Sənədli povest
Bu yazı yadın, yəni yadımda qalanların yadırğalanmayan yollarıdır. O yad və yaddaş yolları qəfildən pıçıldadı ki, bizi də yaz, bu fani dünyada yazıdan böyük sığınacaq yoxdur. Və mən də yaddaş çölünün çağıran çiçəklərinə qulaq asdım, xəyalı körükləyən xatirələr dünyasına üz tutdum.
Müəllif
...Manqurt ürəklərin səfil səhralarında, duyğu və düşüncələri, arzu və ümidləri imperiyalar xeyrinə işğal olunan qulluq qullarının itkin vicdanında öz ilə özgənin, doğma ilə yadın, millət ilə antimillətin vətəndaş müharibəsi başlanmalıdır. Söhbət zaman-zaman qəlbimizə, beynimizə yeridilən antimillət zəhərlərinə, xalqa xəyanətin manqurtizm modelinə, köləlik sisteminə qarşı qəlbimizdə və beynimizdə aparacağımız vətəndaş müharibəsindən gedir. Söhbət gizli imperiya niyyətləri ilə qəlbimizdə və beynimizdə məskunlaşan yadlığa qarşı duyğu, düşüncə döyüşlərindən, milli varlığımızda sıxışdırılan özümüz uğrunda mübarizədən gedir; bu, antimillətlə millət uğrunda müqəddəs müharibə, əbədi döyüş olmalıdır - tam və qəti qələbəyədək!
Deyə bilərlər ki, rəngləri bu qədər tündləşdirməyə ehtiyac yoxdur. Lakin Azərbaycan ailəsini təqdim edən serialda bircə nəfər də işıqlı obraz, milli ruh, milli mentalitet daşıyıcısı yoxdursa, hər şey reklam bazarına, alverçilik əxlaqına hesablanırsa, bütün obrazların qəlbində, ruhunda özgəlik, yadlıq küləkləri əsirsə, milli dəyərlər hər addımda diz çökürsə, təslim olursa... bütün bunlara başqa nə ad vermək olar?!.
Qəfil bir külək əsir, dil yaddaşının möcüzəli közərtisi heyrət heykəlinə dönür; böyük rus yazıçısı İvan Turgenevin ulu babası - Qızıl Orda xanı Qurgen Mirzənin xristianlığı qəbul etməsindən sonrakı nəsilbənəsil ruh üşüntülərini düşünürəm; Dərbənd şeyxülislamının türk oğlu, xristianlığı və Aleksandr adını qəbul edən, "rus şərqşünaslığının banisi" adlandırılan (akademik Bartold) dahi Mirzə Kazımbəyi düşünürəm; türk mənşəli 300 məşhur rus familiyasını monoqrafik tədqiqata cəlb edib, mərdanə bir kitab yazan N.Baskakovun vicdanını düşünürəm; Derjavindən Hertsenə, Bunindən Anna Axmatovaya, Dostoyevskidən Tolstoya, Kuprindən M.Qorkiyə, hətta Kutuzovdan Suvorova... qədər qar-qırovlu ruh çöllərini, əsrlər boyu böyüyüb rus nəhənglərinə çevrilən Qızıl Orda uşaqlarının taleyindən keçən yaralı yaddaş yollarını düşünürəm; Dəşti-Qıpçağın - Qıpçaq çölünün qanlı xatirələrini, yovşan ətrinin deyilməz-bilinməz göynərtilərini düşünürəm; Qafqaz Albaniyasının tragik süqutundan sonra acgöz goreşənlər kimi möhtəşəm milli mədəniyyətimizə daraşan ruh işğalçısı yadelliləri, gəlmə yadları düşünürəm...
Köhnə, kövrək dostumun incik səsinə uzaq, yaralı yollardan təngnəfəs qayıdıb gəlirəm:
- Fikrin hardadır? Deyirəm, bu boz seriallar uşaqları məhv edir, gizli bataqlıq girdabları kimi çəkib aparır, heç nə edə bilmirik...
- Onları TRT-nin yayımladığı seriallara yönəlt - "Oyanış", "Diriliş", "Quruluş" seriallarına.
- Onda da başlayacaqlar Osmanlı türkcəsində danışmağa...
- Həmin seriallar çağdaş Türkiyə ədəbi dilindən daha çox, ümumtürk ədəbi dilində, ümumoğuz dil mühitində çəkilib; "Kitabi-Dədə Qorqud" dastanlarının dili ilə analoji bağlantıları, qeyri-adi etnolinqvistik ruh cazibəsi heyrət doğurur; təqdirəlayiq haldır ki, o seriallar bizim AzTV-də həftəboyu yayımlanır...
Deyəsən, qocaman, nigaran dostumu inandıra bilmişdim və bu duyğu ruhumda yaz günəşi kimi gülümsəyirdi...
Yazının bir qədər əvvəl, bataqlıq kimi ruhumu udan qarayaxa vahiməsindən can qurtarmışdım. Və əlahəzrət sözə sevgiylə, qəlbimdəkiləri demək ümidi ilə yeni abzas başlayıram...
Ədəbiyyatımızın ən kədərli əsərləri olan "Anamın kitabı"nda Ana yenilməzliyinin, "Ölülər"də Kefli İskəndər həqiqətlərinin qələbəsi... vardı; bu iki qaranlıq kədər dənizindəki iki işıq adası ümumi ruhun cəbhəboyu qələbəsini təmin və təsdiq edirdi. Serialların qara girdablarında işıq adaları kimi xilas yolları da yaradın, cənablar! Yox, əgər əlahəzrət sponsorlar bunu istəmirsə, "biz belə işıq, ümid adalarına pul verə bilmərik", - deyib dirənirlərsə, onda əl saxlayın, bu milli ruh matəmgahlarına son verin!..
Azərbaycan xalqı Qarabağ uğrunda apardığı 44 günlük Vətən müharibəsində dünyanın əksər xalqlarından ruhən daha güclü, daha sağlam, daha səfərbər olduğunu təsdiq etdi. Azərbaycan bir daha sübut etdi ki, o, tarix boyu yaratdığı nəhəng imperiyaların, qüdrətli dövlətlərin layiqli varisidir, böyük sələflərin böyük xələfidir. Bir əlində sazla eposlar, dastanlar yaradıb, bir əlində sözlə Orxon-Yenisey mətnləri, "Oğuznamələr" yazıb, tarix boyu misilsiz qılınc və qələm zirvələri fəth edib Azərbaycan. Dünyanın maskalı qara qüvvələrinin, xain gizli güclərinin bütün təhdidlərinə, qışqır-bağırına baxmayaraq Qarabağının otuz illik işğalına son qoyub, son əsrlərin ən böyük xilaskarlığına imza atıb, möhtəşəm zəfəriylə yeni bir qələbə dastanı yazıb Azərbaycan!
Bu yerdə qürurla, cəsarətlə yazıram ki, bir qədər əvvəl xatırlatdığım türk seriallarının oyanış, diriliş, quruluş modellərini çağdaş dövrümüzün gerşək reallığına çevirir Azərbaycan! Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi "Şuşa, sən azadsan! Şuşa, biz qayıtmışıq! Şuşa, biz səni dirçəldəcəyik!" cümlələrinin qılınc və qələm qüdrətini, epik möhtəşəmliyini yaşayır, Azərbaycan!
Müasir milli mətbuatımız, KİV-imiz, ədəbiyyat və mədəniyyətimiz bu tarixi qələbəyə, böyük zəfərə, bu xilaskar möhtəşəmliyə layiqincə cavab verə bilirmi? Təəssüf ki...
Və Azərbaycan tele-məkanı yenidən boz, bayağı, səviyyəsiz seriallarını, xalqı kütləyə döndərməyə hesablanan şit, şablon şoularını davam etdirir. Şuşa, Qarabağ haqqında ciddi silsilə verilişlər, sanballı sənədli filmlər yenə gecikir, televiziyalar yenə yubanır, kosmetik bər-bəzəklə baş girləyir, vaxt öldürür. Bu gün yeni təfəkkür tərzi, müasir teleestetikayla silahlanan konseptual təfəkkür verilişləri, həqiqi sənədli telefilmlər, Qarabağ, Şuşa haqqında fundamental sənədli seriallar zamanıdır. Xalq xilaskar Oyanışın, Dirilişin, Quruluşun strateji hədəflərinə güzgü tutan çağdaş teleməhsul intizarındadır...
***
Yaratdığımız çoxsaylı uğurlu verilişlərdən bircəsi haqqında danışmaqla kifayətlənir, yaddaşımın qırx illik AzTV səhifəsini bağlayıram.
Oğuz qrupu Türk xalqlarının 1500 illik möhtəşəm milli mədəniyyət yoluna, fenomenal poetik fikir karvanına üz tutan "Poeziya" verilişi şərəfli bir missiya, çətin bir sınaq qarşısında idi.
Azərbaycan, Türkiyə, Türkmənistan, bütövlükdə Oğuz qrupu Türk xalqlarının, eləcə də Avroasiyanın, bütün dünyanın dörd bir tərəfinə yayılan türk toplumlarının poeziyada kodlaşaraq əbədiləşən xilaskar yaddaş enerjisini, fikir gücünü oyatmaq, yeni təfəkkür tərziylə, məhz olduğu kimi sistemləşdirərək yenidən öz sahibinə qaytarmaq, təqdim etmək həqiqətən, şərəfli bir missiya idi. Bunu çağdaş müstəqillik dövrünün, əlahəzrət zamanın özü tələb və təklif edirdi. Bir əlində qılınc, bir əlində qələm böyük dövlətlər, qüdrətli imperiyalar yaradan Qazi Bürhanəddinlərin, Cahan Şah Həqiqilərin, Şah İsmayıl Xətailərin, Sultan Süleymanların, Şah Təhmasiblərin, Baburların təmsil etdiyi böyük gücə Azadlıq meydanında, Şəhidlər Xiyabanında, Dövlət Bayrağı meydanının uca, enməz səmalarında dərin düşüncələrə dalan milli həqiqətin ehtiyacı vardı...
Çətinlik onda idi ki, Azərbaycan teleməkanında gizli-aşkar yollarla, minüzlü qrantlarla şirnikləndirilən, Manqurtun öz anasına tuşladığı ox kimi hər an atıla bilən və atılan, zəhərli göbələklər kimi günbəgün, aybaay, ilbəil çoxalan teleşoular o milli həqiqətə qarşı gizli səlib yürüşünə başlamışdı.
Kütlə psixologiyasına hesablanan, xalqı kütlənin əliylə vuran bir sıra manqurt teleşouların meydan oxuduğu xəstə teleməkanda sağlam fikirli, sadə, saf mövqeli poeziya verilişi nə dərəcədə uğur qazanacaqdı? Mafioz maliyyə sövldələşmələrinin kütləvi şəkildə tirajladığı fırıldaqçı reytinq cədvəllərinin "Kuxna" verilişlərinə, manqurt teleşoulara böyük faizlər bağışladığı, axırıncıları birinci, ikinci, üçüncü yerlərdə müjdələdiyi bir vaxtda ciddi "Poeziya" verilişi açmaq nə dərəcədə yerinə düşərdi? Kitabın küncə qısıldığı, dünyanın sarsıdıcı İnternet tələ-toruna düşdüyü, milli-mənəvi dəyərlərin kütlə bazarında kütləvi şəkildə ucuzlaşdığı, əzələ, meyxana ritmlərinin qəlb şeir ahənglərinə meydan oxuduğu, bədənin ruha yuxarıdan-aşağı baxdığı və pulun ədəbiyyata ədəb dərsi vermək istədiyi bir zamanda halal "Poeziya"nın səsini eşidən, dediklərini anlayan, göstərdiklərini görən, sevinclərinə qoşulan, əzablarını bölüşən olacaqdımı?..
Xatirələrimin bu məqamında "Poeziya"nın M.F.Axundzadəyə həsr edilən sayından kiçik bir mətni yada salmağa ehtiyac duyuram:
1500 il əvvəldən baş alıb gələn, ədəbi sözün Dədə Qorqud, Füzuli zirvələrindən keçən ağır yüklü poeziya karvanı on doqquzuncu əsrin əvvəllərinə çatmışdı. Tale elə gətirmişdi ki, ədəbi dilin doğma Dədə Qorqud yolları yadırğamışdı; sözün Füzuli tilsimi neçə yüz il idi ki, susmaq, səngimək bilmirdi; şeir yollarının çoxu Füzuli zirvəsinin ətəklərində dolanırdı. Nəsil-nəsil şairlər ordusu Füzulini ötüb keçmək yox, ona çatmaq, ona bənzəmək uğrunda mübarizə aparırdı... Yeni ədəbi düşüncələr köhnə ədəbi qəliblərdə sıxılırdı, təzə poetik ruh min ilin köhnə əruz bədənində darıxırdı; poeziya gülüstanında gül bülbülə, bülbül gülə eşq elan etməkdən, gizli-gizli nəsə deməkdən təngə gəlmişdi, bezmişdi.
Şeir yorulmuşdu...
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
