Əliağa Kürçaylı haqqında söz demək olduqca məsuliyyətlidir ona görə ki, bu insan özü çox məsuliyyətli idi. Bəlkə də şəxsiyyət səviyyəsinə yüksəlməyin yolu elə məsuliyyətdən keçir! Bəli, mən Əliağa müəllimin simasında ciddiyyətlə xeyirxahlığın, tələbkarlıqla qayğıkeşliyin, məsuliyyətlə azadlığın bir müstəvidə necə birləşdiyini görmüşəm…
1978-ci ilin mart ayında SSRİ Dövlətnəşrkomunun qərarı ilə Azərbaycanda da "Yazıçı" ədəbi-bədii nəşriyyatı fəaliyyətə başladı. Respublikanın ədəbi mühitində böyük sevinclə qarşılanan "Yazıçı" nəşriyyatına direktor Əjdər Xanbabayev, baş redaktor Əliağa Kürçaylı təyin edildi. Mənim və bir neçə tələbə yoldaşımın da təyinatı bu nəşriyyata verilmişdi. Biz - indiki BDU-nun jurnalistika fakültəsinin 1977-ci il məzunları böyük həvəslə ilk əmək fəaliyyətimizə Ə.Xanbabayevin və Ə.Kürçaylının rəhbərliyi altında başladıq - əlbəttə, öncə korrektor kimi…
"Yazıçı" nəşriyyatı respublika ədəbi mühitinin aynasına çevrilməyə başlamışdı. Burada nəsr, poeziya, bədii tərcümə, publisistika və ədəbiyyatşünaslıq, folklor və klassik ədəbiyyat redaksiyaları, həmçinin müxtəlif profilli şöbələr fəaliyyət göstərirdi. Sabir Rüstəmxanlı, Vidadi Babanlı, Tofiq Bayram, Məmməd İsmayıl, Mustafa İsgəndərzadə, Müzəffər Şükür kimi təcrübəli redaktorların və naşirlərin birgə çalışdıqları bu nəşriyyatın ilkin uğurları məhz Ə.Kürçaylanın adı ilə bağlı idi. Niyə? Əliağa müəllimin otağı polemik situasiyaların və canlı diskussiyaların həqiqi məkanına çevrilmişdi. Yadımdadır ki, onun rəhbərliyi ilə nəşriyyatdaxili bədii şura da yaradılmışdı. Çap olunmaq məqsədilə daxil olan hər hansı əlyazma ilkin qiymətini şura üzvləri tərəfindən alır, rəyləşdirilir, tematik plana salınıb-salınmaması konkretləşdirilirdi. Şuranın iclasları çox gərgin, qalmaqallı, bəzən də dava-dalaşlı keçirdi. Əsəri bəyənilməyən müəlliflər ipə-sapa yatmırdılar. Bəziləri də Mərkəzi Komitəyə şikayət etməkdən çəkinmirdilər. Çünki nəşr olunası kitabların illik tematik planını sonda MK təsdiq edirdi. Bu gərgin zamanlarda Ə.Kürçaylı prinsipial mövqeyindən geri çəkilməyərək ən yaxşı əsərlərin nəşrinə qayğı göstərir, zəif, solğun əlyazmaların isə təcili müəllifinə qaytarılmasına nail olurdu. Açığını deyim ki, baş redaktorun bu tələbkarlığından xəbərdar olan bəzi yazarlar isə nəşriyyata əlyazma təqdim etməkdən çəkinirdilər. "Yazıçı"nın direktoru Ə.Xanbabayev Ə.Kürçaylıdan dəfələrlə müəlliflərə qarşı bir az yumşaq, bir az "humanist" münasibətdə olmasını xahiş etsə də o, "ədəbiyyatda güzəşt olmur" - deyə mövqeyindən çəkilmirdi.
Əlbəttə, mən Əliağa müləlimlə bir yerdə, daha doğrusu, onun rəhbərliyi altında işləməkdən böyük zövq alırdım. İllərlə şeirlərini oxuduğum, həm də sevə-sevə oxuduğum görkəmli bir şairlə ünsiyyətdə olmaq, onunla canlı münasibət yaratmaq mənim üçün - 23 yaşlı gənc bir yazar üçün həqiqi səadət idi… İlk baxışdan çox ciddi və qaraqabaq görünən Əliağa müəllimin üzündəki işıq onun rəhmdilliyindən və hər kəsə bəlli olmayan özünəməxsus yumorundan xəbər verirdi. O illərdə mən də özümdə cəsarət tapıb şeirlərimdən ibarət əlyazmamı nəşriyyata təqdim etmişdim. Təvazökarlıqdan uzaq görünməsə, deməliyəm ki, mən 1970-ci ildən Mərkəzi mətbuatda, qəzet, jurnal və almanaxlarda şeirlərimlə ardıcıl çıxış etmişdim. İndi də ilk kitabımın çıxmasını istəyirdim - bu təbii idi… Amma, bunu da düşünürdüm ki, əlyazmam Əliağa müəllimə yetişəndə nə deyəcək? Görəsən mənim yazdıqlarım onun tələbkar zövqünə yaxın gələcəkmi?
Günlərin birində o zaman baş redaktor müavini işləyən şair, publisist Sabir Rüstəmxanlı dəhlizdə məni görüb gülə-gülə dedi ki, Əliağa müəllim səni çağırır, sonra da əlavə etdi ki, deyəsən şeirlərin xoşuna gəlib…
Mən Əliağa müəllimin kabinetinə daxil olanda onun yazı masasında açıq vəziyyətdə öz qovluğumu gördüm. Doğrusu, bir qədər həyəcanlandım. Dönüb üzümə baxdı. O baxışları heç zaman unuda bilmirəm. Bu yazılardan razı qaldığını bir baxışla ifadə etmək də Kürçaylı şəxsiyyətinə məxsus fövqəl atributlardan idi. Mənə yer göstərib "əyləş" dedi. Sonra üzümə baxmadan məxsusi ciddiyyətlə bu sözləri söylədi:
- Şeirlərini oxudum. Xoşuma gəldi. Yəqin bilirsən ki, bizim nəşriyyatda "Gənc şairin ilk kitabı" seriyasından çıxan kitabların həcmi maksimum bir müəllif vərəqi ola bilər. Sənin də bu qovluqdakı şeirlərinin əsasən kənarda qalmasını istəmirəm. Ona görə də, qərara gəlmişəm ki, ilk kitabını həmin seriyadan ayrılıqda, həm də bir yox, bir yarım (1,5) müəllif vərəqi həcmində nəşr edək…
Mən Əliağa müəllimə təşəkkür etmək istəyəndə o, imkan verməyib belə dedi:
- Get, öz üzərində bundan sonra daha da ciddi işlə, mütaliə et, ictimai mövzulara meyillən, deyilmiş sözdən, sürtük ifadələrdən qaç, sənin nəfəsin buna imkan verir…
Beləliklə, "İşıqlar pərvanələr" adlı ilk şeirlər kitabım "Yazıçı" nəşriyyatının 1980-ci il tematik planına daxil edildi.
Əliağa müəllimlə aramızda isti bir münasibət yaranmışdı. Elə düşünürdüm ki, hamıya demədiklərini mənə deyir. Onun tərəfindən ədəbi həyatımızda baş verən yeniliklərin təhlili və dəyərləndirilməsi, enişli-yoxuşlu sənət yollarında yetərli həyat təcrübəsi toplamış görkəmli bir şairin gənc bir yazara məsləhət və tövsiyələri əslində ustad dərsləri idi. Böyük sənətdən, böyük insanlıqdan söz düşəndə o, ilk olaraq Səməd Vurğundan, onun gənc Əliağaya göstərdiyi qayğıdan danışar və kövrələrdi…
"Yazıçı" nəşriyyatına yeni redaktorlar, tərcüməçilər, nəşriyyat-poliqrafiya mütəxəssisləri cəlb olunduqca bu nəşriyyatın özünəməxsus imici formalaşırdı. Bir gün də iş yerimdə Vaqif Səmədoğlunu gördüm. Az-maz tanışlığımız vardı, yaxınlaşıb görüşdüm. Məlum oldu ki, o, "Yazıçı"ya böyük redaktor vəzifəsinə işə girib. Qismət elə gətirdi ki, sonra Vaqif müəllimlə mən bir redaksiyada (klassik ədəbiyyat və folklor) çalışmalı olduq. Həmişə deyirdi ki, məni işə Əliağa Kürçaylı götürüb. Onu da əlavə edirdi ki, vallah neçə il idi ki, boş-bekar qalmışdım. Sağ olsun, biləndə ki, işsizəm, məni çağırıb "Səməd Vurğunun oğlu niyə işsiz qalmalıdır" deyə işə götürdü…
1979-cu ildən Əliağa müəllim işə ara-sıra, seyrək gəlməyə başladı. Onu sağalmaz xəstəlik qəfil yaxalamışdı. Qızılgül rənginə çalan yanaqları gözümüzün önündə solmağa başlayırdı. O, çox sağlam adam idi. Nəşriyyatın pilləkənlərini birnəfəsə çıxardı. İndi bu amansız, yersiz və vaxtsız xəstəlik haradan peyda oldu? Kürçaylıdan ötrü hələ görüləsi işlərin başlanğıcı idi… amma sən saydığını say, gör fələk nə sayır… 1980-ci il fevralın 11-də dünyaya gəldiyi günə 9 gün qalmış 52 yaşında dünyadan getdi Əliağa müəllim…
Amma bizim ədəbi dünyamızdan, mənəvi həyatımızdan getmədi Əliağa Kürçaylı. Dillərdə gəzən lirik şeirləri onu ölməzləşdirdi. Şair, dramaturq, tərcüməçi kimi söz sənəti tariximizdə Əliağa Kürçaylı şəxsiyyəti və yaradıcılığı öz fenomenallığı ilə əbədiyyətə qovuşdu…
Ə.Kürçaylı ədəbiyyatımıza lirik şeirin ən yeni çalarlarını, təzə ifadə formalarını gətirdi ki, bunlar da dərin həyati müşahidələrə və intellektə söykənir:
Gah qurur, yaradır, gah da sökdürür,
Gözü gah güldürür, gah yaş tökdürür.
Quzuya şir kimi nərə çəkdirir,
Şiri quzu kimi mələdir həyat.
"Həyat" rədifli bu qoşma ənənəvi xalq şeiri ülgüsünə biçilsə də, şair ortaya orijinal düşüncə məhsulunu qoyur:
Qəmə sevinc qatır, sevincə kədər,
Verdiyi nəşə də əzabdan betər.
Kürçaylı, bu giley, şikayət yetər,
Əzəldən belədir, belədir həyat!
Görkəmli şairin yaradıcılığında Kür boyunun poetik dünyaduyumu, kənd-kəsəklə, el-obayla, uşaqlıq xatirələri ilə bağlı mövzular xüsusi diqqət çəkir. Əslində, bir şeirində yazdığı kimi:
Uşaqlığın öz təbi var, öz ilhamı,
Fırça tutur, şeir qoşur, nəğmə deyir.
Uşaqlıqda...…
Uşaqlıqda elə hamı
Ya Vurğundur, ya Mikayıl, ya Üzeyir.
Ə.Kürçaylının poeziyası onun məslək və məramının, əqidə və mövqeyinin bədii ifadəsidir. Əyilməzlik və ləyaqət, mərdlik və comərdlik, saflıq və bütövlük, sədaqət və etibar, insana insani münasibət onun yaradıcılığında məxsusi dəyərlər kimi ehtiva olunur. Şair, kəsə desək, heç kəsin "Yedək gəmisi" olmağını istəmir:
Sən neçin olursan yedək gəmisi?!
Özün keç, hünərlə neçə dənizdən.
Bir ömür verilib sənə cəmisi,
Sürünmə, yedəksiz yaşa onu sən!
Yedək gəmisi
Bir bəndini misal gətirdiyim bu şeiri 60-cı illərdə Azərbaycan mətbuatındakı senzura çap olunmağa qoymamışdı. "Yedək gəmisi" Moskva mətbuatında dərc olunandan sonra bizim də senzuradan keçmək imkanı qazanmışdı…
Ə.Kürçaylının istənilən şeirini təhlilə cəlb etməklə şairin dərin qatlara işləyən fəlsəfi dünyaduyumu, elmi və ədəbi erudisiyası haqqında ətraflı söz açmaq olar. Onun "Daşlar" silsiləsi, "Futbol və Şekspir", "Dünya ovcumdadır", "Səslə məni", "Anamın əlləri", "Mən insanam" və s. kimi düşündürücü şeirləri, "Adi adam", "Uşaqlıq", "İnsan həsrəti", "Durnalar cənuba uçur" kimi poemaları bizim milli poeziyamızın əbədiyaşar nümunələridir.
Hər dəfə Əliağa müəllimin "Qırğızıstan dəftəri" silsiləsindən olan şeirlərini oxuyanda vaxtilə mənə üz tutub dediyi bu sözləri də xatırlayıram:
- Qırğızların çox möhtəşəm bir dastanı var - "Manas". Mənim vaxtım olsaydı, onu məmnuniyyətlə tərcümə edərdim. Sən bu barədə bir düşünərsən, cavansan… Əslində mənim "Manas"a yaxınlaşmağımda, onu tədqiq və tərcümə etməyimdə də Ə.Kürçaylının bir tövsiyəsi var. 1985-ci ildə ilk dəfə Qırğızıstana gedərkən hər yerdə Manası gördüm. Qulağımda Əliağa müəllimin "sən bu barədə bir düşünərsən" sözləri səsləndi və həm də onun "Manas dastanı" şeirindən bir bəndi xatırladım:
Gəzdim qırğız ellərini doyunca,
Bir dolaydan yüz yol keçdim mən azı.
Dağa, düzə qədəmimi qoyunca
Hər qarışda gördüm canlı Manası.
Əlbəttə, mənim bu yazım bir xatirə yazısıdır. Qeydlərim əsasən bu xüsusdadır. Bir yazıda Ə.Kürçaylının həm poeziyası, həm dramaturgiyası, həm tərcümə yaradıcılığı ilə bağlı fikir söyləmək qeyri-mümkündür. Mən ancaq mənim gördüyüm və şəxsən tanıdığım Kürçaylı haqqında beş kəlmə söz demək istədim…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!