Oksford qraflığının XVII qrafı Eduard de Ver şam işığının önündə özünün "66-cı sonet"ini yazıb qurtardı, sonra lələyin ucunu ceyran göbəyinin qanı sayılan müşkdən hazırlanmış xüsusi mürəkkəbə batırdı və ağ Çin kağızının üzərinə son nöqtəni qoydu. O, Şərqdən gətirilmiş müşklə beləcə, sonetlərini, balina qanı olan ənbərdən hazırlanmış mürəkkəblə isə məktub, vedovil və şeirlərini yazırdı. Daha çox faciəvi xarakter daşıyan pyeslərindən heç bir kimsə xəbər tutmur, sonetlərini isə onun özündən və gözəl Cülyettadan savayı bir kimsə oxumurdu. Hətta arvadı qrafinya Gertrudanın da onun şairliyindən xəbəri yox idi. Yaxşı ki, yataq otaqları elə əvvəldən ayrı olmuşdu, yoxsa...
Qraf de Ver öz arvadını xatırlayan kimi əhvalı pozuldu. O, stol arxasından qalxdı və yeni sonet kağızını da götürüb, qarşı tərəfdəki pəncərə oyuğunun qarşısına gəldi. Sübh şəfəqləri indi axşamdan düşmüş dumanı qismən qovmuş, hər yan işıqlanmağa başlamışdı. Kağızın mürəkkəbi öz parlaqlığını itirməsin deyə, onu qurumaq üçün bayırdan içəriyə dolan havaya tutdu və eyni zamanda bu yeni sonetini gözucu və səssizcə oxudu. Son misraları bir qədər gerçək səslə təkrar etdi:
Hər tərəfdən rəzalət, baxın, göyə yüksəlir,
Ancaq səni atmağa, əziz dost, heyfim gəlir.
Öz sonetlərini, hətta ucadan oxumağa də çəkinirdi, kimsə bunu eşidə bilərdi. Elə təkcə arvadı Gertrudanın eşitməsi kifayət edirdi ki, sonra atası Çarlz və bütün Oksford bundan xəbər tutsun. Onun əleyhinə olan hər şey bu qadına zövq verirdi. Bir zadəganın şairlik etməsi ona əsla hörmət gətirməz, hətta tamam nüfuzdan salardı. Bu iş komediantların, aktyorların, təlxəklərin adına yazılmışdı. O nə etsin ki?! Əslində, bunların heç biri ona aid deyildi, amma oxuduqlarından, eşitdiklərindən heç də pis sonetlər yazmırdı. Bunu ona gözəl Cülyetta da deyirdi. O, hətta bu sonetləri hamının dinləməli olduğunu da təkid edirdi. Düşüncəsində o qədər pyes mövzusu vardı ki! Gizli otağındakı rəflərə düzdüyü kitablar da onun oxuduğu bütün kitablar deyildi. "Meşəli qəsr"də onun daha böyük kitabxanası vardı. Gertrudanın oradan zəhləsi gedir, oralara ayaq basmırdı. Çünki ilk dəfə zorla orada olarkən meşədə onu ilan çalmış, amma ilan zəhərinin də ona təsiri olmamışdı. "Meşəli qəsr" adlandırdığı qəsrin qarşısında böyük meşə, göl, çöl və dağlıq ərazi vardı. Orada həm də maral ovuna, balıq tutmağa çıxar, əslində elə bu zaman da sonetlər yazar, pyeslər uydurardı. Orada hər şey yaxşı idi, təkcə Cülyettanın olmamasından savayı. Ədəbiyyatı, ya Cülyettanı daha çox sevdiyini düşünməmişdi. Onları eyniləşdirən çox cəhətlər vardı. O, bəzən məhz Cülyettaya olan məhəbbətini ifadə edə bilmək və azacıq təskinlik tapmaq üçün nəsə bir şey yazırdı. Yazdıqca ədəbiyyata daha çox bağlanırdı. Poeziya gözəl Cülyetta qədər cazibədar idi. Onun qoynundan ayrılmaq Cülyettanın yatağından ayrılmaqdan heç asan deyildi. Ədəbiyyatın fərqli üstünlüyü o idi ki, o həmişə onunla idi. Hətta Cülyettanın qoynunda ikən hər anın söz ifadəsi düşüncəsindən sətir-sətir axıb keçir, bu eşqi daha da mənalanırdı.
Qraf de Ver yazdığı sonetin mürəkkəbinin quruduğuna əmin olub vərəqi buraraq bükdü, sonra içəridəki iri quş qəfəsinə yaxınlaşdı. Buradakı göyərçinlər Cülyettanın bədəni kimi tərtəmiz və ağappaq idi. Göyərçinin birini qəfəsdən çıxartdı, sonet yazılmış kiçik kağızı sapla onun ayağına bağladı. Bu göyərçinləri ona Cülyetta bağışlamışdı. Qoşa sevgililər kimi daim bir yerdə idilər. Hər hansı biri havaya qalxan kimi Cülyettanın yaşadığı məhəlləyə sarı uçur, onun pəncərəsi ağzına qonurdu. Amma sevgilisi burada qaldığı üçün göyərçin orada çox qərar tutmur, qrafın qəsrinə sarı tələsirdi. Qayıdarkən təkcə Cülyettanın məktubunu deyil, həm də ətrini gətirirdi. Qraf ağ göyərçini qoxuladıqca Cülyettanın da onu beləcə qoxuladığına, öpdüyünə əmin idi. Yoxsa ki, onun ətri bu göyərçinlərə beləcə bariz şəkildə hopa bilməzdi. O, əllərinin arasındakı ağ göyərçini açıq pəncərə oyuğundan havaya buraxdı. Göyərçin "pırıltı" ilə havaya qalxdı və Oksfordun əks tərəfinə sarı uçdu. Bundan sonra qraf şamdanı püləyib söndürdü, öz çarpayısına sarı getdi və paltarını soyunmadan yatağının üstünə uzandı. Gözlərini yuman kimi də gözəl Cülyettanı gördü. Cülyetta bağçada gəzir, hərdən ona sarı çevrilir və bu zaman güllər, çiçəklər arasında özü də bir gülə oxşayırdı. Həyatında bu qədər lətafətli ikinci bir qadına rast gəlməmişdi. Kaş ki, onunla on il əvvəl rastlaşaydı. Onda Gertruda ilə evlənməmişdi, oğlu Romeo da yox idi. Onu bu izdivaca atası məcbur etdi. Onun Gertrudanın atası qraf Carlzla müştərək manifakturası vardı. Gertruda bir başqasına ərə gedərdisə, öz atasının yeganə varisi kimi mülkiyyət hüququnun da tən yarısını özü ilə aparacaqdı. Carlzın xəstə vəziyyəti bu izdivacı tələsdirirdi. Anasının ölümündən sonra atası ona həm də analıq etmişdi. Amma toydan az sonra qayınatası xəstə Carlz deyil, öz atası öldü. Carlz isə hələ də sağ idi. Üstəlik, o, Gertrudanı heç cür sevə bilməmişdi. Onda nə lətafət, nə də istiqanlılıq vardı; hər sözü sərt, quru, ötkəm, hikkəli, acı səslənirdi. Bütün günü qəsrin içərisində idi. Kübar cəmiyyət arasına çıxmağı xoşlamırdı, əvəzində xidmətçiləri, xüsusən də, tabeliyində olan kişiləri acılamağı çox xoşlayırdı. Qraf onun şəxsində taleyin qarğışına tuş gəlmişdi. Cülyetta isə göylərdən yerə qonmuş mələk kimi idi. Onunla Londonda qraf Sauthemptonun qızının toy məclisində tanış olmuşdular. Gertruda toya gəlmək istəməmişdi. Kaş ki, gələydi və ona mavi gözlü Cülyetta ilə tanış olmağa imkan verməyəydi. Artıq üç il idi ki, onunla gizlicə görüşürdülər və bu ikili həyat qrafı şipşirin zəhər kimi israf edirdi. Həmin toyda Uilyam Şekspir adlı bir aktyorun söylədiyi şeirdə olduğu kimi:
Şipşirin bal dadır xoşbəxtlik tacı,
Bəzən bu xoşbəxtlik zəhərdən acı!
Sonralar onu bədii yaradıcılığa, sonetlər yazmağa daha çox sövq edən bir səbəb də elə həmin o diribaş tacir və çox həvəsli aktyor Uilyam Şekspirdən eşitdiyi bir-birindən gözəl və mənalı sonetlər oldu. Şekspir qraf Sauthemptonun sevimli dostlarından idi. Eduard, hətta özünün yazmış olduğu sonetləri də onun kimi gözəl ifa edə bilməzdi.
...Qraf de Ver yuxudan göyərçin səsinə oyandı. Pəncərə oyuğunun ağzına qonmuş dümağ "poçtalyon" qayıtmışdı və qəfəsdəki göyərçinə sarı narahat nəzərlərlə baxır və astadan "qurquldayırdı". Qraf çarpayıda dabanlarını irəli dartıb gərnəşərkən, bu göyərçin deyəsən, daha dözə bilmədi və "pırıltı" ilə uçub qəfəsin üstünə qondu. Onun ayağına yeni bir məktub bağlanmışdı. Amma bu məktubun sevinci iki göyərçinin bir-birinə qarşı can atmasının doğurduğu təəssüratdan daha güclü olmadı. Çox təsirli bir mənzərə yaranmışdı; iki aşiqin biri qəfəsdə, o biri isə bayırda vurnuxur, birlikdə olmağa çalışırdı. İki sevgili insan arasında "poçtalyonluq" etmiş bu göyərçin sanki "qurqultu" salaraq öz sevgilisinin pəncərəsi önündə serenada oxuyurdu. Bu anlarda qraf bu göyərçinlərin hər ikisini havaya uçurub azad etmək istədi. Amma o andaca fikrindən daşındı. Çünki kimsə ikisini də tutub qanadlarını yolacaq və öz yuvasına salacaqdı. Buna görə də o qalxıb qəfəsin üstünə qonmuş göyərçini tutdu, ayağına bağlanmış məktubu açdı, göyərçini qoxuladı, sonra onu "sevgilisinin" yanına - qəfəsə saldı. Eyni zamanda onu da fikirləşdi ki, bayırdakı eyvanda bu quşlar üçün bir yuva düzəltdirsin və onları oraya köçürdüb, qapısını da açıq qoysun. Amma indi də Cülyettadan gələn məktubu oxumaq istəyi daha güclü oldu. Məktub çox qısa idi: "Əzizim Edu, "66-cı sonnet"i aldım. Sən dahisən! İki gün sonra Londonda olacağam. Sənin də çox xoşladığın aktyor Cems Berbesin "Yer kürəsi" adlı yeni teatr binasının açılışı olacaq. Səni orada görmək istərdim. Temza çayında qayıqla qoşa gəzinti necə fikirdir? Bizimkilərin başı mənim üçün növbəti adaxlı axtarışı ilə qarışıq olacaq. Öpürəm və özümün əbədi adaxlımdan gerçək öpüşlər gözləyirəm.
Sənin Cüliyan".
Sanki bu sözləri Cülyetta isti nəfəsi ilə onun qulağına pıçıldayırdı. Bu hərarət qrafın bütün vücudunu təlatümə gətirdi. O xəyallara qapılmaq istəmədi və qalxıb otağından çıxdı. Həyətə düşərkən pilləkan üstündə qulluqçu Baltazar ona günorta yeməyinin qrafinyanın istəyi ilə bağdakı talvarın altına verildiyini bildirdi. Qrafinya Gertruda ilə birlikdə günorta yeməyinə oturmaq içininin çirki axan yaraya baxaraq nəsə yeməyə bərabər idi. Bağda qarşısına balaca Romeo qaçdı. Yamyaşıl çəmənliyin üstü ilə uçan mələk timsallı idi. Romeonun gözlərinə baxa bilmirdi. Onun da gözlərinin içi masmavi dəniz kimi idi.
Qrafinya Gertruda onun salamına dodaqucu cavab verdi. Hündür stulunda oturmuşdu, bir gözü əlindəki tarix kitabında idi, hərdən stola sarı çevrilib, çəngəlini nimçələrdən hansınasa sarı uzadır və nəsə götürüb ağzına aparırdı. Bütün günü manifakturaların maliyyə və təsərrüfat işləri ilə şəxsən məşğul olur, ya da müxtəlif ölkələrin tarixini oxuyurdu. Bir iş adamı kimi çox münasib idi, amma qadın kimi heç bir öpüşlük ləyaqəti çatmırdı. Manifakturalara rəhbərliyi qraf elə qəsdən ona həvalə etmişdi.
- Qraf, sən heç olmazsa, Danimarka krallığının tarixini oxumusanmı? - deyə Gertruda xidmətçiyə müraciət edirmiş kimi sərt, quru səs və əda ilə soruşdu.
Qraf təkcə Danimarka krallığı barədə deyil, dünyanın əksər krallıqları barəsində dərc olunmuş ən nadir tarix kitablarını dönə-dönə oxumuşdu. Bir neçəsi barəsində qeydiyyat aparmış, onların əsasında, "VIII Henri", "Hamlet", "Otello", "Maqbet", "Kral Lir" faciələrinin ilkin variantını yazmışdı. Amma indi sualın müqabilində qısaca "Xeyr!" cavabını verdi. Çünki əks cavabın müqabilində müxtəlif suallar yaranar və o da öz əsərlərindən doğan cavabları dilinə gətirə bilərdi. "Xeyr" cavabı hər cür təhlükənin qarşısını alırdı. Gertrudanın onu tənbəl və fərsiz hesab etməsi işinə yarayırdı. Qrafinya, hətta onun kitab aludəçiliyini də sonra növbəti deyinmələrinə mövzu edər, söhbət onun atası Çarlzın masasına qədər gedib çıxardı. Bu qoca və xəstə qrafın öyüd-nəsihətlərindən tamam bezmişdi. Kaş ki, zamanında özünün sərt qərarını verəydi və atasının iradəsinin ziddinə olaraq hər şeydən imtina edib, buralardan çıxıb gedəydi. İndi isə balaca Romeonu atıb getmək olmurdu. Eyni ilə Cülyettanı atmaq qədər çətin idi. Cülyettanı xatırlayan kimi tez:
- Mən sabah Londona gedirəm,- dedi,- teatr tamaşasına.
- Mənim o qoca, daş şəhərdən, qapqara Temzadan, öz gözəlliyi ilə qürur duyan hersoqinya və qrafinyalardan, təlxək komediantlardan, sürtük aktyorlardan zəhləm gedir!
- Təbii ki, onların sizdən çox xoşu gələrdi.
Qrafinya Gertrudanın cavabı çox münasib idi və buna görə ona minnətdar olmaq da olardı. Amma o da öz tikanını buraxmaqdan qalmadı. Balaca Romeo onun gözünün içinə özünün məsum nəzərləri ilə baxır, sanki onun London səfərinin əsas mahiyyətindən xəbərdar imiş kimi gülümsəyirdi. Nə vaxtsa Romeonun adına bir alovlu eşq əsəri yazacaqdı. Hələ ki ona layiq olan mövzu tapa bilmirdi. Amma sanki lap yaxınlıqda bu mövzunu görürdü. Şərqin "Leyli və Məcnun" məhəbbət rəvayəti ətrafında nəsə yazmaq mümkün idi. Amma Şərqdə hər şey həddən artıq ilahiləşdirilmiş, real həyatdan təcrid edilmişdi. Onun məhəbbət dastanı isə əsil həyatdan götürülməli idi. Götürülərdisə müstəsna fərqi olacaqdımı? O bu əsərləri kim üçün yazırdı? Tale ona səxavətli olduğu qədər də öz sərt üzünü göstərirdi. Bir yandan, qarşısına qraf Kapulettinin gözəl qızı gənc Cülyettanı çıxardır, digər tərəfdən, aralıqda qalın sədlər hörürdü. Həm yaşı, həm də ailəli olması bu sədləri dağıtmağa imkan vermirdi. Yaradıcılıq istedadının ağzını da ictimai mövqeyi qapayırdı. Kübar cəmiyyət bir qrafın şairliyini onun qeyri-ciddiliyinin göstəricisi sayırdı. Onun teatr tamaşaları üçün pyes yazmasından xəbər tutan zadəgan cəmiyyətləri bütün mərasimlər üçün üzünə qapılarını taybatay bağlayacaq, onu real həyatdan tamam təcrid edəcəkdi. İçində bir hiss hər şeyə tüpürüb getməyə, Cülyettanı da götürüb "Meşəli qəsrə" sığınmağa sövq edirdi. Amma təəssüf ki, bu, mümkün deyildi. Həm Cülyettanın ailəsi buna imkan verməz, həm də özü oğlu Romeonu görmədən bu gizlilikdə heç bircə həftə duruş gətirə bilməzdi.
Romeonun saçının, çənəsinin, boynunun, yanaqlarının qəribə və ecazkar ətri vardı.
Onu yedizdirmək işini indi qulluqçu Baltazardan alıb, hərdən nümunə göstərmək məqsədi ilə özü də bir qədər xörək yedi. Romeonun necə böyəldiyini və nə vaxtsa Cülyetta qədər bir gözəl qızı necə sevəcəyini təsəvvür etmək çox xoş idi.
Düşüncəsindən poetik duyğular axıb keçirdi.
İri, qara kareta London şəhərinə çatana qədər qraf Eduard de Ver sevgilisi gözəl Cülyetta və öz oğlu məsum Romeo barəsində düşündü. Bir-birini o, Cülyettanı sevdiyi qədər dəlicəsinə sevən iki gəncin məhəbbəti barəsində bir pyes yazmaq həvəsi artıq mənəvi ehtiyac səviyyəsinə qalxmışdı. Elə bir pyes yazmaq istəyirdi ki, bu əsərdə aşiqlərin qovuşması onunla Cülyettanın qovuşması qədər mürəkkəb, oğlu Romeodan ayrılmaq qədər ağır, sərvət və qraflığın böyük bir hissəsindən imtina etmək qədər çətin, amma sonda mümkün olsun. Qraf düşüncəsində min bir süjet qururdu, lakin ən münasib variantı tapa bilmirdi. Bu məsələnin bədii həllini tapmaqla öz məhəbbətinin aqibətinə, elə özünün durumuna da bir yol tapmış olacaqdı. Sanki bütün yolların sonunda qalın divar hörülmüşdü. Bu divarları dağıtmağa əlində heç külüng də yox idi.
London küçələrinə döşənmiş daşlara döyəclənən at ayaqlarının nal səsi bəzən ahəngdar, bəzən də qarmaqarışıq səslənirdi. Dünyanın bütün işləri beləcə qarmaqarışıq idi. Bu qarışıqlığı quran da, açan da, min bir və ən münasib yollar tapan da O idi - Allah! Görünür, onun tale yazısını da Allah bu cür yazmışdı.
Kareta bir yol kənarında durdu və o, qapını açıb yaxınlıqdakı polisdən yeni teatr binasının yerini soruşdu. Şəhərə teatrın açılış saatlarında çatmışdılar. Polis nəfərinin göstərdiyi istiqamət boyu faytonlar, karetalar, şux geyimli adamlar axışırdı. Zadəganlıq teatra, incəsənətə bu qədər böyük həvəs və maraq göstərir, aktyorları ayaq üstündə alqışlayır, amma həm də bu peşəyə həqarətlə yanaşırdı. Görəsən, elə bir dövr olacaqdımı ki, cəmiyyətdə aktyorluq, şairlik, dramaturqluq ehtiramla qarşılansın?! Axı sənət və sənətçi cəmiyyətin saflaşmasına xidmət edirdi! Bəlkə də olacaqdı. Amma onda da yəqin ki, əsil sənət və sənətçi deyil, fırıldaqçılar önə çıxacaq, cəmiyyəti bataqlığa sürükləyəcəkdilər.
Bu da bir müəmma.
Dünyanı öyrənməklə qurtarmır, o öz sirrini kimsəyə vermirdi.
Yeni teatr binasının möhtəşəmliyinə çox diqqət yetirə bilmədi. Ancaq içərinin gözəlliyi hamını heyran qoymuşdu. Baxışları həm də Cülyettanı axtardığı üçün bu gözəllikdən də zövq ala bilmədi. Cülyettanı tapmaq istəyirdi. Hətta ikinci mərtəbənin lojasında öz yerini rahatlayıb, kiçik binoklla tamaşaçılara bir-bir nəzər saldısa da, onu görmədi. Birdən sanki qarşı tərəfdəki üst lojaların hansındansa bir ağ göyərçin ayrıldı və aşağıya doğru uçdu. Bu onun diqqətini cəlb etdi və bunun bir ağ dəsmal olduğunu anladı. Lakin binoklu onun düşdüyü dördüncü mərtəbənin lojasına yönəltdikdə orada mavi gözlü, gözəl Cülyettanı gördü və bu zaman ürəyi elə qopdu ki, az qala, o da əlindən binoklu aşağıya salacaqdı. Cülyetta binoklun dairəsi önündə ona gülümsədi, əlini dodaqlarına apardı və ona hava öpüşü göndərdi. Bundan sonra teatrın içərisi və qumaş pərdəsi daha da işıqlandı, gözəlləşdi, tamaşaçıların səsi kəsildi, onun qulaqlarında bir ağ göyərçinin astadan "qurqultu" səsləri dolaşdı.
Sonra birdən şeypurlar çalındı, barabanlar döyəcləndi, bir dəstə musiqiçi sol və sağ tərəflərdən səhnənin önünə çıxdı. Eyni zamanda qumaş pərdə aralandı, carçı göründü. O görünən kimi çalğı susdu. Carçı yeni "Yer kürəsi" adlı teatrın açılması, onun, məqsədi, məramı barədə xəbərləri car çəkdi. Yenidən şeypurlar gurladı, barabanlar döyəcləndi, carçı, şeypur və barabançalanlar səhnənin sağ və sol tərəflərinə yönəldilər. Bunlardan sonra səhnə pərdəsinin önündə məşhur aktyor Cems Berbes göründü. O, obrazlı geyimdə və qrimli vəziyyətdə idi. Bu gün Çar Edip rolunu ifa edəcəkdi. Cems Berbes əvvəlcə Londonda yeni teatr binasının açılmasını böyük hadisə adlandırdı, barəsində gözəl sözlər dedi. Sonra yeni teatr binasının açılışına razılıq verdiyi üçün əlahəzrət kraliçaya minnətdarlıq etdi və yeni teatrın açılışını mənəviyyat bayramı adlandırıb, hamını bu bayram münasibəti ilə təbrik elədi. Qraf de Verin qulaqlarında bu səslər, sözlər dolaşsa da, diqqəti, əsasən, Cülyettanın yanında idi. Cülyettadan ona doğru həyat enerjisi axırdı. Axı nə üçün onlar əbədi olaraq bir yerdə olmamalı idilər?!
Cems Berbesin çıxışından sonra səhnəyə daxil olan vokalçılar arqan və arfa alətlərinin müşayiəti ilə bir neçə romans oxudular. Bunlar da çox gözəl idi. Teatr sənəti buradakıların hamısını valeh etmişdi. Sanki səhnədəki Cülyetta idi və oradan yalnız qraf üçün oxuyurdu. Sonra aktyor Uilyam Şekspir səhnəyə dəvət olundu. Bu zaman Cülyetta əlinin işarəsi ilə onun diqqətini səhnəyə cəlb etmək istədi. Qraf Sauthemptonun evində onun ifa etdiyi sonetləri çox bəyənmişdi. İndi də çox şux, amma bir qədər də üzgün görünürdü. Yəqin ki, soneti daha dolğun söyləmək üçün obraza girmişdi. Heç demə, Uilyam özü də sonetlər yazırmış və indi söyləyəcəyi "66-cı sonet"i də o yazıbmış.
Mən ölmək istəyirəm, yoxdur görməyə halət,
Dilənçilik eyləyir qapılarda ləyaqət.
Sadəliyə gülərək rişxənd eyləyir yalan,
Kütlük paltar geyinir min bəzəkdən, cəlaldan.
Qraf de Ver bu misraları eşitcək diksindi. Bu ki onun özünün yazdığı və yalnız Cülyettaya göndərmiş olduğu sonet idi! Heç anlamalı vəziyyət deyildi. Hətta növbəti bəndlər də eyni idi. Bu zaman Cülyettanın xəfifcə güldüyünü gördü. Deməli, bu soneti Uilyam Şekspirə Cülyetta vermişdi! Hər halda yaxşı ki, Uilyam bunu öz adı ilə təqdim edirdi:
Hər tərəfdən rəzalət, baxın, göyə yüksəlir,
Ancaq səni atmağa, əziz dost, heyfim gəlir.
Birdən zalı elə alqış sədaları bürüdü ki, sanki indicə tavan sökülüb yerə töküləcəkdi. Sonra alqışlar sürəkli xarakter aldı. Şekspirin özü də belə alqışı gözləmirmiş kimi karıxıb qalmışdı. O, üzünü sağ tərəfdəki yuxarı lojalara sarı çevirdi və orada kimisə axtardı. Deyəsən, Cülyettaya baxdı. Cülyettanın əlinin işarəsi ilə sonet bir də ifa olundu.
Daha sonra açılış mərasiminin birinci hissəsinə daxil edilmiş digər solo ifalar oldu. Qraf de Ver fasiləni gözləmədən oturduğu yerdən qalxdı, lojanı tərk elədi. Buradan birbaşa qarşı tərəfin dördüncü mərtəbəsinə qalxdı. Fasilədən sonra Sofoklun "Çar Edip" tamaşası göstəriləcəkdi. Cülyetta da fasiləni gözləmədən dəhlizə çıxmışdı. Onlar üzbəüz qalan kimi bir-birlərinə doğru yüyürdülər və kimsənin görə biləcəyini də vecə almadan dəhlizdəcə qucaqlaşıb, öpüşdülər. Qraf Eduard de Ver bir həftə idi ki, məhz bu isti öpüşdən ötrü darıxmışdı. Sonra onlar pilləkən boyu aşağı tələsdilər. Nə üçün aşağıya tələsdiklərini də bilmirdilər. Valideynləri burada ikən Cülyettanı hara götürə biləcəkdi ki?! Birdən haradansa bir əl uzandı və Cülyettanın qolundan yapışdı. Qraf indicə həmin ələ doğru atılacaqdı ki, birdən donub qaldı. Bu o idi - aktyor Uilyam Şekspir! İndi qiyafəsi bir başqa cür idi.
- Lütfən, buraya buyurun!
Onun üzünə təbəssüm hakim kəsilmişdi. Bu şəxsə etibar etmək olardı. Şekspir onları səhnə pərdələrinin arası ilə aparıb, bir kiçik və işıqlı otağa gətirdi. Bura onun qrim otağı idi.
- Dostlar, mən bir azdan səhnəyə çıxacam, "Çar Edip"dəki Kreont rolunu mənə tapşırıblar. Siz burada özünüzü tam rahat hiss edə bilərsiniz. Yarım saat vaxtınız var.
Uilyam Şekspir belə deyib getmək istədi. Cülyetta ona:
- Uilyam, bu odur, qraf Eduard Dever, "66-cı sonet"in müəllifi! - deyərək onları tanış etdi.
Şekspir qraf Deverə üzündə bir dünya heyranlıq və təbəssümlə əl uzatdı.
- Məni bağışlayarsınız, qraf, özümü müəllif kimi təqdim etdim.
- Çox doğru etdiniz! - qraf Dever də onun əlini razılıqla sıxdı. - Bu çox münasib oldu.
- Buna görə Cülyettaya minnətdar olaq!
Eduard de Ver Cülyettaya sarı çevrilən kimi Uilyam Şekspirin burada olduğunu unutdu. Sonra Cülyettanın bal dodaqlarından güclə ayrıldıqda Uilyam daha burada deyildi. O, qapını arxasınca bağlayarkən Cülyetta:
- Uilyam mənim rəfiqəm qrafinya Ofelyanın sevgilisidir, - dedi. - İstədim ki, bu sonetlərin necə mükəmməl olduğuna özün də inanasan.
- Amma bunun nə demək olmasının fərqindəsənmi, əzizim?
- Uilyam sirr verməz! Ən azından özünün də məndə sirri var.
- Elə isə mən Uilyama dünya şöhrəti qazandıraram! Təkcə şair kimi yox, həm də bir çox pyeslərin müəllifi kimi!
- Nəhayət ki, sən öz ədəbiyyatını bəşəriyyətə çatdırmalı olduğunu qəbul etdin.
Daha nəsə deməyə, nə barədəsə danışmağa ehtiyac və vaxt yox idi. Qraf Eduard de Ver gözəl Cülyettanın çılpaq qolları, ağappaq sinəsi, isti bədəni ilə Yer cənnətinə qovuşdu.
Tamaşadan və günortadan sonra qraf Eduard de Ver Temza çayının sahilində bir böyük qayıq icarələdi. Qayığın içi çox geniş və rahat idi. Cülyettadan ayrıldığı bu qısa vaxt ərzində sanki ortadan aylar, illər keçmişdi. Tez-tez ayağa qalxır və sahilə yaxınlaşan karetalara baxırdı. O yenə də ağappaq göyərçin kimi gəldi və sahildə onu gözləyən qayığa qondu. Axşamacan birlikdə olacaqdılar. Dayəsinin nökəri Ketrin Cülyettanı sahildə gözləyəcəkdi.
Qayıqçının arxaya çevrilmək ixtiyarı da satın alındı.
Cənnəti əvvəlcə sevgili qadının qolları arasında qazanmaq lazım imiş.
- Yenidən ayrılacağımızı düşünəndə, Cülya, mən özüm-özlüyümdə dəfə-dəfə ölürəm.
- Mən də sənsiz daha qala bilmirəm, Edu. Məndən ötrü hersoq Eskalın qardaşı oğlu Paris elçi düşüb. Atamla anam əvvəlcə özləri onu bəyənmək istədilər. Montekkinin oğlunu isə yaxşı ki, elə özləri rədd elədi. Arada nəsil ədavəti var. Mən hamı ilə aralıqda ədavət olmasını arzulaya bilmərəm! Qaçırt məni buralardan, Edu! Səninlə dünyanın o başına da gəlməyə hazıram!
Temzanın şıltaq suları qayığın divarlarına bərkdən toxunur, sanki ləpələr də bunun qeyri-mümkünlüyünü söyləyirdi.
- Sən də bunu yaxşı başa düşürsən ki, bizim tamam yox olmağımız mümkün deyil. Sonra heç aylarla, illərlə görüşə bilmərik.
- Onda sən özün bir yol düşün. Gözəl pyeslər düşünə bilirsən, təkcə özün üçün bir əsər yaza bilmirsən?
- Nə edim, hələ ki, bunu bacarmıram, Cülya.
- Bacarmırsansa, onda mənə qulaq as, mən yolunu tapmışam.
Qraf de Ver gözəl Cülyettanı özündən aralayıb, onun gözlərinin içinə baxdı.
- Edu, sən ən xəlvət bir yerdə qəsrimizi hazırla. "Meşəli qəsr" deyirdin, bax, oranı! Biz orada yaşayacağıq. Sən istənilən vaxt oraya gələcəksən. Mən isə xüsusi hazırlanmış məcun içəcəm və hamı üçün öləcəyəm. Bir neçə gündən sonra sən məni bizim ailə məzarından götürüb, ora apararsan. Mən hökmən ayılacağam! Hökmən!
- Yox, Cülya, bu çox təhlükəlidir! Birdən ayılmadın...
- Edu, mən hökmən ayılacam! Mən artıq bunu bir dəfə sınaqdan keçirtdim, alındı.
- Alınmasa, mən sənsiz bircə gün də yaşamaram!
- Yol həmişə var, sadəcə, bunu getməyi bacarmaq lazımdır! Bax, bundan sonra sənin əsərlərin də işıq üzü görəcək, xalq sənin sonetlərini oxuya biləcək, tamaşalarına baxacaq...
- Mənim, yoxsa Uilyam Şekspirin?
- Nə fərqi var ki? Sən də sağ ikən əslində gerçək həyatda olmamağı və Uilyam Şekspir kimi tanınmağı qəbul etməlisən. Əsas odur ki, bizim istədiklərimiz gerçəkləşə bilsin!
Ağıllı Cülyetta sonra da çox sözlər danışdı, az qala, hər şeyi incəliyi ilə düşündüyünü nümayiş etdirdi. Qraf de Verin isə xəyalı tamam başqa bir məkanda idi. Orada zadəgan Montekkinin oğlu Romeo adlı bir gənc oğlanla Kapuletti ailəsindən olan gözəl qız Cülyetta arasında əsrin ən böyük məhəbbəti yaşanırdı. Onlar bir-birlərinə qatı düşmən olan ailələrə məxsus idilər. Üstəlik, Romeo qarşıdurma zamanı təsadüfən vurub Cülyettanın əmisi oğlunu öldürür və Romeo şəhərdən sürgün olunur. Aşiqlərin görüşü daha da çətinləşir. Amma onlar ayrılıqda yaşaya bilməzlər. Dostu Merkusio onlara kömək etmək istəyir. Rahib Lorensio da onların tərəfindədir. Nəhayət, Cülyetta xüsusi məcun içib, hamı üçün "ölür" və cəmiyyəti tərk edir. Lakin tədbirin baş tutması, onun ayılması çox yubanır. Ailə məzarının içərisində Cülyettanın ayılmasını gözləyən Romeo onun həmişəlik öldüyünü zənn edir və onunla o biri dünyada qovuşmaq üçün özünə qəsd etməli olur. Cülyetta ayıldıqda Romeonun öldüyünü görür və o da sevgilisinə qovuşmaq üçün zəhər içir.
Qraf Eduard de Ver özünə gəldikdə, Cülyettanın onun qolları arasında, başını sinəsinə qoyaraq yatdığını gördü. İndi yəqin ki, öz yuxusunda o özünün düşündüyü tədbirin gerçəkliyini yaşayırdı. Qraf isə hələ tam özünə gələ və öz əsərinin təsirindən qurtula bilməmişdi. İçində bir üzüntü dolaşırdı- "Romeo" və "Cülyettanın" aqibətinə görə. Dodaqları arasından:
- "Romeo və Cülyetta" adlı məhəbbət faciəsi artıq yazıldı! - sözləri qopdu.
Ertəsi gün yenidən Cülyetta ilə qraf Sauthemptonun evində görüşdülər. Qulluqçu Ketrin hər şeyi qaydasına qoymuş, hətta qrafinyanın müvəqqəti istirahət üçün ayrılmasını istədiyi otaqda yataq da açdırmışdı.
Ketrin qapını astadan döyüb onlara yataqdan qalxmaq zamanı olduğunu bildirdikdə, onlar növbəti "cənnət həyatı"nı yaşayırdılar. Geyinərkən qraf de Ver Cülyettaya "Romeo və Cülyetta" adlı yeni pyesi barədə danışmağa başladı. Bu, o qədər maraqlı qarşılandı ki, sonra böyük salonda Cülyetta onunla yanaşı kresloların birində oturdu və elə hey bu əsərdəki hadisələr barədə suallar verdi. Uilyam Şekspir də burada idi. Onunla köhnə dostlar kimi görüşdülər. Hətta qraf əl uzadarkən ona özünü zarafatla: "Uilyam Şekspir!" deyərək təqdim etdi. Sonra da rahatca dil tapdılar. Bu adam onun üçün çox münasib şəxs idi. Teatrda ilk işinə tamaşaçıların atlarına baxmaqdan başlamış, sonra suflyorluq və aktyorlar üçün rolların üzünü köcurmək işini icra etmişdi. İndi həm də aktyorluq edir, sonetlər, pyeslər yazırdı. Hamısı da uğursuz. Uilyam qrafın qələmində hər şeyin uğurlu alınmasına heyranlığını gizlətmirdi. Birdən o, Uilyama özünün adı ilə təqdim etməsi şərti ilə uğurlu pyeslər də verə biləcəyini bildirdi. Uilyam əvvəlcə bunu haqsızlıq hesab etdi. Amma sonra ciddi-cəhdlə etiraz edə bilmədi. Bunu "oğurluq" adlandırmaq da düzgün olmurdu. Bu barədə Cülyetta da Şekspiri yoldan çıxartmağa çox çalışdı və bu alındı. Uilyam Şekspir bu barədə öz gündəliklərində əsil həqiqətləri yazıb saxlayacağına söz verdi - gələcək nəsillərin bilməsi və həqiqət naminə. Qrafa isə heç nə lazım deyildi. Əsas olan onun əsərlərinin insanlara çatdırılması idi. Əgər onun düşüncələri ictimai şüura çatdırılacaqdısa, deməli, bu fikri qəbul edənlər onun həmfikirləri sayılacaqdılar. Üzdə bilinməsə də, əslində onun nə qədər həmfikri, dostu yaranacaqdı. Bəlkə digər ölkələrdə də az olmayacaqdı. Öz adının Eduard və ya Uilyam olmasının nə fərqi vardı ki?!
Qraf Sauthemptonun evində hazırlanmış budəfəki gecəyə bir çox məşhur aktyorlar dəvət edilmişdi. Hamı Uilyam Şekspiri tərifləyir, onun yeni sonetlərini çox böyük ustalıqla söyləməyə çalışırdılar. Bu zaman Uilyam Şekspir çox utanır, qraf Eduard Deverə sarı baxmamağa çalışırdı. Qraf isə hərdən Cülyettaya sarı məmnun və xoşbəxt təbəssümlə baxırdı.
Üç aydan sonra "Yer kürəsi" teatrında qraf Eduard de Verin "Uilyam Şekspir" təxəllüsü ilə "VIII Henri" əsəri tamaşaya qoyuldu. Sonra "Tit Andronik" və "Romeo və Cülyetta" faciəsi tamaşaçılara təqdim olundu. "Romeo və Cülyetta" tamaşasına canlı Cülyettanın özü ilə birlikdə baxdılar. Zalda çoxları ağlayırdı, amma Cülyetta məmnun təbəssümlə ona sarı baxır və hərdən dərdli təbəssümlə və məmnunluqla gülümsəyirdi.
Tanrı onlar üçün yeni tale yazmışdı: diri ikən ölmək, var ikən yox olmaq!
Tacir və aktyor Uilyam Şekspir şair və dramaturq kimi məşhurlaşdıqca qraf de Ver və Cülyetta artıq "Meşəli qəsr"də həftələrlə birlikdə yaşayır; ova çıxır, balıq tutur, günün böyük hissəsini yataqdan qalxmırdılar. Qulluqçu Ketrin də "ölmüşdü" və başqa ad altında o da bu qəsrdə, öz xanımı "Rozetta" ilə birlikdə yaşayırdı. Hərdən Londona, Oksforda, Stratforda birlikdə gedir, teatr tamaşalarına baxırdılar. "Yuli Sezar", "Səhvlər komediyası", "Şıltaq qızın yumşalması", "İki veronalı əsilzadə", sonralar "Hamlet", "Otello", "Kral Lir", "Maqbet", "Antoni və Kleopatra", "Karolian", daha sonralar "Simbelin", "Qış nağılı" və onlarla digər pyesin və onlarla yeni-yeni sonetin müəllifi "Uilyam Şekspir" idi. Hər dəfə müəllifin adı təqdim olunduqda bunu eşidən qraf de Ver dərindən köks ötürürdü. Həm Cülyetta, həm də qraf nə vaxtsa oğulları olardısa, adını hökmən "Uilyam" qoyacaqlarını qərara almışdılar. Amma onların nəinki oğlu, heç qız uşağı da olmurdu. Olardısa, o qızın adı hökmən öz anasının əsil adı ilə eyni olacaqdı: Cülyetta! Aradan ötən illər ərzində qrafın arvadı qrafinya Gertruda manifakturada işçilərə qəzəblənib yatağa düşdü və dünyasını dəyişdi. Bundan sonra qraf oğlu Romeonu da özü ilə "Meşəli qəsr"ə apardı. Onların birgə həyatı yalnız məcburiyyət yaranarkən və müvəqqəti olaraq, onda da bir neçə günlüyə qırılırdı. Bu zaman qraf, ya yeni əsərini xəlvəti görüş yerində Uilyam Şekspirə vermək üçün gedir, ya da manifakturaların işi ilə bağlı olaraq şəhərdə görünürdü. Cülyettanın hamiləliyi çox gec baş tutdu. Artıq hər ikisi bir qədər yaşlanmışdı. Qraf "Rozalita"nı daha bircə dəqiqə də olsun özündən kənarda saxlamırdı. Amma "Fırtına" adlı növbəti əsərini Şekspirə vermək üçün Londona elə Cülyettanın öz təkidi ilə təkbaşına gedəsi oldu. Lakin tələsik getdiyi üçün əsəri götürməyi unutmuşdu. Bu, Uilyam Şekspirlə görüşərkən məlum oldu. Şekspirə tezliklə gələ bilməyəcəyini və onun özünün onlara gəlməli olacağını bildirdi.
- Bizim meşələrdə istədiyin qədər maral da ovlaya bilərsən! Narahat olma, mən Tomas Lyuis deyiləm ki, buna görə səni cəzalandırım. Yolunu gözləyəcəyəm, tez gəl!
Qraf de Ver Şekspirdən ayrılıb, geriyə, Oksforda, "Meşəli qəsr"ə qayıtdı. Kareta həyətə daxil olarkən Ketrin onun qarşısına ağlayaraq qaçdı. Hətta Romeo da ağlayırdı. Dünyanın ən böyük faciəsi baş vermişdi: doğuş zamanı onun Cülyettası ölmüşdü. Onun dünyaya gətirdiyi Uilyam isə sağ idi.
Qraf Eduard de Ver səhərəcən Cülyettanın tabutu önündə diz çöküb ağladı. Səhər içəriyə daxil olanların arasında sübh tezdən yeni əsər üçün buraya gəlmiş Uilyam Şekspir də vardı. Onlar tabutun qarşısında diz çökmüş qrafdan ayağa qalxmasını xahiş etdikdə ondan səs çıxmadı. Bu zaman yerdəki zəhər şüşəsi Uilyam Şekspirin diqqətini cəlb etdi. O tez qrafın çiyninə toxundu. Qraf beləcə quruyub qalmış və çoxdan ölmüşdü. Şekspir onun barmaqları arasındakı kağızı güclə qopartdı. Orada bir cümlə yazılmışdı. "Məşhur şair və dramaturq Uilyam Şekspir mənəm - qraf Eduard de Ver".
Uilyam Şekspir bu kağızı bir kimsəyə göstərmədi. Buna kim inanacaqdı?
Bir dəfə Oksforda gəlib qrafın qəbrini ziyarət edərkən Uilyam Şekspir özü ilə bir lövhə də gətirmişdi. Bu lövhədə qraf Eduard de Verin 37 pyesinin adı və onun daha 154 sonetin əsil müəllifi olması yazılmışdı. İmza olaraq "Uilyam Şekspir" - qraf Eduard de Ver" adı qoyulmuşdu. Lakin bir dəfə məzarlığı abadlaşdırmağa gələn qulluqçu Baltazar bu lövhəni götürdü, üstünü oxuya bilmədiyi üçün onu artıq, lazımsız bir şey hesab etdi və bir kənara tulladı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
