Hekayə
Atamı ölməyi üçün evə gətirəndə sübh çağı idi. Külək sünnət toyumdan qalmış lentləri qapının üstündə yelləyirdi. İlkgünkü kimi deyildi, nar qırmızısı rəngini çoxdan itirmişdi. Cavidan anamın yanındaydı. Həmişəki məzlum və kədərli görünüşündəydi və bu əhvalını daha da şişirtmiş, boynunu bükmüşdü. Hər ikisi qapının kandarında dayanmış, köhnə ambulansdan atamı çıxardıqları xəstə xərəyinin tutacaqlarına əllərini sürtərək kömək etməyə çalışırdılar. Çarəsizdilər. Külək soyuq idi, sərt idi və atamın ölmək üçün evə gətirildiyini beynimin hansısa qırışına möhkəmcə pərçimləmək istəyirdi. Şaxtalıydı, ağlayırdım. Göz yaşlarımın axmasına soyuğun səbəb olduğuna əminəm... Bir də başımın üzərində farağat dayanmış sükut var idi. Məni ən çox o qorxudurdu.
Atam şəhər kitabxanasında işləyən dövlət məmuruydu, çeşməyi var idi. Qara çərçivəli… Onu xeyli yaşlanmış olmağına, mədəsindəki xərçəngin bir səhər xəstəxanadan evə qayıdarkən "müjdə" verirmişcəsinə muştuluqladığı gündən bu yana böyüyən yarasına baxmayaraq, 1988-ci il Topxana meşəsindəki ağacların kəsilməsinə qarşı göstərmiş olduğu etirazdan çəkindirə bilmədik. Həmin gün zamanla çərçivələri aşınmış çeşməyini, qonaq otağındakı, üzərində xüsusi oyma təsvirləri olan və anamın cehiz gətirdiyi paltar şkafındakı kostyum-şalvarını geyinmiş, Bakıya qədər gedəcəyi yol uzunu oxumaq üçün yanında Ziya Gökalpın içində "Türk" sözü keçən bir kitabını da götürmüşdü.
-Bəlkə onu götürməyəsən?! - deyə anam nigaran bir tərzdə dillənmişdi.
-Qorxma,- demişdi, ayaqqabısının qaytanını qapının kandarında ilgələyəndə.
Bəlkə də çox sonralar yaşadığımız o günlərin bir daha geri gəlməyəcəyini başa düşəcəkdik. Sovet ittifaqı artıq darmadağın olmuşdu. "Mixail Qorbaçov bir Nobel üçün bütün ölkəni dağıtdı" deyə sonralar bir dostum demişdi. Ancaq mən başının nəzərə çarpan bir yerindəki ləkələri olan bu adamı heç bir zaman başa düşə bilmədim. "Hamı azadlıq acıdır" - deyirdi atam. Və mübarizəsində haqlı olduğuna bütün varlığıyla əmin idi. Artıq, böyük Sovet İttifaqına qarşı vuruşmağın vaxtı yetişmişdi. Daha xəlvəti azadlıq şeirləri oxunmayacaq, "Amerikanın səsi" radiosu gizlincə dinlənməyəcəkdi. Çox sonralar qarşılaşdığım "Azadlıq bir az da qeyri-müəyyənlikdir" ifadəsi atamın səliqəli geyimdə, əlindəki kitabı, gözündəki aşınmış qara çərçivəli eynəyi ilə "azadlıq" axtarışına getdiyi günü xatırlatmışdı. Eyni ilə, "bir qəfəsin quş axtarmağa" gedişiydi...
Atam 65 yaşındaydı. Saçları ağarmışdı və bu qəfil bozumtul, ağaranvari cod saçlar məni həmişə qorxudurdu. O, KGB agentlərinin gecənin qəfil qaranlığından qara dəri paltoları ilə qapıya dayanaraq sonsuz bir ümidsizliyə apardıqları sürgün imtahanlarından biraz özünü, bir az da bizi qorumaq üçün "Azadlıq və xalqların haqqı" adlı fəryadını qəlbinə basdırmışdı. Nə küçənin ortasında Lelin heykəlinə, nə də qəfil qapı döymə ehtimalı olan qara paltolu adamlara qarşı bağırmamışdı. O sa, atam xəlvəti, lap xırıltı dərəcəsinə qədər enən səs tonuyla "it sən mənim xalqımı məhv etdin" deyə Lelin heykəlinə tüpürən şairin aqibətini çox nağıl edirdi. Fısıltılı bir səs tonuyla… Astaca… Lap səssizcə... Elə ardıycan da, "Amanın bir günüdür, bu barədə heç kimə heç nə demə" deyə yalvarıcı nəzərlərini gözlərimə zilləyir, gələcəyindən, gələcəyimizdən qorxaraq dediklərinin intəhasız peşmançılığını çəkirdi. Ancaq sürgün imtahanları, Sibir şaxtası onun səsini kəsməmişdi. Sadəcə üsyanını qeyri-müəyyən bir fısıltıya çevirmişdi. Bəlkə də ona görə sonralar qarşılaşdığım bir cümlə atamın bu xəlvəti, gizli mübarizəsinin əsl mahiyyətini anlamağıma kömək olmuşdu. "Qağayı" adlı hekayə quşların vərdişkar olduqları həyata qarşı çıxan bir ətcəbala quş haqqındadır. Belə ki, Jonathan Livingstone adlı qağayı azadlığın ləzzətini dadmaq və daha da yüksəklərə uçmaq üçün öz ailəsinin ənənələrinə qarşı etiraz edir. Onun məqsədi, bu hərəkətlərində nə qədər haqlı olduğunu, həqiqi xoşbəxtliyin səmanın ənginliyinə qanad çarpmaqda olduğunu digər qağayılara isbat etməkdir. Mənim atam da eyni Johathan Livingstone kimiydi. Bəlkə də, uzun müddət mədəsindəki yara ona qarşı Don Kixot sayağı bir duello elan edənə qədər, yaşlılıq bir soyuq qış səhəri qapısını döyənə qədər, Qorbaçov "SSRİ" adlı tamaşadan bezdiyini elan edərək "Hər kəs öz başının əlacını qılsın" adlı hekayənin ilk cümləsini elan edənə qədər səmanın dərinliyinə uçmaq arzusunu qəlbində saxlamışdı. Həmin düşüncələri dilinə gətirmək cəsarətini göstərə bilməmişdi.
Atamın azadlıq mübarizəsi eyni ilə bir həbsxana küncünə çəkilib qaçış planları qurmağa çalışan məhbusunku kimiydi. Səssizcə, intəhasız bir zamana yayılan və tünelin hər gün bir ovuc torpağını qarışqa sayağı əzmlə, səbirlə daşıyaraq… O, kitabxanasına gələnlərə gizlincə tariximiz haqqında danışardı. Mənə və sinif yoldaşlarıma uzun-uzadı "türkçülük", "milli kimlik", "adət-ənənələrimiz" kimi sözlərlə başlayan və "Azıx mağarası"nda tapılan ilk insanın ulu-ulu nənəmiz olduğunu vurğulayırdı. Və dediyinə görə həmin Azıxantop qadının 1.2 milyon yaşı var idi. Elə ardınca da "Biz böyük bir imeratorluğun varisləriyik" deyə vurğulayırdı. Xətainin bir iki misrasını əzbərlədir, kitablarını oxumaq üçün verirdi. Atam sanki tariximizdə ikicə şeyin həqiqiliyinə inanırdı. Onun üçün bir Şah İsmayıl Xətai var idi, 12 yaşında taxta keçmişdi. Bir də Azıx mağarasındakı həmin qadının alt çənə sümüyü…Və hamımız bu iki önəmli məqamı unutmamalıydıq. Xatırlamalıydıq.
Gecənin qoxunc qaranlığında KGB məmurunun ərkyana döyəclədiyi qapının ardında şeir yazan şairin tələm-tələsik aparılmasının qorxusunu atam da yaşayırdı. Onun üçün Hüsyin Cavidi yaxşı tanımalıydıq. Ona görə Müşfiq unudulmamalıydı. Gah "İblis" mırıldanır, gah da "yenə o bağ olaydı" təəssüfünü yaşayırdı. Bir az kədərli, ürkək, çəkingən pıçıltıyla… Anam da atamla yaşadıqca onun vərdişlərini mənimsəmişdi. Bəzən yemək bişirərkən, balkonu süpürərkən dodağının altında həzin bir mahnı kimi oxuyardı. Sonra "Ana və paçtalyon" şeirini də həmin "yenə o bağ olaydı" təəssüfünə qatıb işlərini görürdü. "Dörd ay vardı, ananın gözləri yol çəkirdi…"
***
Atam - 65 yaşlı, çərçivəsi aşınımış eynəkli, ağ saçlı - Sovet KGB-sinin soyuqla imtahanından bir az bizi, bəlkə də özünü qorumaq üçün azadlıq arzusunu dilinə gətirməmiş, səslə ifadə etməmişdi. Həmişə daxilən, qəlbən istəmişdi. Di gəl ki, insanın bəzi duyğuları gizləməsi, heçə sayması mümün deyil… Eyni azadlıq kimi… Azadlığı sonradan başa düşdüm. Çox sonralar idi…
***
Əslində onun hər şeydən xəbərdar olduğunu bilirdim. Yanılmamışdım. Sanki həyatın başımıza gətirəcəyi fəlakətləri bir öncəgörən kimi hiss edə bilirdim. O tüstülü kürəciyin üzərinə əllərimi qoyan kimi səmada şimşək çaxır, göy guruldayırdı. Sonra həmin kürəciyin içərisində bizim iki mərtəbəli evimiz, anam, mən, nənəm və əmim görünürdü. Atam isə- əlindən heç nə gəlməyən saf ürəkli adam isə bizi pıçıltı ilə oxuduğu şeirləri ilə ovudurdu. Və mən onun uzaqlara zillənən baxışlarının arxasında eşitdiyim "yenə o bağ olaydı, toplaşaraq siz, o bağa gələydiniz" misraları üçün darıxıram. Hələ də qulaqlarımda onun siqaret çəkməkdən boğulmuş səsi ilə xırıltılı öskürtüsü əks-səda verir.
Həmin gün taleyimə ilişib qalmış bir dalan kimi qəfildən, gözləmədiyim bir anda qarşımda dayanır. Soyuq və küləkli... Bir az da kədər və hüzn var. Arxadan silah səsləri eşidilir. Sanki nənəmin toxuduğu yun jaketi geyinmiş, bığ yeri tərləməmiş uşaqlığım gözlərimin içinə baxır. Sonra o körpə, həyatın saflığını itirməmiş balaca uşaq "Atam gəldi" deyir.
-Evdədir?- deyə dillənirəm.
-Bəli,- deyir.
-Nə edir?- deyirəm.
-Ölməyi gözləyir.
Susuram. Heç bir cavab vermirəm.
Sonra uşaqlığım mənim yerimə keçir və həyatın ən çətin sınaqlarını çiyninə yüklənib "Sən get" deyir.
***
Onun atasından qalma ikimərtəbəli evinin ikinci mərtəbəsindəki kiçik otağındakı yatağının üzərində yatmaq arzusuna heç kim maneə ola bilməzdi. Çünki bu ölümü gözləyənin son arzusuydu və həyata keçməliydi. Əmim, "Hər şeyi istədiyi kimi edək. Bir neçə gün ömrü qalıb" demişdi. Onun göz yaşlarını ilk dəfə həmin gün görmüşdüm. Narahat olmuşdum. Anam isə, həmişəki sakit və təmkinli görünüşünü həyatının ən böyük faciəsi qarşısında belə bir kənara qoymadı. O, anlayışlı və həyatın verə biləcəyi bütün əzablara sinə gərə biləcəyini əminliklə nümayiş etdirən təmkinini qətiyyən itirmədi. Bəs, harda itdi mənim anam?
***
Anam sanki atamın üçgünlük ömründə istədiyi hər şeyi edəcəyinə dair söz vermişdi. İlk günü öləcək olana qayğı göstərmək, halallaşmaq üçün gələn qonum-qonşuların hər biri ilə ayrı-ayrılıqda məşğul olmaq... Onlarla atamın ölümü gözləmək üçün evə necə gəldiyindən, kiçik otaqda qalma səbəbindən, Xocalının hər tərəfini mühasirəyə almış düşmənin hücuma keçəcəyi gün haqqında danışdı. Qadınlar isə, sərhəddəki vəziyyətdən, evlərdə çörəyin bitməsindən, qonşu Güləndam xalanın erməni qızı olan gəlininin neçə gündür uşaqlarını buraxıb qaçmasından, Sovet ittifaqının niyə dağılmasına dair yayılan şaiyələrdən danışırdılar. Sonda isə gələnlər atamın gözlədiyi ölümün özünü tezliklə yetirməsini eyham vuran "Allah köməyiniz olsun" cümləsini deyib gedirdilər. Anam isə, qonşularla olan söhbətinin hər detalına kimi əjdaha döyməli dəmir başlığı olan yatağında uzanmış atama danışır, özü də şərh edirdi. Atam tükənmiş bir vəziyyətdə boşluğa gözlərini zilləyib, susurdu. Ardınca da çox dərin bir inilti eşidilirdi. Bu inilti evin divarlarında əks səda verdikcə hamımız "Əzraili" evin hər küncündə axtarmağa, harda gizlənibsə, tezcə tapıb atamın qarşısına gətirməyi düşünürdük.
***
İkimərtəbəliydi evimiz. İki taylıydı pəncərələri, böyükdü… Yay aylarının sübh günəşi təpənin arxasından çıxıb gedərkən sanki bizim evimizin içindən keçirdi. Axşamları qəmər səmanın qaranlığına asılıb dayananda, sanki evimizin gözətçisiymiş kimi görünürdü.
Atam qaradinməz, sakit və öz dünyası olan bir adam idi. Ondan Promotey kimi insanların xilası üçün alov gətirməyini gözləməyin məntiqsiz olduğunu başa düşmüşdüm. Bu çox sonralar idi, üzümü ilk dəfa təraş edəndə güzgüyə diqqətli baxmalı olduğum anda… O əmim kimi deyildi. Zevs deyildi. Oysa, əmim mənim üçün Zevs idi, Promotey idi. Atam isə Sizif idi. Əsl Sizif! Həyatın ona verdiklərini yaxşı və pisə ayırmadan iki qollarını açıb qəbullanan bir varlıq idi. Halbuki mən həmişə gözləyirdim ki, atam Sizif əzabının əksinə gedəcək və belindəki qaya parçasını təpənin ortasında buraxaraq etiraz edəcək, üsyana qalxacaq… Buna həmişə inanırdım. Atam isə əsla etiraz etmədi, gün keçdikcə bir adamlıq yatağına daha çox girdi və qalın kitablardakı qəhrəmanlardan özünə yorğan düzlətdi. Otağın alatoranında başqalarının üsyanını pıçıltılı səs tonuyla oxudu. Qorxaraq!
***
Boydan boya divarlarında kitab rəfləri vardı, kiçik otağın… Pəncərəsi tək taylıydı. Eyniylə hücrəni xatırladırdı. Pəncərə köhnə bir kilsənin tavana dayalı, öndən əyri pəncərəsini xatırladırdı. Kitab rəflərinə nəzər yetirdikdə ilk diqqəti çəkən Vladimir Leninin "Haradan başlamalı?", "Sosializm və din", "Marksizimin Tarixi İnkişafının Bəzi Xüsusiyyətləri" və başqa bu kimi qalın cildli kitabları düzülmüşdü. Bir də Sovetlərin cansıxıcı "məhəbbət romanları" var idi. Bu romanların içində traktorlara, torpağa olan sevgidən, pambıqyığma qəhrəmanlığından, kanal çəkmə cəsarətindən bəhsedən əməkçi qəhrəmanlar var idi. Atamın xəzinəsi arxadaydı. Kitab rəflərinin ən alt qismindəki ensklopediyaların arasında… Xəzinənin adı "gizli kitabxana" idi. Onu tapana mükafat verilirdi, bir zamanlar. Kitabların sahibinin həyatı gecənin qəfil qaranlığında döyülən qapının açılması ilə dəyişir və Sibir soyuğunda donduqdan sonra ölümlə mükafatlandırılırdı. Qəribədir, heç kim tapmadı, qəfil döymədilər küçə qapımızı… atam içindən oxudu üsyan şeirlərini, səssizcə… ta ki mədə xərçəngi tapana qədər, pıçıltıyla üsyan etdi… O qədər pıçıltı ilə oxumuşdu ki, Qorbaçovun "Bütün Proletarlar Müqəddaratini həll etsin" dediyi gündən sonra da səsini ucaltmağa çəkinirdi. Pıçıltısını pozmadan, əvvəlkindən daha da sakit bir tərzdə oxumağa davam edirdi.
***
Həmişə qaranlıq olurdu kiçik otaq. Atam, əgər öz qınına çəkilib kitablarına sarılaraq o azadlıq savaşının içində Kafkavari bədgümanlıqla davam etmək niyyətindədirsə, mütləq anam köhnə lampanı yandırıb otağı işıqlandırardı. Atam kitablarındakı uzaq diyarlara səfərə çıxanda, anam onun üçün kəklikotu ilə çay dəmləyərdi. Bu çayı içdikcə atam qadağan olunmuş romanlara, səsli oxunmasına icazə verilməyən şeirlərə daha çox bağlanır, onları daha da eşidilməz bir pıçıltı ilə oxuyurdu.
Ancaq həmin gün atam otağına oxunması qadağan edilmiş kitablar üçün yox, ölmək üçün gəlmişdi. Anam isə adəti üzrə bəlkə də sonuncu dəfə kəklik otu çayını səliqəli bir şəkildə dəmləyib, qapının arxasındakı divara asılmış neft lampasını yandırmış və otağı sonuncu dəfə işıqlandırmışdı. Atam uzun müddət mədəsindəki xərçəngin daha da güclənməsi nəticəsində, ölümlə həyat arasındakı bu ikili oyunda ölümü seçmiş və otağına çəkilmişdi. Bütün bədəni çökmüş, göz bəbəkləri varlığının bütünün müəyyən edirmiş kimi yekəlmişdi. O yorğun, zəif adam alaqaranlıq otağında, təkadamlıq yatağında gözlərini divarı işğal edən kitablara zilləyib baxırdı. Bəzən atamın o otaqda, kitabların arasında olduğunu unudurduq. Onun müəyyən fasilələrlə eşidilən iniltisinin əks-sədası zamanla bəsit və sıradan bir səsə çevrilmişdi. İndi fikirləşirəm ki, bəlkə də atamın səsini eşitməyək deyə kitablar onun iniltisini udurmuş.
-Neçə aydır ki, düşmən hər tərəfi mühasirəyə alıb,- deyə anam ölümünü gözləyən atama düşdüyümüz bu vəziyyəti şikayət edirmiş kimi bir səs tonuyla xəbər vermişdi. Bəlkə də ondan kömək istəyirdi. Kim bilir? O hadisədən sonra anamı bir də heç vaxt görmədim ki… İndi haradadır?
Atam heç nə demədi. Gözlərini düz qarşısındakı divar boyu ucalan kitab rəfinə zillədi və baxdı. Yəqin, onu aparmağa gələcək olan Əzarilin Lenin kitablarının birinin arasından çıxacağını düşünürdü. Anam isə ölümün hər saniyə qapısını döyəcəyini gözləyən bu adama küçədə qonşulardan eşitdiyi qarışıq xəbərləri çatdırırdı…
"Bizimkilərin əlində heç bir silah yoxdur. Sadəcə evlərdən topladıqları ov silahları ilə müdafiə edilirlər. Ov silahı ilə tankın qarşısına necə çıxmaq olar?"
"Cəlal əminin qızı itib."
"Deyilənə görə, hər an hücuma keçə bilərlər…"
Atam isə bu xəbərlərin sonunda vərdişkar olduğumuz iniltisini həmişəkindən daha kədərli və ucadan çıxarır, o yorğun gözlərini anama zilləyərək sanki daha danışmaması üçün yalvarırdı.
Anamın eşitdiyi hər xəbəri atama çatdırması məni də incidirdi. Çünki eşitdiyi hər xəbərin ardınca iki böyük çuxurda oynayan top kimi bərəlmiş gözlərindən yaş axırdı. Sanki anam danışdıqca atam daha da çarəsizlik boşluğunun içinə yuvarlanırdı və sərhəd xəttində düşmənin gözlənilməz həmləsinə qarşı çıxmaq əvəzinə, burada, kiçik otağın alaqaranlığında oturub ölümü gözlədiyi üçün daha da utanırdı. Və bu utanç onu zamanla kiçildir, sanki yorğanın altında gözə görülməyəcək qədər kiçik bir zərrəyə çevirirdi. Ya da əksinə, səbəbsiz yara kimi düz insanın alnının ortasında peyda olur və zaman keçdikcə daha da böyüyərək içindən irinlər axan ət parçasına çevrilirdi.
Anam payızda bəzi ağaçların üzərindəki qurumuş budaqları qırmağı unutmuş, yaz əkinindən həyətdə çox alət ədavat qalmışdı. Hər halda atamın xəstəliyi onu evdən soyutmuş, hər gün şəhərdəki xəstəxanaya getmək məcburiyyətində qaldığı üçün boş zamanı olmamışdı. Ancaq ömrünün sonuna kimi heç bir yerə getməyəcəyinə, həmişə orada, o ikimərtəbəli ər evində qalacağına, elə orada da yaşlanacağına o qədər əmin idi ki, qışın soyuğuna baxmadan ağaçların budaqlarını təmizləyir, həyəti sahmana salırdı. Atam ölmədən əvvəl yas yerinə gələcək olan qonşu və qohumların dilinə düşməmək üçün hər tərəfi səliqəyə salırdı. Bacımla pəncərələri silirdilər. Və mən onun bu ikimərtəbəli ər evini necə çox sevdiyini gözlərindən görə bilirdim. Hər saniyə başımızın üstündə eşidilən atəş səsləri, yayılan basqın xəbərləri ona günlük, əhəmiyyətsiz hadisələr kimi gəlirdi. Oysa, anam bizi çevrələmiş düşmənin varlığını, onun hər saniyə eşidilən silah səslərinə fikir verməməyə, unutmağa, onlar yoxmuş kimi yaşamağa çalışırdı.
Bacım da anam kimiydi. O, evimizin balkonunda oturmağı, təpəsinə qədər ağaclarla örtülü dağlara baxmağı sevirdi. Atam Hüseyn Cavidin adını ilk uşağına verəcəyini demişdi, ancaq qız doğulunca Cavid yerinə bacımın adını Cavidan qoymuşdu. Bacımın 17 yaşı var idi. "Gündə qapıya biri gəlir. Birinə hə desən. Bax, keçən dəfə də məktəb müdiri Həsən bəyin arvadı Gülnaz xəbər göndərib. Səni oğlu Əliyə almaq istəyir," deyə anam Cavidana evlənməyə razı salmaq üçün hər gün bu tipli xəbərlərlə gəlirdi. "Yox. Mən Bakıya gedəcəyəm. Tibb universitetini oxuyub həkim olacağam," deyə bacım cavab verirdi.
***
O kiçik, qaranlıq, atamın ölümünü gözlədiyi otaq bacım üçün də gizlənə biləcəyi, öz qınına çəkilərək qadağan olunmuş kitablar oxuyacağı bir yer idi. Atam Kafka aşiqi idi. Hətta Kafkanın adı keçən hər məqaləni, hər kitabı sifariş verir, gətizdirərdi. Bacım da atam kimi kitablar oxumağı çox sevirdi. Bir dəfə Kafkanın "Çevrilmə" hekayəsini çox oxuduğu üçün (42 dəfə) hekayəyə o qədər aludə olmuşdu ki, qışqırmağa başlayıb. Anam kiçik otağa girəndə bacımın yatağın altında ağladığını görüb. "Orada nə edirsən?" - deyə soruşunca, bacım da "Mən böcək oldum. Zamza" - deyə cavab verib. "Bu uşaqları da özün kimi edəcəksən" deyə anam atama əsəbləşmişdi. İlk dəfə onun oxumağına, kitablarına qarşı əslində qəribə bir ikrah hissi duyduğunu hiss etmişdim. Ah, Cavidan! Cavidan! Cavidan…
***
Atam gəlib çıxmaq bilməyən Əzrayılın yolunu gözləməkdən bezmişdi. İniltilərinin əks-sədasını eşitmirdik. Danışmırdı, ancaq gülümsəyirdi. Və onun gözlənilmədən bir anda özünə gəlməsi, qədim yunan Tanrıları kimi yeraltı cəhənnəmindən geriyə qayıtması məni çox sevindirmişdi. Atamın üzündəki təbəssüm hamımıza ümid vermişdi. Onu elə gördüyüm an, əmim kimi Promotey olduğuna və bizi bu zülmət qaranlıqdan xilas edəcəyinə inanmışdım... Onu salona çıxardıq. İsti otun peçinin yanında oturub onun bir vaxtlar mənə oxumasından zövq aldığım romanı, indi mən onun üçün oxuyurdum. Bu Çarliz Dikkensin "Oliver Tvist" romanı idi. Kitabxananın idi. Kitabın yeddinci səhifəsində "Xocalı Şəhər Kitabxanası" yazan möhür vurulmuşdu. Kitabın qapağının iç tərəfində bir istifadəçilər siyahısı, tarix var idi. Mən kitabı oxuyan on ikinci oxucu idim.
Ona kitabı oxuduqca illərdən bəri kiçik otaqdakı üsyanının bir gün özünü büruzə verəcəyinə inanırdım. Bəlkə o yatağından çölə çıxaraq qılıncını çəkəcək "mənim torpaqlarımı heç kim ala bilməz" deyəcəyini düşünürdüm. Oysa ki əlimdəki kitabın ilk səhifəsini bitirəndə atam həmişəki dərin, ürpərdici iniltisini çıxardı.
-Bəsdir, oxuma,- deyə anam dilləndiyi anda atam iniltisini kəsdi və onun üzünə tərs-tərs baxdı. Bunu görən anam sakit bir səs tonuyla -oxu,- dedi. Mən səhifəni çevirdim və oxumağa davam etdim.
-Bütün rabitə əlaqələri kəsilib, vəziyyət yaxşı deyil,- deyə əmim təlaşlı bir şəkildə içəri girib demişdi. -Əsgərlər hər tərəfi mühasirəyə alıb. Nə etməyi fikirləşirsiz?- deyə nəzərlərini bizə zilləmişdi. Bir müddət heç kim dillənmədi. -Mən onsuz da sonuna qədər burada vuruşacağam, heç olmasa siz getsəniz,- demişdi. Anam isə gözünü atama zilləyib sakitcə dayanmışdı. Otağa çökən sükutu sobada yanan odunun çıqqıltı səsi pozurdu. Bir də kar silah səsləri. Boğuq və qəfil eşidilib , qeybə çəkilirdi.
Atamın isti sobanın yanında uzanıb oxuduğum romanı diqqətlə dinlədiyi ərəfədə əmimin gətirdiyi bu xəbər, verdiyi sual çöldə eşidilən silah və top səsləri qədər müəmmalı, anlaşılmaz, formasız idi. Əmimin o hövlnak, narahat suallarının cavabını sanki sadəcə atam bilirmiş kimi anam gözlərini ona zilləmişdi. Bir küncə əyləşib sinidəki ağ düyüləri arıtladığı ərəfədə gələn bu xəbər onu yerindəcə pərçimləmişdi. Sanki, anam əlindəki sini evin ortasına tolazlayıb əmimin üzərinə şığıyacaq "Qardaşın hələ ölməyib ki…" ya da "Bu vəziyyətdə nə edilər?" ya da "Evimizi öz əllərimizlə düşmənə təslim edək?" kimi ifadə edildiyi an dərin bir girdabın sonsuz qaranlığına yuvarlanmaq təhlükəsi olan, sual işarəli cümlələrin üzərindən sakitcə ötüb keçirdi.
Mən isə lənətə gəlmiş Oliverin bütün sərgüzəştlərinin bir anda öz mahiyyətini itirərək axmaq bir çərənləməyə dönüşdüyünü anlayıb kitabı bağladım. Atam kitabı belə əsəbi və çarəsiz şəkildə bağladığımı görüb çuxura düşmüş gözlərini mənə çevirdi və zorla gülümsədi. - Hər halda yola çıxmaq üçün hazırlıqlı olun… - deyə əmim anama baxdı. Ardınca isə atama üzünü çevirib -gözləyək,- dedi. Anam sinidəki düyüləri arıtlamağa davam etdi. Ağ, uzun düyülərə diqqətlə baxırdı. Sanki indi dünyadakı yeganə problemi məhz bu düyülərin arasındakı çınqıl, qum dənələrini toplamaq idi. Xeyli sonra, əmim gedəndən, evə dərin sükut çökəndən sonra -yaxşı,- deyə dodağının altında dilləndiyini eşitdim.
"Hər halda çıxmaq üçün hazırlıqlı olun" cümləsi o zaman da indiki kimi beynimdə qeyri-müəyyən bir acını ifadə edirdi. Mən də kitabımı götürüb kiçik otağa qaçmış, eyni ilə bacımın Kafkanın Zamzasına çevrildiyi zaman girdiyi yatağın altına girmişdim. Bir müddət orada səssizcə gözlədim. "Görəsən, getməsəm, hamı çıxıb getdikdən sonra- anamgil, əmimgil- çıxsam." Ancaq o qaranlıq otaqda bir müddət tək qalınca qorxdum. Sanki atamın gözlədiyi Əzrayıl gəlib məni özü ilə aparacaqdı. Kiçik otaqdan hövlnak aynabəndə çıxarkən arxamda uzun qara paltar geyinmiş, uzun burunlu bir qulyabaninin gəldiyini hiss etmişdim...
***
Anamın dayısı oğlu, həkim idi. Hər gün atama baş çəkir xərçəngin öz qələbəsini nə zaman elan edəcəyini öyrənməyə çalışırdı. Bu yekə qarın, qara çatma qaşları olan həkim hər dəfə anama təsəlli vermək üçün "az qaldı. Bir az daha səbr edin" - deyirdi.
***
Axşam saatları. 22 fevral 1992-ci il. Atamın ağrıları, otağı bürüyən iniltilər daha da artdığı üçün həkimi gətirmək məcburiyyətində qalmışdılar. O isə həmişəki soyuqqanlı baxışları ilə "Allah verdiyi canı istədiyi vaxt alar… Bilmirəm. Belə qusduğuna görə mədəsi artıq tamamilə sıradan çıxıb. Bir neçə gündən sonra…" demişdi və cümləsini tamamlamamış anam gözlənilməz bir şəkildə ağlamağa başlamışdı. Sanki bu göz yaşını tökmədən öncə, özünə söz vermişdi ki, atamın mədəsi tamamilə yararsız bir ət parçasına dönənə qədər ağlamayacaq. Ancaq indi, məhz bu sözü tutmadığı üçün ağlamağa başlamışdı.
Həmin axşam silah səsləri az eşidildi. "Yəqin cəhənnəm olub getdilər" deyə anam atamı heç olmasa bir qurtum da olsun su içməsi üçün razı salmağa çalışırdı. Atam olmayan mədəsinin qəbul etmədiyi suyu zorla da olsa içdi və hamısını geriyə qusdu. - Bakıdan heç bir kömək gəlməyib…- deyə anam atamın dəmir başlıqlı yatağının yanındakı stula stəkanı qoyanda demişdi. -Bizə nə oldu? Sən belə şeyləri yaxşı bilərsən, birdən köməyə gələn olmasa… Yazıq, danışa bilmirsən ki… Eh!.. Allahım sənə bir az da ömür versəydi, bu uşaqları evləndirsəydik...- Sonra stulun üzərindəki stəkanı götürüb çıxanda -Eldar, yatmayacaqsan?- deyə soruşmuşdu. -Atamla söhbət etmək istəyirəm,- demişdim. Anam dillənmədi. Bu son günlərdə hər birimizin onunla daha çox vaxt keçirtmək istədiyini bilirdi. Bir də heç vaxt görməyəcəkdik…
Əmimin hövlnak gəlişi və gətirdiyi xəbərlərdən sonra eyni şəkildə çıxıb getməsi evdə var olan tıncıxdırıcı havanı daha da dözülməz hala salmışdı. Bundan sonra arabir varlığını xəbər verən silah səsləri ölümü unutdurmuş necə xilas olacağımızın qayğısına düşmüşdük. Atamın baxışlarında belə -Bəs, necə edəcəyik?- sualını görmək mümkün idi.
"…sonra həyatı başa düşürsən. İnsan itirdiklərini gözünün önünə gətirdikcə, həqiqəti bütün çılpaqlığı ilə görə bilir. Orta məktəbdə itirdiyin bir sinif yoldaşın, evə qayıdarkən yoxa çıxan bir karandaşın, bir gün özünü atanın ölümünə hazırlamağın, qəfildən çıxıb gələn düşmənə qarşı hiss etdiyin çarəsizlik və vətənini qoruya bilməməyin, sənə verilmiş qəpikləri itirməyin, bunlar hamısı eynidirmi? İnsanın vətənini və atasını itiməyi, o itkilərin hər birini gözlərinin qarşısında, əllərinin arasından qum dənələri kimi küləklə qeyri-müəyyənliyə sovrulmağını görmək, ancaq sonra o sovrulanların harada itdiyini, yoxa çıxdığını görməmək. Və ömrünün sonuna qədər o itkinin içində açdığı sağalmaz yaranın sızıltısı ilə yaşamaq…"
Həmin axşam atamın çaprayısının başında saat birə qədər gözlədim. Anam getdikdən sonra atam dərin çuxura düşmüş gözlərini mənə tərəf çevirdi və zorla gülümsədi. Əslində o gülümsəyəndə qızıl dişləri, göz kənarlarındakı qırışlar diqqətimi çəkmişdi. Mənim atam çox yaşlı idi? Əlimi əjdaha təsvirli dəmir başlıqlı yatağın bir kənarından uzadıb onun əlini tutdum. Sanki bu əjdahalar yatmış Əzrayıl idi və gözlənilmədən oyanıb atamı öldürəcəkdi. Eyni ilə bizi dörd bir tərəfdən mühasirəyə almış düşmənin səbəbsiz varoluşu kimi….
Atam zorla eşidiləcək bir səs tonuyla, ölmək üçün evə gəldiyi gündən bu yana ilk dəfə danışdı. "Anan… sən…" dedi və susdu. Deyəsən, danışmaq üçün daha heç bir gücünün qalmadığını anladı. Sonra bir də heç vaxt danışmadı… Gözlərimi onun gözlərinə dikdim, baxdım, baxdım, baxdım… Hər ikimiz uzun müddət bir-birimizə baxdıqdan sonra dodağında xəfif təbəssümü hiss etdim. Sonra əli ilə gedib yatmağımı işarə etdi.
Kiçik otaqdan aynabəndə çıxdım. Pəncərələrdə fevral şaxtası hiss edilirdi. Tərləmiş şüşələr buz bağlamışdı. Bu şaxtalı fevralın dondurucu səssizliyini aramla eşidilən silah səsləri pozurdu. Mən tezcə yatağıma girdim və bu səsləri eşitməmək üçün yorğanı başıma çəkdim, qulaqlarımı tıxadım və yatdım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!