Səhərin açılmasına az qalırdı. Evdə hamı yatsa da, Cavanşir müəllimin gözünə yuxu getmirdi. Özünün 60 illik yubileyinə hazırlaşırdı. Ömründə ilk dəfə doğum gününü geniş tərkibdə, təntənəli şəkildə qeyd etmək istəyirdi. Əsas narahatlığı onda idi ki, yubiley məclisində bir problem yaşanmasın. Çox vaxt başqalarının xeyir işinə qulp qoyduğu üçün əks zərbə alacağından ehtiyat edirdi. Necə deyərlər, təsir əks təsirə bərabərdir. Hətta bir dəfə camaat içində yaxın dostu Əliyə demişdi ki, niyə uşaqlarını ayrı-ayrı sünnət elətdirirsən?! Birlikdə təmizlətsən nə olar?! Pul yığmaq üçün edirsənsə, diləndiyini boynuna al, biz də işimizi bilək. Cavanşir müəllimin bu sözündən sonra o vaxtdan kənddə Əlinin adı "sünnət Əli" qalmışdı. Odur ki, eyni aqibəti yaşamasın deyə Cavanşir müəllim hər şeyi ciddi-cəhdlə götür-qoy edirdi. Çalışırdı ki, hər hansı kiçik bir detal belə diqqətdən yayınmasın.
Siyahı çoxdan hazır idi. Cavanşir müəllim kəndin ən nüfuzlu ziyalısı, ağsaqqalı sayılan Möhtəşəm müəllimin adını başda yazmışdı. Onun ardınca dostların, qohumların, qonşuların adı gəlirdi. İki ay qabaq kənd mərkəzində Möhtəşəm müəllimi yanlayıb, "Bilirsiniz ki, mən sizi həmişə özümə ağsaqqal bilmişəm. İstəyirəm ki, məclisimin başında siz oturasınız", deyərək razılığını almışdı. Digər qonaqları isə son günlər dəvət etmişdi. Dəvətlə bağlı qulağına bəzi giley-güzarlar çatsa da, vecinə almamışdı: "Toy eləmirəm ki, hamını başıma yığım?!"
Cavanşir kişi yerindən qalxan kimi səhər yeməyini yemədən kənddə yeganə toy yeri olan "Dan ulduzu" restoranına yollandı. Orada gecə hazırlıqlarının qaydasında olduğunu görəndən sonra xeyli rahatladı. Evə qayıtdıqdan sonra saqqalını təraş edib, özünə əl gəzdirdi. Əvvəl kraxmallı, ağ rəngli köynəyini, sonra isə əzizləyib səliqə ilə dolabın bir küncündə saxladığı tünd göy rəngli kostyumunu geyindi. Yadına düşdü ki, axırıncı dəfə bu kostyumu yeddi il əvvəl oğlunun toyunda geyinmişdi. Güzgüyə baxanda özündən asılı olmayaraq, gözlərinin önündə hələ başlanmayan yubiley məclisindən epizodlar canlanmağa, onun haqqında deyilən xoş sözlər, sağlıqlar eşidilməyə başlandı. Bütün bunlar Cavanşir müəllimin əhval-ruhiyyəsini xeyli qaldırdı.
Ortada spirtli içkidən tutmuş, qazlı-qazsız suya qədər, hər şey var idi. Müxtəlif salatlar, gözəl meyvələr, cürbəcür yeməklər də ki öz yerində. Artıq hər kəs yerini tutmuşdu, məclisə başlamaq olardı. Əvvəldən şərtləşdikləri kimi məclisi Famil müəllim aparacaqdı. O, məktəbdə ədəbiyyat fənnini tədris etməklə bərabər, həm də gözəl şeirlər müəllifi idi. Doğrusu, Famil müəllimin tamadalığından indiyə kimi narazı qalan olmamışdı. Famil müəllim baş işarəsi ilə Cavanşir müəllimin razılığını alıb, əlində badə ayağa qalxdı:
- Əziz dostlar, qohumlar, kəndimizin say-seçmə, dəyərli insanları! Cavanşir müəllimin yubiley dəvətini qəbul edib gəldiyiniz üçün həm onun adından, həm də öz adımdan sizə dərin minnətdarlığımı bildirirəm. Süfrəmiz bol, vaxtımız isə yetərincədir. Darıxmağa dəyməz. İnşallah, hamıya söz veriləcək. Yubilyar haqqında kimin nə ürək sözü, arzusu varsa, məmnuniyyətlə imkan yaradacağam. Ancaq gəlin, sizlərə söz verməzdən əvvəl ilk badələri Cavanşir müəllimin, onun ailəsinin sağlığına qaldıraq, Allahdan ona uzun ömür, cansağlığı arzulayaq, sonra məclisimizə davam edərik.
Sarı Hüseynə diqqət yetirən digər məclis üzvləri də ayağa qalxıb, bu sağlığı ayaq üstə qeyd etdilər.
Sonra ilk söz Cavanşir müəllimin nəvəsi - altı yaşlı Ülkərə verildi. Ülkər babasına sağlam, xoş günlər arzulayıb, çıxışını kiçik bir şeir parçası ilə başa vurdu:
Yaxşılıqlar heç vaxt itməz,
Su olmasa, daş da bitməz.
Qüdrətlidir obam mənim,
Bir dənədir babam mənim.
Görünür, Famil müəllim hazırlaşdırmışdı. Ülkər çıxışını bitirər-bitirməz alqış sədaları zalı bürüdü. Cavanşir müəllim "babasının ürəyidir e, bu" deyib, nəvəsini bağrına basdı. Sonra alnından öpüb dedi: "Maşallah olsun. Həm əlaçıdır, həm də məktəbin gözü. Tərbiyəsinə də ki söz ola bilməz".
Söz Möhtəşəm müəllimə veriləndə hörmət əlaməti olaraq söhbətlər tamam kəsildi. Hamı diqqətlə kənd ağsaqqalını dinləməyə başladı ki, görsünlər yubilyar haqqında nə deyəcək. Tərifdən xoşu gəlməyən Möhtəşəm müəllim isə uzun-uzadı danışmadı. Cavanşir müəllimə cansağlığı, bundan sonrakı işlərində uğurlar arzuladı, vəssalam. Bu qısa çıxış Cavanşir müəllimin ürəyincə olmasa da, narazılığını büruzə vermədi. Sonra söz Cavanşir müəllimin orta məktəbdə on il bir parta arxasında oturduğu Vəli müəllimə, onun ardınca yaxın dostu Vasib kişiyə, habelə qapıbir qonşusu Cabir bəyə verildi. Onlar da Cavanşir müəllim haqqında xoş sözlər söyləyərək, onun sayğıdəyər, salamlı-sabahlı, mehriban bir insan olduğunu qeyd etdilər.
Məclis öz aramı ilə davam edirdi. Qonaqlar mehribancasına yeyib-içir, deyib-gülür, şirin-şirin söhbət edirdilər. Əsas diqqət kabablara verildiyindən digər yeməklər süfrənin ortasında, demək olar ki, tökülüb qalmışdı. Cavanşir müəllim də çox məmnun görünürdü. Bu vaxt tamada əlini göyə qaldırıb, Moskvadan bir mesaj gəldiyini məclis iştirakçılarının diqqətinə çatdırdı və hamının dinləməsini xahiş etdi. Mesaj göndərən Cavanşir kişinin qardaşı Qurban bəy idi: "Əziz qardaşım Cavanşir! Bilirsən ki, biz səni nə qədər çox sevirik. Larisa da, Saşa da, Natalya İvanovna da səni çox istəyirlər. Onlar səni tez-tez yada salır, ehtiramla xatırlayırlar. Onların kəndə gəlişi münasibətilə kəsdiyin qoç əhvalatını hələ də unutmayıblar. Qardaş, sən bizə ata əvəzisən, canımız, ciyərimizsən. 60 illik yubileyinə dəvət etdiyin üçün sənə ürəkdən minnətdarıq. Qardaş, Rusiyadakı krizis ucbatından, işlərimin çoxluğu və yaza bilmədiyim digər obyektiv səbəblər üzündən yubileyinə gələ bilmədim. Çox çalışdım ki, nökərin Saşanı göndərim, alınmadı. Dedi ki, papa, nəyə gedim axı, onsuz da onlar danışanda mən heç nə başa düşmürəm. Gördüm ki, uşaq haqlıdır, ta bir söz deyə bilmədim. Natalya İvanovnanı da bacanağım Arakel Abramoviç yoldan çıxardı. Dedi ki, ağlı olan dünyanın düz vaxtında Azərbaycana getməz, nəinki bu qarışıqlıqda. Natalya da inandı onun sözünə. Nə isə, brat. Özüm orda olmasam da, bil ki, ürəyim həmişə sənin yanındadır. Bu gözəl gündə mən sənə təkcə bir şey arzulayacağam: həyatda ən böyük nemət olan cansağlığı və yalnız cansağlığı. İnşallah, bir gün yolum düşər, iki qardaş oturub sənin doğum gününü xüsusi qeyd edərik. Təki sağlıq olsun. Hörmətlə sənə həmişə əziz olan qardaşın Qurban".
Bu təbrikdən sonra yerlərdən səslər eşidilməyə başladı: "Sağ olsun, yaddan çıxarmayıb", "Elə qardaş deyil, imkan tapsaydı gələrdi", "Allah köməyi olsun, qəriblik pis şeydir". Cavanşir müəllim isə "Allah canına dəyməsin, gözəl qardaşdır. Düz on ildir üzünü görmürəm. İşləmək üçün getmişdi, ilişib qaldı" deyib xeyli kövrəldi. Hələ bir az doluxsunan kimi də oldu. Ancaq özünü tez yığışdırdı ki, qonaqların əhvalı korlanmasın.
Məclisdə yaranmış xoş olmayan ovqatı aradan qaldırmaq üçün təcrübəli tamada hamının diqqətini özünə çəkmək üçün uca, amiranə bir səslə dedi:
- Əziz qonaqlar, istəkli həmkəndlilərim! Yetərincə yedik, içdik, dedik, güldük, şənləndik. Belə gözəl məclis təşkil etdiyi üçün hamımızın adından Cavanşir müəllimə bir daha təşəkkür edir və böyük məmnuniyyətlə sözü ona verirəm. Buyursun!
Cavanşir kişi dodaqlarını tərpədərək baş hərəkəti ilə tamadaya minnətdarlığını bildirib, ağır-ağır ayağa qalxdı. Bayaqdan deyib-gülən yubilyarın üzündə sifət cizgilərindən özünü büruzə verməyən bir ifadə var idi. Deyəsən, nəsə ciddi bir mövzuya toxunacaqdı.
- Əvvəlcə, qiymətli vaxtınızı ayırıb məni bu şad günümdə tək qoymadığınıza görə sizin hər birinizə öz dərin təşəkkürümü bildirirəm. Deyirəm, nə yaxşı ki, varsınız. Sizsiz mənim bir günüm də olmasın. Çox xoşbəxtəm ki, sizin kimi dəyərli insanlarla birlikdə öz doğum günümü - 60 illik yubileyimi qeyd edirəm. Lakin istəyirəm onu da biləsiniz ki, heç də hamı sizin kimi deyil. Həyat çox qəribədir. Məhz ona görə atalar deyib ki, sən saydığını say, gör fələk nə sayır. Əziz dostlar, sizə qardaş deyib üzünüzə gülən adamlara heç vaxt etibar etməyin. Çünki sizinlə dostluq edən, çörək kəsən adam günlərin bir günü sizə arxa çevirə bilər. Güvəndiyiniz adam sizi elə bir dar məqamda tək qoyar ki, düşdüyünüz çətin vəziyyətdə taleyinizlə baş-başa qalarsınız. - Cavanşir müəllim çıxışına bir az ara verdikdən sonra özünü toparlayıb yenidən sözünə davam etdi: - Yəqin hamınız mənimlə razılaşarsınız ki, insanlıq pulla, var-dövlətlə ölçülmür. Çünki insanlığın əsas meyarı pul deyil, mənəvi dəyərlərdir. - Qonaqlar başları ilə Cavanşir müəllimin dediklərini təsdiq etdilər. - İnsan pullu da ola bilər, pulsuz da. İnsan bir gün tox, bir gün ac da yaşaya bilər. Əsas odur ki, insan öz mənliyini, şərəfini itirməsin. Mən bu sözü deməyə də bilərdim, ancaq yeri gəlib, deyəcəyəm. Dost dosta hansı gündə lazımdır?! Dəvət etdiklərimin hamısı bu məclisdə iştirak edir, yalnız bir nəfərdən başqa. Yəqin ki, bildiniz söhbət kimdən gedir. Pula pul deməyən, günləri eyş-işrətdə keçən, bizim hamımızdan dəfələrlə yaxşı yaşayan, hər görüşəndə bağrına basıb, mənə "qardaş" deyən Savalan bəy zat-aliləri bugünkü yubiley tədbirinə qatılmadı. Bizimlə bir masa arxasında oturmağı özünə ar bildi. Özü də qapılarınacan ayağına gedib, üzbəsurat dəvət etmişəm. Nə olar, Allah canına dəyməsin. Ancaq unutmasın ki, bir vaxt onun atası mənim babamın nökəri olub. Onların ailəsi mənim babamın çörəyi ilə dolanıblar. Allah böyükdür, gec-tez hər şeyi yerinə qoyur. Odur ki, mən bu badələri içirəm şəxsən sizin sağlığınıza!
Bu çıxışdan narazı qalanlar olsa da, heç kim səsini çıxarmadı: "Özləri bilər, bizə nə düşüb ki?!" "Yəqin içkilidir ona görə danışır", "gələrdi, görünür, aralarında nəsə var", - deyə düşünənlər də oldu. Bu vaxt bir nəfər yeniyetmə oğlan tamadaya yaxınlaşıb qulağına nəsə pıçıldadı. Famil müəllim üzünü tez Cavanşir müəllimə tutub dedi:
- Qardaş, uşaqlardan kimsə səni təbrik etmək üçün icazə istəyir. Nə deyirsən?
Cavanşir müəllim tərəddüd etmədən: "Gəlsin, gəlsin. Yəqin bacıoğludur. Nədənsə atası da gözə dəymir. Yəqin reysdən gəlməyib", - deyə tez səsləndi. Bu sözləri eşidən kimi qapı arxasında gözləyən cavan bir uşaq zala daxil oldu. Çexolun üstündəki yazılardan əlində tutduğu kostyumun xarici və bahalı mal olduğunu sezmək çətin deyildi. Döşəməyə toxunmasın deyə, uşaq kostyumu başının səviyyəsində tutaraq Cavanşir müəllimə yaxınlaşdı:
- Cavanşir baba, ailəmiz adından sənin doğum gününü təbrik edir, sağlamlıq və xoş günlər arzulayırıq. Babam yüksək hərarət içində olduğundan gələ bilmədi. Ona görə sizdən üzr istəyir. Dedi, getsəm, məclis üzvlərinin ovqatını korlaya bilərəm. Cavanşir baba, babam dedi ki, sağalım, onun üçün bir yubiley məclisi də mən keçirəcəyəm.
Cavanşir kişinin səbri çatmadı. Uşaq sözünü bitirər-bitirməz tez soruşdu:
- Bala, sən kimin nəvəsisən?
- Savalan kişinin.
Qonaqlar dağılıb getmişdi. Sabah kənddə hansı söhbətlər gəzəcəkdi, onu bir Allah bilirdi. Ancaq Cavanşir müəllimin bu gecə də yata bilməyəcəyi şəksiz idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
