Mənim əsgərim (hekayə) - Südabə SƏRVİ

 

 

 

"General ayağa qalxıb qapıya doğru gedərkən birdən geri döndü:

- Mənim əsgərim, nə ayılara, nə də itlərə!.."

 

Orada, o dağların arxasında doğma kəndləriydi. Buz kimi diş göynədən bulaqları vardı. İndi düşmən gəzirdi o yerlərdə. Kəndləri qapqaranlıqdı. Arada nə isə közərirdi, deyəsən, siqaret yandırırdılar.

"Gəzin... gəzin hələ. Bir gün sizi it qovan kimi qovacağıq oralardan!"

Avtomatı çiynində o baş-bu başa gəzinməyə başladı. Çox səbirsiz olmuşdu, dözə bilmirdi. Bircə əmr kifayətdi ki, kəndlərini işğaldan azad etmək üçün döyüşə atılsın.

Hərbi xidmətinin bitməsinə isə az qalırdı. Sonra ayrılacaqdı buralardan. Bir də Allah bilir, nə vaxt görəcəkdi doğma kəndini. Bunu düşündükcə çox üzülürdü.

Bir anlıq o illərə, o qayğısız günlərə qayıtdı.

Hər baharda nənəsi ilə əl-ələ tutub o görünən dağa dırmaşardılar. Əvvəlcə özü quş kimi qalxar, sonra nənəsini yuxarı dartardı. Nənəsi dərindən nəfəs alıb deyərdi:

- Sağ ol, ay bala, ömrün uzun olsun!

Arvadın qırçın tumanı yamyaşıl otların üzərinə sərilərdi. Bir hovur nəfəs alıb, ayağa durar, cürbəcür yabanı bitkilərdən toplayar, topladıqca önlüyün ciblərinə doldurardı. "Bu otlar minbir dərdin dərmanıdır," - deyərdi. Hünər soruşardı:

- Nənə, kömək lazımdır?

- Yox, qadan alım, özüm edəcəm, - deyərdi qarı.

Hünər aşağıya baxardı. Kəndləri sanki ovcunun içindəydi. Əlini gözünün üstünə qoyub doğma kəndini seyr edərdi. Ona elə gələrdi ki, bu balaca kənd dünyanın ən gözəl yeridir. Qollarını açıb sanki uçacaqmış kimi dayanardı.

- İhh, ay bala, dilim-ağzım qurusun, gözün qaralar, aşağı düşərsən!- Nənəsi qorxu içində qışqırardı.

- Qorxma, ay nənə, uşaq deyiləm ki, 7 yaşım var e...

Eh...nə gözəl günlərdi.

İndi nə nənəsi vardı, nə də doğma kəndi...

"Ay Allah! Bir gün kəndimizə qayıtsam, torpağımıza doya-doya qovuşsam..."

Dərindən köks ötürdü. Qarşı tərəfə nəzər saldı. Diqqətini topladı.

Meh əsdikcə sərhəd xəttindəki yulğun kollarını narın-narın dalğalandırırdı.

Hünərə elə gəldi ki, bu yulğun kolları küləkdən tərpənmir. Uzaqgörmə cihazını gözünə tutdu. Bir xeyli müşahidə etdi. Heç nə görmədi.

"Hansısa heyvandı, yəqin..."

Yadına babasının söhbəti düşdü. Babası Hüseynbala Bağırlı sovet dövründə otuz beş il sərhəd bölgələrində xidmət etmiş, general rütbəsinə qədər yüksəlmişdi. Sibirdə sərhədçi komandir işləyəndə başına qəribə hadisə gəlibmiş. Bir rus zabitlə növbədə imiş. Hənirti eşidir. Yekə boz ayının yavaş-yavaş sərhəd zolağına tərəf gəldiyini görür. İlk baxışda əsl ayıya oxşasa da, Hüseynbala şübhələnir. Onun narahatçılığını görən rus zabiti deyir: "Ne nado bespokoitsya, Baqirov, on nastoyaşiy medved!"

Ayının gəzişindən Hüseynbala bunun ayı maskası geymiş adam olduğunu başa düşür. Çox keçmədən casus ifşa olunur və Hüseynbala Bağırlıya "Şərəf medalı" verilir. Hünər hər dəfə mərhum babasının divardan asılmış şəklinə baxanda onunla qürur duyurdu.

O da babası kimi sərhədçiydi.

"Nə tez gəlib keçdi il yarım?!" - düşündü. Sanki dünəndi, yığışıb yola salırdılar.

Kiçik qardaşı Rövşən üçün əsgər paltarı almışdı. Bilirdi ki, evdə hamı səbirsizliklə onu gözləyir...

Qəfil bir hürüşmə səsi eşitdi. Gecənin sakitliyini yarıb keçən bu səs Hünəri xəyallardan ayırdı. Baxışlarını tikanlı məftillərin arxasına dikdi. Cihazla baxdı. Uzaqdan bir qaraltı gördü, diqqətlə izləməyə başladı. İt idi. Torpağı iyləyərək gəlirdi.

Hünər itin hərəkətlərində qəribəlik hiss elədi. İt arada dayanır, havanı qoxulayır, qulaq verir, sonra yoluna davam eləyirdi. İt nəyə qulaq verirdi? Həm də axı itin hərəkətləri belə ləng olmazdı... İtin gözlərində heç bir qorxu da yox idi.

Hünər anladı ki, bu, adi it deyil.

Babasını xatırladı və birdən hər şeyi başa düşdü. "Gəl!" - nifrətlə dedi. - "Babam ayıya sərhədi keçməyə imkan verməmişdi, mən də itlərə imkan verməyəcəyəm!" 

Lap az məsafə qalmışdı. Xəbər versəydi, gec olacaqdı. Tədbirli olmaq, düşməni duyuq salmamaq lazım idi. Adi bir ehtiyatsızlıq bütün işi korlaya bilərdi.

Özünü elə göstərdi ki, onun it olduğunu zənn edir.

Ucadan "Sarı gəlin" mahnısını zümzümə etməyə başladı.

Saçın ucun hörməzlər, sarı gəlin,

Gülü sulu dərməzlər, sarı gəlin,

Sarı gəlin, hey, sarı gəlin!

Düşmən dayanıb qulaq asmağa başladı. Qəflətən əsgərin yerində olmadığını görüb qorxa-qorxa ətrafa boylandı. "Hara getdi bu?" Əsgərin onu it zənn elədiyinə yüz faiz əmin idi. Yoxsa, niyə mahnı oxumalıymış?

- Səsini çıxartma!!

Başına dirənən tapançadan tələyə düşdüyünü anladı.

- Düş qabağıma! - Hünər düşmənin qulağına pıçıldadı.

İki metr irəliləmişdi ki, it qiyafəsi geymiş kəşfiyyatçı qəflil çevrilib əlindəki bıçağı ona tulladı. Başını əyməsəydi, bıçaq düz alnına saplanacaqdı. Amma sol buduna saplandı. Güclü ağrı hiss eləsə də, Hünər özünü itirmədi.

Qanı axa-axa erməninin üstünə sıçradı. Yenə babasını xatırladı:

"Babam ayını məğlub elədi, it, mən də səni məğlub edəcəyəm!"

Əlbəyaxa oldular. Nə olur-olsun, bu it-düşmən kəşfiyyatçı sərhədi keçməməliydi! Məlum işdir, bir məqsədlə keçirdi, günahsız insanları, qocaları, körpələri öldürmək üçün! Bakı metrosunda olan partlayışlar gözünün qabağına gəldi. Çoxlu günahsız insanlar, körpə uşaqlar həlak olmuşdu. Xocalı faciəsi gözünün önündə canlandı...minlərlə günahsız insanın qətli. Yox! Buna qətiyyən yol verə bilməzdi!

Nəhayət, düşməni yerə yıxdı. Kəmərini açıb əl-qolunu bağladı.

Çox qan itirmişdi...

Yarası onu incidir, nəfəs almaqda belə çətinlik çəkirdi.

Nənəsinin səsi qulaqlarında səsləndi: "Torpaq şəhid qanı ilə yoğrulanda müqəddəs olur, ay bala!" Hünər hiss etdi ki, bu dağlar, bu otlar, o yabanı güllər nənəsinin əlləri kimi mehribandır, doğmadır. Nənəsinin təndirdən çıxardığı, buğlana-buğlana, əli yana-yana çıxarıb süfrəyə düzdüyü, üstü ədvalı buğda çörəyinin ətri gəldi burnuna. Bir anda kənddəymiş kimi qəribsədi, uşaqlıq xatirələri yağış kimi üzərinə yağdı. Qonşu qıza -Gülsümə vurulduğu vaxtları xatırladı. Onda 9 yaşı vardı.

O gözəl qız bir neçə il əvvəl düşmən gülləsinin qurbanı olmuşdu. İki əmisi düşmənlə döyüşdə şəhid olmuşdu. Nənəsinin isə dözməyib ürəyi partlamışdı...

"Təki vətən sağ olsun!" - Hünər pıçıldadı.

Gözətçi köşkündən boylanan çavuş Mehdi Hünəri görməyəndə təəccübləndi. Ratsiya ilə çağırsa da, cavab ala bilmədi. Aşağı düşdü. Ətrafa boylandı. Qarşı tərəfə irəlilədi, bu vaxt inilti eşitdi. Əlini avtomata apardı, fənərlə ətrafı işıqlandırdı. Gözlərinə inanmadı: sərhəd zolağının lap yaxınlığında Hünər bir düşmən kəşfiyyatçısının əl-ayağını bağlayaraq onu tərk-silah etmişdi. Özü isə al-qan içində yerə yıxılıb qalmışdı. Çavuş yüyürərək Hünəri qucağına götürdü. Ağır-ağır nəfəs alırdı.

- Hünər! Dayan. Özünü topla.

O isə taqətsiz halda gözlərini açıb çavuşa baxdı. Xəfifcə gülümsədi. Rövşəni xatırladı - kiçik qardaşını. Ona aldığı oyuncaq avtomatı, əsgər paltarını, sərhədçi papağını...

- Qoy məni yerə, - güclə deyə bildi. Xahiş edirəm, anama heç nə deməyin.

- İndicə səni hospitala aparacağıq.. Sağalacaqsan!

- Bilirsən, cavuş, o vaxt babam ayının sərhədi keçməsinə imkan verməmişdi, mən də itin sərhədi keçməsinə imkan vermədim. Ona dedim ki...

Sözünü bitirə bilməyib huşunu itirdi.

Çavuş heyrətləndi. Əsgərin sayıqladığını zənn eləyirdi.

- Sən hansı ayıdan danışırsan? Baban hansı ayını məğlub eləmişdi? Hünər!

Səs gəlmədi.

Gözlərini açanda özünü ağ divarlı işıqlı otaqda gördü. Tavandan böyük lampalar asılmışdı. Harda olduğunu anlaya bilmədi.

- Doktor, xəstə özünə gəldi!

Tibb bacısı sevincək qışqırdı. Həkimlər başının üzərinə toplaşdılar.

"Xəstəxanadayam. Burda nə işim var? Nə baş verib?"

Hünər anlamağa çalışırdı. Bu vaxt dəhlizdən çavuş Mehdinin səsi gəldi.

- Cənab general, onun babası hansısa ayının sərhədi keçməsinə imkan verməmişdi. O da özünə söz veribmiş, itlərə sərhədi keçməyə imkan verməyəcəkmiş...

General otağa daxil oldu. Əlini Hünərin çiyninə qoyub gülümsədi və qəhrəmanlığı üçün təşəkkür etdi. Sonra əlavə etdi:

- Əsgər, sən haqlısan! Babalarımız ayılara sərhədi keçməyə imkan verməmişdilər, biz də itlərin keçməsinə imkan verməməliyik!

General ayağa qalxıb qapıya doğru gedərkən birdən geri döndü. Gözlərini Hünərin üzünə dikdi və qısa bir cümlə ilə dedi:

- Mənim əsgərim, nə ayılara, nə də itlərə!

 

Epiloq

 

Məktub.

(Şəhid əmilərimə)

Əziz əmicanlar! Bu məktubu yazmaq mənə asan deyil. Amma içimdəki yükü yüngülləşdirmək üçün yazmalıyam.

Məni tanıyırsız - Hünərəm! Həmişə arxanızca baxıb qürur duyan o uşaq. Siz döyüşə gedəndə mən həyətimizdə oyuncaq silahla düşmən "vururdum". Hər dəfə evlərə şəhid xəbəri gələndə kəndin səssizliyində çox şey qırılırdı. Amma nənəm deyirdi: "sizin qanınız torpaq üçün su olub".

Əmilər, mən də o yolu getdim. Bir gecə düşmən sərhədi keçmək istəyəndə qarşısında dayandım. İt paltarı geymiş bir kəşfiyyatçı idi. Babamın "ayı" ilə mübarizəsi yadıma düşdü. Mən söz vermişdim: babam necə ayıya imkan verməyibsə, mən də itə verməyəcəm! Yaralandım. Qan itirdim, amma dayanmadım. Əllərini bağladım, gözlərim önündən kəndimiz, uşaqlığımız, yaxınlarımız keçdi. Hər şey qəlbimdəydi - Gülsümün gülüşü, anamın və nənəmin göz yaşları, Rövşənin balaca əlləri...

İndi sağam. Amma yara izi budumda qalıb. Əsl yara bədəndə deyil, qəlbdə olur.

Əmilər, mən indi evdəyəm. Kəndimiz hələ də işğaldadır. Amma and içirəm, sizin yarımçıq qalmış döyüşünüz bir gün tamamlanacaq! Biz qayıdacağıq! O dağların arxasındakı evlərimizə, bulaqlarımıza, bağçalarımıza, qəbirlərimizə!

 

2015

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!