İnstitutun üçüncü qatında pəncərənin önündə göyərçinlərin qurultusu gəlir, heç xoş səs deyil, amma neyləmək olar, bir-biri ilə savaşmadığına inandığımız bu sülh quşları ilə biz də barışmağa məcburuq. Onları qapı-pəncərəmizə builki taxıl qıtlığı gətirmişdi. Əslində bu qıtlıq təbiətin şıltaqlığından deyil, 30 ildən çox davam edən müharibə ucbatından təbiətin bu qanadlı canlılara bəxş etdiyi başaq dəni yoxa çıxmışdı.
Elmi-Texniki Şurada müzakirə olunan məsələlərdən biri də milli genefonda aid olan mədəni bitkilərin yeni sort və formalarının çoxaldılıb reintroduksiya edilməsi və yüksək repreduksiyalı çeşidlərlə taxıl sahələrinin genişləndirilməsi idi.
Seleksiya İnstitutunun təcrübə sahələrinin məhsulu yığılıb toplanmalı, təmizlənib qurudulmalı, çeşidli elit sortları seçilib laboratoriyada işlənməli, xüsusi mühafizə olunan soyuducu kameralarda qorunub saxlanması üçün Milli Genbanka təhvil verilməli idi.
...Düşüncələrdən yorulmuşdu...
İki il əvvəl idi, taclı virus Çin səddini aşıb dünya ölkələrinin sərhədlərini bağlamışdı.
İki il əvvəl idi, uzaq rayonlarındakı quraq ərazilərdə, dəmyə sahələrdə uzun illərdən bəri seleksiya yolu ilə əldə olunmuş çox perspektivli buğda sortunu toplayıb işləsə də, nümunələri təhvil vermək fürsəti olmamışdı... Topladığı bir neçə kisə ən yaxşı buğda sortu çölün, biyabanın düzündə - balaca anbarın küncündə qalmışdı. Ətraf döyüş meydanına çevrilmişdi.
Qarabağın bu qəhrəman şəhərinə atılan mərmilərin sayı on mini keçmişdi. Adamlar on min dəfə diksinmiş, uşaqlar on min dəfə böyümüşdü, qadınlar on min dəfə göz yaşı tökmüşdülər. Kişilər on min dəfə ah çəkib içdən aşağılanmışdılar. Nankor düşmənin yaxşı tanıdığı Qarabağ bölgəsinin hər qarışı od tutub yanırdı, bu torpaqların yaxın illərdə dən bitirəcəyi inandırıcı deyildi.
...Düşüncələr onu bir an rahat buraxmırdı.
Qrad mərmiləri onsuz da boş qalmış uçuq binaların divarlarına dəyib toz qaldırırdı. Dam-daş dağılır, canlı aləmdən bir əsər-əlamət qalmırdı, sanki bu yerlərdə heç vaxt həyat olmayıb. Uzaqda tək-tük ağac kötükləri gözə dəyirdi. Torpağın gözü tutulmuşdu, nə bir ağac, nə arx, nə də artezian quyuları görünürdü. Hər yanı, hər tərəfi nəfsi bitib-tükənməyən müharibənin odu-alovu qarsmışdı.
Atəş səsləri yaxında idi, raketlərin uğultusu 27 il əvvəlki kimi başı üstündən keçib yaxınlıqdakı ərazilərə düşürdü. Hamı qaçıb canını qurtarmaq istəyirdi, təpənin arxasında gizlənən bir neçə texniki işçidən savayı heç kim görünmürdü. Təpəgöz, quyruqsuz bir kərtənkələnin də çılpaq daşın üstündə süngər tikanlı bədəni titrəyirdi.
Düşündü. Yenə şanssızlıq, bu üçüncü cəhdi də yarımçıq qalacaq. "Allahım, bu mənim son şansım idi. Mənə köməyini əsirgəmə, Allahım. Əcdadların - dədə-babaların bu əmanətini artırıb çoxaltmaq, gələcək nəsillərə çatdırmaq bizim borcumuz idi". Gücü çatan bir neçə qıvraq kisə dəni qaldırıb çiyninə atdı, bu əmanəti qorumaq üçün qonşu rayonların birinə aparıb saxlamaq, sonra bir eygili zamanda təhvil vermək olardı. Amma hara, yaxın kəndlər, qəsəbələr müharibənin cəngində idi.
Yüz kilometr uzaqda şəhər vardı - Gəncə, hə, ora arxayın olmaq olar. Atəş bölgəsindən çıxdığına sevindi. İndi fikri yalnız buğda kisələrində idi. Bu sort seçiminə aid elmi məqaləsi xarici sertifikatlı jurnallarda dərc edilmişdi, amma işin texniki tərəfinin icrası müharibənin bitməsinə qalmışdı. Elmi-tədqiqat işi bu bölgə üçün nəzərdə tutulmuşdu, stres amillərinin statistik göstəricilərinin, çoxtərəfli hibridlərin müşahidə altında olan ölçülərinin, yumşaq buğdanın çörək sənayesində vacib qida elementi olmasının seminar şəklində müzakirəsi bitmişdi. Onsuz da bir hissəsi işğal olunmuş ərazilərin torpaq-iqlim şəraiti haqqında məhdud məlumat var idi, ərazilərin şum altında olan münbit torpaqları, yəqin ki, çoxdan aşınmış, eroziyaya uğramışdı.
***
Taksi sürücüsü yerli idi və tanıdığı yerə sürməyi tapşırdı.
Gəncə çayı payız dövrünü yaşayırdı, suyu sovrulmuşdu, ancaq öz məcrasına sadiq qalmaq gücündə idi, axarını itirməmək üçün bulana-bulana axırdı. Köhnə univermağın yanından keçib sağa buruldu. Ünvana çatdı, döyüş yoldaşının qapısı açıq idi. Telefonla zəng eləyib gözlədiyini söylədi.
Maşın getdi, torbaları səliqə ilə qablaşdırmışdı. İndi rahat nəfəs almaq olardı.
***
Noyabrda 65 yaşı olacaqdı, deməli, təqaüd yaşına çatmışdı, işdən getməyə məcbur eləməsələr, elmi işini davam etdirə bilərdi.
Yoldan keçən maşınların işığında bir vahimə vardı, nə isə çox narahat idi. Şəhərin işığı bir siqaret közünün işıqlandırdığı qədər idi. Bu yarıqaranlıq dünyada darvazaya çatıb araladı və kimsəsiz evinin qalın kölgəsinə buruldu. Evdən neft iyi gəlirdi.
Lampanı yandıran kimi qəfil divarda gözlərinə bir iri kölgə göründü, uzun quyruqsuz, suyumsuz bir kərtənkələ idi. Deyəsən, onun yaşadığı yeri tanıyırdı. Gündüz titrəyən süngər bədənli, bu soyuqqanlı sürünən deyəsən, onu dişinə vurmuşdu. Deyəsən, onu çoxdan izləyirdi. İri domba gözlərini bəni-adəmdən çəkmədən sanki divardan yapışıb qalmışdı. Bu boz kabusun kölgəsi çox böyük idi, yarı pəncərədə tamamlanırdı. Soyunmadı, yatağa uzandı, yuxuda həmin kərtənkələ ilə sevişirdi. Bu quyruqsuz məxluq onun altında enib qalxır və onun boyu bərabərində böyüyürdü... Deyəsən, hiss etmişdi ki, uzun zamandı sevgi yaşamır, sevişməyi yadırğamışdı. Bu gecələrdə Ay doğulmamışdı, ulduzlar da seyrəlmişdi. Əslində göyə boylanmağa vaxt tapmamışdı, gözünü göyə çəkən işıqlı və amansız atəşlər idi. İşıq saçan mərmilər, markalı raket səsləri idi onu yuxarı baxmağa cəlb edən. Göydən səpələnən ölüm oxları isə hamını yerə yatmağa, torpağa sinməyə məcbur etmişdi. Bu torpaq uğrunda savaşan ərlər həmin an nicatını yerdə - torpaqda tapırdı. Qorunmaq üçün yerə yatırdı, yenidən dikəlirdi. Torpaq bizimdi, həm də bizim gorgahımızdı, əzəli və son mənzilimizdi. Həm sevgimizin, həm də eyibimizin son örtüsüdü.
Qəfil səslərə oyandı, ətrafdakı təlaş həmişəki kimi deyildi, sanki bu təlaş yüz kilometr aralıda - Suqovuşanda baş vermişdi. Yoox, bu təlaş - hadisə bir qədər şimalda - Gəncədə idi. Nə baş verirdi? Terror törədilmişdi, Gəncəyə mərmi atılmışdı. Dinc əhalidən ölən, yaralanan var idi. Düşmən qəddar və azğın idi; son gücünü toplayıb bu qədim şəhərdə iğtişaş salmağa çalışmışdı. Amma gəncəlilər terrora dözümlü bir gülüşlə cavab vermişdi. "Qadan alım" kəlməsi dillərindən bir an belə düşmədi. Qadınlar öz ləyaqətlərini qorumaq üçün bütün savaş boyu paltarlı yatdılar, paltarlı durdular. Şəhər öz həyatını - gecəsini, gündüzünü daha çox sevdi, adamlar deyir, gülür, yaşamağa davam edirdilər.
Bu davamın arxasında itmiş buğda dənələrini axtaran O da vardı, eşidən kimi Gəncəyə yol almışdı, zənginə cavab gəlməmişdi.
Dostunun telefonu əbədi olaraq susmuşdu.
Qəmgin baxışların selində işıqlanan göz də vardı, o idi, itiyi tapılmışdı. Kisələri körpə balası kimi qucaqlamışdı. Bir el misalı fikrindən keçdi: kasıb itirdiyini tapanda sevinir. Mühafizəçilərin sorğularına cavab verib ərazidən aralandı. "İndi nə etməli?", "hara getməli?" sualları bir-birini əvəz edirdi.
Səndələdi, qəflətən bir ayağına dirənib durdu və eşidiləcək səslə "Bərdə" dedi. Bu ümid qoluna girib onu sual içindəki bulanıq düşüncə gölündən çıxardı. "Gərək elə əvvəldən əmanəti bu qədim Nüşabə şəhərinə aparaydım". Bərdədə bazara yaxın kollecdə müəllim tanışı vardı. İndi orada ehtiyatda olan əsgərlərin yeməkxanasında inzibatçı idi.
Müharibə adamları ürəyiyuxa etmişdi. Kisələri rayona gətirməyə razı olan taksi sürücüsü onu haqq almadan mənzilə çatdırdı. Müəllim onu qarşıladı, hər zaman şux görməyə adət etdiyi tanışının üst-başına, əzginliyinə baxıb nəsə baş verdiyini duydu, təlaşla nə olduğunu soruşdu, rahatlanmaq üçün yer göstərib özü də onunla üzbəüz oturdu.
Bir neçə zabit yuxusuz gözləri ilə onu süzürdü. Dostu ilə dilləşdi, kisələri ona təslim edib toxdadı, ara sakitləşəndə bu kisələr üçün gələcəyini dönə-dönə təkrarladı. Bu ara zabitlərin biri müəllimi kənara çəkib nəsə sorğu-sual edirdi. Heç vaxt eyninə gəlməzdi ki, ondan şübhələnə bilərlər. Əslində hər nabələd adam yoxlamasız keçə bilərdi. Amma deyəsən, müəllim bu peşəkar hərbçiləri inandıra bilməmişdi. Əvvəl kisələri yoxladılar, yarlıqların üstündəki latın qrafikalı yazıların - genetik nümunənin latın adı onları çaşdırmışdı: Start, Lider, Maya, Turan...
Yarıqaranlıq otaqda onu yenidən sorğularla bezdirirdilər. Sinirləri gərilir, bu qarışıq vaxtda cəncələ düşdüyündən qəzəblənirdi. Artıq mənasız suallardan yorulmuşdu və bu vaxt telefonuna zəng gəldi, institutdan idi. İnstitutun direktoru, akademik Təbriz Gəncəli təmkinli səsi ilə onu zabitlərin cəngindən xilas etdi. Rahat nəfəs almaq olardı. Əmanətin etibarlı əldə olduğuna arxayınlaşdı, getdi, öz neft iyi verən mənzilinə qayıtdı.
Yadına düşdü ki, dünəndən bəri təhlükəsiz yerdə sığınacaq tapan övladları ilə danışmayıb. Danışdı və toxtadı.
***
Düşmən geri çəkilirdi, deməli, qələbə yaxındı. Düşmən geri çəkilirdi, deməli, tezliklə bu şəhərdə də həyat öz axarına düşər. Bağ-bağçalarda payızlıq bar-bəhər sahibinin ürəyinə qut salar. Adamlar çoxdan unutduğu muğam sədalarını dinləyə-dinləyə halallıqla gün-güzəranını babatdaşdırar. Söküklərini gözüyər, uçuqlarını, əyrisini dikəldər.
Keçən bir həftə də sakit ötüşmədi. Hər gün top, güllə səsi eşidilsə də, buna adət etmiş insanları qorxutmurdu. Əvvəllər dəfn mərasiminə, məzarlığa da raket atan erməni ordusu son nəfəsində yenə harda gəldi dinc insanları hədəfə alırdı.
"Düşmən uduzduğunu eşşək balası kimi başa düşürdü". Gəncəyə atılan raket mərmiləri bütün dünyaya bəlli idi, amma dünya dövlətlərinin susqunluğunu görən erməni Qarabağdan uzaq bu böyük şəhəri ikinci dəfə də raket atəşinə tutdu. Səkkiz körpə uşaq qəbri...
Daha bir həftə keçdi, böyük şəhərə yenə raket atılmışdı, dağıntı, tələfat haqqında xəbərlər vardı, düşündü ki, nə yaxşı, bu genetik nümunələri gətirib Bərdədə saxlamağa qərar verib. "Nə bilmək olardı, bəlkə... yox, yox, Allah uzaq eləsin, qoy heç kim bu müharibənin acısını çəkməsin".
Günortaya az qalmışdı, amma axşam yediyinin üstündə idi, aclığını hiss etsə də, tələsmədi. Bərdəyə gedib müəllim dostuna baş çəkib gələr, həm də əmanətindən bir xəbər rahatlığı tapardı. Avtobus sanki getmək istəmirdi. Sürücü də arın-arxayın siqaret çəkir, daha çox sərnişin toplamaq üçün hərdən səslənirdi. Nəhayət, yola düşdü, ağaclıqların arasındakı asfalta çıxdı. Əslində uzaq yol da deyildi. Şəhərə az qalırdı. Amma ağaclar da, kollar da, yol nişanları da, elektrik dirəkləri də təhlükə hiss edirmiş kimi geriyə qaçırdı. Bir an doğrudan da, güclü bir səs qulaqlarının pərdəsini yelləndirdi.
Yaxınlıqdakı mərkəzi yolda maşınlar da, adamlar da vahimə içərisində idi. Böyük partlayış səsi idi. Mərmilər yaxında partladı. Dağıdıcı raketlər insanların sıx olduğu ticarət yerlərinə atılmışdı.
Şüşə cingiltiləri... sınan nə varsa, sınmışdı, onlarla maşın yanırdı, ticarət obyektləri, marketlər od tutmuşdu. Hər yanda qışqırıq haraylanırdı. Adamlar bu qədər həyasızlıq gözləmədiyindən çaşbaş qalmışdı. Düşmən öz düşmənçiliyinin ən yaramaz məqamında idi. Öz hiyləsini, fitnəsini saldırmaqda davam edirdi.
Kisələrin saxlandığı həmin bina da alovun içində idi. Tanış müəllim yox idi, qaranəfəs ora-bura qaçır, bir kimsəyə nə axtardığını anlada bilmirdi. "Genetik nümunə" desə də, heç kim anlamırdı, "buğda toxumu" deyən kimi onun kontuziya aldığını düşünürdülər, "kisə" deyəndə, "Bu hay-hayda kisə vaxtdırmı?" söylənirdilər.
Üzünü göyə tutdu: "Allahım, bu nümunələr axı hər kəsə lazımdı, bütün bəşər buğdaya möhtacdı axı. Niyə bu matahı salamat saxlamaq belə çətindi, Allahım? Niyə bir ovuc buğdanı saxlamağa salamat bir yer tapmaq olmur?
Bir gün göy yarılsa, yer üzünü su alsa, şumumuz necə ola bilər?
Dənsiz torpaq kimə gərəkdi?
Bu müharibələri kimlər törədir axı, bu qırğınları kim salır?
Yer üzündə hər gün nə qədər uşaq acından ölür. Bilirsənmi, aclıq bəndəni necə rəzil edir? Aclıq, qıtlıq adamı adamlıqdan çıxarır, onu oğruya, qatilə çevirir. Eşidirsənmi, Allahım, yoxsa ağır eşidirsən? Allahım, ətəyindən öpürəm, əllərindən öpürəm, insanlara yazığın gəlsin. Onları buğda dənəsinə möhtac eləmə, qarşında diz çökürəm, yalvarıram.
Mən qonşu Həsrətin, Hicranın, ağlı-qaralı, irqli-irqsiz yer üzünün bütün adamlarının, onların nəvə-nəticələrinin aclıq çəkməsini istəmirəm. Mən, hətta torpağıma göz dikən bu mənfur düşmənin də ac-yalavacları üçün üzümü sənə tuturam. Bu taxıl zəmilərini müharibə alovlarından qoru, insan soyuna yazığın gəlsin.
Qoy günəş buğda zəmiləri üçün parlasın, ay işığında rüzgarın xəfif əsintisindən saçaq sünbüllər dalğalansın. Qar örtüyü taxılları soyuqdan, şaxtadan qorusun. Qoy güllələr sussun, toplar, mərmilər arxivdə çürüsün. Qoy insanlar dibi dəhnədən bir-birlərini sevsinlər. Birlikdə əksinlər, becərsinlər, biçsinlər. Qoy insanların taxıl sarıdan gözü tox olsun!"
Ey Adəm övladları, eşidin! Təbiətin tarazlığını pozdunuz, Allahın bu əmanətini - Matahını qoruyun. O zaman özünüzü qorumuş olarsınız. Torpağınızı qoruyun, əkin, biçin, qoy taxılınız bol olsun. Qarışqa qədər təpəriniz olsun. Şumlanmış torpaqların ətrini ciyərlərinizə çəkin. Torpaqdan qalxan istilikdən həzz alın. Ruhunuzla, cisminizlə nəfəs verin, dənləriniz cücərsin, tale bu şansı verib ki, insanlar taxıl sarıdan korluq çəkməsin. İnsanlar çörək qıtlığı ilə təkbaşına qalmasın. Təbiət öz matahını sizdən əsirgəmədi, siz də onun matahını özünüz üçün saxlayın, qoruyun, səmərəli istifadə eləyin, çörək bolluğu yaradın.
Bu yumşaq elit buğda sortundan keyfiyyətli, qidalı çörək olur.
Dikəldi və...
Anbara keçdi, qapı açıq idi, küncdə bir tığ un taylarının yanında balaca kisələrini gördü, genetik nümunələr sağ idi. Kisələri qucaqlayıb uşaq kimi ağladı.
Öz təmkini, ağırlığı ilə tanınan ahıl kişi bu yaşda göz yaşları axıdırdı, sel, su yanaqlarını isidirdi. İtmiş geninin bərpası üçün çalışmaq ən böyük hünər idi, O, sevinirdi, sevincindən ağlayırdı.
...Hə, iki il əvvəl idi.
Bakı, Azadlıq prospekti 155.
2022-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
