On iki yolçu (Hekayə) - Günel NATİQ

 

"Tarixdə bir gün: Vətən müharibəsinin 3-cü günündə Naxçıvandan Qarabağa on iki nəfərlik bir qrup yola düşdü. Bu günü çoxdan gözləyirdilər. Vətən də onları..."

- "Şuşanın dağları, başı dumanlı..." - gizir Əlövsət asta səslə zümzümə etdi. - Görəsən, indi də o dağlarda duman gəzir?

- Şuşanın dağları çox vaxt dumanlı olur, - mayor Danyeri dilləndi. - Çünki o dağlar dumanı özünə saxlayır... Naxçıvan dağlarının dumanı gün çıxan kimi dağılır...

- Şuşada olmusunuz?

- Hə, olmuşam, - mayor yaylığını çıxarıb alnını sildi. - "Üzündə illərin yorğunluğu var", - Əlövsət düşündü.

- Mənim başım hərlənir, - gənc əsgər Səid Atabəyli dilləndi. - Elə bil hava azlıq edir.

- Təyyarə qalxanda olur, - kapitan Nadir Hüsülü sakit səslə dedi. - Keçəcək.

Gənc əsgər yaxasının bir-iki düyməsini açıb dərindən nəfəs aldı.

- Sizdə də belə olur?

- Bizim təzyiqimiz döyüşdə qalxır, oğul, - kapitanın üzündə yarımçıq təbəssüm oynadı. - Təyyarə nədir ki...

- Bilmirəm, belələrini niyə müharibəyə göndərirlər, - çavuş İsa Cəyirli öz-özünə deyindi, - ağciyərlərin yeri deyil ora.

- Sən, deyəsən, əsgərliyini yeni çəkməyə gəlmisən, - Əlövsət üzünü gənc əsgərə tutdu.

- Hə, mən aran rayondanam. Naxçıvana düşmüşəm. Sonra da xahiş etdim, məni cəbhəyə yazdılar. Amma... evdəkilər bilmir. Onsuz da inanmazdılar. Anam həmişə deyir ki, "Səid tülküdən də qorxur."

- Tülküdən bilmirəm, amma təyyarədən qorxursan, - Əlövsət güldü.

- Mən döyüşüb göstərəcəm ki, qorxaq deyiləm!

- Elə bil kinoya çəkilməyə gəlib, - İsa Cəyirli öz-özünə deyindi.

- Təcrübəsizlik qorxaqlıq deyil, - mayor Danyeri araya girdi. - Birinci müharibədə belə bir əsgər vardı. Uşaqlar sataşırdı ona. Döyüşdə yaralını çıxardı. Sonra silahını unutduğunu görüb geri qayıtdı. "Getmə" dedilər. Dayandı... dönüb əlini yellədi... və o anda tüstü içində yox oldu.

Sükut çökdü.

- O vaxt Xocalıda da belə hadisə olub, - leytenant Daşqın Qalalı dedi.

- Orada olmusunuz? - biri soruşdu.

- Leytenant Qalalı 33 yaşındadır. 1992-ci ildə Xocalıda necə ola bilərdi? - İsa Cəyirli əsəbiləşdi, - düşüncəsiz suallar verirsiniz.

- Siz hardansınız, leytenant?

- Bakıdanam, - leytenant Qalalı dedi və hiss edilmədən yumruğunu düyünlədi.

"Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə leytenant Daşqın Qalalı şəhid oldu. Yaralı əsgəri kürəyində çıxararkən snayper gülləsinə tuş gəldi".

- Mən udduğum torpağın qoxusunu çoxdan unutmuşam, - kapitan Hüsülü astaca dedi.

- Kapitan Hüsülü, siz Qarabağdansınız, eləmi? - əsgər Fərid soruşdu.

- Bəli... uşaqlığım Şuşada keçib. Dağların ətəyində, o köhnə döngələrdə.

- Sonra?

- Sonra duman bizi aldatdı. Elə bildik, çəkiləcək... çəkilmədi. Şuşanı da itirdim, qoxusunu da. İndi ora döyüşməyə yox, itirdiyim qoxunu tapmağa gedirəm.

Araya sükut çökdü. Yalnız mühərrikin uğultusu eşidilirdi.

- Səbrim çatmır, bir an öncə Qarabağa çatıb düşmənin başını əzmək istəyirəm, - gizir İsa Cəyirli dişlərini sıxaraq söylədi. - Tovuz döyüşlərində ən yaxın dostumu itirdim, qisas bu günəymiş.

Yanındakı əsgər onun titrək əllərinə baxıb: "Döyüşdə kontuziya alıb", - deyə düşündü.

- Yadındadır, Qorqud, nəğmə dərsində necə oxuyurduq? - baş çavuş Aqilin dərdi təzələndi: - "Cənnətim Qarabağ... Nəğmələr gülüstanısan, sevgi dastanısan..."

- Sən canın, oxuma, qoy qarabağlı balası oxusun, - gizir Qorqud dilləndi və metal təkərləri şaqqıldayan servis arabasını sürən stüardessaya səsləndi, - Mənə qara çay verin.

Hərbi həkim Mərdanlı paket çayı açan Qorqudun soyulmuş qoluna baxıb qaşlarını çatdı:

- Qolların nə yaman yanıb. Ciddi yaradır.

- Keçib-gedib, - Qorqud laqeyd dilləndi. - Pis adama heç nə olmur.

- Şərurda evlərin birində yanğın olmuşdu, bu oğlan iki uşağı yanğından çıxarıb, - baş çavuş Aqil dedi. - Özü tüstüdən zəhərlənib, on gün komada qaldı...

- Uşaqlar ağlayırdı, ona görə çıxardım, - Qorqud çayını qurtumladı. - Elə də qeyri-adi iş deyil.

Peçenyedən bir dişlək alıb əlavə etdi:

- Aqil, danışma, oxu. Bəlkə son oxumağındır...

"...Füzuli istiqamətində gedən toqquşmalarda Qorqud Pirili və Aqil Dadaşlı şəhid oldu. Son güllələrini yaralı silahdaşlarına sipər edərək atdılar".

- Hər şey Allahın əlindədir. Allah istəsə, bu təyyarə indi yerə çırpılar, - bir oturacaq qabaqda əyləşmiş Tanrıverdi dedi.

Təyyarə silkələndi. Səidin rəngi qaçdı.

- Dağın üstündən keçirik, hava oynadı, - bayaqdan kapitan ilə döyüş taktikasından danışan mayorun sanki söhbəti də ləngər vurub istiqamətini dəyişdi.

- Çətini dağlar bitənə qədərdir... - leytenant Daşqın Hüsülü pıçıldadı. - Dağlar bitəndə də dərd bitmir. Amma öyrəşirsən.

- Təhlükəsizlik kəmərlərinizi bağlayın, kəskin hava boşluğu zonasına daxil oluruq.

Pilotun sözü bitməmiş təyyarə qəfil aşağı endi. Səid ayağa qalxıb stülyara sarıldı.

- Mənim nəfəsim çatmır...

- Otur yerinə! - mayor Danyeri sərt səslə dedi. - Ayaqda qalmaq daha təhlükəlidir!

- Heç kim yerindən qalxmasın! Sol tərəfdə təzyiq kəskin dəyişir... - pilotun təlaşlı səsi gəldi.

Təyyarə yenə boşluğa düşdü. Bir neçə saniyə sonra pilot sakitləşdi:

- Təhlükə sovuşdu, kəmərlər bağlı qalsın.

Səid dərindən nəfəs aldı, Tanrıverdi əlini göyə qaldırdı.

- Müharibəyə gedirsiniz, təyyarə qəzasından qorxursunuz? - İsa Cəyirli ortaya söz atdı. - Ölümə gedirsiniz, kurorta yox.

- Məgər müharibədə hamı ölür? - Səid astadan soruşdu.

- Kapitan Hüsülü əvvəlki müharibədən sağ çıxıb, - Əlövsət kapitan tərəfə işarə etdi - Deməli, hamı ölmür.

- Sağ qaldıq deyə günahkarıq? - kapitanın səsi boğuldu.

- Mən belə demədim.

- Yox, düz dedin... Ölmədiyim üçün günahkaram. O torpaqda ölməliydim. Ölə bilmək də bir şərəfdir...

- Sakit ol, dostum... Ölmək üçün hələ vaxt var, - mayor Danyeri dedi. - Daşlı döyüşündə bizim sağ qalmağımız günah deyil.

- Daşlı döyüşü? O döyüşə ən cəsur döyüşçülər qatılmışdı... hamısı da könüllü. - Əlövsət dilləndi.

Mayor Danyerinin səsi ağırlaşmışdı:

- Biz Xanlıq tərəfdə gedirdik, mövqelər qarışmışdı. Duman çökürdü, bir adamı iki metr uzaqdan seçmək olmurdu.

Əllərini bir-birinə sıxdı.

- Bölüyümüzdən 18 nəfər idik. Axırıncı dəfə düzülüşdə gördüm hamısını. Sonra atəş başladı. Biz sağa sürüşdük, mövqeyimizi dəyişdik. Bu zaman mərmi düşdü - yadıma gəlir, torpaq da, göy də birdən-birə qapqara oldu. O toz-duman çəkiləndə bircə Nadiri gördüm. Yara almışdı. Sağ ayağı... tamam qan içindəydi.

Səsi titrədi.

- Onu çiynimə aldım. 50 metr sürüdüm. Birdən elə bir partlayış oldu ki, qulaqlarım kar oldu, heç nə eşitmirdim, amma hiss edirdim ki, torpaq üstümə yağır...

Mayor dodağını dişlədi.

- Gözümüzü hospitalda açdıq... - mayorun səsi bir anlıq boğuldu, elə bil sözlər boynuna dolandı. - Nadir ayağını itirmişdi... mənim isə qəlpə ürəyimin yanından bir millimetr aralı keçmişdi.

Mayor susdu. Təyyarənin mühərriklərinin uğultusu içində Əlövsət kapitanın əl ağacının səsini eşitdi - metalın yerə çox yüngül toxunuşunu.

- Mən elə demədim, kapitan, - Əlövsət aram-aram, sanki sözləri diqqətlə seçərək dedi. - Bu vəziyyətdə döyüşə qatılmaq özü qəhrəmanlıqdır.

Sol tərəfdə, pəncərə kənarında əyləşən əsgər asta-asta dirsəyi ilə yanındakına toxundu.

- Yadımdadır... - dedi. - O mayor var ha... gicgahında qəlpə qalmışdı. O partlayışdan sonra tez-tez huşunu itirirdi... Hətta özünə qəsd etmişdi...

"Ağır artilleriya atəşi zamanı mayor Danyeri və kapitan Hüsülü geri çəkilmə əmrinə baxmayaraq yaralı əsgərləri tərk etmədilər. Mövqe düşmənlə birlikdə partladıldı..."

Səid telefonunu çıxardı.

- Anam məndən nigaran qalacaq. Ona yazmalıyam ki...

- Bəsdir, ana uşağı, - İsa Cəyirli əsəbiləşdi. - Vuruşmağa gedirsən, yoxsa uşaq bağçasına?

- Yox, mən qorxmuram. Sadəcə anam nigaran qalmasın deyə...

- Ananı da özünlə aparsaydın...

- Mən qorxaq deyiləm. Sizə sübut edəcəyəm!

Səid çantasını yuxarıdan götürüb açdı, içindəki paltarları kənara atdı, köhnə bir şərf çıxardı.

- Bu, qardaşımın son yadigarıdır. Ağdərədən döyüş yoldaşı gətirmişdi. Qanlı şərfi... O ölən gün bu şərf boynunda olub. Onda anam onu yayda da, qışda da boynundan açmadı. Qan ləkəsini sığalladı, oxşadı. Qardaşım... anamın yeganə oğluydu...

- Bəs sən?

- Mən....

"On iki nəfərlik qrupdan beş nəfər də şəhidlik zirvəsinə yüksəlib. Sağ qalanlar geri çəkilmədən Şuşa istiqamətində irəliləyiblər".

- Mən anamın doğma oğlu deyiləm... - Səid gözlərini yumdu, o gecənin qoxusu yenidən burnuna doldu. - Mən altı yaşında idim... həyətimizdə mina partladı. Bizim ev külə döndü, ailəmdən məndən başqa heç kim sağ qalmadı. Oğlu şəhid olan Nazilə xala özünü təhlükəyə atıb məni yanğının içindən çıxardı, evinə apardı. Mən dinib-danışmırdım. Həkimlər deyirdi ki, ağır travma alıb, bəlkə də heç danışa bilmədi. Nazilə anam gecələr işığı söndürmürdü. "Qorxma", - deyirdi, - "Mən varam". Bir də gördüm, danışa bilirəm. Dedi ki, Allah oğlumu aldı, amma qarşıma səni çıxardı...

İsa Cəyirli gicgahını ovuşdurdu. Mayorun baxışlarında dərin bir çat yaranmışdı.

- Şəhid anasının gözlərinə baxaraq böyüyən adamam mən, - Səid dodaqlarını sıxdı. - Mən qorxaq ola bilərəm?

- Yox, - Əlövsətin üzü ilk dəfə ciddiləşdi, - sən qorxaq deyilsən. Bu ağrının içindən doğulan adam heç vaxt qorxaq ola bilməz.

- Bu xalqın bağrında nə qədər faciələr yatır, - leytenant Qalalı üzünü pəncərəyə tutdu.

- Hə, ağrılı hadisədir, gözyaşardacaq qədər, - çavuş Babagil leytenantın gözünün yaşarmasına işarə etdi.

- Mənim gözlərim sulanır. Arvad deyilik ki, hər ölüm xəbərinə ağlayaq, - leytenant üzünü yana tutdu.

- Kişilər ağlamadığını deyən adam faciənin nə olduğunu bilmir, - Babagil israrla dedi.

- Demək, faciənin nə olduğunu bilmirəm... - leytenantın səsi titrədi. - Bayaq dediniz ki... 1992-də Xocalıda necə ola bilərdim...

Hamı ona tərəf çevrildi.

- Mən... orada olmuşam. O gecədən sağ qalan uşaqlardan biriyəm. Məni qarın altından çıxarmışdılar... Atam da... anam da... o gecə güllələndi.

Təyyarənin uğultusu ürək döyüntülərini səssizliyə boğmuşdu.

Leytenant davam etdi:

- Siz deyirsiniz, hər kəs öz torpağının qoxusunu tanıyır... Mən tanımıram. Mən yaddaşımı itirmişəm. Düşməndən bunun intiqamını almağa gedirəm. Bəlkə onda itirdiyim adamı - özümü taparam...

- Bu dəfə udmalıyıq, başqa yolu yoxdur. 20 ilin ağrılarını ancaq bu cür ovuda bilərik, - mayor Danyeri sükutu pozdu.

Təyyarə eniş edəndə Səid mayora yaxınlaşdı. Dərindən nəfəs aldı, elə bil özünü deyəcəyi sözə hazırlayırdı:

- Mayor, necə deyim, bilmirəm... Amma mən geri dönməliyəm. Anam üçün geri dönməliyəm. Əgər o məni də itirsə, yaşaya bilməz.

Mayorun dodaqlarında anlaşılmaz təbəssüm göründü, "kinayə edir", deyə Səid ani düşündü.

- Biz hamımız intiqam almağa gəlmişik, oğul, -  yurdlarımızın, dostlarımızın, gəncliyimizin, ağrılarımızın, xatirələrimizin intiqamını. Səni o, şüuraltı olaraq öz oğlunun intiqamı kimi böyüdüb. Bu sənin yükündür, sən geri qayıda bilməzsən.

"Naxçıvandan Qarabağa yola düşən qrupun qalan üç döyüşçüsü Şuşa uğrunda qəhrəmancasına vuruşub: ikisi şəhid olub, biri ağır yaralı xilas edilib. On iki nəfərin hamısı Vətən ordeni ilə təltif olunub".

Jurnalist məqalənin son nöqtəsini qoyub qarşısındakı adama baxdı:

- Siz Naxçıvandan yola çıxan həmin qrupdan yeganə sağ qalan döyüşçüsünüz. Həm də ən gənc və ən təcrübəsiz. Bəs heç qorxmadınız?

Adam astaca köynəyinin altından qanı qurumuş şərfi çıxarıb masanın üstünə qoydu. Barmağı ilə qan ləkəsinə toxundu.

- Mən şəhid anasının böyütdüyü əsgərəm. Mən qorxa bilməzdim...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!