"Sübhanallah" silsiləsindən
1994-cü ilin noyabrı, sübh tezdən Füzuli istiqamətində əks-hücuma keçən bölmələrdən birində döyüşən əsgər Asif Süleymanovu ermənilərin atdığı mərminin dalğası havaya qaldırıb yerə çırpır.
"Başımın üstündə erməni dilində sözlər eşidəndə ayıldım, bildim ki, bizimkilər məni atıb gediblər, o dəyqə özümü vurdum ölülüyə. Gözlərimi yummuşam, qırpmıram. Nəfəsimi elə alıb-verirəm, qarnımın qalxıb-enməyi bilinməsin. Ermənilərdən biri böyrümə təpik vurdu görsün, sağam, yoxsa ölmüşəm, cınqırımı çıxartmadım. Başladılar öz aralarında qışqıra-qışqıra danışmağa. Təxminən, bildim ki, mübahisə məni burda qoyub getməyin, yoxsa özləriylə aparmağın üstündə gedir. Ürəyimdə Allaha yalvardım, məni ölü hesab eliyib rədd olsunlar, mən də öz pazisiyamıza (1) qayıdım", - Asif bunları dostunun onuncu sinifdə oxuyan oğluna danışırdı.
Ermənilər Asifi götürüb atırlar əsgər daşıyan maşının banına. "Yol gedə-gedə hərəkətsiz uzanmışdım. Burnuma güzgü tutsaydılar, üzündə buğ qalmazdı, yəni o dərəcədə nəfəsimi az-az alıb-verirdim. Arada yenə ayağıma, belimə təpik vururdular, tərpənmirdim. Biri ayağını qoymuşdu baldır sümüyümün üstünə, maşın çala-çuxura düşəndə, istər-istəməz ağır batinkasıyla sümüyümü sıxırdı. Elə pis göynüyürdü, birtəhər dözürdüm, səs çıxartmırdım. Batinkasıyla bircə dəfə dizimin nervi nöqtəsinə yavaşca vursaydı, ayağım titriyəcəydi. Vəssalam, başa düşəcəydilər ki, bayaqdan özümü ölülüyə vurmuşam, elə ordaca mitilimə atacaqdılar. Məncə, o erməni sağ olduğumu hiss eləmişdi. Bəlkə də mənə çatdırırdı ki, bax, bilirəm sağsan, istəsəm, dizinə bir təpik vuraram, yerindən hoppanarsan". Maşın dayanana qədər Asif ölü vəziyyətində qalmağı bacarır.
"Hiss elədim ki, məni isti otaqda yerə atıb, qapını bağlıyıb getdilər. Yalan olmasın, bir saatdan çox orda da arxası üstə, əllərim yanımda uzandım, gözlərim yumulu, elə bil meyidəm. Nəsə mənə elə gəlirdi ki, içəridə erməni var, gizlicə məni güdür ki, gözlərimi açım, ya əlimi, ayağımı tərpədim, bu da tez özünkülərə ratsiyayla xəbər versin, gəlib məni aparsınlar. Dediyim kimi, bir saat-filan keçdi, tam sakitçilikdi, dedim yox e, gözlərimi açım, nə olar, olar. Açdım gözlərimi, başımı sağa, sola çevirdim, az xodda yanan kalonka görəndə başa düşdüm ki, hamamdayam. Qalxıb yerdə oturdum, yan-yörəmə baxdım, heç kim yoxuydu. Əllərim, ayaqlarım keyimişdi, xeyli ovuşdurub ayağa durdum, qapıya tərəf getdim, bağlıydı. Çiynimlə, ayağımla qapıya beş-altı dəfə zərbə vurdum, açılmadı. Deyəsən, çöldən qıfıllamışdılar. Hamamda bircə dənə balaca pəncərə varıydı, ordan çıxıb çölə tullanmaq qeyri-mümkünüydü. Ay Allah, neyniyim? Hamamda neyniyəllər, əlbəttə çiməllər. Tez soyundum, istini, soyuğu açıb girdim duşun altına. Pəhh, ləzzəət. Bir aya yaxın dayanmadan döyüşürdük deyə, kir-pasın içindəydim. Əsas məsələ - sabun da varıydı, çiyələk iysi verirdi. O sabun mənimçün hərbi qənimət kimi bir şey idi. Bir yandan da isti sudan çıxan buğ canıma yayılırdı. Üç dəfə yaxşı-yaxşı hər yerimi sabunladım, bir xeyli suyun altında qaldım. Dəsmal yoxuydu deyə, hamamın istisinə saçlarımı, bədənimi quruladım, formamı geyindim. Hə, orda çatışmayan şey limonlu çayla qoz mürəbbəsi, bir də "Vikeroy" siqaretiydi. Ha-ha-ha. Qəfil yadıma düşdü ki, qapısı bağlı yerdəyəm, indilərdə ermənilər gəlib məni aparacaqlar, nəfəsim daraldı".
Axşama yaxın qapını açıb içəri girən üç-dörd erməni hərbçisi Asifə rusca "Tez ol, tez ol, çıx" deyirlər. Asif deyilənə əməl edir, maşına çatana qədər onu tələsdirməkçün dalına təpik vururlar. "Maraqlıdı ki, bunlardan biri mənə demədi, ay türk, bəs bayaq biz səni gətirəndə ölmüşdün axı. Hamamda dirildin? Ha-ha-ha. Biri arada mənə baxıb bic-bic gülürdü, deyəsən, o, sümüyümü sıxan əclafıydı. Nə isə, özümü inandırdım ki, məni Ermənistana aparırlar. Arada gizlicə bunlara baxıb bilmək istiyirdim, komandirləri kimdi. Fikrimdə tutmuşdum, ev nömrəmizi komandirlərinə verib xahiş edəm ki, atama zəng eliyib desinlər, oğlun filan yerdədi. Atam da Bakıya gedib Müdafiə Nazirliyində lazım olan adamlarla danışsın, məni erməni əsiriylə dəyişsinlər. O biri tərəfdən də qorxurdum, bu alçaqlardan birinə nəsə desəm, vurub ağzımı parttadallar. Axırda qərara gəldim ki, səsimi çıxartmayım. Nə olar, olar".
Maşın gəlib bir təpənin yanında dayanır, Asif ermənilərlə bir yerdə yerə düşür. Əsgərlərdən biri ratsiya ilə əlaqəyə girib qışqıra-qışqıra danışır. Az sonra əsgər daşıyan başqa bir maşın gəlir, banından erməni əsgərlərlə bir yerdə hərbi geyimdə iki azərbaycanlı əsir yerə düşür. "...Hər ikisinin sifəti, paltarları qan içində, gözlərinin içi qırmızı, altı gömgöy. Çöp kimi arığıydılar, güclə ayaq üstə dayanırdılar. Bilinirdi ki, bunları xeyli vaxt ac saxlıyıblar. Kədərli-kədərli bir-birimizə baxıb dəyqələrimizi sayırdıq. Ermənilər əsəbi-əsəbi öz aralarında danışırlar, siqaret çəkirlər. Stressdən nalə çəkmək istiyirəm, amma bunlardan siqaret istəməyi özümə sığışdırmıram. Birdən nə görsəm yaxşıdı? Uzaqdan "Vilis" toz qaldıra-qaldıra bizə tərəf gəlir. Dedim, vəssalam, maşında ermənilərin yüksək rütbəli kamandiridi, gəlib indi əmr verəcək, bizi güllələsinlər. Dizlərim əsir, güclə ayaq üstə dayanmışam. Ata, ana, qardaş, bacı, hamısı gəlib durdu gözümün qabağında, güclə özümü sıxmışam ki, ağlamıyım. "Vilis" gəldi yanımızda dayandı. Dodaqlarım əsə-əsə "əşədən ən la iləhə" demişdim ki, "Vilis"dən üç avtomatlı, ardınca üç silahsız çıxdı. Bıy, bir də gördüm, avtomatı olanların hərbi formalarının qolunda bizim bayraq, biri də mayor, - qəhərlənmiş veteran qoluyla göz yaşlarını sildi. - Hərdən mənə elə gəlir ki, o gün başıma gələnlər yuxuydu. Yatsam, yuxuma girməzdi məsələsi".
Üç ermənini üç azərbaycanlıyla dəyişirlər. "Görəndə ki, erməni əsirlərin ağzı-burnu qan içindədi, ürəyimdə dedim oxxaay. "Vilis" tərpənəndə, əllərimi göyə qaldırıb dedim, şükür sənə, İlahi. Bizim mayor, İdrisiydi adı, qabaqda oturmuşdu. Yol gedə-gedə arxadan başımı uzadıb, yalan olmasın, bəlkə on dəfə üzündən öpdüm. Yazığı bezdirmişdim. Amma demədi ki, əl çək də, adamı bir dəfə, uzağı, üç dəfə öpərlər. Kazarmaya çatanda qucaqlaşma, öpüşmə, çığırışma. Əsgər yoldaşım Nahid başımı iyniyib gülə-gülə dedi ki, ayə, harda vaxt tapıb çimmisən? Ha-ha-ha".
Gözləri parıldayan Asif başına gələnləri elə şövqlə danışırdı, sanki indicə əsirlikdən xilas olmuşdu, kazarmada əsgər yoldaşlarıyla qucaqlaşıb öpüşür, saçlarından çiyələkli sabun ətri gəlirdi.
15 iyul-10 sentyabr 2025
Bakı
(1) - Döyüş mövqeyi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!