Sirli qaçış (yumoreska) - Hüseyn ƏSGƏROV

 

Dükandan bir qutu şokolad alıb, üzərindəki şəklə baxa-baxa çölə çıxdım. Hansısa bayram münasibətilə şirniyyat fabrikində doldurulmuş və zövqlə tərtib edilmiş qutunun dekorativ qabartma naxışlı qapağı üzərində rəngli dəniz mənzərəsi təsvir olunmuş, zərif lentlə bəzədilmişdi. Gözəlliyinə söz yoxdu, iki göz istəyirdi ki, tamaşa etsin.

Keçidə yaxınlaşanda yolun qarşı tərəfində köhnə tanışım Mirsəlimi gördüm. O Mirsəlim ki, asudə vaxtlarımızda bir-birimizə qulaq yoldaşı olur, dünyanın gəl-gedindən danışır, gündəmdə olan məsələlərə öz münasibətimizi bildiririk. Arada şeir yazsa da, açıb-ağartmır, hərdən dövlət sirri açırmış kimi qulağıma pıçıldayır:

 

Qartalım qıy vurur dağda, qayada,

Onda abır da var, hətta həya da...

 

Qartalın abırlı olmasını onun daim zirvələrdə yaşaması ilə izah edir.

Nəsə, mətləbdən kənar düşməyək. Dostuma əl elədim ki, yolu keçməsin, elə oradaca görüşüb hal-əhval tutaq. Deyəsən, görmədi. Qutunu qaldırıb yellətdim ki, diqqətini çəkim, gördü, amma özünü görməzliyə vurub geri döndü. Yoldan bir-iki avtomaşın da keçəndən sonra Mirsəlim yoxa çıxdı, ora-bura boylandım, Mirsəlim yox.

"Yerəmi batdı dostum, göyəmi çıxdı dostum, bəlkə mən yanılmışam, əzəldən yoxdu dostum?" - deyə məlum bir şeiri naməlum duyğularla improvizə eləyib getmək istəyəndə Mirsəlimi "Qızlar bulağı"na sarı gedən gördüm. Getmirdi e, az qala uçurdu. Son vaxtlar belə "uçuş"larla tez-tez üzləşməyim məni şübhəyə saldı. Elə bil dost-tanış mənimlə rastlaşmaqdan çəkinir, gözdən itməyə, gizlənməyə çalışır. Telefon zəngləri də azalıb, hətta qohum-əqrəba da günlərlə axtarıb aramır. Nədən? Bu nə əsrardı ki, anlamıram?! İldə bir dəfə "Sirlər xəzinəsi"ni vərəqləyirəm, "Dəhşətli sirr", "Sirli ada", "Sirlərin sərgüzəşti" sinkretik romanını, "Sirr", "Sirri-zəmanə" hekayələrini gözdən keçirirəm, televizorda "Ev bizim, sirr bizim" operettasına, "Sehrli xalat", "Bir qalanın sirri" filminə baxıram. Hamısının sirrini anlayıram, amma son vaxtlar belə münasibətin sirrini anlamıram. Əvvəllər boş verirdim, gedirdi. Amma indi yox e, vaxtı çatıb, nəyin bahasına olursa-olsun, Mirsəlim məni bu sirdən agah etməlidir.

Onu təqib etməyə başladım. Aramızdakı məsafə getdikcə artırdı, bu yerişlə ona çata bilməyəcəyimi təxmin etdim. Taksi üçün yola göz gəzdirdim, adətən belə anlarda yoldan BTR də keçir, taksi yox. Özümü daranqlet bir "Jiquli"nin qarşısına atdım. Sürücünün qaramtıl, qart üzü, su kimi rəngsiz, bulanıq gözləri vardı. Mənə elə gəldi ki, bu adam kordu, əvəzində o başını pəncərədən çıxarıb, - "a kişi, korsan?" - deyə bağırdı," - ölmək istəyirsən, get Mazandarana!"

- Qardaş, nə deyirsən de, amma məni maşına götür, qarşıda bir nəfərə çatmalıyam, tələsməsəm, aradan çıxacaq.

Sürücü məni əməliyyat işçisi sanıb işarə verdi ki, əyləşim.

Ön oturacağa keçməyimlə maşın nərilti ilə yerindən götürüldü, bu anda sürücü, yəqin ki, özünü təqib filmlərinin qəhrəmanı sanıb qara eynək taxdı, müqəssiri anında yaxalamaq üçün maşınları bir-bir ötməyə başladı.

Mədəniyyət sarayının qarşısına çatanda hansısa tədbir yenicə başa çatmışdi. Mirsəlim izdiham arasında itib-batmışdı, ha boylansam da, gözə dəymədi. Sürücü - rəis, kömək lazımdısa, mən hazır, - deyə yardımçı olmaq istədi.

- Sağ olun, özüm öhdəsindən gələrəm, - deyə izdihama qarışdım. Sağa-sola, irəliyə-arxaya boylansam da, Mirsəlim yoxdu. Bir qədər sonra onu mikrorayon yolunda gördüm. Gözdən itirməyim deyə arxasınca qaçmağa başladım. Aramızdakı məsafə isə azalmırdı. Deməli, ona çatmaq üçün doğru yol seçməmişdim. Müdriklərin bir deyimini xatırladım: "Doğru yolla gedən bir tısbağa, mənzil başına yanlış yolla gedən bir atdan daha tez çatar". Kəsə yolla özümü üzü enişə buraxdım. Ta istəsəydim belə, sürəti azalda bilməzdim, ayağım səkiyə düzülmüş sal daşlara ilişsəydi, Araz çayına qədər yumbalanacaqdım. Mirsəlim arxaya dönüb məni görüncə ikinci nəfəsi açıldı. Asfalt yolda şütüyən bir "Mazda", bir "Mersedes-Benz", bir dənə də "Nissan Teana" avtomobilini ötüb keçdi, arxadan gələn "Toyota" onunla dirəşdiyindən yolun sağına tullandı.

Qarşıda Qaraxanbəyli kəndinə gedən tozlu şosse yol göz işlədikcə uzanırdı. Bir kilometr marafondan sonra rəqibimdən nə az, nə çox, cəmi bir kilometr arxada idim. İkinci kilometrdə aramızdakı məsafə əlli metr də azaldı. Dairəvi yolla şəhərin cənub istiqamətinə sarı irəliləyəndə arxadan səslər eşitdim. Təxminən, 15-20 nəfər mənə sarı qaçırdı. Heyrətdən yerimdə donub qaldığımdan gəlib məni keçdilər. Axırıncıya güclə çatdım:

- Qardaş, bu nə qaçışdı belə, marafon var?

- Nə marafon, marafon nədir? Gördüm hamı qaçır, mən də qoşuldum onlara.

Beləcə, komanda halında şəhər avtovağzalına yaxınlaşırdıq. Mirsəlim arxaya baxanda anladi ki, çənbər daralmaqdadır, bu qaçışla çox davam gətirməyəcək. Odur ki, avtovağzaldan çıxan ilk avtobusa əl eləyib saxlatdırdı və pilləkənə atıldı. Mən ora çatana kimi avtobus yola düşdü. Eşq acısı boş şeydi, o ki avtobusa çata bilmirsən, gözünün qabağında çıxıb gedir haa, onun kimi acı verən bir hiss yoxdu. Gücüm tükənmişdi, kor-peşman geri qayıtmaq istəyirdim ki, yolun kənarında bir maşın dayandı, tanış bir səs eşitdim:

- Rəis, müqəssiri yaxalaya bildin?

Həmin sürücü idi, qara eynəyi burnunun üstünə endirmişdi.

- Yox, əldən çıxdı.

- Hara qaçdı?

- Odur ey, avtobusdadır.

- Elə isə nə gözləyirsən, getdik! - deyə şəhadət barmağı ilə eynəyi yuxarı qaldırıb qapını açdı.

Əyləşdim, maşın var gücü ilə yerindən götürüldü.

Şəruru keçdik, avtobus Sədərək istiqamətinə yönəldi.

Vəlidağ yaxınlığında sürücü sevinclə qışqırdı:

- Ura, avtobus dayandı.

Biz avtobusa çatanda sürücü hansısa nasazlığı aradan qaldırırdı. İçəri girib Mirsəlimi axtardım, yox idi. Dedilər ki, narahat bir sərnişin vardı, avtobus dayananda hamıdan əvvəl enib dağa sarı qaçdı.

Dağ yamacında bir qaraltı sezdim, sərnişinlərdən biri, - odur, özüdür, - deyə nişan verdi.

Sürücü dostumdan (Sədərək yolunda artıq dost olmuşduq) burada gözləməsini xahiş etsəm də, məni tək buraxmadı, dinc, yanaşı dağa dırmanmağa başladıq.

Dağın ətəklərindən yavaş-yavaş duman qalxırdı, aşağılardan, dərələrin dərinliyindən axan çayın şırıltısı sanki dumana qarışıb ətrafa yayılırdı. Tənha bir qartal qanadlarını açıb əngin səmalarda asta-asta süzürdü. O, demək olar ki, qanad çalmırdı və aşağıdan baxan hər kəs bu nəhəng qartalın ova çıxdığını, ona görə də asta-asta süzüb ov güddüyünü zənn edərdi. Mən də belə zənn edərkən, sürücünün iniltisini duydum. Arxaya dönüb onu tanınmaz halda gördüm. Sən demə, qartal mədəsində nə varsa, onun başına ifraz eləyib. Hər halda, şair dostumun bəhs etdiyi abırlı, həyalı qartal bu işi görməzdi. "Abırlı" qartalın yeddi arxa dönəninə lənət oxuyan sürücünü yamacda buraxıb Mirsəlimin arxasınca yollandım. İrəlidə minalanmış zonaya aid xəbərdarlıq nişanı diqqətimi cəlb elədi, Mirsəlimin həmin zonaya girməsinə iki-üç addım qalırdı. Çığıraraq xəbərdar elədim, yer-göy eşitdi, bu yox. Tələsik məftillərin arasından keçib özünü qamışlığa vurdu. O, artıq özü də bilmədən Ermənistanla sərhədin bir addımlığında idi.

Əziz oxucular, işdi-şayəd, bu səfərdən qayıtmasam, haqqınızı halal edin. Amma yox ey, sizi intizarda qoymamaq üçün nəyin bahasına olursa-olsun, bu qaçışın sirrini öyrənməliydim.

...Mən aşırımdan yumbalanmaqla ona çata bildim, birdən-birə məni qarşısında görüncə çaşıb qaldı. Nəfəsim kəsilə-kəsilə soruşdum:

- Zalım oğlu, hara qaçırsan belə, xəbərin varmı ki, Ermənistan sərhədindəsən?

- Nə Ermənistan, sən nə danışırsan?

Sərhəd qurğularını, xəbərdarlıq nişanlarını ona göstərəndə rəngi ağardı.

Nəhayət, Mirsəlimin məndən qaçışının sirrini öyrənməyin vaxtı gəlib çatmışdı. Sən demə, onu məndən qaçmağa vadar edən şokolad qutusu olub. Elə bilib təzə kitabımdır.

- Allahdan gizlin deyil, səndən nə gizlin, axırıncı dəfə kitab oxuduğum yadıma gəlmir. İnternet dəbə düşəndən mütaliəyə nə marağım qalıb, nə həvəsim. Mənə hədiyyə etdiyin kitablarının birini də oxumamışam. Eləcə masamın üstündə yatıb qalıb. Xətrinə dəyməmək üçün birnəfəsə oxuduğumu, heyran qaldığımı bildirmişəm. Yalan demişəm, qələt eləmişəm, məni bağışla. İndi ahıl çağımda yenə də yalan danışmaq istəmədiyimdən bu dəfə aradan çıxmağı üstün tutdum. Belə məqamda igidlik ondursa, doqquzu gözə görünməməkdir.

Barmağımı dişlədim. Mirsəlimin timsalında dost-tanışın niyə gen gəzməsinin sirri indi mənə agah oldu. Onların statistikası barədə də məlumat verə bilərəm. Təkcə cari ilin 11 ayında 4 dost, 9 tanış, 2 əqrəba itirmişəm ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, 2 dost, 5-3 tanış, 1 əqrəba çoxdur. Faizlə də deyə bilərəm, amma gərək hesablayam. Deməli, hər şeyə səbəb mənim kitablarım olub, kitab verdiyim dostu özümə düşmən eləmişəm.

- Kaş ki bunu əzəldən deyəydin, bu boyda təhlükəyə də düşməzdik. Yaxşı, indi nə qədər ki, yaxalanmamışıq, aradan çıxaq.

Aradan çıxmağı bacardıq. Vəfalı sürücüm məni gözləyirdi. Mirsəlim onun əlindəki qutunu görcək ayaq saxladı. Binəva onu kitab sanmışdı.

 

Naxçıvan

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!