Fasilələrlə otuz il ərzində üzərində işlədiyim bu adda dastanı axır ki, bitirdim. Dastanın Giriş sözünü "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm.
ANAR
Söz başı
Aşıq deyir:
Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım, döndü közə.
Keçən sözü çəkmə üzə,
Keçən keçdi, olan oldu.
Bəzən bayatılarımızda, qoşmalarımızda, gəraylılarımızda ilk sətrlə son misralar arasında uyğunsuzluq, rabitəsizlik sezilir, beytlər elə bil bir-biriylə heç cür uzlaşmır. Sanki birinci cümlələrdə musiqi aləti köklənir ki, sonrakı misralarda melodiyanı xaric xal vurmadan çalsın. Doğrudanmı, birinci sətrlərlə sonuncuların heç bir məntiqi əlaqəsi, duyğu bağlantısı yoxdur? Burda gətirdiyim gəraylının ilk iki misrasıyla üçüncü və dördüncü misralarını nə bağlayır?
Nə? Bir insan ömrü, yaşanılmış həyat... "Bax bu qaşa, bax bu gözə, Yandı bağrım, döndü közə" - bu sözləri yalnız gənclik atəşiylə yanan, eşq alovunda qovrulan AŞİQ (aşıq yox, aşiq) deyərdi. "Keçən sözü çəkmə üzə, Keçən keçdi, olan oldu" - bu sözlər isə çılğın istəklər, odlu ehtiraslar içində yaşanılmış bir ömrün son mənzilində, əbədi dayanacağına çata-çatda, yetə-yetdə söylənmiş, bir az qüssəli, bir az nisgilli, bir az incikli yekun sözü, müdrik və yorğun AŞIĞIN (aşiqin yox, aşığın) son etirafıdır. Keçən sözü çəkməyə, diriltməyə, qaytarmağa ehtiyac varmı? Olan olub, keçən keçib...
Bu misraları bir-birinə bağlayan qafiyələr deyil, həyatın amansız məntiqi, qaçılmaz gedişatıdır. Hecaların sayı deyil, yaşanmış illərin, günlərin sayıdır.
"Keçən günə gün çatmaz, calasan günü günə"... nə mənada çatmaz? Keçib getmiş günə tay-bərabər, onun qədər cazibəli, munis, gözəllikdə ona çatan günlərimiz daha olmayacaq - bu anlamdamı? Yaxud günləri mirvari kimi sapa düzüb keçmişə sarı uzatsan, ip ucundan tutub gerilərə dönmək istəsən, görəcəksən, bu, mümkün deyil - bu mənadamı? Yəqin ki, xalq dühası "çatmaq" sözünün hər iki anlamından yararlanaraq ikiqat çəkisi olan bir təşbeh yaradıb.
Keçən günə çatmağa qabil deyiliksə, keçmişi canlandırmaq, oyatmaq, müəyyən anlamda bir daha yaşamaq olar. Xatirələrimizdə - anılarımızda. Düşüncələrimizdə. Yuxularımızda.
Kağız üzərində!
Bu baxımdan Keçmiş həmişə bizimlədir. İçimizdədir - qəlbimizdə, beynimizdə, yaddaşımızdadır. İstədiyimiz vaxt sehrli qapını açıb İçəri dünyamıza daxil ola bilərik. Bəlkə də elə yeganə real gerçəklik də kağız üzərində əks olunmuş, həkk edilmiş, bizdən sonra baqi qalacaq (əgər qalacaqsa) gerçəklikdir. Mətnin gerçəkliyi. Vaxtın ardıcıllığına, "əvvəl-axır" istiqamətinə məhəl qoymayan, Keçmiş-İndi-Gələcək ölçülərinə sığmayan, Başlanğıcdan Sona doğru yönəlmiş hərəkət cədvəlinə tabe olmayan Mətn. Yaddaşımız - ömrümüzün xülasəsi, icmalıdır.
Ömür - Ölüm yoludur. Yer üzərində ilk addımlarımızdan, tələffüz etdiyimiz ilk sözlərimizdən üzü bəri hər istəyimiz, hər niyyətimiz, hər gözləntimiz bizi ömrün sonuna, ölümə aparan yolun müəyyən məntəqələri, mərhələləridir. Hər arzumuz Zamanın Gələcək mənziliylə bağlıdır, bu mənzillərin sonuncusu isə məzarlıqdır. Anılar, düşüncələr düzümü - Mətn bizi geriyə, ötüb keçdiyimiz mənzillərə, anlara qaytara bilir.
İtirdiyimiz insanlar, əziz sifətlər, yaşanılmış olaylar, keçdiyimiz yollar, üzdüyümüz dənizlər, dırmandığımız dağlar, gəzdiyimiz şəhərlər, gördüyümüz kəndlər, oxuduğumuz kitablar, dinlədiyimiz musiqi, aləmin rəngləri, çalarları, qoxuları, insan səsləri, pıçıltıları, iniltiləri, gülüşləri - bütün bu əlvan, hay-küylü, qaynayıb qarışan, burulub-durulan dünya kağız üzərində həkk oluna və yenidən oyana, canlana bilərmi? Bu, mümkünmüdür? Hər halda təşəbbüs imkan daxilindədir. Bu kağız, bu qələm, bu da vaxt - tünlük ömrün durmaz axarından, mühitin burulğanından qoparıb ayırdığın bir neçə ay - yay ayları - yaradıcılıq günləri, həftələri...
Son illər beynimdə hərlədiyimi, qəlbimdə becərdiyimi, qəfil yaddaş qığılcımlarını bir əlcə kağızlara yazıb saxladıqlarımı axır ki, araya-ərsəyə gətirmək istəyirəm. Pərakəndə duyğuların, dağınıq fikirlərin, pərən-pərən düşmüş anıların, dərbədər düşüncələrin əl-ayağını bir yerə yığmağa çalışıram.
Xatirələr, anılar aləminin sirli qırxıncı qapısını azacıq araladınmı, Keçmiş səmum yeli kimi üzünü qarsacaq, qəfil sel kimi alıb səni aparacaq, xilas olmaqçün saman çöpü axtaracaqsan, tapmayacaqsan, boğulacaqsan.
Gəl qınama, oğul, məni,
Xatirələr boğur məni!
Hərdən-birdən, ayda-ildə bir kərə "şairliyim tutanda" yazdığım beytdir. Nə əvvəli vardı, nə axırı. Eləcə iki misra.
İllər boyu içimdə gəzdirdiyim bu çətin, ağrılı yazını 1996-cı ilin yayında Zuğulbada başlayıram. Mənzilimin pəncərələri dənizə açılır. Bu sabah dəniz sakitdir, aram-aram nəfəs alır, ləpələr sahili nəvazişlə tumarlayır, yumşacıq-yumşacıq sığallayır. Bir azdan yüngül meh əsməyə başlayır və dəniz də, elə bil "töyşüyür". Ləpələr yorğan kimi bir-birinin üstünü örtür. Meh birdən çırpınıb qalxdığı kimi, birdən də susur, öləziyib sönür, yatır. Dəniz nəfəsini dərir, ah çəkib köksünü ötürür, yenə yorğun-arğın, tənbəl-tənbəl, yayxana-yayxana əbədi ləngərində titrəşir. Sanki hərəkət etməyə, tərpənməyə ərinir. Səhəri günorta, gündüzü axşam əvəzləyir.
Qürub çağıdır. Göydə - bulud yanğını. Fikirli buludlar didim-didimdir, səma boyu harasa yollanırlar.
Dəniz elə həmin dənizdir. Çimdiyim, üzdüyüm, haçansa, az qala, batacağım dəniz. Hərdən köksünü qabardıb həddini aşsa da, elə həmin qoca Xəzərdir. Aylı gecələrdə köpüklü dalğalarıyla dişlərini ağardan Xəzər. Küləkli havalarda dalğaları cıdır yarışına çıxmış ağzı köpüklü köhlənlər kimi sahilə, qayalara birinci çatmağa can atan Xəzər. Başqa bənzətmələr də gəlir ağlıma, Dəniz - atları cilovunu gəmirən, hövsələsiz qoşun kimi axın-axın, dalğa-dalğa sahilə - sal qala divarlarıtək alınmaz qayalara hücum çəkir, həmlə edir, təpir, qayaların yalçın sərtliyinə çırpılıb çilik-çilik olur. Elə bil qayalar da dənizə yumruq göstərir. Bu bənzətmələr mənimdir. Atamın "Dəniz nəğmələri"ndə, Xəzərlə bağlı başqa şeirlərində günün müxtəlif vaxtlarıyla, müxtəlif havalarla bağlı dürlü bənzətmələr var:
Dalğalar axıb gedir,
Üstü köpüklü.
Elə bil ağsaçlı bir qoca
Bir göy rəngli bərə çəkir.
Yaxud:
Gördüm qayada
Dənizin ləpirlərini.
Nə zamansa dəniz
burdan köçüb.
Və ya:
Qayalar da əyilib, elə bil
axtarır dənizə qərq olmuş sükutu...
"Göydə buludlar görünür, üzü çapıqlı xəyal kimi" - bu da atamındır. Bu gün mən də həmin buludlara baxıram. Həmin olmasa da, eynən, onun haçansa gördüyü kimidir bugünkü buludlar. Eynən, bugünkülərə bənzəyən qızılı-çəhrayı bulud qafilələri atamgil yaşayanda da, min il, milyon il bundan əvvəldəki kimi, belədən-belə, göyün bu üzündən o üzünə ahəstə-ahəstə süzüb gedirlər. "Karvan bulud" - yəqin bu təşbehin də neçə yüz, bəlkə neçə min il yaşı var. Buludların yaşından az, dəvə karvanlarını görən və bu təşbehi, bənzətməni icad edən insanın yaşı qədər.
Bəzən də mənə elə gəlir ki, Xəzər yaşıdımdır. Uşaqlığımın, yeniyetməlik çağımın, gəncliyimin dənizi də mənimlə birgə qocalır. Eyvandan sağa baxıram - bir az aralı "Gənclik" düşərgəsidir, ömrümün neçə xoş günüylə, dost ünsiyyəti, qızğın ədəbi mübahisələrin, Abşeron gecələrinin yaradıcılıq saatlarıyla bağlı anımlar canlanır. Daha uzaqlara baxıram - Buzovna, bağımız, atalı-analı, qohum əqrəbalı, qayğısız illərimin xatirələri püskürür. Bir az daha uzaqlarda - Mərdəkan - ilk sevgi günlərinin silinməz yaddaşı...
Uzaq gəncliyimdə yay günlərinin ən qızmar çağı çimərliklə on kilometr o başa - on kilometr bu başa - Buzovnadan Mərdəkana Zemfiragilin bağına nişanlımı görmək üçün getdiyim günlər...
İndi burdan həsrətlə, intizarla, özləmlə uzun-uzadı baxdığım nə mənim Buzovnam, nə mənim Mərdəkanım, nə mənim "Gəncliyimdir". Vaxt - illərimin arasına ən sərt dövlət sərhədlərindən daha keçilməz çəpər çəkib... Anamın şeiri yadıma düşür:
Unutmaq istəyirəm
acı-şirin xatirələri,
dənizin səsi gəlir,
Unutmaq istəyirəm
Sahildə şirin yuxular kimi keçən
həzin axşamları,
günəşli səhəri.
Unutmaq istəyirəm
yandırıb-yaxan xatirələri,
dənizin səsi gəlir...
***
İlk variantda adı "Əsrim, əslim, nəslim" olan bu yazımın janrını təyin etməkdə çətinlik çəkirəm. Janr təyini kimi "Anılar, sənədlər, düşüncələr", "Üç əsrin ailə dastanı" əlbəttə, şərtidir. Amma hər halda məqbuldur, çünki yazının mahiyyətini əks etdirir. Ona görə Anılar (Xatirələr) deyirəm ki, keçən dövrlər, illər, olanlar yada salınır. Amma bu, yalnız mənim ömrümün xatirələri deyil, anamın, atamın söhbətlərindən dinlədiyim, yaxud yazılarında qeyd olunmuş anılarıdır. Amma bu, sırf onların xatirələri də deyil, çünki nə Rəsul Rza, nə Nigar Rəfibəyli bitkin xatirələr yazmayıblar. Ayrı-ayrı vaxtlarda, müxtəlif münasibətlərlə yaşadıqları çeşidli illər, dövrlər, tanıdıqları şəxsiyyətlər haqqında qeydləri qələmə alıblar. Şeirlərində ömürlərinin müəyyən məqamları, görüşdükləri, ünsiyyətdə olduqları, dost bildikləri insanları xatırlayırlar. Daha çox şeyləri isə qələmə almadılar, amma bizlərə, övladlarına danışırdılar və bu anılar da bizim hafizələrimizdə yaşayır. Ancaq mənim məqsədim yalnız bu sistemsiz xatirə fraqmentlərini ardıcıl mətndə birləşdirmək deyil. Bu yazının bir yox, iki, üç müəllifin memuarları sayıla biləcəyinin səbəbi odur ki, mən onların - atamla anamın xatirələrini də yalnız özlərinin yazılı mətnləri, ya şifahi (yəni mənim eşitdiyim) söhbətləri əsasında bərpa etməkdən əlavə, daha bir işi də öhdəmə götürməyə cəsarət edirəm. Bütöv bir dövrü - onların mənə qədər yaşadıqları illəri, birlikdə keçirdiyimiz günləri və onlardan sonra mənim sürdüyüm ömür müddətini - üçümüzün gözüylə görmək və yozmaq istəyirəm. Odur ki, bu yazı, əsasən, üç insanın xatirələrindən - anılarından başqa, həm də üç insanın düşüncələridir. Mənim - öz doğuluşumdan qabaqkı illər haqqında düşüncələrim, onların - valideynlərimin mənim görmədiyim, fəqət görmək istədiyim illər haqqında fikirləri, təəssüratları və onların ölümlərindən sonrakı dünya haqqında düşünə biləcəkləri (əlbəttə, mənim zənnimcə, amma bu zənn onların fikirlərinə və duyğularına bələd olmağıma əsaslanır). Eyni zamanda mətnimə bacılarım - Fidanın, Təranənin, həyat yoldaşım Zemfiranın xatirələrindən parçalar da daxil edirəm. Babalarını, nənələrini yaddaşlarında yaşadan nəvələri Turalın, Ayselin, Günelin yazıları da Rəsulla Nigarın portretlərinə yeni çalarlar əlavə edir.
Bu anılarım sadəcə xatirə, memuar kimi təqdim edilməməsinin, bu düşüncələrin sadəcə esse janrına aid olmamasının və nəticə etibarilə "Üç əsrin ailə dastanı" adlandırılmasının səbəbi də budur. Üç ömrün və bu üç ömrün fonunda bir neçə nəslin, üç əsr boyu həyat yolunu, təəssüratlarını əks etdirən dastandır. Bu, nə sırf anılar, xatirələrdir, nə də sırf düşüncələr-esselər. Bu, iki janrın ünsürlərindən əmələ gələn üçüncü bir janrdır. Amma sadəcə dastan deyil, sənədli dastan, real insanlar haqqında anılar, düşüncələr dastanıdır. Məsələn, mən, tutalım, Mirzə Cəlil Məmmədquluzadəni, Hüseyn Cavidi, Cəfər Cabbarlını, Əhməd Cavadı, Mikayıl Müşfiqi görə bilməzdim. Ancaq onların canlı insani cizgilərini atamın, anamın yazılı mətnlərindən, şifahi söhbətlərindən qavradığım kimi, yaradıcılıqları, taleləri haqqında öz düşüncələrim həmin şəxsiyyətlərin bədii surətlərini bu yazıda əks etdirməyə imkan verir.
Yaxud Stalin! 15 yaşıma qədər onun dövründə yaşasam da, onu şəxsən görməmişdim (halbuki məsələn, Moskvada nümayişdə rəhbəri canlı görmək ehtimalı ola bilərdi). Amma hətta televiziya erası gəlməzdən öncə də Sovet İttifaqında bircə nəfər belə, "mən Stalini görməmişəm" deyə bilməzdi. Çünki yalnız qəzet, jurnal və kinoekranlardan deyil, idarələrdə və hətta evlərdə divarlardakı şəkillərindən də Stalin daima hamıya gözünü zilləmişdi, zəhmi qara kabus kimi hər kəsin üstünə çökmüşdü. Nazim Hikmətin ona həsr etdiyi şeirində bu fenomen çox dəqiq ifadə olunub.
Amma SSRİ əhalisinin böyük qisminin bu şəkillərə rəğbət, hörmət və hətta məhəbbət hissləriylə baxdığını da danmaq olmaz. Stalindən bəhs etmədən, onun bir neçə nəslin taleyində oynadığı roldan söz açmadan dövrümüz haqqında danışmaq mümkün deyil. Yaxud onun Azərbaycan miqyasında kopyası Mir Cəfər Bağırov. Canlı Bağırovu uşaqlığımda bircə dəfə uzaqdan-uzağa görmüşdüm. Amma atamın, başqa çağdaşlarının söhbətlərindən, yaxud bu gün açılan tarixi faktlardan, hərəkətlərinin mahiyyəti haqqında bildiklərimdən və bütün bunlar barəsində öz qənaətlərimdən, düşüncələrimdən çıxış edərək bu çox mürəkkəb təbiətli, zabitəli, zəhmli, amansız və rəhmsiz, eyni zamanda, yeri gələndə, millətinin qeyrətini çəkməyi bacaran insanın həm güclü, həm qəddar cəhətlərini təhlil etmək vacibdir...
Üzeyir bəyi uşaqlığımda bir neçə dəfə görmüşdüm. Böyük bəstəkar haqqında atamın yazılı xatirələri, anamın, başqa müasirlərinin, özəlliklə,ı Niyazinin söylədikləri yaxşı yadımdadır. "Üzeyir ömrü" filmi üzərində çalışarkən bu böyük insanı daha yaxından duya bildim, ömür yoluna daha artıq məhrəm oldum. Üzeyir bəy haqqında anılar - düşüncələr çox çətin bir dövrdə sənətkarın mürəkkəb taleyi haqqında söz deməyə imkan verir. Atamın-anamın müasirləri olan yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar, alimlər... Neçə-neçə dəyərli insanın surətləri hələ də gözlərim qarşısındadır, səsləri qulaqlarımdadır. Azərbaycanda Türkiyənin adını belə, dilə gətirmək yasaq olanda bu qardaş ölkəni Nazim Hikmətin səsiylə, nəfəsiylə duyduq. Moskvada, Bakıda böyük şairi dəfələrə dinlədim - şeirlərini, söhbətlərini, xatirələrini... Sonralar Türkiyənin başqa yazıçılarıyla, sənətçiləriylə də tanış, bəziləriylə dost oldum. Keçmiş Sovet İttifaqının bir sıra ədəbiyyat, sənət adamlarıyla əvvəllər atamgilin evində, sonralar öz evimdə, ya da Moskvada, müxtəlif şəhərlərdə ünsiyyətdə oldum.
1987-ci ildə Azərbaycan Yazıçılar təşkilatının rəhbəri seçiləndən sonra, illah da, 1988-ci ildə Qarabağ hadisələri başlanandan bəri siyasi həyatın burulğanına düşdüm, keçmiş SSRİ-nin və Azərbaycanın müxtəlif dövrlərdəki rəhbərləriylə, bir sıra başqa ölkələrin siyasətçiləri ilə görüşməli, danışmalı, bəzən mübahisə etməli oldum. Bu insanlar haqqında da, ümumən hadisələrin gərginliyi etibarilə də bir əsrə bərabər olan bu dövr haqqında xatirələrim, qənaətlərim, ağrılı düşüncələrim boldan boldur. Bütün bu hadisələrin və daha öncəki illərin olaylarını canlandırarkən, öz həyatımı, ailəmizin taleyini mərkəzə çəkməyim bizim müstəsna və əlahiddə rol oynamağımızı iddia etmək deyil. Əsla. Məsələ ondadır ki, hər bir bədii əsərin, xüsusilə, romanın (mən bu yazımı bədii əsər və məhz dastan - roman sayıram) məhvərində müəyyən surətlər, personajlar durur. Dövrün mənzərəsi onların taleyi vasitəsilə əks etdirilir. Dövrümüzü ehtiva etmək üçün personajlar seçəndə yaxşı tanıdığın, içəri dünyasına - ömür yoluna, duyğu və düşüncələrinə bələd olduğun insanları seçməyin təbiidir.
Subyektiv faktorlardan başqa obyektiv amillər də var. XX əsr Azərbaycan ziyalılarının həyat dövrləri ailəmizin müxtəlif nəsillərinin taleyində əks olunub. Zaman nəsilbənəsil ailə üzvlərimizin ömür yoluna dərindən-dərin izlər salıb. Əslimizdən, nəslimizdən söz açanda hadisələr, hətta XX əsrin hüdudlarını aşıb XIX əsrə qədər uzanır. Xanlıqlar dövrü, çar Rusiyasının Qafqazı zəbt etməsi, ulu babamız Məmmədxanın yaşadığı illərə düşür. Bayat boyundan, şahsevən tayfasından Məmmədyar oğlu Məmmədxan rus soldatlarına müqavimət göstərdiyi üçün çar hökuməti tərəfindən həbs edilir, zindana atılır və zindanda zəhərləndirilərək öldürülür.
Anam tərəfindən Rəfibəylilər nəslinin də tariximizdə önəmli yeri var. Ulu babam Ələkbər bəy Rəfibəyli - Azərbaycanın ilk siyasi partiyası - Difai partiyasının Gəncədə qurucusu, partiyanın fəxri sədri və nüfuzlu el ağsaqqalı olub. Onun oğlu, anamın atası Xudadat bəy - müstəqil Azərbaycanın ilk səhiyyə naziri, daha sonra Gəncə quberniyasının general-qubernatoru vəzifələrini daşıyıb. 1920-ci ilin aprelində bolşeviklər hakimiyyəti ələ keçirəndə həmin ilin mayında Gəncə üsyanının təşkilatçılığında ittiham olunaraq həbs edilir. Erməni "şahidlərin" ifadələri, erməni müstəntiqin apardığı iş nəticəsində, erməni hakimin çıxardığı hökm əsasında güllələnir.
20-ci illərin təhsil dövrü, 30-cu illərin ədəbi həyatı, məşum 37-ci ilin itkiləri, Vətən müharibəsinin təhlükələri və çətinlikləri, 45-ci ilin Cənubi Azərbaycan fərəhi və ümidləri, 46-cı ilin Cənubi Azərbaycan faciəsi, 40-cı illərin sürgün qorxusu, Stalinin ölümü və ona inamın darmadağın olması, Xruşşovun hökmranlığı və süqutu, Brejnev dövrünün durğunluğu - bütün bu tarixi mərhələlər atamın, anamın ömür yollarına damğasını basmış hadisələrdir. 81-ci ildə yüz gün içində bir-birinin ardınca vəfat etmiş valideynlərimdən sonra cərəyan edən olaylar - Qarabağ qarşıdurması, 90-cı ilin Qara Yanvar müsibəti, 91-ci ildə Moskvada avqust qiyamı, SSRİ-nin dağılması, Azərbaycanın müstəqilliyini bərpa etməsi, Xocalı dəhşəti, dostlarımın həlak olduqları dikuçar qəzası, Xalq cəbhəsinin iqtidar olduğu müddət, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı - bütün bunlar gözlərim önündə baş verən hadisələrdir, onların bəzən müşahidəçisi, bəzən iştirakçısı olmuşam. Amma yaşımdan öncə olmuş hadisələr, tarixi dövrlər haqqında, şəxsiyyətlər barəsində də müəyyən düşüncələrim, qənaətlərim, çıxardığım nəticələr var və bunlar haqqında da yazmaq istəyirəm.
Bu kitab bir neçə ömrü yenidən kağız üzərində yaşatmaq təşəbbüsüdür. Bəlkə iddialı görünsə də, ölümsüzlük təmənnası, keçən keçəndən, olan olandan sonra Dünyada, Zamanın axarında, qaçıb uçan Vaxtın içində qalmaq niyyətidir. Bu yazımı bitirib sahmana sala, nəşr edə bilsəm, ömrümün yəqin ki, ən vacib, ən önəmli işini görmüş olaram.
Müsahibələrdə dönə-dönə "bu yay əsəri bitirəcəm" desəm də, yayı-yaya, ayı-aya, ili-ilə sata-sata bu yazıya başladığım gündən 30 il keçdi. Söz verdim ki, bu il mütləq bu işi bitirməliyəm. Sözümün üstündə durmalıyam.
Bu yazıyla bir vaxtda, paralel olaraq "Min beş yüz ilin oğuz şeiri" antologiyasını hazırlayırdım. Makinada klassik şairlərin əsərlərini köçürürəm. Növbə böyük Füzuliyə çatıb:
Mən kiməm? - Bir bikəsü biçarəvü - bixanıman,
Taleyim aşuftə, iqbalım nixun, bəxtim yaman.
Axşamlar yazı-pozudan yorulub mütaliə edirəm. Yenicə çapdan çıxmış "Ağaoğlular" kitabını oxuyuram. Vilayət Quliyevin tərtib etdiyi bu kitaba Əhməd bəy Ağaoğlunun "Mən kiməm?" adlı essesi də daxil edilib. Nə qəribə bir təsadüf?! Füzulinin və Əhməd bəyin "Mən kiməm?" sualıyla rastlaşdığım bir gündə bu sualı üçüncü dəfə eşidirəm. Bapbalaca, təzə-təzə dil açan bir qızcığazın dilindən. İki yaş dörd aylıq qız nəvəm Deniz mənə yanaşır və birdən soruşur:
- Mən kiməm?
- Sən mənim ceyranımsan, - deyirəm, - maralımsan, qəşəngimsən, gözəl-göyçək nəvəmsən, - deyirəm.
Dediklərimin mənasını dərk edərək məmnun-məmnun dinləyir və mən onu sınamaq üçün səsimi dəyişmədən, eyni tonda, eyni intonasiyayla:
- Meymunumsan, - deyən kimi dərhal:
- Omaz - deyir. "Omaz" - olmaz onun dilində ən qəti, ən ötkəm, təkzibedilməz "yox"dur. Yamanca hikkəli qızdır. Anası ona laylay çalır, yatızdırır, "laylay dedim yatasan, qızıl gülə batasan"... Heç də yatmaq fikrində olmayan Deniz başını qaldırıb qeyzlə: - yatmıram, qızıl gülə də batmıram, - deyir.
Ulu babalarımdan, nəslimizdən, valideynlərimdən, onların və özümün dost-tanışlarımdan, ömür boyu rastlaşdığım insanlardan bəhs edəcək bu kitaba ilk personaj kimi ailəmizin ən kiçik nümayəndəsi Denizi daxil edirəm (Bu sözbaşı yazıldığı ildə hələ ən kiçik qız nəvəm Sezen dünyaya gəlməmişdi. Daha sonra nəticələrim - Murad, Sevinc, Maya, Tural doğuldu. Yazını qələmə aldığım şəkildə saxlamaqla sonrakı cümləyə Sezenin də adını əlavə edirəm).
Bu kitabı da iki oğlan nəvəmə - Rəsula və Anara, iki qız nəvəmə - Denizə və Sezenə, bir də dörd nəticəmə - Murada, Sevincə, Mayaya, bir yaşlı Turala ithaf edirəm.
Nəvə, nəticə, kötücə, iticə, yadıca... Soyadımızın kökü Məmmədxandan başlasaq - onun oğlu Mahmud ağa, nəvəsi Məmməd ağa, nəticəsi Mirzə İbrahim, kötücəsi Rəsul Rza, iticəsi - mən, yadıcası - oğlum Turaldır. Ondan sonrakı törəmələrin ulu babayla varislik, xələflik münasibətini bildirən söz yoxdur dilimizdə. Amma mən nəslimin, ulu babalarımın iticəsi (itmək, uzaqlaşmaq, unutmaq anlamında) olmadığım kimi, nəvələrimin də əcdadlarının xatirələrinə yadlaşmalarını, yadırğamalarını, yadıca olmalarını istəmirəm. Bu kitabın bir məqsədi də budur.
Ömürlərinin əsas və yetkin çağı XXI yüzilliyə düşəcək gələcəyin insanlarına, o sıradan nəvələrimə, nəticələrimə Keçmişdən, mənim bu gün izləyə bildiyim kökləri uzaqlara gedib çıxan soyumuzdan, əcdadlarımızın əzab-əziyyətli talelərindən, valideynlərim Rəsul Rzanın və Nigar Rəfibəylinin keşməkeşli həyatlarından və nəhayət, mənim öz ömrümdən, çağdaş yaxınlarımdan və yaxın çağdaşlarımdan - söz açaraq əsrləri-nəsilləri bir-birinə bağlamağa, calamağa çalışıram...
Kitabımın bir üslub, dil özəlliyini də qeyd etmək istəyirəm. "İlk söz"ü aşıq şeiriylə başladığım kimi, sonda başqa bir aşığın ifadəsinə müraciət edirəm.
"Vaxtın yox zamanında". Vaxtın, zamanın dəqiq ardıcıllığı olmadığı üçün xatirələrin pərakəndəliyinə uyğun mənim də bir "vaxt dağınıqlığım" var - yəni, hadisələr "vaxtın yox zamanında" cərəyan edir.
...Və bir də böyük Füzulinin, hörmətli Əhməd bəyin və balaca Denizin sualını özümə şamil edərək cavab axtarıram: Mən kiməm?
Bu suala isə əslimdən-nəslimdən, babalarımdan söz açmadan cavab vermək çətindir.
1996-cı ilin iyun, iyul, avqust, sentyabr ayları
1998-ci il yanvar, fevral
2016-cı ilin sentyabr, oktyabr ayları
2025-2026-cı ilin əlavələriylə
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
