Hekayələr - Akif ABBASOV

 

Cəmi bir irad

 

Təhsil Nazirliyindən inspektor gəlmişdi. Həsənqulu müəllimin fizika dərsində əyləşmişdi. Əliqurumuş kimsə Həsənqulu müəllimdən yazmışdı. İnspektor da məktubu götürüb gəlmişdi Həsənqulunun canından ötrü. Həsənqulu müəllim inspektoru tanıyırdı. Yaxşı fizika müəllimi idi. Özü də elmlər namizədi idi.

Zəng vuruldu. Dərs başlandı. Həsənqulu müəllim hazır-qayıb edib yerində əyləşdi. Dərsdə nazirliyin inspektoru ilə yanaşı məktəbin direktoru və onun tədris işləri üzrə müavini də iştirak edirdi.

Artıq dərsin başlamasından 10 dəqiqə keçirdi. Müəllim yalnız bircə dəfə:

- Uşaqlar, dərsimizdə qonaqlar iştirak edir. Təhsil Nazirliyindən də gələn var. Qonağa hörmət lazımdır. Sakit oturun. Danışmaq olmaz.

Şagirdlər də, müəllim də on beş dəqiqə idi ki, lal-dinməz oturmuşdular. Məktəb direktoru dillənmək istədi. Nazirliyin inspektoru əlinin işarəsi ilə onu saxladı. Sakitcə:

- Müdaxilə etməyin. Sonunu gözləyək.

45 dəqiqə başa çatdı. Zəng vuruldu. Həsənqulu müəllim ayağa qalxıb, şagirdlərlə xudahafizləşib çıxdı. Qonaqlar da onun dalınca. Müəllimlər otağına gəldilər.

Məktəbin direktoru özünü birtəhər ələ alıb xəbər aldı:

- Həsənqulu müəllim, bu nə oyun idi çıxartdın?!

O da, öz növbəsində, heç nə olmayıbmış kimi:

- Başa düşmədim, nə oyun? - deyə soruşdu.

Məktəbin direktoru davam etdi:

- Dərsdə nə üçün bir kəlmə danışmadın?

Nazirliyin inspektoru söhbətə qarışmadan onun nə cavab verəcəyini gözləyirdi.

Həsənqulu müəllim dedi:

- Danışsaydım, yüz dənə, min dənə irad tutacaqdınız. İndiki halda vur-tut, bir irada yol verdim: danışmadım.

 

Dərman

 

Tofiq maaşını təzəcə almışdı. Arvad uzun bir siyahı vermişdi. Alınacaq şeylər orada qeyd olunmuşdu. Elə fikirləşirdi ki, bazarlığa haradan - mağazadan, yoxsa bazarın özündən başlasın, bu zaman bir nəfər ona yaxınlaşdı. Üzrxahlıq edərək:

- Ay yoldaş, buralarda ev satan var?

Tofiq özünü çoxbilmiş göstərərək:

- Ev satan da olur, hələ üstəlik, kirayə verən də.

- Elə isə sizdən bəzi məsləhətlər almaq istəyirəm...

Həmin şəxsin döş cibindən ondənəlik tabletkanın kağızı görünürdü.

Bu zaman başqa bir nəfər onlara yaxınlaşıb, birinci şəxsin döş cibindəki dərmana işarə ilə:

- Qardaş, o, "Noqrippin"dir?

- Bəli, "Noqrippin"dir. Nə olub ki?

- Anam bərk xəstədir. Dəymədiyim aptek qalmayıb. "Noqrippin" axtarıram. Heç yerdə yoxdur. Bəlkə onu mənə satasan.

- Sata bilmərəm. Özüm güclə tapmışam. Mənə də lazımdır. Sənə versəm, gərək özüm axtarım. Bir-iki dənə verərdim. Ancaq bundan kar aşmaz, Bağışla, brat...

Tofiqin dərmandan başı çıxmırdı. "Noqrippin"in adını da birinci dəfə idi ki, eşidirdi. Bu dərmanın nəyə lazım olduğunu da bilmirdi. Sadəcə, dayanıb bu iki gəncin söhbətinin nə ilə qurtaracağını gözləyirdi.

İkinci şəxs az qala yalvarırdı:

- Ayə, müsəlman deyilsən, ağzımda deyirəm, anama lazımdır. Evdə tirrənib. Neçəyə desən alacağam.

Birinci oğlan bunu eşidib şirnikdi. Ani fikirləşib:

- Bir tanış aptek var, desəm, get oradan al, sənə verməyəcək. Mənim də vacib işim var... Amma düz deyirsən, müsəlmançılıqdır. Hamımızın anası, bacısı var. Ananı naümid qoymaq heç insafdan deyil. Yaxşı, dərmanı satmalı oldum. Sabah gedib özümçün alaram. 20 manat ver, dərman olsun sənin.

Cavan oğlan ciblərini töküşdürdü, pərt halda:

- Bir işə bax, sən Allah. Yanımda o qədər pul yoxdur. Xahiş edirəm, gözlə. Bax, o beşmərtəbə bina bizimkidir...

O, xeyli uzaqda görünən binanı göstərərək əlavə etdi:

- Gedim, pul gətirim.

- Yox, qardaş, daha bu olmadı. Mən tələsirəm, sən isə deyirsən gözlə...

Cavan oğlan Tofiqə müraciətlə:

- Ay qardaş, varınsa 20 manat əlborcu mənə ver, uzağı, 5 dəqiqəyə pulunu çatdırım sənə. Mənə inanmırsansa, dərmanı da özündə saxlayarsan. Pulu gətirərəm, dərmanımı verərsən.

Ev soruşan oğlan, 20 manatı alıb dərmanı Tofiqə verdi. Anası xəstə olan oğlan da pul dalınca getdi.

İndi Tofiq bayaqdan yolun ortasında qalmışdı. Dayanıb cavan oğlanı gözləyirdi. Az gözlədi, çox gözlədi, oğlandan səs-soraq çıxmadı. Tofiq yalnız bundan sonra başa düşdü ki, həmin oğlanlar əlbir imişlər, onu aldadıblar.

Beş addımlıqda aptek vardı. Tofiq tez aptekə girib "Noqrippin"  soruşdu. Aptekçi qız dedi ki, varımızdır, özü də nə qədər istəsən. Tofiq dərmanın qiymətini soruşdu. Qız:

- Manat yarımdır, - dedi və sonra soruşdu.  Neçə dənə istəyirsiniz?

Tofiq sualı cavabsız qoyub çıxdı. Aptekçi qız onun ardınca baxıb başını buladı.           

 

Ətin sümüyü

                                           

İslam fəlsəfə doktoru idi. Elmlər doktorluğu hazırlığı üzrə də mövzu götürüb dissertasiya üzərində işləyirdi. Səriştəli tədqiqatçı idi. Bir gün işdə oturub jurnala məqalə yazırdı. Bu zaman telefon zəng çaldı. Mansur idi. Yaxın dost olmasalar da, salam-kalamları vardı. Bir-birinin xətrini istəyir, bir-birinin sözünü eşidirdilər. İslam dəstəyi qaldırıb:

- Alo, eşidirəm, Mansur müəllim.

- Salam, necəsən?

- Şükür Allaha! Yaxşıyam. Sən necəsən? İşlərin necə gedir?

Mansur da razılığını bildirdi. O, Bakıdakı zavodlardan birində sex rəisi idi. Öz işinin də ustasıydı.

Mansur:

- Qardaş, sənə bir işim düşüb, - deyə mətləb üstünə gəldi.

- Buyur, buyur.

- Bilirsən, səndən yaxşı olmasın, mənim bir dostum var. Onun oğlu sizin sahədə doktorantdır. Dissertasiya  yazır. Elmi rəhbəri deyib ki, bir əsərini redaktəyə ver, abıra salsınlar. Deyirəm, bəlkə bir kömək göstərərsən. Zəhmət haqqını da verəcək.

İslam:

- Bəs elmi rəhbəri nə əcəb dissertasiyaya əl gəzdirmir? - deyə xəbər aldı.

Mansur:

- Elmi rəhbərinin işi başından aşır, deyir, özümə məqalə yazmağa vaxt tapmıram. Amma iradlarını bildirib. Deyir, əsərini bir səriştəli adama ver baxsın, həm iradları düzəltsin, həm də redaktə işləri aparsın. Mən də səni məsləhət gördüm. Atasına dedim, qoy İslam müəllimin razılığını alım, sonra gedib söhbət edərsiniz. Nə deyirsən?

İslam tərəddüdlə:

- Açığı məndə də vaxt azlığı var, - dedi. - Amma  birinci dəfədir mənə ağız açırsan, etiraz eləməyə üzüm gəlmir.

Mansur:

- Ay sağ ol. A kişi, bir yandan baxanda etiraz eləməyin yeri də yoxdur. Xeyrin olacaq. Qaçıb orada-burada dərs deyir, əldən düşürsünüz. Ayın axırında da vur-tut, 100-150 manat alırsınız. Saathesabı dərs deyəndə isə, tədris ilinin sonunu gözləyirsiniz ki, birdəfəlik əməkhaqqınızı alasınız.

İslamı gülmək tutdu:

- Zavodda işləyə-işləyə bunları haradan bilirsən?

Mansur cavabında dedi:

- Mənim qızım da ali məktəbdə dərs deyir.

İslam:

- Yaxşı, zəhməthaqqı müqabilində siz mənə nə verəcəksiniz? - deyə soruşdu.

- Beş yüz manat.

- Mən razı.

Mansur:

- Onda oğlanı göndərirəm, söhbətinizi edin. Redaktəni qurtaranda mənə xəbər verirsən, pulu özüm gətirib verəcəyəm. İstəmirəm aranızda pul söhbəti olsun. Danışdıq?

- Danışdıq.

Aradan bir müddət keçdi. Bu dəfə İslam Mansura zəng etdi:

- Redaktə etdim. İş hazırdır. Götürə bilərsiniz.

- İşdəsən?

- İşdəyəm.

- Yarım saata yanındayam.

Az sonra İslamla Mansur görüşdülər. Laborantın gətirdiyi limonlu çayı içə-içə oradan-buradan, olub-keçənlərdən söhbət saldılar. Sonra İslam stolun siyirməsini açıb iki dissertasiya çıxardı:

- Bu da dissertasiyalar. Bu əvvəlki variantdır. Redaktə elədiyim. Bu da indiki nüsxə. Redaktədən sonra düzəlişlər də aparılıb.

Mansur razılığını bildirdi:

- Əla. Mən bilirəm də kimə söz deyərlər. Lap yaxşı. Lap alt-üst eləmisən ki?!

- Əlimdən gələni etmişəm, çatışmayan şeyləri də özüm əlavə etmişəm.

- Görürəm.

Mansur əlini cibinə atdı. Çıxardığı pulu İslama uzatdı.

İslam pulu sayanda gördü ki, 400 manatdır. Başını qaldırıb Mansurun üzünə baxdı:

- Beş yüz manat demişdin axı...

Mansur halını pozmadan:

- Hə, bilirəm. Burada təəccüblü nə var ki? Qardaş, guya  bilmirsən: ətin sümüyü də olur.

İslam başa düşdü ki, qalan 100 manatı da Mansur qatlayıb cibinə qoyub. Ona görə də daha bir söz demədi. O 400 manatı verməsəydi, nə edəcəkdi ki?! Buna da şükür.

 

Hazır yemək

 

Xudayar pəncərədən yola baxanda gözü Məmmədquluya sataşdı. O, başını aşağı salıb ağır-ağır evinə sarı gəlirdi. Söz yox ki, işdən qayıdırdı:

- Qonşu, xoş gördük!

Məmmədqulu fikirli olduğundan Xudayarın cingiltili səsindən diksindi. Başını yuxarı qaldırıb candərdi gülümsədi:

- Xoş günün olsun, qonşu.

Avtobusda basabas olduğundan sıxıb suyunu çıxarmışdılar. Hiss olunurdu ki, danışmağa heyi qalmayıb. Xudayar qonaqpərvərlik etdi:

- Qonşu, görürəm, kefin yoxdur. Hazır yemək var. Mağazadan bir şüşə araq götür, vaxtımızı keçirək. Çoxdandır oturmuruq.

Təklif yorulub əldən düşmüş Məmmədqulunun ürəyindən oldu. O saat razılaşdı:

- Nə deyirəm ki... - deyib geriyə döndü və tindəki dükandan bir butulka araq götürdü.

Xudayar tez göstəriş verdi. Süfrə açıldı. Ortaya dərhal çörək, göy-göyərti, bir nimçə şor, iki balaca stəkan gəldi. Xudayar arağın ağzını açıb stəkanlara içki süzdü. Çörəyi şora batırıb ağzına apardı. Şüyüddən, keşnişdən, göy soğandan götürüb qırdı və iştaha ilə yeməyə başladı:

- Qonşu, bismillah elə...

Məmmədqulu bərk acmışdı. Əlini süfrəyə uzatdı və yeməyə başladı. Xudayar stəkanı qaldırıb:

- Qonşu, bunu içək, sənin sağlığına. Sağ ol, - dedi.

Onlar stəkanları döyüşdürüb içdilər. Xudayar iştaha ilə şordan, göyərtidən yeyir, Məmmədqulu isə iştahasını vurmaq istəmir, yemək gözləyirdi. Xudayar növbəti sağlığı dedi:

- Qonşu, bunu içək, mənim sağlığıma.

İçdilər. Araq butulkası yarı olmuşdu. Xudayar çörəkdən kəsib arasına şor yaxır, göy-göyərtini dəstələyib ağzına təpirdi. Ondakı iştaha Məmmədquluda heyrət oyadırdı: "Bu hələ şoru, çörəyi belə gözünə təpir, yeməyi harasına yeyəcək?! - deyə öz-özünə fikirləşirdi. Xudayarın səsi onu xəyaldan ayırdı:

- Qonşu, gəl, bunu da hər ikimizin sağlığına içək. Gül olaq, bülbül olaq, ancaq qəfəsdə olmayaq. Sağ ol. Getdik.

Qarnı acından quruldayan Məmmədqulu bu dəfə arağı yarıya qədər içdi. Butulka boşalmaq üzrə idi. O özünü saxlaya bilməyib:

- Qonşu, yemək hazır olmadı? Acından öldük ki... Bəs deyirdin, hazır yemək var. Nə gecikdi, sənin bu yeməyin?!

Ağzı yeməklə dolu olan Xudayar birtəhər şor-çörəklə göyərtini boğazından ötürüb əli ilə süfrəni göstərdi:

- Ay rəhmətliyin oğlu, bu hazır yemək deyil, bəs nədir?

Bunu eşidən Məmmədqulu dik ayağa qalxdı. Bir Xudayarın üzünə, bir də şor-çörək və göy-göyərti qoyulmuş süfrəyə baxıb:

- Sənin hazır yeməyin bu imiş?! -  dedi və qapını çırpıb özünü həyətə saldı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!