Dünyanın dərin, qlobal ziddiyyətlərindən, insanların pandemiya şəraitindəki fədakarlığından bəhs edən bu əsəri şəhidlərimizin mübarək ruhuna bağışlayıram. Müəllif
Eskiz
Faruq Biləcəridə, batı üzdən evinin pəncərəsi önündə dayanıb görünən evlərə, ağaclara, aydınlaşmaqda olan səmaya, ilk bahar günəşinin gen-bol şəfəqlərinə baxdıqca, əhvalı yaxşılaşdıran qaratoyuq, qumru səslərinə dinşək kəsilib dualar edirdi:
- Şükür sənə, ya Rəbb, - deyirdi, bütün bu gözəllikləri sən bəxş etmisən bizə...
Amma 4-cü mərtəbədən boylanıb həyətə baxanda halı dəyişilirdi. Zibil dolu sellofan torbalarını hara gəldi atıb getmişdilər. Ac-yalavac, sahibsiz itlər o torbaları didib-didişdirir, dağıdırdı. Yaxına gedəndə isə üfunətdən beyin çatlayırdı.
Birinci mərtəbədə yaşayan malokan balası Çingiz hər gün evindəki zibilləri yığıb-yığışdırıb pəncərədən çölə tolazlayırdı. Guya xadimə gəlib yığışdıracaq. Amma həftələrlə o həndəvərə dolanan yox idi.
Çingiz pul qarşılığında məhlə-küçənin televizor antennalarını da gətirib Faruqgilin mənzilinin damına düzmüşdü. Faruq bir dəfə xəbərdarlıq etmişdi, demişdi, damda su çənləri var, oğul, oralar qaranlıqdı, göz-gözü görmür. Borulardan biri zədələnsə, mənzillərimizi su bassa, cavab verə biləcəksənmi? Elə etmə, yığışıb polisə müraciət edək! İncəvara, o da söz güləşdirmədən günah sahibi kimi gözünü döyüb baxmalı olmuşdu.
Çingizin sütül arvadı da elə Çingiz kimi davranırdı. Bir dəfə səhərin alatoranında qaynatdığı danqa sümüyü çölə tolazlayanda vızıldayıb Faruqun başının üstündən ötmüşdü. Çingizə bunu da çatdıranda günah sahibi kimi, o yenə dayanıb gözünü döyməli olmuşdu.
Qonşuluqdakı ət dükanında hər gün kəsilən inəklərin qanı həyətə axıdılırdı. Qan çox zaman laxtalanıb qalırdı. Oraları yuyub təmizləyən, bu işə əhəmiyyət verən yox idi.
Tək bircə dəfə etiraz etmişdi Faruq. Ona görə də qəssab hər Faruqu görəndə üzünü yana çevirirdi. Yəni, "məhlədə heç kəs cınqırını çıxarmır, sənin nə borcuna, ortalığa düşmüsən? Məhəlləyə səni vəkil tutublar?!"
***
Qarşıda Sadığın birmərtəbəli eviydi, evin bir sotluq həyətyanı sahəsi Faruqgilin mənzilindən istər-istəməz adamın diqqətini çəkirdi. Həyətdə donuz saxlayırdılar. Sadıq hardansa lort yemişləri alıb gətirib bunlara yedizdirirdi. Sonra heyvanları həyətə buraxırdı, ayaqları açılışsın.
İndi neçə ildi Sadıq yoxdu, rəhmətə gedib. Kiçik qızı qoşulub qaçıb, iki uşağı var. Uşağının biri qoynunda-qucağında, biri yanında, biri də qarnında hərdən atası evinə gəlir, bu ailəyə əl tutur, imkanı çatdığı qədər dayaq durmağa çalışırdı.
Böyük qızı ərə getsə də, ay yarımdan, bəlkə iki aydan sonra qayıdıb gəlib ata yurdunda əyləşmişdi. Bəlkə on ildi də adını tutan yox idi. Yazıq ana, tək-tənha bu ailədə hansı işin qulpundan tutacağını bilmirdi. Gah qonşu arvadın avtobus dayanacağındakı xırda köşkünə gedib "alver"ə qurşanırdı, gah yığdığı sellofan torbaları sahmana salıb bazara aparırdı alverçilərə "hədiyyə" etsin. Onlar da bunun qarşılığında nələrisə "əta" edirdilər.
Həyət-bacada ailə, ümumiyyətlə az görünürdü. Axşamdan-axşama pəncərələrdən işıq gələndə bilinərdi evdədilər, salamatlıqdı.
Sadığın arvadı həyətə çıxdığı zaman gözü mütləq Faruqgilin pəncərəsinə sataşırdı və istər-istəməz halbahal olurdu. Çünki Faruq pəncərə önündə əyləşib uzaqlardakı mənzərələrə baxa-baxa çay içirdi. Arvad, amma elə bilirdi o əyləşib bu həyətin güdüyünü çəkir. Ona görə Faruq pəncərə önündə əyləşməyi birdəfəlik tərgitdi.
Sağ əldə, bir iş icraçısının möhtəşəm mənziliydi. Böyrünə yetim şüyümündə bir ailə, bir ev - bir koma qısılıb qalırdı. Evin üstü o vaxtdan bəri köhnə şifer tullantılarıyla tutulduğuna, yamaq-yamaq görünürdü. Sahibi bu cumbulu həyətə çox vaxt dolanışıq xətrinə xırdabuynuzlu heyvanları gətirib buraxırdı, üç-bir, beş-bir aparıb qəssabxanalara paylayırdı. İndi o da həmin "səadət"dən məhrum olmuşdu, qəssablar heyvanı öz rayonlarından özləri gətirirdi, ucuz düşsün.
Sol əldəki köhnə beşmərtəbəli "Xruşşovka"nın üstü də eyni müsibətdəydi. Sonuncu mərtəbədə yaşayanlar yağış yağanda, göydən qar tökəndə evlərin damına qalxırdılar. Daman yerləri köhnə şifer qırıntılarıyla, dəmir təbəqə qırıq-qırtıqlarıyla nə qədər tutsalar da, vecə gəlmirdi. O daman yerləri, bəlkə yuxularında da unuda bilmirdilər.
Eskiz
Faruq işsiz-gücsüz, "vecsiz" olduğuna, bu səhər də yuxudan əzgin oyandı. Oyanıb gördü saat səkkizə işləyir, hava işıqlanıb, "idman"a gedə bilməyəcək. Bu vaxt parkda adamlar çoxalır. Çoxluqda idman edə bilmir. Elə bilir, hamı ona rişxəndlə baxır. Gündəlik dərmanları atmağa da həvəsi qalmayıb. Başında-beynində sıxıntılar var. Dünəndən bədənində quruyub qalmış dənizin duzlu suyunu da hamamda axıtmağa hövsələsi çatmır. Beyni məngənədədi, nə edəcəyini, nə yeyəcəyini, hara gedəcəyini bilmir. Bütün əzası süstləşib, öz həyatına ikrahla tamaşa etməkdədi.
Qalxıb axşamdanqalma qaynanmış sudan bir stəkan içdi. Bu su bədənindəki ağırlığı az da olsa, yüngülləşdirməliydi. Pəncərə önündə dayanıb bir xeyli Şamaxı tərəflərə göz gəzdirdi. Evlər, evlərin yaşıl, qırmızı, boz şiferləri yas içində dayanırdı. Parkdakı ağaclar hüznlə havaların açılmasını gözləyirdi. Qaratoyuqlar, qumrular haralarasa əkilib-çəkilmişdi, səs-soraqları gəlmirdi.
Bir az aralıda, Daxili Qoşunların hərbi yataqxanasında yan-yana 4 işıq yandırılmışdı. Amma göy üzü qaş-qabaqlıydı, sımsırığını sallayıb qara kabusa bürünmüşdü.
Solmazın əhvalı elə də yaxşı deyildi. Üstünə üç dəfə həkim çağırılmışdı.
Gözəl deyir, Faruq müəllim, Solmazın soyuyan əllərini, ayaqlarını ovuşdura-ovuşdura özünüzdən xəbərsiz gözləriniz dolmuşdu. Var gücünüzlə, ciddi-cəhdlə onu qorumağa çalışırdınız. İndi şükür Allaha, həmin gərgin anlar, qaragün dəqiqələr, saatlar arxada qalıb.
Sistem qoşulandan sonra çevrilmiş gözlər gerçəkdən əzəlki çəmbərinə qayıtdı. Tavana zillənsə də, nələrin baş verdiyini hələ ayırd edə bilmədi.
Günelə zəng vurdular, Günel icazə alıb dərsdən gəldi. Gəlib gördü birotaqlı mənzilləri tünlükdü, "Solmazın işlədiyi uşaq bağçası" yaxında olduğundan iş yoldaşlarının hamısı, demək olar, bu qələbəlikdədi. Ürək-dirək verib təskinləyici sözlərlə hər şeyin yaxşı qurtaracağını bildirirlər.
Faruq bu əzablı günün içərisində fırlanmada, fırlandıqca da işıqla qaranlığın arasında çalışıb çarpışmadaydı.
Soyuducuda bir düjün yumurta vardı, yağ vardı. Novruz bayramından qalma külçə, şorqoğallar vardı. Şor vardı. Lumu vardı. Bir də Solmazın tutmaları, mürəbbələri dərman-davalarıydı... Faruq elə şey tapıb yeməliydi yüngüllük tapsın. Amma bunların hamısı ağırlıq gətirən yeməklər idi.
Ölkənin 30 illik mənzərəsi bir anlığa gəlib keçdi gözünün önündən. Müstəqilliyini yenicə qazanmış bir ölkə hər tərəfdən basqı altındaydı. Bir yandan xarici düşmənlər, o biri yandan "xalq" adını geyinib ortalığa girmiş "hərəkatçılar", üçüncü bir tərəfdən erməni separatçıları... Onlar Sovetin Sovet vaxtında da torpaq iddialarındaydı. Ermənilər Moskva-Kremllə (daha dəqiqi, Raisa Maksimovna ilə!) birləşmişdi, "5-ci kolon"çular hərəkatçılarla! Müstəqil Azərbaycan yağlı tikə kimi hər tərəfdən dartışdırılırdı. O hesaba torpaqlarımızı itirdik, xalqa məxsus nemətlərimizi itirdik!.. Onlar qıy-qışqırıqla yenə panik yaradırdılar...
Aradan bir qərinə ötüb, dağıdıcı qüvvələr hələ də xalqı çaşdırmaqla məşğuldu. O adamların təsiri altında nəfəs alan sənətçilər də eyni topdan-toplumdandı, gələcək gəlir yerlərini fikirləşirlər.
Eskiz
Bir həftədən yuxarıydı Faruq köhnə mənzilindən kənara çıxmırdı. Yeni evinə gedəndə, gördü Biləcərinin kasıb təbəqəsi "koronavirus" deyilən zəhrimarı qəti şəkildə saymır. Özü də heç bir qoruyucu-zad taxmadan, heç nədən ehtiyatlanıb çəkinmədən, "əliyalın", amma üsyankar bir tövrlə "faşist" üzərinə getdikləri kimi gedir. Telefon danışıqlarında isə ancaq bu sözlərdi: - Salamatçılıqdımı?.. Heç nəyi vecinə alma!.. Görüşərik, inşallah, görüşərik...
Çöldəki qaratoyuqlar, bülbüllər də sanki eyni tərzdə "faşist"lərin qabağına çıxıb meydan oxuyurdular! Hər biri də əzəlki tövrünü pozmadan şərqi söyləyirdi. Göyərçin və qumruların dünyadan xəbəri yox idi, erkəklər dişiləri yanlamaqdaydı...
Günellə Solmaz Faruqa ağız-burnunu bağlamaq üçün bir düjün bahalı maska, "100 cüt" əlcək dəsti, ağzıbağlı flakonda etil spirti alıb gətirmişdi, əllərini, burnunu spirtləsin. Bərk-bərk də tapşırmışdılar: "evdən kənara çıxmaq qadağandı!"
Faruqun "işi", amma çöldəki qaratoyuqlarlaydı. Deyilənlərə məhəl qoymadan bülbüllərin, qaratoyuqların oxuduğu nəğmələrə qulaq asıb ürəyinə köçürürdü və sadəcə əllərini sabunla yuyurdu. Və bununla da təhlükəni elə bil sovuşdururdu...
Ona elə gəlirdi burda siyasi nüanslar var. Bu yeni dünya düzənindəki "moşennik" ölkələrin fırıldağıdı.
Kitay əhalisi get-gedə çoxalır... İran get-gedə meydan oxuyur... "İtaliyada, Fransada "bir bu qədəri ölüb, bir bu qədəri virusa yoluxub..." - sırf "hegemonçu" propaqandasıdı. O ölkələri də bu birilərin gözünə qatırlar ki, imperialist marağı "ağ" görünməsin.
Məsələ bundadı Yer üzünün əhalisi artıb. Bir belə insana ərzaq çatdırmaq müşküldü. Ay "Somaliyə yardım göndərildi..." Nə bilim, "aclıq, xəstəlik, səfalətdən əziyyət çəkən zimbabvelilərə "sərhədsiz həkimlər" köməyə getdi" - vallah, boş şeydi, hamısı "politika"dı.
Bu dəmdə Faruqun "sim" nömrəsinə zəng gəldi. Götürüb baxdı - "Qızım!"
- Bəli, mənim balam!
- Salam, papa!
- Salam, mənim qızım!
- Necəsən? Mən deyənlərə əməl edirsənmi?
- Sən deyənlərin hamısına əməl edirəm. Birini də boşa buraxmıram.
- İdmana necə, gedirsənmi?
Faruq gülür.
- Gedirəm! Ən əvvəl sən alan o əlcəkləri geyirəm, ağzımı maska ilə bağlayıram.
- Ay sağ ol.
- Sonra parka yollanıram. İdman edib əlcəkləri zibilliyə atıram! Evə gəlib əlimi sabunla möhkəm-möhkəm yuyuram! Sonra sən aldığın etil spirti ilə əllərimi, burnumu spirtləyirəm...
- Ay sağ ol.
- Sənin dediklərinin hamısına əməl edirəm, qızım!
- Ay sağ ol! İstəsən, mən ordakı interneti də gəlib açdıraram, dünyadan xəbərin olsun. Virusla bağlı yenilikləri biləsən.
- Mən hazırda o virus barədə yazıram, qızım! Mənə elə gəlir bu da bir politikadı. Bəzi ölkələri susdurmaq istəyirlər. Kitayın əhalisi artıq 2 milyardı haqlayır. Hegemonluq edən Amerikaya bu, əlbəttə, təhlükədi.
Üstəlik, Çin iqtisadiyyatda da konkurentdi. Hətta bəzi sahələrdə Amerikanı üstələyir. Belə bir dövlət (özü də "kommunist" dövləti!) Amerikaya sərfəlidimi? Əlbəttə, yox! Ona görə də cəzalanmalıdı... İstədikləri yerdə zəlzələ yaradır, istədikləri ölkəni sunamiyə qərq edirlər...
- Bilirəm, papa!
- İkincisi də, "mollalar ölkəsi" İran onun birbaşa düşmənidi. İranı da yerində otuzdurur.
- 65 yaşdan yuxarı iki kişini polis tutub şöbəyə aparıb. Hərəsini deyəsən, 500 manat da cərimə ediblər. Sən qəti şəkildə evdən qırağa çıxmırsan!
- Uşaq vaxtı sən mənə "baş üstünə!" - deyərdin. İndi sənin sözün olmasın, "baş üstünə", qızım! Sən də özünü qoru!..
- Cavanları çox tutmur bu virus. İmmunitet sizlərdə zəifdi. Ona görə 65-dən yuxarılara belə qadağalar qoyulur. Deyəsən, "fövqəladə vəziyyət" statusuna keçiləcək...
- Sən məndən nigaran qalma, qızım. Allah səni qorusun. Sən də özünü qoru. Öpürəm.
- Hə, yaxşı! Salamat qal! Hər nə lazım olsa, mənə bildir, alıb gətirim...
- Allah qorusun səni. Salamat qal, balam!..
Eskiz
Faruq yönü paltar dolabına uzanıb xəyala dalmışdı. Fikrində dolandırdığı hadisələri çözüb-çözələdikcə yuxusu çəkilirdi. Qəflətən gözü güzgüdə öz şəklinə sataşdı. Çallaşmış bığı, çallaşmış qaşı, ağarmış saçları, gicgəhdəki bakiləri qocalığın son stadasından xəbər verirdi. Başındakı göy rəngli gecə papağı maviyə çalan gözlərlə həmahənglik yaradırdı. İndiki halda bu gözlər yarıyumulu olduğuna ölü gözlərinə bənzəyirdi. Belə bənzəyişdən səksəndi, göz qapağını dərhal qaşlarıyla bərabər yuxarıya dartdı, gördü bu bir cüt göz mavi dənizdən götürülmüş iki damladı. Başındakı mavi rəngli gecə papağıyla həqiqətən, həmahəngdi. Ürəyi nagahan çırpınmağa başladı.
İki mavi gözün haləsində, amma qırışlar vardı. Bu qırışlar ağac gövdəsi kəsiyindəki qırışlara bənzəyirdi. 76 qırış sezilməsə də, 76 min dərd-bəladan, od-alovdan keçib gəlməsi, həyatın bütün ağrı-acılarına sinə gərməsi şəksiz idi.
Gözlərin, hətta "krakadil" gözünə də bənzəri vardı. Bir dəfə o, "Krakadil gözlü kişi" hekayəsini yazmağa meyillənmişdi. Əsər üzərində qırt toyuqsayağı yata bilmədiyinə görə yazı alınmamışdı. Qoca gözləri, amma krakadil gözləriydi. Suların altıyla ehmalca-ehmalca, yavaş-yavaş irəliləyən bu qoca gözlər, yeri gələndə, ovunu "yolundan etməyi" də bacarırdı. Bacardığı vaxtlarda sevinib gülürdü, o dəqiqə də üzünə, çöhrəsinə işıq yayılırdı. Faruqu saxlayan da, bəlkə elə o işıq seliydi...
Gözlərin ürəklə, heç şübhəsiz, əlaqəsi var, gördüklərini ürəyə köçürür. Onun köçürdüklərinin çoxu indi saralıb-solmuş, illərin nəmliyində-nəmişliyində çürüntü verdiyinə içəridəki yazılar artıq oxunmaz olmuşdu. O yerlər yaddaşdan silinib getmişdi. Oxunanlarısa təkrarlandığına beyin qırışlarında əbədiyyətə köçmüşdü.
Faruq Allaha yalvarırdı, günahlarından keçsin. Sonra fikirləşirdi, günahsız bir insan, Allah bəndəsi varmı, görəsən?! Günaha batmayanı adam adlandırmaq olarmı? Özü də bu günahların hamısı təbii gedişatla olur. Göz açanda görürsən günahın içindəsən. Necə olub mən günaha batmışam? Bunun çözümü artıq uzun pleyadadı, vaxt tələb edir. Çözüb-çözələməyəsə onun nə vaxtı, nə də hövsələsi vardı.
Qocaların səsi bir-birinə çatmır. Çatanda da "bu dağdan o dağa" danışırlar. Danışan kimi də bir düjün problemləri ortaya çıxır, dindirməyinə də peşman olursan.
Faruqa görə, "əldən düşmüş" qocalığa yetməməlidi insan; lil-palçığa batmamalıdı. Həyatı şirinləşdirən onun uşaqlıq, gənclik xatirələridi. Həyatın cazibəsi qocalıqda itir, heç bir şirinlik qalmır. İşin başını tutanda ayağı gedir, ayağını tutanda başı... Olur "Kürdmaşı!"... "Taşşı" sən də, Faruq, bu dərdləri "taşşı!"...
Problemlərdən aralanmaq üçün Faruq telefonu götürüb Nigara zəng vurmaq istədi. Qədim tanışıydı, dost-həmdəmiydi... Yadına düşdü Nigar bir dəfə leysan yağışları altında "Sənin qatarın gedib, Faruq müəllim!" - demişdi.
O dəqiqə də əl-qolu, barmaqları sustaldı, Nigarı yığmaqdan vaz keçdi.
"Könlümün şişəsinə bir ləməcik dəysə sınar, Bunun insafına bax ki, götürüb daşı urur" - düşündü.
Yaxşı, bu qatarın biletini almışam axı, a Nigar, mənsiz o qatar necə gedə bilər?
Demə, gedə bilərmiş. Uzaqlaşan qatarı özün duymursan, Faruq, hiss etmirsən. Onu yalnız kənardakılar görüb duyur, səni o qəflətdən oyatmağa çalışırlar...
(Davamı gələn sayımızda)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
