Əbədi yol
Səhər Şuşaya gedəcəm. Samir "xaş"a çağırıb. Xanımım iki gündür ki, deyinir: "Xaş sənin harana yaraşır? Mədən xəstədir. Hələ mən kontuziyandan danışmıram. Özün bil! Bir də xəstəxanaya düşsən, geri dönməyəcəksən". Arvaddır da, işi-peşəsi deyinməkdir. Qoy nə qədər danışır-danışsın. Danışıb yorulandan sonra, pal-paltarımı səliqə ilə yığışdırıb qoyacaq yol çantama. Falçı Pəriyə də dua yazdırıb tikəcək göy pencəyimin astarına. Sonra da doqqazda oturub geri dönənə qədər yolumu gözləyəcək.
Gör neçə ildir Şuşanı görmürəm. Xaş bəhanədir, istəyim ora getməkdir, dağların təmiz havasını ciyərlərimə çəkməkdir; meşələrdə səsim çıxdıqca bağırmaqdır. Xaş dadlı alınsın deyə, Samir ayaqları mütləq Ağcabədi bazarından alacaq. Aran heyvanı kəklikotu yeyir deyə, dadlı olur axı. Samirin işi Allaha qalıb, vallah. O qədər vasvasıdır ki... İşi həngamədir. O biçarə ayaqları Samir əvvəlcə üç dəfə isti su ilə yuyacaq. Sonra torpaqla salavatlayacaq. Ondan sonra öz əlləriylə ocağın üstündə bir dəfə də ütüb atacaq qazana. Düz iki gecə uşaqlar yatandan sonra o yazıq ayaqları qaynadacaq. Sonra qaynayan suyu süzgəcdən süzüb yenidən tökəcək qazana. Bir sözlə, o ayaqları ayaq olduğuna peşman edib sonra rahatlanacaq. Elə buna görə də Samirin xaşına xaş çatmır da. Onun xaşı adnandı. Mədəm ağrısa da, o xaşın dadına baxmalıyam. Üstündən Teymur kişinin öz əliylə çəkdiyi tut arağından əlli qram olsa da, içməliyəm. Şuşalıların zarafatından yoxdu. Mən belə zarafatı heç yerdə görməmişəm. Bir də gördün, xaş qazanını oğurlayıb apardılar, qaldın ac. Orda adamı söyüş də tutmur. Orda adam ağrı nədir, bilmir. Bakıda götürmədiyin söyüşü orda götürürsən. Heç vecinə də olmur. Oranın halı o qədər yumşaqdır ki, adam hirslənmək belə istəmir. Elə istəyirsən o gözəlliyin içində əriyib itəsən, bir kənarda oturub adamlara baxasan. Arvadın qulağından iraq, hər dəfə Şuşaya gedəndə bir gözələ vuruluram. Allah haqqı, düz deyirəm. Elə belə ha, ağlıma pis fikir gətirmədən. Eləcə uşaq kimi bir gözəl tapıb uzaqdan-uzağa onu sevirəm. Seçib vurulduğum qadın da bunu hiss edir. Bicliyim yoxdu ha. O dəqiqə ürəyimdəki çıxır üzümə. Sirrimi bildirirəm. Sevgimi gizlədə bilmirəm. Çox keçmir, o qadın da başlayır oyuna. Duyuq düşüb tərpəşir. Uzaqdan-uzağa naz-qəmzəylə mənə baxır. Onun da ürəyindən pis fikir keçmir ha. Elə belə, "gizildəmədən" başqa heç nə. Nə bilim, başlayır yaylığının ucunu dişləməyə, saçlarını açıb kürəyinə tökməyə, lak tuflilərini təmizləməyə. Bütün bu adi nazlanmalardan hər dəfə bilirsən, nə qədər saflanıram?! Şuşa başqa haldır. Oranın inəkləri də muğam üstədir. Gör bir neçə il olar, ora getmirəm - hospitala düşəndən. İyirmi il olar...
Səhər arvad arxamca su atanda: "Az ora-bura hərlən. İki saatdan bir dərmanlarını iç. Yenə huşun getməsin, - dedi. "Baş üstə", - deyib mühərriki işə saldım. Bərdəyə qədər maşını birnəfəsə sürdüm. Bərdə qaymağından xoşum gəlir deyə, şəhər bazarının qarşısında maşını əylədim. Şüşələri qırıq, toz-torpaqlı çayxanada şirinçayla iki-üç qaşıq qaymaq yedikdən sonra Şuşaya tərəf dəbərdim. Samir məni şəhərin girəcəyində qarşıladı. Öpüşüb görüşdük. Gözləri doldu. "Hamı yığışıb. Səhərdən xaşla birlikdə səni də "yeyirik". Nə gec gəldin, ay kişi?! Dilimə bir damcı da olsun araq vurmadım ki, səni evə ayıq ikən çatdırım!" Samiri görəndən ağlayırdım. Kövrəlmişdim, neynəyim?! Gör neçə ildir görüşmürdük. O, atası ilə bir həyətdə yaşayırdı. Təmiri köhnə olsa da, evləri pis deyildi. Əslində bütün şəhər Samirin qohumlarıydı. Hansı evin qarşısında dayanırsan-dayan, ya darvazasından içəri keç, səni canla-başla qarşılayacaqdılar. Gözlərimə inanmadım, bütün şəhər məni qarşılamağa çıxmışdı. Gör haçandı onları görmürdüm. Bir xeyli ayaqüstü hal-əhval tutduqdan sonra içəri keçdik. Məclisin "baş-ayaq" vaxtıydı. Yaşıl çəmənliyin üstündə boş araq şüşələri dəstə-dəstə "çiçəkləmişdi". Kabab iyi xanlığa qədər yayılmışdı. Daş döşəmə üstə üç cərgə miz düzülmüşdü. Üçünün də arxasında yaxşıca keflənmiş dostlarım oturmuşdu. Məni görən kimi ayağa qalxıb: "Xaş korlayan gəldi!" - qışqırdılar. Bir-bir hamısı ilə öpüşüb görüşdüm. Məni görməklərinə elə ürəkdən sevinirdilər ki... Hamısı da gözəl, cavan və sap-sağlam idilər; gözləri bulaq kimi qaynayırdı. Sinələri sevdalı, biləkləri gələcəyə gəriliydi. Bu qonaqlığı bir-iki inəyin ayağı ilə yola vermək olmazdı. Yəqin Samir "bütün aran"ın inəklərini ayaqsız qoymuşdu. Diri inəklərin ayaqlarını da Əhəd doxtura kəsdirmişdi. Mizə yaxınlaşıb içi araq dolu çappa stəkanı əlimə götürdüm. Dostlarım ayağa qalxıb sözümə tərəf boylandılar. "Allah bu inək ayaqlarını bizə çox görməsin! Vallah, mən sizinlə birlikdə inəyin hər zadını yeyərəm!" - dedim. Dostlarımın şaqqanağı dağları silkələdi. Doyunca güləndən sonra bir ağızdan "Sən yeyərsən" - deyib arağı başlarına çəkdilər.
Axşam yarıyuxulu Bakıya tərəf tərpəndim. Bu, adını belə, unutduğum sarsaq işim olmasaydı, vallah, heç geri dönməyəcəkdim. Bərdəni keçəndə xatırladım ki, Şuşada olsam da, oranı əməlli-başlı görmədim, başım xaşa qarışdı. Görəsən, Şuşanın havası necəydi? Dağları, dərələri təravətini saxlamışdımı? Xarı bülbülü yenə bitirdimi? Saf gülüşlü qadınları, fidan baxışlı qızları, çatmaqaş oğlanları, iri gözlü nənələri yenə salamlı-kalamlıydılarmı? Geriyə dönməyə vaxtım olmadığı üçün gəzməyi gələn səfərimə saxladım. Samirin hələ o qədər xaş qonaqlığı olacaqdı ki. Evə gec çatdım. Qadınım qapının doqqazında durub məni gözləyirdi. Maşından düşən kimi üstümə cumub boynuma sarıldı. Pıçıltıyla: "Şükür ki, sağ-salamatsan!" - dedi. "Mənə nə olacaqdı ki?" - soruşdum. Sözümü ağzımda qoyub "Sənə deməmişəm, bu halda maşın sürmə! Gecəyə qalma!" - dedi. "Mən özümdəyəm lap. Şuşadan qayıdıram" - qışqırdım. Qadınım əl çəkmədi: "Şuşa ermənilərdədir e, bilirsən nə danışdığını? de görüm, indi neçənci ildir?" - soruşdu. Fikrə getdim. Qəfil qulaqlarım tutuldu. Əllərim gizildədi... Görəsən neçənci ildir? Ha fikirləşsəm də, tapmadım. Zamanı çaşdırmışdım, nədir? Görəsən mən Şuşaya haçan xaş yeməyə getmişdim? Samir indi orda deyil? Axı bu gün səhər mən onun evindəydim. Maşınımın mühərriki də hələ heç soyumayıb...
Alməmməd kişi
Taxta kazarmanı əsgərlər talada təzəcə tikmişdilər. Alməmməd kişi kürəyini kazarmanın hələ rəngi qurumamış tirlərinə söykəyib, papiros tüstülədə-tüstülədə göy üzünə baxırdı. Göy üzü mis rənginə çalırdı. Havadan paslanmış dəmir qoxusu gəlirdi. Qəfil yaxınlıqda mərmi partladı. Yaşıl otluğa uzanıb dincələn əsgərlər ayağa qalxıb, bir-birini itələyə-itələyə meşəyə sarı qaçdılar. Yağışdan daldalanan bağça uşaqları kimi ağacların arasından qorxa-qorxa partlayış olan tərəfə boylanan, bığ yeri təzəcə tərləmiş əsgərlərə baxa-baxa Alməmməd kişi öz oğlunu xatırlamaq istədi. Amma nə illah elədisə, uşağının üzü yadına düşmədi ki, düşmədi. Oğlu iki aydı cəbhədəydi. Bu iki ayda kişi bircə gecə olsa belə, rahat yuxu yatmamışdı. Qabaqlar uşaqlarını düşünməyə vaxtı olmamışdı. Səhərlər kənd xoruzları oyanmamış, mal-qoyunu qabağına qatıb haylaya-haylaya dağa qalxmışdı, axşamlar günbatanda mal-qoyun onu haylaya-haylaya kəndin ayağındakı daxmasına gətirmişdi. Uşaqları çəpərin dibinə basdırdığı "Urus ağacı" kimi, özü-özünə böyümüşdülər.
Oğlu cəbhəyə çağırılan gün də Alməmməd kişi dağdaydı. Xəbəri ona kənddən qaça-qaça gəlmiş dəllək Üzeyir vermişdi. Kişi quzuları Üzeyirə tapşırıb kəndə düşmüşdü. Yol gəliblər deyə, zabitlər üçün iki arıq qoyun kəsmişdi. Oğlunu zabitlərə tapşırıb yenə dağa qalxmışdı. Səhər həmin o iki zabit Alməmməd kişinin oğlunu iri yük maşınının yüklüyünə qaldırıb birbaşa cəbhəyə aparmışdılar. Alməmməd kişi oğlunu uzaqdan yola salmışdı. Dağ başından kənd cığırı ilə ağır-ağır gedən yük maşınının içində ürkək quzuya oxşayan oğluna baxa-baxa içində nəyinsə qırıldığını da elə həmin an hiss eləmişdi... Bu qırılan nəsə kişini iki ay rahat buraxmamışdı. Dünən səhər kənddən çıxıb, soraqlaşa-soraqlaşa oğlunun qulluq elədiyi kiçik alayın yerini tapmışdı. Alayda oğlundan kişiyə bir əməlli söz deməmişdilər. O bunun üzünə baxmışdı, bu onun üzünə, nəhayət, komandir meşənin dərinliyində qulluq edən kəşfiyyatçılara baş çəkməyə və kişiyə oğlundan bir xəbər gətirəcəyinə söz verib maşınına oturmuşdu.
İndi Alməmməd kişi oğlunun xəbərini gətirəcək alay komandirini gözləyirdi. Düşmənin atdığı güllələr səngimişdi. Əsgərlər meşədən çıxıb iki-bir, üç-bir kazarmaya tərəf gəlirdilər. Aşpaz bir qıraqda təzəcə kəsilmiş quzunu soyurdu. Alməmməd kişi ayağa qalxıb aşpaza yaxınlaşdı: - Elə yox, ay bala! - dedi, - "Ver, mən soyum!" Alməmməd kişi quzunu soya-soya oğlunu düşündü. Oğlu ilə əvvəllər əməlli-başlı oturub kəlmə belə kəsməmişdi. Oğlu arıq, çəlimsiz, sözü gec anlayan, astagəl, saatlarla susan uşaq idi. Səkkizinci sinifdə oxuyanda məktəbdən qovulmuşdu. Əvvəl istəmişdi oğlunu özü ilə dağa aparsın, sonra fikrindən vaz keçmişdi: "Qoy kənddə qalıb bir işin qulpundan yapışsın" - fikirləşmişdi. Oğlu cəbhəyə gedənə qədər heç bir işin qulpundan yapışmadı. Onun bütün ömrü boyu ən böyük işi elə o yük maşınının yüklüyünə qalxıb Alməmməd kişi üçün "ağır yük" kimi cəbhəyə getməsi oldu...
Alməmməd kişi quzunun dərisini yaşıl otluğun üstünə atıb, əllərini yumaq üçün çənə tərəf getdi. Kranın puçunu buranda maşın səsi eşidildi. Kişi bu səsdən diksinən kimi oldu. Alay komandirinin maşını kazarma qarşısında dayananda, aşpaz əyilib quzu dərisini otluqdan qaldırdı. Dəridən yaşıl otluğun üstünə damcı-damcı qan damırdı... Komandir maşından düşüb məyus-məyus Alməmməd kişiyə tərəf boylandı. Alməmməd kişi əllərini kəsən suyun soyuqluğunu ancaq indi hiss edib, kürəyi komandirə: - Nəsə olub?- soruşdu. Komandir quru, əsgəri səslə: - Oğlun daha yoxdur, kişi, möhkəm ol! - dedi. Alməmməd kişi əllərini bir xeyli yuduqdan sonra aşpazın verdiyi məhraba ilə quruladı. Ağır-ağır çevrilib, komandirə yaxınlaşdı: - Otur, əminiz sizə yaxşı çoban bozartması bişirsin! - pıçıldadı. Komandir qarşısında dayanmış, ağrısını gizlətməyə çalışan, tanımadığı bu mərd adamın qabağında kiçildiyini hiss edib, aşpazın üstünə qışqırdı: - Rədd ol burdan! Sonra kişinin qarşısında niyə kiçildiyini, aşpazın üstünə niyə qışqırdığını özü də anlamayıb, maşınına sarı yüyürdü...
Səhər komandir minaya düşmüş əsgərinin qəlpələr diddiyi kəmərini Alməmməd kişiyə uzadıb: - Üstündə adı yazılıb, əmin ola bilərsən, oğlunun toqqasıdır", - dedi. İki ay içində gəzdirdiyi qorxuyla kişi əlini kəmərə tərəf uzatdı. Barmaqları kəmərə toxunanda, hiss elədi ki, artıq qorxunun o tərəfinə keçib. Bir az toxtadı...
Alməmməd kişini kənd yolunun ağzında arvadı ilə kiçik oğlu qarşıladı. Ərini uşağının arxasınca yola salanda, arvad onun tək qayıdacağına inanmırdı. İndi ərini belə görüb duruxdu: - Uşaq hanı bəs? - soruşdu. Alməmməd kişi arvadına nə deyəcəyini hələ düşünməmişdi. Hələ özü olanı anlamırdı. Oğlunun ölümünə inanmırdı. Arvad ərinin susqunluğundan bir şey kəsdirməyib qorxa-qorxa: - Südlü aş bişirmişəm, bə uşaq necə oldu? - pıçıldadı. Arvadın səsi elə bil hər şeyi başa düşmüşdü. Ürəyi isə başa düşüləni yaxına buraxmaq istəmirdi. Alməmməd kişi düşünmədən əlindəki bağlamanı açıb, oğlunun kəmərini çıxartdı. Arvadı qəlpələrin diddiyi kəməri görüb ağlamsındı: - Bu nədi? - soruşdu. Alməmməd kişi elə bil yuxudan ayıldı. Əlindəki kəməri xatırlayıb, kiçik oğlunu hayladı: - Bəri gəl ə, qardaşın sənə kəmər yollayıb, bağla belinə! Kiçik oğlu kəməri dədəsindən alıb sevinə-sevinə belinə bağladı. Kişinin belə arxayın danışdığına arvadı bir az toxtadı: - Vallah, adamlığın yoxdu e sənin, ürək-göbəyim düşdü, dedim, görəsən nə olub? Şükür Allaha, deyəsən salamatlıqdı", - dedi. Alməmməd kişinin kiçik oğlu belində kəmər kənd yolu ilə əsgər addımlarıyla gedirdi. Arxada Alməmməd kişiylə arvadı kirimişcə gəlirdilər.
Alməmməd kişi sübh tezdən, heç kəsə bir söz demədən dağa qalxdı. Bir ay dağdan kəndə enmədi. Bir ayın tamamında dəllək Üzeyir dağa qalxıb, kişini bir qumral quzu ilə danışan gördü. Üzeyir nə qədər çalışdısa, Alməmməd kişini kəndə düşürdə bilmədi. Ancaq lap sonda, Üzeyir kəndə dönən zaman Alməmməd kişi ondan: - Uşaqdan məktub gəlməyib? - soruşdu. Dəllək Üzeyir: - yox, gəlməyib, amma sən ayağını bir kəndə qoy, ev təkdir, - dedi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
