Buratino şpin (Hekayə) - Əli bəy AZƏRİ

 

Dünyanın əmin-amanlıq dövrüydü. Xüsusi təyinatlı təhsil müəssisəsində arın-arxayın oxuyurduq. Bizim qrupda məzəli bir nəfər vardı. Arıq, şəvərək, uzundraz bir oğlandı. Boyu bir metr yetmiş beş santimetrə yaxın olardı. Cərgədə həmişə qabaqda dayanardı. Hərbi məktəbdə hamıya familiyası ilə müraciət olunurdu. Şpinin əsl adının necə olduğunu qrupda çox adam bilmirdi. Təzə tanış olanda özü də soyadını deyirdi və elə qürurla səsləndirirdi ki, bundan xüsusi zövq aldığı hiss olunurdu:

- Kursant Şpin, cəsarətlə və fəxrlə deyə bilərəm ki, boyum bu qədərdir. Şərəfim naminə söz verirəm ki, heç vaxt bundan uzun olmayacağam. Bir də, hələlik subayam, atam, anam icazə verməyənə kimi evlənməyəcəyəm. Heç kimlə sevgili olmamışam, belə bir fikir ağlımın ucundan da keçməyib. Amma evlənəndən sonra istəyirəm beş uşağım olsun. Qoy, sovet vətəndaşlarının sayı mənim hesabıma çoxalsın.

Bəlkə də yalan danışırdı, boyu dediyindən bir az uzun olardı, çünki boylarımızı ölçəndə onun irişə-irişə zürafə boynunu qaz kimi necə qısdığının şahidi olmuşdum. Xüsusi təhsil ocağında tankçılar üçün yüksək hədd bir metr yetmiş beş santimetr sayılırdı. Şpin bu qrupa necə düşmüşdü, ağlıma sığışdırmırdım. Onda elə fərasət vardı ki, nəinki tankçılar qrupuna düşərdi, şeytanı yoldan çıxardıb birbaşa cənnətə girərdi.

Qrup yoldaşları tez-tez zarafatlaşaraq onu ələ salırdılar. Gah zürafə boyuna ilişər, ona "uzundraz, xeyrə-şərə yaramaz", deyirdilər, gah da "uzunun ağlı topuğunda olar," deyib cırnadardılar. "Şpin", "Şpinka", "Şpinyonok" da deyib onunla əylənənlər olurdu. Hər dəfə bir söz tapar, deyilənləri zarafata salıb ciddiyə almaz, vəziyyətdən çıxardı. Bir də ciddiyə alıb nə edəsiydi?! Vasvasının biriydi. Qız əllərinə oxşar sınmışlarını gündə on dəfə sabunlayıb yuyurdu. Böyründən bir çimdik götürəndə qız kimi ciynə vurub dingildəyirdi.

Zabitlərlə qarşılaşanda gülümsəyib dişlərini ağardardı. Ən hirsli zabit də onu görəndə gülümsəyir, hirsi soyuyurdu.

- Yoldaş zabit, - deyərək, lap o yapon robotları kimi əlini gicgahına dirəyib hərbi təzim edərdi. - Şərəfim naminə and içə bilərəm ki, siz sovet qoşunlarının ən xoş görünüşlü zabitisiniz.

- Bəyəm, mən qadınam, madmuazeləm ki, "xoş görünüşlü" deyirsən? - Zabitlər etiraz edəndə də Şpin söz altında çaşıb qalmazdı.

- Bağışlayın, yoldaş zabit. Mən "xoş duruşlu" demək istəyirdim, birdən dilimdən "xoş görünüşlü" ifadəsi çıxdı. Ancaq bu da sizə uyğundur. Heç bilirsiniz, zabit mundiri sizə necə yaraşır? - deyə vəziyyətdən çıxardı.

O vaxtlar orduda hamı bir-birinə "yoldaş" deyə müraciət edərdi. Dünya sistemindəki "cənab" müraciətinə ağız büzüb rişxəndlə yanaşardılar. "Yox, bir bəy, xan, qolçomaq..." "Cənabın varidatı, villası olar, cənab qarem saxlayar. Kirayədə qalan leytenanta da cənab de, maşını, böyük vəzifəsi, evi olan polkovnikə də..."

İlk vaxtlar kursant Şpin hər şeyə maraq göstərirdi. Nə görürdü, zabitlərə yaxınlaşır, maraqlanırdı. Hətta adi, elementar şeylərə marağı da ətrafındakıları təəccübləndirirdi.

- Yoldaş zabit, bu nə olan şeydir?

- Bəyəm, siz bunun nə olduğunu bilmirsiniz?

- Heç də elə deyil, cənab zabit, - nəzakətlə dillənərdi, - mən bunun nə olduğunu təxmin edirəm, ancaq dəqiqliklə öyrənmək istəyirəm.

O, nəzakətli müraciəti, xoş davranışı ilə hamını heyrətləndirirdi.

Kursant Şpinin heç bir qayda-qanun pozuntusuna yol verməməsinə baxmayaraq onu tez-tez gündəlik naryada qoyardılar. Belə ki, dörd qrupun birləşərək bir bölük təşkil etdiyi şəxsi heyət bütün əşyası, ləvazimatı ilə dördmərtəbəli binanın bir mərtəbəsində yaşayırdı. Cəmi bir olan giriş-çıxış qapısında tumboçka qoyulmuşdu. Üç nəfərdən ibarət olan gün növbətçiləri növbə ilə həmin tumboçkanın yanında dayanar, giriş-çıxışa nəzarət edərdilər. Sözün qısası, biz burda həm tələbəlik illərini yaşayaraq ali təhsil alır, həm də əsgərliyimizi keçirirdik. Bölük komandiri kursant Şpini uca boyuna, xoş nəvazişinə və gülməli çöhrəsinə görə seçib ora qoyurdu. Fındıq burnu sifətinə başqa bir görkəm verirdi. Lap Qoqolun personajlarına oxşayırdı. Onu ilk dəfə görən hər kəs belə düşünürdü. Bölüyü yoxlamağa gələn ən qəddar qərargah zabitləri də kazarmaya ayaq basan kimi onu görər, kefləri açılar, hirs-hikkələri keçib gedərdi.

Kursant Şpinin rus, ukraynalı, ya da belarus olduğunu da heç kim ayırd edə bilməzdi. Ruslarla bir yerdə olanda deyirdi ki, onun ulu babası Suvorovun yavəri olub. Suvorov hər döyüşqabağı onun babası ilə məsləhətləşərmiş. Onların nəslindən törəyən bütün kişilər həmişə at belində döyüşdə olublar. İndi də at dövrü keçdiyindən tankçı peşəsini seçib. Nənəsinin dediyinə görə, onların nəsil şəcərəsi "İqor polku haqqında dastan"dakı sərkərdə İqora bağlıdır.

Ukraynalılarla bir yerdə olanda isə başqa şey danışardı. Ulu babasının Lvov şəhərinin bünövrəsini qoyanlardan biri olduğunu deyərdi. Benderlə, Boqdan Xmelnitski ilə əminəvəsi törəmələri olduğundan fəxrlə bəhs edərdi. "Min təmiz xoxol qalıbsa, onlardan biri mənəm", deyib özünü öyərdi.

Elə ki, belaruslarla bir yerə düşdü, tez dönüb olurdu başqa adam. "Əsl bulbaş mənəm, siz hamınız geydirmə belarussunuz, rusun, xoxolun, moldavanın qarışığından törəmisiniz", deyib zarafata salardı. Taras Bulbanı özünə qohum sayardı.

Kursant Şpin belə biri idi. Nə rus kimi rus, nə ukraynalı kimi ukraynalı, nə belarus kimi belarus, nə də adam kimi adamıydı. Əsl buratino idi.

Bir gün Şpinlə birlikdə naryaddaydıq. Mən tumboçkanın yanında dayanmışdım, o isə "qırmızı guşə"də təzə gələn qəzetləri nizama salırdı. Birdən ucaboylu bir polkovnik qapını açıb içəri daxil oldu. Çaşıb qaldım. Bizim kazarmaya yüksək rütbəli zabitlər gələrdi, ancaq polkovnikin gəldiyini birinci dəfəydi görürdüm. Odur ki, bilmədim "farağat" komandası verəm, yoxsa "növbətçi çıxışa" deyəm. Polkovnik bu an özü mənə yaxınlaşdı, əl uzatdı, görüşdük.

- Oğlum, heç narahat olma, mən yoxlama deyiləm, - nəvazişlə bunu deyib əlavə etdi: - Zəhmət olmasa, kursant Şpini çağırın.

"Ay Allah, hamı gəlib Şpinlə maraqlanır. Praporşik də, polkovnik də gəlib onu soruşur", deyə öz-özümə düşündüm və ucadan səsləndim.

- Kursant Şpin, çıxışa!

"Qırmızı guşə"nin qapısı açıldı və kursant Şpinin qıpqırmızı qızarmış, mürdəşir yumuş sifəti, bir də Buratinonun burnuna bənzər burnu göründü. O, polkovniki görən kimi gülümsədi, dişlərini ağartdı. Burnunun ucundakı yumru fındıq bir az da qızardı. Tez də ciddi görkəm alıb nizami addımlarla iki-üç addım polkovnikə tərəf addımladı, fil xortumunu yuxarı qaldıran kimi, bir arşın sağ qolunu yuxarı qaldırıb gicgahına dirədi. Polkovnik də bir-iki addım ona tərəf getdi.

- Yoldaş polkovnik! Kursant Şpin sizin əmrinizlə gəlmişdir.

Polkovnik də "farağat" vəziyyətdə, əli gicgahında dayanıb onun raportunu qəbul etdi. Mən bu gözəl mənzərəni maraqla seyr edirdim. Birdən hər ikisi əlini aşağı saldı və bir-birinə yaxınlaşdılar.

- Papa!

- Oğlum!

Qucaqlaşdılar. Uzun illərin həsrətliləri kimi bir-birini öpür, sıxmalayırdılar.

Biz ondan sonra bildik ki, kursant Şpinin atası polkovnikdir. Kiyevdə yerləşən hərbi dairənin qərargahında əhəmiyyətsiz bir vəzifədə xidmət keçir. Oğlunu tankçılar məktəbinə düzəldənə kimi neçə adama boğaz çəkib. Bir-birinə yaman oxşayırdılar. Zürafə boğazları və burunlarının ucundakı fındıq boyda yumru sanki eyni rəssamın işiydi. Bundan sonra Şpin tez-tez lovğalanır və atasının adını çəkirdi.

- Heç bilirsiniz, mən kimin oğluyam? - deyirdi. - Mənim atam Qırmızı bayraqlı Kiyev Hərbi Dairəsinin qərargahında çox mühüm vəzifədə xidmət keçir.

Atası gəlib-gedəndən sonra bölük komandirinin münasibəti kursant Şpinə dəyişdi. Daha onu gün növbətçisi qoymadı. İndi o, yeməkxana növbətçiliyinə gedirdi. Yeməkxanada bizim bölüyün yeri üçüncü mərtəbədəydi. Üçüncü mərtəbədə bizdən başqa daha üç bölüyün və əsgər bölüyünün yemək masaları düzülmüşdü. Hər gün bölüklərdən yeməkxana növbətçiliyinə yeni kursantlar təyin olunurdu. Onların vəzifəsi qab-qacağı stollara düzmək və ayrılmış normaları da masalara yerləşdirmək idi. Qab-qacağın qorunmasına da onlar cavabdehlik daşıyırdılar. Bir də yeməkdən sonra çirkli qabları yığıb qabyuyulan sexə aparmaq, ordakı maşında yumaq da onların vəzifə borcuna daxil idi.

Yeməkxanada tez-tez çəngəl-qaşıqlar yoxa çıxırdı, vaxtaşırı "samovolka"ya gedən intizamsız kursantlar kimi, onlar da qeyb olurdu. Bəzən yeməkxana növbətçiləri fürsət axtarırdılar ki, bir-birindən qab-qaşıq oğurlasınlar. Odur ki, günlərin birində bölük komandiri şəhərdən şəxsi heyət üçün yeni qaşıq, çay qaşığı və çəngəl alıb gətirdi. Hamısını həmin gün növbədə olan kursant Şpinə təhvil verib buyurdu:

- Apar yeməkxanaya. Deşik aç ki, bizim qaşıqlar seçilsinlər, o biri növbətçilər daha bizdən oğurlaya bilməsin.

- Baş üstə! - Şpin əmrə müntəzir dayandı. - Şərəfim naminə söz verirəm ki, dediyiniz kimi də edəcəyəm.

Sabah günorta nahar yeməyinə gələndə gördüyümüzdən heyrətləndik. Şpin qaşıqların hamısının ortasını deşmişdi. Biz boşqabdan borş götürüb yemək istəyirdik. Qaşığı qaldıran kimi borşun suyu qayıdıb boşqaba tökülürdü. Hamımız dilxor olmuşduq. Bölük komandiri cilov gəmirirdi. Şpin isə dişlərini ağardır, heç nə olmayıbmış kimi deyirdi:

- Qaşığın qulpu çox qalın idi, deşmək mümkün olmadı. - Özünə haqq qazandırırdı. - Bir də nə olasıdır ki?! Çörəyi doğrayın borşun içinə, sonra yeyin. Bəyəm, əcdadlarımız belə yeməyib?

Çarəsizlikdən boşqabları qaldırıb başımıza çəkdik.

Bax, Buratino Şpin belə Şpin idi, Allahın bəlasıydı, hər halında vəziyyətdən çıxmağı bacarırdı, başımıza oyun açırdı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!