Qafur İmamizadə Xiyavlı 23 avqust 1978-ci ildə Xiyav şəhərində anadan olub. İlk və orta təhsilini doğma şəhərində alıb. 1997-ci ildə İsfahan Universitetinin Texniki və Mühəndislik fakültəsinə qəbul olunub. Ədəbiyyatla bağlı fəaliyyəti gənclik illərində yazdığı, lakin nəşr edə bilmədiyi yazılarla başlayıb. Tələbəlik dövründə müxtəlif ədəbi jurnallarda çalışıb və ana dilində məqalələr qələmə alıb. 2007-ci ildə "Yaşmaq" dərgisinin qurucularından və baş redaktorlarından biri olub. Həmin dərgidə tənqidi məqalələri ilə ədəbi mühitdə özünəməxsus üslubunu və səsini ortaya qoyub. Ana dilində ilk hekayəsini 23 yaşında yazıb. İlk şeirləri "Yarpaq" dərgisində dərc olunub. Türkiyə və Azərbaycan ədəbiyyatından çoxsaylı tərcümələr edib. 2016-cı ildə 18 ölkənin iştirakı ilə keçirilən, türk dünyasının ən böyük hekayə mükafatlarından biri olan Kaşğari Mahmud Hekayə Mükafatına layiq görülüb. Elə həmin il "Qırmızım" adlı hekayələr kitabı nəşr olunub. 2019-cu ildə "Sümükləri qalmışdı" adlı ikinci hekayələr kitabı işıq üzü görüb. "Bir ayının yanındaydım" adlı üçüncü hekayələr kitabı isə 2025-ci ildə çap olunub. Qafur Xiyavlının Türkiyə, Almaniya və Amerika modern ədəbiyyatından hazırladığı, lakin hələlik nəşr edilməyən köçürmə əsərləri də mövcuddur. 2010-cu ildən etibarən Xiyav şəhərində müəllim kimi fəaliyyət göstərir. "Öykümüz" dərnəyinin qurucusudur. Siyasi, ictimai və etnik məsələlər, şəhər və təbiət mövzularında şeir, hekayə və məqalələr yazır.
Sığırquyruq kollarına baxırdım; sarı, yumru, xırdaca güllərinə. Gövdəsinin lap aşağısından bitən yarpaqlarına. Vücudunun hər yanını gül bürümüşdü. Girdovlunun başı sığırquyruq dənizi idi. Dəniz uzaq dağlara qədər uzanmışdı, uzaq təpələr vücudunu sığırquyruqlara təslim etmişdi.
Yorğun idim, hər yanımı tər bürümüşdü, günəşin son turuncu telləri get-gedə uşaq rəsmlərindəki xəyali təsvirlərə dönüşməkdə idi. Bir saat çətin yolçuluqdan sonra gəlib buraya çatmışdım. Çəkdiyim zəhmətin sonucu olaraq təzə havanı doya-doya içimə doldurur, güllü-çiçəkli yamacları seyr edirdim. Uzaqdan öncə qara nöqtə kimi görünən şeyin, yaxınlaşdıqca yekəldiyinə, yekəldikcə də bundan öncə, bir dəfə də heyvanlar bağçasında gördüyüm ayıya çevriləcəyinə inanmamaq üçün zor tutdum özümü. Özü idi, ayının özü, animasiyalardan deyil, yamacın dibindən gəlirdi. Düz mənə doğru gəlirdi, bu boyda dağda mənə tərəf gəlirdi. Mənimlə vacib işi olmalı idi. Qaça bilməzdim, hara qaçsaydım o da gələrdi. Fərq eləməzdi, orda tutsun, ya burda. Əlimdəki dəyənəyə sarıldım.
Sürətlə yaxınlaşırdı.
Mənimlə olan işinin, bu boyda heykəlimi ağzından alıb, dalındakı darısqal dəlikdən toxunmuş pis qoxulu maddə kimi çıxarmaqdan başqa nə ola bilərdi?! Bu vəzifəni təbiət milyon ildir boynuna qoyub, kimsə bunu dəyişə bilməzdi. Vəzifəsini yerinə çatdırmağa yüz metrdən az qalırdı, mobilimi çıxartdım. Nömrəni tutunca gözümün önündə idi. Üstümə yüyürdü. Ağacı qaşqasına endirdim, sındı, yıxıldım. Çapalamaq kar vermədi, axır zorumla dişlədim. Dişim bir ayını sökməyə uyğun deyildi, tükləri ağzıma doldu, dilimə batdı. Pis dadı var idi. Barmaqlarımı gözlərinə soxdum, böyürdü. Boğazımı ağzına keçirincə gözlərim qaraldı, nəfəsim tutuldu. Son anda başımın üstündə bir qartalı görə bildim, səhnənin təkcə şahidi.
Təzədən ayıldığımda boğazım sızıldayırdı, nəfəsim təngiməyə başlamışdı. Yuxu deyildi, bir ayının yanında idim, iki metr aralığında. Gözündən qan gəlirdi, ləhləyə-ləhləyə qarşıya baxarkən nəfəsinin səsini duyurdum.
Cib telefonum o yanlıq düşmüşdü. Əlimi uzatdım. Yerimdən tərpənincə mənə sarı döndü. Gözlərimi yumdum, kirpiklərimin arasından baxdım, gözləri mənə zillənmişdi, az öncə duyduğu hərəkətin doğru olub-olmadığını bilmək istər kimi. Başını o taya çevirincə əlimi mobilə doğru uzatdım. Ayağa durdu, ayağımdan yapışıb üzü aşağıya sürüklədi. Burası güvənli deyildi, açıqlıqda biri üstünə çıxıb ovunu əlindən ala bilərdi. Ayaqqabımdan sürükləyərkən, ilk nömrəni tutdum.
Qardaşım idi, ilk zəng çalındıqda cavab verdi. Salam-Əleyksiz qışqırdım, çox pis vəziyyətdə olduğumu söylədim. "Tez yardımıma gəlməsəz, sümüyümü də burdan tapa bilməyəcəksiz", - deyə bağırdım.
Söz ağzımda qaldı.
- Hardasan ədə?
- Girdovluda.
- Neçə litr içibsən?
- Mən...
- Gədə, bu qədər kefliliyin axır-aqibəti yoxdur, adam ol, zarafatın da həddi var, sarsaq oğlu, sarsaq...
Səsi ayının qorxulu mırıldamalarına qarışıb Girdovlunun boş havasında itdi. Başım daşa dəyincə cib telefonum az qala yerə düşmüşdü. Ayı soyuqqanlılıqla ayağımdan yapışıb dərədən üzü aşağı sürükləyirdi. Rastgəlmə tutduğum sonrakı nömrə köhnə sinif dostum idi. Bunca uzun ildən sonra onu yad eləməyimdən təəccübə düşmüşdü: "Nə hay-küy salıbsan ədə, elə sinifdə də bu cür hay-buduruq salırdın ha..." deyə güldü.
Səsimə verdiyim həyəcanla bir ayının məni tutduğunu, bir azdan sonra yeməyə başlayacağını söyləməyimlə qaqqıltısının qulağıma dolması bir oldu. "Gədə, əsla əvəz olmayıbsan, xoşum gəlir, elə qədimki adamsan", dedi. "Yadındadı, sinifdə biçarə müəllimlərin başına belə nə oyunlar gətirərdin?"
Söndürdüm.
Yekə daşın dibinə çatdıq. Ayı o yan-bu yana göz gəzdirdi, havanı iylədi. Başımızın üstündə uçan qartala baxdı. Ayağımdan başlayacaqdı, ayaqqabılarım çıxmışdı, bağırdım, var gücümlə ayağımı çəkdim, caynağının zərbəsi ilə dizimi qırdı.
Təcili tibbi yardım nömrəsinə cavab verən qadının səsi qurtarış mələyinin səsinə bənzəyirdi. Özümü ələ almağa çalışdım. Bu anda bir yırtıcı heyvanın caynağına düşdüyümü, vəziyyətin də təcili tibbi yardım olduğunu açıqladım.
- Yardımıma tez gəlməsəz, məni burda diri-diri yeyəcək.
Sözümün axırında bağırtımın qabağını ala bilmədim. Qışqırtıma qulaq asdıqdan sonra, soyuqqanlılıqla: "Əvvəl polisə zəng eləyin", - dedi. - "Sizi təcili tibbi yardıma yetirsinlər, ondan sonra biz burda xidmətizdəyik".
Söndürdü.
Ayı, bağırtılarıma qulaq asmadan başladığı yerdən üzü yuxarı gəlirdi. Qulaqları qışqırtıma alışmış olmalı idi.
Polislə əlaqə saxladığımda, özümü bir möhtərəm vətəndaş tanıtdırdığım, bir ayının bədənimdən qeyri-qanuni olaraq istifadə elədiyi, indi də ayağımdan birini yeyib, o birisinə keçmək istədiyini söylədiyim sözün sonunda, qışqırmamaq üçün dodaqlarımı var gücümlə dişlədim. Telefon arxasındakı kişi bu acı olayın Girdovlunun harasında baş verdiyini soruşunca "Yekə bir daşın dibində" deyə bağırdım. Ağzında nəsə bir şeyləri çeynəyirdi, tikəni udmağının səsi simlərin arasından keçib qulağıma doldu.
- Girdovluda o beyləm daş var, hansının dibində yeyilirsən, gədə? - deyə soruşduğunda, daşın çox yekə olduğundan, elə Girdovlunun başına çıxarlarsa, onu uzaqdan görə biləcəklərini, onsuz da qışqırtımın hər yerə yayıldığı yamacda məni tapmağın heç də çətin bir iş olmadığını açıqlarkən, ayı o biri qıçıma keçmişdi.
- O cür qışqıra-qışqıra danışırsan ki, sözlərüvə inanaq? İşi ora çatdırıbsan ki, polislə də zarafat eləyirsən, xotmey ? Sənin...
Söndürdüm, bu ölüm ayağında polisdən qorxmağa nə gərək qaldığını özüm də bilmədim.
Ayının üzünə animasiyalarda gördüyüm o mehriban ayılara məxsus bir sevinc yayılmışdı, yeyə-yeyə üzümə baxırdı. Mənimlə elədiyi bu müamilədən razı olub-olmadığını bilməyə çalışır kimi. Daşı əlimə keçirib var gücümlə sifətinə zopaladım. Mırıldayaraq bacağımı diziməcən bir dişdə qırdı. Gözlərim qaraldı.
Qartal yerə enmişdi. Yekə bir daşın üstündə oturub səhnəyə baxırdı. Ayı arada bir dönüb ağzından axan qan ilə, onu nəzərdən keçirməyi unutmurdu heç.
Ağrım azalmışdı, adam ayaqsız da yaşaya bilir. Şansım gətirsəydi, qıçlarımı yeyib qurtaranacan doyub dalı çəkiləcəkdi. Özümü sürükləyə-sürükləyə caddəyə çatdıra bilərdim. Ömrümün qalanını bir əlil arabasının üstündən, yerdən 50 santimetr fasilədə, xoşbəxt məlullar kimi yaşayardım. Adlı-sanlı da olardım. Radiodan, televiziyadan hər gün qapımızda səfə düzülər, mənimlə müsahibə etməyə qol-qanad sındırardılar. Gözəl bir qızla da evlənərdim, qızlar adı-sanı adamın özündən çox sevirlər. Ayı budlarıma çatmışdı, tənəkəli ağac qırığını əlimə keçirib ağzına uzatdım. Ağacın oyulması sümüyümün xırçıltısına qarışdı, ağzında qalan qırığının ucundan bir damcı qan axdı, qırığı uddu.
Bədənim ağrıya alışırdı artıq. Ayı işinə ara verdi. Dişinin arasında nəsə bir şey qalmış olmalı idi.
Anamın nömrəsini tutdum.
- Salam ana.
- Salam bala, hardasan, başuva dönüm?
Ağlamamaq üçün zorla saxlaşdırdım özümü.
- Ana, bu gün qabağıma iş çıxıb, evə gələ bilməyəcəyəm.
- Nə olub, balam? Bir cür danışırsan!
- Heç zad, zəng elədim deyəm...
- Hə, nə deyəsən? De, utanma, bala.
- Deyəm ki, səni çox istəyirəm.
- Mən də səni çox istəyirəm, bala, başuva dönüm, nə olub, südün daşıb, yenə keflənibsən?
- Yox, ana, yox...
Ayının xəbərdarlığı ilə özümə gəldim, təzədən işə başlamışdı, budumun birini qurtarmasına az qalırdı. Həssas yerimə əl vurmadan o birisinə keçdi. İnsaflı ayı idi. Kişilərin oralarına nə qədər həssas olduqlarını çox yaxşı bilirdi. Təkcə eybi çox yekə olan qarnı idi, doymaq bilmirdi. Bir anda cib telefonumu ağzının içinə təpməyi bildim. Sümüyümlə bərabər onu da dişləri arasında dartdı, qırıq tikələri ağzına yayıldı. Öskürməyə düşdü, caynağını ağzına doğru apararkən bir loma ət yerə düşdü, arxasını yerə verib oturdu, yeməyinə ara verdi. Nəfəslərinin ahəngi ilə qarnı da qalxıb-enirdi. Bu qədər dəhşətli bir canavar ilə bir metr fasilədə oturmanın bədəlini canımla ödəyəcəkdim. Başıma gələnlərin qarşısında baş əyməyim, içimi get-gedə hüzurla doldurmağa başlamışdı.
Yeməkdən əl çəkib məndən ara açması ilə özümə gəldim, doymuşdumu? Diri qalma ümidi təzədən içimdə pöhrələndi. Uzaqlaşdı, yamacdan aşağı endi, ayağa qalxıb qaça bilməyəcəyimi bilmiş olmalı idi. İməkləyə də bilmirdim. Başım gicəlir, yuxum gəlirdi. Hər tərəfimi qan bürümüşdü.
Bədənimdə bu qədər qanın olduğuna heç vaxt inanmazdım.
Qartal aşağı endiyində həndəvərinə göz gəzdirdi, yaxınlaşdı. Ona bir xətərim olmayacağından əmin idi. Əlimlə qovalamağım kar kəsmədi, başı əyilmiş dimdiyi ilə qan gələn yerdən qoparıb udmağa başladı. Tikəni udduğu hər dəfəsində, başını bir dolandırıb ətrafına baxırdı, sonra o biri tikəni qoparırdı.
Ayının iki minik balası ilə geri dönməyi çox çəkmədi. Aşağıdan nərilti səsi gəlincə qartal göyə havalandı. Ayı uzaqdan sürətlə ovuna tərəf gəldi. Arxasınca gələn iki minik bala özlərini yetirər-yetirməz yeməyə başladılar. Ovun yaxşı yerlərini onlara saxlamışdı. Ana məhəbbəti burda da öz işini görürdü. Qəlbimlə ciyərim minik balaların payı idi. Lam-lam ağızlarına alıb çeynəməyə başladılar. Bağırsağıma yetişincə yerindən üzüb başlarına doladılar. Hərəsi bir ucundan yapışıb mırıldayaraq iki tərəfdən çəkdilər. Boğazıma çatınca, əlimi uzadıb başlarını tumarladım. Ənik tüklərində əlimi gəzdirdim. Başlarını salıb qabırğamın içində gəzdirərkən balaca quyruqları havada bulanırdı. Nəfəslərinin qoxusunu üzümdə duydum. Nəfəslərimiz bir-birinə qarışdı. Ana ayının da başını sığalladım, mehribanlıqla üzümə baxdı. Əllərimi yalamağa başladı, sonra da yeməyə. Başıma gəlincə sındırmaqdan gərəksiz idi. Bu onun təqsiri deyildi, başımın içindəkiləri elə-beləsinə yemək olmazdı ki?! Çırparkən gözlərim hədəqədən çıxdı, biri yekə daşın altına, o birisi isə bir az o yanlığa düşdü. İşləri qurtardıqdan sonra bir-birinin ağızlarını mehribanlıqla yalamağa başladılar. Mənim vücudumdan bədənlərinə qatdıqları güc ilə bir-biriləri ilə güləşdilər, analarının belinə dırmaşdılar, ordan yerə atlanıb bir-birilərini qovaladılar.
Ayılar ailəsi uzaqlaşdıqdan sonra, qartal aşağı endi. Hava qaranlıqlaşmışdı. Ayın işığında yerə düşən gözümdən birini tapıb uddu. Sümüklərimdə qalan ətdən qoparıb yedikdən sonra yenə uçub havada qeyb oldu. Uçarkən, qanadlarının havasını daşın dibində qalan gözümün üzərində hiss etdim. Gecə yarısı ac-yalavac çaqqallar sümüklərimi gəmirdilər, yaşıl otlara hopmuş qanımı yalayıb yer üzündən təmizlədilər.
Qaranlıqda daşın dibindən göyə baxırdım, sayrışan uzaq ulduzlara, böyük ayı bürcünə. Gözüm ulduzlara qarışmışdı. Uzaqdan su səsi gəlirdi, gurul-gurul su səsi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
