Evimiz - Cavid ZEYNALLI

 

İştirak edirlər:                     

Azər

Armen

 

Döyüş bölgəsi. Qarşı-qarşıya olan iki alçaq təpədən üzü yuxarıya doğru bir-birindən xəbərsiz iki nəfər sürünür. Ətrafdan eşidilən silah səsləri bəzən şiddətlənir, bəzən azalır. İldırım çaxır. Yağış yağmağa başlayır. Lap yaxına mərmi düşür. Onun ardınca daha iki partlayış olur. Azərin irəli sürünməyə taqəti yoxdur. Özünü toparlayır. Dirsəklərini yerə söykəyib bir qədər sürünür.

Azər. Hə... Deyəsən, Allah məni istəyir. Ayaqlarım... Ayaqlarımı hiss eləmirəm. (Qarğa səsi eşidilir. Azər başını səmaya qaldırır). Ay qarğa... Ayağım... Oyy... Ayağım yoxdu elə bil... (Sürünür). Ay qarğa, sən həmin qarğasan. Həmin qarğa! Nə ölümün var bu odun-alovun içində. Sən çoxdan uçub getməliydin, axı. Biz kənddən çıxanda evimizin başına dolanırdın. Səsini də, bax, beləcə atmışdın başına. Babam bir güllə atdı göyə, uçub getdin (Havaya üç-dörd güllə atır. Ani sükut. Qarşı təpədəki erməni də havaya güllə atır. Hər ikisi yuxarıya doğru sürünməyə davam edirlər. Azərin taqəti kəsilir. Yenə zarıyır. Su qum-qumasını götürüb başına çəkir. Qab boşdur. Qabı ağzı üstə çevirir, silkələyir). Heç olmasa, bir qurtum qalardın... Heç olmasa, bircə qurtum. (Su qabını hirslə kənara atır. Ağrısı yenidən tutur. Taqəti kəsilir, başını qollarının arasına alır). Ölürəm... Hə... Ölürəm... Allah da məni istəyib-eləmir! Özümü aldadıram. Verdiyim sözü tuta bilmədim. Bağışlasınlar məni. Bura qədər gəl, evi görməyib öl... (Ağlayır. Sükut. Arxası üstə çevrilir. Buşlatının iç cibindən ailə fotosunu çıxarıb baxır. Fotoda babası, atası, anası, yoldaşı və oğludur. Şəkli qoyur cibinə. Armen təpə ilə sürünüb irəli gedir. Azər onu yalnız indi görür. Qışqırır). Kimsən sən? Kimsən? (Armen dayanır. Çevrilib baxır, avtomatın darağını çıxarıb yoxlayır. Sürünməyə davam edirlər. Armen dayanır. Qumbara çıxarır).

Armen. (Öz-özünə, yavaşdan) Heç yana qaça bilməyəcəksən. Səni gəbərdəcəm. (Qumbaranı Azərə tərəf atmaq istəyir. Sonra nəsə düşünüb, fikrindən daşınır. Qəfildən ayağa durur, axsaya-axsaya qaçır. Azər də ayağa durmağa çalışır, amma bacarmır. Ona tərəf iki güllə atır. Armen yıxılır).

Azər. (Sevinclə bağırır) Həə... Həə... Deyəsən, dəydi... Dəydi it oğluna... (Sürünüb bir qədər uzaqlaşır. Qarşıda böyük daş görünür. Daşın arxasında erməni hərbçisinin meyiti var. Silahın ucu ilə ona toxunur. Qum-qumasını götürür. Boşdur. Onun avtomatını götürüb darağını yoxlayır. Boşdur. Silahı hirslə yerə çırpıb daşın arxasından çıxır. Geriyə boylanır. Armeni yerində görmür). Hara getdi bu? Yoxa çıxdı. Ölməyib oğraş. Ölməyib! Yəqin ki, dumanda gizlənib. (Təşvişə düşür. İrəliyə baxır. Təpənin başında duman get-gedə seyrəlir. Uzaqda dumanın içində ev görünür. Azərin sanki üzü işıqlanır. Gülümsəyir). Evimiz... Az qalıb... Çatıram sənə. Bilirəm, neçə illərdir yolumu gözləyirsən. (Evə doğru sürünür. Tez-tez arxaya baxır. Erməni zabitinin yıxılıb qaldığı yerdə qaraltısı görünür. Azər qumbaranı götürür, çəkib atmaq istəyir. Sonra fikrindən yayınır. Ətrafına dayanmadan mərmilər düşür. İrəliləyə bilmir. Geri qayıdıb daşın arxasında daldalanır. Bu dəfə erməninin güllə yağışına tuş gəlir. Erməni dizi üstə dayanıb onu atəşə tutur). O tərəfdə erməni meyitləri var. Hə... Onların avtomatını götürüb.

Daşın arxasındakı meyiti çevirir, üst-başını axtarır. Buşlatının cibindən qız uşağının şəkli çıxır. Uşaq şikəstdir. Əlil arabasındadır. Şəklə uzun-uzadı baxır. Arxasını çevirir. Ermənicə nələrsə yazılıb. Şəkli ehtiyatla götürdüyü yerə qoyur. Meyitin belindən - kəmərin altından güllələr tapır. Avtomatın darağını doldurur. Atışırlar. Hər ikisinin gülləsi qurtarır. Avtomatı atırlar. Yenidən sürünməyə başlayırlar. Hər ikisi nümayişkaranə şəkildə bir-birinə qumbaranı göstərirlər. Ev lap yaxındadır. Ucadan danışırlar.

Armen. Türkcə bilirəm. Hə... Ataram.

Azər. Ölmək istəyirsən?

Armen. Nə?

Azər. Ölmək istəmirsənsə, rədd ol. Çıx get!

Armen. Görürsən o evi?

Azər. Hə. Bizim evimizdir.

Armen. Hardan sənin oldu? (Qumbaranı hər ikisi yenə bir-birinə göstərirlər). Bizim evdir. Mən o evdə böyümüşəm.

Azər. O evi mənim atam tikib.

Armen. Yalan danışma.

Azər. Yalan danışmıram.

Armen. Sən heç o evin üzünü də görməyibsən.

Azər. Sənə dedim ki... (Öskürür).

Armen. (Rişxəndlə gülür). Gördün? Gördün ki, o evin sənə dəxli yoxdu. Rədd ol, çıx get.

Azər. Gndakn arag sparrvets'... (Güllə tez bitdi).

Armen. Hə... Ermənicə də bilirsən... (Qum-qumasını çıxarır. Su içir). Ermənicə de görüm: su istəyirəm (Gülür). Hə... De görüm... (Azər ona tərəf sürünür). Gəlmə. Eşitmədin, gəlmə? Mi ari! (Gəlmə!). (Bağırır). Durs ari (Rədd ol).

Azər. Alçaq!

Armen. (Gülür. Qum-qumanı təzədən yuxarı qaldırır). Sənin ölümünün şərəfinə! Təmiz erməni çaxırıdır. He-he... he-he... Ağrıları azaldır. Niyə elə baxırsan? Düşmən olanda nolar? Su olsaydı, sənə verərdim. Hə... hə... Bu, musurmana haramdır. Ona görə vermirəm.

Azər. Mənim də ağrılarım var.

Armen. Çox olsun.

Azər. Nə?

Armen. Deyirəm, çox olsun. Onsuz da öləcəksən. Az qalıb.

Azər. Evimizi görmədən ölən deyiləm.

Armen. Yaxşı, əgər o ev sizindirsə, onda suallarıma cavab ver.

Azər. Hər şey yadımdadır. Hər şey.

Armen. Quyu hansı tərəfdədir.

Azər. Tövlənin arxasında.

Armen. Quyunun üstünə nə yazılıb?

Azər. (Astaca) Su. (Udqunur) Su...

Armen. Nə?

Azər. 1986 - iyun.

Armen. Həyətin ortasında tək ağac var, o hansı ağacdır?

Azər. O ağac durur?

Armen. Hə. Hansı ağacdır?

Azər. Nar. Onu mənim babam əkib.

Armen. Yalan deyirsən.

Azər. Şirin nardır. Bal kimi (Evin yaxınlığına mərmi düşür. Dalbadal atırlar). Evi vurdular.

Hər ikisi sürünməyə başlayır. Evin ətrafına çatırlar. Yenə mərmi düşür. Hər ikisi başını tutub uzanırlar. Uzaqdan ağır texnikanın gurultusu eşidilir. Hər ikisi əziyyətlə üz-gözünü, üst-başını təmizləyir. Qumbaranı yoxlayırlar. Sonra vəhşi inadla sürünüb həyətə girirlər. Hərəsi divarın bir tərəfində gizlənir.

Azər. Tövləmizin arxası... Quyu... Çinar ağacımız. Orda iki alma ağacı da var idi. Quyunun da üstünü basdırmısınız.

Armen. Anam o alma ağacından özünü asıb öldürdü.

Azər. Niyə?

Armen. Bacım quyuya düşüb öldü, 12 yaşında. Anam da dözmədi buna. Asdı özünü. Biz də alma ağacını kəsib atdıq quyuya.

Azər. Başqasının evində xoşbəxt olmaq olmaz. Hamınız belə bədbəxtsiniz.

Armen. P'akir berand! (Yum ağzını). Bizi siz bədbəxt elədiniz.

Azər. Siz bədbəxt doğulmusunuz.

Armen. Asatsi,vor dzaynd q'd'ri! (Dedim ki, səsini kəs!)

(Azər sürünə-sürünə onun üstünə gedir. Armen qumbaranı çıxarır. Hər ikisi əl saxlayır).

Azər. Yaşamaq istəyirsənsə, get burdan. Əl vurmayacam sənə. Maşınların səsini eşidirsən? Bizimkilərdir. Gəlirlər.

Armen. Qoy gəlsinlər. Ölməyə gəlirlər. Qardaşımın intiqamını alacam. O da burda döyüşürdü. Evimizi qoruyurdu. Kəndimizi qoruyurdu. Sonra görmədim onu. Kaş heç olmasa, basdıra bilərdim. İndi bir şikəst qızı qalıb.

Azər. Şikəst?

Armen. Hə... Əlil arabasında. Həmişə də şəklini üstündə gəzdirirdi (Pauza). Noldu, niyə danışmırsan? Sənnənəm...

Azər. Onun yerini desəm, çıxıb gedərsən?

Armen. Sən onu harda görmüsən?

Azər. Sualıma cavab ver. Mən onun yerini bilirəm.

Armen. Hardadır? Sağdır?

Azər. Yox.

Armen. Hardadır?

Azər. Mən gizləndiyim daşın arxasında bir meyit var.

Armen. Hardan bilirsən mənim qardaşımdır?

Azər. Güllə axtarırdım, cibindən əlil arabasında olan bir qızın şəkli çıxdı.

Armen. Gülümsəyən qız...

Azər. Hə...

Armen doluxsunur. Gözünü silir.

Azər. (Belindən "lapatka" çıxarıb ona tərəf atır) Get onu basdır.

Armen. Axmaq... Mən uşağam sənin üçün?

Azər. Get onu basdır.

Armen. Bir az uzaqlaşan kimi qumbaranı atacaqsan. Həə... Bilirəm.

Azər. Get dedim. Get!

Uzun sükut. Armen divardan tutub ayağa qalxır. Qorxu və tərəddüd içindədir. Lapatkanı götürür. Axsaya-axsaya iki-üç metr aralanır, yıxılır. Qorxa-qorxa geri çevrilir, baxır. Ayağa qalxmağa cəhd edir, bacarmır. Sürünə-sürünə bir qədər də uzaqlaşır. Yenidən dayanır. Qum-qumasını çıxarıb içir. Sonra buşlatının cibindən kiçik plastik butulka çıxarıb Azərə sarı atır.

Armen. İç.

Yıxıla-dura gözdən itir. Azər sürünə-sürünə evə sarı gedir. Həyətdəki kranı açır. Su yoxdur. Divardan tutub evə tərəf birtəhər addımlayır, yıxılır, yenə sürünür, yenə qalxır. Taxta qapı bağlıdır. Çiyni ilə qapıya bir neçə zərbə vurur. Qapı açılmır. Pilləkənin üstündə oturur, fikrə gedir. Armen görünür. Kənarda dayanıb ona baxır. Üzündə müəmmalı ifadələr var. Hardasa lap yaxında it hürür. Azər diksinir. Ora-bura boylanır. Armeni görür. Əlini tez qumbaraya atır.

Armen. (Əlini ona tərəf uzadır). Qorxma... Qorxma...

Azər. Nə vaxt qayıtdın?

Armen. İndi.

Azər. İt səsini eşitdin?

Armen. Nə it? İtlər çoxdan qaçıb gediblər.

Azər. İt hürdü hardasa.

Armen. Sənin qulağına səs gəlib. Olur belə şeylər.

Azər. Bəlkə də. Dəfn elədin?

Armen. Hə... İndi rahatam. Sağ ol.

Azər acı-acı gülümsəyir.

Azər. (İstehza ilə onu yamsılayır). Sağ ol... Sağ ol... (Gülür).

Armen. Niyə gülürsən? (Cibindən şikəst qızın şəklini çıxarır. Baxır). Aparacam bunu verəcəm özünə. Qoy bilsin ki, atası son nəfəsində də onu fikirləşib. Sənin uşağın var?

Azər. Var.

Armen. Oğlandır, qız?

Azər. Oğlan.

Armen. Şəkli var üstündə?

Azər. Hə

Armen. Baxa bilərəm?

Azər. Hə... (İçəri döş cibindən uşağının şəklini çıxarıb göstərir).

Armen. Neçə yaşı var?

Azər. Doqquz.

Armen. Gözlə burda, gəlirəm.

(Gedir).

Azər. (Öz-özünə). Yox, ola bilməz. İt səsi eşitdim. Mənim itimin səsinə oxşayırdı. (Evlə hamamın bitişik yerinə qulağını söykəyir. Tez də çəkir. Armen gəlir. Əlində albom var).

Armen. Gəl, şəkillərə baxaq (Şəkilləri göstərir. Armenin atası, anası ilə olan şəkilləridir. Evin qarşısında bir neçə şəkil var. Şəkillərdən biri də quyunun başında Armenin anası və bacısının şəkilləridir). Bax, bu anamdır. Bu da quyuya düşən bacım. Heç elə bil, yox imişlər.

Azər. Səndən bir söz soruşum.

Armen. Soruş.

Azər. Alma ağacını kəsib niyə quyuya atdınız? Bunun mənası nədir?

Armen. Kənddə bir qoca arvad var idi. Demişdi ki, o ağacların canında şər ruhlar var. Kəsin, atın suya, üstünü də basdırın. Su onu yuyacaq, şər ruhlar qorxub qaçacaqlar.

Azər. Yaxşı nağıldır.

Armen. Bilmirəm nağıldır, ya nədir. Amma belə olmuşdu.

Azər. (Sevincək). Alabaş... Alabaş... Mənim itim. Bax, bu iti mənə babam gətirmişdi. Evin qabağındakı nar ağacı ilə eyni gündə.

Armen. Həə... O it sonra yoxa çıxdı.

Azər. Necə yəni yoxa çıxdı?

Armen. Həmişə gəlib yatırdı elə burda. Hamamdan gözünü çəkmirdi.

Azər. (Kövrəlir). Yalan demirsən?

Armen. Yox. Bir itə görə ağlayırsan?

Azər. Lapatkanı hara qoydun?

Armen. Evin qabağına atdım.

Azər. Gətir.

Armen. Neynirsən?

Azər. Gətir!

Armen. (Əlacsız). Yaxşı. (Gedir).

Azər. (Arxasınca) Evdə "lom" var?

Armen. Olmalıdır.

Azər. Onu da tap gətir.

Azər hamamla evin bitişik yerinin köhnəlmiş suvağının bəzi yerlərini əli ilə qoparıb atır. Armen"lom" və "lapatka" gətirir.

Armen. Buranı uçurursan?

Azər. Hə, kömək elə, uçuraq.

Armen. Axı, orda nə var?

Azər. Görəcəksən.

Lap yaxınlığa mərmi atılır. Atəş getdikcə şiddətlənir. Evin şüşələri titrəyir. Uzaqdan maşın və ağır texnikanın səsi eşidilir.

Armen. (Sevincək. Dikəlir, uzaqlara boylanır). Bizimkilərdir.

Azər. (İstehza ilə) Sizinkilər bir də gəlməyəcəklər.

Texnikanın səsi uzaqlaşır. Armen məyus olur.

Armen. Getdilər.

Göydə qarğa görünür. Qarıldayır.

Azər. Gəldi yenə.

Armen. (Başını göyə qaldırır). Buralarda qarğalar çox olur. Amma müharibədən sonra görünmürlər. Qocalar deyirdilər ki, kənddə qarğalar çoxalan kimi sərçələrlə qaranquşlar uçub gediblər. Hə, bir də göyərçinlər. Bilirsən də, qarğalar hər şeyi əvvəlcədən bilirlər.

Azər. Hə...

Armen. Bu gəlibsə, deməli, müharibənin bitməsinə az qalıb.

Azər. Biz evimizdən çıxan gecə anam yuxuda qarğa görmüşdü. Tanımadığı bir adam çinar ağacının başındakı yuvanı dağıdırmış. Səhəri biz evdən çıxanda bir boz qarğa evimizin üstündə uçurdu. Səsini də atmışdı başına. Babam bir güllə atdı, yoxa çıxdı.

Armen. Bəlkə elə həmin qarğadır.

Azər. (Azər gülür). Alma ağacını quyuya atdıran arvadın nağıllarına çox qulaq asmısan.

Armen. Qarğalar heç nəyi yaddan çıxarmırlar. Hə! Ziyan gördükləri adamların paltarlarını da yadda saxlayırlar.

Azər. Bizim nə günahımız?! Çinar ağacının başındakı yuvanı Arakel dayı uçururmuş.

Armen. (Heyrətlə) Kim?

Azər. Arakel dayı.

Yenə mərmi düşür.

Azər. Bizimkilərdir. Gələcəklər bura. Mütləq gələcəklər.

Armen. Sizinkilər gəlsələr, deməli, mən əsir düşəcəm.

Azər. Belə görünür.

Armen. Heç vaxt! Özümü öldürəcəm. Öldürə bilməsəm də, məni sən öldürərsən.

Sükut. Azər heç nə demir. "Lom"u götürür. Divara ilk zərbəni özü vurur. Yarasından ağrı tutur. Əl saxlayır. Sonra köməkləşib suvağı çətinliklə dağıdırlar. Divar eşilir. Kiçik boşluq görünür. Azər içəri girir, boşluqdan müxtəlif əşyalar çıxarır: samovar, sac, qab-qaşıq, kitablar, hərəsindən bir qutu "Kosmos" və "Pamir" siqareti, iki sandıqça və s. Azər hıçqırır. Birinci sandıqçanı açır. İçindən fotoalbom, məktəb dəftərləri, uşaq corabı çıxır. Hamısını yığır çölə.

Azər. Hər şey indiki kimi yadımdadır.

Armen. (Təəccüblənir. Sanki donub yerində qalıb, gördüklərinə inanmır). Heç vaxt ağlımıza gəlməzdi ki, burda nəsə ola bilər.

Azər ikinci sandıqçanı açır. İçində "Qurani-Kərim" var. Öpüb gözünün üstünə qoyur. Azan verir. "Quranı" sandıqçaya qoyur. Sonra kitabları vərəqləyir. Birini götürüb oxuyur.

Azər. Əlibala Hacızadə, "İtkin gəlin" (Avtoqraf yerini oxuyur). "Məhsul bayramı münasibəti ilə əziz bacım Xuramana xoş arzularla. Abdullayev İslam, 10A sinfi, 1981-ci il". Anama bağışlayıblar. 10-cu sinifdə oxuyanda. (Başqa kitabı götürür). Səməd Vurğun, "Seçilmiş əsərləri". Kənd kitabxanası, 1983-cü il". (Kitabı qoyur yerə. Siqaret qutularını götürür. Əvvəl "Kosmos"u açır. İçində 5 ədəd siqaret, bir kibrit qutusu var). Hə, babam həmişə kibritini siqaretin içinə qoyardı. (Gülümsəyir). Amma bu siqaret necə olub bura düşüb, bilmirəm. Bax, bu sacda nənəm bizə qutab bişirərdi, kətə bişirərdi. Dadı damağımdan getməyib. (Sandıqçanın içindən məktəb dəftərini götürür). Bax, bu da mənim dəftərim. 6-cı sinif şagirdi Süleymanov Azər Sultan oğlu. Mövzusu gör nədir: "Mənim evim". Aprel, 1992-ci il. (Oxuyur) "Mən evimizi çox sevirəm. Harda olsam, evimiz üçün darıxıram. Bu evi mənim babam tikib, 1971-ci ildə. Bizim evimizdə altı otaq var..." (İnşanı yarımçıq qoyur). İnanırdıq ki, çox çəkməyəcək, qayıdacağıq. Ona görə də hər şeyi bax, burda gizlətdik. Amma 27 il keçdi. 27 il... Babam-nənəm yuxuda kəndimizi, evimizi görüb diksinib ayıldılar, ağladılar. Babamı öz-özünə danışan gördüm. Atamın-anamın canı yaşadığımız heç bir evə qızmadı. Qaçqınçılıq, kasıblıq, zülm-zillət... Yayda isti bizi incitdi, qışda soyuq. Didərginlik arzularımızı gözümüzdə qoydu. Oxuya bilmədik - nə mən, nə qardaş-bacılarım. Nənəm evimizin açarını ölənə qədər saxladı. Hansı evə köçdüksə, divara mıx çaldı babam. Açarı göz qabağından asdı. "Kəndimizdə ölək", dedilər, ölə bilmədilər. İndi ruhları rahatdımı, narahatdımı, bilmirəm. Xoşdumu, naxoşdumu, bilmirəm. İndi kəndimiz də var, evimiz də. Amma onlar yoxdu. Görmədilər. ("Kosmos"dan birini yandırır, birini Armenə uzadır). Uşaq vaxtı siqaret çəkmisən?

Armen. Hə... Hə... (Hər ikisi qəfil öskürürlər. Bir-birinə baxıb gülürlər). Atamın siqaretindən oğurlayırdım. Siqaret çəkməyi mənə Arakel dayının oğlu öyrətmişdi. Dayan-dayan, sən bayaq dedin ki, çinarın başındakı yuvanı Arakel dayı uçurmuşdu?

Azər. Hə. Gəl, bax şəkillərə. (Albomu açır. Bir yerdə şəkillərə baxırlar).

Armen. Arakel dayı... Biz bu evi Arakel dayıdan almışıq.

Azər. Biz də kənddən çıxanda atam evimizi Arakel dayıya tapşırdı. O da satıb sizə. Rayonda poçtda işləyən Nadirə xala qaça-qaça gəldi bizə. Dedi ki, ermənilər gəlir. Sonra başqa bir qonşumuz gəldi. Ermənilər Nadirə xalanın dediyi kimi heç səhəri gözləmədilər. Axşamüstü hər tərəfdən atmağa başladılar. Babamla atam yığdı bu əşyaları bura. Çox inanırdıq ki, qayıtmağımız lap tezliklə olacaq. Hələ bilirsən, sonra nə oldu?

Armen. Nə?

Azər. Evdən çıxanda anam toyuq-cücəyə dən səpdi ki, biz qayıdana qədər acından ölməsinlər. (Kövrəlir). Bax, onda bir dəstə qarğa göyün üzündə uçuşurdu. Səsləri götürmüşdü aləmi başına. Bəd günlərin xəbərini verirdilər. Üç gün rayonda qaldıq. Atam könüllü dəstələrinə qoşulub axıra qədər döyüşdü. Amma nə xeyri... Atam bizdən xeyli sonra çıxdı rayondan. Gələndə dedi ki, evi tapşırdım Arakelə. Nənəm də dedi, bir zalımdan qaçdıq, o biri zalımdan mədət umduq ki, ev-eşiyi qoruyacaq.

Armen. Sənə bir şey demək istəyirəm.

Azər. De.

Armen. Əslində, bizi də bura məcbur köçürdülər.

Azər. Kim məcbur elədi?

Armen. Rayonun böyükləri. Dedilər, köçün orda yaşayın, aylıq pul alacaqsınız. Atama iş də verdilər. Mən böyüdüm, orduya yazıldım, qaldım işlədim. Amma heç vaxt doğulduğum o evi unuda bilmədim. Uşaqlığım qaldı o evdə. Xatirələrim qaldı. Mən o evdə dil açmışdım, o evdə iməkləmişdim. Uşaqlıq dostlarım, dəcəlliyim, ilk məhəbbətim... hamısı, hamısı qaldı orda. İnsan bir dəfə yurd salar. Bir dəfə ev-eşik olar.

Azər. Bizim dili öyrənməyin necə oldu?

Armen. Bura köçməzdən əvvəl azərbaycanlı qonşularımız olub. Bir az bilirdim. Sonra orduda öyrətdilər. Sizin əsirlərlə görüşürdük, danışırdıq. Onun çox köməyi oldu.

Azər. O əsirlər indi hardadırlar?

Armen. Bilmirəm. Sonra xəbərim olmadı. (Sükut). Amma...

Azər. Nə amma?

Armen. Amma bu ev həm də bizimdir, elə deyil? Mənim burda da... hə, bu evdə də xatirələrim var.

Azər. Xatirələrin sənə bədbəxtlikdən başqa nə verir?

Armen. Əslində... (Sükut).

Azər. Hə, əslində nə?

Armen. Əslində ikimiz də bədbəxtik. Sən bir başqa cür, mən başqa cür. (Susurlar. Siqaret yandırırlar). Gedək içək. Çaxırımız var. Gedək! Gəl!

 

***

Ev. Azər və Armen yerdən döşək atıb yatıblar. Azər gözünü açır. Durub yerin içində oturur. Pəncərəyə boylanır. Yağış yağır, külək əsir. Ayağa durur. Armenin üstü açıqdır. Yorğanı onun üstünə çəkir. Armen oyanır. Əvvəl key-key baxır, sonra diksinib oturur.

Azər. Qorxdun?

Armen. Yox. Anamı yuxuda görürdüm. Oyandım ki, sən üstümü örtürsən. (Uzun pauza. Armen kövrəlir, gözünü silir).

Azər. Yaxşı, uşaqlıq eləmə. Danış görüm, nə görmüsən?

Armen. Görürdüm ki, yaz vaxtıdır. Alma ağacları çiçək açıb. Anam gözəl don geyinib. Soruşuram ki, sənin belə donun yox idi axı, hardan almısan bunu? Deyir, dərzi Haykanuşa tikdirdim bunu ki, sənin qarşına gözəl çıxım. Sonra başladı ağlamağa. Məni aparmaq istəyirdi. Yalvarırdı ki, evdən çıx, yoxsa öləcəksən. Ata yox, ana yox, qardaş yox... Hamısı bu müharibədə qırılıb. Məni özü ilə aparmaq istəyirdi.

Azər. Bu müharibə ömrümüzdən nələri aldı, ilahi?!

Armen. Niyə axı müharibələr olur? Niyə axı biz bir-birimizlə düşmən olmalıydıq, hə? Adam balası kimi yaşayırdıq də. Babalarımız qız verib, qız alıblar. Xeyirdə-şərdə bir-birinin yanında olublar.

Azər. Dünyada heç bir müharibə qiyamətə qədər davam eləməyib. Bu da bir gün bitəcək.

Armen. Sülh olsun.

Azər. Olacaq, mütləq olacaq.

Armen. Unudaq hər şeyi. Qoy yenə günəşin işığına bir yerdə qızınaq.

Azər. Unutmağı söz vermirəm. Bu qədər ağrı-acını, dərdi, zülm-zilləti unutmaq sənə zarafat gəlməsin. Balasını itirən ana bunu ancaq öləndə unuda bilər. Ərini itirən qadın, atasını itirən uşaq, qardaşını itirən bacı, oğul itirən ata... Yurd dağılıb, yuva dağılıb, tifaq dağılıb... Günəşin də əvəzinə danışa bilmərəm. Bilmirəm yenə Günəşin işığına bir yerdə qızına biləcəyik, ya yox. Yaşayarıq, görərik. Amma sülh mütləq olacaq. Kağızlar, sənədlər başqadır, unutmaq və bağışlamaq başqa. Kağızda bağışlamağa nə var ki... Bacarırsansa, ürəkdə, qanda-canda bağışla. Ehh... Dur, gedək quyunun üstünü açaq.

(Həyətə çıxırlar. Armen dayanır).

Armen. Mən qorxuram.

Azər. Nədən? Burda qorxmalı nə var?

Armen. Anamdan sonra o quyuya yaxın getməyə qorxmuşam.

Azər. Bəs, birinci gün niyə məndən soruşdun ki, quyunun üstündə nə yazılıb?

Armen. Heç özüm də bilmirəm.

Azər. Onu mənim atam yazıb. Evin də arxasında yazı var. Babam da lap cavanlığından nə tikirdisə, üstünə tarixini yazırdı. Gəl dalımca! (Axsaya-axsaya bir az gedib, dayanırlar)

Armen. Neçə gündür burdayıq?

Azər. 13 gündür. Yeməyə də bir şey qalmayıb.

Armen. Bəlkə çıxaq kənddən?

Azər. Hara? Belə vəziyyətdə heç yerə gedə bilmərik.

Armen. Nəsə olacaq. Arakel dayı da gəlmişdi yuxuma.

Azər. (İstehza ilə gülür) O nə deyirdi?

Armen. Deyirdi ki, türklər gələndə Azər səni verəcək onlara.

(Azər gülür).

Azər. Sən nə dedin?

Armen. Dedim, o söz verib. Söz verib ki, məni özü öldürəcək. Ya da gizləyəcək. Arakel dayı başladı məni danlamağa ki, Azəri öldürmək imkanın olub, amma qorxmusan.

Azər. Deyərdin ki, Azərin də məni öldürmək imkanı çox olub.

Armen. Məsələn.

Azər. Çox, çox...

Armen. Mən deyirəm. Məsələn, sən hamamın yanını qazanda içəri girmişdin. Heç nədən xəbərin yox idi. İstəsəydim, səni öldürərdim. Bir dəfə də su içəndə imkan düşdü. Sonra... hə, yatanda nə qədər olub. Amma ağlayan adamı, su içən adamı, bir də yatan adamı öldürməzlər.

Azər. (İstehza ilə gülümsəyir. Pauza). Gəl, gəl dalımca!

Quyuya çatanda Armen dayanır. Yaxınlaşmır. Quyunun üstü böyük lay dəmir, xırda dəmir-dümür, çürümüş taxtalarla örtülüb. Armen oturur. Azər quyunun üstünü çətinliklə açır. Əlini qoyur "1986, iyun" yazısının üstünə. Köks ötürür, fikrə gedir. Quyunun üstündəki lay dəmiri qaldırır. Anasının quyudan su çəkməsini gözünün qabağına gətirir. Quyunun içinə boylanır. Armen şübhəli baxışlarla onu seyr edir. Sanki kimsə varmış kimi sağa-sola boylanır. Ayağa durur, cəld yaxınlaşır Azərə. Onu arxadan itələyir. Azər daşdan yapışır. Armen təzədən onu itələyir. Əlbəyaxa olurlar, dalaşırlar. Armen sanki yuxu görürmüş kimi özünə gəlir, diksinir. Həyəcanla tövşüməyə başlayır. Üz-gözünü ovuşdurur. Bu, xəyaldır.

Armen. Sənə noldu?

Azər. Heç. Heç nə.

Armen. Əyilmə. Çox əyilmə.

Azər. (Dikəlir). Gəl, gəl yaxına.

Armen. Qorxuram.

Azər. Gəl, gəl... Bir dəfə boylan, qorxun keçəcək.

Armen qorxa-qorxa yaxınlaşır, quyuya boylanır. Çıxır.

Azər ona fikir vermir. Quyunun yanındakı alma tinglərini götürür. Sonra dikəlib ətrafa boylanır.

Azər. Armen... Armen... (Cavab yoxdu). Armen... Hara getdi bu? (Yer qazıb alma tinglərini basdırmağa çalışır, ağrıları imkan vermir). Armen... (Evə sarı gedir, onu evin arxasında görür. Odun, çör-çöp yığır). Səni çağırıram...

Armen. Mən acam. Gedim evləri axtarım, görüm, nə tapıram.

Azər. Odunu yığ, gətir quyunun yanına. Ocağı orda qalayarıq. Yuxarıdan alma ağacları çıxarmışam. Kömək edərsən, əkərik.

Armen. Yaxşı. (Odunu, çör-çöpü yığıb aparırlar quyunun yanına). Gedirəm evləri axtarmağa.

Azər. Əvvəl bunu əkək, sonra get.

Armen. Halım yoxdu. Bir şey yeyək, sonra. Kartofdan bir az qalıb, bir az da gedim tapım, gəlirəm.

(Evə gedir, iki-üç kartof gətirir. Əlində köhnə qazan da var).

Azər. Yaxşı. Mən də ocağı qalayıram.

Armen. Hələ qalama.

Azər. Vedrəni gətir, suyu quyudan çək.

Armen köhnə vedrə və kəndir gətirir. Kəndiri bağlayır vedrənin qulpuna. Yenə tərəddüd edir quyuya yaxınlaşmağa. Amma Azərin ona acıqlı-acıqlı baxdığını görüb vedrəni quyuya sallayır. Su çəkir. Kartofları qazana tökür.

Armen. Ocağı hələ qalama.

Ayağını çəkə-çəkə qapıdan çıxır. Bir qədər sonra uzaqdan səs-küy eşidilir. "Sakit... Sakit... Orda kimsə var. Həyətdən tüstü qalxır. Kimsə ocaq qalayıb".

(Səhnə arxasından Armenin həyəcanlı səsi gəlir: Yekan... (Gəldilər...) Yekan...

Ayağını çəkə-çəkə iti addımlarla evə yaxınlaşır. Güllə səsləri eşidilir. Azər həyəcanla ora-bura boylanır. Armen Azərdən xəbərsiz evə keçir, qumbaraları gizlətdikləri yerdən - köhnə şkafın içindən götürmək istəyir. Qumbaralar yerində yoxdur. Şkafı ələk-vələk edir. Güllə səsləri artır, artilleriyadan atəş açılır. Armen qumbaraları tapa bilmir. Əsgərlərin səsi uzaqdan aydın eşidilir.

Azər. (Sevincək). Gəldilər... Gəldilər... (Armen təlaşla evi axtarmağa davam edir). Armen harda qaldı? Görəsən, nəsə olmayıb ki...

Azər evə sarı gedir. Armen qumbaraları küncdə üst-üstə yığılan yorğan-döşəyin altından tapır. Hər ikisini götürür. Gəlir qapının ağzına.

Azər. Armen...

Armen. Sizinkilər gəlirlər. Mənimki bura qədər imiş. (Qumbaraları göstərir).

Azər. Dayan, neyləmək istəyirsən? Başın xarabdır sənin?

Armen. Əsir düşməkdənsə ölmək yaxşıdır.

Azər. Dayan... Dayan... Qulaq as. (Evin yaxınlığına mərmi düşür. Güllə səsləri şiddətlənir, səs-küy lap yaxınlaşır). Sən sağ-salamat evinə gedəcəksən. Sənə heç kimin əli dəyməyəcək. Söz verirəm.

Armen. Bura qədər imiş.

Azər. Sənə söz verirəm. Kişi kimi söz verirəm. Sənə heç kimin əli dəyməyəcək. Dayan.

Armen. Mən ölürəm, bu evdən də nə qalar-qalar... 

Azər. Armen, qurban olum. Evimizi qoruyaq!

(Armen qumbaranı çəkir. Partlayış. Azərbaycan əsgərləri həyətə girirlər. Armen və Azərin parça-parça olmuş meyitləri yan-yana).

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!