Azpandemi trendindən reportajlar (Əvvəli 40-cı sayımızda) - Oktay ŞAMİL

Dünyanın dərin, qlobal ziddiyyətlərindən, insanların pandemiya şəraitindəki fədakarlığından bəhs edən bu əsəri şəhidlərimizin mübarək ruhuna bağışlayıram. Müəllif

 

***

Fəqət, Faruq öz xoşagəlməz, son dərəcə də pis vərdişi kimi tərgitməliydi Nigarı. Amma bu vərdiş deyildi, xatırlamaya bilmirdi, bilməzdi də! Çünki mərəzin rişələri dərinliklərə gedib dirənirdi.

Həyatın, demə, bu tərəfləri də varmış, Faruq bunu dərk edə bilmirdi, uşaq nostaljisi ilə oturub gözləyirdi. Mirzə Məhəmmədhəsən demişkən, "Sən dur gəl bizə, zülfün tök üzə, gör heç dəyərəm bircə telə mən?"

Nigarı, amma tərgitmişdi o. Beş ildən də çox idi üzünü görmürdü. Tərgitdiyi siqaret kimi birdəfəlik tərgitmişdi onu. Başın batsın, Faruq, bu nədi, nə rəzalətdi?..

Özü də bu mərəzin özəl bir ətri vardı. Qış aylarında, qarda-şaxtada "Biləcəri" pub çay evində içəridəkilərin ləzzətlə sümürdüyü sulu qəlyanın xoş ətri kimi gəlib dolurdu burnuna. Bu nisgil, hətta yerdən onu üzüb göylərə qaldırırdı. Sonra siqaret təşnəsi kimi divarlara çırpırdı. Bu dağdan-o dağa vururdu, o daşdan-bu daşa çırpırdı. Eynən narkotiklər kimi çırpınır, ortalıqda qalan misgin zavallıya çevrilirdi.

Kinayəli, acı təbəssümlə:

- Ə, sən məni biabır eləmisən, ə!..

Faruq ötən kitablarında Nigar barədə bir xeyli yazmışdı. Özündən icazə alıb yazmışdı, sonunun nə ilə bitəcəyini düşünmədən yazmışdı. Ağlına gəlməmişdi kiminsə acığı tuta bilər, kimsə ondan inciyə bilər. Kimlərsə onu qınaya bilər.

- Ə, sən məni biabır eləmisən, ə!..

Faruqa elə gəlirdi özü uzaqlarda olsa da, fövqəl bir duyumla Nigar onun hansı hallara düşdüyünü görüb duyur, anlayır, acıyır. Həyəcanlı vaxtlarda ana ürəyi necə döyünürsə, onun da ürəyi eynən o qaydada döyünür, həyəcan keçirir. Həmin döyüntülər onu, hətta yuxudan edir. Oyanıb görür qan-tər, suyun içindədi, yan-yörəsindəsə heç kim yoxdu, demək, bu bir yuxuymuş...

Sonra rahatsız şəkildə yatağından qalxıb narıncı məstlərini tənbəlcəsinə ayağına keçirir, ayaq tərəfdən çarpayıya atdığı sarı ipək xalatını əyninə keçirir, dolabın üstündəki qrafindən bir stəkan su alıb içir, gördüyü yuxuları fikirləşir.

Siqareti tərgidəndə Faruq qutusunu həmişə gətirib gözünün qabağına qoyardı, ürəyi istəyəndə birini götürüb çəksin. Nigarın da uzaqlarda olmasına baxmayın, Faruqun telefonu həmişə yanındadı. İstədiyi an, istədiyi dəqiqə onunla telefon əlaqəsi yarada bilərdi...

 

***

Bir Allah şahiddi, Faruq o qıza dağlarda qarşısına çıxan ətirli yabanı çiçək kimi baxıb, dərməyib. Bəlkə o özü də elə yabanı çiçək kimi dərilməyin nəmənə iş olduğunu bilməyib. Öz ətrinin nələr törədə biləcəyindən xəbərsiz olub. Və Faruq da bu işin ucunu tutub ucuzluğa getməyib. Çünki özünün də qız uşaqları vardı... Bir-birlərinə sadəcə səmimi hörmət bəsləyiblər. Şair Qabil demişkən, hörmət "məhəbbət" deyil!

Faruqin indi dəqiq yadında deyil, o qızın, bəlkə 17, bəlkə 18 yaşı olardı. Danışanda budağa qonmuş bala qaranquş kimi mətnsiz və mətləbsiz nəğmələr oxuyardı. Güləndə gözlərinin çevrəsindəki nur bütünlüklə üzünə yayılardı, hər tərəfi bahar ətri bürüyərdi. O, Faruqun ad gününü, doğum gününü özgə imzalarla təbrik edərdi. Faruqa uzun ömür arzulayardı. Çünki Faruq da hər zaman onun xoşbəxtliyini diləyərdi. İkinci bir ata kimi dayaq durmağa çalışırdı.

Bu qızın Vaxtdan, deyəsən, xəbəri yox idi. Elə bilmişdi həyat elə bu cürdü, dünya işıq saçan səadətli günlərdən ibarətdi. Günəş üfüqlərdən boylananda binalara, evlərə, ağaclara, bağ-bağçalara, çəmən-çiçəklərə mütləq də "səadət" səpələməlidi. Nədən? Çünki "Səadət" sevgidi. Sevgi isə hər kəsi əbədiyyətə qovuşdurur.

Bunların bir çoxu oxuduğu kitablardan gəlirdi, o dövrün filmlərindən, təbliğatından götürülmüş formulalar idi, bahar leysanı kimi həyatının bütün hücrələrinə axıb tökülür, sirayət edib səpələnirdi.

Onun səadətlə necə yuyunmasının da şahidiydi Faruq. O, hər səhər gözlərindəki səadətiylə işə gəlir, eynən, qaranquş kimi cəh-cəhlə danışıb kompüterdə yazılar yazır, qaranquş kimi də ata-anasının qurduğu doğma yuvaya qayıdırdı.

Bu nəğmələr hərdən sözlərin müşayiətilə ifadə olunurdu. Qələmə sarılıb onları tez kağıza köçürürdü. Durna qatarı kimi süzülüb gələn bu "qatalar" əslində sadəcə ürəkdən gələn qafiyəli nəzmləri xatırladırdı. Bütövlükdə bunları vaxt içərisinə çıxarıb şeir adıyla təqdim etmək sadəlövhlük olardı. Faruq bütün bu həqiqətləri vaxt işığında ona başa salmağa çalışırdı. Hətta çalışırdı, fikrini dəqiq misallarla ifadə etsin, vaxtın nə qədər acımazsız - qəddar, qaniçici olduğunu anlatsın. Amma nə yazıq, Vaxtı dayandırılmış bir regionda doğulub göz açmış bu qız Faruqun "qarğadili" anlatdıqlarının fərqində deyildi, bu sözlərin elə bir effekti də olmurdu. O öz səadətli dünyasında nəğmələr deməkdə və bu nəğmələri qaranquş nəğmələri kimi kağıza köçürməkdə davam edirdi.

Vaxt işığına çıxarılan yazılarsa, dünya işığında mütləq hər tərəfindən görünməli, kölgəliyə girməməliydi. Kölgəliyə qaçan yazıların aqibəti də elə talesiz insanın aqibəti kimi olur; heç kəsin gözünə görünmür, ürəklərə yol tapıb yaşaya bilmir.

Faruq, bir növ, onun öyrətməni misalındaydı. Səadətli sevgi yağmurlarından  ayırıb hərdən onu həyatın sərt sazağına salırdı. Sazağı canında hiss etsin. Görsün ayılır-ayılmır. Nə yazıq, soyuq sazaqları da duyacaq halda deyildi o qız. Özünün adət etdiyi yolla şirincə irəlilədikcə çöldəki tufanları duyub eşitmirdi. Tufanlarsa vaxtın tufanıydı, uğuldaşıb ağacları kötükləmə qoparırdı, evlərin damını süpürüb aparırdı, ev-eşiyi lüm-lüt edib çöllərə salırdı.

 

***

...Uşaqlıq xatirələri indi onu daha çox dindirir, dilləndirir, "kefləndirir". Atası, anası, böyük qardaşı, bacıları, gördüyü o kənd adamları lal sükutla gəlib gözünün önündən keçir.

Atası çox danışmazdı, amma dedikləri Faruqun uşaq beyninə əkilərdi. Xatirələri indi bayrağa dönüb təlatümlənir, Faruqu da təlatümləndirir. Ən çox da Şuşa qalasından, Ağdam, Əsgərandan danışardı...

...Atasının üstünlüklərini, kəm-kəsirlərini də yaxşı bilirdi o. Birdən ona elə gəldi hamıdan qüdrətli, hamıdan da bacarıqlı olub atası. Bilirdi, həm də ölçü-biçi hissi onda güclü olub. Yumşaq, həlim, saf ürəyi bunu başqasına da rəva bilməyib. Ətrafını tanıyıb, insanları duyub, nə istədiyini, nədən əziyyət çəkdiyini görüb. Bu keyfiyyətinə görə də uzun illər vəzifələrdə qalıb. Pensiya vaxtı çatanda, başqaları işdən uzaqlaşdırılanda ona heç kəs toxunmayıb.

Faruq həm də bilirdi, üstün adamlar ürəkli olur. Yeri gələndə, öz sözünü deyir. Heç kəsdən də çəkinmir. Amma bu üstünlüyü gərək öz içində qoruyasan. Mənasız yerə gözə soxmayasan.

O, atasının halal haqqının haralarda yeyildiyini də gözəl bilirdi. Bilirdi, kənddəki bu kağızüstü "qəhrəman"ların heç birində təpər olmayıb. Amma görürsən, kağız üzərində "qəhrəman"dı! Dünya belədi, Faruq, "nahaq" hər yerdə hökmrandı, dözəsən gərək və heç kəsdən də inciməyəsən.

Atasını o zaman, 50 yaşında müharibəyə göndərirlərmiş. Adicə bir təsadüflə "haqq" "nahaqq"a qalib gəlib. Komissar onu döyüşə göndərməkdən imtina edib. Sovet sədrinə deyib, "biz 50  yaşlıları geri qaytarırıq, sən bu kişini kimin yerinə göndərirsən?"

Ölkə, gerçəkdən başını itiribmiş - sovetin fiaskosu faciəyə çevrilibmiş. Sovet sədrləri bu boşluqdan istifadə edib kimlərisə saxlatdırıb, kimlərisə başqasının yerinə ötürürmüş.

Zümürxan kişi indi açıqca deyir, Şamaxı Hərbi Komissarlığından bizi müharibəyə aparırdılar. Sıraya düzdülər, siyahı oxundu. Adım çıxanda dedim: - harda olsa, bu dəqiqə gələr! Yaxınlıqda qohumları var, vidalaşmağa gedib! Siyahını oxumağa davam etdilər. Mən əkildim... O əkilən, bu əkilən... müharibədən qaldım.

Atasının danışdığı bu əhvalatsa, "Əsgər atası" filmindəkiləri xatırladır. O filmdəkilər sanki atasının dedikləridi, qələmə alınıb.

Deyir, Qoriyə gedirdik, əsgər yanına, Kamılı görməyə. Allah verdiyindən də bişirib-düşürüb aparırıq. Gülvərdi də dəstək uşaqdı, yanımdadı. Həm qardaşını görər, həm də həyandı. Rus dili-zad bilmirəm. Qar da piləyir. Əsgər düşərgələri şəhərdən çox uzaqdadı. Bir-birindən aralı, bəlkə 25-26 qazarma var. Hansı qazarmaya da üz tutub gedirik, adres göstəririk, Kamılın yerini nişan verən yoxdu. Ötür-ötürə düşmüşük. Bir ucdan da qaranlıq düşür.

Növbəti qazarmaya çatıb keşikçiyə yanaşdıq. Adresi göstərdik. Öz dilində o nəsə dedi, dayanıb sonra üzümüzə baxdı, başa düşmədük. Doğrusu, dilxorçuluqdu, lap darıxdım. Darmacal çağıdı, qaş qaralıb, quşbaşı da qar tökür. Qazarmaları ayaqlamaqdan bezmişəm də.

Dözəmmədim, hövsələsizlik edib uşağı vurdum. Dedim, yəni, rus dilini sən bilirsən, danışsana! O adam nəsə deyir, amma sən danışmırsan. De görək, nə deyir? Başa düşmürəm axı...

Mən uşağı vurandan sonra gördüm soldat dodağının altında donquldana-donquldana aralanıb getdi. Haçandan-haçana bir azərbaycanlıyla qayıtdı. Azərbaycanlı soruşdu: - Əmi, sən bu uşağı niyə vurmusan? Dedim, o uşaq mənim öz oğlumdu! Qardaşı burdadı, sizin yanınızda! Axtarırıq, tapa bilmirik. Adresi göstəririk, soldat nəsə deyir, mən başa düşmürəm. Uşağı vurdum ki, danışsana, rus dilini sən bilirsən. Başa sal, görüm, o nə deyir?

Azərbaycanlı soruşdu: - Oğlun gürcücə bilir? Dedim xeyr, bilmir! Dedi, bu soldat gürcüdü, əmi. Rusca da bilmir. Uşağın burda nə günahı var? Darıxmayın, oğlunuzu bu adreslə harda var, tapıb gətirəcəm...

Halalı olsun, dediyi kimi də etdi. Arası heç yarım saat çəkmədi. Gördük budu ey, həmin adam Kamılla gəlir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!