Bu yazı yadın, yəni yadımda qalanların yadırğalanmayan yollarıdır. O yad və yaddaş yolları qəfildən pıçıldadı ki, bizi də yaz, bu fani dünyada yazıdan böyük sığınacaq yoxdur. Və mən də yaddaş çölünün çağıran çiçəklərinə qulaq asdım, xəyalı körükləyən xatirələr dünyasına üz tutdum. Müəllif
O, şəhadət barmağı ilə dodaqlarını qapayıb susmaq işarəsi verdi, sonra telefonun səsyazma düyməsini sıxıb sözə başladı:
- Hələlik sonuncu bədii əsəriniz olan "Qoca işığın qürubu" adlı hekayənizlə başlamaq istəyirəm söhbətimizi.
- Buyurun, - dedim.
- Həmin hekayənin lap əvvəlində belə bir qeydiniz var: "Bu yazı uzun müddət roman cildində qəlbimin qapılarını döydü, ruhumu çağırdı; ha qovdumsa, çəkilib getmədi, dirənib durdu. Nəhayət, kiçik bir hekayəyə salam verdim, qismət bu imiş..."
Birnəfəsə oxuyub dərindən nəfəs aldı, təəccüb qarışıq heyrətlə soruşdu:
- O romanı niyə yazmadınız?
- Doğrusu budur ki, qorxdum...
- Nədən?
- Təxminən, otuz beş il əvvəl mifoloji-fantastik yönümlü "Qanlı Quzğun meydanı" adlı romanımı yazarkən böyük əzablar, ruhi sarsıntılar yaşamışdım, bəlkə də o əzablı sarsıntıları yenidən yaşamaq istəmədim...
- O romanı oxumuşam; tam səmimiyyətlə deyə bilərəm ki, "Qanlı Quzğun meydanı" romanında milli ruha, düşüncəyə təskinlik gətirən məqamlar, işıqlı, pozitiv çağırışlar daha çoxdur...
- O roman 20 Yanvar qırğınlarının, şəhidlərin qaynar qanına bələnmişdi; sözün bitdiyi yerdən "Ya peyğəmbərlər, kömək edin!.." qışqırıqlarının susqun səsi gəlirdi. Mən xalqın xeyirlə şər, işıqla qaranlıq arasında çəkdiyi tarixi əzabların, qanlı qırğınların dərd düyünlərindən danışıram; 20 Yanvar meydanında 2042 il əvvəlin qanlı meydanı çağırmışdı məni və mən o qəfil çağırışa doğru əzablı yollar getdim...
- O romanı, eləcə də "Yaddaş yarası" romanınızı rəhmətlik Nizaməddin Şəmsizadə "gələcəyin əsərləri" adlandırmışdı.
- Şair, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri Barat Vüsal "Yaddaş meydanı - Meydanın yaddaşı" adlı irihəcmli essesində ("Ulduz" jurnalı, iyul 2001-ci il) yazır ki, "Sadıq Elcanlının "Qanlı Quzğun meydanı" romanı bizi bizim həqiqətlərə inandıra bilir. Bu, Türkün öz tarixi gücünə, yaddaş enejisinə qayıdışının roman-modelidir". Baratın o essesi vaxtında yazılan fədakarlıq nümunəsi idi.
- "Mənim mövqeyim" adlı kitabınızın "Milli yaddaşa qayıdış" adlı Ön sözündən bir abzası bu məqamda xatırlatmaq istəyirəm.
"Sadıq Elcanlının həm bədii, həm də publisistik əsərlərinin bir məziyyəti milli-tarixi yaddaşa müraciət edilməsidir. Böyük Qırğız ədibi Ç.Aytmatov çox dəqiqliklə deyib ki, "yaddaş itən yerdə manqurtluq başlayır". Artıq qeyd etdiyim kimi, S.Elcanlının əsərləri yaddaşsızlığa qarşı, yaddaş uğrunda mübarizədən yaranıb. Və hamıya yaxşı məlumdur ki, tarixin ağır keşməkeşlərində, ola bilər ki, xalqın bir çox milli dəyərləri itsin, bir çox sənət yadigarları oğurlansın, memarlıq abidələri məhv olsun. Amma bircə reallıq var ki, onu heç vaxt, heç kim öldürə, məhv edə bilmir. O, SÖZdür! Söz, dil ona görə ölmür ki, onda xalqın mənəvi enerjisi, əxlaqi keyfiyyətləri, xüsusilə, onun bütöv yaddaşı yaşayır. Sadıq Elcanlı sözə ona görə müraciət edir ki, o, sözün canından, cövhərindən, əlçatmaz, ünyetməz dərinliklərindən xalqın milli-tarixi yaddaşını, əslini, özünü tapıb aşkara çıxartsın, xalqın özünə qaytarsın. Bu baxımdan, onun əsərlərinin özünəməxsus sənətkarlıq məziyyətləri, xüsusilə, romanlarının bədii modeli, janrı, forma və məzmun vəhdəti haqqında da qısa fikir söyləmək istərdim. Dediyim kimi, Sadıq Elcanlı ədəbiyyatımızda yeni bir yol başlayıb. Bu, nəsrdə mifik-fantastik istiqamətdir. Əlbəttə, dünya ədəbiyyatında qismən işlənən ənənəvi, elmi-nəzəri fantastikadan fərqli olaraq, mifik düşüncə ilə fantastik düşüncəni milli təfəkkür müstəvisində birləşdirən, qovuşduran ardıcıl, həm də ciddi bədii-estetik prinsiplərə əsaslanan mifoloji-fantastika xəttinə Sadıq Elcanlının nəsrində rast gəlirik. Bu, milli yaddaşa qayıdışı şərtləndirən, oxucunu xalqın tarixi yaddaş enerjisinə qovuşduran nəsrdir. Bu povest və romanlara ənənəvi nəzərlə yanaşmaq olmaz. Bu əsərləri ənənəvi oxucu zövqü ilə oxumaq olmaz. Sadıq Elcanlının istər nəsr, istər publisistikasını oxumaq üçün müəyyən hazırlığa malik olmaq lazımdır. O, intellektual yazıçı və publisistdir. Ona görə də onun əsərləri başa düşülmək, dərk edilmək üçün müəyyən intellektual hazırlıq tələb edir. Mənə belə gəlir ki, Sadıq Elcanlının, xüsusilə, "Qanlı Quzğun meydanı", "Yaddaş yarası" romanları gələcəyin əsərləridir".
- Bəli, unudulmaz dostum, böyük alim Nizaməddin Şəmsizadə 1999-cu ildə çap olunan "Mənim mövqeyim" adlı kitabıma yazdığı genişhəcmli Ön sözdə demişdi həmin sözləri. 1990-cı illərin əvvəllərində "Gənclik" jurnalının on bir sayında çap olunan (bu yerdə ədəbiyyatımızın sonuncu mogikanlarından olan Məmməd İsmayıla dərin hörmət və ehtiramımı bildirirəm - S.E.) həmin roman haqqında çox yazılıb. Lakin Nizaməddinin soraq verdiyi həmin "gələcək", belə görünür ki, hələ gəlməyib, daha doğrusu, belə tezliklə gəlməyəcək...
- Elə isə biz də bu məqamı nə vaxtsa gələcək gələcəyin öhdəsinə buraxaq...
- Əslində, keçmiş, indi və gələcək, məncə, nisbi anlayışlardır; miflərin, əsatirlərin, nağıl və dastanların, daha sonra elmi-fantastikanın yolu, hədəfi olan zamanda səyahət, artıq süni intellekt üçün əlçatan reallıqdır; əsrlər, minillər boyu olmuşların sonsuz kainata yayılan ölümsüz, diri dalğalarının əks hərəkətinə nail olmaqla keçmişlə indinin, hətta keçmişlə gələcəyin əl tutub görüşməsi, necə deyərlər, eyni vaxtı, eyni məkanı bölüşməsi ən azı virtual reallıqdır...
- Mənim növbəti sualımı qabaqladınız. Yəni... Soruşmaq istəyirdim ki, niyə elmi-fantastika yox, məhz mifoloji-fantastika? İndicə xatırladığımız professor Nizaməddin Şəmsizadənin "Ədəbiyyat qəzeti"ndə çap olunan, sizin haqqınızda yazdığı dörd məqalədən biri belə adlanırdı: "Mifdən qədim adam"...
- Bir daha unudulmaz dostumun ruhuna rəhmət diləyirəm... Sualınıza gəlincə, ədəbiyyata gəldiyim ilk çağlarda dahi Mirzə Cəlil Məmmədquluzadə nəsrinin tilsiminə düşdüyümü xatırlayıram; nə yazırdımsa, o mətn ruhunun çöllərində Mirzə Cəlil küləkləri əsirdi. Etiraf edim ki, qaçılmaz bir tilsim idi, girdablar kimi ruhumu çəkib aparırdı. Bunu hiss edən, hətta bundan açıq-aşkar məmnun olan böyük dostum, akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Yaşar Qarayev mənə "Cəlil Məmmədquluzadə nəsrinin poetikası" mövzusunu namizədlik işi kimi məsləhət görmüşdü. O, "Cəlil dədənin nağılı" adlı irihəcmli essemin əlyazmalarını oxuyandan sonra həmin qərara gəlmişdi. Həmin essenin belə bir epiqrafı vardı: "Dahi Mirzə Cəlilin əbədi döyüşkən və qalib ruhuyla söhbət". Bu ədəbi-fəlsəfi söhbət-traktatda zamanın irəli sürdüyü və mənim dilə gətirdiyim suallara nasir, dramaturq, publisist, milli mədəniyyət fədaisi, Vətən və Xalq cəfakeşi, DAHİ DƏRDKEŞ M.C.Məmmədquluzadə bütün və bütöv yaradıcılığı ilə cavab verirdi. Və böyük xeyirxahım Yaşar Qarayev deyirdi ki, dünyasını dəyişmiş dahi ədiblə belə genişmiqyaslı, fundamental müsahibə ədəbiyyatımızda ilk nümunədir. Bir qədər əvvəl adını çəkdiyimiz "Mənim mövqeyim" kitabının 340-364-cü səhifələrinə sığınan həmin essenin yarımbaşlıqlarını yada salmaq istəyirəm: "Ölülər ölüb qurtardımı?", "1906-cı il, 7 aprel. Qoca Şərqin qapıları döyüldü", "Eşşək haqqında ballada", "Alçaldılmış və təhqir edilmiş insanlar", "Etiraf edilə bilməyən nökərçilik", "Füzuli və Mirzə Cəlil". Mirzə Cəlilin "əbədi döyüşkən və qalib ruhuyla söhbət bu nəticəylə bitirdi: "Cəlil Məmmədquluzadənin Azərbaycan nəsrindəki mövqeyi dahi Füzulinin Azərbaycan poeziyasında tutduğu mövqeyə bənzəyir.
Uzun illər boyu Azərbaycan poeziyası Füzuli zirvəsinə çatmaq, onu fəth etmək naminə çalışmışdır. C.Cabbarlının qeyd etdiyi kimi, bu, poeziyamızın, ədəbiyyatımızın süqutu yox, təsdiq edilmiş qalibiyyəti, klassikliyi idi; bu, poeziyamızın, tariximizin Füzuli qələbəsi idi.
Neçə vaxtlar Azərbaycan nəsri yeni tematik pafosu ilə bərabər bədii-estetik kamilliyində M.Cəlil zirvəsinə çatmağı arzulamışdır; bu, ədəbi inkişafın süqutu yox, nəsrimizin təsdiq olunmuş klassikliyi, M.Cəlil qələbəsi idi; bu, körpə nəsrimizin ağsaçlı yetkinliyi, yol göstərən ağsaqqallığı idi.
Füzuli poeziyada, M.Cəlil nəsrdə xalqımızın dolu ürəyinin ilk ən böyük tərənnümçüləri, ağrı çəkənləri idilər."
Bu mənim ədəbiyyatın möcüzəli karvan yolunda götürdüyüm ilk müsahibə idi. Sonralar böyük ədəbiyyat adamları Rəsul Rzadan, Ənvər Məmmədxanlıdan, Elçindən, "Şahidlər və şəhidlər" kitabının müəllifi Rafiq Səməndərdən...müsahibələr götürdüm. İndi də 70 yaşımın astanasında mən özüm müsahibə verirəm. Ancaq etiraf edim ki, Mirzə Cəlillə o qeyri-adi müsahibənin zil zirvə soraqları, möcüzəli təbəssüm işıqları ruhumun çöllərində heç vaxt unudulmadı, dan ulduzu kimi daim sayrışdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
