Həkim danışmırdı. A4 vərəqini iki əlilə tutub bütün ciddiyyətiylə ürəyində oxuyurdu. Hərdən də nöqtədən əvvəlki məntiqi vurğulu sözü səsli təkrarlayırdı.
Yalnız xəstə müdaxilə edəndə başını qaldırırdı.
Xəstə:
- Orda elə yazılıb e, mən elə hiss etmirəm axı. Ankoloqum dedi ki, sən artıq sağalmısan, qarın boşluğuna bir balaca su yığılıb. O da başqa həkimlikdir. Bax, bu oxuduqlarınızın heç biri məndə yoxdur. KT, UZİ səhv göstərə bilər, doktor?
Həkim diqqətlə qadının üzünə baxıb soruşdu:
- Nə yoxdur sizdə?
Xəstənin dili topuq vurdu:
- Ağrı. Ağrı yoxdur, doktor, mənə elə gəlir, orda çox şişirdiblər. Mən özümdə o əlamətləri sezmirəm.
- Lap yaxşı. İştahanız var?
- Hə, mən iştahalı biriyəm. Hərdən olmur...
- Daha çox hansı hallarda?
- Məsələn, bu gün bir elə yoxdur, narahatam axı. Bir də qorxanda olmur...
- Təbiidir, bizim yaşda xəstələr daha çox qorxaq olur. Ən çox nədən qorxursunuz?
- "Xərçəng" sözünün özündən.
- Hə, o sözdən hamı qorxur. Bilirsiniz, əslində, hamı da axırda ondan ölür. Hamı deyəndə, əksər insanlar... sadəcə diaqnoz fərqli qoyulur, amma yaşlandıqca o proses gedir insanda.
- Özünüzü ən çox nə vaxt yaxşı hiss edirsiniz?
- Adamlarla danışanda. Əvvəllər özümə təzə paltar alanda lap yaxşı hiss edirdim. Amma indi danışanda.
- Təbii ki, danışmaq insanı rahatladır. Danışın, ürəyiniz istədiyi qədər, bu ki pulla deyil.
Hər ikisi gülür.
Xəstə yenə boşluğa baxır. Birdən: - doktor, saçlarımın tökülməyi də məni narahat edir, - sual dolu nəzərlərlə həkimə baxır, - nə əlac qılım? Bilirsiniz, mən hələ işə çıxıram, pensiyaya var. Adam bir az utanır şagirdlərin qarşısına belə çıxmağa.
Qadın əli ilə küləkdə qalxıb biz-biz durmuş seyrək tüklərini arxaya doğru çəkdi.
Onu müşahidə edən həkim, - bu, bir az da yaşla bağlıdır, - deyib yenidən kağıza göz gəzdirdi.
Xəstə:
- Doktor, sizin sahəyə aid olan hissəni oxudunuz?
- Elə oranı oxuyurdum.
Həkim vərəqi lap üzünə yaxınlaşdırdı. Sifəti ciddi görkəm aldı.
- Doktor, ağciyər həkimi dedi ki, sizin xəstəliyinizi böyüdüblər. Məncə də, elədir, çünki mən orda yazılanların heç birini hiss etmirəm. Məndə problem yalnız bir şeydir...
Həkim başını qaldırıb, xəstənin üzünə baxıb, yenə diqqətlə onu dinlədi.
Bayaqdan səsini çıxarmayan, pəncərənin yanındakı köhnə kresloda oturub gözləyən cavan xanım dedi:
- Ana, fikrini yayındırma doktorun, qoy axıra kimi oxusun.
Həkim:
- Yox, eybi yox. Mən sadəcə beynimdə təhlil aparıram, - gözlüyü çıxarıb dedi, - ümumiyyətlə, insan öz bədənini müşahidə etməlidir. Xəstə özü, özü haqqında daha dəqiq məlumat verir, - həkim kağızı ortadan qatlayıb kənara qoydu.
Qadın daha da ürəklənib ayağa qalxdı, - baxın, doktor, tam bu hissədə əlimə nəsə dəyir. Şiş kimi... amma mənə ağrı vermir, - köynəyini aşağı saldı, - mən, bilirsiz, ağrımıram heç... hər işi də özüm görürəm, iki gündür ki, yürüyüş etmirəm, o da sağ ayağım şişib deyə ola bilər. Sizcə də, artıq şeylər yazıblar kağızlarımda?
- Artıq şeylər?
- Məsələn, pataloji... törəmə... Ağciyər professoru dedi ki, səndə heç nə yoxdur, ciyərinə cüzi su yığılıb, keçib gedəcək. Antibiotik yazdı.
Həkim kağızın yuxarı hissəsində yazılanı oxudu, - düz edib antibiotik yazmaqda, - dedi, - ona aid hissədə bu tələb olunur.
- Bəs sizə aid hissədə nə tələb olunur, doktor?
- İndi soyunarsınız, güzgüylə baxacam. Yan otağa keçək, zəhmət olmasa.
- Ana, mən çölə çıxa bilərəm? Su alacam.
- Hə, qızım, get, gec gəlmə amma.
Qız onların arxasınca baxıb, sonra otaqdan çıxdı. Yolu keçən kimi meşə parkına düşdü. Parkı iki bağban sulayırdı. Əlini şırhaşırla axan suya vurmaq istəsə də, fikrini dəyişib xiyabanla aşağı yürüdü. Yaşıl təbii arkonun altındakı skamyada oturub xəfif küləkdə yarpaqları xışıldayan ağaclara baxıb düşündü: "Anamı bura gətirəcəyəm, xoşlayır bu cür rəngarəngliyi. Nə qədər ağac var burda. A, bir bax e, anamın xoşladığı pampas otu da var ki". Qız qucağındakı çantanı skamyada qoyub qüllə kimi uzanmış pampasa doğru qaçdı. Barmaqları ucuna qalxıb onun tel halva kimi yupyumşaq tüklərinə toxundu: "Anam məhlənin ortasına əkmək istəyirdi bundan... görsə, sevinəcək..."
Parkın aşağı hissəsinə cürbəcür güllər əkilmişdi, bağban su şlankını darta-darta ora doğru aparırdı.
"Anam görəsən, bu gülləri görüb yenə bağbandan istəyəcək? Hara getsə, öz həyəti üçün gül istəyir axı. Bilsəydim, bayaq elə bu yolla gətirərdim onu. Bu nə ağacıdır, görəsən? Anam bilər, o biologiya dərsində keçir bu növlərin hamısını. Piş-piş, gəl bura, piş-piş... miyoldayırsan, can, yeməyim yoxdur axı üstümdə..."
Kürən pişik ayaqlarına sürtünüb, sevimli səs çıxarırdı.
Telefonu zəng çalırdı, qız oturduğu yerə qayıtdı.
- Qızım, çıxmışam. Sən hardasan?
- Ana, gəldiyimiz yolu keç, məni görəcəksən. Park varıymış burda. Yuxarı bax, "Meşə parkı" yazılıb.
Qız üzüyuxarı qalxdı. Anasına əl elədi.
Qadın yolu tələsik keçdi, maşınlardan biri siqnal verdi.
- Ana, gör nə gözəl parkdı. Bu vaxta kimi niyə bilməmişik belə park var?! Gəl, sənə gülləri göstərəcəm. Hələ gör nə tapmışam burda.
- Skamya var? Oturardıq bir az.
- Hə, o de qarşıda, salxım söyüdün altında dairəvi oturacaq, gedək ora. Həkim nə dedi?
- Dedi, sidik analizi ver, bir də gəl...
Qadın boşluğa baxan kimi baxırdı ətrafa.
- Ana, salxım söyüd əsərini xatırladın? Bu, o ağacdır?
- Hansı? Hə, söyüddür.
- Bayaqdan o hündür ağaca baxıram, ana, yarpaqlarının hər üzü bir rəngdədir, sən bilərsən adı nədir. Qız əlini sağa uzatdı.
Xəstə qadın uzun-uzadı ağaca baxdı. Ancaq onu görmürdü, ağacdan çox-çox o tərəfə baxırdı. Handan-hana dilləndi:
- Bilmirəm ki. İstəyirsən, dur gedək vaxtında, başım fırlanır nəsə.
- Onda parkın aşağısı ilə gedək, bir güllər var ki... Sənə bir şey göstərəcəm.
Qadın kirimişcə ayağa qalxıb qızının qoluna girdi.
Onlar gül xiyabanından keçdilər.
- Bax, ana, bu da sənin bağda əkmək istədiyin pampas. Bağbandan soruşaq, necə yetişdirirlər bunu?
Qadın dimdik uzanan ota baxdı, - onun başında mənimkindən çox tük var, - deyib, yoluna davam etdi. Qızı anasının küləkdə yellənən, olduqca seyrəlmiş, nataraz saçlarına baxdı, göz yaşlarını içində boğmağa çalışdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!