Yaddaş çölünün çağıran çiçəkləri (Əvvəli ötən nömrələrimizdə) - Sadıq ELCANLI

Sənədli povest

 

Bu yazı yadın, yəni yadımda qalanların yadırğalanmayan yollarıdır. O yad və yaddaş yolları qəfildən pıçıldadı ki, bizi də yaz, bu fani dünyada yazıdan böyük sığınacaq yoxdur. Və mən də yaddaş çölünün çağıran çiçəklərinə qulaq asdım, xəyalı körükləyən xatirələr dünyasına üz tutdum.

 

Müəllif

 

 

***

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar İttifaqının katibi, böyük insan və yazıçı Hüseyn Abbaszadənin məsləhəti və göndəriş məktubu ilə o vaxt əsl əmək cəbhəsi sayılan Neft Daşlarına getdim. Rəhbərliyin Geoloji Kəşfiyyat idarəsində və "Neft Daşları" qəzetində yüngül iş təkliflərinə qəti etiraz edərək, ən ağır sahəni - Quyuların Yeraltı Təmiri sexini seçdim və altı aylıq razılaşmaya baxmayaraq, düz bir il həmin ağır işdə çalışdım.

Bu bir ildə əsl həyat universitetini bitirdim; üstəlik "Ədəbiyyat və incəsənət" qəzetində ondan artıq hekayəm, bir qədər sonra - "Azərbaycan" jurnalında Hüseyn Abbaszadənin təqdimatıyla, "Ön sözü"ylə "Əbədi sevginin xatirələri" romanım, "Ulduz" jurnalında "Sükutun sonu" povestim çap olundu və çox böyük maraqla qarşılandı.

Sonra Cəlil Məmmədquluzadənin ev-muzeyində elmi işçi, Azərbaycan Kitabsevərlər Cəmiyyətində redaktor işlədim. Sonra Azərbaycan Televiziyasında, "Ədəbi-dram verilişləri" redaksiyasında ştatdankənar müxbir oldum.

Və günlərin bir günü sadə, işıqlı, halal bir adam olan baş redaktor Nahid Hacızadə mənə dedi ki:

- Mirzə, Elşad müəllim sənin "Palitra" verilişini yaman bəyənib, sabah toy kostyumunu geyinib gəlsən, sədrin qəbuluna gedəcəyik.

Allahımdan çox razıyam ki, həyat yolumun mühüm məqamlarında həmişə rastıma xeyirxah insanlar çıxıb. Azərbaycan Teleradio Verilişləri Komitəsinin sədri Elşad Quliyev də belə xeyirxah, işıqlı insanlardan biri idi...

Təxminən, bir saatlıq görüşdən, mənim Azərbaycan Televiziyası ilə bağlı coşqun "fəlsəfi" danışığımdan, bir qədər də tənqid və tərifimdən çox razı qalan rəhmətlik Elşad Quliyev Nahid müəllimə dedi:

- Yarım saata bu cavan oğlanın raportunu yaz gətir.

Nahid müəllim özünəməxsus təbəssüm və məmnunluqla dilləndi:

- Oldu... - Bir qədər susub əlavə etdi: - Yəqin ədəbi işçi ştatına...

O vaxt Azərbaycan Televiziyasının redaksiyalarında qələm adamlarının ən aşağı ştat vəzifəsi ədəbi işçi idi. Nahid müəllim ənənəvi olaraq mənim də jurnalist karyerama ədəbi işçi kimi, ilk pillədən başlayacağımı düşünürdü, sədrin susduğunu görüb bir də təkrar etdi:

- Ədəbi işçi ştatına? İlk pillədən başlasa yaxşıdır...

Və Elşad Quliyev otuz beş illik televiziya yolumun ən böyük, unikal cümləsini dilə gətirdi:

- Nahid, yaxşılığı yaxşı eləyərlər, demirsən ki, hazır, bişmiş kadrdır, niyə on-on beş il sürünməlidir, qoy başqaları ilk pillədən başlasın, bunu isə birbaşa böyük redaktorluğa yaz...

Səhv etmirəmsə, mən Azərbaycan Televiziyasında ştatdankənar müxbirlikdən böyük redaktor ştatına birbaşa qəbul edilən ilk jurnalistlərdən oldum...

Bir neçə başqa yazılarımda, "Mənim mövqeyim" adlı publisistik kitabımda da minnətdarlıqla xatırladığım bir epizod həyat və yaradıcılıq yolumun Azərbaycan Televiziyası ilə qovuşmasında həlledici amil oldu. Düzdür, hələ tələbəlik vaxtlarından Azərbaycan Radiosu ilə əməkdaşılıq edirdim, "Ədəbi-dram" və "Uşaq" verilişləri redaksiyalarına ssenarilər yazırdım. Mən tələbə olanda və pulum olmayanda "Bulaq", "Gənclik", "Savalan baba" və başqa verilişlərə (Bu məqamda istedadlı yazıçı-publisist, böyük xeyirxahım Rafiq Savalanın - Rafiq Ağayevin o vaxt mənə etdiyi təmənnasız yaxşılıqları qədirşünaslıqla xatırlayıram, ona Allahdan uzun və xoşbəxt ömür arzulayıram - S.E.) ssenarilər gətirər, sonra bir ərizə yazıb əvvəlcədən 60 manat alar və kasıb tələbəçiliyimin min bir qayğısını yola verərdim...

Beləcə, tələbəlik illərimdən, yəni yaradıcılığın sirli-sehrli, acılı-şirinli, əzablı yollarına çıxdığım ilk vaxtlardan Azərbaycan Radiosu və Televiziyası əllərimdən tutdu, mənə arxa, dayaq oldu, ömrümün, taleyimin dogma yurd yerinə, əzəli vətəninə döndü. İllər ötdü, Azərbaycan Televiziyasındakı fəaliyyətimə görə respublikanın Əməkdar jurnalisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi fəxri adlarına, Beynəlxalq Rəsul Rza, Mikayıl Müşfiq mükafatlarına, Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalına, bütövlükdə ondan artıq müxtəlif təltiflərə layiq görüldüm. Jurnalistlər məhəlləsinin ilk on yeddi mərtəbəli binasında mənə ikiotaqlı ev verildi.

 

***

Günlərin bir günü AzTV-nin yeni sədri, köhnəlməyən köhnə dostum Məmməd İsmayıl məni təzə kabinetinə çağırdı və səmimiyyətlə dedi ki, sən orada ola-ola dostum Aydın İbrahimovu - Köçərlilərin kürəkənini Ədəbi-drama baş redaktor təyin edə bilmirəm, vicdanım yol vermir. Dedim ki, Aydın müəllim istedadlı, layiqli adamdır, mənə görə heç bir problem yoxdur, onu baş redaktor təyin edin.

- Yox, - əlini ürəyinin üstünə qoydu, - bu, imkan vermir. Səni "Azərbaycantelefilm"ə direktor göndərirəm, sənin yüksək səviyyənə tarix üçün işləmək yaraşar...

Və bir müddət sonra AzTV-yə yeni Sədr təyin olunan professor Nizami Xudiyev məni çağırdı həmin kabinetə:

- Sənin kimi yüksək səviyyəli yazıçı-jurnalistin "Azərbaycantelefilm"də nə işin var; sən tarix üçün yox, bu gün üçün işləməlisən! Bu gün ciddi, səviyyəli verilişlərə daha çox ehtiyacımız var...

- Qısa müddətdə ondan artıq sənədli film, "Bəsdir, ağlama" adlı bədii televiziya filmi çəkmişik, xeyli yarımçıq, istehsalatda olan filmimiz var...

- Onlara da müvəqqəti olaraq nəzarət edərsən, amma əsas işin "Ədəbi-dram"ı ayağa qaldırmaq olacaq!

Beləliklə, AzTV-nin ən böyük redaksiyasına - "Ədəbi-dram verilişləri baş redaksiyası"na baş redaktor təyin edildim. Qısa müddətdə keyfiyyətli, yeni verilişlər dalğasına qapı açdıq.

Epoxal dəyişikliklər başlayır, Vətən inadla, ümidlə çağırırdı; o müqəddəs çağırışlara üz tutub "Vətən" verilişini yaratdıq.

İstedadlı yazıçı, öz yolunu yaradan dramaturq, yüksək səviyyəli ədəbiyyatşünas-alim, fədakar ziyalı, sözün böyük mənasında millət fədaisi, həqiqi vətən təəssübkeşi (Bu ürəkdən gələn sözləri yaza-yaza onu da düşünürəm ki, Elçin nəhəngliyinin tam, dolğun miqyaslarını dəqiqliklə ifadə edə bilmirəm - S.E.) Elçin "Vətən" cəmiyyətinin sədri, eləcə də "Vətən" verilişinin aparıcısı kimi o qarışıq, qaynar-qanlı dövrdə möhtəşəm ziyalı missiyasını layiqincə həyata keçirə bildi, zamana öz mübarək möhürünü vurdu. Sonralar baş nazirin müavini olan Elçin bir an da yorulmadan, usanmadan, bezmədən, çəkinmədən öz tarixi missiyasını on illər boyu şərəflə davam və inkişaf etdirdi, M.F.Axundzadələrin, H.Zərdabilərin, Sabirlərin, Mirzə Cəlillərin müqəddəs tarix yolunun milli-mənəvi davamçısı, məğlubedilməz bayraqdarı oldu.

Yeni dövr yeni dəyərlər, yeni vətəndaşlıq missiyası tələb edirdi; o tələblərə qoşularaq "Vətəndaş" verilişini yaratdıq. Aparıcısı professor Vaqif Arzumanlı oldu. Vətənin quzeyindən güneyinə, Arazın tikanlı məftillərlə bağlı o tayına boylana-boylana "Araz" verilişinə yol açdıq. Qədim və qüdrətli dilimizin tarixi və çağdaş uğurlarını layiqincə qiymətləndirmək, yuxulu yaddaş yollarına güzgü tutmaq ümidiylə "Azərbaycan dili" elmi-publisistik proqramını ekranlara gətirdik. "Azərbaycan dili" elmi-publisistik proqramının ilk aparıcısı akademik Tofiq Hacıyev, sonra professor Nizaməddin Şəmsizadə, daha sonra uzun illər boyu akademik Nizami Cəfərov oldu.

Dahi dərdkeşimiz Mərzə Cəlil Məmmədquluzadənin "Sizi deyib gəlmişəm" çağırışına qoşularaq "Molla Nəsrəddin" satirik telejurnalına yaşıl işıq yandırdıq. Klassik və müasir poeziyamızın aşkar gizlinlərini, zirvə həqiqətlərini yeni zamanın gündəminə gətirmək məqsədiylə "Şam işığında", "Poeziya", "Gülüstan" ədəbi-bədii verilişlərinə meydan verdik... Beləcə onlarla yeni, aktual teleproqram AzTV-nin ekranlarını bəzədi, zamanın sözünü sözün zamanında deməyə, əsil həqiqətləri car çəkməyə başladı. Elçin, Anar, Kamal Abdulla, Tofiq Hacıyev, Nizaməddin Şəmsizadə, Nizami Cəfərov, Məhərrəm Qasımlı, Füzuli Bayat, Cəfər Qiyasi, Əjdər Ol, Yunus Oğuz, Azər Turan, Rəşad Məcid kimi əsil elm, ədəbiyyat, mədəniyyət fədailərinə AzTV-nin qapılarını taybatay açdıq; kütlədə xalq, xalqda millət oyadan, Azərbaycanı yuxulu və qüdrətli yaddaş enerjisi ilə qovuşduran, səfərbər edən verilişlər uğrunda yorulmadan, bezmədən mübarizə apardıq; uğurlarımız Qızıl fondda tədqiqatçılarını gözləyir...

Son əlli ildə yazdığım, dövri mətbuatda və kitab halında çap olunan beş romanımı, on bir povestimi, yüzdən artıq hekayəmi oxuyanlar, "Azərbaycantelefilm"in direktoru, daha sonra AzTV-nin "Ədəbi-dram verilişləri baş redaksiyası"nın baş redaktoru kimi çəkdiyim yetmişdən artıq sənədli filmlərə, minlərlə verilişlərə baxanlar, eləcə də on illər boyu çap olunan, sayı yüzü çoxdan keçən ədəbi-publisistik yazılarımla tanış olanlar şahiddir ki, mən həmişə Azərbaycanın tarixi və müasir dövləti və dövlətçiliyinin yanında olmuşam. Fəxrlə deyə bilərəm: Fatehlər fatehi ulu Atilla, nəhənglər nəhəngi, dahi şair-hökmdar Şah İsmayıl Xətai, milli dövlətçilik yaddaşımızın zirvə sərkərdəsi, qaliblər qalibi Nadir şah Əfşar, "Bir kərə yüksələn bayraq bir daha enməz" inam və inadıyla şərqdə ilk türk cümhuriyyətini - Azərbaycan Demokratik Respublikasını yaradanların önündə gedən Məhəmməd Əmin Rəsulzadə ... haqqında ilk fundamental teletəqdimatların, eləcə də Ulu öndər Heydər Əliyev haqqında çəkilən "Tikdim ki, izim qala" adlı ilk sənədli teleserialın, bütövlükdə H.Əliyevə həsr olunan 22 sənədli filmin ssenari müəllifi və redaktoru olmuşam, on illər boyu AzTV-nin ağır yükünü çəkənlərdən biri kimi Azərbaycan xalqına və dövlətinə şərəflə xidmət etmişəm və bundan zərrə qədər də peşman deyiləm.

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!