Yaddaş çölünün çağıran çiçəkləri (Əvvəli ötən sayımızda) - Sadıq ELCANLI

Sənədli povest

 

Bu yazı yadın, yəni yadımda qalanların yadırğalanmayan yollarıdır. O yad və yaddaş yolları qəfildən pıçıldadı ki, bizi də yaz, bu fani dünyada yazıdan böyük sığınacaq yoxdur. Və mən də yaddaş çölünün çağıran çiçəklərinə qulaq asdım, xəyalı körükləyən xatirələr dünyasına üz tutdum.

Müəllif

 

- Ədəbiyyata gəldiyiniz ilk çağların Mirzə Cəlil tilsimindən danışırdınız. O tilsimdən necə qurtuldunuz?

- Mən Şabran, keçmiş Dəvəçi rayonunun Surra kəndində dünyaya gəlmişəm. Qara qayasından Qaraca çobanların, Qızıl qayasından qızılbaş igidlərin səsi gələn, dağlarından Xəzər-Quzğun dənizi, damlarından qoca Çıraqqala görünən, yollarında, cığırlarında nağıllar, dastanlar mürgüləyən, yovşanlı yamaclarında, güneyli-qüzeyli zirvələrində tənha qərbi ağaclarının qəlbi göynəyən bir kənd idi. Cismən şikəst, əlil, ruhən sağlam, əyilməz olan dayım Malikin, nağıl, dastan kitabları əlindən düşmyən xalam Xanımsuranın söz işığını xatırlayıram. Sözün qısası, ruhumun qapısı qıfıllı qırxıncı otağında sonralar adının mif, əsatir, nağıl, dastan olduğunu bildiyim sirli-sehrli bir dünya vardı. Və o sirr-sehr dünyası zaman-zaman məni çağırırdı, məni haylayırdı, huylayırdı; yovşanlı yamaclarında kədəri körüklənən, deyilmək istəyən xatirələri susan, Şor dərəsində duzlu bulaqları ağlaşan, dağlarında boş ilan yuvaları göynəyən sirri-müəmma, çətin çağırış idi...

Mat-mat üzümə baxırdı. Bildim ki, dediklərimdən heç nə başa düşməyib. Və kədərli bir təbəssümlə susdum, çiyinlərimi çəkdim...

O da eyni təbəssümlə təəccübünü gizlətmədi:

- Doğrusu, heç nə başa düşmədim...

- Məndən bütün suallara dəqiq cavablar gözləmə, bəzən heç nə deməmək hər şeyi deməkdən çox şey deyir...

- Hər halda mifoloji fantastika sizin nəsrin əsas bədii-estetik istiqamətidir, necə deyərlər, ana xətti, bünövrə fəlsəfəsidir. Mənim sualım...

- Evimizin arxasındakı yamaclardan yuxarıda, güney zirvələrindən aşağıda yerləşən Şor dərəsinin duzlu bulaqları göz yaşı kimi nəsə pıçıldayırdı, susa-susa danışırdı. Sübh tezdənin şirin yuxusundan məni min bir zülmlə oyadan anam deyirdi ki, tez elə, balam, loşlar Şor dərəsinə çatar indi, göydə çalağanlar, quzğunlar dolanır, yerdə çaqqal-çuqqal, gedib dağda da yatma, loşlardan muğayat ol, gün qızana qədər çəyirtkəli, qaratikanlı yerlərdə otar, sonra sağ-salamat qaytarıb gətir qapımıza, amandı, uçmağa qoyma, çayqırağı kolluqlar, yulğunluqlar tülkü-mülküylə doludur, anan qurban, sən dədənin qəbri, yatma, yuxu Əzrayıl girəvəsidir, mənim balam, yuxun gələndə şəhadət barmağını möhkəmcə dişlə, lap qanın çıxınca, qanının isti, şor tamını hiss etsən, daha yata bilməzsən, yuxun ərşə çəkilər...

Gənc jurnalistin matı-qutu qurumuşdu, key-key susurdu, arada söhbətin yönünü dəyişməyə cəhd edirdi:

- Axı... Mən...

- Sən bir az səbir elə... - Gülümsədim. - İki-üç ana, əlli-altımış bala loşu, şəhərdə ona hind toyuğu, hinduşka deyirlər, sübh tezdən, alaqaranlıqdan dağlarda otarmaq, günortaüstü sağ-salamat doğma qapıya qaytarmaq elə də asan iş deyildi. Bir də görürdün, beş-altı çalağan, quzğun başının üstündə fırlanır, loş balalarına şığımaq üçün fürsət axtarır, o anda gərək sinədolusu, qeyzlə qışqıra biləsən:

- Quzğun, Quzğun qıyyad!... Çalağan, çalağan, çiluuu!.. Bizdə cücə yooxdu, yuxarı kənddə çoooxdu!.. Əgər ürəklə qışqıra bilsəydin, çalağanlar, quzğunlar qıy vura-vura yuxarı kəndə - Əmirxanlı kəndinə tərəf uçub, bir anda gözdən itirdilər. Çox illər sonra, universitetin filologiya fakültəsində oxuyanda öyrəndim ki, bunlar mif imiş, o mifə çalağanları, quzğunları inandırmaq isə artıq fantastika idi. Mənim kəndim uzun-uzun qərinələr, əsrlər boyu öz miflərini, fantastik əsatirlərini, nağıl və dastanlarını yaradır, yaratdıqları ilə yaşayır, dünyanı dərk edirdi. Deməyim odur ki, mən ədəbiyyatın karvan yoluna çıxanda qəlbimdə, ruhumda mif çölləri, əsatir dağları at oynadırdı. Mən sadəcə olaraq o çöllərin, o dağların əzəli-əbədi çağırışlarına üz tutdum, yeni bir yol başladım; romanlarımın, əksər povest və hekayələrimin baş qəhrəmanı o çöllər, o dağlardır, o miflər, o əsatirlərdir...

Gənc jurnalistin alnında tər puçurlamışdı, dərindən nəfəs alıb dilləndi:

- Mən bu müsahibəni tərk edirəm, çünki siz təkbaşına, öz-özünüzlə daha yaxşı danışırsınız...

Gülümsədim:

- Axı mən həm də jurnalistəm, uzun illər, otuz ildən artıq AzTV-də baş redaktor olmuşam, publisistik kitablarım çap olunub...

Ayağa qalxdı, telefonunu göstərib dedi:

- Telefonum hələlik sizdə qalsın, demək istədiklərinizi danışıb qurtarandan sonra bəzi texniki işləri özüm görərəm, mətni mətbuat üçün hazırlayaram və s.

O, çıxıb getdi. Və mən düşündüm ki, jurnalistlərin belə kəmhövsələ olması da, görünür ki, yeni başlayan internet və süni intellekt erasının əlamətlərindən biridir. Bu yaxınlarda Baku TV-də Qərbi Azərbaycanın qədim yurd yerləri haqqında baxdığım elmi-publisistik veriliş yadıma düşdü. Adətən, belə verilişlərə iki-üç dəqiqə baxandan sonra müəllifin kim olduğunu təxmin edə bilirəm. Ancaq xatırlatdığım verilişin mətn müəllifi haqqında heç bir qənaətə gələ bilmədim. Maraqla verilişin axırını gözlədim və doğrusu, heyrətləndim. Sonluq titrlərində xüsusi ayrıntı ilə elan olunurdu ki, verilişin mətni süni intellekt tərəfindən hazırlanmışdır. Xüsusi elmi-publisistik hazırlıq, tarixi-analitik təfəkkür tələb edən mətn və süni intellekt, nə qədər heyrətamiz olsa da, artıq reallıqdır. Bunu çayxanada danışanda Şabran Ədəbi Birliyinin sədri Bayram Novruz məni daha çox təəccübləndirdi, dedi ki, bu, adi bir haldır, indi süni intellektə şeir, istənilən mövzuda poeziya nümunəsi sifariş etmək də mümkündür; dəqiqələr, hətta saniyələr ərzində istədiyin şeir internet vasitəsilə sənə təqdim olunur. Nümunə üçün məndən istənilən bir mövzu xahiş etdi, praktik olaraq həmin mövzu sifariş olundu və yarım dəqiqəyə süni intellekt hazır şeiri səsləndirdi. Və mənim ədəbiyyata yazığım gəldi...

On illər boyu mənim haqqımda yazılan, müxtəlif qəzet və jurnallarda, xüsusi buraxılış və kitablarda çap olunan altımışdan artıq məqalə, resenziya, müsahibə və digər publisistik yazıları bir yerə toplamaq keçirdi ürəyimdən. Bunu oğlum Qurbana deyəndə gülümsədi, həmin anda reaksiya verdim ki, bunun sənə dəxli yoxdur, maliyyə tərəfdən hər şeyi özüm edəcəyəm. Oğlum bir daha gülümsədi, dedi ki, bəs süni intellekt mətnlərini neyləyəcəksən?

- Süni intellekt mətnlərinin bura nə dəxli var? - soruşdum.

- Xüsusilə, sizin romanlarınız haqqında hazırlanan analitik mətnlər hansısa alimin yazdıqlarından daha səviyyəli, daha dərinlərə gedəndir, desəm, xahiş edirəm, inciməyin...

- Axı, bu, necə ola bilər? Mən heç nə...

Oğlum cibindən telefonunu çıxarıb qısa bir müddət qurdaladı, sonra onu mənə tərəf uzadıb dedi:

- Qulaq asın, sizin təhlilə çətin gələn, gələcəyin əsəri elan olunan "Qanlı Quzğun meydanı" mifoloji-fantastik romanınız haqqında süni intellektin hazırladığı mətndir, - belə deyib telefonun kiçik ekranındakı mətni oxumağa başladı.

Heyrət və təəccüb qarışıq bir sevinc içində qulaq asırdım. Həmin roman haqqında yazılanlarla müqayisədə, həqiqətən, daha dərinlərə gedən, daha analitik təfəkkürlü bir mətn idi.

- Yox, bu, ola bilməz, ola bilməz! Bu mətn çoxlarından çox bilir! Bu analitik yanaşma...

Oğlum izah etməyə çalışdı:

- Süni intellekt internet vasitəsilə "Qanlı Quzğun meydanı" romanına daxil olur, digər elmi-tarixi, mifoloji mənbələrə, hətta qədim Çin yazılarına qoşulur, nəticədə insanın beyin, təfəkkür imkanlarını üstələyən analiz və sintez, struktural təhlil mənzərəsi reallaşır. Süni intellekt insandan, oxucudan, lap elə böyük, nüfuzlu alimdən, professordan fərqli olaraq, şəxsi münasibətlər, meyil və maraqlar müstəvisində yox, birbaşa təqdim olunan əsər, roman, onun bədii-fəlsəfi, tarixi-analitik təhlili, qiymətləndirilməsi istiqamətində "iş görür", mətn hazırlayır. - Oğlum yenə gülümsədi. - İndi de görüm, o kitaba bu mətnləri hansı adla yerləşdirmək istəyirsən?

- Mən başa düşürəm, bəşəri sivilizasiyada yeni dövr, süni intellekt, internet epoxası başlayır, bu, qarşısıalınmaz bir gedişatdır. Kibertexnologiya elə sürətlə, elə nəhəng addımlarla irəliləyir ki, insan, Adəm övladı onunla, öz yaratdığıyla ayaqlaşa bilmir, geri qalır; insan süni intellekt, robot qarşısında məğlub durumdadır; ən acınacaqlısı odur ki, bəşəriyyət min illər boyu yaratdığı misilsiz mədəniyyət, ədəbiyyat zirvələriylə birlikdə məğlub olur, sanki planet səhnəsindən çəkilir, deyək ki, çəkilməyə məcbur edilir...

 

***

Meydan hərəkatının dəniz kimi qabaran ilk çağlarında, qanlı qırğınlara doğru gedən, hər addımda Vətən, azadlıq qışqıran o mübarək, o müqəddəs azadlıq günlərində qəlbimin qayım-qədim çöllərindən, ruhumun Tanrı şəfəqli səmalarından gələn sirli çağırışlar məni "Qanlı Quzğun meydanı"na səsləyirdi. Gündüzlər ruhumun yovşanlı yamaclarında, xam at kimi şahə qalxıb kişnəyən dəlisov dağlarında belədən-belə gəzirdim, qan tərləyən at belində çapırdım, gecələr evimizin ikinci mərtəbəsindəki eyvanda, quzey dağlarla üz-üzə balaca qara mizin arxasında səhərə qədər dayanıb durmadan yazırdım. Bir dəfə sübh namazına duran anam elə bir vay-şivən qoparmışdı ki... Anamın o sübh namazı üstündə etdiyi ağlar dualar indi də yadımdadır: "Ay Allah, bu tifilə yazığın gəlsin, ağlına-huşuna zaval dəyməsin! Onu şəri-şeytandan, quru böhtandan, məkri-zənəndən, zülmü-bəşərdən və bəd nəzərdən qoru, onu bütün arzu və ümidlərinə qovuşdur, ya Rəbbim!" Bəlkə də o sübh namazında anamın duaları köməyim oldu, çətin, əzablı, həm də qürurlu roman-mətni yazıb qurtardım, bütöv halda böyük dostum, böyük şair, fədakar ziyalı, "Gənclik" jurnalının baş redaktoru Məmməd İsmayıla təqdim etdim.

Məmməd bəy yazılarıma bələd idi, dedi ki, bu gecə bu romanı oxuyacağam, sabah gələrsən, danışarıq. Sonda da gülə-gülə əlavə etdi ki, Allah qoysa, mən istəyən əsər olar, zəif olsa, çap olunmasa, məndən yox, özündən küs. Mən də dedim ki, xahiş edirəm, tanışlığımıza görə tərifləmə, yalnız həqiqəti söylə. Məmməd bəy üzünü mənə tutub şəhadət barmağını yüngülcə silkələdi və dedi ki, bəy, başqa cür ola bilməz!

Və Məmməd İsmayıl heç bir növbə-filan gözləmədən "Qanlı Quzğun meydanı" romanını o vaxt çox böyük tirajla çıxan, respublikada bir nömrəli mətbu orqan olan "Gənclik" jurnalının on bir sayında ardıcıl olaraq çap etdi. Sonra Qarabağla bağlı hadisələr elə gərginləşdi ki, mən romanda reallaşdırdığım bədii çağırışları açıq publisistik mətnlə birbaşa deməyə, üç vərəqlik "Son çağırış" məqaləsini göz yaşları içində yazmağa məcbur oldum. Vətənpərvərlik müsabiqəsində birinci yerə layiq görülən, 28 fevral 1992-ci ildə "Aydınlıq" qəzetində çap olunan o məqalə-çağırışı 33 il sonra, bu məqamda yada salmağı özümə borc bilirəm.

Bu yazını 33 il sonra yenidən oxuya-oxuya son illərin təkzibedilməz Qarabağ həqiqətlərini, möcüzəli Qarabağ xilaskarlığını düşünürəm. Azərbaycan yaxın və uzaq imperiya maraqlarının yaratdığı cəhənnəm uçurumunun faciələr girdabından Qarabağı, bütövlükdə özünü, müstəqil dövlətçiliyini xilas edə bildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 44 günlük müqəddəs Vətən müharibəsi, zəfər savaşıyla tarixi boşluqları dolduran, olmazları olduran böyük qələbə qazandı, son iki yüz illik məğlubiyyətlər zəncirbəndini qıraraq, bütövlükdə türk dünyasının qalib və qüdrətli zəfər qapılarını açdı. O müqəddəs və mübarək açılışla sonuncu türk, Azərbaycan hökmdarı, fatehlər fatehi Nadir şah Əfşarın gözləri güldü, tarix boyu nəhəng imperiyalar yaradan Azərbaycanın qalib səsi və sözü dünya səhnəsində yenidən eşidildi. Azərbaycan bir vaxtlar Orxan-Yenisey bəngüdaşlarına yazdığı müqəddəs mətnləri BMT-nin xitabət kürsüsündə yenidən səsləndirdi. Bir vaxtlar orta əsrlər əlyazmalarının vurğuladığı bir həqiqət - "Şah İsmayıl ruhun bədənə qayıtdığı kimi Təbrizə daxil oldu" həqiqəti bu dəfə "İlham Əliyev ruhun bədənə qayıtdığı kimi Şuşaya, Qarabağa qayıtdı" nidasına çevrildi. İlham Əliyev Şuşaya, bir qədər sonra Qarabağlı Pənahəli xanın kəndi Xankəndiyə və nəhayət, bütün Qarabağ və Zəngəzura əbədi qalibiyyət möhürünü vurdu. Bu, son iki yüz illik Azərbaycan tarixinin ən şərəfli həqiqəti, ən müqəddəs məqamı idi. Bu, qədim və qüdrətli Azərbaycanın dünyanın böyük tarix səhnəsinə qalib qayıdışının təkzibolunmaz faktı, ölümsüz, əbədi Azərbaycan həqiqətinin dünyamiqyaslı təntənəsi idi.

"Aydınlıq" qəzetinin baş redaktoru, bir müddət AzTV-də hərbi-siyasi veriliş müəllifi olan çoxdankı dostum Babək Hüseynoğlu göz yaşları içində qucaqladı məni, - qardaşım, - dedi, - sənin bu üç-dörd qrankalıq yazın bütün redaksiyamızı ağlatdı, vallahi və billahi, hönkürüb ağladıq... - Bir qədər susub eləcə göz yaşları içində pıçıldadı, - ancaq bir xahişim var, bu qeyri-adi, ürəkdən, qandan gələn yazını "Son çağırış" adlandırma, son dəhşətli ifadədir; son, son, bu elə sözdür ki, adam bilmir neyləsin, xahiş edirəm, o yazını "Son çağırış" adlandırma.

Və mən dedim ki, Babək (o vaxt hələ Babək Hüseynoğlu Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin sədri deyildi, ona eləcə Babək deyirdik - S.E.), bu gün-sabah Kəlbəcərin, Şuşanın, Laçının, bütün Qarabağın erməni-rus hərbi birləşmələri tərəfindən işğalı gözlənilir, bu dəhşətli, qada-qırğın günlərində sondan başqa hansı sözdən istifadə etmək olar?!

Və mənim təkidimlə o yazının adı dəyişilmədi, "Son çağırış" ümumi başlığıyla çap olundu. O yazıda üç yarımbaşlıq vardı: "Ağlama, Vətən!", "Ayağa qalx, Vətən!" və "Qalib gəl, Vətən!"

Çox-çox sonralar istedadlı şair, "Ekran-Efir" qəzetinin baş redaktoru, rəhmətlik Məmməd Aslanla bir söhbətimiz yadıma düşür. Dedim ki, Məmməd bəy, İyirmi Yanvar hadisələriylə bağlı yazdığın o əla şeiri gərək "Ağla qərənfil, ağla" yox, "Ağlama, qərənfil, ağlama" adlandıraydın.

- Ürəyimin közünü qoparma, Sadıq Elcanlı, onsuz da o dərin yaralar qaysaq bağlamır...

- Bu xalq sözə inanır, ağla dedin, on ildir ki, xalq qərənfil yazığı köksünə sıxıb ağlayır, - dedim.

Əlqərəz... Babəklə baş-başa verib ağladığımız günün səhəri o yazı - "Son çağırış" çap olundu və neçə adam mənə ağlaya-ağlaya zəng etdi...

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!