Tavus
Hərəmxananın həyətində gəzişirəm. Hovuzun qırağına çıxıram. Rəngbərəng balıqlar quyruqlarını yellədə-yellədə üzür.
Dünənə qədər burada adam əlindən tərpənmək olmurdu, indi səssizlikdən qulaq tutulur. Hər şey bir-iki saatın içində oldu. Səhər təzə açılmışdı, şəhər hakimi həyəcanla gəldi. Xanımına dedi ki, düşmənlər qapını kəsdirib, getmək lazımdı. Xanım cariyələrinə əmr elədi, nə var, nə yox, hər şeyi sandıqlara doldurdular, nökərlər sandıqları arabalara yüklədi. Xanım özü də cariyələri ilə bir yerdə çıxıb getdi. Mən yaddan çıxdım.
Sonra Tuti dedi ki, şəhər hakimi özü burdadı, saraydadı. Təkcə xanımını Bakiyə göndərib. Soruşdum ki, xanım gedirdisə, bəs məni nə üçün aparmadı? Tuti çiyinlərini çəkdi.
Doğrudan, o nə bilsin?! Bu adamların işlərindən baş açmaq olur ki?! Dünənə qədər sarayın ən hörmətli quşu mən idim. Düzdü, şəhər hakimi sarayın həyətində xüsusi yer düzəltdirib, orda turac, kəklik saxlayırlar. Bir də dostum Tutidi, o, sarayda yaşayır, hakimin yanında. Mən isə xanımın quşu idim, mənə xüsusi qulluq edirdilər. Bütün günü cariyələr başıma fırlanırdı, yedizdirirdilər, sığallayırdılar. Dünən gedəndə isə məni aparmadılar...
Şəhər hakiminin adamlarından da çoxusu gedib. Sarayda indi hakim özüdü, ordu rəisidi, şəhərin başbilənləridi, bir də mühafizəçilər. Qalan adamların hamısı, ya xanımla bir yerdə gediblər, ya da öz ailələrinin yanına qayıdıblar. Tutidən soruşdum, dedi ki, nökər-qulluqçuları hakim özü buraxdı, dedi, çıxın gedin, salamat qalsaq, qayıdarsınız.
Quşlara baxan kişi gedəndə turacları, kəklikləri açıb buraxdı. Hərəsi bir tərəfə uçdu. Sarayda bir Tuti qalıb, bir də mən. Mən də gedərdim, amma bilmirəm, hara gedim?! Məni öz ölkəmdən lap balaca olanda gətirmişdilər. Düzdü, çox balaca idim, amma bəzi şeylər yadımdadı. Əvvəlcə dənizdə üzmüşdük, xeyli üzmüşdük. Sonra qəfəsdə xeyli yol gəlmişdik. O vaxtdan bu saraydayam. Burdan başqa heç yerə çıxmamışam, heç yeri tanımıram. Tuti də mənim kimi.
Doğrudan e, bu Tuti harda qaldı görəsən? Bayaq dedi, gedim görüm sarayda nə danışırlar. Hələ qayıtmayıb...
Sərçə
Günortadan keçib. Bir az əvvəl üç nəfər atlanıb şəhərə getdi, şəhərin böyük qapılarını açıb onları içəri buraxdılar, təzədən qapıları bağladılar. Kərkəs dedi ki, bunlar Cəbə Noyonun elçiləridi. Hələ qayıtmayıblar.
Qarğa nənə bir küncdə oturub, heç bilmirəm yatıb, ya oyaqdı. Yanına uçuram.
- Qarğa nənə, nə fikirləşirsən? - soruşuram.
Çiyinlərini çəkir.
- Bəlkə şəhərə gedək? - deyirəm.
- Orda nə işimiz var?
- Nə bilim. Gedək, görək şəhərdə nə var. Mən axı orda olmamışam.
- Şəhərdi də, - Qarğa nənə deyir. Amma durub özünü silkələyir.
Uçmağa başlayırıq. Qala divarlarına çatmağımız xeyli çəkir. Ordugah şəhərdən xeyli aralı imiş. Şəhər təpədə olduğu üçün ordugahdan baxanda bu qədər uzaq görünmürdü.
Qala divarına qonub otururuq. İçəri tərəfdən oxçu əsgərlər divar boyu düzülüblər, qılıncı olanlar aşağıdadılar. Yanlarında çoxlu çəlləklər, arabalarda daşlar var. Ocaqlar yanır.
Durub şəhərin üstündə uçuruq. Şəhərdə heç kim gözə dəymir. Meydançalar, küçələr bomboşdu, bütün evlərin qapı-pəncərəsi bağlıdı.
Cəbə Noyonun elçiləri saraydan çıxıb ata minirlər, sürətlə çapa-çapa şəhərdən çıxıb ordugaha üz tuturlar.
- Gəl, biz də qayıdaq, - Qarğa nənə deyir.
Sarayın bağının üstündən keçəndə aşağıda əlvan lələkləri olan böyük quş görürəm.
- Qarğa nənə, Qarğa nənə...
- Nə var?
- Ora bax. O kimdi?
Qarğa nənə də aşağı baxıb əlvan lələkli quşu görür. Onun yanına qonuruq. Quş bizə təəccüblə, bir az yuxarıdan-aşağı baxır.
- Sən kimsən? - soruşuram.
Cavab vermir. Üzünü çevirib nazlana-nazlana uzaqlaşır.
- Gəl gedək, - Qarğa nənə deyir.
Yenə uçmağa başlayırıq.
Qarğa
Şəhərdə maraqlı heç nə yoxdu. Gərək sərçəyə qulaq asmazdım, nahaq yerə özümü yordum.
Ordugaha çatıb ağaca qonuram. Qanadlarım yanıma sallanır yorğunluqdan.
Birdən Cəbə Noyonun alaçığından bir nəfər çıxıb nəsə qışqırır. Əsgərlər arasında canlanma əmələ gəlir. Hamı hazırlaşmağa başlayır. Kərkəs gəlib yanımıza qonur.
- Şəhər hakimi vergi verməyə razılaşmayıb, - deyir. - Şəhərə hücum edirlər.
Əsgərlər əsirləri mancanaqlara tərəf qovur, əsirlər mancanaqları itələyib qabağa gətirir. Uyğun mövqe tutandan sonra mancanaqları bərkidib daşları daşıyırlar. Şəhəri əvvəlcə daş atəşinə tuturlar. Daşlar qurtarandan sonra qəribə yumru toplar gətirirlər. Topu mancanağın çömçəsinə qoyandan sonra yandırıb atırlar. Tezliklə şəhərdən tüstü qalxmağa başlayır. Xeyli top atırlar, daşlardan da çox. Toplar qurtarandan sonra oxçular qabağa keçir. Şəhəri ox yağışına tuturlar. Şəhərdəki əsgərlər də ox atır, amma onların oxları azdı, hədəfə də az dəyir. Oxçularla bərabər qılınclı əsgərlər hücuma keçir.
- Qarğa nənə, - sərçə məni çağırır.
Ona baxıram. Gözləri qorxudan böyüyüb.
- Qarğa nənə, o bayaqkı quş öləcək?
Sarayın bağında gördüyümüz bəzəkli lələkləri olan quşu deyir. Çiyinlərimi çəkirəm.
- Yəqin ki, - deyirəm.
Sərçə durub sürətlə şəhərə tərəf uçmağa başlayır.
- Dayan, ay quşbaş!
Qulaq asmır. Durub onu izləyirəm.
Monqol əsgərləri uzun nərdivanları qala divarlarına söykəyib yuxarı dırmaşır, şəhərdəki əsgərlər onlara yuxarıdan daş atır, yuxarı çatanları qılınclayır. Onların üstündən keçib şəhərə giririk. Evlərin çoxu yanır, yanan evlərdən arvad-uşaq çıxıb qışqıra-qışqıra qaçırlar. Bayaq bomboş gördüyümüz küçələrdə indi dəhşətli qarğaşa var. Aləm bir-birinə dəyib.
Sarayın bağına çatırıq. Yanan toplardan bura da düşüb, sarayın qapısı yanır. Əlvan lələkli quş gözə dəymir. Sərçə özünü ora-bura vurub axırda onu tapır. Quş kolların dibində gizlənibmiş.
- Tez çıx, - sərçə deyir.
Quş kolun içindən çıxır, bizə dəhşətlə baxır. Yaman qorxub.
- Gəlin! - qışqırıram.
- Hara? - quş soruşur.
- Burda qalsan, ölərsən, bizimlə gəl, - sərçə deyir.
- Tuti gəlsin, sonra, - deyir.
- Tuti kimdi? - soruşuram.
- Dostumdu.
- Gözləmək vaxtı deyil, tez gəl! - qışqırıram.
Sarayın yanan qapısı çökür, içəridən alov püskürür. Quşla sərçə qorxu içində uçmağa başlayırlar. Bu əlvan lələkli quş yaman asta uçurmuş, biz də məcburən yavaş uçuruq ki, bizə çata bilsin. Uçduqca saray tərəfə baxır.
- Tez gəl! Vaxtımız yoxdu! - qışqırıram.
Yenə bir gözü saraydadı. Yəqin, dostunu axtarır.
Biz qala divarlarına çatmağa az qalmış möhkəm hay-həşir düşür. Qalanın qapısı çartıldayıb sınır, monqol əsgərləri hay çəkib şəhərə doluşur. Yerli əsgərlər qabaqlarını almaq istəsələr də, bacarmırlar. Onlar azdı, monqollar çox. Qarışqa sürüsü kimi şəhərin küçələrinə daraşırlar. Qabaqlarına çıxanı öldürürlər.
Sərçəylə quşa baxıram, onları tələsdirib özümdən qabağa buraxıram.
Birdən bədənimdə istilik hiss edirəm.
Tavus
Uçmaq mənimçün çətindi. Qala divarlarına baxanda gözlərim qaralır, yox, mən buranı aşa bilmərəm. Yaxşı ki, biz çatmağa az qalmış qapıları açırlar. Əsgərlər bir-birinə qarışır. İçəridəkilər bayırdan gələnləri buraxmamağa çalışır, bayırdan gələnlər içəridəkiləri öldürür. Sərçə qabaqda, mən dalınca qapıdan çıxırıq.
Bir az aralanandan sonra sərçə dala baxır.
- Qarğa nənə hanı? - soruşur.
Yəqin, bayaqkı qara quşu deyir. Başımı yellədirəm.
- Sən get, mən Qarğa nənəni tapım, - deyir.
Sərçə şəhərə qayıdır, mən özümü yaxınlıqdakı ağaclığa yetirirəm. Yaxşıdı burda hündür kolluq var. Kolun içinə girib otururam. Nəfəsim güclə gedib-gəlir, ürəyim elə bil ağzımda döyünür. Başımı qoyub uzanıram. Şəhərdəki qara-qışqırıq uzaqda qalıb. Ancaq uğultu eşidirəm - boş uğultu. Gözlərim yumulur...
Ayılanda görürəm gecədi. Zülmət qaranlıq çöküb. Amma hələ də şəhərdən səs-küy, qışqırıq gəlir. Kolluqdan çıxmağa qorxuram, bilmirəm çıxsam, başıma nə gələr. Havanın açılmağını gözləyirəm. Səhərə yaxın səslər bir az azalır.
Hava tam açılandan sonra ağaclıqdan çıxıram. Şəhər başdan-başa tüstülənir, alaçıqlar tərəfdə isə adam qaynayır. Şəhərə gedirəm. Şəhərdə sağ adam yoxdu, küçələr meyitlə doludu, evlərin çoxusu yanıb qurtarıb, bəziləri isə hələ də yanır.
Tutini axtara-axtara saraya gedirəm. Saray da yanıb qurtarmaq üzrədi, yan-yörəsi meyitlə doludu. İstidən yaxınlaşmaq olmur, Tuti də gözə görünmür. Ya uçub harasa gedib, ya da içəridə qalıb yanıb.
Şəhəri dolaşıram. Meyit əlindən tərpənməyə yer yoxdu, qoca, cavan, arvad, uşaq - hamısı bir-birinə qarışıb.
Başımı itirmişəm. Bilmirəm nə edim, hara gedim?!. Gəzə-gəzə qapıya tərəf gedirəm. Qapıya az qalmış meyitlərin arasında Qarğa nənənin leşini görürəm. Ox sinəsindən girib kürəyindən çıxıb. Bir az aralıda isə sərçənin leşi yerə yaxılıb. Deyəsən, at ayağının altında qalıb əzilib.
Bir dəstə quş uçub gəlir. Böyük quşlardı, az qala, mənim boyda olarlar, boğazları tüksüzdü. Şəhərə girən kimi meyitlərin üstünə daraşıb dimdikləməyə başlayırlar. Quşlardan biri mənə baxır, qanlı dimdiyini aralayıb vaqqıldayır.
Şəhərdən çıxıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
