"Gəlmə" silsiləsindən
Obaşdandı, üfüqdə günəş hələ boy verməyib.
Şəhər indi-indi oyanır, uzaqdan zəif həniri gəlir.
Baltik dənizinin ləpələri elə bil yuxudan kal durub - sahilə candərdi sürünür. Bala ördəklər də analarının arxasınca mürgülü-mürgülü üzür. Bayaq işə tələsən qonşu qadın da uşağını beləcə yuxulu aparırdı bağçaya.
Mənimsə yuxulu yorğunluğum yox, ayıq süstlüyüm var. Oyağam!
Oyaq olan bir də səba yelidi. Soyuq nəfəsiylə oyadır quşları, dənizi, şəhəri.
***
Təhsilim başa çatıb. Üç iliydi universitetdə informasiya texnologiyalarından dərs alırdım. Bu illər tək elm öyrətmədi, həyat dərsi də keçdi mənə, həyatın hər deyəndə görünməyən üzünü göstərdi.
Açığı, imtahandan uğurla keçib oxumağa ölkə seçəndə bir qəsdim də təsəvvürümdə qurduğum qaynar bir tələbəlik yaşamaq idi. Yox, gileylənmirəm. Elə-belə, öz aramızda deyirəm. Avropanın ən məşhur universitetlərindən birində təhsil, pəncərəsində hər səhər dənizdə günəşi doğan tələbə otağı, balaca, sakit şəhər, həftəsonları gecə barında yaxşı pula saat hesabı iş, qısa tətillərdə Avropanın tanış tələbələr oxuyan ölkələrinə səyahətlər. Daha nə olmalı idi ki!
Hər şey birinci kursun ilk ayından başladı. Bir gün bizə yaşlı bir professor mühazirə oxudu. Onunla tanış olduğum günü dünyaya baxışımın yeni başlanğıc anı hesab edirəm.
Onu universitetin həyətində, dəhlizlərində bir neçə dəfə görmüşdüm. Zövqlə geyinməyi, əlindəki əsaya rəğmən şux yerişi onu başqalarından fərqləndirirdi. Bir də cənublu siması. Müəllimlərin, yuxarı kurs tələbələrinin ona xüsusi ehtiramını adi seyrçi gözüylə də görmək olurdu.
Bizə mühazirəni ingilis dilində keçirdi. Ləhcəsi açıq-aydın hiss olunsa da, adama xoş gəlirdi. Auditoriyanın diqqətini heç ağzını açmadan özünə çəkirdi. Birinci dərsimiz tanışlıqla başlamışdı. Sinfimizin yarısı gəlmə idi, xeyli tələbə Çindən, Hindistandan gəlmişdi. Fransadan, Ukraynadan da vardı. Azərbaycandan tək mən idim.
Hamıdan çox mənimlə kəlmə kəsdi. Qeyri-adi bir şey soruşmadı, niyə bu ixtisası seçdiyimi xəbər aldı, təhsili bitirib vətənə qayıdıb-qayıtmayacağımla maraqlandı.
Bir gün yenə onun dərsiydi. Səhv etmirəmsə, üçüncü mühazirəsiydi. Həmin gün dərs bitəndə mənə yaxınlaşdı. Axşam şəhər kitabxanası ilə üzbəüz "Espresso" kafesinə dəvət elədi. Təzə tanış olduğum bir qızla görüşəcəkdim, amma onun dəvətinə "yox" deyə bilmədim.
Vədələşdiyimiz vaxtda kafeyə gəldim. Pəncərənin qabağında ikinəfərlik masada əyləşmişdi.
O axşam bizim ingiliscə son söhbətimiz oldu. Ofisiant qıza iki qəhvə sifariş verib, üzünü mənə çevirib, qəribə bir təbəssümlə şirin, doğma bir dildə - "Hə, indi vətəndən danış", - dedi.
Onun azərbaycanlı olması məni əməlli-başlı çaşdırmışdı. Uzaq, yad ölkədə sənə dərs deyən bir qoca professor o qədər tələbə içində tək səni kafeyə dəvət eləyə, özü də soydaşın çıxa, təəccüblənməyib neyləyəsən! Əvvəl elə bildim Güneydəndi. Bakıdan imiş.
Bizim ilk semestrimiz onun universitetdə son dərs ili oldu.
Sonrakı illərdə məni dəfələrlə yeməyə də qonaq elədi, çaya, qəhvəyə də. Onunla görüşə min bir bəhanə ilə can atırdım, söhbətlərindən zövq alırdım. Bəzən zəng edirdim, gedib yoluxurdum. Anamın göndərdiyi sovqatdan ona da pay ayırırdım. Elə sevinirdi, elə qəribə baxırdı ki, o paya.
Tez-tez onu bir təbrizli pizzaçının yanında görürdüm. Güneyli soydaşlarla bura yığışırdılar. O axşamların məclisi uzun çəkirdi. İranda islam inqilabından sonra başlayan mühacir dalğasında xeyli adam təqibdən qaçıb bura pənah gətiribmiş. O da əlindən gələn qədər kömək edibmiş onlara. Onlar da bu yaxşılığı unutmur, hörmətini saxlayır, ehtiram bəsləyirdilər.
Söhbətlərin birində bura necə gəldiyini soruşdum. Sən demə, hələ sovet vaxtı, 1970-ci illərdə gəlibmiş. Moskvada aspiranturanı bitirib Bakı institutlarının birində dərs deyirmiş. Tələbələrlə antisovet söhbətlərinə görə işdən çıxarıbmışlar, az qala həbs edəcəkmişlər, institutun rektoru imkan verməyib.
Polşaya komsomol putyovkası ilə gedibmiş. Deyir, bir axşam Varşava pablarının birində yanakı masada oturanlar ona baxıb sovet hökumətini, rusları söyürmüşlər. Masaya yaxınlaşıb, rus yox, azərbaycanlı olduğunu deyib. Polyaklar onu pivəyə qonaq edib, söhbətə tutublar. Polşanın gizli tələbə hərəkatının fəalları ilə beləcə, təsadüfən tanış olub. Söhbətləri tutub, yaxınlaşıblar. Hər gün şəhər ekskursiyasından sonra paba gələr, onlarla görüşərmiş.
Növbəti görüşlərin birində polyaklar ölkədən qaçmaq planlarından danışırlar. Onları dinləyə-dinləyə O da həvəslənir. Bir gün tərəddüd içində dolaşır, sonra qərar verir və beləcə bərəylə Baltik dənizini keçib İsveçə xəlvəti qaçanlara qoşulur.
"Əvvəl-əvvəl mənə inanmadılar. Onlar sovetlərdən gələn hər kəsi KQB casusu sayırdılar. Görünür, ailəmin tarixçəsi mənə qarşı etimad yaratmışdı. İsveçə keçmək planı üzərində uzun müddət işləyibmişlər. Mən axır-axırda yetişibmişəm. Onlara qoşulmaq istədiyimi deyəndə əvvəl etiraz etdilər. Axırı fikrimdə qəti olduğumu görüb razılaşdılar. Dəstənin başçısı Marek hotelə qayıtmağımı məsləhət bilmədi. Özü gedib əşyalarımı yığdı, çemodanımı gətirdi. Gecə vaxtı hoteldən çemodanla çıxsaydım məni mütləq kimsə görəcək, xəbər verəcəkdi.
Həyatımı dəyişəcək qərarı, bax, beləcə verdim. O günlər qulağımda ancaq nənəmin sözləri vardı. Babamı fürsət varkən vaxtında ölkədən çıxmamaqda yamanlayırdı, "Getsəydik, nə onu həbs edib güllələyərdilər, nə də biz o ağır sürgün həyatı yaşayardıq", - deyirdi. "Qazaxıstanda atamı, anamı itirmişdim. Nənəm də öləndən sonra Bakıda bir adamım qalmamışdı. Uzaq qohumlar da çoxdan yadlaşmışdılar.
Svinoyusçe Polşanın Baltik sahilində yerləşən balaca liman şəhəriydi. Oradan İsveçin İstad limanına bərə üzürdü. Bu, kommunist düşərgəsindən azad dünyaya aparan azsaylı gizli yollardan biriydi".
Onun söhbətlərini ağ-qara retro filmlərinə baxırmış kimi, maraqla dinləyirdim.
Bir dəfə SSRİ dağılandan sonra vətənə gedib-getmədiyini xəbər aldım. Gedibmiş.
"Neçə il getməyə ürək eləmədim. Bakıda yaxın qohumum qalmamışdı. Hara, kimə gedəcəyimi bilmirdim. Uzun illərin xiffəti sonunda öz işini gördü. Getdim. Hələ də bilmirəm, düzmü elədim?!
Bilirsən, xatirəsi yaddaşında xoş qalan yerlərə gərək bir də qayıtmayasan. Bu, cavanlığında sevdiyin qızın qoca vaxtını görüb kədərə qərq olmağa bənzəyir. Yeni gördüklərin o əvvəlki xoş xatirələri siləcək, yerində səni üzən boşluq qalacaq.
Sonra anlayacaqsan ki, dəyişib yadlaşan vətən deyil, özünsən, illər uzunu yad ellərdə qalıb yadlaşan sənsən. Daha buralı deyilsən. Heç oralı da ola bilməmisən. Və beləcə qalan ömrü sənin olmayan yerdə yaşayırsan.
Bakıdan qayıdanda başa düşdüm bunları".
***
Bu söhbətdən sonra tək ona yox, ölkəmdən gəlmiş hər kəsə göz qoyurdum - uşağından böyüyünəcən. Eyni ölkədən, lap belə eyni şəhərdən olmaqla deyil - insanlar bir-birlərinə bənzəmirlər. Göydəki ulduzların sayrışması səni aldatmasın, üzdən bənzəsələr də, bir-birinin təkrarı iki ulduz tapmazsan.
Bura gələndən tək bir suala cavab axtarmışam: təhsili başa vurub vətənə qayıdımmı, ya hamının arzusunda olduğu Avropada qalım? Açığı, tanıdığım bütün tələbə dostlar kimi, mən də qalıb, gələcək həyatımı burada qurmağı düşünürdüm. Düzdü, bəzən tərəddüd edirdim. Elə bu tərəddüdlərə görə əvvəl-əvvəl qərar verməyə tələsmirdim, qarşıda neçə ilim vardı deyə. Son yaxınlaşdıqca seçim zamanı da yetişirdi.
Mənim qərara gəlməyimə O yardım elədi. Özü də bilmədən. Onu müşahidə edə-edə qəribçiliyin anatomiyasını öyrəndim. Yad ölkədə yaşamaq nə deməkdi - bildim!
"Qərib adam Tamdan qopan Zərrə kimidir. Tam milyonlarla zərrədən yarandığından bir zərrənin yoxluğunu duymur, yaddaşında xatirəsi qalmır. Zərrə isə əksinə, Tamı unutmur. Tale rüzgarı onu başqa Tama tuş etsə də, o, yeni yerə uyuşa bilmir, onun bir parçası ola bilmir, ömrü boyu kosmik fəzada uçuşan səyyarələr kimi tək dolaşır, küləyin budaqdan qoparıb uzaqlara uçurduğu yarpaq təki. Ayrılığa dözmür Zərrə, sonunda "qürbət sindromu"na tutulur. Bütün şüuru, qəlbi, ruhuyla Tama - vətənə, elə, obaya bağlı qalır. Kədərlidir, eləmi!?
Dediyim odu ki, öz Tamından ayrılma, sonra gec olur..."
Şəhər xəstəxanasında son söhbətində dedi bunları. Sayılı günləri qalmışdı. Xərçəng əridib bir dəri, bir sümük eləmişdi onu.
***
Bu gün gölün xüsusi bir hüzuru var. Suyun üzü şüşə kimi hamardı, elə sakitdi, deyirsən bəs, ləpə də yoxdu. Ləpəsiz gölmü olar?! Dəniz kimi böyük dalğaları olmur gölün, amma qağayı dimdiyi boyda ləpələri həmişə var.
Günün əyilən vaxtıdı, gölün üzünü min-min ləpə alıb. Ləpələr günəşlə təmasdadı. Hərəsi onun bir şüasını belinə alıb sahilə daşıyır. Günəş zərrələrə bölünüb gölə səpələnib. Zərrələr ləpə qucağında sevgili qoynundaymış kimi xoşbəxtdi.
Amma onların da xoşbəxtliyi uzun sürmür. Bütün xoşbəxtliklər kimi. Sahilə çatıb yox olur.
Şəhər qırağındakı bu gölə tez-tez gəlirəm, demək olar, hər həftəsonu. Bura dostlarla gün keçirmək üçün də, özünlə baş-başa qalmaq üçün də əla yerdi. O tanıdıb buranı mənə.
Yenə burdayam. Şəhər krematoriyasından gəlirəm.
Son görüşlərin birində mənə vəsiyyət elədi. Krematoriyadan külünü götürüb Bakıya gedəndə özümlə aparmağımı, Bakı bulvarında Xəzərə səpməyimi istədi. Təəccüblənmişdim. Sonrakı iki ay ərzində hər dəfə xəstəxanaya gələndə belə vəsiyyətin səbəbini soruşmaq istəsəm də, nəsə ürək eləmirdim. Özü başa düşdü. Bir gün niyə belə istədiyini söylədi:
"Bakıya gedənə qədər elə bilirdim ki, bura da, ora da mənimdir, biri vətənim, biri yurdumdu. Dönəndən sonra anladım ki, mən heç birinə məxsus deyiləm. Ailə olmayandan sonra torpağa basdırılmağın anlamı qalmır. Ziyarət eləyəni olmayacaqsa qəbir nəyə lazımdı? Xəzər qırağında doğuldum, böyüdüm, elə Xəzərə də qovuşaram beləcə.
İndiki adını bilmirəm, əvvəllər "Sadko" deyirdilər, Xəzərin içinə doğru uzanan körpünün sonunda bir kafedi. Bizim vaxtımızda sevdalanmış gənclərin bir görüş yeri də ora idi. Bacarsan, səhər gündoğan vaxtı apar. Günəş çıxanda səp məni Xəzərə".
Ağrının üzündəki izini təbəssümüylə silməyə çalışırdı bu sözləri deyəndə.
Krematoriya ilə əvvəldən danışıb ödənişi edibmiş. Mənə qalan tək iş külünü Bakıya aparmaq idi.
Krematoriyanın gözləmə salonunda şüşəli şkafda müxtəlif rəngdə çoxlu urna nümunələri vardı. Yandırılandan sonra külü qoymaq üçün xüsusi hazırlanmış qablar idi. Əksərinin üstündə xaç işarəsi, bəzilərində gül rəsmləri vardı.
"Görən o, külü üçün bunların hansını seçib?" - ağlıma ilk gələn bu oldu.
Əvvəlcə sənədimi yoxladılar. Bir qədər sonra onun külü olan qabı gətirdilər. Verdikləri sənədi imzalayıb urnanı götürdüm.
Mavi vazaya oxşayan qabın üstündə üç alov dilimi təsvir olunmuşdu. Görən kimi tanıdım, bu, Bakının simvolu idi.
Kül dolu urnanı götürüb birbaş bura, gölün qırağına gəldim. Bu gözəl ölkəylə vidalaşmağa bizim sevimli gölümüzdən yaxşı yer ağlıma gəlmədi.
Urna çantamdadı. Elə bilirəm, çiynimdəki çanta yox, onun əlidi. Durub gölə baxırıq.
Sonra gözünü göldən çəkdi, nurlu üzünə qonan təbəssümlə mənə sarı çevrilib dedi: "Gedək vətənə".
***
Bakıya dönürəm.
O da mənimlə qayıdır.
Helsinqborq, İsveç
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
