Bu günə kimi hər zaman qəbiristanlıqdan xoflandığına gülümsədi özü-özünə. Başını dik tutub, öz əli ilə basdırdığı qəbrin ziyarətinə gedirmiş kimi irəlilədi.
Durdu və duruşuna elə güvənli bir jest verdi, sanki əhli-qüburun hamısına şərikli bir salavat göndərmək halındadır.
- Axı mən o qəbrə salavat göndərməyə gəlməmişəm ki?! Gəlmişəm öz gözümlə o qəbrin var olduğunu görüm; bax, bu şəhərdə, bir İmamiyyə qəbiristanında.
Ünvanı yazdığı kağız qırığını çantasından çıxarıb sezilməz bir şəkildə ona göz gəzdirdi:
- İndi hansı tərəfə dönməliyəm?
Gözünün bucaqlarındakı baxışları ilə, yazdığı adreslə durduğu mövqeyi yoxlamağa çalışdı. Öyrəndiyi nəm-nişanlarla qəbirlərin arasında dolanmağa başladı, adres verən tanış demişdi:
- O daş bina var haa... Ondan on sirəm avtovağzala sarı gedərsən. - getdi. - oradan on iki sirəm günbatana sarı, - getdi - başı günbəzli, dəmir çərçivəli bir qəbrin qonşusudur. - baxdı. O cür qəbirlər çox idi. - qəbrin dövrəsində ağac-zad yoxdur. Təkcə Firudinin qəbri üstündə böyük bir ağac var...
Əlbəttə ki, hər kəs ziyarətinə gəldiyi qəbrin yerini yaxşıca tanımalıdır. Bəs bu axtarış nə deməkdir? Özü də avara-avara, bu kökdə, qəbirlərin arasında gicəlib qalmaq lap şəkkə salandır. Oturduğu qəbrin başından ayağa qalxdı. Qalxa-qalxa da girəcəyə sarı baxdı:
- Yox, o qədər də papey deyil məmurlar. Hanı, bə, hardasan, anamın nişanlısı?
***
"Məşrutə xiyabanı" deyib minmişdi taksiyə.
Taksi azər ayının susqun xəzəlləri arasından yol açaraq irəlilədi. Xiyabandakı qaraqabaq adamlar qələmələrin gümüşü gövdəsi ilə birlikdə tovlu-tovlu gözünün qabağından ötüşürdülər. Damarlarının səsini eşidirdi, buz büllurlarının üstünə qaynar su tökülürsə, necə olur? Eləcə idi damarlarının səsi: "çıq... çıq... çıq..."
- Görəsən adamlar eşidirlər damarlarımın səsini?!
- Bağışlayın, öz əlimdə deyil. Öz əlimdə deyil.
Başını qaldırıb camın bucağından göyə baxdı, altmış yaşlı bir sükut bayrağının ucqarında dalğalanan gövdələr idi gözünün qabağında. Boz buludlar göydə iç-içə çitənmişdi. Hava "yağım-yağım" deyirdi. Xiyabanda səf çəkən bu çinarlar, qələmələr, köhrələr, kök salmış qocaman sükutlar idi sanki. Altmış il boyunca göyərdikcə başları qırılıb atılmışdı. Lakin zaman ötdükcə, başdan qırıldıqca dərinlərə doğru kök ataraq sarmaşıqlanıb, zoğ atıb, torpağa doğru, dərinə doğru göyərə-göyərə özlərini gətirib bu günə yetirmişdilər. Anası gənc yaşlarında ikən Milli Hökumət dövründə bir il Pişəvərinin makinaçısı olmuşdu. Firqə basıldıqdan sonra asdı-kəsdi düşdükdə, xiyabanlarda dar ağacları qurulmuşdu. Güllələnmələr başlanmışdı. Firqəçiləri xiyabanlarda çinarlara, qələmələrə bağlayıb güllələmişdilər.
- Həmin çinarlar, həmin qələmələr.
- Məşrutə xiyabanıdı, xanım!
***
Qaraqabaq adamların, qaraqabaq maşınların tüstülü siqnalları arasından adlayaraq keçdi xiyabanın o tay əlinə.
Gənc qızın nişanlısı onun hələlik Arazın o tayına keçməsini məsləhət görmüşdü:
- Sən get, mən burda qalmalıyam. Hər şey tezliklə düzələcək. Qayıdacaqsan, evlənəcəyik.
Araz qırağında beləcə vidalaşmışdılar və gənc qız canlarını götürüb qaçanlara qoşulub keçmişdi Arazın o tayına.
- Özündən muğayat ol ha! Mən də özümdən bərk-bərk muğayat olacağam.
Pişəvərinin baş prokuroru olan nişanlısı, Arazın bu tayından o tayına bağırıb bunu da əlavə etmişdi sözlərinə.
Hər gün, hər həftə edam xəbərləri canlarını götürüb qaçanların dilində Arazdan keçib gedirdi o taya. Dəstə-dəstə edamlar, güllələnmələr... Bir gün də gənc prokurorun edam xəbəri Arazdan keçib getdi.
Qəbiristanın hər iki qapısında dayanmış beş-altı silahlı məmur, arxayın-arxayın danışıb gülürdülər. "Əsli qapıda duran məmurlar daha ciddi və sərt ola bilərlər", deyə düşündü. İkinci qapıya yönəldi. Bu ikinci qapı, əslində qapı deyil, divarda qapı kimi açılmış bir girəcək idi. Nə isə, hər iki qapı qəbristanın içərisinə görə bir az yüksəkdə olduğundan bütün qəbirlərə müsəllət durumda idilər.
- Görəsən bu məmurlar məni izləməyələr içəridə?!
Yeriyə-yeriyə qırmızı qərənfilləri çantasına yerləşdirməyə çalışdı. Gülab şüşəsini taksidə ikən yerləşdirmişdi.
- Bura bax ey, niyə bunları gizlədirəm? Bilmirəm, heç özüm də bilmirəm. Qəbir üstə gedən adamın əlində elə belə şeylər olar da. Nəyimə şəkk eləyəcəklər? Başımı salıb aşağı saymaz-saymaz qabaqlarından sovuşacağam.
- Saat çənde xanom? (farscadır: Saat neçədir xanım?) - məmurlardan birisi şitlənə-şitlənə soruşduqda diksindi. Özünü qıvraq ələ aldı. Qondarma təəssüflə sol əlini tərpədib - saatım yoxdur - dedi.
Başını dik tutub həmişə gəldiyi qəbiristan imiş kimi, arxayın addımlarını məmurların gözünə çəkmək istədi. Nə üçün gəldiyini bir daha xatırladıqda arxayın addımları daha qayımlandı.
Girəcəyin üç aralı pilləkənini enirkən içində bir çeşid qürur, bir çeşid ənginlik duydu:
- Anamın ilk sevdası bax, burda yatıb. Bu qəbiristan tarix kimi bir şeyə dönüb. Elə ziyarətinə gəldiyim bu qəbir də tarixdir da, amma tarixin danılmış dilimi. Belə də şey olar? Dünyanın harasında qəbir ziyarətinə gizlin gedərlər?
***
Qəbir daşlarının yazılarını oxuya-oxuya üzünü elə çevirdi ki, qapıda duran məmurları da rahatcasına görə bilsin. Bir az o yana, bir az bu yana irəliləyib göz dolandırdı.
- Hə, odur ha, orda dövrəsinə yaşıl bez çəkilmiş bir qəbir var.
Yaxınlaşdı. Yox, bu deyil, bu da deyil, burda da yox. Neçənci dönə daş binanın qabağına qayıdıb başdan başladı. On sirəm... on iki sirəm... on beş...
- Bu yaxınlardasan, bilirəm... Sənə anamın vərindən bir cüt qırmızı qərənfillə qızılgül ətri gətirmişəm. Di qaldır başıvı, bir tərəfdən, məni səslə! Mən sevgilivin qızıyam... Sevgilivin.
Bundan öncə qəbristandan xoflandığına gülümsədi özünə bir daha.
- Mənə bax ey, niyə xoflanırmışam? Burda nə var ki?! İndi necə də qorxmuram, necə də rahat-rahat dolanıram qəbirlərin arasında. Demə, dünyanın ən gözəl yeri elə qəbiristan imiş.
Bir daha başdan başladı, bir daha, bir daha... Axırda, verilən nişanlardan vaz keçib, başladı birbəbir qəbirlərin yazısını oxumağa. Bu yox, bu yox. Bu da yox, heç biri. Heç biri...
- Amma burdasan, bilirəm. Bax, elə bu torpağın altında. İndi səksən yeddi yaşın olmalıdır. Düz altmış il o gündən keçir. Nə olur, qalx bir tərəfdən ayağa, şax-şax de ki, mən diriyəm və hələ də iyirmi yeddi yaşındayam.
Qəbir sirrə çıxıb yerə girmişdi sanki. Qəbiristan səssiz bir unudulmuşluq nənnisində başını daş balışlara atıb yatmışdı.
- Edam olunduğun səhərin axşamından hamamlanıb hazırlanmışsan, anam deyirdi. Qara pencək-şalvarını geyinib qırmızı papyon taxmışsan. Sol döşün üstə bir qanad qırmızı qərənfil sancmışsan. Gəlib səni səhərin ala toran gözündə dustaqdan aparıblar Gülüstan Bağının qabağına. Elə şəstli-bəstli, elə dik-dik gedirmişsən ki! Gərdək otağına hazırlaşan bəy kimi gedirmişsən. Qürurun, utancının altında şinliyini ört-basdır eləyən bəy kimi... eləsinə gedirmişsən dar ağacına... adıvı qızıma götürmüşəm, Firudin! Firudin! Firudiiiin... Özüvü göstər mənə. Səsin bir yannan gəlsin! Adıvı qızıma götürmüşəm heeey... Eşit bunu, Firudiiiin!
***
- Tapa bilməsən, Müseyib adlı qəbirqazan var, elə qəbiristanın keşikxanasında oturar, ondan soruş. Amma o da hər adama deməz, - demişdi, qəbrin adresini verən tanış.
- Firudinin qəbri hardadır, əmi?
- Firudin? Tanımıram.
- Firudin İbrahimini deyirəm. Köhnə qəbirdir, altmış il bundan qabağın qəbri.
- Tanımıram dedim, qızım...
- Altmış ildir onu axtarıram, əmi. Nəm-nişanın burda veriblər mənə. Nişanlısıyam, - demək istədi Müseyib əmiyə. Deyəsən dedi də. Müseyib əmi gözlərini qıyıb altdan-yuxarı süzdü onu.
Qız dönüb uc-bucağını güclə təxmin edə bildiyi qəbiristanda avara baxışlarını sahmana salmağa çalışdı.
- Nişanlısıyam?! - bu sözdən özü də diksinmişdi. - Haradan gəldi ağlıma bu söz? Mən hara, altmış il bundan öncə asılan Firudin hara?.. özü də anamın nişanlısı.
Sonsuz qəbirlərin arasında gicəlib qalmışdı. Yarpaq kimi əsirdi, payız budağından asılmış yarpaq kimi. Çantasını açıb baxdı.
- Pay gətirmişəm ey sənə, sənə sevgi, analıq, qadınlıq, bacılıq gətirmişəm. Necə qaytarım bunları bir də özümnən?! - Əlini boğazının altına sürtdü, - boğuluram. Niyə burda durmuşam? Asılmış Firudinin sallaq ayaqlarının altında durmuşam?
Baş örtüsünün düyününü boğazının altında boşaltdı. Başının üstündə edam kəndirlərinin ilgəkləri ləngərlənirdi.
Sərilib torpağa ovuc-ovuc başına sovurmağa başladı, hıçqıra-hıçqıra dedi:
- Gərək sovuram, bu torpağı gərək başıma sovuram... Gedirəm saat qabağına... Saat qabağına...
Əli gedib çantasının içindəki qərənfilləri sıxıb əzdi. Gülab şüşəsini çıxarıb çırpdı qabağındakı qəbir daşına. Bir daha qəbirlərin yazısına göz gəzdirdi. Canı soyuq tərdən gizildəyirdi:
- Qəbri yoxa çıxarmış olsalar, necə eləyim?
Başını yığdı çiyinlərinin arasına. Titrədi. Dünya boyda bir düyün içində pırtlaşıq düşmüşdü. Sıxılmadığı torpağı təpdi ağzına. Qabağındakı qəbrin başında oturub, üzünü söykədi daşa:
- Həmin bu daşın altındasan, hə? Bu daşın altındasan, bilirəm. Nə fərqi var? Bu torpağın, ya altında, ya üstündə gəzirsən. Mənim kimi. Hamı kimi. Elə bu qəbirlərin hamısının altında sən yatıbsan.
Ağzı qupquru idi. Ağzındakı torpağın dadı, ölü dadı idi. Başladı qaçmağa. Məşrutə xiyabanına doğru qaçdı. Əynində bir gözünə gəlinlik donu var idi, bir gözünə qıvrıq çinli kəfən. Maşınları, maşınların tüstüsünü basa-basa xiyabanın o biri əlinə adladı. Budaqlardan qopmamış yarpaqlar lam-lam dayanmışdı. Külək əsmirdi. Hava gərgin idi. Canını qırmızı bir əsinti titrədirdi. Bir maşın təmirçisi qabağında təmirçi kişiyə "Firudin sənsənmi?" deyə bağırdı.
Ayaqlarını yerə çırpıb, başını dükanların içinə uzadıb bağırırdı:
"- Mən gəlinəmmm... Firudinin gəlini. Firudin ölməyib..."
Gülüstan Bağının qabağında idi. Nəfəsi çiynindən çıxırdı. Xiyabanın o biri əlindən gedən taksiyə əl qaldırdı:
- İmamiyyə qəbiristanı...
Təqdim etdi: Əli Çağla
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
