Pifaqor fikirli-fikirli tövlədən çıxdı. Astagəl, ağır addımlarla hasara sarı yeridi. Qocalmışdı, qəddi əyilmiş, saçları, saqqalı ağarmış, seyrəlmişdi. Qaşlarını çatmamışdı, üzü o qədər qırışıq idi ki, elə görükürdü.
Balaca bağça təndirxanaya bitişik idi. Qarısı təndirə çörək yapırdı.
Hasarın dibinə qalaqla yaş odun tökülmüşdü. Odun tayasından qalın bir paya seçdi, torpağa basdırdı. Sonra nazik bir xol qırdı, onu da iplə payaya bağladı, xolun o biri ucunu torpağa sancdı. Çətinlik çəkmədən xolu payanın ətrafında fırlatdı. Nəm torpağın üzərində nazik çevrə əmələ gəldi...
***
Bir az yol getdik. Dodaqaltı mızıldanmaqdan başqa iş görmürdü, yolboyu başını qaldırmadı. Üzünü heç cür görə bilmədim. Nə soruşdum, dillənmədi. Vergili adama bənzəyirdi. Gəlib tinə çatanda çaya tərəf buruldu, körpünün üstündə qoltuğundakı kətanı, fırçaları yerə qoydu, boyaların qapağını açmağa başladı.
- Bəs məktəbə getmirsiz?
Cavab gəlmədi...
***
Girişi əvəz edən tağın üzərində "Yeddi il sual vermək olmaz" yazılmışdı.
Qapıdan içəri keçəndə bir topa gənc adam torpağın üstündə çömbəlib, geniş kölgəli bir ağacın altında yavan çörək yeyirdilər.
- Məktəb buradır? - soruşdum.
Ayağa qalxdılar, arxalarını çevirib getməyə üz qoydular.
Gözlük taxmış birisi ayaq saxladı, sual dolu baxışlarını üzümə zillədi.
***
Sözə başladım:
- Pifaqor onlardan hansı idi?
- Heç biri.
- Onlar niyə getdilər?
- İmtahandan kəsildin.
- Mən qəsdən sual verdim axı...
- Kim pərgarsız mükəmməl çevrə çəkə bilirsə, yalnız onun buna haqqı çata bilər.
- Məgər onlar çevrə çəkə bilirmi?
- Mükəmməl çevrəni heç biri, amma ona yaxın bir şey çəkə bilirlər...
- Yeddi illik imtahandan heç kəsmi keçmədi?
- ...
- Bəs Pifaqor hardadır?
- Onu hələ heç kəs bilmir.
- Bəs adamlar çevrə çəkməyi harda öyrəndilər?
- ...
- Pifaqoru görən olubmu?
- Deyilənlərə görə, bir neçə əsr əvvəl belə bir şey olub...
- Bəs məktəb hardadır?
- Gəl, gedək.
Yola düzəldik. Yenə özümü saxlaya bilmədim:
- Nə yaxşı gün çıxdı?!
- Bura səni kim gətirdi?
- Bir rəssam...
Körpüyə çatdıq. İrəli düşdüm. Rəssam kətanın üzərinə əyilmişdi. Yol yoldaşıma çöndüm. Amma körpüdə məndən və rəssamdan başqa heç kim yox idi. Rəssam geriyə qanrıldı; gözündə gözlük vardı...
***
Saatlarla gözümü kətandan ayıra bilmədim; tabloda günəşin yumru çevrəsi mükəmməl çəkilmişdi. Ürəkləndim, ayaq atıb tablodan içəri keçdim. Yeriməyə başladım, körpünün axırına çatdım, yol məktəbin həyətinə daxil oldu. Bir dəstə adam çömbəlib yavan çörək yeyirdi. Kimsə sükutu pozdu, ayağa qalxıb getməyə üz qoydular. Kimsə sözə başladı:
- Pifaqor kim idi?
- Hamısı... - dedim.
Yenə nəsə soruşdu.
Tağın altından keçib çölə çıxdım.
***
Tövlədən çıxdım. Astagəl, ağır addımlarla hasara sarı yeridim. Qocalmışdım, qəddim əyilmiş, saçlarım ağarmışdı.
Balaca bağça təndirxanaya bitişik idi. Həvva təndirə çörək yapırdı.
Hasarın dibinə qalaqla yaş odun tökülmüşdü. Odun tayasından qalın bir paya seçib, torpağa basdırdım. Nazik bir xol qırdım, onu da iplə payaya bağladım, xolun o biri ucunu torpağa sancdım. Xolu payanın ətrafında fırlatdım.
Nəm torpağın üzərində nazik çevrə əmələ gəldi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!