Ruhun portreti - Əlisəfdər HÜSEYNOV

"Sənət haqqında hekayələr" silsiləsindən

 

Həmişə emalatxananın qapısını açıb içəri girəndə ruhu sanki təzələnər, əllərinə, barmaqlarına yeni güc, qüvvət gələrdi. Emalatxana, bir növ, onun ruhunun evi, bu evin ən xoşbəxt sakini də elə o özü idi.

Amma fırçanı götürəndə əllərinin ilk dəfə əsdiyini, palitradakı rənglərin gözləri qarşısında bir-birinə qarışdığını hiss etdiyi gün başa düşdü ki, artıq yaşlaşıb, üzülüb, daha əvvəlki şövqlə, ehtirasla işləyə bilməyəcək, daha ona portret sifarişi verən, portretini çəkdirmək üçün xahiş-minnət edən, qapısını döyən olmayacaq. Arxada rəng qammalarından hörülən çələnglə süslənmiş bir ömür, qarşıda isə boşluq vardı. Və bu boşluğu, bu həqiqəti dərk eləmək çox ağır idi.

O, öz dövrünün ən məşhur portret ustalarından biri olmuşdu. Uzun illər boyu, əsasən, yaradıcı insanların - şairlərin, yazıçıların, bəstəkarların portretlərini çəkmişdi. Rənglərə fərdi, özünəməxsus yanaşma tərzi, xüsusi bir rəsm üslubu vardı. Yüzdə-yüz zahiri oxşarlıq onun üçün vacib şərt deyildi. Kim bunu istəyirdisə, onun yox, fotoqrafın yanına getməsi daha düzgün olardı.

O, çəkdiyi portretlərdə əsas ağırlıq mərkəzini qarşısındakı adamın üzündə - gözlərində, dodaqlarında tapdığı xarakterik cizgilərdən qururdu. Məsələn, şairin portretini işləyəndə onun baxışlarındakı misraları oxuya-oxuya, bəstəkarın şəklini çəkəndə dodaqlarındakı təbəssümdən musiqini duya-duya işləyirdi. Və nəticə həmişə də yaxşı alınırdı.

Yadından çıxmaz: bir dəfə televizorda şeir deyən irigözlü, gənc bir şair gördü. Və həmin o andaca, o şairin portretini çəkmək arzusu qəlbinin dərinliyindən qalxıb varlığına necə hakim kəsildisə, ertəsi gün müxtəlif ünvanlara müraciət edib onun telefon nömrəsini tapdı, zəng vurub portretini çəkmək üçün emalatxanaya dəvət elədi. Cəmi iki günün içində həmin gənc şairin bir az heyrət, bir az da kədər, qəm, qüssə saçan gözlərinə baxa-baxa özünün ən yaxşı əsərlərindən birini yaratdı.

O çağlar artıq arxada qalmışdı. Qoca rəssam başa düşürdü ki, şövqlə dolu, yaradıcılıq ehtirası ilə aşıb-daşan keçmişi geri qaytarmaq mümkün deyil.

Ola bilsin ki, nə vaxtsa heç fırçanı da əlinə götürə bilməyəcək. Buna görə də nə qədər ki, canında su, gözündə nur var, çoxdan bəri ürəyində qövr edən son arzusunu həyata keçirmək, son portretini çəkmək barədə fikirləşmək lazımdır.

İllər boyunca onlarla portret çəkmişdi. İndi isə yolun sonunda ən vacib əsərini, öz avtoportretini niyə yaratmasın ki?!

Fikirləşirdi ki, bu onun şah əsəri olacaq, yaradıcılığına da məhz bu əsərlə nöqtə qoyacaq.

Bu əsər həm də ona görə şah əsəri olacaqdı ki, bu dəfə əvvəlki portretlərdən fərqli olaraq, özünün zahiri görüntüsünü yox, ruhunun portretini yaradacaq, rəngləri bir-birinə qatıb aldığı nadir çalarların hər biri ruhunun bir hissəsini ifadə edəcəkdi. Hətta əsərin adını da əvvəlcədən düşünmüşdü - Ruhun portreti. Fikirləşirdi ki, bəlkə də o, insan ruhunun portretini çəkən ilk rəssam olacaq və bu adla da tarixə düşəcək.

Amma elə bu şövqlə, ehtirasla molbertin qarşısına keçməzdən əvvəl güzgüyə baxanda çaşıb qaldı, hətta sarsıldı.

Güzgüdə gördüyü sifət nədənsə, ona yad gəldi. Doğrudanmı, bu onun sifəti idi? Gözlərinə qəribə bir kölgə çökmüşdü. Bu kölgə nə idi? Nədən xəbər verirdi görəsən?

O gündən qoca rəssamın narahat, əsəbi günləri başladı. Hər gün emalatxanaya gəlir, işə başlamaq üçün bir istək, bir impuls axtarır, özündə, bir az da olsa, güc toplamaq istəyirdi. Amma hər dəfə çəkdiyi ilk eskizləri cırıb zibil qabına atırdı. Palitradakı rənglərə baxa-baxa, içində qovrula-qovrula qalırdı.

Doğrudanmı, onun ruhu ölmüşdü? Ruhsuz bədən yaşaya bilməz axı. Əgər ruh ölübsə, bu bədən niyə hələ də ayaqdadır?

Qoca çox çətin bir vəziyyətə düşmüşdü. Rəssamlıq sənətinin bütün sirlərini bilirdi. Təcrübəli bir rəssam kimi anlayırdı ki, ruhun obrazını yaratmaq üçün onu əvvəlcə məkan ölçüsünə salıb, görünən bir varlığa çevirmək lazımdır. Yaxşı, bəs əgər ruh insanla bir yerdə doğulursa, deməli, onun zaman ölçüləri də olmalıdır. Və bu halda, necə ola bilərdi ki, rəssamın doğulduğu andakı ruhu 78 ildən sonra da eyni ölçüdə, eyni biçimdə qalsın?..

Bu, mümkün deyildi.

Deməli, ruh da qocalır.

Və rəssam indi, ömrünün 78-ci ilində ən yaxşı halda həmin yaşlı, yorğun, əldən düşmüş ruhun obrazını yarada bilərdi.

Bəs onda ruhunun ana laylasına sığındığı, layla ilə böyüdüyü, uşaq vaxtı ağ kəpənəklərin arxasınca qaçdığı, əlinə ilk dəfə fırça aldığı, ilk rəsm əsərini çəkdiyi, anasını itirdiyi, qəbri üstündə ağladığı... dönəmlər necə olsun?

Bütün bu hissləri, bu yaşantıları bir portretə sığışdırmaq mümkün deyildi axı!

Qoca rəssam bu suallara cavab tapa bilmirdi. Öz acizliyinə, çarəsizliyinə acıyır, eyni zamanda əsəbiləşirdi. Emalatxananın zibil qabı isə hər gün bir neçə dəfə cırılmış eskiz kağızları ilə dolub boşalırdı.

Qoca hiss edirdi ki, səbri tükənir. Və anlayırdı ki, hadisələrin bu cür davam etməsi yaxşı heç nə vəd etmir.

...Hər şeyin sonu olduğu fikri ilə özünə təskinlik verməyə çalışdıgı bir axşam emalatxanaya beş- on addım qalmış dayandı və yaxınlıqdakı bağa buruldu. Elə birinci skamyada əyləşib nəzərlərini asfaltın üstündə dən axtaran göyərçinlərə dikdi. Quşlar xoşbəxt-xoşbəxt gəzişir, arada qanad çalıb uçuşur, sonra yenidən asfaltın üstünə qonurdular. Qoca rəssam onların "mur-mur"unu dinləyə-dinləyə gözlərini yumdu. Qərq olduğu qaranlığın ömrü beş saniyəmi, on saniyəmi çəkdi, - bilmədi. Sağ tərəfdən hənir eşidib gözlərini açdı. Baxışları axşamın yavaş-yavaş dünyanın üstünə qanad sərən alatoranında nəzərlərini asta-asta sürdüyü uşaq arabasınin içinə zilləmiş cavan bir gəlinin siluetini aldı. Hələ bağın işıqlarını yandırmamışdılar, amma qoca rəssam səmanın mavi işığında onun get-gedə yaxınlaşan sifətini görürdü. Gəlin rəssamın qarşı tərəfindəki skamyaya çatanda arabanın istiqamətini sağa döndərib əyləşdi. Elə o andaca uşaq qığıltısı eşidildi. Gəlin əyilib arabadakı körpəni götürdu, qolları arasında yuxarı qaldırıb ağzını onun sifətinə yaxınlaşdırdı və zərif, incə səslə dedikləri bayaqdan hürküb ağacların budaqları arasında gizlənmiş göyərçinlərin "mur-mur"una qarışdı:

- Can, mənim göyçək balam, nə olub? Darıxdın? Ana sənə qurban!..

Sonra nəfəsi ilə uşağı isindirə-isindirə ağzında layla melodiyası çalmağa başladı...

Və qəribəlik onda deyildi ki, ana laylasının yaddaşlardan silinib getdiyi indiki vaxtda bu gəlin ağzında onun melodiyasını zümzümə edirdi. Qəribə bu idi ki, qoca rəssam o gəlinin layla qoxuyan nəfəsini həm də öz üzündə hiss edirdi.

Amma sonra daha qəribə hadisə baş verdi - göyərçinlərdən biri ağacdan enib arabanın dəyirmi tutacağının üstünə qondu və o melodiya kəsilənə qədər uçub getmədi.

Qoca rəssamın içində sanki nəsə qırıldı, ürəyi titrədi, ona elə gəldi ki, bədəninin qanı dondu...

Sonra o, ayağa qalxıb yaşına uyğun gəlməyən cəld addımlarla bağı tərk elədi.

 

***

Bu dəfə emalatxanaya əvvəlkindən daha sakit, daha qətiyyətli daxil oldu.

Tələsmədən rəngləri bir-bir palitraya düzməyə başladı. Molbertin üstünə çərçivəyə salınmış böyuk bir kətan qoydu, əlləri əssə də, tərəddüd etmədən fırçanı götürüb gözlərini kətana dikdi: elə bil bu ağ kətanda öz içini, illərlə axtardığı sirri görmək istəyirdi.

Sonra fırçanı palitraya tərəf uzadıb yavaş-yavaş işə başladı.

...Saniyələr dəqiqəyə, dəqiqələr saatlara çevrildi...

Nəhayət, qoca fırçanı əlindən buraxmadan iki addım geri çəkilib çəkdiyi şəkli bir qədər kənardan seyr elədi, sonra yorğun halda stulu çəkib elə molbertin qarşısındaca oturdu. Sanki uzun bir səfərdən qayıtmışdı və bu son dayanacaqdan sonra yol bitirdi.

İlk dəfə idi ki, içində bir rahatlıq duydu. Dərindən nəfəs aldı, baxışlarını son dəfə öz "ruhu"na dikdi... və əbədi sakitliyə qərq oldu.

Onun meyitini bir gün sonra tapdılar. Molbertin qarşısında, fırca əlində elə oturduğu yerdə keçinmişdi. Açıq gözlərinin dikildiyi kətanda isə nə insan siması çəkmişdı, nə də təbiət mənzərəsi, sadəcə bir güzgü çəkmişdi - tək, böyük, dərin, şəffaf bir güzgü.

Heç nəyin əksi yox idi güzgüdə, yalnız hardasa uzaq, dibsiz bir qaranlığı yarıb çıxan bir işıq vardı - mavi işıq. Sakit, dərinlikdə nazik, amma gur, önə yaxınlaşdıqca isə öləziyən, amma yenə də qaranlığın bağrına sancılan ilahi bir enerjiylə dolu işıq.

Şəklin altına cəmi bir söz yazmışdı: "Avtoportret".

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!