Yaddaş çölünün çağıran çiçəkləri (Əvvəli ötən nömrələrimizdə) - Sadıq ELCANLI

Sənədli povest

 

Bu yazı yadın, yəni yadımda qalanların yadırğalanmayan yollarıdır. O yad və yaddaş yolları qəfildən pıçıldadı ki, bizi də yaz, bu fani dünyada yazıdan böyük sığınacaq yoxdur. Və mən də yaddaş çölünün çağıran çiçəklərinə qulaq asdım, xəyalı körükləyən xatirələr dünyasına üz tutdum.

 

Müəllif

 

***

Şeir yorulmuşdu...

Zamanın sözünü sözün zamanında deməyə, ədəbiyyatı xalqın arzu və istəklərinin hüzuruna, Vətəninin tale qapısına gətirməyə, poeziyanı Füzuli tilsimindən qurtarmağa, yeni yola istiqamətləndirməyə tarixi ehtiyac yaranmışdı. Poeziyanın, bütövlükdə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəxti gətirdi ki, həmin tarixi ehtiyacı Mirzə Fətəli Axundzadə kimi vətənpərvər dahi dərk və qəbul etdi; sonra dərk və qəbul etdiyini ömrü boyu əzablı yollarla, fenomenal fədakarlıqla həyata keçirdi. Bu, çoxdan gözlənilən, arzulanan təzə yolun, yeni bir zirvənin fəthi idi. Bu, çox sonralar böyük bir romanın ünvanına dönəcək "Fətəli fəthi" adında həqiqət idi.

Böyük alim Firudin bəy Köçərli "Azərbaycan ədəbiyyatı" əsərinin birinci cildində Mirzə Fətəli Axundzadənin ədəbi mövqeyi haqqında belə yazıb:

"Mirzə Fətəlinin komediyalarına gəldikdə qəti surətdə deyə bilərik ki, rus drama yazanlarının babası Qoqol və firəng drama yazanlarının babası və ustadı Molyer olan kimi, türk-Azərbaycan ədiblərinin və komediyanəvislərinin atası və yolgöstərəni mərhum Mirzə Fətəli Axundov olub. O yazdığı komediyaların mislini təzə yazıçılarımız hələ yazıb bitirə bilməyiblər. Onun sayəsində bir neçə müqtədir ədiblər vücuda gəlibdir."

O, Füzulini sevirdi, lakin Azərbaycanı Füzulidən də çox sevirdi. Buna görə Azərbaycan poeziyasında, milli-bədii şüur hərəkətində yaranan tarixi tıxacı aradan qaldırmaq üçün kəskin mövqeyini ortaya qoydu, Vaqiflərin, Zakirlərin yeni yolunu müjdələdi...

Dahi sənətkar, qüdrətli tənqidçi-filosof, fədakar ziyalı, Vətənin dağdan ağır dərdlərinə çiyin verən, əlac axtaran böyük vətəndaş Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatında yeni bir mərhələ yaratdı. Azərbaycanın, bütövlükdə Yaxın və Orta Şərqin ilk dramaturqu olmaq şərəfi də ona məxsusdur. O, vətən və xalq yolunda yanmağın, sarsılmaz əqidə ilə bütöv qayəyə doğru getməyin tarixi nümunəsini göstərdi. Dahi Cəlil Məmmədquluzadə bütün bunları göz önünə gətirərək böyük cəsarət və qeyrətli qədirşünaslıqla yazırdı:

"Mirzə Fətəli Axundzadənin barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.

Mirzə Fətəli Axundzadənin barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır".

"Poeziya" verilişinin hərəsi qırx beş dəqiqə həcmində olan 300-dən çox sayı efirə getdi. Bu verilişlərdə ən görkəmli elm və sənət adamları, ədəbiyyat, poeziya biliciləri söz dedi, öz yeni elmi-nəzəri mövqe və münasibətlərini bəyan etdilər. 1500 illik Oğuz-Türk-Azərbaycan poeziya yolunun heç bir uğuru, heç bir enişi-yoxuşu, heç bir sevinci, kədəri qıraqda qalmadı, yaddan çıxmadı. Bu teleproqram haqqında nüfuzlu qəzet və jurnallarda çoxsaylı məqalələr yazıldı, ciddi alim və sənətkarlar tərəfindən yüksək qiymətləndirildi. "Poeziya" verilişini "Azərbaycan, bütövlükdə Türk məkanında analoqu olmayan unikal telelayihə", "Milli ruhun güzgüsü" adlandıranlar da, "Mübarizə aparan və qalib gələ canlı teledərslik", "ziyalılıq məktəbi" kimi qiymətləndirənlər də oldu. İrandan gələn bir şair qonaq "Bu veriliş efirdən köçürülərək kaset halında Təbriz, Tehran bazarlarında əlaltdan satılır" dedi. İraqdan gələn və "Poeziya"nın qonağı olan başqa bir şair "biz hər həftə yığışıb bu verilişə xeyli sənət adamı bir yerdə baxırıq və sonra onu böyük bir eşqlə müzakirə edirik" dedi. Beləcə Quzey Kıprısda, Bolqarıstanda, Makedoniyada, Türkmənistanda, Türkiyədə, Orta Asiyada, Türküstan ellərində, uzaq Uyğurustanda, yaxın Borçalıda, Dəmir Qapı Dərbənddə, bir sözlə türkün olduğu və yaşadığı hər yerdə "Poeziya" verilişini gözlədilər, izlədilər, Azərbaycan televiziyasında reallaşan bu bənzərsiz telelayihənin ruhi səfərbərlik, milli-mənəvi çağırış yollarına qoşuldular, o mübarək yollarda özgədən özə doğru getdilər. Bu, kütlədə xalq, xalqda millət oyadan, etnogenetik yaddaş xəzinəsinin qırxıncı qapılarını açan, böyük, yuxulu tarixi güc sərdabələrində çıraqlar yandıran, o çıraqların işığında ruhumuzun, qəlbimizin ana kitabını varaqlayan, aşkar bildiklərimizin gizlinlərinə güzgü tutan, işıq salan bir veriliş idi. İndi bu cümlələri yaza-yaza akademik Tofiq Hacıyevin Dədə Qorqud şeirlərinə necə güzgü tutduğunu, akademik Rafael Hüseynovun Xaqani, Məhsəti gizlinlərinə necə işıq saldığını, orta məktəb dərsliklərindəki "yalançı həqiqətləri" necə ifşa etdiyini, dövrümüzün böyük türkoloqu, filologiya elmləri doktoru, professor Tofiq Məliklinin qardaş Türkiyənin bizim üçün hələ də qaranlıq olan tarixi və müasir poeziya mənzərələrinə necə aydınlıq gətirdiyini, istedadlı şair Əjdər Olun Mirzə Ələkbər Sabir və Namiq Kamal ədəbi əlaqələri haqqında əsil həqiqəti necə dəqiqliklə aşkarladığını, ədəbiyyat cəfakeşi Azər Turanın Cavidin, eləcə də digər on bir ziyalının gənc yaşlarında Türkiyə səfərinin sirli səbəblərinə necə aydınlıq gətirdiyini, işıq tutduğunu, xalq yazıçısı Söhrab Tahirin Cənubi Azərbaycan, xüsusilə, Məhəmməd Biriyanın gizli həqiqətlərini necə üzə çıxardığını və digər çoxsaylı ilkin deyilən "Poeziya" faktlarını mənuniyyətlə, sonsuz sayğı və fəxarət duyğusuyla xatırlayıram.

Türkiyə poeziyasında Nazim Hikmətdən sonra yeni bir ədəbi cərəyan formalaşır, özünəməxsus bədii-estetik prinsiplərini, öz manifestini bəyan edirdi. Orxan Vəli Qanıq, Oqtay Rifər və Məlik Cövdətin əsərləri toplanmış "Qərib" adlı kitabdan ad alan, Qəribçilər adlandırılan bu poetik istiqamətin əsas hədəfi həyatın bəzək-düzəksiz adiliklərini, gündəlik problemlərini ədəbiyyata gətirmək, şeiri "şairanəlikdən", bədii sözü qafiyəpərdazlıqdan xilas etmək idi.

Saysız-hesabsız hücumlara, ədəbi tənqidlərə sinə gərən bu yeni poeziyanın ən böyük nümayəndəsi cəmi 37 il ömür sürən, 1950-ci ildə sona çatan az ömründə çox işləri görməyə qadir olan Orxan Vəli idi.

O, Türkiyə poeziyasında "Qəribçilər" mərhələsi adlandırılan yeni şeirin həm ustad şairi, həm də fədakar nəzəriyyəçisi oldu. Şeirlərindən adiliklərin səsi gəlirdi. Həyatın gündəlik qayğıları, problemləri, çılpaq həqiqətləriylə nəfəs alırdı, poeziyanın az qala min illik ənənələrinə, qayda-qanunlarına baş əymirdi Orxan Vəli şeirləri. O, poetik duyğunu olduğu kimi ədəbiyyata gətirməyə, şeiri söz, qafiyə "estetizmi"ndən xilas etməyə çalışır və buna nail olurdu. Bu, Orxan Vəlinin qəribə, əcaib anlamına gələn "Qəribəçiliyi" idi...

Orxan Vəli şeirləri ilə ilk dəfə "Poeziya" proqramında tanış olan əksər tamaşaçılarımız 60-70-ci illərdə yenilik kimi təqdim edilən bir sıra şairlərimizin poetik "uğurlarında" Orxan Vəli köhnəliyinin də şahidi oldular... Və ona da şahid oldular ki, həmin köhnənin ilki-əzəli də Fransız şeirindən gəlmişdi...

Zaman sürətlə axıb keçir, tarixin hər yeni dövrü poeziyaya öz tələb və təkliflərini ünvanlayır, öz damğasını vururdu...

Ötən əsrin ortalarında Türkiyə poeziyasında yeni bir ədəbi mərhələnin başlandığı gerçəkləşdi. Doktor Mehmet Can Doğan "1940-ci ildən 1963-cü ilə qədər Türk şeiri" adlı fundamental tədqiqat əsərində yazır:

"1954-cü ildən başlayaraq "Yeditəpə", "Mavi", "Qaynaq", "Təkamül", "Varan", "Şeir sənəti", "İstanbul", "Şmdilik", "Açıq oturum", "Sirlər yarpağı", "Yenilik" kimi dərgilərdə və "Bazar postası" qəzetinin Sənət-ədəbiyyat səhifələrində çap olunan şeirlərdə fərqli bir söylənişin izləri müşahidi olunur. İlhan Bərk, Ədib Cansevər, Turqut Uyar, Sezai Qaraqoç, Camal Sürəyya və Əcə Ayxanın 1954-56-cı illərdə bu dərgilərdə çap olunan şeirlərindən bəzilərini anmaq lazımdır".

Ötən əsrin 50-ci illərində Türkiyə poeziyasında gerçəkləşən 2-ci yeni ədəbi cərəyanın bədii estetik nəticələri, davam və inkişaf yolu iki cildlik "Türk ədəbiyyatı tarixi" əsərində belə qiymətləndirilir: "Ortaya çıxdığı dönəmin siyasi və sosial şərtləriylə də birbaşa əlaqəli olan II yeni şeiri modern türk şeirinin güclü və önəmli bir həmləsidir. Toplumçu sənət anlayışını önə çıxaran poetik söyləmləri kəskin tənqidlərlə qarşılansa da, öz təsirini ortaya çıxdığı illərdən günümüzə qədər sürdürmüşdür. Özəlliklə 1980-ci ildən sonra şeirin yönünü yenidən öz kanalına çevirmiş və gənc şairləri yönləndirmişdir. 1980-ci illərin poeziyası 1990-cı illərin gənc şairlərinin poetikalarını aktuallaşdırmış, onların şeir təcrübəsindən maksim dərəcədə yararlanmışdır."

Bir də onu xatırlayıram ki, "Poziya" verilişinin aparıcısı, adətən vaxt qıtlığından gileylənən Anar heç vaxt vaxt çatışmazlığından şikayətlənmədi, həqiqi bir fədakarlıq, yüksək ziyalı mədəniyyəti nümunəsi göstərdi. O, "Poeziya" verlişinin hər sayında gizlinlərin üzə çıxmasına, qara, qaranlıq, qarışıq səhifələrin aydın təqdimatına, boz, ağ səhifələrin yenidən yazılmasına çox böyük mənəvi enerji, titanik qüvvə sərf etdi.

Antitürk, Antiazərbaycan qüvvələrin ara-sıra baş qaldırdığı, meydan oxuduğu, suları bulandırdığı bir zamanda Anarın rus dilində çap etdirdiyi üç nəhəng kitab müstəqil Azərbaycan dövləti və dövlətçiliyinin tarixi və müasir həqiqətlərini bir daha ortaya qoydu, dünya məktəbxanasında öz böyük, möhtəşəm müəllimliyini bir daha etdi. Və o, "Poeziya" verilişində də əvvəldən axıradək bu şərəfli, tarixi missiyanı səbrlə, dözümlə, bir daha təkrar edirəm ki, məhz fədakarlıqla həyata keçirdi. Bütün bunlara görə, çoxlarının bildiyi, bəzilərinin səbrlə gizlədiyi bir həqiqəti bir daha aşkar şəkildə qeyd etməyi bu məqamda özümə borc bilirəm: Bir vaxtlar Mirzə Kazım bəy və Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabi və Cəlil Məmmədquluzadənin, Hüseyn Cavid və Üzeyir Hacıbəylinin... gördükləri işi bu gün Anar və bir neçə başqası görür, əsil fədakarlıqla davam və inkişaf etdirir. Və mən bir vaxtlar Mirzə Cəlilin Mirzə Fətəli haqqında dediyi iki cümləni məmnuniyyətlə Anara da şamil etmək istəyirəm:

Anar barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.

Anar barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!