Meşənin talasında bir ev var idi. Bu evin ətrafına çəkilmiş hasarın daşları o qədər köhnə idi ki, aralarında yosun bitmişdi. Həyətdə alma-armud ağacları, ağacların arasında arı pətəyi vardı. Burada kiçik bir bostan da salınmışdı. Bir sözlə, bu həyət gömgöy idi. Bu evdə qoca bir kişi yaşayırdı. Onun adı Kamran baba idi. O, meşənin keşiyini çəkirdi. Kamran baba qoymurdu ki, meşənin ağaclarını qırsınlar, heyvanlara güllə atsınlar.
Günlərin birində çobanlar Kamran babaya bir küçük bağışladılar. Bu küçük qoyun itinin balası idi. Belində və başının sağ tərəfində qəhvəyi rəngli iri xalları vardı. Onun qulaqlarını lap körpə vaxtlarından kəsmişdilər. çünki sallaqqulaq it yatanda pis eşidir. Amma qulağı kəsik olanda o ayıq yatır və hər xırda xışıltını tez alır.
Kamran baba küçüyü öz evinə gətirdi. Onun adını Vəfalı qoydu. Kamran baba Vəfalıya tapşırdı ki, həyətin keşiyini çəksin, yırtıcı heyvanları həyətə, bostana buraxmasın.
Əvvəllər Vəfalı meşədən gələn səslərə qulaq verir, hər dəqiqə yerindən sıçrayıb hürürdü. Sonralar ancaq qorxulu şeylərə hürməyə başladı.
Bir gün Kamran baba yenə də kəndə getmişdi. O, çörək bişirmək üçün un almışdı. Qoca meşəçi küçədə bir pişik gördü. Bu çox arıq pişik idi. Soyuqdan tir-tir əsirdi. Bir divara qısılıb yumaq kimi yumrulanmışdı. Kamran babanın pişiyə yazığı gəldi. O, əyilib pişiyi əlinə aldı. Pişik fağır-fağır dilləndi:
- Myau...
Kamran baba qalın qaşlarını çatıb dedi:
- Ağlama, mənim həyətimdə səninçün də yer tapılar.
Qoca meşəçi pişiyi də öz evinə gətirdi. O, pişiyin adını Fağır qoydu. Pişik evin divarına qısıldı. O, hər şeydən qorxurdu. Meşənin iyi də ona tanış deyildi... Yaxındakı ağaclardan cürbəcür quşların çığırtısı eşidilirdi. Pişik belini əyərək o tərəf-bu tərəfə baxdı, birdən Vəfalını gördü. Tüklərini qabardıb qorxa-qorxa fınxırdı:
- Pfff... Buna bax!..
Günlər keçdi, aylar dolandı, Vəfalı böyük bir it oldu. Fağır da yekə bir pişik. Onun tülkü kimi şələ quyruğu var idi. Yaman tənbəl idi. Mətbəxdə və evdə gözünə yeməli nə dəysə, gizlincə oğurlayıb yeyirdi. Vəfalı isə səhərdən axşama qədər həyəti dolanıb keşik çəkirdi.
Bir dəfə Kamran baba mətbəxdə nahar edirdi. Birdən meşədə səs-küy qopdu. Kamran baba fikirləşdi ki, yaxında canavar var. Tez tüfəngini götürüb meşəyə yollandı. Pişiklə it evdə qaldı. Fağır həmişəki kimi əvvəlcə ağaca dırmaşdı, budağın üstü ilə yeriyib mətbəxin pəncərəsindən içəri atıldı. O, Vəfalının qorxusundan mətbəxə həmişə belə girərdi. Fağır Kamran babanın xörəyini yeməyə başladı. Vəfalı səs eşidib mətbəxə qaçdı. Fağır o saat pəncərəyə atıldı. Vəfalı qəzəblə hürdü:
- Ham... ham... ham... Rədd ol burdan, ham-ham... oğru pişik!
Pişik üz-gözünü turşutdu, tənbəl-tənbəl fınxırdı:
- Pff... Bir buna bax... Sənə nə var?
Vəfalı qabaq pəncələrini divara söykəyib dikəldi. O, Fağırın şələ quyruğundan tutmaq istədi. Amma Fağır ağaca hoppandı. Bu vaxt həyət qapısı açıldı. Kamran baba gəldi. Vəfalını zingildəyə-zingildəyə mətbəxdən çıxan gördü. Qoca mətbəxə keçdi, əllərini yuyub yarımçıq qalmış xörəyini yemək istədi. Amma nimçəsi boş idi. Bu, qocanın xoşuna gəlmədi.
Bir gün keçdi. Kamran baba nimçəyə xörək tökdü. Amma yemədi. Mətbəx qapısını açıq qoydu. Özü isə meşəyə getdi. Fağır yenə ağaca dırmaşdı. Mətbəxin pəncərəsindən içəri hoppandı. Vəfalı bunu görüb hürə-hürə mətbəxə girdi. Fağır iri tikəni qapıb pəncərəyə atıldı.
Kamran baba evə qayıtdı, mətbəxə girib gördü ki, xörəyini yenə yeyiblər. bu dəfə Vəfalı mətbəxdə yox idi. Amma qoca torpağın üstündəki ləpiri gördü. Demək, onun xörəyini Vəfalı yemişdi.
Kamran baba Vəfalını həyətdən qovub dedi:
- Evimdə oğru it saxlaya bilmərəm!
Vəfalı hürdü, yalvardı. Amma qoca onu həyətə buraxmadı ki buramxadı.
Fağır hasarın üstündə oturub acıq verdi:
- Miyou... miyou... niyə ağlayırsan?
Vəfalı hirsli-hirsli zingildədi:
- Mırrr...
Pişik də mırıldandı:
- Çox zingildəmə...
Vəfalı yandı, nə yandı.
- Ham... ham... Yaxşı, oğru pişik, düşərsən əlimə.
Pişik dedi:
- Pff... get işinə.
Fağır dönüb arxasını itə çevirdi. Şələ quyruğunu hasardan aşağı salladı. Vəfalı yuxarı hoppandı. Fağırın şələ quyruğundan yapışdı, dartıb onu yerə saldı. Fağır tüklərini qabartdı. Caynaqlarını Vəfalının üzünə çırpdı. Vəfalı acıqlandı:
- Ham... ham... ham... ham...
Və bu vaxt pişiyin quyruğu ağzından çıxdı. Fağır götürüldü. Vəfalı da dalınca. Onlar hasarın ətrafında dövrə vurmağa başladılar. Fağır lap başını itirmişdi. O, meşəyə sarı üz tutdu. Vəfalı da arxasınca götürüldü. Onlar qocanın evindən xeyli uzaqlaşdılar. Fağır kolluqda gizləndi. Vəfalı onu itirib yan-yörəsinə baxdı. Ətrafdan quşların çığırtısı, heyvanların nəriltisi eşidilirdi. Vəfalı çox gəzdi. Axırda yoruldu. Bir kolun dibində yumrulanıb yatdı...
Səhər açılır, hava işıqlaşırdı. Meşə quşları səs-səsə verib oxuyurdular. Meh kolların və ağacların yarpaqları ilə pıçıldaşırdı.
Quşlar budaqdan-budağa qonub deyirdilər:
- Cük-cük-cük... ora bax... cük-cük-cük... ora bax...
Gözəl bir dələ də ağacda oturmuşdu. O, Vəfalıya baxıb dedi:
- Var-vay, bu kimdir belə?
Boz dovşan balalarını başına toplayıb kolun dalına çəkildi. Bala dovşanlar analarından soruşdular:
- Ay ana, o kimdir?
Bu vaxt ağacdələn də uçub gəldi. Dimdiyini Vəfalının yanındakı ağaca döyüb dedi:
- Tut-tut... tut-tut... Ey, dur ayağa, səhərdir...
Vəfalı gözlərini açdı. O tərəf-bu tərəfə boylandı. Hər yan meşəlik idi. Qalın gövdəli ağacların başı lap buludlara çatırdı. Ağacların və kolların arasından qəribə səslər gəlirdi. Meşə heyvanlarının gözləri Vəfalıya zillənmişdi. Vəfalı fikirləşdi ki: “Bunlar kimdir, görəsən?” O, birdən acıqlanıb hürdü:
- Ham... ham... ham... Siz kimsiniz?
Meşə heyvanları qorxub gizləndilər. təkcə dağ kəli ağacların arasında qürurla dayanıb qara gözlərini Vəfalıya dikdi. Vəfalı təəccüblə dağ kəlinə baxdı. Elə bildi ki, dağ kəli böyük bir qoçdur. Axı Vəfalı körpəliyini qoyun sürüsündə keçirmişdi. Ordakı qoçların da belə buynuzları var idi. Amma onlar dağ kəlindən kiçik idilər. Vəfalı yavaş-yavaş dağ kəlinə yaxınlaşdı. Burnunu irəli uzadıb imsilədi, daha hürmədi. Astaca soruşdu:
- Sən kimsən?
Dağ kəli yuxarıdan-aşağı ona baxıb dedi:
- Mən dağ kəliyəm. Sən kimsən?
- Mən itəm. Kamran babanın iti.
Dağ kəli soruşdu:
- Bəs buralarda nə gəzirsən?
Vəfalı köks ötürdü:
- Kamran babanın bir oğru pişiyi var idi. O, hər gün qocanın xörəyini oğurlayıb yeyirdi. Qoca isə elə bilirdi ki, bunu mən eləyirəm. Ona görə də həyətindən qovdu məni.
Dağ kəli dedi:
- Biz Kamran babanı tanıyırıq. Çox yaxşı adamdır. O bizim hamımızı qoruyur.
- Doğrudur, qoca yaxşı adamdır. Bütün təqsirlər oğru pişikdədir.
Qorxaq dovşan başını kolların arasından çıxarıb ehtiyatla sööylədi:
- Bəlkə, bu it yalan danışır? Bəlkə, bizim balalarımızı yeməyə gəlib?
Dağ kəli onu arxayın etdi:
- Mən bu itin ata-anasını yaxşı tanıyıram, ay Dovşan. Canavarların qənimidir onlar.
Ağacın başında əyləşmiş dələ sevindi.
- Hi-hi-hi... onda bu it qoy qalsın bizim meşədə...
Dağ kəli Vəfalıya baxıb razılaşdı:
- Yaxşı, qal bizimlə yaşa.
Heyvanlar Vəfalı üçün kiçik bir koma tikməyə başladılar. Quşlar dimdiklərində çör-çöp gətirdi, dovşanlar iti dişləri ilə xırda budaqları qopardılar. Axşama yaxın koma hazır oldu. Vəfalı meşədə yaşamağa başladı. İt heç bir yırtıcı heyvandan qorxmur, canavarlarla vuruşur, onları meşədən qovurdu. Vəfalı ayılara da hürürdü. O gündən köməksiz meşə heyvanları rahat yaşamağa başladılar. Hərdənbir dağ kəklikləri qaqqıldayıb meşəni başlarına götürürdülər. Vəfalı o saat başa düşürdü ki, yaxında yırtıcı heyvan var. Cəld komasından çıxıb yırtıcını qovurdu.
Payız gəldi. Ağacların yarpaqları saralıb töküldü. Bir gün dələ qaça-qaça Vəfalının yanına gəldi və qorxa-qorxa dedi:
- Vəfalı, bilirsən nə var?
Vəfalı soruşdu:
- Nə var?
Dələ başına gələnləri danışmağa başladı:
- Oturmuşdum ağacda. Bir də gördüm ki, ayılar öz aralarında söhbət edirlər, onlar Kamran babanın arı pətəklərini oğurlamaq istəyirlər.
Vəfalı dələyə inanmadı, şübhə ilə soruşdu:
- Bəlkə, yalan deyirsən?
Dələ and içdi:
- Bax, bu şələ quyruğum haqqı doğru deyirəm.
Vəfalı yerindən qalxdı:
- Onda gərək mən Kamran babanın köməyinə gedəm.
Dələ meşə heyvanlarına xəbər verdi. Vəfalının yeni dostları bir yerə toplaşdılar.
Vəfalı dedi:
- Kamran babanın evinin yolunu mənə kim göstərə bilər?
Dələ tez cavab verdi:
- Mən...
Dovşan da cürətlənib irəli çıxdı:
- Mən də göstərə bilərəm.
Dağ kəli buynuzlarını ağaca sürtüb fikirləşdi, sonra dedi:
- Qoy yolu quşlar göstərsinlər, axı onlar tez uçurlar.
Quşlar sevinclə pırr eləyib uçdular:
- Cük-cük-cük... cük-cük-cük... Gəl gedək, gəl gedək, Vəfalı.
Vəfalı irəli qaçdı. O, əyri-üyrü yollardan, qalın kollardan keçdi, quşlar nəhayət, uca bir ağaca qondular, cükküldəşib dedilər:
- Cük-cük-cük... Odur he-e-ey... Kamran babanın evi.
Hava qaralmışdı. Bu vaxt Vəfalı gördü ki, üç böyük ayı ehtiyatla evin hasarına yaxınlaşır. Vəfalı bərkdən hürə-hürə ayıların üstünə cumdu.
- Ham... ham... ham... Rədd olun burdan... ham... Yoxsa sizi didib-parçalaram...
Ayılar əyri pəncələri üstünə qalxdılar, nərildədilər.
- Gəl görək kim-kimi didib-parçalar?
Vəfalı gah bu ayının, gah da o biri ayının üstünə atılıb hürdü:
- - Ham... ham... ham... Gedib burdan... ham... ham...
Səsə Kamran baba çıxdı, əlindəki tüfəngi doldurub ayılara sarı güllə atdı. Ayılar meşəyə qaçdılar. Vəfalı axsaya-axsaya onları qovmağa başladı. Kamran baba iti səslədi:
- Vəfalı, Vəfalı...
Vəfalı sevinə-sevinə qocanın yanına gəldi. Kamran baba itin yarasını sarıyıb dedi:
- Sən, doğrudan da Vəfalı imişsən. Heyf ki...
Vəfalı hasarın üstündə oturan oğru pişiyi görüb mırıldandı. Fağır sevindi. Vəfalı gəlmişdi deyə Fağır yenə də arxayınlaşmışdı. İndi istədiyi qədər oğurluq eləyə bilərdi.
Kamran baba köhnə qayda üzrə xörək bişirdi. Nimçəsinə tökdü. Həyətə çıxıb ağacların dalında gizləndi, pusmağa başladı.
Oğru pişik gördü ki, mətbəxin qapısı açıqdır. İçəridən ləzzətli bişmiş iyi gəlir. Ağaca dırmaşdı, mətbəxin pəncərəsinə yaxınlaşdı. Bir azdan qab-qacaq səsi gəldi. Vəfalı hürüb axsaya-axsaya mətbəxə girdi. Bunu görən Kamran baba da özünü yetirdi. Fağır ağzında böyük bir ət parçası pəncərədə oturub mırıldana-mırıldana yeyirdi. Beləliklə, Kamran baba əsl oğrunu tapdı.
Kamran baba acıqlanıb pişiyi evdən qovdu:
- Get mənim evimdən... Bir də bu tərəflərə gəlmə...
Pişik tikanlı dili ilə ağız-burnunu yalayıb dedi:
- Miyo...
Vəfalı onun üstünə atıldı:
- Mırrr... Rədd ol burdan, oğru pişik!
Pişik “pfff” eləyib qaçdı. Vəfalı onu müşənin dərinliklərinə qədər qovdu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
