İki şairin acı taleyi - Anar - ANAR

Məhəmməd Hadi (1879-1920) və Əhməd Cavad (1892-1937)...

ANAR

XX əsrin əvvəllərinin iki gözəl şairi. İki acı taleli şair. Əlbəttə, hər bir böyük sənətkar taleyində də, yaradıcılığında da individualdır, lakin bu iki şairi birləşdirməyə imkan verən bir sıra mühüm məqamlar mövcuddur.

Sovet terminologiyasına görə, millətçilik mənfi çalarlı anlayış hesab edilirdi və "millətçi" sözü həmişə "burjua", "qatı", "mürtəce" epitetləri ilə müşayiət olunurdu. Ən yaxşı halda isə "vətənpərvər" evfemizmi ilə əvəzlənirdi.

Məhəmməd Hadi də, Əhməd Cavad da sözün ən yaxşı və nəcib mənasında milliyyətçi, öz ölkələrinin, belə demək olarsa, millətlərinin heyranı idilər. Poetik şəxsiyyət, üslub və dil xüsusiyyətlərindəki fərqlərə baxmayaraq, onları hər şeydən əvvəl, bu cəhət birləşdirirdi. İkisi də Türkiyənin, onun poeziyasının vurğunu idilər və hər ikisi türk şairlərinin müəyyən təsiri altında idilər: Məhəmməd Hadi Namiq Kamal və xüsusən də Tofiq Fikrətin; Əhməd Cavad - Məmməd Əmin Yurdaqul və Rza Tofiqin. Azərbaycanda millətçilik və ya vətənpərvərlik ötən əsrin əvvəllərində, demək olar ki, həmişə Türkiyəyə sevgi ilə müşayiət olunurdu, mütləq onunla uzlaşırdı və bunun səbəbi var. Bütün türkdilli xalqlar yad imperiyaların - Rusiya, İran, Çinin əsarəti altında idi və yalnız Türkiyə, daha doğrusu, Osmanlı imperiyası müstəqil idi, ana dilindən rəsmi istifadə imkanları vardı, hərçənd o dövrdə ərəb və fars sözləri ilə dolu olduğu üçün onu təmiz türk dili hesab etmək çətindir. Doğrudur, Osmanlı imperiyasının tərkibində də istər xristian, istərsə də müsəlman dininə mənsub milli azlıqlar yaşayırdılar və  onlar da osmanlı hakimiyyətini boyunduruq hesab edirdilər.

Hər iki şairin daha bir ortaq cəhəti - mürəkkəb, qeyi-adi, gözlənilməz həlledici dönüşlərlə dolu olan talelərinin gərdişindədir.

Gənclik çağında, xüsusən gələcək həyat yoldaşı Şükriyyə xanıma romantik aşiqlik illərində Əhməd Cavad bir neçə il xoşbəxt yaşamış və bu, ona həsr etdiyi şeirlərdə öz əksini tapmışdı. Taleyin onunçün hazırladıqlarından xəbərsiz

Məndən xoşbəxti varmı dünyada? - yazırdı.

Nəhayət, Cavada Azərbaycan müstəqilliyinin ilhamverici sevinclə dolu illərini yaşamaq nəsib oldu. 1918-1920-ci illər Ə.Cavadın yaradıcılığında fəallığın, səmimiyyətin və məhsuldarlığın zirvəsi idi. Məhz bu dövrdə o, Azərbaycana, onun milli bayrağına, Bakını azad edən türk ordusuna həsr edilən şeirlər yazır. Onların sırasında həmin dövrdə Azərbaycanın himni olan və ikinci müstəqilliyimiz dönəmində Dövlət himni kimi bərpa edilən şeir də var idi. (Musiqisi Üzeyir Hacıbəylinindir. Üzeyir bəy Cavadın sözlərinə Türkiyənin az qala ikinci himninə çevrilən "Çırpınırdı Qara dəniz" mahnısını da bəstələmişdi).

Cavaddan fərqli olaraq, Məhəmməd Hadi sanki bütün ömrü boyu bədbəxtliyə məhkum idi. Yeniyetməlik və gənclik illərində mükəmməl təhsil almaq arzusunu həyata keçirməyə nail  olmasa da, sonradan özünün yorulmaz səyləri nəticəsində dövrünün ən savadlı şəxslərindən biri olmuşdu. Onun təhsilə, elmə və maarifə canatımı keçilməz kor dalana dirənirdi. Bu, onun  kədərli misralarında əksini tapıb:

Varmı bundan yuxarı uçmağa istedadım?

Qabiliyyət pərimə zəxm vurub ustadım.

Oxumaqçün nə qədər dadü-fəğan etdimsə,

Olmadı zərrə əsərbəxş şu istimdadım.

Dağa dersəm eşidir, sonra verir əksi-səda,

Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

Təkcə yaradıcılığında deyil, həyatında da romantik olan Hadi Türkiyədəki inqilabi hadisələrdən ruhlanaraq 1908-ci ildə İstanbula gedir, lakin burada onu həbs edir və "rus casusu" kimi Salonikə sürgün edirlər. O, yalnız 1914-cü ildə sürgündən qurtulmağa və vətənə qayıtmaq üçün gəmiyə minməyə nail olur. Ancaq gəmi yunanların əlinə keçir və bu dəfə onu türk casusu hesab edirlər. Hadi çətinliklə xilas ola bilir.

Şairin ən məşhur beytlərindən biri bu iki misradır:

İmzasını qoymuş miləl övraqi-həyatə,

Yox millətimin xətti bu imzalar içində.

Hadinin taleyindəki dəhşətli paradoks bundadır ki, nəhayət sanki arzusu gerçəkləşdiyi, Azərbaycan öz müstəqilliyini bəyan edib, "xətti imzalar içində" yer aldığı zaman artıq qırx yaşı haqlayan Hadi 26 yaşlı Cavaddan fərqli olaraq bu sevinci sonadək duya bilmədi. Həyatın ağlagəlməz məşəqqətləri onu alkoqola aludə etdi. Müasiri Hüseyn Cavid kədərli bir epizodun şahidi olmuşdu - günlərin birində çörək, ya içki üçünmü pul qazanmaqdan ötrü küçədə şeirlərini satan sərxoş şairə rast gəlmişdi... Tarixdə tez-tez təkrarlanan hal bir daha təkrarlanırdı - azadlıq və müstəqilliyə təşnə olanların arzusu gerçəkləşdiyi zaman  özləri bu azadlıq havası ilə sinə dolusu nəfəs ala bilmədən yanıb kül olurlar.

Onun qəbri də uzun müddət tapılmadı. Amma Hadinin bədbəxtlikləri bununla bitmir. Talesiz şairin daha bir bədbəxtliyi onun ədəbi qismətindədir. Məsələ burasındadır ki, Hadinin ərəb, fars söz və ifadələri ilə bol olan əsərləri elə mürəkkəb bir dildə qələmə alınıb ki, müasirləri onu anlamaqda çətinlik çəkirdilər, bu gün isə mütəxəssislərdən başqa anlayan yoxdur. Çıxış yolu varmış kimi görünür - onun misralarını müasir ahəngə uyğunlaşdırmaq, sadələşdirmək, müasir oxucu üçün anlaqlı vəziyyətə gətirmək.  Lakin burada Hadinin uğursuz ədəbi taleyinin başqa bir özəlliyi də gizlənib. Bunu incə ədəbi həssaslıqla görkəmli şairimiz Ramiz Rövşən duyub. Hadinin şeirləri sadələşdiriləndə təkcə mübhəmliyini, örtülülüyünü, qeyri-müəyyənliyin cazibəsini, sehrini deyil, çeynənmiş fikirlərə çevrilərək müəyyən mənada mahiyyətini də itirir.

"Hadinin qeyri-adi dərəcədə mürəkkəb görünən misralarının dərin və sakral sətiraltı mənası yoxdur, - yazır Ramiz Rövşən. “Əgər onun poeziyasındakı ərəb və fars sözlərini müasir dilimizə çevirsək, hər bir məktəbliyə də aydın olar. Açığı, mən 80-ci illərin əvvəllərində bu işi görməyə cəhd göstərdim. Hadinin bir neçə şeri üzərində bu əməliyyatı apararaq qəribə mənzərənin şahidi oldum - bu şeirlər nə qədər çox sadələşirdisə, o qədər çox dayazlaşırdı. Və bununla əlaqədar sual meydana çıxır: doğrudanmı Hadi poeziyasının dil mürəkkəbliyi onun ən zəif cəhətidir? Bu sualın birmənalı cavabı yoxdur".

Bu sözlər Ramiz Rövşənin "Tanrı casusu" essesindən götürülüb. Hadinin gah rus, gah da türk casusu kimi həbs edilməsini xatırlayaraq, müəllif onu "Tanrı casusu" elan edir və essesini belə bir inamla bitirir ki, Tanrıdan şair olan Hadi elə yazırdı ki, Tanrı özü onu asanlıqla anlayırdı...

Neynək, qarabəxt şairin taleyinə üz tutarkən bununla təsəlli tapaq.

Hadidən fərqli olaraq, Cavadın dili təmiz və sadədir. Bu, bulaq suyu kimi şəffaf Azərbaycan - türk dilidir. Bu həm də Hadinin şeirlərinin əksəriyyətini əruz, Cavadın isə heca vəznində yazması ilə şərtlənir.

Əhməd Cavadın yaradıcı yüksəlişinin xoşbəxtlik dövrü 28 aprel 1920-ci ildə, Azərbaycanda sovet hakimiyyəti qurulanda bitdi. Bəlli olduğu kimi, dövlət müstəqilliyini Azərbaycan düz 23 ay öncə - 28 may 1918-ci ildə elan etmişdi.

 

Mən hər ildə bir mayısa

Pək çox ümidlər bağlaram.

Hər gələcək mayıs üçün

Nisan ağlar, mən ağlaram.

 

Düşdüm çorluq biyabana,

Sığınamam bir insana.

Gözəl mayıs, ümid sana,

Hər yan ağlar, mən ağlaram.

 

Açmazmı gül sağda, solda,

Görünməzmi bəyaz alda?!

Sənsiz böylə yarı yolda

Qalan ağlar, mən ağlaram.

 

Xoş hər mayıs batmaz yasa,

Hər zamanmı bana taza?!

O gün də bir gün olmasa,

Vicdan ağlar, mən ağlaram!

Sovet hakimiyyətinin ilk illərində Ə.Cavad hələ ürəyinin hayqırtısını ifadə edə bilirdi:

Soranlara, mən bu yurdun

Anlatayım nəsiyəm:

Mən çeynənən bir ölkənin

Haqq - bağıran səsiyəm.

Lakin çox tezliklə "ağrıdan inildəyən bu səsi" boğdular. Cavad nə qədər 25-ci ildən sonra heç bir siyasi yönümlü şeir yazmadığını desə də,  nə qədər Moskva haqqında şeirlərlə "Oktyabr" adlı monumental poema üzərində işlədiyinə inandırmağa çalışsa da, yazıçı həmkarları onun qanına susayırdı.

Ədəbi məhkəmələrin stenoqramlarında hətta şeir formasında Cavadın həbsini və sürgününü tələb edən,  bununla da cəza orqanlarının addımlarını qabaqlayan hansısa qrafomanın cızma-qarası  da qorunur. Cavada yalnız keçmiş "günahlarını" -  müstəqil Azərbaycanın bayrağına yazdığı şeirləri, yaxud türk ordusunun şəninə həsr etdiyi odanı yox, həm də Türkiyədə müsavat dərgisində çap olunmuş tamamilə məsum "Göy göl" şerini də xatırlatdılar.

“Bu xalis lirik şeirdir, onu müxtəlif cür şərh etmək olar, - Cavad aydınlıq gətirməyə çalışırdı, - özüm də bilmirəm Türkiyə mətbuatına necə gedib çıxıb.

Ancaq bütün bunların bir əhəmiyyəti olmadı. Maraqlıdır ki, Cavadın müsavat keçmişinə, poeziyasındakı millətçilik və türkçülük əhval-ruhiyyəsinə  qarşı ən qəzəbli mövqe tutan o ədəbiyyatşünas və tənqidçilər idi ki, çox tezliklə özləri də repressiyanın qurbanına çevrilərək, tənqid etdikləri Cavid, Cavad, Yusif Vəzir və Müşfiqin aqibətini paylaşdılar. Bir mühüm istisnanı nəzərə almaqla: Cavadın hətta Yazıçılar İttifaqından çıxarılmasına nail olmuş ən kəskin opponentlərindən biri azadlıqda qocalıb əldən düşənə kimi yaşadı. Gənc tənqidçi onunla bağlı uğurlu zarafat etmişdi ki, o, gəncliyində yaxşı adam olmayıb, lakin o qədər uzun yaşayıb ki, qocalıqda yaxşı insana çevrilib. Bu insana bəraət kimi, demək olar ki, Cavadın adı təmizə çıxdıqdan sonra müxbirlər şair haqqında xatirələrini bölüşməkçün ona müraciət edərkən demişdi: "Vaxtilə onun haqqında o qədər ədalətsiz şeylər dedim, yazdım və etdim ki, indi xatırlamağa yaxşı nəyim var?"

Cavad Hüseyn Cavid və Mikayıl Müşfiqlə eyni iyul günündə həbs edilmişdi. Hüseyn Cavid ailə üzvləri ilə son görüşlərindən birində demişdi: "Cavad özünü əsl kişi kimi apardı."

Bu sözlərin arxasında nəyin durduğunu yalnız təxmin etmək olar. Rəsmi versiyaya görə, Əhməd Cavad güllələnib, lakin belə bir tutarlı ehtimal da var ki, o, güllələnməyə qədər dəhşətli işgəncələrdən həyatını dəyişib.

Bakıda Əhməd Cavadın adına küçə var. Amma abidəsi yoxdur. Onun üçün son dərəcə doğma olan Gəncə şəhərində də həmçinin. Bizdə, adətən, şairlərə abidələri şam kimi qoyurlar, - bir-birinə bənzəyən fiqurlar bir cərgədə farağat dayanırlar. Mən vaxtilə bu barədə yazmışam və təklif irəli sürmüşəm ki, Cavadın xatirəsini başqa cür də əbədiləşdirmək olar. Hacıkənddən Göy gölə uzanan yolda çoxlu çeşmə və bulaqlar var. Bu bulaqlardan birinə Əhməd Cavadın adını vermək və lövhə üzərində onun ölməz "Göy göl" şerindən misralarını həkk etmək olar:

 

Dumanlı dağların yaşıl qoynunda

Bulmuş gözəlliklə kamalı Göy göl.

Yaşıl kəmənbəndi gözəl boynunda

Əks etmiş dağların camalı Göy göl...

 

Kəsin eyşi-nuşi, gələnlər, susun!

Dumandan yorğanı, döşəyi yosun.

Bir yorğun pəri var: bir az uyusun,

Uyusun dağların maralı Göy göl...

 

Bir sözün varmıdır əsən yellərə? -

Sifariş etməyə uzaq ellərə.

Yayılmış şöhrətin bütün dillərə,

Olursa, olsun qoy haralı Göy göl.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!