Bunda çətin nə varmış axı?! Bax, bu maşa ilə qırmızı alovda cızıldayan arı gövdəsini xatırladan yandırıcı bombanı götürüb, elə burada, yəni damda hazır duran su çəlləyinə salır və az sonra çəlləkdən buxarın necə yüksəldiyinə baxırsan. Həm də bu işi həyəcan siqnalları, zenit qurğularının atəşləri və projektorların səmada ora-bura uçuşan işıq zolaqları da müşayiət eləməlidir. Eh!.. Amma müharibə vaxtı Bakıya bombalar yağmadı. Bircə dənə də. Bizdən başqa, yəni məhəlləmizin uşaqlarını çıxmaq şərtiylə, deyəsən, şəhərdə heç kəs buna görə təəssüf hissi keçirmədi. Çünki o vaxt yandırıcı olmasın ey, hətta adi bombanı da suya gömmək arzusuyla yaşayırdıq biz. O xəyallarımızın hamısı puça çıxdı. Gecədən keçənə qədər damda durub, növbəti hava hücumunu gözləməmiz hədər getdi. Nəinki maşalar, hətta qarmaqlar ilə baltalar da lövhədə boşu-boşuna asılıb, qaldı. Divara bərkidilən təlimat lövhəsində hücum vaxtı necə davranmaq lazım gəldiyi ətraflı yazılmışdı. Biz də o mətni artıq əzbərləmişdik. Amma əbəs yerə! Bütün müharibə ərzində o qoruyucu vasitələr həmin lövhədə eləcə asılı durdu. Boşuna. Sanki upravdom (evlər müdiri) də, sırf məzə olsun deyə, ayda bir kərə gəlib, çəlləyin suyunu təzələyib gedirdi. Çəlləkdəki suyun rəngi tünd yaşıla, hətta qaramtıla çalırdı və evlər müdiri elə hey bizi inandırırdı ki, guya suda çömçəquyruqları əmələ gələcək. Amma sonradan bu söhbət də yalan çıxdı. Görünür, onlar da əmin idi ki, gec-tez çəlləyin suyu dəyişdiriləndə işləri fırıq olacaq.
Ümumiyyətlə götürəndə, upravdom yaxşı adam idi. Heç bir işimizə qarışmazdı. Hətta həyətdə ordu qərargahı tikdiyimiz zaman da gəlib, onun yan-yörəsində fırlanmış, ayağı ilə divarların möhkəmliyini yoxlayandan sonra xahiş eləmişdi ki, heç bir halda bu tikilinin üstünü damla örtmək niyyətinə düşməyək, çünki o dam çökərsə, həm aramızdan kimlərsə zərər çəkər, həm də buna icazə verdiyi üçün onun, yəni evlər müdirinin başı ağrıyar. Biz də dam vurmaq fikrindən daşındıq. Heç ona sən deyən bir ehtiyacımız da yox idi. Axı sırf hərbi müşavirələr keçirəndən-keçirənə biz o qərargahda toplaşır, silahlarımızı isə zirzəmidə saxlayırdıq.
Silahlarımız da cürbəcür idi. Qılıncları özümüz düzəltmişdik: çəlləyin tənəkə qurşağını açıb, dümdüz şəklə salandan sonra kəski ilə kəsmiş, dəstək qisminə də əski parçası sarımaqla, kefin istəyən qılınc hazırlamışdıq. Qılınclardan başqa, qundaqsız tüfənglərimiz, güllə barabanı olmayan bir cüt tapançamız və alman istehsalı dəbilqələrimiz vardı. Bunların hamısını Salyan kazarmasının böyründəki zibillikdən yığmışdıq. Oradakı çəmənlikdə hər cür silah növləri, zenit toplarının lülələri, qumbara ucluqları təpə şəklində qalaqlanmışdı. Tırtılsız tanklardan əlavə, xaç nişanlı iki təyyarə də vardı orada. Eşitdiyimizə görə, orada ərinmədən eşələnən birisi nəinki sipərli pulemyot, hətta tank əleyhinə mina da tapa bilərmiş. Amma nə qədər axtarsaq da, biz nə mina tapmışdıq, nə də pulemyot. Hərçənd bir xeyli patron yığmışdıq, bir o qədər də fitilsiz qumbara. İçinə patron yığdığımız boş konserv qutularını zirzəmidə qaladığımız tonqalın üstünə düzəndən sonra adətimiz üzrə çıxıb həyətdə gözləyirdik ki, görək, içəridə hansı mərəkə qopacaq.
Hər səfər nəticə eyni olurdu: qutulara yığılan patronlar partladıqca, zirzəmidə qorxunc atışma effekti yaranırdı. Təlaşa qapılan qonşular qapıdan boylanır, ancaq nə baş verdiyini anlamaqda acizlik çəkirdilər. Biz də, təbii ki, özümüzü heç o yerə qoymurduq. Bir müddət sonra Suri xala bir şayiə yaydı ki, bəs zirzəmidə hansısa möhtəkirlər məskunlaşıb və gecələr bir-birlərinə güllə yağdırırlar. Hətta qonşulardan bəziləri onun dediklərinə inanmağa da başlamışdı.
Ancaq bir gün yenə zirzəmidə partapart başlananda, qaçaraq ora gələn patrul dəstəsi şübhələndiyi üçün bizi qovarağa saldı. Patronları məhz bizim partlatdığımızı o vaxt patrulların necə fəhm etdiyini, düzü, mən hələ də anlamış deyiləm. Axı bu, əsl foksu xatırladırdı! Təbii ki, bizi yaxalaya bilmədilər, ancaq oxuduğumuz məktəbə xəbər verəcəkləriylə hədələdilər. O gündən etibarən patron partlatmağı tərgitdik. "Dava-dava" oynamağımızdan isə əl çəkmədik.
Yaşadığımız bina öz əzəmətiylə göz-könül oxşayırdı. Bu ikimərtəbəli binanın üst qatı boyu sıra ilə balkonlar uzanırdı. Həyətdə isə iri bir püstə ağacı yüksəlirdi: çətiri necə geniş idisə, yayda ikinci mərtəbə həmişə kölgədə qalırdı. Hər barədə əlverişli ağac idi. "Kəşfiyyatçı" oyunu zamanı biz onun qol-budağının arasında gizlənirdik və elədə kiminsə bizi tapması mümkün görünmürdü. Bakının heç bir həyətində onun qədər iri ikinci püstə ağacı tapmazdın. Payızda ağac bar verəndə yığdığımız püstələri biz bütün qonşular arasında bərabər şəkildə bölürdük. Toplanan barı qərargaha daşıdığımız vaxt orada iri bir təpəcik yaranırdı. Sonra hər mənzilə düşən payı ayrıca iri bir külaha yığmaqla, qapı-qapı düşüb, qonşulara paylayırdıq. Hamıdan da təşəkkür sözü eşidirdik.
Belə götürəndə, biz əlimizə keçən hər şeyi qərargaha daşıyırdıq. Məktəbdə səhər yeməyində bizə, ya vermişel kətəsi, ya da piroq verirdilər: günaşırı bunları bir-biriylə əvəzləsələr də, süfrəmizdən kisel heç əskik olmurdu. Təbii ki, kiseli məktəbdə içirdik, kətə ilə piroqu isə qərargaha gətirir, hamılıqla oradaca səhər yeməyi yeyirdik. Anamın dediyinə görə, o piroqlarla qarın doymazdı, çünki tərkibinə nişasta məhlulu qatılırdı. Ola bilsin ey, onlara nişasta məhlulu qatılırdı, ancaq istənilən halda biz onların dadından doymurduq!
Bütün işlərimizi qərargahda həll edirdik. Birimizin əlinə pul düşən kimi gedib, o Bazar küçəsindəki mağazadan poqon və ulduzlar alırdıq. Göstərilən hər hünərə görə bir-birimizi növbəti ulduzla təltif etdiyimizdən qısa müddətdən sonra həyətimizdə bir dənə də sıravi əsgər qalmadı, hamımız, ya polkovnikə, ya generala, ya da marşala çevrildik. Qızlardan ikisi, Həmidə ilə Tosya isə, şəfqət bacısı kimi general rütbəsinə layiq görüldü. Qızların general ola bilməyəcəyi hamımıza yaxşı bəlli idi, ancaq hər döyüşdən sonra alınan yaralara mütləq sarğı qoymaq lazım gəlirdi, qızlar isə bu işi təmənnasız görməkdən boyun qaçırırdılar.
Adətən biz eyni küçəyə çıxan iki qonşu həyətdəki tay-tuşlarımızla döyüşürdük. Həm də nəyi var, döyüşürdük ha. Hamılıqla küçəyə çıxır və qılınc döyüşünə başlayırdıq. Həmin dəqiqələrdə həm küçə hərəkəti dayanırdı, həm də döyüşün gedişatını izləməkdən ötrü bütün qonşular pəncərələrinin önündə bitirdilər. Aramızdan kim isə, bəzən hələ yara da alırdı, ancaq indiyədək biz hansısa yoldaşımızın ağladığına şahid olmamışdıq. Aramızda eləsi tapılmazdı. Döyüşdən sonra isə biz əsir və qənimətlərin dəyiş-düyüşünə başlayırdıq. Əksər hallarda bizim həyət zəfər qazanırdı, çünki sıralarımızda təcrübəli sərkərdələr və cəsur döyüşçülər qat-qat çox idi. Hər gün "dava-dava" oynayır və uzaqlarda gedən həqiqi döyüşlər barədə sırf böyüklərin söhbətlərindən xəbər tuturduq deyə, onlar bizə elə də dəhşətli görünmürdü.
Sonradan həyətimizdə təzə qonşular kimi bir qız və bir oğlan peyda oldu. Yaşca bizdən kiçik idilər və heç adlarını da bilmirdik. Həmişə birlikdə dolaşan bu bacı-qardaş pilləkəndə yanaşı oturmaqla, bizim sıra keçidlərimizə və qılınclaşmağımıza maraqla tamaşa edirdi. Birinci mərtəbədə verilən otaqda onlar analarıyla birgə yaşayırdılar.
Həyətdən çıxmayan o qadın, mən biləni, heç yerdə işləmirdi, durmadan camaşır yuyurdu. Bu işi o, adətən püstə ağacının altında, həm də səhərdən-axşamacan görürdü. Bir hovur qəddini dikəltməklə, hərdən belini ovuşdurur, saçını səliqəyə salır, sonra təkrar ləyənin üzərinə əyilirdi. Qonşuların dediyinə görə, o, camaşırçı idi və ev şəraitində yuyacağı pal-paltar sifarişini də camaşırxanadan götürürdü. Görünür, elə belə idi, çünki yuduğu onca camaşır bir ailə üçün hədsiz çox idi. İslaq camaşırları qadın həyətimizdəki bütün zivələrdən asırdı, onlara dəyib-toxunanlara isə dişinin dibindən çıxanı deyirdi. Dözülməz xasiyyəti ucbatından doğma övladları da bu qadından yamanca qorxurdular. Bir sözlə, bizim həyətdə əvvəlki kimi yaşamaq artıq çətinləşmişdi. Döyüşməyə də, hisə-tüstüyə də lap tamarzı qalmışdıq: adətən bu məqsədlə biz kino lentini kağıza bükür, sonra bunu yandırırdıq. Təzə qonşu deyirdi ki, lentin yaydığı his uçub camaşırların üstünə qonur. Paltar yumağı hələ bir yana dursun, bu qadın hər səfər ləyəndə yığılan kirli suyu da püstə ağacının dibinə əndərirdi. Ləyənin suyu isə qələvi məhlulu idi: axı müharibə illərində sabun tamamən qəhətə çıxmışdı.
İlk vaxtlar camaşırdan qalan suyu o, zibilliyə tökürdü, ancaq görünür, sonradan bu da onun üçün müşkülə döndü, çünki zibillik həyətin o biri başında, darvazanın dibində idi, paltar yumaqdan isə qadının arıq əllərinin damarları qabarıb-şişmişdi. Bəlkə hansısa başqa bir qadından biz köməyimizi əsirgəməzdik, bundan isə... hədsiz əsəbi olduğu üçün qorxurduq.
Anam deyirdi ki, dözülməz həyat şəraiti insanları qəddarlaşdırır, amma müharibə şəraitində, guya kimin günü xoş keçir ki?! Anam özü də səhərdən-axşamacan işləyirdi, ancaq evə gələndə mənim qab-qacağı yuyub, döşəməni sildiyimi görüncə, necə gülümsəyirdisə, günboyu canında yığılan yorğunluğun dərhal yoxa çıxdığını hiss edirdim... Əgər hamı bu təzə qonşumuzla eyni xasiyyətdə olsaydı, onda gərək biz baş götürüb buralardan qaçaydıq.
Balalarının daima qüssəli dolaşmasına məhəl qoymayan qadın yenə durmadan camaşır yuyur, ləyəndə yığılan kirli suyu isə hər dəfə püstə ağacının dibinə əndərirdi. Upravdom bir kərə bununla bağlı ona irad bildirəndə qadın ləyəndən aralanıb, əllərini qurulaya-qurulaya pəsdən ona necə təpinmişdisə, möhkəm pörtən kişi dərhal ondan uzaqlaşmış, hətta sonrakı günlər ərzində də həyətimizə baş çəkməmişdi. Bu təzə qonşunun upravdoma nələr dediyi əslində bizə də maraqlı gəlirdi.
Sonrakı günlərdə Suri xala ortalıqda gəzib, deyirdi ki, təzə qonşunun upravdoma söylədiyi sözləri, hətta dilinə gətirməyə də utanır, hərçənd, bunu etsin deyə, heç kəs ona yalvarmırdı, çünki hərə öz iş-gücüylə məşğul idi, Suri xala isə hələ də kiminsə bunu ondan xahiş edəcəyini umurdu.
Hər şeyə rəğmən, biz şənbə günü 28 saylı həyətin uşaqlarıyla "dava-dava" oynamaq qərarına gəldik. Püstə ağacıyla bağlı bu məqam da məhz onda, həm də qəflətən ortaya çıxdı.
Həmişəki kimi, dəstəylə məktəbə getməkdən ötrü uşaqlarla həyətdə bir araya gələrkən, baxışları püstə ağacına dikilən yoldaşlarımızdan birisi dəhşətdən çığırdı. O an biz də gözlərimizi ağaca zillədik və bir röyadaymışıq kimi, gördüyümüzə inanmağımız gəlmədi: bircə gecənin içində bütün yarpaqlarını tökən ağac lüm-lüt qalmışdı, çılpaq budaqlarda isə sadəcə püstə topaları qaralırdı.
Həyətdə bir qalmaqal qopdu ki, gəl görəsən! Belə götürəndə, həyət əhli dava-şavaya onsuz da həvəsliydi, əsasən də yay günlərində. Hətta bir dəfə qonşu qadınlardan biri digərini "faşist" adlandıranda onlar az qalmışdı saçyolduya çıxalar. Ancaq heç onda da bu cür mərəkə qopmamışdı. Hamı bir ağızdan çığırırdı deyə, heçcə nə anlamaq olmurdu. Tək eşitdiyim qonşu qadının dediyi bu söz oldu: "Axırda bu yaramaz qadın o ağacın axırına çıxdı da!" Bu qınaq təzə qonşunun ünvanına deyilmişdi. Başqa qadın isə təkrarlayırdı ki, bəlkə də ağacı xilas etmək üçün bir aqronom çağırmalıyıq.
Təzə qonşu səs-küyə bayıra çıxdı, bu danışılanlara lal-dinməz qulaq verdi - sanki bu məsələnin ona zərrəcə dəxli yox idi. Sonra isə mənzilinə girərkən qapını öz ardınca zərblə çırpdı.
Həmin gün həyətə aqronom çağırıldı. Püstə ağacını gözdən keçirən kişi dedi ki, ağac bundan belə ancaq oduna yarayar... və çıxıb getdi.
Həmin gün şənbə idi deyə, biz 28 saylı bina uşaqlarıyla döyüşü ertələdik. O həyətdəki yaşıdlarımızın barəmizdə nə düşünəcəyi vecimizə deyildi. Hamılıqla qərargaha yığılıb, təzə qonşumuza nəyi, necə deyəcəyimizi götür-qoy elədik. Haqqında nələr düşündüyümüzü o qadına aşıq-aşkar söyləmək niyyətindəydik. Deyəcəkdik ki, onun kimi qəddar və ağıldan dayaz birisinin bu binada yaşamasına qarşıyıq.
Hamılıqla onun mənzilinə yaxınlaşıb, qapını döydük. Bunu bir neçə kərə təkrarlasaq da, cavab verən tapılmadı. Belə olunca, mənzilə girdik. Həm də hamılıqla girdik.
Çarpayının üstə oturan qadın ağlayırdı. Sonrakı həyatım boyu mən bu cür için-için ağlayan ikinci insana əsla rast gəlmədim. Camaşır yumaqdan damarları göyümtülə çalan, şişmiş əlləriylə üzünü qapayan qadın bizə hər hansı məhəl qoymadan ağlamağına davam elədi. Gəlişimizi görüncə, qadının oğluyla qızı da ürkək baxışlarını bizə dikərək, birlikdə zırıldaşmağa başladı, sonra cəld qaçıb, analarına sığındılar.
Biz, yəni polkovniklər, generallar və marşallar isə qadının qarşısında dayanıb, susurduq. O anlarda hər kəs boğazında düyünlənən qəhəri hər vəchlə udmağa çalışsa da, bunun öhdəsindən heç cür gələ bilmirdi. Sanki biz ona demək istəyirdik ki, dünyadakı ən gözəl ağac belə bir insanın axıtdığı acı göz yaşlarına dəyməz və əgər yaşca azacıq böyük olsaydıq, çox yəqin, o qadına məhz bu cür təskinlik verərdik... Ancaq bənzər durumlarda böyüklərin nə deyəcəyini haradan biləydik axı?!
Yenə hamılıqla geriyə, qərargaha qayıtdıq. Poqon və ulduz almaqdan ötrü topladığımız bütün pulu özümüzlə götürüb, Kubinka məhəlləsinə yollandıq. 28 saylı binanın uşaqları da arxadan gəlib bizə qoşuldu. Həmin məhəllədə şitillər satılan yeri uzun-uzadı soraqlaşmalı olduq. Bazar əhli bizə köynək, qaxac donuz əti, konserv və kokos yağı almağı təklif edirdi. Bildirirdik ki, bizə yumurta tozu və ya patefon valları-filan lazım deyil ey, biz püstə ağacının şitilini axtarırıq. Ən nəhayət, şitillərin bir küncdə qalaqlandığı, içi toxumla dolu bankaların isə sırayla düzüldüyü o guşəni tapdıq. Satıcıya yanaşıb, püstə ağacının şitilini istədik. Satıcı: "Necə, necə, banan ağacı?!" - deyərək, böyründəki qonşusuna göz vurdu. Püstə ağacı axtardığımızı təkrarlayıb, bütün pulumuzu ona verdik. O da yerdə qalaqlanmış şitillərin arasından birini ayırmaqla, bizə uzatdı. Satıcı əmin elədi ki, bu, kefiniz istəyən püstə ağacıdır ha, bundan yaxşısını heç axtarmağa da dəyməz, sadəcə vaxtaşırı onu sulamanız yetərlidir.
Həyətə dönənə qədər o şitili növbə ilə əlimizdə daşıdıq. Bütün günü gah şitil üçün çuxur qazdıq, gah onun ətrafındakı torpağı bellədik, gah da təzə ağacın dibinə tökmək üçün həyətə peyin daşıdıq. O ara 28 saylı binanın uşaqları da bizə qoşuldular.
Bütün bunlardan sonra dəstə ilə təzə qonşumuzgilə gedib, bildirdik ki, biz başqa bir ağac əkmişik və daha onun göz yaşı axıtması mənasızdır, yetər ki, təzə ağaca qayğı ilə yanaşsın, onun dibinə potaşlı su tökməsə, hər şey öz yoluna düşəcək.
Qadın hamımızın başını birbəbir tumarlayandan sonra dedi ki, dərhal onu tərk edək, yoxsa bir azdan kövrəlib ağlayacaq. Həmin anlarda onun səsində qəribə çalar sezilirdi, sanki gizli bir dərd qadının qəlbini yamanca sıxırdı. Ağlamışlıq ifadəsi oxunsa belə, çöhrəsi hədsiz gözəl idi. Görünür, bayaq biz getdikdən sonra qadın yenə ağlayıbmış, ya da bu bizə belə gəlirdi.
Axşam anam mənə dedi ki, təzə qonşumuz sayılan o qadın ərinin cəbhədə həlak olması barədə dünənki gün "qara kağız" alıb... Həmin gündən biz həyətdə "dava-dava" oynamağa birdəfəlik son qoyduq.
Durmadan böyüməyinə davam eləyən ağacımız isə püstədən başqa istənilən ağaca bənzəyirdi. Hamılıqla onu vaxtaşırı sulayırdıq, aramızda ona ən çox can yandıran isə təzə qonşumuz idi: amma o da daha haradan "təzə" sayılaydı ki?! Axı danışdığım bu hekayətin üstündən indi düz iyirmi il ötübdür. Söhbətləşmək üçün qonşular hələ də o ağacın kölgəsinə yığışırlar. Onun püstə ağacı olub-olmaması isə daha heç kəsin eyninə gəlmir.
1968
Ruscadan çevirdi: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
