyirsən.

- Hansı məclisdə oxumusansa gülməyimizi ağzımızda tutub mağardan çıxmışıq. Uşaqlar ağzını əyib. Şəhərdə səni daşa basacaqlar. Burda üzünə vuran olmadı. Kəndi qoyub getmə. Axı, bura bizim dədə-baba kəndimizdi. Sənin böyüklərin, qohum-əqrəban o qəbiristanlıqda yatır...

- Bəs, sənin qohum-əqrəban hanı, ay Topal? Əmingil, oğlanları, xalan uşaqları... Ay sağ ol, bizdən əvvəl qaçıblar. Hələ yuxarıda vəzifə tutub oturanları da var. Niyə demirsən onlara kəndin gününə ağlasınlar? Əlləri lap böyüklərin ətəyinə çatır. Onların yadına düşürmü kənd? Yadlarına düşür ki, qəbiristanlıqda doğmaları yatır?

- Əşi, onlar cəhənnəm ey, indi mənə sən lazımsan. 

- Kənd xaraba qalır deyə, mənim uşaqlarım bu dünyada gün görməsinlər? Biz palçığın içində ölməliyik, onlar şəhərdə keyf içində yaşamalıdılar? İş yox, pul yox... Yoxdur də, burda yaşamağa imkan yoxdur. Çayın başında divlər oturub, divlər kəsib, yandı ey, bizim bostanlar yandı. O dey, su tutan əkin sahələri, meşələr, örüş yerləri indi kimindi? Məcbur elədilər satdıqmı? Satdıq! Bəylər, ağalar, paşalar aldılar əlimizdən. Ged o boxçaları al Zeynəbdən, gətir, ağırdı.

Molla İsfəndiyar baqajı çırpıb örtəndə Zeynəb elə bir ədayla gəlib qabaqda əyləşdi ki, Məhərrəm baxa-baxa qaldı. Bu günə qədər yaşmaqlı gəzən Zeynəbdə belə fors-əda görməmişdi. Bəlkə də, ilk dəfəydi Molla İsfəndiyar ona qabaq oturacaqda, yanında oturmağa icazə vermişdi. Ya da Zeynəb icazə almağa daha səbəb görməmişdi. Bilirdi ki, kişisiz qalmış kənddə Molla İsfəndiyar ona göz ağardan deyil.

Molla İsfəndiyar əlini Məhərrəmin çiyninə qoydu:

- Mənim də evimin işığını yandırarsan. Kənd sənə əmanət.

Kəndin diri vaxtı hamı bilirdi ki, Məhərrəm yaxşı elektrikdi, əksər evin naqillərini çəkmişdi, işığını yandırmışdı. İndi də bir neçə evin ən azı bir-iki lampasını bir-birinə calamışdı, öz evinin, həyətinin işığını yandıranda qohumlarının, onların qonşularının da işıqları yolka işıqları kimi yanırdı. Həm bekarçılıqdan özünə iş tapıb başını qatmışdı, həm də axşam düşəndə kəndi çıraqban eləyirdi. Deyirdi, qoy elə bilsinlər ki, camaat evindədi, xətti kəsməsinlər. Onsuz da qaz yoxdu, işıqsız lap çətin olar.

- Sən də gedərsən qohumlarının yanına. Bundan sonra bu ölü kəndi dirildə bilməzsən, Məhərrəm. Özünə gün ağla.

- Onsuz da şəhərdə ağ günə çıxan deyilsiz. Şəhərin ətini yeyənlər, qabağınıza sümüy atacaqlar. İt kimi gəbərəcəksiz kirayələrdə. Tikintilərdə, bazarlarda canınız çıxacaq. Gedin, gözüm aydın, gedin şəhərin qəbiristanlıqlarını doldurun, böyüdün. Cəhhənəmə kimi yolunuz var.

Molla İsfəndiyar gülümsəyib başını buladı, əlini onun çiyninə vurdu. Nə dedisə, elə ürəyində dedi. Maşına əyləşəndə əlini pəncərədən çıxarıb yellədi, sürüb uzaqlaşdı.

Məhərrəmin üzünün acıqlı ifadəsi dəyişmirdi, yerindən tərpənmirdi, adətən ayağının birini götürüb o birini qoyardı. İndi gözləri dolmuşdu. Birdən gözünün yaşı kirpiklərindən qopub tozlu yanağında iz saldı, səyriyən çənəsinə süzüldü, ordan da ayaqqabısının üstünə düşdü. Elə bil gözünün yaşı yox, göy üzünün daşı düşdü baş barmağının üstünə, canı yandı, lal uşaq kimi bağırdı Məhərrəm. İçinə bağırdı. Elə bağırdı, elə bağırdı, boğazının dərisi gərildi, damarları şişdi, ağzının suyu sıçradı dodağına, çənəsinə. Məhərrəm yerdən qara daş götürüb tozanaq qaldıran qırmızı maşının dalınca atdı:

- Kənd qatilləri! Qatillər! Rədd olun!

Məhərrəm gəldiyi kimi də, qaça-qaça evinə qayıdırdı. Nigaran qalmışdı anasından, deyirdi, arvad gözünü açıb görsə yoxam, narahat olar. Birdən sudan-çaydan istəyər, çağırar...

Məhərrəm qapını ehmal aralayıb anasının yatağına boylandı. Gördü, necə yatılı qoyub getmişdisə arvad elədi. Bir az arxayınlaşdı. Səhər kəsib yolduğu xoruzu doğrayıb qazana atdı. Gedənləri söyə-söyə, ürəyində vuruşdura-vuruşdura anasına şorba bişirdi.

Sinidə dolu kasa, bir-iki tikə kəpək çörəyi, qaşıq, dəsmal götürüb otağa girdi, çarpayının yanında durdu. Anasını çağırdı. Ha çağırdı, hay gəlmədi. Yumağa dönmüş arvadın həniri kəsilmişdi. İpi göydən üzülmüşdü. Sini Məhərrəmin süstləşən əlindən düşdü. İsti şorba dağıldı, topal ayağının cırıq corabından çıxmış barmaqları yandı Məhərrəmin. Məhərrəm hiss eləmədi. Amma elə bil ciyərinə od düşdü, silkələdi anasını, dərisi sümüyünə yapışmış biləyini tutub nəbzini yoxladı. Qulağını arvadın bürüşmüş dodaqlarına yapışdırdı. Sonra çarəsi kəsilmiş halda dizlərini şorba dağılmış xalının üstünə qoydu. Baxdı anasına. Gözündən bir damcı yaş çıxmadı. Məhərrəm ürəyinə ağlıyırdı. Ruhuna bağırırdı. Elə bil qorxurdu anasını oyatmaqdan.

- Canın qurtardı bizdən. Qurtardı canın! Yazıq anam!

Məhərrəm çölə çıxdı. Molla İsfəndiyara nə qədər zəng eləsə də, cavab almadı. Bu saat ən böyük istəyi Molla İsfəndiyarın geri qayıtmasıydı. Dişinin dibindən çıxanı dedi onun dalınca.

- Anam öldü!

Məhərrəm bir-bir qohumlarına zəng vurdu. Kim telefonu açırdısa xəbər verirdi. Çağırırdı.

"Ay Məhərrəm, vallah, işdən çıxa bilmirəm". "Allah rəhmət eləsin xalama, icazəm özümdə deyil, buralarda iş başqa cürdü..." "Mütləq gələcəm, Məsimə xala anam əvəziydi". "İşdən baş aça bilirəm ki, ay bibioğlu...". "Xalaoğlu, Sabirə deyərəm, görüm, gətirsə, gələrəm". "Elə indi yola çıxırıq"...

- Ordakılara xəbər verərsən... - Məhərrəmin telefonunda danışıq balansı bitdi. Səsi şəhərdən kəsildi.

Məhərrəm anasını özü yudu. Həmişə özü çimizdirərdi; oturdardı kətildə, uşaq kimi əzizləyə-əzizləyə çimizdirərdi. Deyirdi, sən vaxtında məni çox çimizdirmisən, indi növbə mənimdir, ana.

Məhərrəm anasına elə yatdığı çarpayısında, yorğan-döşəyinin içində qüsul verirdi; doldurub yanına qoyduğu iri qazandan suyu ağ dolçayla götürüb ehmal-ehmal anasının üstünə tökür, tökülüb seyrəlmiş saçını sığallayır, dua əvəzinə qohumlarından gileylənirdi. Döşəmədə su süzülüb otağın başına gedirdi.

Yumağa dönmüş arvadı qucağına alıb otağın ortasındakı stola uzatdı, qurulayıb kəfənlədi.

- Şəhərdən gələcəklər, ana. Gedim stol açım. Əmioğlu Yusifgil, xalaqızı...

Məhərrəm həyətdə stolları baş-başa birləşdirib uzatdı, hərəsi bir rəngdə olan süfrələri sərdi. Stulları, uzun skamyaları gətirib düzdü, üstünə adyal, döşəkcə, qoyun dərisi saldı. İri samovarı elə küncdəki yerində yaxalayıb doldurdu, od saldı. Evdə nə qədər stəkan-nəlbəki, qənddan vardı, hamısını daşıdı stolun üstünə. Hərdən də çəpərə yaxınlaşıb yola boylandı: şəhərə gedən yol bu çəpərdən aydın görünürdü. Görünürdü ki, nə gedən var, nə gələn. Yol ölü ilan kimi düşüb qalmışdı əkin sahələrinin arasında.

Samovar qaynayıb daşdı. Məhərrəm çay təzə olsun deyə hələ dəmləmədi, ovcuyla quru çayın qədərini ölçüb tənzifin arasına tökdü, düyünçələr düzəltdi, hazır saxladı. 

Gün dağın dalına əyilmişdi, uzanmışdı evlərin, ağacların kölgələri. Məhərrəm, bəlkə də, yüzüncü dəfəydi çəpərdən boylanırdı.

Armud ağacının dibində qəbir qazıb qurtaranda gəlib düyünçənin birini çaynikə atdı, üstünə samovardan su aldı. Söz verən bütün qohumlarından küsmüşdü, bayaqdan bəri onların yoluna boylanmırdı. Elə bil o üzdə dayanmışdılar, üzlərinə baxmaq istəmirdi. İndi bəhanəylə çəpərə yaxınlaşdı, yola gözucu baxdı...

Çayını süzüb içdi, dilinin, dodağının yanğısını hiss eləmədi. Keyimişdi, özü də dərk eləyirdi ki, heç nə fikirləşə bilmir, hissləri, duyğuları anasıyla gedib. Özü indi boşdu, boş evdi, boş kənddi, boş bədəndi. Əlini kəssələr, ruhu duymazdı.

Anasını evdən əl arabasında düşürüb həyətin ortasına qoyduğu stolun üstünə uzatdı.

- Gələcəklər, ana, bir az da səbirli olaq. Şəhər uzaqdı. Yol işidi. Xalaoğlunun ürəyi durmaz.

Məhərrəm anasının yanında oturub bir samovar çayı hirsindən-acığından içdi. Hər armudu stəkanı boşaldanda əlini üstünə qoyub "ehsanın qəbul olsun", deyirdi, durub yenə süzürdü.

- Səhər gəlib çatarlar. Günortaya kimi, görərsən, ağlaşa-ağlaşa girdilər həyətə. Ola bilməz Səfi gəlməsin. Hələ Yusuf... Bu gün gəlməsə, mən cəhənnəm, bu kəndin üzünə necə qayıdar?

Məhərrəm səhəri anasının dizinin dibində açdı. Günün birinci siqaretini damağına qoyanda çəpərdən şəhər yoluna boylanırdı.

- Mütləq gələcəklər. Dayımgil məni tək qoymaz. Sən axı həm də Cabirin süd anasısan. Qardaşım sayılır...

Günəş evlərin arxasından çıxıb, damın üstündən həyətin ortasındakı meyitin üstünə düşəndə Məhərrəm başa düşdü ki, vaxt çatıb. Stolu sürüyə-sürüyə anasını armudun dibinə, - qazdığı qəbrin qırağına gətirdi...

Axşam düşəndə evinin, həyətinin işığını yandırdı, az qala, kəndin bütün evləri gözlərini qaranlığa açdı. Məhərrəm yola boylandı, özünü inandırdı ki, işdən sonra yola çıxan olsaydı indiyə çatardı da, hələ dincələrdi də.

Samovara neçənci dəfə od salırdı, bilmədi. Samovarın burula-burula qalxan tüstüsü Məhərrəmin yanıqlı-yanıqlı çəkdiyi siqaretin tüstüsünə qarışıb yuxarı qalxırdı. Burdan evlərin işıqları ulduz-ulduz qırpınırdı; günəş çıxana qədər qırpındı.

Məhərrəm səhəri armud ağacının dibində açdı. Nə çəpərə tərəf getdi, nə samovara od saldı. Həyətə düzdüyü stolları, süfrələri, stəkan-nəlbəkiləri yerinə qaytarmışdı. İndi də ortaya çəkdiyi stolları üst-üstə yığıb küncə qoyurdu.

Axşam tərəfi traktorunun yanacaq çəninə nazik xortum salıb sümürdü, gələn yanacağı yanına düzdüyü butulkalara süzdü. Anasının paltarlarından dartıb cırdığı şivrimləri burub butulkaların içinə dürtüşdürdü, barmaq uzunluğunda fitil saxladı. Axşam yığdı əl arabasına, həyətdən çıxdı...

Boy-boya vermiş alovların istisi qaranlığın bağrını qarsırdı. Kəndin külü rayonun başına ələnirdi. Nəfəs kəsən tüstü-duman burula-burula buludlara qalxırdı.

Qalxdıqca duman sıxlaşır, sıxlaşdıqca kənd görünmür.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!