Hekayələr - Könül AYDIN

 

Loxma

 

Yalnız ona baxırdım. Uzaqdan möhtəşəm gördüyüm adamı yaxından müşahidə edirdim indi... Nəzərlərim diqqətlə üzündə idi. Niyə? Gözlədiyim bir şey vardı. Mənim hər gün boğazımdan keçirməyə alışdığım, buna görə də mənə həlməşik kimi görünən bu yalanlar, saxtalıqlar, göstərilər, səmimiyyətsizliklər onun üçün böyük bir tikə kimi görünməliydi, məncə... Bu yalanları, saxtalıqları, göstəriləri, səmimiyyətsizlikləri uda bilmək üçün böyük bir udqunma lazım idi, məncə... Nəzərlərim üzündə gəzirdi. O isə xörəyini yeməyə davam edirdi udqunmadan, sanki...

- Xörəyini niyə yemirsən? - qəfil bir səs diqqətimi dağıtdı. Başımı aşağı salıb yeməyə başladım. O isə xörəyini bitirib, durub getdi hava kimi, ruh kimi, kölgə kimi...

Loxmalarmı məni uddu, mənmi loxmaları, bilmədim...

 

 

Telefon söhbəti

 

Hərdən gecələr onun nömrəsini yığıb telefonunun səsini dinləyirəm. Telefonun qaranlıq boş otağa səsləndiyini duyuram sanki, otağın səssizliyini, tənhalığını yaşayıram o anlar öz içimdə. Mənə elə gəlir ki, bu zaman o, dəstəyi qaldırsa, bütün sözlərimi birnəfəsə söyləyərəm. Üzdən yüngülcə təəssüflənir, içdən gizlicə sevinirəm. Xətti qapayandan sonra, hər dəfə də otaqdakı telefon aparatı haqqında düşünməyə başlayıram.

Hərdən belə olur...

Bir dəfə zəng edib yanına çağırdı məni. Getdim. Çox söhbət elədi, amma mənim eşitmək istədiyim kəlmələrin biri də yox idi o söhbətin içində. Hal-əhval sordu, cavablarım nə oldu, bilmədim, amma hər halda telefonda söyləmək istədiklərim deyildi ki, hər şey olduğu kimi də qaldı.

Gecəyə tələsirdim...

Qəfildən telefon zəng çaldı. Səksəndim, birdən mən olaram, - deyə...

Mən deyildim. Nəfəsimi dərdim.

Ağlıma bir fikir gəldi.

- Zəng vurmaq olar?

- Əlbəttə ki. Buyurun.

Sevincək dəstəyi qaldırıb həmin nömrəni aradım.

- Du... Du... Du...

Məşğul idi.

Dərindən-dərinə təəssüfləndim, çünki fikrim qəti idi, əgər cavab versəydi, hər şeyi anladacaqdım ona...

 

 

Vicdan

 

Dörd tərəfdən boz və kəsafətli daş divarlarla əhatələnmiş uzununa dar həyətin darıxdırıcı və əyləncəsiz günlərinin biri idi. Payızdı, qışdı, yaydı, yazdı, hiss olunmurdu o həyətdə. Yaşıllıq, canlılıq deyilən heç nə yox idi çünki. Dünyadan bir məkan olmağına şübhədən çıxaran yeganə sübut da yox idi. Bircə başını qaldırıb tikanlı məftil hörgülərinin arasından görünən mavi səma bu məkanın haradasa bir yer üzündə olduğunun yeganə nişanəsi idi.

Dörd tərəfdən boz və kəsafətli daş divarlarla əhatələnmiş uzununa dar həyətin bir yaşayış məkanı olduğunu sezdirən isə uzununa sıralanıb, həyətə açılan köhnə, göy, taxta qapılar idi. Və bəzilərinin yuxarısında pərdə əvəzinə qəzet və ya köhnə parçalarla örtülən kiçicik pəncərələr... Sanki görən gözlərdən qorunurdular buranın sakinləri. O zaman altı yaşlı qızcığaz anlamırdı buranın sirlərini. Eləcə dolaşırdı bu qapıların önündə həyət uzununa. Oynayırdı, dalaşardı, tez-tez də bu qapılar sırasında ortadan bir köhnə, göy, taxta qapını itələyib qəfil girirdi, dayanmırdı, yenə çıxırdı. Axır qolundan tutulub, hədələnib bayıra atıldıqda küskün-küskün köhnə, göy, taxta qapının önündə durub boynunu burdu. Uşaqlar hələ də o yan-bu yana qaçışsalar da, bircə o, kimdənsə küsmüş kimiydi. Anlamadıqlarından...

Birdən qəfil hiss elədi ki, bir balaca qız uşağı atasının əlindən çəkə-çəkə ağlayır. Hündürboy, qara kətan köynəyi üstə salınmış, qara şalvarda olan ata qızının əlindən tutub, gəlib onun qarşısında çöməldi. Bu həyətin sakinləri kişilərdi ancaq. Həyətdə ancaq uşaqlar və kişilər görünərdi. Burada kişilər də hamısı bir-birinə bənzəyirdi, ona elə gəlirdi ki, bircə öz atası seçilir bu ataların hamısından. Bu köhnə, göy, taxta qapıların arxasında  qadınların da olmağı təsadüfən qonşu üstünə uşaqdan şikayətə gedən səsli-küylü qadınlardan bilinərdi.

Fikri yayındı, deyəsən. Hə.., ata onun qarşısında çöməldi. Amma o, hələ nə baş verdiyini anlamırdı. Ata qara kətan köynəyinin sallanmış geniş cibindən bir konfet çıxarıb ona sarı uzatdı:

- Al bu konfeti, ağzındakı saqqızı ver bu bacıya.

Təəccübləndi: "Ağzımdakı saqqızı?" Amma özünü ələ aldı, sındırmadı:

- Niyə?

- Qızım saqqız istəyir.

Utandı... Ağzında saqqız yox idi axı. Deyə bilmədi, başqa söz dedi:

- Vermirəm.

Ata xahiş etdi. O isə bilə-bilə incitdi:

- Vermirəm...

Ürəyində isə: "Kaş ki saqqızım olaydı, verəydim", - deyə təəssüflənirdi. Kədərlənirdi ağzındakı "saqqızla" balaca qızcığazı ağlatdığına, atanı aldatdığına görə. Amma nə etməliydi, ağzında artıq çürümüş rezin vardı. Utandı, deyə bilmədi. Ürəyində balaca qızcığaza da, ataya da, özünə də acıyırdı. Gözünün önündə isə atanın əlindəki konfet və ağzında limonad şüşəsinin qapağının altından çıxarıb çeynədiyi rezin parçası...

 

 

Gecikmiş cavab

 

- "Aya baxdım, ay bəyaz,

Qıza baxdım, qız bəyaz."

Eşitmisən? - deyib üzümə baxdı.

- Bəlkə də eşitmişəm, amma xatırlamıram.

Üzünü çevirib susdu. Əli qoynunda, qaranlıq gecənin çox dərinliklərinə doğru dayandı. Aya baxdım, birdən yadıma düşdü ki, bu boyda dünyanın qatı qaranlığında bir də mən varam. Amma bəyaz deyiləm...

Unamadım...

Getdi.

Əli qoynunda, qaranlıq gecənin çox dərinliklərinə girdi.

"Aya baxdım, ay bəyaz,

Qıza baxdım, qız bəyaz".

Aha!.. O mahnıdır! O gecənin nəfəsini duydum. İlıq nəfəsini...

"Yazı yazan, insaf eylə,

Bu gözəli mənə yaz".

Səksəndim, sanki ürəyim qopdu yerindən.

"Aya baxdım, ay batdı,

Qıza baxdım, qız getdi.

Kim əkdi, kim suvardı?!

Aramızda dağ bitdi".

Gecikmişdim...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!