2018-ci ilin dövlətimizin və xalqımızın tarixində, taleyində əlamətdar hadisəyə təsadüf etməsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin dövlət səviyyəsində və müxtəlif qurumlar tərəfindən silsilə tədbirlərlə müşayiət olunması Cümhuriyyət yaradıcılarının həyat və yaradıcılığının daha dərindən tədqiq olunmasını gündəmə gətirir.
1919-cu il yanvar ayının 18-də Parisdə Versal Sülh Konfransının başlanması ilə əlaqədar Azərbaycan Parlamentinin nümayəndə heyəti ailəsi ilə Parisə yola düşmüş və məlum səbəblərdən bir daha Vətənə dönə bilməyən, bütün həyatını Azərbaycanın müstəqilliyi uğrunda ideoloji mücadiləyə həsr etmiş ən fəal mühacirlərdən biri Ceyhun Hacıbəylinin həyat və fəaliyyəti barədə hələ də bəzi mövzular ətrafında fikir müxtəlifliyi mövcuddur və daha dərin araşdırmalara ehtiyac duyulmaqdadır.
AMEA - nın Nizami adına Ədəbiyyat İnstitutunda bu ilin fevral ayının 7-də Ceyhun Hacıbəylinin mühacirət dövründə qələmə aldığı seçilmiş əsərlərindən ibarət kitabın ( Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası. Kitablar seriyası. Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri. Bakı, "Elm" nəşriyyatı, 2017, 368 səh. Baş redaktor akademik İsa Həbibbəyli, cildin məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlı, tərtib edəni, ön sözün və qeydlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli) möhtəşəm təqdimat mərasimi keçirildi. Kitab və müəllifin həyat və fəaliyyəti barədə xeyli çıxışlar və çox faydalı fikir mübadiləsi baş tutdu. Tədbir iştirakçıları bir daha əmin oldular ki, bəzi məqamların daha da dəqiqləşdirilməsinə lüzum vardır. Bu baxımdan, Ceyhun Hacıbəylinin bir sıra əsərlərinin tərcüməçisi kimi, onun nəvəsi Jan Kleman Hacıbəyli ilə (hazırda Vyetnamda bir fransız kollecində musiqi dərsi tədris edir- M.Ə.) son yazışmalarımdan ikisini dəyərli oxucuların nəzərinə çatdırmağı özümə borc bildim. Hər hansı bir şərhdən yan keçərək, elektron məktubun tərcüməsini olduğu kimi diqqətinizə təqdim edir və sizlərdə ola biləcək mümkün fərqli məlumatlarla müqayisə edib, hansı qənaətə gəlməyinizi, təbii ki, öz ixtiyarınıza buraxırıq.
Klemanın da qeyd etdiyi kimi, onun özünün də, ailənin həyatının bəzi mərhələləri barədə məlumatları səthi xarakter daşıyır. Onun yazdıqlarına bir əlavə də etmək, bəlkə də, yerinə düşər. Yəqin ki, bilməmiş deyilsiniz ki, Ceyhun bəyin oğlu Timuçin ikinci dəfə Paskal Buşe (Pascale Buchet) adlı qadınla 1988-ci ildə nikah bağlamış və bu izdivacdan 1990-cı ildə Benjamin adlı digər övladı da dünyaya gəlmişdir.
Beləliklə, Jan Kleman Hacıbəylinin məktubları.
Mirzəbala Əmrahov
"Əziz dostum, verdiyim sözə əməl edərək, ailəmizin həyatına aid əlimdə olan sənədləri sizə göndərirəm, sənədlərin böyük əksəriyyəti Bakıda arxivdədir, məndə bir neçə əlavə sənəd aşkarlanıb, onları da Azərbaycana növbəti səfərimdə həmin arxivə təhvil verəcəyəm.
İlk öncə, babamın həyat yoldaşı barədə bəzi təfərrüatı diqqətinizə çatdırmaq istəyirəm, onun barəsində çox az danışılır. Atam ötən əsrin 70-ci illərində Bakıda olan zaman bəzi araşdırmalar etməyə çalışsa da, bir şey əldə edə bilməyib.
Məndə onun qardaşının "Pravda"dan götürülmüş iki şəkli var, bəlkə bu sizi maraqlandıra bilər
Zəhra Hacıqasım, 30 aprel 1893-cü ildə Qubada anadan olmuşdur. Həmdulla bəylə, Kazan mənşəli Volqa tatarlarından olan Aişə xanımın qızıdır. Bakıda rus məktəbində orta təhsil almışdır. Bakı Pedaqoji Məktəbini bitirmişdir. Bir il Sankt-Petrburqda tibbi təhsil almışdır.
Zeynalabdin Tağıyevin Müsəlman Qızlar məktəbində 7 il müəllim işləmişdir. 12 noyabr 1912-ci il tarixində babamla - Ceyhun bəylə evlənmiş, ailə həyatı qurmuşdur.
Əmim Ceyhun bəy Puatye şəhərində 19 iyun 1940-cı ildə günorta saat iki radələrində bomba partlayışı nəticəsində başından aldığı yaradan həlak olmuşdur. Alman təyyarələri şimal tərəfdən hücum edərək, qardaşımın olduğu vağzalı və tunelə qədər dəmir yolunu bombardman etmişdi. Tunelin yaxınlığında atılan sonuncu bomba əmimin həlak olmasına səbəb olmuşdu, o, General Dö Latr dö Tasinyinin 14-cü piyada diviziyasında hərbi zabit məktəbinin kursantı idi. Atam kimi, o da Fransa vətəndaşı idi. Babamla nənəm isə Nansen pasportlarını saxlamışdılar və mühacir hesab olunurdular (Nansen pasportu - 1922-ci ildə Millətlər Liqasının komissarı, Norveç diplomatı Fridyof Nansenin təşəbbüsü ilə tərtib olunmuş və vətənsizləşmiş mühacirlərə verilən şəxsiyyəti təsdiq edən beynəlxalq statuslu sənəd - M.Ə.). Demək olar ki, əmim Azərbaycanda doğulub, Fransa Müqavimət hərəkatının iştirakçısı, Fransa uğrunda canını vermiş ilk əsgər idi, bundan hamı xəbərsizdir.
Sizin nəzərinizə yeni bir sənəd - babamın bu dəhşətli 1940-cı ildə baş verənləri qələmə aldığı təqvim-gündəliyi çatdırıram, mən onun üzünü hələ aydın köçürüb qurtarmamışam, çox xırda yazılıb, həddən ziyadə yorucu işdir.
Əmim 1918-ci ilin dekabr ayında Batumidə anadan olub. Bildiyimiz kimi, Parlament Ə.Topubaşovun rəhbərliyi ilə nümayəndə heyətini Parisə 1918-ci il dekabr ayının 28-də göndərmək qərarına gəlmişdi. Deyə bilmərəm, nənəm onu dünyaya gətirəndə artıq Batumidə idi, yoxsa, bu hadisə yolda baş vermişdi. Nümayəndə heyəti İstanbula 1919-cu il yanvarın 20-də gəlib çıxmışdı, onlar Parisə viza almaq üçün xeyli əziyyət çəkməli olmuşdular. Konfrans 1919-cu il yanvar ayının 18-də başlayır, Azərbaycan təmsilçiləri isə vizanı Fransaya yalnız aprelin 22-də ala bildilər. Ardını özünüz yaxşı bilirsiniz. 1920-ci ilin aprelində sovetlər Azərbaycanı işğal edirlər. Babam və nümayəndə heyətinin üzvləri Fransada qalacaq və bir daha Azərbaycana dönməyəcəklər.
Atam 1920-ci ilin mart ayının 9-da Nitsada doğulub. Babam 1925-ci ildə Parisə qayıdır. O, 1822-ci ildə yaradılmış nüfuzlu "Journal Asiatique" təsisatında işləyir. Babam şövqlə Şərq xalqlarının tarixi, fəlsəfəsi, dilləri və ədəbiyyatına aid xatirələr toplusu, məqalə və araşdırmalar yazır və onları "Societe Asiatique" (Asiya Cəmiyyəti) tərəfindən nəşr etdirir. Onun tarixi tədqiqat sahəsi 500-cü ildən indiyədək olan dövrü əhatə edir.
Dünyanın hər tərəfini və bütün konfessiyaları təmsil edən filosof, tarixçi, tədqiqatçı, etnoloq, arxeoloq və dilçilərlə əhatə olunmuş babam öz biliklərini daha da zənginləşdirir və Azərnaycanla bağlı bir sıra məqalə və kitablar yazır. Böyük Kitabxanada (Fransa Milli Kitabxanası-M.Ə.) aşağıdakı yazılarını aşkarladım: "XIX əsrin azərbaycanlı tarixçisi Abbasqulu Ağa Bakıxanov" (1925), "Azərbaycan mətbuatının tarixi" (1926), "Qarabağın Dialekti və Folkloru" (1933). Onun din, aşura, orucluq barədə dərc olunmamış yazıları da var. 1920-1940-cı illər arasındakı dövr barədə bildiklərim çox azdır. Ailə Sen-Kluda yaşamışdır. 1921-ci ildə Kaburda məzuniyyətdə olmuşlar. 1925-ci ildə Üzeyir bəyin "Arşın mal alan" operası Parisdə Femina teatrında tamaşaya qoyulmuşdur, tərcüməni babam etmişdi. Bunu özünüz yaxşı bilisiniz, həmin mövzuda Abid Tahirlinin əla bir yazısı olmuşdur.
Bununla yanaşı, babam eyni zamanda, Parisdə, Kai d'Orsedə ( Quai d'Orsay), Xarici İşlər Nazirliyinin tərcümə xidmətində işləyir, o rus mətbuatını tərcümə edir və elə bunun sayəsində qardaşı və anasının ölümündən xəbər tutur. 1920-ci illərdə ailə Parisin qərb ətrafında, Sen-Kluda yaşayır, hər iki qardaş Sen-Kluda dövlət məktəbində oxuyurlar, onlar ayrılmaz təəssürat bağışlayırlar (şəkilə bax). Əmim dərs əlaçısıdır, piano və gitarada çalır, teatr pyesləri yazır, tennislə məşğul olur. 1938-ci ildə bakalavr imtahanı verib, hüquq fakültəsinə daxil olur. Elə bu vaxt müharibə başlayır. Oğlunun ölümü babamı söndürür, nənəmi dəli olmaq dərəcəsinə gətirib çıxarır, atamın Müqavimət hərəkatına qoşulmasına babam mane olur. Bir şeyi də qeyd edim ki, babam elə Birinci Dünya müharibəsindən almanlara nifrət edirdi.
Bəzi idiotların yazdıqlarından fərqli olaraq o, İkinci Dünya müharibəsi zamanı, Rəsulzadə, Xasməmmədov və bir çox başqaları kimi, almanlarla "işləmək" zorunda olmuşdur, yəqin ki, biz bir gün bu söhbətə qayıdacağıq. Bu insanların yeganə məqsədi həmvətənlərini xilas etməkdən ibarət olmuşdur".
Dostcasına, Jan Kleman Hacıbəyli
Şəkildə: sağdan əyləşənlər Jan Kleman Hacıbəyli, Bəxtiyar Vahabzadə, Mirzəbala Əmrahov; ayaqüstə duranlar sağdan ğörüşün təşkilatçısı Ağalar İbrahimov,
Asif Rüstəmli, Ədalət Abdullayev, Abid Tahirli, Əkrəm Qaflan, Fariz Məmmədov (2006-ci il).
Jan Kleman Hacıbəyli bu məktubu AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri" kitabının təqdimat mərasiminin iştirakçılarına çatdırmağı xahiş etmişdir! Onu da diqqətinizə təqdim edirəm.
"AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri" kitabının təqdimat mərasiminin iştirakçılarına, sizə və Abid bəyə təşəkkür edir və təqdimat mərasiminə aşağıdakı sözlərimi çatdırmağınızı xahiş edirəm. Hamınıza hörmətli salam və ehtiramlarımı ünvanlayıram. Babamın əsərlərindən ibarət kitabı nəşr etdirdiyiniz üçün sizə böyük təşəkkürümü bildirirəm. Hamımızı düşündürən doğma Qarabağın dialekti və folkloru, xüsusi ilə Azərbaycan tarixi üçün hədsiz əhəmiyyət kəsb edir. Bu yazını oxuyanda 12 yaşım vardı. Babam da hələ sağ idi, indi mənə elə gəlir ki, bu, dünən olmuşdu. Ceyhun bəy Hacıbəyli Azərbaycanın müstəqilliyi uğrunda vuruşmuş, həyatını fəda etmişdir. O, bu respublikanı yaratmış qeyri-adi insanlardan biridir. Biz onları yüksək ehtiramla yad etməyə borcluyuq.
Dostcasına, Jan Kleman Hacıbəyli
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!