Hekayə
"Allahla arama girmə, Molla Qafar. Mən bilərəm, o bilər. Sən niyə qarışırsan?"
Çiyninə dəyən daşdan çox, Səkinə arvadın sözü Qafarı tutdu. Ölüm qapıya bir də gəlməsin deyə, kənddə mollanın arxasınca qara daş atırlar. Səkinə bu səhər əfin-kəfin olunmuş Təbriz kişinin əlli illik halalı idi. Adətə görə ev yiyəsi kimi qara daşı mollanın arxasınca yola o atmalıydı. Bəlkə daş çiynimə təsadüfən dəydi? Molla Qafar sualını gözündə təsbeh kimi şaqqıldada-şaqqıldada geriyə çevrildi. Səkinəni əl işarəsi ilə yanına çağırıb: "Daşı mənə niyə atırsan, ay arvad?" - soruşdu.
Səkinə arvad: - O nədi demisən ki, Səkinənin ölümü öz əlində deyil. Bəlkə mən bu gecə öləcəm. Sənə nə var?
Arvadın sözləri Molla Qafarın hirsini soyutdu. Çiyninə dəyən daşı unudub "Sən bir imana, yəqinliyə bax" - düşündü. Səkinə arvad Molla Qafarın düşüncələrindən xəbərsiz idi. Gözünü qan tutmuşdu. Ona doğrudan da elə gəlmişdi ki, Allahla arasında duran Molla Qafardır. Onu ərinin arxasınca ölməyə qoymayan da odur. Molla Qafar Səkinə arvada bir söz demədi. Çiyninə dəyən daşı Allahdan bilib kənd yoluna çıxdı. Yolun sonu gəlin duvağı kimi dağdan aşağı sallanmış dumanın qatılığında görünmürdü. Molla Qafar çiyninə dəymiş daşdan sonra hara gedəcəyini də unutmuşdu. Daş kişinin tarazlığını pozmuşdu. Bu günə qədər min bir əziyyətlə qazandığı adına kölgə salmışdı. Mollalıq etdiyi kənd o qədər də Allah tanıyan yer deyildi. Gününü lağlağılıqla keçirən kəndlilərin çoxu Allahı ancaq yas yerlərində xatırlardılar. Onlar üçün molla da hərbi komissar kimi bir şeydi. Fərq bircə ondaydı ki, kəndin ağlıyca hərbi komissar hökumətə işləyirdi, molla Allaha. Hökumət onlar üçün Allahdan daha diriydi. Hökumət adama "pensiya" verirdi. Allah hökumətə baxanda mücərrəddi. Allah kəlamını yuxu kimi anlayan bu adamların içində ruhani olmaq və gülünc görünməmək Molla Qafara elə də asan başa gəlməmişdi. İndi də belə, günün günorta çağı Səkinə arvad yas çadırının qarşısında nə sənə, nə mənə, qara daşı götürüb vurmuşdu təpəsinə. Bundan sonra yaşa bu kənddə, görüm necə yaşayırsan? Yas çadırında nə çoxdu təzə dəymiş cüvəllağı. Çox güman ki, şəklini telefona çəkib internetə də ötürüblər. Bundan sonra nə üzlə əza məclisi aparacaqdı? Ciddi nə danışsa, daşı xatırlayıb güləcəkdilər. Sarı Həmidin kinayəsi axırına çıxacaqdı. Evdə iki qızı vardı. Onlar da rüsvay oldular. İndi qayıdıb Səkinə arvada bir söz desə də, daha xeyri yoxdu. Olmalı olan olmuşdu. Kənddə insanın adı şüşə kimidir. Bir daş dəydimi sınacaq. Töküləcək ayaqlarının altına. Kişisən adın sınandan sonra onu təzədən yama. Molla Qafar dumanın içində azdığını görüb yol kənarındakı daşa söykəndi. Duman ağ kəpənək kimiydi. Uça-uça evlərin damına qonurdu. Onun kənd dediyi Fit dağının ətəyində salınmış iyirmi evdi. İyirmisinin də bacası tüstülüydü. Bu xırda kənd dağın ətəyində bitən bütün yabanı ağacları sobalarında yandırmışdı. Tüstülü, dumanlı evləri olan bir yerdi. Nəyi gördü, kimi gördü yandırıb-yaxırdı. Molla Qafar bu evlərin həm mollasıydı, həm bələdiyyə sədriydi, həm də məktəb direktoru. Haçansa qonşu kəndin mollası İsaqdan aldığı üç sinif dini dərslə kəndin ən savadlı adamı da elə o idi. Kənddə Adəmdən bəri diri kitab görən iki adam olmuşdu. Biri Molla Qafardı, biri də Şofer Məlik. Şofer Məlik əsgərlikdə dəftər-kitabla altı ay şoferliyi oxumuşdu. İndi də kitabı atıb iri yük maşını sürürdü. Daha xırda-mırda işlərə baş qoşmurdu. İşi iriydi. Tonla hesablanırdı. Molla Qafar isə Şofer Məlikdən fərqli olaraq kəndin bütün balaca işlərini boynuna götürmüşdü. Bu kənddə binədən yerli dibli molla olmamışdı. Ölən olanda Gəncədən atla molla gətirərdilər. O, günəmuzd mollalar dağa qalxana qədər ölülərin təni soyuyardı. Molla Qafara qədər kəndin bütün ölüləri torpağa boyat basdırılardı. Vəli kişinin anası Gəncədən molla gələnə qədər darıxdığından bir dəfə dirilmişdi. O arvaddan sonralar Fransa televiziyası kino çəkdi. İspaniya xristianları onu müqəddəs qadınlar siyahısına da saldılar. Sonra ispanlardan səs çıxmadı. Vəli kişinin anası ispanlar kəndə gələnə qədər yüz iki yaşında nərdivandan yıxıldı və bir dəfə də öldü. Vəli kişi anasını bir il basdırmadı ki, yenə diriləcək. Arvad nədirsə daha dirilmədi. Dedilər, ispanlar gəlmədi, ona görə. Kəndlilərin bu cür əziyyət çəkməsini görən Molla Qafar günlərin bir günü başına buxara papaq qoyub ucadan bəyan etdi ki: "Bu gündən ölülərimizi özüm basdıracam. Arxayın ölün. Mənə yuxuda "mollalıq verilib". Sarı Həmid üç gün, üç gecə Qafarı çayxanaya həsrət qoyub Fatihə surəsini əzbər söylətdi. Hər dəfə surənin bir yerində çaşan Qafarın "vergili" olmasına şübhələrin artdığı ərəfədə turp kimi Kələntər kişi eşşəkdən yıxılıb öldü. Kələntərin uşaqları gecəynən yığışıb gəldilər Qafarın evinə ki, bu meydan, bu da şeytan, buyur dədəmizi basdır. Həm sən sınaqdan çıx, həm də biz dağ aşıb bahalı molla arxasınca Gəncəyə getməyək. Amma nə eləyirsən-elə, kişini murdar eləmə. Qafar təmkinlə "Bismillah" deyib qollarını çırmaladı. Əvvəlcə Kələntəri öz əlləriylə yun ləyənində yuyub kəfənlədi. Sonra yeri qazdırıb qəbrə qoydu. Şərq şairləri kitabından öyrəndiyi bir-iki ərəb şeirini ucadan oxuyub kişinin üstünü torpaqlatdı. Sonra da babasından eşitdiyi bir-iki məzəli əhvalatı yasa gələnlərə danışıb Kələntərin yasını başa vurdu. Odur-budur, Qafarın adına "Molla" əlavə olundu. Və odur-budur kəndin yasları bir az məzəli keçir. Çünki xımı belə qoyulub. Altı-yeddi ölü kəfənləyən Qafar qəfil anladı ki, özgələr cəhənnəm, üçillik savadı özünə belə yetmir. Öz-özüylə tək qalanda belə, bilmir ki, bismillah əvvəldədir, ya əstəğfürullah qabaqdadır. Salavatı hansı əllə çevirməlidir ki, Allaha naxoş getməsin. Təkcə onu bilir ki, Allah var və hamını o yaradıb. Bakıya gedib bir qədər mollaxana dərsi almaq lazımdır. Molla Qafar Lomonosov kimi arıdan-zaddan satıb bir az pul düzəltdi. Və elm dalınca Bakıya üz tutdu. Bakıda üzmü qalmışdı? Bakı keçidə oxşayırdı. Nə əvvəli vardı, nə axırı. Adamlar üzlərini əllərində tutub Bakıdan keçib harasa gedirdilər. Bu tələskən adamlardan "bismillah" deyib, "əstəğfürullah" soruşmaq olardımı? Bakı Molla Qafarı peşman etdi. Burda Allahı tapmaq, kənddə telefon köşkü tapmaq kimi bir şey idi. Əlinə çıraq alıb nə qədər axtarsa da, o boyda Bakıda imanda özündən safına rast gəlmədi. Bakıda Allah bilməyənlər daha çox idi. Allahın görmədikləri də az deyildi. Allah bilənlərin yarısı imam tanıyan idi. Yarısı imam tanımayandı. Yerdə qalanlar isə nə imam tanıyandılar, nə də Allah sayandılar. Onlar sadəcə saqqal buraxıb din alveri edirdilər. Yasin satırdılar. Qəbir yeri satırdılar. Ehsan üstə savaşırdılar. Qafar öz savadsızlığına şükür edib kəndə qayıtdı. Və iki gün-iki gecə kənd adamlarını tövləyə yığıb onlara öz Allahından gap etdi. Onun Allahı hamının tanıdığı xalis Allah idi. Kəndlilər onun dediklərindən heç zad başa düşməsələr də, onu başa düşdülər ki, Qafar daha əvvəlki adam deyil. Deyəsən doğrudan da yuxuda "nəsə" görüb. Və bu "nəsədən" sonra bir qədər üzü Allaha tərəf çaşıb. Bu çaşmaq Allah səmtə çaşmaq olduğundan kəndə heç bir ziyanı yoxdur. Və Qafar sarı Həmidin kinayələrindən sivişib, oldu Molla Qafar. Odur-budur kənddə daha heç kəs Qafarın xəbəri olmadan bu dünyadan o biri dünyaya köçmür. Hörməti də ölüdən-ölüyə artır. Amma illər ötdükcə molla adı Qafarı doğrudan da dəyişdi. Rəndələyib saflaşdırdı. Kişi adının əsirinə çevrildi. Get-gedə adı kimi oldu. Daha yad qadınlara gözünün ucuyla olsa belə baxmadı. Yalan danışmadı. Özgəsinin malına, mülkünə tamah salmadı. İrana keçib iki il ərəb dilini də mükəmməl öyrəndi. Ordan qayıdandan sonra kənd məktəbini öz puluna təmir elətdirib uşaqları siniflərə yığdı. Sarı Həmid məktəb işində Qafara "Rus Əhməd" ayaması qoysa da, buna fikir vermədi. Başını aşağı salıb, kəndin maarif işiylə məşğul oldu. Çox keçmədi onun bu səylərini görüb şəhərdən kəndə qovluqlu kişilər, rus dilində ləhcə ilə danışan pullu arvadlar gəldi. Onlar Molla Qafara üç dəfə "malades" dedilər. Və onu rəsmən məktəb direktoru təyin edib yenidən şəhərə qayıtdılar. Düzdür, Ramiz dədə o gedənlərin qoltuğunda qovluqla bərabər beş-altı kisə sovqatın da olduğunu görmüşdü. Amma sovqatın bu gün mətləbə və məktəbə heç bir dəxli-filanı yoxdur. Görünən budur ki, məktəb sovqatsız işləyir. Kənddə məktəb yaşı çatmış doqquz uşaq vardı. Bu uşaqların dördü qız olduğundan dədələri dərsə buraxmırdı. Əsnəyə-əsnəyə dərsə gəlib, qaşına-qaşına dərsdən qayıdan oğlanlara isə Molla Qafar ancaq din dərsi keçirdi. Ona görə yox ki, kəndlilərin ətəyində haçansa namaz qılınacaqdı. Ona görə də yox ki, özləri Qafardan dini dərslərin keçilməsini istəmişdilər. Ona görə ki, kəndlilərin də Molla Qafar təki dindən savayı heç nədən xəbərləri yox idi. İndi Qafar bu məktəbdən nə xeyir götürmüşdü ki, qoltuğu qovluqlu kişilərə, ləhcəli qadınlara "pay" da versin. Allahdan paymı olar? Amma o da var ki, Ramiz dədənin də gözündən heç nə yayınmır. Məktəbi bilmirəm, o "qoltuqların" görünür Qafara bələdiyyə sədri olanda köməyi dəyib. Bir gün kəndə üstü qırmızı örtüklü şüarlarla yazılı üç yük maşını gəldi. Maşındakılar ucadan danışanla kəndliləri köhnə klubun qabağına yığdılar. Həmin qırmızı maşınlardan birinin banına çıxmış iki kök qadın kəndlilərə xor müğənniləri kimi eyni tonallıqda birağızdan qışqıra-qışqıra dedilər ki: "Biz bələdiyyə sədrinin vəkilləriyik. Belə məsləhət olub ki, Molla Qafar bu gündən sizin kəndin bələdiyyə sədri olsun. Ölüdür, diridir, ortalıqda qalandır, bu gündən sonra kənddə kim varsa, daha onluq olacaq. Biz də daha dərəyə-təpəyə düşməyəcəyik. Bütün suallarımızı bir adama verəcəyik. Nə deyirsiz, razısız?" Bələdiyyənin nə olduğunu hər şeyi bilən Ramiz dədə belə bilmirdi. Əvvəlcə hamı bir-birinin üzünə baxdı. Sonra bələdiyyənin nə olduğunu bilməsələr də, əlüstü elliklə razılıq verdilər ki, iş uzanmasın. Danaların naxırdan qayıdan vaxtıydı. Bələdiyyə haqqında düşünməyə vaxtmı vardı? Bir də hökumətlə gərək hər işdə razı olasan. Bu yanaşma kəndin min illik ənənəsiydi. Təkcə rəhmətlik Təbriz kişi o zaman kök qadınların ikisindən də xəbər aldı ki: "Bu bələdiyyə adama pensiya verəcəkmi?" Kök qadınların özləri də bələdiyyələrin pensiya verib-verməyəcəyindən deyəsən xəbərsiz idilər. Ona görə də sualı cavabsız qoydular. Lap axırda o kök qadınlar qırmızı maşınların üstündə uzun-uzadı bələdiyyələrin kəndə nə verə biləcəyindən danışıb siqnal verə-verə şəhərə qayıtdılar. Kəndlilər maşınlar gedəndən sonra rahat nəfəs alıb Molla Qafara yaxınlaşdılar. Və ondan bir dəfə də "Bələdiyyə nədir?" - deyə soruşdular. Molla Qafar: "Bələdiyyə vacibatdır" - dedi. Və kəndlilər yenə bir zad anlamayıb Qafarın üzünə baxdılar. Və beləcə kəndə bələdiyyə gəldi. Molla Qafarın yaşı əllini ötsə də, hələ əlli-ayaqlıydı. Sağ qalana dərs, ölənə yas tuta bilirdi. Qafarın Gəncə mollalarından fərqi ondaydı ki, Allahı özü tanımışdı. Adətən adama Allahı kim isə tanıtdıranda o qədər də yaxşı tanımır. Molla Qafarın atası Allahı tanımayan taksi sürücüsüydü. Həftənin beş gününü arağa, iki gününü dövlət istiqrazına qurban vermişdi. Beləcə Qafarın yeddi yaşı olana qədər kişi "taksiyə" əziyyət verə-verə yaşadı. Sonra da, günlərin bir günü Əzrayılın "taksisinə" oturub Allahı tanımadan o taya sürdürdü. Qafar atasını aparan arağa və istiqraza uşaq ikən tövbə dedi. Sonra Qafar özü böyüdü. Ətrafa baxıb Allahdan savayı heç kəsi arxasında görmədi. Başa düşdü ki, atası Allahdır. Nə dostu vardı, nə düşməni. Əvvəl sarı Həmiddən iki qoyun alıb çoxaltmaq istədi. Qoyunlar artdıqca dərdi də artdı. O gəldi ver, bu gəldi al. Qafar anladı ki, kənddə at yeyənin dişi dəmirdən olmalıdır. Və dişlərini itiləməyə başladı. Beləcə, dəmir dişləri ilə əli çörəyə çatdı. Sonra çörəyi diridən deyil, ölüdən çıxmağa başladı. Lap sonra Allahdan könlünə bir sakitlik çökdü. Daha heç kəsdən çörək istəmədi. Dünya malından əlini çəkdi. Gördüyü ölümlər onu ayıltdı. İçinin saflığı əməlinə, üzünə çıxdı. Hamıya yaxşılıq etdi. Daha fikirləri başında at kimi çapmadı. Allah ona sakitlik verdi. O, bu sakitliyə görə hər gecə Allahına şükür edirdi. Bu dəfə də Səkinə arvadın arxasınca atdığı daşa şükür edib, olacaqları Allahın ixtiyarına buraxdı. Nə olacaqdısa, olacaqdı. Xeyirlisi Allahdan. Düşüncələrinin bu yerində dumandan çıxmış Qafar keçən il qaraltdığı ikimərtəbəli evinin qarşısına çatdı. Səkinə arvadın daş xəbəri deyəsən evinə qədər gəlib çıxmışdı. Otuz illik halalı Gülərin üzündən-gözündən zəhrimar yağırdı. Çəpərə söykənib tum çırtlaya-çırtlaya yolunu gözləyirdi. Onu görən təki qabağına qaçıb: "Üzün ağ olsun, Qafar. İllərdir sənə hamballıq elədiyim üçün belə etdin?" - soruşdu.
Molla Qafar Gülərin dediklərindən bir zad anlamayıb: - Neynəmişəm? - dedi.
Və ona doğru qaçan sarışın, gülərüz oğlanın qarşısında açılmış qollarını gördü.
Gülər: - Bax gör etdiyin nə boydadır. Gözün aydın, Rusyetdən oğlun gəlib. - söylədi.
Qafar söz deməyə macal tapmamış sarışın oğlan onu qucağına alıb göyə qaldırdı. Bir xeyli göydə fırladandan sonra ehmallıca yerə qoyub üzündən öpdü. Qafar əvvəl elə bildi uşaqlar onu araya qoyublar. Zarafat edirlər. Gülərin üzünə baxıb gözləriylə: "Bu nə oyundur belə başıma açırsız. Bu sarışın kimdir?" - soruşdu. Amma Gülər zarafat eləyənə oxşamırdı. Sözü də, gözü də ciddiydi. Molla Qafar ayağına dəyən daşı da Allahdan bilən adam idi. Ona görə qonağın kim olur-olsun, Allah tərəfindən göndərilmiş olduğunu düşündü. Oğlanın suyu şirindi. Doğrudan da qaşı-gözü cavanlığına bənzəyirdi. Amma oğul adı bir az ağırdı. Axı o heç zaman kənddən kənarda yaşamamışdı. Gülərdən savayı heç bir qadınla yaxınlıq etməmişdi. Allah Şeytana lənət eləsin. Səkinə arvadın atdığı qara daş deyəsən yığvalını dəyişirdi. Molla Qafar qonağı evinə dəvət etdi. Özü tələsmədən hamam otağına keçib yaxşıca yuyundu. Məhrəba ilə qurulana-qurulana eşiyə çıxanda sarışının qızları ilə çay süfrəsi arxasında oturub şirin söhbət etdiyini gördü. Qəribəsi bu idi ki, qızlarının üzündə heç bir təlaş, heç bir qısqanclıq yox idi. Əksinə, onlar elə bil qardaşlarının tapılmasına ürəkdən sevinmişdilər. Gülərin özü də sarışına nifrətlə baxmırdı. Onun işi ancaq Qafarnandı. Molla Qafar keçib sarışın oğlanın yanında əyləşdi. Bir az susandan sonra ehmallıca ondan: "Siz hansı şəhərdənsiniz? - soruşdu. Oğlan: "Armavirdənəm" - dedi. Gülər: "Armavir budur, burdadır. Qulağının dibində. Yəqin cavanlıqda bunun kötük anasını bir gecə yaxşı-yaxşı baltalamısan. O da sənin üçün çiçəkləyib." - deyə əlavə etdi. Molla Qafar arvadının tənəli sözlərinə məhəl qoymayıb: "Ay bala, mən heç zaman Armavirdə olmamışam axı" - dedi. Və özü də öz yalanından qızarıb başını aşağı saldı. Sarışın oğlan ayağa qalxıb dinməzcə Qafara yaxınlaşdı. Cibindən çıxardığı artıq rəngi soluxmuş şəklini ona göstərib: "Bu siz deyilsiz?" - soruşdu. Molla Qafar şəkildə özünü tanıyıb: "Mənəm" - dedi. Sarışın şəkildə Molla Qafarın başı üstə dayanmış arıq qıza barmağını uzadıb: "Bu isə mənim anam, Valentinadır" - deyə pıçıldadı.
Gülər: - Allah öldürsün səni - dedi. Amma bilinmədi qarğışını kimə etdi. Gülərin bu nidası sarışını da diksindirdi. Yad dildə nə deyildiyini başa düşməsə də, təxminən belə məqamda nə deyilə biləcəyini anlayıb: - Anam artıq ölüb, - dedi. Onun sözləri sarışının özündən çox, Qafarı duyğulandırdı. O, kədərli gözləri ilə sarışına baxıb: - Haçan ölüb? - soruşdu.
Sarışın: - Üç il olar - pıçıldadı.
Gülər: - Bəxtəvər bir yerindən yaman yarıyıb. Azərbaycandan Armavirə qədər goruna rəhmət oxuyan mollası da var. - dedi.
Molla Qafar hirslə Gülərin üstünə çımxırdı: - Bəsdir, uşaqların yanında ağzına gələni danışma?
Gülər ayağa qalxıb ağlaya-ağlaya mətbəxə keçdi. Mətbəxdən qızlarına: "Bir ondan xəbər alın, görək Konçitanın da atası deyil ki?" - deyə qışqırdı.
Molla Qafar sarışının qoluna girdi. Onlar dəhlizə çıxıb divana əyləşdilər. Molla Qafar sarışına: "Sən mənim oğlum deyilsən. Qonağımsan. Nə qədər xətrin istəyir evimdə qal, gözüm üstə yerin var," - dedi.
Sarışın gülə-gülə Molla Qafarı qucaqladı: "Atamsan. Mən bura yaşamağa gəlmişəm. Əlimdə tutarlı dəlillərim var," - söylədi.
Molla Qafar sarışının qətiyyəti qarşısında bilmədi nə desin. Papağını başına qoyub həyətə çıxdı. Taxta artırmaya söykənib Armavirdə olanları xatırladı. Onda Qafarın otuz yaşı ancaq olardı. Qonşu kənddən olan dostu Namazın maşınıyla taxta gətirməyə getmişdilər. Armavirə çatanda onlara demişdilər ki, bu şəhərdə taxta olmur. Taxtanın vətəni Tayqadır. Namazın bu "qanmazlığını" bir-iki gün lağa qoyandan sonra dostlar Armavirlə vidalaşmaqdan ötrü "Astoriya" restoranına getmişdilər. Valentina ilə də orda tanış olmuşdular. Daha doğrusu, Valentinanın özü onların mizinə yaxınlaşıb, Namazı rəqsə dəvət etmişdi. O dəvət, bu dəvət, Namazla Qafar taxta üçün gətirdikləri pulları Valentinaya xərcləmişdilər. Valentina arıq, uzunayaqlı, sarışın qızdı. O qədər də gözəl deyildi. Amma işvəliydi, nazlıydı. Bir gün Namazı, bir gün Qafarı çarpayısına qonaq edərdi. Valentinanın gecələr onunla nələr etdiyini xatırladıqca Qafar "əstəğfürullah" - deyirdi. Onunla keçirdiyi son gecə olduğu kimi gözünün qabağına gəldi. Həmin gecə Qafar otağına qayıdanda gözlərinə inanmamışdı. Kimliyi bəlli olmayan altı-yeddi kişi Valentina ilə əylənirdilər. Kişilər Valentina ilə əylənirdilər demək də düzgün olmazdı. Daha çox Valentina kişilərlə əylənirdi. O səs-küy, o gülüş səsləri, o inilti bu gün də Molla Qafarın qulaqlarındaydı. O gecə Qafar bir qadının altı-yeddi kişi ilə eyni zamanda əlaqədə olmasını ilk və son dəfə gördü. Səhər Valentina ağlaya-ağlaya sinəsinə qısılıb: "Məndən iyrənmə ha. Dünən kefli idim. Nə etdiyimi bilmirdim" - pıçıldamışdı. O zaman Qafar Valentinaya baxıb pozuq rus dilində: "Öz həyatındı da. Mənə nə var?" - demişdi. Qafar son dəfə kəndə qayıtmaq üçün maşına minəndə isə Valentina ona: "Səndən uşağa qalmışam" - söyləmişdi. Özü də Valentina bu sözü bərkdən demişdi ki, Namaz da eşitsin. Onda Namaz Valentinadan gülə-gülə: "Qafar məndən yaxşı kişidir?" - soruşmuşdu. Namazın bu sualına Valentina da gülümsünüb: "Söhbət kişilikdən getmir. Onunla sevə-sevə olurdum. Ona görə də qarnımdakı uşaq onundur" - demişdi. O zaman Valentinanın sözlərinə Qafar məhəl qoymamışdı. "Pozğun qadındır da", - düşünmüşdü. Onu yoldan qaytarmaqdan ötrü əlli min söz söyləyə bilər. Bəlkə Valentina o zaman düz deyirmiş. Bu sarışın elə o uşaqdır? Valentina ilə şəkil çəkdirməyini isə nə illah eləyirdi, xatırlaya bilmirdi. Belə bir iş olmamışdı. Olsaydı, yadına düşərdi. Namaz bildir ölmüşdü deyə, ondan daha heç nə soruşa bilməyəcəkdi? Yəni deyirsən əlli min kişi görmüş qadın ondan uşaq doğub? Səkinənin atdığı o qara daş nə bəd daş imiş. Bütün ömrünü alt-üst etdi. Görəcək günləri hələ qabaqdaymış. Qafar hövüllənib içəri otağa keçdi. Sarışın kiçik qızı Sənubərlə divanda oturub dinməzcə televizora baxırdı. Elə bil bir almaydılar. İkiyə bölmüşdün. Baxışları da, oturuşları da doğmaydı. Boyları, gözlərinin rəngi eyniydi. Sənubər sarışına nəsə deyirdi. O, da qızın sözlərinə ürəkdən gülürdü. Molla Qafar nədənsə bu oxşarlıqdan sinirlənib mətbəxə keçdi. Gülər bir küncdə oturub ağlayırdı. Onu görən təki dəsmalının ucuyla gözünün yaşını sildi.
Qafar: - O, mənim oğlum deyil - dedi.
Gülər: - Özümə, sənə həsr etdiyim ömrümə-günlərimə yazığım gəlir. Bilsəydim məni aldadırsan, gedərdim atamın xarabasına. O, qədər istəyənim vardı ki? Kül olsun mənim başıma. Nə deyib səndə oturdum?
Qafar danışmağın yersiz olduğunu anlayıb qazandan özünə bir çömçə şorba çəkdi. Mizin arxasında oturub soyumuş şorbanı dinməzcə qaşıqlamağa başladı. Gülər bir az da səssizcə ağlayıb kiridi. Ayağa qalxıb Molla Qafarın qarşısına gəldi. Ağlamaqdan boşalmış, lal gözləriylə onu bir xeyli süzdü. Sonra əlini yuxarı qaldırıb pıçıltıyla: "Yaxşı, mən heç. Deyək ki, məni aldatdın. Bəs o kişiyə necə cavab verəcəksən?" - soruşdu. Molla Qafar ağzındakı çörək tikəsini güclə udub: "Elə mən də bayaqdan onu düşünürəm. O, olmasaydı, sarışını çoxdan evdən qovmuşdum" - dedi. Gülər ayağa qalxıb mətbəxdən çıxanda içəri otaqdan sarışının şaqqıltısı eşidildi. Molla Qafar ayağa qalxıb bu şit gülüşün arxasınca otağa keçdi. Sarışın indi də böyük qızı Ayişə ilə söhbətləşirdi. Qızların sarışından açıq-aydın xoşları gəlmişdi. Adətən hərəyə bir mız qoyan qızlar bayaqdan bəri ataları tərəfə heç baxmamışdılar da. Sarışın Molla Qafarı görüb ayağa qalxdı. Cibindən çıxardığı qızıl qol saatını ona uzadıb: "Az qala unutmuşdum. Sənə hədiyyə gətirmişəm, ata" - dedi. Molla Qafar saatı sarışından alıb qulağına tutdu. Saatın əqrəbi elə bil ki, başqa saat əqrəblərindən daha tez tərpənirdi. Sarışının gəlişi Molla Qafarı tamam başqa bir zamana kökləmişdi. Ona hədiyyə olunan saat da yəqin bu zamanın vaxtı ilə işləyəcəkdi. Molla Qafar ürəyində qorxa-qorxa "bu sarışın şeytandan olmaya", - düşündü. Və düşüncəsinin arxasınca çevrilib diqqətlə bir də sarışının üzünə baxdı. Sarışın çox yaraşıqlı idi. Cazibədardı. Özünü adama sevdirirdi. Qəfil Gülərin səsi eşidilməsəydi, Molla Qafar sarışını başqa tərəflərdən də tanıyacaqdı. Qızlar səsə yüyürdülər. Sonra Sənubər hamamdan geri qayıdıb: "Ana isti sudan yanıb" - dedi. Molla Qafar çatana qədər sarışın Güləri hamamdan çıxarıb yelpikləyirdi. Gülərin ətli əndamı açıqda qalsa da, sarışından "yaşmaqlanmağı" düşünmürdü. Ağrısını unudub şəhvani ehtirasla sarışına baxırdı. Sarışının özü də Gülərə oğul gözüylə baxmırdı. Molla Qafara bu baxışlar Gülərin yanmağından daha ağır təsir etdi.
- Naməhrəm qadın olan yerdə kişi hərlənməz - qışqırdı.
Sarışın sadəlöhv gözləri ilə Molla Qafara baxıb iç otağa keçdi. Ordan: "Qorxmayın, yanıq elə də qorxulu deyil" - dedi. Molla Qafar Güləri qucağına alıb ayağa qalxdı. Ərinin səsindən "özünə gəlmiş" Gülər bayaqkı baxışlarından utanırdı. Qafar onu yataq otağına qədər qucağında aparıb çarpayıya uzatdı. Gülərin bədəni həyəcandan əsirdi. Üzündə cavanlıq işartıları əmələ gəlmişdi. Molla Qafar qızları çağırıb otaqdan eşiyə çıxdı.
Molla Qafarın müdiri olduğu kənd məktəbi altı otaqlı qədim tikiliydi. Qafar bu qədim mülkü abad etmək üçün suvatsa da, köhnə rəng suvaq altından görünürdü. Bina axırıncı dəfə sovet vaxtı rənglənmişdi. Sovet hökuməti rəngdən bol idi. Xüsusilə də yaşıl rəngdən. Haranı rəngləyir-rəngləsin, o hökumət mütləq ora bir yaşıl çalar əlavə etməliydi. Molla Qafarın özü də yaşıl çalarlıydı. Başına qoyduğu yaşıl fəs onu da məktəbin bir parçası edirdi. Deyirdin, onun da başını haçansa "sovet" rəngləyib. Kişi başına yaşıl fəs qoyub, yaşıl məktəbin qənşərində sovetlərdən qabaq əkilmiş yamyaşıl tut ağacının altında oturub qəfil başına gələn işləri düşünürdü. Səhər yenicə açılmışdı. Xoruzlar hələ kal-kal banlayırdılar. Qara toyuq səsinin nəmini açırdı. Uşaqlar iki-bir, üç-bir əsnəyə-əsnəyə məktəbə gəlirdilər. Görünən nə vardısa, yuxudan oyanırdı, dəyişirdi. Dirilirdi. Özündən oyanmayan təkcə Molla Qafardı. Fikirləri onu olanların əksinə gecəyə aparıb təzədən yatırırdı. Sarışın onun oğlu deyildi. Ola da bilməzdi. Düzdür, Qafar o zaman Valentina ilə "əlaqədə" olmuşdu. Amma bu, heç nə demək deyildi. Onun qədər Namaz da Valentina ilə yatmışdı. Uşaq onun da ola bilərdi. Bir də Valentina ancaq Qafarla Namazı toruna salmamışdı ki. Onun o qədər Qafarı, Namazı olmuşdu ki. Bəs niyə sarışın onun qapısına gəlib? Ona kim deyib ki, Qafar sənin atandır? Axı Valentina fahişə idi. Əlli min kişi ilə yatmış zinakar idi. Fahişə? Bəlkə sarışın Allah tərəfindən ona göndərilən bir sınaqdır? Bəlkə Allah onu bu sarışın oğlanla sınağa çəkir? İmanını yoxlayır. Görəsən Qafar fahişənin doğduğu sarışını öz oğlu kimi qəbul etməyə qadirdirmi? Buna onun imanı çatarmı? Axı Allah hamımızı bərabər yaratdı. Tövbə qəbul olunandır. Fahişənin də tövbəsi qəbul olunur. Qafarın buna iradəsi, gücü yetəcəkmi? İnsanların içində gülünc olmaqdan qorxmayacaq ki? Molla Qafar olanları və olacaqları düşündükcə qırx arşın quyunun dibinə düşdüyünü hiss edirdi. Zarafat-zarafat, məsələ qəlizləşmişdi. Qayıdıb o sarışını evdən qovmaq o qədər də çətin iş deyildi. Bunu etsə, yenə əvvəlki təki sakitcə yaşayacaqdı. Gülər uzağı bir-iki gün deyinib sakitləşəcəkdi. Amma Qafar nədənsə bunu edə bilmirdi. Nəsə ona mane olurdu. Düşüncəsində şübhələr yaradırdı. Allahın işidir də. Oldu-oldu. Bəlkə o sarışın doğrudan da öz oğludur. Bəs onda necə olacaq? O zaman nə edəcək? Molla Qafar o qədər fikirliydi ki, sarı Həmidin haçan gəlib başının üstündə dayandığını görməmişdi. Ancaq Həmid danışanda diksinib üzünə baxdı. Həmid səhər dumanını qovmağa qadir gur səsiylə: "Sən onun bir qanını yoxlatdır Qafar, bəlkə elə doğrudan oğlundur" - dedi. Sarı Həmid ömründə birinci dəfəydi ki, ağıllı söz deyirdi. Qanın yoxlanılması Qafarı şübhələrdən qurtarardı. Bu heç onun ağlına gəlməmişdi. Molla Qafar Həmidə bir söz demədi. Ayağa qalxıb, dinməzcə evinə tərəf getdi. Söz ağlına batmışdı. Həmin gün məktəbdə dərs keçilmədi. Uşaqlar Sarı Həmidin atasının goruna rəhmət oxudular. Bütün kənd Armavirdən gəlmiş sarışın oğlanın Molla Qafarın oğlu olub-olmaması xəbərini gözlədi. Xəbər bir aydan sonra, Sankt-Peterburqdan gəldi. Sən demə sarışın həqiqətən də Molla Qafarın oğluymuş. Xəbərin üstündən üç saat keçməmiş Gülər sarışın oğlanı köynəyindən keçirdi. Və pal-paltarlarını yığıb dədəsi evinə qayıtdı. Bütün kəndi Gülərin dədəsinə minnətçi salan Molla Qafara o evdən qəti söz dedilər: "Ya Gülər, ya oğlun sarışın. İkisindən birini seç". Qafar Allahdan da qorxurdu, arvadını da sevirdi. Başını itirmişdi. Qapısına pənah gətirmiş oğlunu Allahdan qorxduğu üçün qova bilmirdi. Başına daha pis işlərin gələcəyindən çəkinib sarışının xətrinə dəymirdi. Valentina nə yuvanın quşu olur-olsun, sarışın oğlu imiş. Bunun özü də bir möcüzəydi. İlahi müdaxiləydi. Yüzlərlə kişinin içindən Valentina Qafardan uşaq doğduğunu görəsən necə bilmişdi? Kənd adamlarına Armavirdə olanları heç cür danışa bilməzdi. Danışsa, onların gözündə bir qəpiklik olardı. Onlar bilsəydilər ki, ölülərini əmanət etdikləri Molla fahişədən uşaq əmələ gətirib, bir də onun qapısına gələrdilərmi? Ətövbə, gəlməzdilər. Valentinanın küçə fahişəsi olduğunu əgər Gülər bilsəydi, Qafara daha çox nifrət edərdi. O, yəqin Valentinanın ədəbli qadın olduğunu düşünür. Bəlkə elə sarışın Allahın sınaq üçün qapısına göndərdiyi Nuh peyğəmbərdir? Qiyafəsini dəyişib. Nə bilmək olar? Qafar hər əmələ görə cavab veriləcəyini bilirdi. Amma Gülərsiz də yaşaya bilmirdi. Güləri də ona Allah göndərmişdi. Ömrünü Molla Qafara qurban vermiş Gülər onun üçün hər şey demək idi. Evlənəndən sonra Gülərdən savayı heç bir qadına kişi gözü ilə baxmamışdı. Qafar üçün bu müvəqqəti dünya evində rahatlıq deyilən nə vardısa, ancaq Gülərin adıyla bağlıydı. Hər şey bir kənara qalsın, corablarının yerini belə onsuz tapa bilməzdi. Bir yandan borc, Allah kəlamı, digər tərəfdən namus və sevgi Qafarı dar məngənəyə salıb boğurdu. O, nə edəcəyini, bu nəyi necə edəcəyini bilmirdi. İlk dəfəydi Qafar sabahını qurmaqda acizdi. Sarışının qəfil gəlişi bütün ömrünü alt-üst eləmişdi. Cavanlığında düşünmədən etdiyi bir səhv bu gün dirilib qapısına qədər gəlmişdi. Bu səhv ondan cavab tələb edirdi. Həyatının dəyişilməsini istəyirdi. O, buna hazır idimi? Dinc ömür nizamının qəfil pozulmasına öyrəşə biləcəkdimi? Sarışın gələndən sonra baş verən hadisələr onun iradəsindən kənar baş verirdi? Elə bil gözə görünməyən bir əl həyatını təzədən yazırdı. O da bu yazıya istədi-istəmədi, cınqırını belə çıxarmadan mütiliklə tabe olurdu. Sən demə yaşayarkən atdığın ən kiçik addımın belə izi qalırmış. Həyatda nə etmisənsə, gec-tez cavabını verirsən. Gülər atası evindən qayıtmasa canından çox sevdiyi qızları necə olacaqdı görəsən? Ayişə ilə Sənubər də Gülərlə birgə babalarının topdağıtmaz evinə getsə, Molla Qafar havalanardı. O, bu illərini ancaq qızları üçün yaşamışdı. Nə etmişdisə onlar üçün etmişdi. Ayişə təmkin li, Sənubər şıltaqdı. İkisi bir yerdə olanda tamamlanırdılar. Onları bircə gün görməsə, rahat yata bilmirdi. Güləri dədəsi evinə buraxmaq olmazdı. Gülər getsə, qızlar da gedəcəkdilər.
Molla Qafar axşam evə dönəndə gözlərinə inanmadı. Gülər qayıtmışdı. Sarışınla şüşəli eyvanda oturub nə haqdasa şirin-şirin söhbət edirdilər. Onu görən təki ayağa qalxıb yataq otağına keçdi. Molla Qafar da sarışının verdiyi salamı dilucu alıb arvadının arxasınca açıq qapıdan içəri adladı. Gülər taxta döşəmənin üstündə bardaş qurub oturmuşdu. Gözləri alov-alov yanırdı. Molla Qafarın içəri girdiyini görüb əli ilə ona "Aşağı otur" işarəsini verdi. Molla Qafar arvadına qulaq asıb itaətlə döşəməyə çökdü. Gülər: "Danış. Ürəyin boşalsın. Səni eşidirəm" - dedi. Molla Qafar: "Nəyi danışım? - soruşdu. Gülər: "Sarışın mənə bəzi xatirələr danışdı. Sənin bu işdə günahın yox imiş. Ona görə qayıtdım. Gerisini özün de ki, başqasından eşitməyim" - dedi. Və Molla Qafar hər şeyi olduğu kimi açıb Gülərə söylədi. Gülər onu səbirlə dinləyib döşəmədə dizi üstə dikəldi. Bir neçə dəqiqə Molla Qafarın gözünün içinə baxandan sonra ondan: "İndi sən özünü kişi sayırsan?" - soruşdu. Molla Qafar dinmədi. Gülər: "Sənin o atası bəlli olmayan oğlun mənə də, qızlarına da başqa gözlə baxır e, xəbərin var?" - soruşdu. Molla Qafar: "Mən onu evdən necə qovum, axı o Allah qonağıdır" - dedi. Gülər daha heç nə danışmayıb yataq otağını yığışdırmağa başladı. Və Molla Qafar başa düşdü ki, Gülər atası evinə getməyəcək. Şükür edib Gülərə: "Çox sağ ol" - dedi. Gülər əlindəki üçkünc balıncı çarpayının üstünə tolamazlayıb: "Sən mənim üçün bir kişi kimi artıq ölmüsən. Bundan sonra ancaq qızlarıma baxacam" - qışqırdı. Molla Qafar bir söz deməyib otaqdan çölə çıxdı. Sarışın şüşəli eyvanda çoban Alının quduz olmuş itini qucaqlayıb "selfi" edirdi. Molla Qafar gözlərinə inanmadı. Bütün kəndin canavar qədər qorxduğu vəhşi it sarışına qısılıb əl iti kimi ağzından su axıda-axıda ləhləyirdi. Gözlərində sevgi əmələ gəlmişdi. Yazıq-yazıq zingildəyirdi. Molla Qafar itdən qorxa-qorxa salavat çevirib sarışını yanına çağırdı. Sarışın iti küçəyə ötürdü. Eşikdən içəri qaça-qaça gəlib Molla Qafarın boynuna sarıldı. Sarışın hər dəfə adamın gözünə bir cür dəyirdi. Bu gün arıq və zərifdi.
- Oğlum olmağına oğlumsan. Buna inandım. Amma de görüm planların nədir? Bundan sonra nə etmək fikrindəsən? Sovet dövləti artıq dağılıb, bilirsən. Sən başqa bir ölkənin vətəndaşısan. Burda qalmaqdan ötrü gərək vətəndaşlığı qəbul edəsən. Bu da sənə asan gəlməsin. Bunun əsgərliyi var. Qeydiyyatı var. Səni gərək Gülər də qəbul edə. Məni başa düşürsən? Belə işlər asan həll olunmur.
Sarışın sevinə-sevinə: - Mən orda qeydiyyatdan çıxmışam. Burada sənlikdir. Bələdiyyə deyilsən? Məni üstünə yazdıracaqsan, vəssəlam. Qanunları bilirəm, ürəyini sıxma - dedi.
Molla Qafar sarışının köynəyinin boynundan tutub yaxına çəkdi ki, dediyi sözləri Gülər eşitməsin: "Anan məndən nə danışırdı?"
Sarışın da pıçıltıyla: "O, ancaq səni sevib. Səndən sonra bircə kişiyə belə gözünün ucuyla baxmayıb" - dedi.
Molla Qafarın üzündə qəribə bir istehza əmələ gəldi. Bu istehzanı hara istəsən yoza bilərdin. Sarışın onu necəsə sevgiyə yozdu. Və Molla Qafarın tüklü üzündən öpüb ucadan: "Ata, bilirsən ən böyük arzum nədir? Mən də sənin kimi Molla olum. Sənin yolunu davam edim. Ənənə ilə yaşayım", - dedi.
Molla Qafarın qəfil qulaqları tutuldu. Sarışının gur səsinə qızlar da dəhlizə yüyürdülər. Sənubər gülə-gülə sarışından: "Sən rəngdə Molla olar?"- soruşdu.
Sarışın: - Rəngim xoşunuza gəlməz, rənglərsiniz. Əsas imandır - söylədi.
Molla Qafar sarışının sözünü ağzında qoyub yenidən yataq otağına qayıtdı. Buxara papağını başına qoyub məscidə getmək üçün küçəyə çıxdı. Götür-qoy edib, fikirləşməliydi. Məsələ qəlizləşirdi. Sarışın həyatına ömürlük gəlibmiş. O buna hazır idimi? Bu vaxt məsciddə adam olmurdu. Özüylə baş-başa qala biləcəkdi, təkliyi uşaqlıqdan sevirdi. Özüylə danışmaqdan həzz alırdı. Sakitləşirdi. Məscid doğrudan da boşdu. "Nə qədər xətrin istəyir öz-özünlə danış, Molla Qafar. Görüm bu müşkülün həllini tapa biləcəksənmi?" son düşüncələrini boşluqdu deyə ucadan dedi. Minbərin yanında çöməlib kürəyini divara söykədi. Elə ağzını açıb ölənlərin ruhuna bir siftə fatihəsi vermək istəyirdi ki, sarı Həmidin gülər gözləri məscid qapılarından içəri zilləndi.
- Gəlmək olar? - Sarı Həmidin səsi kinayəliydi.
- Məscidə girməkdən ötrü icazə almırlar, - bunu sükutu pozulduğundan sinirlənən Molla Qafar dedi.
Sarı Həmid məscidə girib ədəblə "salam" verdi.
Ayağını çəkə-çəkə yaxınlaşıb Molla Qafarın yanında yerə çöməldi.
Üzünü Molla Qafara tutub: "Sənə bir sual verəcəm?" - dedi.
- "Yenə yuxu görmüsən?"
Sarı Həmid: - Yox. Yuxu deyil - dedi.
Molla Qafar "Buyur, ver sualını" - pıçıldadı.
- Molla Qafar, düz deyirlər ki, Məryəm ana İsa peyğəmbəri bakirə ikən doğub?" - deyən sarı Həmidin gözlərində şeytancıqlar oynaşdı.
Molla Qafar "Uzaqdan gəlmişlik eləmə. Sözünün mustafasını de," - dedi.
- Bu sarışın ancaq bir yolla sənin oğlun ola bilər. Sən bunun anasına nəsə eləsən. Eləmisənsə heç. Eləməmisənsə, deməli sən Məryəm ana kimi müqəddəssən?..
Molla Qafarı gülmək tutdu: "Eləmişəm. Sakit ol" - dedi.
Sarı Həmid elə bil yüngülləşdi: "Deyirəm axı... Adam lap təmiz adamdan qorxur. Yaxşı ki, o qədər təmiz deyilsən. Bizlərdənsən, doğmasan.Yoxsa sən hara, Məryəm ana hara?"
Molla Qafar: - Cavanlıq səhvidi də, Həmid. Cahil olmuşam. Bilməmişəm. And olsun Allaha, o sarışının anasından başqa daha heç bir günahım olmayıb. - pıçıldadı.
- İnanıram. Arvad mənə deyir ki, Molla Qafar heç vədə günah iş tutmaz. O, pak adamdır. Uşaq onun deyil. Həkimlər çaşıb... Amma sənə oxşayır e, Qafar.
Molla Qafar köksünü ötürüb: "Oxşamağı başına dəysin. İndi də molla olmaq fikrinə düşüb" - dedi. Və əliylə döşəməyə dayaq verib ayağa qalxdı. İşin qəribəliyindən Sarı Həmid də yerindən hövlnak dikəlib: "Sarılardan Molla ola bilməz bəyəm?" - soruşdu.
Molla Qafar sarı Həmidə cavab verməyib məsciddən çölə çıxdı.
Sarışın kəndə də, kəndlilərə də çox tez alışdı. Elə bil burda doğulmuşdu. Buranın havasına təndi. Elə bil, Armavir dediyin yer elə buraydı. Bir ayın içində təmiz kənd ləhcəsiylə danışmağa başladı. Kəndin adamı kimi itini də, atını da özünə öyrəşdirdi. Onsuz nə yas oldu, nə toy. Bir gün onu görməyəndə kənd adamları darıxdılar. Gülərin dədəsi belə hər dəfə görüşəndə sarışının alnından öpüb ona "Belə oğulu Allah saxlasın", - dedi. Sarı Həmidin sarışınla bağlı dediyi "son nəticə" isə kəndə teleqram kimi gəldi. "Molla Qafar Armavirdə Buratinonun dədəsi kimi sarışını taxtadan qayırıb. Onun anası-zadı yoxdur. Molla Qafar müqəddəs adamdır. Sarışın da əllamədir." Burnunu deyə bilmərəm. Adamın Allahı var, sarışının burnu Buratino kimi bir o qədər də uzun alınmamışdı. Amma onun da deyəsən uzun yerləri vardı. Kəndin qadını, qızı sarışını görən kimi nədənsə ağıllarını itirirdi. Nə danışdığını, nə dediyini unudurdu. Onun şəhvani haləsi altında məst olub huşa gedirdi. Bütün kənd ona qız soraqlayırdı. Molla Qafarı görən qadınların elliyi bir ağızdan: "Qafar qardaş, bu sarışını evləndir, getsin. Gözü-başı qaynayır. Bir iş çıxaracaq" - deyirdilər. Axırda evlənmək məsələsini sarışının özü həll etdi. Dul qalmış Səkinə arvadın xırda qızı Nazlı ilə harda danışdı, nə danışdı, heç kəs görmədi. Əvəzində bir gün hamı onu gördü ki, Nazlı sarışından hamilədi. Və məsələ Nazlının qarnı kimi şişib. Molla Qafar bu şişkinlikdən sonra məcbur olub məktəbin qarşısındakı yaşıllıqda sarışına tələsik toy elədi. Və elə bil ki, o toydan sonra sarışın bir az da qaralıb kəndlilərə qarışdı. Oğlanın sarışınlığı elə bil bir az avazıdı. Daha onu kəndlilərdən ayırmaq olmurdu. Deyirdin onu anası Valentina yox, Gülər doğub. İçində paslı mıx kimi ilişib qalmış keçmişinə nifrət edə-edə, Gülərin qədimi üzüyünü sarışın üçün Nazlının qalın barmağına taxan Molla Qafardan savayı hamı sarışını sevirdi. Elə bil onun üzündə şeytan tükü vardı. Görən gədəyə vurulurdu. Sarışın evlənən gündən Molla Qafarın evində qalmadı. Özünə kəndin ucqarı sayılan "Çaqqal dərəsi"ndə taxtadan təzə daxma qaraltdı. Molla Qafardan savayı, hamı ona alışdı. Ancaq Molla Qafar baş verənləri anlamaya-anlamaya qəzaya, qədərə bağladı. İlahinin imtahanına yozdu. Sonda axırının xeyir olmasını Allahdan istəyib istixara elədi. Sarışınla Molla Qafar çox az-az danışardı. Az-az görüşərdi. Molla Qafar sarışından ürəyinin gizlinində qorxardı. Üzündə-gözündə dolaşan qırmızı şəhvanilik Molla Qafarı diksindirərdi. Sarışının Qafarın ürəyindən xəbəri yox idi. Kimi gördü, harda gördü çənəsinin altına salıb saatlarla atasından danışardı. Hansı işin qulpundan yapışır-yapışsın, aşırardı. Əlindən hər iş gələrdi. Armavirdən gələndən kəndlilər üçün aran yerdə yeddi sulu quyu qazmışdı. Kəndə dağlardan bulaq suyu çəkmişdi. Yolları, körpüləri təkbaşına təmir eləmişdi. Hamı başına and içirdi. Kəndə birinci velosipedi, motosikleti də o gətirmişdi. Gedib şəhərdən kreditə götürdüyü televizorları bir-bir kənd evlərinə paylamışdı. Bütün kəndi türk seriallarına alışdırmışdı. Uşaqlar o gələndən sonra serial dillərində dil açıb, serial qəhrəmanları kimi danışırdılar. Dünən isə Qafarın evinə gəlib xahiş etmişdi ki, "ona mollalığı da öyrətsin. Molla olmaq istəyir". Molla Qafar sarışının anasını xatırlayıb ilk dəfə ona qəti "yox" demişdi. Onların arasına düşən çat da bu qəti "yox"dan sonra başladı.
Sarışın üzdən Qafara oxşasa da, əməllərindən oxşamırdı. Əməllərində biclik vardı. Kəndi özünə məqsədsiz yerə ram etmirdi. Qafarı da ən çox qorxudan buydu. Ona həyatın ləzzəti kədərindən yaxın idi. Sarışın ölümdən, Allahdan qorxmurdu. O, heç nədən qorxmadığı üçün qorxuluydu. Sarışın həyatı an bilirdi. Və bu anı öz xeyrinə dəyişməyi sevirdi. Axirəti anlamırdı və qəbul etmirdi. O, həzz adamıydı, tövbəsi yoxdu. Allaha təslim olmamışdı. Özünə qadağa qoyanlardan deyildi. O, indi, bu gün, bu dəqiqə olanlardan ləzzət almağı sevirdi. Onun üçün nə keçmiş var idi, nə gələcək. O indinin adamıydı. Məzluma qalib gəlirdi. Özündən zəifi bağışlamırdı. Qadağaları belə həyasızcasına ləzzətə çevirirdi. Adam var ki günah etdiyini biləndə qorxur. Günahı təninin ağlı ilə etsə də, daxildə peşmançılıq çəkir. Bu daxil onun vicdanıdır. Etdiyi günahın əziyyətini illərlə yaşayır. Belə adamın nizamı, daxili yazısı imandandır. Özü dərk etməsə də, nizamı Allahdandır. Adam da var ki, etdiyi günahdan həzz alır. Günah edəndə və sonra heç bir peşmançılıq çəkmir. Sarışın günahından belə həzz alanlardan idi. Onun yazısında peşmançılıq yox idi. Günah elə bil onun qanında, canında idi. Molla Qafar da buna görə ildırım kimi ömrünə daxil olmuş sarışının molla olmasını istəmirdi. Ona görə yox ki, sarışın imana gələ bilməzdi. Ona görə ki, sarışın imanı belə öz iradəsi ilə dəyişəcəkdi. Onun buna gücü və iradəsi çatacaqdı. Bu gücü Molla Qafar sarışında görürdü. Elə ona görə də ondan qorxurdu. Sarışın atasının qəti "yox" deməsindən sonra bir də bu məsələyə qayıtmadı. Başını aşağı salıb xarratlığı öyrəndi. Amma bu "yox"dan sonra gözlərində qəribə bir gülüş əmələ gəldi. Bir müddətdən sonra onun xarratlığından da dastanlar danışılmağa başlandı.
Sarışının gəlişindən sonrakı həyat təzə-təzə məcrasına düşürdü ki, dəhşətli xəbər kəndi sarsıtdı. Molla Qafarın kiçik qızı Sənubər günün günorta çağı yoxa çıxdı. Əvvəlcə Molla Qafar, sonra bütün kəndlilər ətrafı ələk-vələk elədilər. Xeyri olmadı. Elə bil qız yağlı əppək olub göyə çəkilmişdi. Gördüm deyən yoxdu. Şəhərə zəng vurub polis çağırdılar. Polis iki günlük axtarışlardan sonra qızı "Çaqqal dərəsi"nin arxasındakı lal uçurumdan ölü tapdı. Onun çaqqallar didmiş, gözəl tənini Gülərin tükürpədici ah-vayı altında şəhər xəstəxanasına apardılar. Qızın bədənini ekspertiza etmək üçün yarmış pataloq-anatom eşiyə çıxan kimi Molla Qafarı otağına dəvət etdi. İçəridə ondan: "Qızının hamilə olmasından xəbərin var idimi?" - soruşdu. Molla Qafar Sənubərin ölməsindən çox, hamilə olmasından sarsıldı. Axı Sənubər körpə uşaq idi. Evdən eşiyə çıxmırdı. Məktəbə getmirdi. Oğlanla görüşmək nədir? Bir də kənddə onunla yaxınlıq edəcək ərgən oğlan uşağı demək olar ki, yox idi. Molla Qafar daha bir sirri ürəyinə gömüb kəndə qayıtmalıydı. Buna ürəyi dözəcəkdimi? Bu sirri kimə deyəsən? Necə deyəsən? Həkimdən də, polisdən də məsələni ağartmamağı xahiş edib, ciblərinə pul basdı. Onlar Sənubərin ölümünü intihar kimi qeydiyyata salıb, işi bağladılar. Molla Qafar ölüm kağızlarına son dəfə qol çəkəndə müstəntiqdən: "Uşaq neçə aylıq idi?" - soruşdu. Müstəntiq: "O, qədər də böyük uşaq deyildi" - dedi. Molla Qafar o hadisədən sonra heç kimlə kəlmə belə kəsmədi. Günlərlə dinib-danışmadı. Dəli kimi tək gəzib, tək dolaşdı. Sənubərin ölümünü öz günahına yazıb içinə çökdü. Qızının qatili kim idi? Onu kim zorlamışdı? Görəsən o adamla üz-üzə gəlsəydi, Molla Qafar özünü necə aparacaqdı? Allahı unudub o adamı öz əlləriylə boğacaqdımı? Görəsən, Allah Sənubərin ölümüylə ona nə demək istəyirdi? Onu bu ağır imtahana niyə çəkirdi? Nəyi anlamalıydı? Səhvi nəydi? Nə günah etmişdi?
Sarışın Sənubərin yasında əldə-ayaqdaydı. Hamıdan çox ağlayırdı. Hamıdan bərk danışırdı. Gələnin, gedənin qulluğunda dururdu. Kənd cavanları kimi Sənubərə yas tutub saqqal da saxlamışdı. Ağsaqqallar onun Molla Qafara bir hədiyyə olduğunu deyirdilər. Ağbirçəklər yanında yaşmaqlanmırdılar. Sarışın hamının məhrəminə, doğmasına çevrilmişdi. Təkcə Molla Qafar sarışına tərəf gözünün ucuyla belə baxmırdı. Başına gələn bütün bədlikləri onun adıyla bağlayırdı. Ondan haçansa gələcək daha böyük təhlükəni ağlı ilə dərk edə bilməsə də, hiss edirdi. Bundan artıq nə təhlükə olacaqdı? Gözəl-göyçək Sənubəri kimsə aldadıb zorlamışdı. O da təhqirə dözməyib özünü uçurumdan aşağı atmışdı. Molla Qafar bu vicdansızı tapıb öz əliylə boğmalıydı. Şübhələndiyi adam da vardı. Öz oğlu sarışın. Bunu ona necə sübut etsin? Sübutu yox idi. Gümanı min yerə getsə də, imanı onu addım atmağa qoymurdu. Bəlkə bu işi heç sarışın eləməyib. Onda kim eləyib? Nə qədər düşünürdü sarışından savayı ağlına heç kim gəlmirdi. Kənd adamları halal süd əmmiş adamlar idilər. Onlardan heç kəs belə bir iş eləməzdi. Sənubərin özü də imanlıydı. Onu aldada biləcək adam ancaq doğma adam ola bilərdi.
Molla Qafar gecələrin birində heç zaman açmadığı qapını təpiklə açıb sarışının daxmasına girdi. Nazlı yeni doğulan oğlunu əmizdirirdi. Sinəsini örtüb utana-utana ayağa qalxdı. Sarışın divanda uzanmışdı. Molla Qafarın içəri girdiyini görüb döşəməyə atıldı. Ən əvvəl sarışın Molla Qafarın əllərinə baxdı. Onun silahsız olduğunu görüb toxdadı. Kandarda durmuş Molla Qafarın üzündəki kədəri gördükdən sonra isə istehza ilə gülümsündü. Bu gülüş Qafarın gözündən yayınmadı. Sarışın əllərini irəli açıb: "Belə, atam evimə xoş gəlib" - dedi. Molla Qafar Nazlının əlindən uşağı zorla çəkib aldı. Bir həmlə ilə uşağı soyundurub işığın altına tutdu. Sarışının oğlu ona yad göründü. Uşaq başqa qandan idi. Molla Qafarın nəslində belə oğlanlar doğulmurdular. Molla Qafar nifrətlə sarışına baxıb: "Başqa qadından uşağın yoxdur?" - xəbər aldı. Sarışın irişə-irişə: "Xeyr, ata. Mən ancaq öz ailəmdə uşaq əkirəm" - dedi. Molla Qafar ucadan ağlayan lüt uşağı Nazlıya qaytarıb diqqətlə sarışının gözlərinin içinə baxdı. Beləcə bir xeyli baxandan sonra: "Mən o işin axırına çıxacam" - dedi. Və çevrilib otaqdan çıxdı. Nazlı Molla Qafarın qəfil hirsini anlamadığından qorxub ağlamsındı. Sarışın arvadından fərqli olaraq Molla Qafarın gəlişinə sevinmişdi. Elə bu sevinclə də əllərini bir-birinə sürtüb Nazlının yanağından öpdü. Sonra da: "Yemək gətir, acmışam" - dedi.
Sarışının gəlişi Molla Qafarı çox dəyişmişdi. Bunu Gülər də hiss edirdi. Daha Quran oxuyub, ibadətlə məşğul olmurdu. Namazından, orucundan qalmışdı. Bütün günü Allaha çətin imtahan verirəm deyib gözlərini bir nöqtəyə zilləyərdi. Məktəbə də həvəsi qalmamışdı. Daha din dərsləri keçmirdi. "Zamanı gələndə uşaqlar özləri Allahı qanacaqlar. Allah kitablarda deyil, əməllərdə imiş" - deyib məktəbdən yayınırdı. Həyatdan da ləzzət almırdı. Sağ qalmış yeganə qızı Ayişənin üzünü belə görmək istəmirdi. Ancaq taxtın üstündə oturub papiros çəkə-çəkə nə haqdasa düşünürdü. Adam içində olanda belə öz-özüylə danışırdı. Yuxudan hövlnak oyanıb səbəbsiz yerə ağlayırdı. Kimisə bərkdən söyüb: "Səni gec-tez öldürəcəm" - qışqırırdı. Bir gecə Güləri yuxudan qaldırıb: "O, mənim günahımdır, dirilib arxamca gəlib. Ömrümdə bir dəfə günah etmişəm. Onun da bədəli qızım Sənubər oldu" - demişdi. Molla Qafar Gülərdən də soyumuşdu. Daha heç kəsi sevmirdi. Bütün günü öz aləmindəydi. Səhər-axşam sərasər sarışını düşünürdü. Görəsən sarışın kim idi? Onu Qafarın evinə kim göndərmişdi? Sənubəri kim zorladı? Allah bütün bu olanlardan xəbərdardırmı? Onun hökmü olmadan bu dünyada heç nə baş vermir. Niyə bu baş verənlər onun başına gəlir? Tanıdığı bütün adamların günahı vardı. Onlarındamı günahları sarışın təki arxalarınca gəlib nizamlı həyatlarını alt-üst edib? Yoxsa Allah ancaq sevdiyi bəndələrini imtahana çəkir. Axı o, sarışının anası Valentinanı fahişə etməmişdi. Hamı kimi o da Valentinadan bir neçə günlük həzz almışdı. Bu idimi onun günahı? Bu günahın əvəzi günahsız Sənubər olmalıydımı? Həmin gecə Valentina ilə gör neçə kişi əylənmişdi. Bəs necə olmuşdu ki, Valentina ondan uşağa qalmışdı. Allahdan gələn bəla ilə barışmaq çətin imiş. O, bu çətin yolu seçsə də, özüylə artıq bacarmırdı. Sarışını öldürmək istəyirdi. Qisas almaq fikrindəydi. Belə olan zamanlar görəsən iradəsini kim idarə edirdi? Özümü? Son günlər buna şübhə edirdi. Sarışın ondan evini, sevgisini, illərlə yaratdığı könül nizamını və nəhayət, qızının canını istədi. O, bütün bunları ona könüllü verdi. Özündən asılı olmadan sevgi ilə verdi. Sarışın gəlişi ilə onun sakitliyini pozdu. Onu dəyişdi, kiçiltdi, alçaltdı və şübhələrə saldı. Bu gəliş qədər idimi?.. Tale idimi?.. Yazı idimi?.. O, bütün bunlara dözür. Qiyam etmir. Sonda sarışın imanının, sevgilərinin, yəqinliyinin davamı olmaq istədi. Burda o, sarışının fahişə oğlu olduğunu xatırladı. Və onu öz davamı kimi görməyə razı olmadı. Ona görə razı olmadı ki, sarışının anası fahişə idi. Fahişənin oğluna imanmı etibar etmək olardı? Bax, burda imiş bütün sualların cavabı. Molla Qafar olanların niyə olduğunu nəhayət ki, anladı. Həqiqət ona birdən-birə aşkar oldu. Sənubərin ölümü özünü sarışından üstün bilməsinin cəzası imiş. Axı ona fahişəyə qiymət vermək ixtiyarını kim vermişdi? Yəqin buna görə də qızı fahişə kimi ölmüşdü. O, gərək gənc olan zamanlarda da Valentinaya fahişə təki baxmayaydı. Onu məsum qız təki sevəydi. Bağışlayıb, qadını edəydi. Görünür Valentina onun taleyi, yazısı imiş. Və o, bunu anlamadan taleyinin acığına, ziddinə gedib. Özünü fahişədən üstün bilib. Bununla da hansısa qanunları pozub. İndi də bu səhvə görə Valentinanın oğlu ondan intiqam alır. Bu idimi ilahi nizam? Axı o fahişəni necə sevmək olardı? Bu suala Molla Qafar hələ də cavab tapa bilməmişdi.
Molla Qafar böyük qızını çox sevirdi. Ayişə doğulandan ağzı dualıydı. Dünya elmlərinə meyli olmadığından Molla Qafar onu məktəbə qoymamışdı. Evdə oturub taleyinə boyun əyən bütün kənd qızları kimi Ayişə də Allahından razı idi. Onun bu dünya ilə höcəti yox idi. Barış və hüzün ovqatına təndi. Özünə karyera qurmağa çalışan fikri qarışıq qızları Ayişə sevməzdi. Bacısı Sənubərdən fərqli olaraq o heç zaman icazə almadan evdən küçəyə belə çıxmamışdı. Çox sadəlövh və bir az da avam idi. Molla Qafarı da ən çox qorxudan onun həddindən artıq saf olması idi. Bacısının qəfil ölümündən sarsılmış Ayişə mehrini sarışına salmışdı. Bütün günü onun yenicə doğulmuş körpəsi ilə əylənərək başını qarışdırırdı. Bacısına olan nisgilini uşaqla ovudurdu. Sarışınla onun qəribə yaxınlıq halələri vardı. Harda olurlar-olsunlar, elə bil bir-birlərini maqnit kimi cəzb edirdilər. Bir-birlərinə siam əkizləri kimi pərçimlənirdilər. Bu təmasa ruhların savaşı da demək olardı, doğma qəlblərin yaxınlığı da. Onlar eyni dam altında olanda astral halələrinin toqquşmasından qıcıqlanıb dəli kimi olurdular. Bir-birlərini görməyəndə də eyni cür olub otaqda var-gəl edirdilər. Bir yerdə olanda da, olmayanda da bir-birləri üçün narahat idilər. Onların arasında olan bu gərginlik ən çox Nazlıya ziyan idi. Demək olar ki, gərginlikdən hər gün Nazlının ürəyi gedirdi. Ayişə də Nazlı kimi baş verən qəribəlikləri anlamırdı. Bu olanların niyə olduğunu dərk edə bilmirdi. Sarışın onun qardaşı idi. Bu qardaşlıq ona bəs idi. Son zamanlar atasının tənhalaşması, anasının evdən soyuması Ayişəni incidirdi. Ölənlə ölmək olmazdı. Bir zamanlar kəndin ən şən ailəsi sayılan ailələrinin daha üzü gülmürdü. Sənubərin ölümü evlərinə payız rəngi gətirmişdi. Bir də bu evə çətin gün doğardı. Sarışın isə tamam başqaydı. Onun qəmi bircə anda söndürməyə qadir gücü vardı. Və bu güc indi çətin anlarını yaşayan Ayişəyə çox gərəkdi. Ayişə çox gözəl qız idi. Qonşu kəndlərdən belə elçiləri vardı. Hər dəfə elçilərinə bir bəhanə ilə yox deyib, işi yubadardı. Özü də niyə belə etdiyini bilmirdi. Sanki bir səs ona ərə getməyin hələ tez olduğunu pıçıldayırdı. O da bu pıçıltıya dinməz itaət edirdi.
Molla Qafar otağa girəndə Ayişə namazını qılıb qurtarmışdı. Eləcə döşəmədə dizi üstə oturub Sənubərin bağışlanması üçün dualar edirdi. Atasının içəri girdiyini görüb ayağa qalxmaq istədi. Molla Qafar çiynindən aşağı basıb qoymadı.
- Allah namazını qəbul etsin, qızım - deyib söhbətin uzun olacağına işarə etdi. Hər dəfə söhbət uzun olanda Molla Qafar nədənsə namazın qəbul olunmasından başlardı.
- Çox sağ ol, ata. - Ayişə də səsinin sakit tonu ilə atasına söhbətə hazıram işarəsini verdi.
- Sən indi mənim yeganə balamsan, Ayişə. Atanı dinlə. O sarışından uzaq dur. Ondan bizə xeyir gəlmir.
- O sənin oğlun deyil, ata? - soruşan Ayişənin üzündə təəccüb əmələ gəldi.
Molla Qafar bu suala cavab verməyib: "Ondan bizə bəla gəlir, görmürsən?" - dedi.
- Axı sənə kim deyib ki, ömrün hamar olmalıdır. Həyatında itkilər də olacaq, uğurlar da. İş odur ki imtahandan üzüağ çıxmağı bacarasan. Sənə dərd göndəriləndə başqalarını günahkar bilməyəsən. Bəlkə elə günah özündədir?
Molla Qafar qızının dini məntiqini sarsıda bilməyəcəyini anlayıb: "Bəlkə gedib o sarışının evində yaşayasan?" - qışqırdı.
Ayişə atasına cavab qaytarmadı. Ayağa qalxıb otaqdan eşiyə çıxdı.
Molla Qafar bilmədi neynəsin. Sarışının adı artıq evinin içindəydi. Hər yerdə, hamıda bir sarışın havası yaranmışdı.
Molla Qafar dəhlizə çıxıb qorxa-qorxa: "Gülər... Gülər" - çığırdı.
Gülərin səsi gəlmirdi. Yəqin o da nəvəsinə baş çəkməkdən ötrü sarışının daxmasına getmişdi.
Bir səhər kəndə böyük vəzifəli şəhərlilər gəldi. Klubun qarşısında xırda toplantı keçirib Molla Qafarı bələdiyyə sədri vəzifəsindən çıxardılar. "Öz-özüylə danışan bələdiyyə sədri bizə gərək deyil" dedilər. "Bələdiyyə sədri zirək olmalıdır, əkməlidir, biçməlidir, qışa tədarük görməlidir. İşlək olmayan bələdiyyə sədri kimə lazımdır?". Şəhərlilər uzun sözlərinin axırında Molla Qafarın yerinə sarışını təyin edib yenidən deyə-gülə maşınlarına doluşdular. Gethagetdə arxa maşının açıq şüşəliyindən başını çölə çıxarmış bir suyuşirin qadın Molla Qafara: "Molla, balta xaltanı kəsdi ha" - deyib ucadan güldü. O gülən, bu gülən, Molla Qafara elə gəldi ki, bütün kənd ona gülür. O gündən Molla Qafar gülüşdən də qorxub yan gəzdi.
Sarışın bələdiyyə sədri olan kimi qollarını çırmalayıb işə girişdi. Başlanğıc üçün məktəbdə ingilis dili kursları yaradıb, İngiltərə səfirliyini kəndə dəvət etdi. "Çaqqal dərəsi"nə iki turist marşrutu açıb şəhərliləri "ekstrim turlara" çağırdı. Əkinə yatan torpaqları varlı şəhərlilərə satdı. İstirahət üçün villalar tikdirib, restoranlar açdı. Torpaq yolları asfalt yollarla dəyişdi. Və ən nəhayət, kəndlilərə söz verdi ki, Armavirdən kəndə dəmiryolu çəkdirəcək. Onun işləkliyi kənd uşaqlarını da yerindən dəbərtdi. Oğlanlı-qızlı ingilis dili öyrənən kənd uşaqları Molla Qafardan ağır dərslər tələb etməyə başladılar. Onlar yeni texnologiyaları öyrənmək istəyirdilər. Molla Qafarın da dindən savayı heç nədən başı çıxmırdı. Və beləcə uşaqlar Molla Qafarın üzünə ağ olub onu məktəbdən də qovdular. İki gün sonra məktəbə şəhərdən yeni müəllimlər gəldi. Və Molla Qafar məktəblə də üzülüşdü. Onu məktəb direktoru vəzifəsindən də çıxardılar.
Molla Qafarın bu qədər kiçilməsi ən çox Gülərə təsir etmişdi. Necə olsa Molla Qafar onun adıydı. Uşaqlarının atasıydı. İnsafən Molla Qafar ona pis ər olmamışdı. Bütün günü ailəsinə qul olub, pul qazanmışdı. O ki qaldı qadınlarla əylənməyə, hansı kişi qadınla əylənmir ki? Təkcə bunun əməli misə dəyib səs saldı. Bir də sarışının kəndə yiyəlik eləməsi Gülərə yer eləmişdi. "Yersiz gəldi, yerli qaç" olan sarışın gələr-gəlməz atasının bütün işlərini əlindən almışdı. Amma adamın Allahı vardı. Molla Qafarın sağalmasını sarışın da istəyirdi. Demək olar ki, hər gün Gülərə "Sən Allah, atamın üzünə yaxşı bax. Onun buzunu əritsən, ancaq sən əridəcəksən" - deyirdi.
Axşam Gülər ərinin qarşısına çayı bir az yumşaq qoyub gözünün altından üzünə baxdı. Kişinin cini çıxmışdı. Əməllicə sınıxmışdı. Gülər ixtiyarsız olaraq əlini qaldırıb ərinin tüklü üzünə çəkdi. Molla Qafar duyğulandı. Başını Gülərin ovcuna qoyub biləyini boynu ilə sıxdı. Baxışları toqquşanda Molla Qafar hönkürtüylə ağlamağa başladı. Sözləri göz yaşına büküldüyündən yamyaş idi: "Sənubəri sarışın öldürüb. Ayişəni də əlimdən alıb. Bir azdan səni də məndən ayıracaq. Onunla bacarmıram". Gülər əliylə ərinin sözlərini sığallayıb sinəsinə qısıldı. Molla Qafara bu təmas bəs idi. Dizlərinə güc gəldi. "Kişi ağlamaz" - düşünüb, toparlandı. Ayağa qalxıb otaqdan çölə çıxdı. Ensiz cığırla tövləyə çatıb taxta qapını açdı. Samanlıqda gizlətdiyi əl qumbarasını götürüb cibinə qoydu. Sarışının daxmasına çatana qədər Allah kəlamlarını bilərəkdən xatırlamadı ki, fikrindən dönməsin. Sarışının uşağını, Nazlını düşünməməyə çalışırdı. Sənubər də uşağıydı. Sarışın onu zorlayanda bunu düşünməmişdi. Ürəyiyuxalıq pis şeydir. Kişini kiçildir. Sarışın onun azan ərazisinə girmişdi. Yaratdığı nizamı pozmuşdu. Qızını öldürmüşdü. Yəni bütün bunlardan sonra Molla Qafar ondan qisas ala bilməzdi? Sarışının daxması kənd evlərindən aralıydı deyə həyəti uzaqdan görünürdü. Nazlı həyətin ortasında iri ləyəndə paltar yuyurdu. Uşaq da həyətdəydi. Əlində tutduğu "qalac" çörəyini diddələyirdi. Molla Qafar "Uşağın günahından azad oldum" - düşündü. Sinə-sinə daxmanın pəncərələrinə qədər gəlib içəri boylandı. Sarışın içəridə saçları çiyninə qədər tökülmüş bir qadınla sevişirdi. Bu qadın kim ola bilərdi görəsən? Qafarın ürəyinə elə bil bıçaq soxdular. Nazlının günüsümü var? Sarışın ikinci arvad alıb? Axı Nazlı evdə ola-ola sarışın bura başqa qadın gətirə bilməzdi. Onun işindən Allah da baş çıxarmır. Ondan ancaq qumbara ilə qurtulmaq olacaq. Molla Qafar çox gözləyə bilməzdi. Gülər duyuq düşüb kəndi ayağa qaldıra bilərdi. Əl qumbarasını cibindən çıxarıb halqasını çəkdi. Pəncərənin şüşəsini yavaşca taqqıldatdı ki, sarışın səsə tərəf gəlsin. Sarışından qabaq sevişdiyi qadın səsə boylandı. Molla Qafar şüşəni yumruqları ilə sındırıb, qumbaranı içəri atdı. Səsə çevrilib döşəməyə düşən qadının Ayişə olduğunu ancaq qumbara partlayandan sonra gördü. Qumbara Ayişənin sinəsində partladığından qızın bədəni bircə anda tikə-tikə oldu. Sarışın Ayişənin parça-tikə olmuş bədəninə paltar geyindirə-geyindirə: "Molla Qafar bacımı öldürdü, ay camaaat" - deyə bağırdı. Molla Qafarın dili-ağzı qurumuşdu. Nə edəcəyini, nə deyəcəyini bilmirdi. Haçandan-haçana özünə gəlib Ayişənin üzünə baxdı. Ayişə doğrudan da üzdən sarışına bənzəyirdi...
Molla Qafarı həmin gecə həbs etdilər.
Altı ay sonra məhkəmə ona ömürlük iş kəsdi.
Qərar Molla Qafarın üzünə oxunduğu gün məhkəmə salonuna sarışın da gəlmişdi. O, arxa sıraların birində əyninə qara paltar geyinmiş Gülərlə yanaşı oturmuşdu. Gülər nədənsə gözlərinə qara eynək taxmışdı. Dodaqlarının boyası da bir az artıqdı. Bu kiçik detallar dəmir barmaqlıq arxasında oturmuş Molla Qafarın gözündən yayınmamışdı. Məhkəmə iclasının keçirildiyi zaman sarışın Gülərin əlini dizinin üstünə qoyub buraxmamışdı. Vəkili Molla Qafara Ayişənin də hamilə olduğunu söylədiyi an isə hər şey ona gün kimi aydın olmuşdu. Ən qəribəsi bu idi ki, heç kəs sarışının bu işləri edə biləcəyinə inanmazdı. Heç kəs onun günahkar ola biləcəyini ağlına belə gətirməzdi. Əksinə, bütün kənd onun qeyrətli oğul olmasından danışırdı. Bu insanların gözü görəsən necə bağlanmışdı? Yaxşı, deyək ki, kəndlilər avamdı? Bəs müstəntiqlər? Axı Molla Qafarın hər iki qızı hamiləydi. Bunu kimsə etmişdi də. Qızlar öz-özünə hamilə olmamışdılar ki? Molla Qafar qızlarının sarışınla yatmasını tədqiqatdan gizlətsə də, özündən gizlətməmişdi. Bəs niyə onun özü belə bu sirri açmırdı? Ona nə mane olurdu? Adam içinə çıxmaqdan utanırdı? Onsuz da daha adam içinə çıxmayacaqdı. Ömürlük həbs olunmuşdu. Sarışın uzaqdan diqqətlə ona baxırdı. Molla Qafar hiss etdi ki, sarışın onun alçalmasını, sındığı, Allahdan üz döndərdiyi anı görmək istəyir. Sarışın nəfs idi. Sarışın günah idi. Sarışın hər nə idisə adam deyildi. Molla Qafar özünü toplayıb sarışının gözlərinin içinə baxdı. Sarışının gözləri gülürdü.
Nəhayət, Molla Qafarın üzünə hökm oxundu.
Onu bir neçə dəqiqə sonra məhkəmə salonundan həbsxanaya aparacaqdılar. Molla Qafar ağır-ağır ayağa qalxdı. Çevrilib Gülər tərəfə baxdı. Baxışları ilə olsa da qadını ilə halallaşırdı. Gülər salonun ortasında sarışını sinəsinə sıxıb ağlayırdı. Sarışının əli Gülərin bu gün bir az dik görünən döşlərinin üstündəydi. Gülər də sarışını bir az başqa cür qucaqlamışdı. Əyninə geydiyi qara paltarının ətəyi bir az yuxarı qalxmışdı. O, əvvəllər belə paltarlar geyinməzdi. Sarışın Molla Qafar görsün deyə, sağ əlini yavaş-yavaş Gülərin kürəyindən aşağı sürüşdürüb arxasında saxladı. Və salondakı qarışıqlıqda Gülərin yumru arxasını sığallamağa başladı. Qəribəsi bu idi ki, Gülər də onun əlini geri itələmirdi. Molla Qafar nə deyəcəyini, nə edəcəyini bilmədi. Yerə tüpürüb salondan eşiyə çıxdı. Addımını atdıqca qollarını sıxan qandal qəribə səslər çıxarırdı. Maşına minənə qədər Molla Qafar heç nə düşünə bilmədi. Yenə olanları Allahın ixtiyarına buraxdı.
Ancaq gecə təkadamlıq kamerada işıqlar söndürüləndən sonra Molla Qafar döşəməyə çöküb üzünü göyə tutdu və utana-utana pıçıtıyla kimdənsə: "Sən hələ ordasan?" - soruşdu...
Və birdən qulaqlarına açıq-aydın sarışının səsi gəldi: "Əlbəttə, burdayam... harda olacam?"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!