Kiçik hekayələr - Qafar CƏFƏRLİ

 

Saçla danışmaq

 

Qadınları deyə bilmərəm, kişilərin çoxu saçını, üzünü qırxan bərbərə aşırı dərəcədə öyrəşir. Hətta bir neçə günlüyə harasa gedəndə başı, üzü tüklənərsə, mütləq özünü həmin ustaya çatdırmalıdır. Bu vərdiş əksər kişilərdə var, elə içi mən qarışıq.

Mənim də Lənkəranda öyrəşdiyim belə bir usta var. Artıq iyirmi beş ilə yaxındır ki, saçımı ona qırxdırıram.

Bilmirəm, mənimlə razılaşarsız, ya yox, bu bərbərlər çox söhbətcil, ayıq, zirək, çox bilən, necə deyərlər, tükü tükdən seçən olurlar. Yəqin ki, bunun əsas səbəbi onların gündə onlarla şəxslə həmsöhbət olmalarıdır. Hər kəsdən bir kəlmə eşitsələr, gör hara vurar?!

Bərbərlərə xas bütün əlamətlər mənim ustamda da var. Üstəlik, bu, öz işinin peşəkarı olmaqla yanaşı, çox intellektual, hər bir müstərini öz dili ilə danışdırıb istədiyini edən, ən əsası isə hazırcavab, deyib-gülən, zarafatcıldır.

Bu gün dediyi vaxtda ustamın yanına getdim. Onu da deyim ki, ustamın qəbuluna ancaq növbəyə yazılandan sonra düşmək olur. Növbə mənə çatanda keçib kresloda oturdum. Son illərdə alnımın sağ və sol hissəsində tüklərin azaldığını görüb, bunu yaşla bağlayıb təskinlik tapırdım. Elə ustam da bunu belə demişdi. Son aylarda isə alnıma tərəf olan tükün uzanmadığını, seyrəldiyini hiss edir və görürdüm. Düzü, bundan narahat olmağa başlamışdım. Necə olur ki, başımda ümumən saç artır, amma alnıma tökülən tük uzanmır? Xoş-beş, on beşdən sonra ustaya məni narahat edən sualı verdim. Özlüyümdə fikirləşdim ki, yəqin saçın uzanması üçün bir məsləhət verər, ya da bunu da yaşa bağlayıb söhbəti bağlayacaq.

Ustanın cavabı mənim üçün əsil sürpriz oldu:

- Qafar müəllim, naşükür adamsan.

Düzü, bu cavabdan əvvəl tutuldum, sonra özümü toparlayıb soruşdum:

- Usta, bu nə sözdür mənə deyirsən?

Usta sakit halda dilləndi:

- İstəyirəm bir sualıma cavab verəsən.

- Buyur, - dedim.

- Sən heç öz saçınla danışıb, dərdləşmisən?

Bu sual məndə çaşqınlıq yaratdı, həm də gülməyim gəldi:

- Saçla nə dərdləşmək? Başa düşmədim.

Usta təmkinini pozmadan izah verməyə başladı:

- Bəli, insan öz bədəninin bütün üzvləri ilə vaxtlı-vaxtında danışmalıdır. Onun əhvalını soruşmalı, dərdi ilə maraqlanmalıdır. Özü də bu söhbət ancaq Allahın bəxş etdiyi bədən üzvləri ilə mümkündür, sonradan yapışdırılmış, qaynaq edilmişlərlə yox. Əgər bunu etsəydin, onda bədən üzvlərinin halı sənə əyan olardı. Yəni, əgər saçınla dərdləşsəydin, sənə deyərdi ki, az qala, 67 ildir səninlə yoldaşam, bir saniyə belə səni tək qoymamışam. Həmişə sənə gözəllik vermişəm. Əslində bu mənim vəzifəm deyil və yəqin ki, nə qədər cavan adamın keçəl olduğunu da görmüsən. Amma bütün bu xidmətimə görə bir dəfə "sağ ol" eşitməmiş, minnətdarlığını görməmişəm. Bir də ki, axı biz də yaşlanırıq, qocalırıq, taqətimiz, gücümüz azalır. Bu səbəbdən də dostlarımı bir-bir itirirəm.

Bu cavab məni elə tutdu ki, ustanın üzünə baxmağa utandım.

Usta: - Bax, belə, Qafar müəllim, - deyib işinə başladı.

Saçımın yaşla bağlı tökülməsini ustam bu dəfə mənə belə izah etdi və bu izahdan ruhum belə incimədi.

 

 

Kredit bazarı

 

Son illərdə insanlarımız bir azara mübtəla olublar: qadınlı-kişili ehtiyac oldu-olmadı, kreditə cumurlar. İndi krediti olmayanı barmaqla göstərmək olar. Əslində insanları buna görə qınamaq da insafdan deyil. İşsizlik, aşağı maaş və pensiya, uşaq pulunun olmaması və digər səbəblərdən ailələrdə problemlər aşıb-daşır. Belə vəziyyətdə kredit insanlara gözəllik ilahəsi Afrodita kimi görünür (Bilməyənlər üçün deyim ki, "Afrodita" sözü yunanca - "köpükdən yaranmış" mənasını verir ki, bu da elə "kredit" sözü ilə hardasa eyni anlama gəlir). Əslində humanitar məqsədə xidmət etməli olan banklar fürsətdən yararlanıb insanların başını küt bıçaqla kəsirlər. Əsas bankın qapısından içəri keçməkdir. Bir anın içində sehrli bir məkana düşmüş kimi özünü hiss edirsən. Reklam lövhələri insanın bütün varlığına sahib çıxır. Adlar o qədər cəlbedicidir ki, seçim belə, etməyə çətinlik çəkirsən. Bank işçisi də çox sakit və mədəni formada təklifləri ard-arda qulağına oxuyur:

- Asan kredit, tək şəxsiyyət vəsiqəsi ilə kredit, zaminsiz kredit, faizsiz kredit, komissiyonsuz kredit, girovsuz kredit...

Və bir də ayılırsan ki, lupa ilə belə, oxunması müşkül olan müqaviləyə artıq qol atmısan. Pulların ətri isə səni uzaqdan vurur. Elə ki, cibində pul bankdan çıxdın, sanki göyün yeddinci qatındasan. Bir-iki ay firavan yaşayırsan ki, sənə qalan da elə o olur. Sonrası nağıl kimi olaylar başlayır...

Oğlunun kredit götürməyindən beş aydan sonra xəbər tutan Qafur kişi ilə bank işçisi arasında belə bir dialoq oldu:

- Alo, salam.

- Salam.

- Sizi bankdan narahat edirəm.

- Buyurun, eşidirəm.

- Siz Rəşadın atasısınız?

- Bəli. Nə olub ki?

- Oğlunuz bankımızdan kredit götürüb, iki aydan çoxdur ki, ödəmə etmir. Telefon zəngimizə də cavab vermir.

- Başa düşdüm. Oğlumun 30 yaşı var. Müstəqil adamdır. Bunu mənə niyə deyirsiz ki?

- Ona görə ki, o sizin mobil nömrənizi verib və sizi zamin saxlayıb.

- Necə məni zamin saxlaya bilər ki, mənim bundan xəbərim yoxdur?

- Ağsaqqal, fərq eləmir. Siz Rəşadın atası deyilsiniz?

- Ay bala, atasıyam, amma axı mən ona zamin durmamışam.

- Siz onun valideynisiz. Oğul sizindir. (Ciddi səslə). Onu tapın, deyin ki, banka borcunu ödəsin. Əks halda, ikiniz də məsuliyyət daşıyacaqsız.

- Mən sizə heç bir köməklik göstərə bilmərəm. Özünüz tapın və borcu tələb edin.

- Ağsaqqal, bu nə danışıqdır? Oğlunuza siz cavabdehsiz.

- Ay bala, mən 30 yaşlı kişiyə necə cavabdeh ola bilərəm?

- Cavabdeh olmalısınız. Uşağa vaxtında tərbiyə vermək lazım idi. Başlı-başına buraxırsınız, sonra öhdəsindən gələ bilmirsiz.

- Mənim oğlumdan şikayətim yoxdur.

- Görünür, oğlunun bu hərəkəti sizin də ürəyinizcədir. Oğlunuz sizi eşitsəydi, sizdən qorxusu olsaydı belə etməzdi.

- O boyda kişiyə mən neyləyə bilərəm ki?!

- (Ciddi, bir az da əsəbi səslə). Mənim belə oğlum olsaydı, başını kəsərdim. Ona elə bir dərs verərdim ki, ömrü boyu qarşımda farağat dayanardı. Oğlan gərək atasından qorxsun.

- Övladdı deyə heç nə etmək olmur, ay bala. Bir də ki, indiki gənclər fərqli yaşamaq istəyirlər. Valideyni eşitmirlər. Heç kimdən də qorxmurlar.

- Eşitməlidirlər və qorxmalıdırlar, ağsaqqal. Görünür, siz yerində deyilsiniz.

- Yəqin atan yaşında olaram. De görüm, neçə uşağın var?

- İki qızım var.

- Allah saxlasın. Onda de görüm, atan harda işləyib?

- Hərbiçi olub.

- Sən özün necə uşaq olmusan?

- (Bir anlıq sükut. Gülə-gülə). Çox dəcəl. Hər gün dava-dalaş, hər gün narazılıq, söz-söhbət. Məktəb əlimdən bezmişdi. Universiteti də, demək olar ki, atam "oxudu", diplomu mən aldım. Yazıq kişi əlimdən qan ağlayırdı. Elə mənim dərdimlə də öldü.

- Allah rəhmət eləsin.

- (Kədərli səslə) Hər həftə məzarı üstə gedib bağışlanmağımı xahiş edirəm. Bilmirəm, məni bağışlayıb, yoxsa yox.

- Bağışlayar, bala, narahat olma. Gördün ki, övlada heç nə etmək olmur?! Amma sən hər həftə atanın məzarını ziyarət elə ki, bəlkə vicdanın rahatlıq tapsın.

- (Qüssə dolu səslə) Başa düşdüm. (Susur). Amma borcu ödəyin də... Xahiş edirəm.

 

 

Bəhanə

 

Bir həkim dostum var. Uzun illər öz sahəsində məsul vəzifələrdə işləyib. Elə bu gün də vəzifədədir. Arabir görüşsək də, tez-tez telefon əlaqəsi saxlayırıq. Öz sahəsinin əsl peşəkarıdır. Onu mənim üçün daha əziz və doğma edən isə geniş dünyagörüşü, intellektual səviyyəsi, ən əsası isə, sözə, sənətə, ədəbiyyata olan sevgisidir. Bu səbəbdən görüşəndə sözümüz, söhbətimiz bitmir. Xoş aurası, şirin danışıq tərzi və yerində etdiyi zarafatları söhbətimizi daha maraqlı edir və vaxtın necə keçdiyini heç birimiz hiss etmirik.

Sonuncu görüşümüzdə dostumun qardaşı ilə bağlı danışdığı bir əhvalat mənə o qədər ləzzət elədi ki, sizinlə bölüşməyi qərara aldım.

Dostum deyir ki, qardaşım uzun illər Lənkəran şəhərindəki C.Cabbarlı adına musiqi məktəbində müəllim işləyib. Günlərin birində səhərin şirin yuxusundan gec oyanır. Görür ki, işə yarım saatdan çox gecikib. İsti yorğan-döşəkdə tənbəllik onu tutur. Fikirləşir ki, bu vaxtı işə getməyin artıq mənası qalmır. Odur ki, elə uzandığı yerdə anasını çağırıb xahiş edir ki, məktəbin direktoruna zəng etsin, xəstələndiyi üçün işə gələ bilməyəcəyini desin. Anası oğlunu dilə tutur ki, tənbəllik eləmə, işə getməməkdənsə yarım saat gecikməyin ziyanı olmaz. Dur, işinə get. Özünü buna öyrəşdirmə, sonra adətkərdə olarsan. Ana çox deyir, oğul az eşidir. Axırda ana məcbur olub məktəbin direktoru Arif Namazova zəng edir.

- Salam, Arif müəllim.

Ailəvi yaxınlıq olduğuna görə Arif müəllim ananı səsindən tanıyır.

- Salam, anam, necəsiniz?

- Mən yaxşıyam. Amma sənin müəllimin, mənim də oğlum, Allah eləməsin, Allah eləməsin, xəstələnib. Bu gün işə gələ bilməyəcək.

Arif müəllim məsələni dərhal anlayır:

- Allah eləməsin, ana. Narahat olma. Qoy müalicə olunsun.

Sabahı müəllimini işdə görən Arif müəllim gülə-gülə deyir:

- Özün fırıldaqsan, yazıq arvadı da yalan danışmağa məcbur edirsən.

- Arif müəllim, məgər mən xəstələnə bilmərəm?

- Bilərsən, amma ananın "Allah eləməsin" deməyi hər şeyə aydınlıq gətirir. 

 

Lənkəran

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!