Qısa hekayələr - Mina RƏŞİD

 

İlahi, bu nə gözəl güllərdi...

 

Oqtayın az qala, həyəcandan ürəyi dayansın. Ancaq yaralı əsgər yoldaşı əli ilə ona işarə etdi ki, yaxına gəlmə... Bir az keçdi, yaralı əsgər gülümsədi və astaca dedi:

- Üstümə qırmızı güllər yağır, İlahi, bu nə gözəl güllərdi...

 

O gün gəldi...

 

"...Nəhayət, o gün gəldi, torpaqlarımızı geri alacağıq, canımızla, qanımızla..." İbrahim bunları ürəyində söylədi. Sonra pəncərəni açdı və quru yerdə yatdı.

Sabah döyüşə gedəcəkdi...

 

Nə yaxşı, biz qalib gəldik! 

 

Cəbhədən şəklini göndərdi atasına.

- Ata, mən şəhid olanda, bax, bu şəkli vurarsınız başdaşıma...

Kamil gülə-gülə müharibəyə yollanmışdı...

İndi də şəkildən gülümsəyir. Sanki onun səsini duyuram.

Kamil gülə-gülə deyir:

- Qarabağ bizimdir! Nə yaxşı, biz qalib gəldik! 

 

Bir az təvazökar olun!

 

Məmurlar əyləşib Prezidentimizi gözləyirlər. Prezident gəlir və başda onun üçün ayrılmış iri, fərqli kreslonu görüncə deyir:

- Bunu buradan götürün!

Sonra üzünü sadə adamların arasında təkəbbürlə davranan məmurlara tutur və deyir:

- Bir az təvazökar olun!

 

Həsən bəy Zərdabi

 

- Anacan, vətənpərvərliyi kimdən öyrənmək olar?

Ana bir an da düşünmədən,

- Həsən bəy Zərdabidən, - dedi.

- Onun həyatı ilə tanış ol və yazdıqlarını oxu.

O, xalqının balalarını çox sevirdi, qızım!

 

***

Belə millət vəkili olmur, Elnarə xanım! Siz az qala, adamın ürəyini oxuyursunuz...

 

***

- Cəlil Cavanşir, yadındamı, bir gün çox xoşbəxt olacaqsan, demişdim...

 

***

- Daş-divarla şəkil çəkdirən qadın, Vətəni unutdunmu?

 

Həyatı başa düşüncə qocaldım...

 

- Ürəyin sıxıldımı? O qəşəng sərçələrə, göyərçinlərə bax. Ağaclara, sarı-qızılı yarpaqlara bax...

Sən demə, həyat çox gözəlmiş, mən də sonradan anladım...

Həyatı başa düşüncə qocaldım...

 

Mənim günəş anam

 

- Ana, niyə o qadına yaxşılıq edirsən, axı o səni çox incidib?

Ana bir anlıq fikrə getdi, indi nə desin qızına?!.

Birdən yarpaqların arasından günəş şüaları boylandı və onun gözlərini qamaşdırdı. Günəş sanki bu çətin anda ona köməyə gəlmişdi. Ana dedi:

- Qızım, günəşə bax, gör heç o adamları bir-birindən ayırırmı?

Qız bunu duyunca tez anasını qucaqladı:

- Mənim günəş anam.

 

***

Sən məni kor hesab edə bilərsən, amma mən səni hamıdan yaxşı görürəm...

 

***

Kimsə gör necə gözəl demiş:

- Bağ-bostandan qorxuluqları götürün. Quşların da haqqı var...

 

***

- Bəs deyirdin, hər şeyi bacararam?

Bəli, üzr istəmək, sən onu bacarmazsan...

 

***

- Gəlmək istəmirəm, incimə. Hər bəzəkli süfrə görəndə Qəzzadakı uşaqlar yadıma düşür...

 

***

- Həyatın sirri nədir axı?

- Özünü yorma, gülümsə...

 

***

- Axı "Xalça" şeirini çox bəyənmişdilər, bəs nədən efirə vermədilər?

- Evimin xalçası köhnə, gülləri solğun olduğu üçün...

 

***

- Qarımış qız, əslində sən də gözəlsən. Amma bunun fərqində deyilsən ki...

 

***

Sözbaz adam səkkiz uşaqlı gözəl bir ailəni efirdə görür və deyir:

- İndi burda nəyi reklam edirsiniz ki?

 

***

Allahın min bir neməti süfrəsində. Adam süfrənin kənarında elə qaşqabaqla oturub ki...

 

***

- Kəmalə Ağazadə, sən yetimlərin dostu, kimsəsizlərin yoldaşısan...

 

***

- Eh, fikir vermə, hərdən kitabların yanında milçəklər də uçuşur...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!