Əsas mənəviyyatdır...
Ömrüm boyu kasıb yaşadım. Özümü ha ora-bura çırpdımsa, xeyri olmadı. Yanımda puldan-paradan söhbət düşəndə, elə hey dedilər:
- Əşi, pul-para, var-dövlət boş şeydir, əsas mənəviyyatdır. Vallah-billah, mənəvi zənginlik hər şeydən üstündür.
Doğrusu, belə sözləri uşaqlıqda çox eşitdiyimdən bir müddət deyilənlərlə razılaşırdım. Amma illər keçdikcə görürdüm ki, "zəngin mənəviyyatla" dolanmaq olmur. Yəni "zəngin mənəviyyatla" bazarlıq eləmək olmur, uşaqlara paltar almaq mümkün deyil, ad gününə əliboş getməli olursan, oğlunu, qızını oxuda bilmirsən, onların toyunu görəmmirsən və sair və ilaxır. Bir sözlə, yavaş-yavaş başa düşürdüm ki, "zəngin mənəviyyat" yaxşı şeydir, amma gərək bir az da pulun-paran olsun.
Məni yandıran o idi ki, "zəngin mənəviyyat" yolunu tutmağı məsləhət görənlərin hamısının vəzifəsi, ev-eşiyi, maşını, bağı, nəhayət, xərcləməyə çoxlu pulları vardı. Mən də yavaş-yavaş başa düşürdüm ki, pulun olması üçün vəzifə tutmaq lazımdır.
Belə-belə, ömrümün çoxu getdi. Əlli yaşa çatanda mənə kiçik bir vəzifə verdilər ki, bala, get, dolan. Yenə də quru maaşa baxmağa başladım. Yan-yörəmdəkilərin hamısının hər şeyi oldu, təkcə məndən başqa.
Bir gün lap böyük vəzifəlinin biri ilə görüşdüm. Söz dolanışıqdan-zaddan düşdü. Dedim, mən də vəzifədəyəm, amma elə əvvəlki kimi yaşayıram. Fərqi ondadır ki, burada məni xidməti maşın gəzdirir. Həmin vəzifəli də mənə nə desə yaxşıdır?
- Qardaşoğlu, əlli il belə yaşamısan, bundan sonra da yaşaya bilərsən. Neynirsən pulu-zadı? Əsas mənəviyyatdır!..
Bu sözləri eşidəndə hirsimdən ağlım başımdan çıxdı. Dəli kimi qışqırdım:
- Zalım balası, məni ələ salmısan? Mənəviyyat yaxşı şeydirsə, özün yaşa da mənəviyyatnan! Elə acından ölmək mənə qalıb?!
Hərənin öz yeri
Uzunqulaqla it təzəcə dostlaşmışdılar, "can" deyib, "can" eşidirdilər. Aralarından su da keçmirdi. Bir gün it uzunqulağa dedi:
- Gəl, biz də torpağı əkib-becərək, ona-buna möhtac olmayaq.
Uzunqulaq anqırıb razılığını bildirdi, ancaq hər ehtimala qarşı soruşdu:
- Nə əkək, it qardaş?
- Məsələn, buğda.
Uzunqulaq fikrə getdi:
- Onda məhsulun torpağın üstünə çıxan hissəsi mənim olsun, kökü sənin, razısan?
İt hürərək razılığını bildirdi.
Buğdanı əkib-becərdilər, sünbül hissəsini uzunqulaq götürdü, kökünü də it. İt başa düşdü ki, uzunqulaq onu aldadıb. Öz-özünə fikirləşdi: "Borclu borclunun sağlığını istər".
O biri il uzunqulaq gəldi ki, it qardaş, gəl kartof əkək...
İt dostunun sözünü ağzında qoydu:
- Onda məhsulun torpağın üstünə çıxan hissəsi mənim olsun, altında qalan hissəsi də sənin, razısan?
- Razıyam, - deyə uzunqulaq qulaqlarını şəkləyib bic-bic gülümsədi.
Əkdilər, becərdilər. İt yenə aldandığını görüb, əllərini göyə qaldıraraq dedi:
- Ay Allah, məni yaratmışdın, bəs uzunqulağı niyə yaradırdın, hə?! Məni ona möhtac etməsəydin, olmazdı?
Qeybdən bir səs gəldi:
- Sən belə işlərə qarışma, küçük! İtin it yeri var, uzunqulağın da uzunqulaq! Bildin?!
Kasıb pul tapdı...
Bir neçə il bundan əvvəlin söhbətidir. Olan-olmazımı toplayıb bir köhnə maşının pulunu yığmışdım. Özüm də kirayədə qalırdım. Pulu evdə qoyub gedəndə ürəyim düşürdü ki, ya qohum-qonşu götürəcək, ya da oğru-quldur gəlib aparacaq. Pul cəhənnəmə, arvad-uşağa zərər toxuna bilər.
Çox fikirləşdim, nə edim, nə etməyim, axırda qərara gəldim ki, aparım rayona, verim anama, bəlkə onun bir etibarlı yeri olsun, qoysun ora, saxlasın. Elə də etdim. Anam pulu görən kimi qışqırdı:
- Ə, bu qədər pulu haradan almısan?
Dedim, ay ana, qorxma, qəpik-qəpik yığmışam. Vəzifəm yoxdur ki, rüşvət alam!
Handan-hana arvadın ürəyi üstünə gəldi, pulu götürüb qoydu çoxdan işlədilməyən köhnə bir samovarın içərisinə. Mən də arxayın qayıtdım şəhərə.
Aradan bir-iki ay keçdi, gördüm telefon aramsız zəng çalır. Dəstəyi götürdüm, anam idi. Ürəyim düşdü, dedim, sən öl, pula nəsə olub. Heç demə, düz fikirləşmişəm. Anam həyəcanlı idi:
- Ay bala, durma gəl, pulun çürüyür!
Rayona gedib nə görsəm, yaxşıdır? Həqiqətən pul şişmişdi, amma hələ çürüməmişdi. Gülmək məni tutdu, bir atalar məsəli yadıma düşdü: "Kasıb pul tapdı, qoymağa yer tapmadı".
Sözün qısası, getdim bir köhnə maşın aldım. Fikirləşdim ki, daha o boyda maşını oğurlaya bilməzlər. Maşın da nə maşın?! Gündə bir hissəsi xarab olur, düzəltdirirəm. İndi qalmışam borcun-xərcin içində... Zibili sata da bilmirəm, canım qurtarsın. Amma ürəyim sakitdir ki, daha pulum yoxdur...
Gərək adamın olsun
Uşaqlarımızı ali məktəbə düzəldəndə yüz ölçüb, bir biçirik: oxuyub axırı nə olacaq? Lap bu yaxınlaradək dəb idi: orta məktəbi alayarımçıq bitirənlər də hüquq fakültəsinə girmək istəyirdilər. Hamısının da başında bircə fikir olurdu: prokuror olmaq! Hüquq fakültəsinə qəbul olunmaq istəyənlərin bircəciyi düşünməzdi ki, vəkil olsun, hüquq məsləhətçisi olsun. Heç müstəntiqlik, hakimlik də yada düşməzdi.
Bu fakültədə oxumaq eşqi heç indi də beyinlərdən çıxmayıb. Görün, iş hara gəlib çatıb ki, millət vəkillərinin də bəziləri hüquq fakültəsində oxuyurlar...
Hüquq fakültəsinə qəbul olunmaq isə, türklər demiş "kolay", yəni asan iş deyil və heç vaxt da asan olmayıb. Burada gərək, ya zırpı adamın olsun, ya da pulun-paran... Kimin ki, adamı, pulu-parası olmur, belələrinin bir az biliyi olur. Onlar da harada oxusalar yaxşıdır: Pedaqoji Universitetdə, ya da xırda-xuruş texnikumlarda. Axırda da, ya ibtidai sinif müəllimi olurlar, ya da bir müəssisədə kiçik mühasib. Nə olar, qoy kim nə olur-olsun, amma adam olsun. Ən pisi odur ki, əlinə güc-bəla ilə diplom alanların könlündən ancaq birinci şəxs olmaq keçir, heç kim ikinci, üçüncü dərəcəli vəzifələrə özünü yaraşdırmır. Amma birinci şəxs olmaq asan başa gəlmir. Elə-belə adamı birinci şəxs qoymazlar, axı... Gərək bunun üçün arxanda duranın-zadın olsun. Bir az da çənədən möhkəm olasan, orda-burda ağzına gələni danışıb, özünü hörmətdən salmayasan. Heç fikir vermisinizmi, hansı müavindən soruşursan müdirin necə adamdır, deyir, "yaramazın, axmağın biridir". Müdiri hörmətdən sala-sala vəzifədən də salıb yerinə keçmək istəyir bədbəxt! Beləsinə deyən yoxdur ki, yaramaz, axmaqla necə işləyirsən? Deməli, sən də onun tayısan!
Xülasə, bəziləri ki, müdir, rəis, direktor... oldular, daha onların üzlərini görmə. İstədikləri işçini istədikləri vaxt işdən atırlar bayıra. Elə bilirlər, külli-ixtiyar sahibidirlər. Arxalarında adamları var axı...
Onlara deyən gərək, səni vəzifəyə qoyublar ki, camaata xidmət edəsən, vəzifəyə qoymayıblar ki, camaat sənə xidmət etsin?
Xülasə, "rəhbərlərin" tabeliklərində olanların "başlarında əkdikləri turp" barədə çox danışmaq, çox yazmaq olar, amma qorxuram. Çünki arxalarında duranlar var...
Mən təzə söz demirəm, amma deyirəm ki, gərək adamın adamı olsun. Niyə bu fikrə gəlmişəm, onu da deyim: Bir işi görmək üçün düz bir ay, bəzən bir il onun-bunun qapısını döyməli oluram. İşi görüb qurtarandan sonra, böyürdən biri çıxır ki, bəs, mənə desəydin, sənin işini bir dəqiqəyə həll edərdim. Ona görə də gecə-gündüz fikirləşirəm ki, hərənin bir adamı var, bəs mənim niyə adamım yoxdur?!
Ömrüm boyu elə bilmişəm ki, savad, bacarıq, qabiliyyət varsa, deməli, müəyyən vəzifə də tuta bilərəm. Ömrüm boyu da vəzifəsiz qalmışam. Heç demə, savad, bacarıq, qabiliyyət, nə bilim, nələr əsas deyilmiş, gərək vəzifə tutmaq üçün adamın olsun. Vəzifə də elə şeydir ki, hamı sənə savadlı, bacarıqlı, qabiliyyətli kimi baxır, hətta səni nəvazişlə "filankəs müəllim" deyə çağırırlar.
Sözün qısası, bu zəmanədə adamsız oldun ha, qurtardı-getdi. Ölsən, ondan yaxşıdır!
Yalan-palan
Uşaq vaxtı adamın ağlı kəsmir, nə desələr, inanır. Biz də eləydik, deyilən, yazılan bir şey oldu ha, mütləq inanırdıq. Ümumiyyətlə, bizimkilər yazıya lap çox inanırlar. Məsələn, qəzetlərdə yazırlar ki, filankəs pis adamdır, qurtardı! Haqqında yazılan adam peyğəmbər kimi olsa da, xeyri yoxdu. Yaxud yaxşı adamı pis qələmə verdilərsə, "kitabı bağlandı".
İndi bizim məqsədimiz qəzetçilərin nəyi necə yazdıqlarından, yaxud da adamların hər yazılana inanıb-inanmamalarının lazımlı-lazımsız olub-olmadığından söhbət açmaq deyil. Söhbətimiz müsəlman üçün yazıya pozu olmaması barədədir.
Uşaq vaxtı kitablarda oxuyurduq ki, insan meymundan əmələ gəlib. Biz də buna inanırdıq. Böyüdük, orta məktəbi, universiteti bitirdik, amma çox fikirləşdik ki, ayə, görəsən, doğrudan da, insan meymundan əmələ gəlib, yoxsa yox? Hərdən güzgünün qabağına keçib özümüzlə meymunda oxşarlıq axtarırdıq. Meymunun da gözləri var, insanın da. Meymunun da əlləri, ayaqları var, insanın da. Meymunun da burnu, qulaqları var, insanın da. Meymunun da bədəni tüklüdür, insanın da. Elə insan var bədəni meymundan tüklüdür, baxanda adam qorxur. Xülasə, insanda olanlar meymunda da var. Belə şeyləri düşünəndə deyirsən, bəlkə də kişilər düz yazıblar, insan meymundan əmələ gəlib. Amma meymun insana baxanda bir az eybəcərdir. Bu eybəcərliyi görəndə düşünürsən, bəlkə meymun insandan əmələ gəlib?!
Sözün qısası, bu həyatda çox yaşadıq, çox ömür sürdük, amma meymundan insan əmələ gəldiyini, yaxud onun tərsini görmədik. Belə getsə, ömrümüzün axırına kimi də görməyəcəyik. Bəs bu sirri necə açaq? İnsan meymundan, yoxsa meymun insandan əmələ gəlib?
Adamın yadına toyuq-yumurta məsələsi düşür... Bunlar hamısı yaradanın işləridir, özü bilər. Görəsən, insanlar niyə yalan-palan yazıb, bir-birini aldadırlar, hə?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
