(Əvvəli ötən saylarımızda)
Zahirən çox yaraşıqlı olan Səlimin həm də güclü təsir qüvvəsi, cazibəsi, adama tez yovuşmaq, tez dil tapmaq bacarığı var idi. Təbii ki, mən də hər bir insan övladı kimi, kimisə sevməli, ailə qurmalı, necə deyərlər, kiminsə evinin çırağını yandırmalı idim. Səlim mənə öz sevgisini bildirəndə ona heç bir cavab verməmişdim. Amma Səlim hərəkətlərimdən, baxışlarımdan hiss etməyə bilməzdi ki, mənim üçün onun təklifi xoşdur və qəbul ediləndir. Bəlkə də, ona deyə bilmədiyim sevgimə arxayın olub, istəyini bu yolla həyata keçirmişdi Səlim! Hər bir halda o, kişiyə yaraşmayan şərəfsiz bir iş tutmuşdu. Buna görə də cavabını almalı idi bir gün. Düşünürdüm ki, ürəyimi yandıran qisas alovunu nə vaxtsa söndürə biləcəm.
Günlər keçirdi. Vaxt dayanmadan hərəkətdə idi. Hərə öz həyatını yaşayırdı. Elə bil Səlimlə mənim aramda heç nə olmamışdı. Heç bir hadisə baş verməmişdi sanki. Bircə ona sevinirdim ki, uşağa qalmamışdım. Amma bu mənim içimdəki nifrəti söndürmək üçün bir damla su qədər də yetərli deyildi. Səlim bilirdi ki, mən abrıma bükülüb onun murdar əməlini heç kimə deməyəcəm, gizli saxlayacam. Axı, bu hadisə nə vaxtsa bütün detalları ilə hamıya tam aydın olsa belə, yenə əsas zərbəni mən alacaqdım.
Nə üçün? Çünki insanlar belə düşünürlər. Baş verən bu cür olaylarda onlar həmişə zərif cinsi təmsil edənləri günahkar sayırlar. Bütün bunlar acı olsa da, həqiqətdir.
Amma "çoxbilmiş quş dimdiyindən tora düşər" deyiblər. Səlim bir az ağıllı olsaydı, mənim susmağımın dəhşətli sonluqla bitəcəyini duyar, anlayardı. Axı, dünyanı az-çox dərk eləyən adam çörəyi qulağına yemir. Və heç bir əməl heç nə olmayıbmış kimi, ötüb keçmir. Hardasa, nə vaxtsa mütləq üzə çıxır, partlayır. Səlim, hətta müqəddəs Qurandan don geyinib, ayaqlarıma yıxılsa belə, onun məni xoşbəxt edəcəyinə yüz faiz inansam belə, mən artıq onu qəbul eləməzdim.
Ürəyimdə ona olan kin-küdurətim hər gün, hər saat artırdı. Necə olur-olsun, onun cavabını verməliydim və bunun üçün əlverişli məqam gözləyirdim. Həmin məqam mütləq yetişməliydi. Səlimin zahirən gözəl, amma yüngül xasiyyətli, ayrı-ayrı kişilərlə adı hallanmış, Rusiyada taxta-şalban biznesi ilə məşğul olan atasının göndərdiyi pulları sağa-sola səpələyib şeşələnən Bəyimlə təzə sevgi romanı da, onların tezliklə ailə qurmaq istəyi də günün məsələsinə çevrilmişdi və kənddə hamı bundan danışırdı. Mənim maraq dairəm isə öz düşüncələrimə, hədəflərimə yönəlmişdi.
Səlimlə Bəyimin toy gününü səbirsizliklə gözləyirdim. İstəyirdim ki, elə həmin toy ərəfəsində Səlimdən qisasımı alım. O, məni çox sadəlövh və qorxaq hesab edir, ona axıradək heç bir ziyan vurmayacağımı düşünürdü. Elə ona görə də tam arxayınlıqla toyuna hazırlaşırdı.
Mən isə öz işimlə məşğul idim. Yenə yuxarı siniflərdə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyir, şagirdlərə ülvi, saf məhəbbəti vəsf edən poeziya və nəsr nümunələrindən danışır, onlara söz sənətimizi sevdirməyə çalışır, bədii zövq aşılayırdım. Yəqin ki, törədəcəyim cinayətdən sonra məni sevən şagirdlərimin yaddaşında çox təzadlı, yalançı və bəlkə də, qaniçən adam obrazı kimi qalacaqdım. Amma bir sınanmış həqiqət də var: gec-tez hər şey öz yerini alır. Zaman su kimi axıb gedir, pisləri çıxdaş edir, yaxşıları duruldub təmizə çıxarır.
Bu gün hamı tərəfindən qəbul olunan bir hadisəyə, hər hansı bir əmələ insanların baxışı beş il sonra dəyişə bilər. Zaman yalanların epoxalara keçməsinə imkan vermir. Bəlkə də, vaxt gələcək, mənim atdığım bu addım, yəni törətdiyim cinayət hamı tərəfindən birmənalı yozulmayacaq. Kim bilir, bəlkə mən bu hərəkətimlə Səlimin sonralar törədəcəyi neçə nadürüst əməlinin qarşısını alırdım.
Əlbəttə, mən onu qanunla da tənbeh edə bilərdim, tutdura bilərdim. Amma bunu eləmədim. Suda boğulan saman çöpündən yapışan kimi, mən də fikirləşib, ürəyimdə baş qaldıran hansısa bir ümidin istisinə qızınıb özümə təsəlli verirdim. Bir də adımın ləkələnməsi, işimi itirmək qorxusu, ailəmizdə yaranacaq dərin sarsıntılar, atamın adına söylənəcək tənələr, üstümüzə dolutək yağacaq iradlar, iftiralar əlimi-qolumu bağlayırdı. Səlim də bütün bunları sanki əvvəlcədən bilirmiş kimi, ciddiyə almadan, məsuliyyət daşımadan, "heç nə olmayıb" fikriylə yaşayırdı öz həyatını.
Bəli, Səlim tezliklə evlənəcəkdi. Özü də kiminlə? Bütün hallarda məndən qat-qat aşağıda dayanan Bəyimlə. Niyə? Nəyə görə? Bəlkə, atasının Rusiyadan Bəyimə göndərdiyi pullar idi bu gəzəyən kişini çaşdıran, şirnikləndirən?! Bəlkə, Bəyimlə intim münasibətləri olmuşdu, o da yəqin Səlimi polislə qorxudurdu. Elə bu üzdən Səlim onunla evlənməkdən vaz keçməzdi. Bəli, suallar çox idi və bu suallar kənddə ildırım sürətiylə dolaşırdı.
Səlimin toyuna üçcə gün qalırdı. Bəyimin atası Fariz Samaradan bir neçə dostu ilə, həmçinin nikahlı arvadını boşayıb evləndiyi Mariya adlı sarışın, ucaboylu rus qadınla gəlmişdi kəndə. Qarşıdakı toya böyük hazırlıq görülürdü. Fariz bütün içkiləri Samaradan alıb gətirmişdi. Toyun yaxşı keçməsi üçün Bakıdakı ən məşhur müğənnilərlə danışıb, onlara beh də vermişdi. Çox təntənəli bir toy gözlənilirdi.
...Kəndə qaranlıq çökürdü. Mən evdə tək idim. Atam təzəcə əsgərlikdən qayıtmış qardaşı oğlunu görmək üçün anamı da, Seymuru da götürüb qonşu kəndə getmişdi. Bilirdim ki, gec gələcəklər. Çünki atam mobil telefonla zəng vurub mənə demişdi ki, "qapıları bağla, özün də evdən çölə çıxma. Biz burda gecələyəcəyik, qayıdarkən mən sənə zəng edəcəm".
Beləcə, arın-arxayın idim. Həyətdəki iri ot tayasının altında çox çətinliklə dərin bir çala qazdım. Vaxt itirmədən, qan-tər içində işləyirdim. Sonra çox böyük tərəddüdlə Səlimə bir neçə dəfə zəng elədim, amma ondan cavab gəlmədi. Ona mesaj göndərdim: "Evdə təkəm, heç kim yoxdur. Gəl görüşək. Narahat olma, artıq mən taleyimlə barışmışam. Qapı açıq olacaq. Yatağımda uzanıb səni gözləyirəm".
Bir neçə dəqiqədən sonra Səlimdən mesaj gəldi:
"Bilirəm, məni çox sevirsən. Mən də səni sevirəm. Gəlirəm, gözlə".
Tez gedib darvazanın kiçik qapısını açdım. Bilirdim, Səlim gələcək, mütləq gələcək. Çünki onun mənə təcavüzünü indiyə qədər açıb-ağartmadan, heç kəsə demədən, bir sirr olaraq mübhəm saxlamışdım. Bu üzdən mənə inanırdı və çox arxayın idi.
Həyət qapımız açıldı. Əyilib pəncərənin lap qırağından pərdəni aralayıb qapıya baxdım. Səlim idi. O, həyətə girib ehtiyatla sağa-sola boylandı, evə tərəf irəlilədi. Mən tez qaçıb otağıma girdim. Çarpayıma yaxınlaşıb döşəyin ucunu qaldırdım. İti ət bıçağı yerində idi.
İpək xalatımı soyunub yerə atdım. Gecə köynəyində çarpayıya uzandım. Otağın işığı yanılı olduğundan Səlim birbaşa çağırılan yerə asanlıqla gəlib girə bildi. O, heç nə demədən, tələm-tələsik paltarını soyunub otağın işığını söndürdü. Yanımda uzanıb, məni bərk-bərk öpməyə başladı. Əhvalı göylə gedirdi. Həmin dəqiqələrdə dünya Səlimin gözlərində qövsi-qüzeh rəngindəydi. İçmişdi, sərxoş idi, ağzından araq iyi gəlirdi. Elə buna görə də mən ürəklənib, onu qətlə yetirəcəyimə tam əmin oldum. Ehtiyatla sağ əlimi döşəyin altına saldım, bıçağı ordan çıxarıb var qüvvəmlə Səlimin sol qabırğasının altındakı boşluğa sancdım. O, qəfil bıçaq zərbəsindən qışqırdı və əlini zərblə sifətimə çırpdı. Səlimin bədənimi məngənətək sıxan qollarından birtəhər çıxıb evin arxasına tərəf qaçdım. O, güc-bəla ilə, xırıldaya-xırıldaya arxamca gəlirdi.
Mən böyük əziyyətlə qazdığım çalanın kənarında dayanmışdım. O, çalaya çatanda isə mən artıq orada yox idim. Lap yaxınlıqdakı su çəninin arxasında gizlənib onun hərəkətlərini izləyirdim. Hiss edirdim ki, o, çox qan itirdiyindən getdikcə zəifləyir. Əlini qarnına tutub, ayaq üstə güclə dayanaraq, qazılmış quyuya baxırdı. Elə bil məni orada axtarırdı. Onun əlindən qurtulanda başmaqlarımı unudub, həyətə ayaqyalın qaçmışdım. Yavaş-yavaş, səssiz-səmirsiz Səlimə yaxınlaşıb onun arxasında dayandım. O, gecənin səssizliyində hənirtimi, nəfəsimi duyub, mənə tərəf çevrildi. Bir an üz-üzə, göz-gözə qaldıq. Onun rəngi ağarmışdı, ayaq üstə güclə dayanırdı. Zəif səslə:
"Toyum qaldı. Evlənə bilmədim. Axx, səni şeytan! Axx, səni iblis! Sənin var-yoxunu..." - deyib məni ədəli-dədəli söydü və əllərini qarnından aralayıb boğazımdan yapışdı. Mən əlimdəki qanlı bıçağı təkrar onun qarnına sancdım. Səlimin əlləri boşaldı, mən onu zərblə sinəsindən itələyib quyuya saldım. Səlim vurnuxur, dərin çaladan çıxmağa çalışırdı. Amma cəhdi əbəs idi, hərəkət elədikcə qanı bir az da sürətlə axırdı. O, xırıltılı səslə, qırıq-qırıq dedi:
- Məni öldürmə... Yalvarıram, çıxart burdan.
- Artıq gecdir, - dedim.
Törətdiyim qətlin yaratdığı stress bütün vücudumu sarmışdı. Daha qansız, amansız olmuşdum. Su çəninə söykədiyim beli götürüb Səlimin üstünə torpaq atmağa başladım. O, çabalayır, ayağa qalxmağa cəhd edirdi. Amma alınmırdı, çoxlu qan itirmişdi. Mən qalaqlanmış torpağı çalaya atdıqca o, bir az da görünməz olurdu. Amma hələ də tərpənirdi və mən birdən necə dəhşətli bir cinayət törətdiyimin fərqinə vardım. Dizlərimi yerə qoyub, əlimlə torpağı onun sifətindən kənara atmağa başladım. Eybəcər hala düşmüş üzünü axırıncı dəfə gördüm. Amma, doğrudan da, gec idi. O, artıq ölmüşdü.
Səlimi torpağa basdırdım. İzi itirmək üçün ot tayasını da üstünə yığdım. Həyəcan, təşviş içində olsam da, otağa və həyətə tökülmüş qan ləkələrini çox diqqətlə təmizləməyə başladım. Səlimi vurduğum bıçağın qanını yuyub mətbəxdə yerinə qoydum. Atamın iri çöl fənərini götürüb yandırdım. Həyət-bacanı təkrar-təkrar yoxladım. Yoxladım ki, bu cinayətdən iynənin ucu qədər əlamət qalmasın. Hər şeydən tam arxayın olandan sonra fənəri necə götürmüşdümsə, aparıb yerinə - atamın otağına qoydum.
Pəncərənin qarşısında dayanıb darvazamıza baxdım. Yeriyəndə qarışqanı belə tapdayıb keçməyi özünə rəva bilməyən, daim haqqın tərəfində dayanan, dərs verən, tərbiyələndirən müəllim indi adam öldürmüşdü. Qətlə yetirilən, necə deyərlər, payını alan adam isə bir saat öncə qapısı açıq darvazadan içəri keçib mənimlə sevgi anları yaşamaq, sonra da heç nə olmayıbmış kimi, arxayınca çıxıb getmək, ozünə toy çaldırmaq, başqasıyla evlənmək istəmişdi. Amma "sən saydığını say, gör fələk nə sayır".
Mən iki-üç gündən sonra bu kənddə nələr baş verəcəyini düşünürdüm. Nələr olacağını göz önünə gətirib dəhşətə gəlirdim. Hətta bu işin üstü açılsa, məni tutsalar belə, bilirdim ki, peşman olmayacam. Əslində, peşman olmaqdan keçmişdi artıq. Mən özüm öz gözümdə rəhmsiz, qaniçən adam kimiydim. Amma bir təsəllim vardı: adamlıqda haqqı olmayan birisinin başı əzilmişdi. O həm də zəhərli ilan idi. Əks təqdirdə, o ilan hələ nə qədər günahsız adamı zəhərləyə bilərdi.
Səlimin yoxa çıxması təkcə Yaşıllıda deyil, bütün rayonda çox böyük səs-küy yaratmışdı. Küncdə-bucaqda, yolda-rizdə, çayxanada söhbətlərin gündəlik mövzusu Səlim idi. Bu hadisəyə yanaşmalar da birmənalı deyildi. Vaxt keçdikcə həmin hadisə ilə bağlı durum daha da mürəkkəbləşirdi.
Ən böyük gərginlik polisin işə müdaxiləsindən sonra yarandı. Sorğu-suallar başladı. Rayon polis şöbəsindən gələn müstəntiq üçün kənd bələdiyyəsinin binasında xüsusi otaq ayrılmışdı, kişili-qadınlı bütün sakinlər orada dindirilirdi. İstintaq başa çatana qədər camaatın kənddən çıxmasına qadağa qoyulmuşdu.
Bəy itdiyinə görə toy təxirə salınmışdı. Bu işdə ən çox sarsıntı keçirən, əsəbiləşən, özünün dediyi kimi, "on ildən sonra bu kəndə gəlməyinə it kimi peşman olan" Fariz idi. Çünki onunla bir yerdə Samaradan toya gələn curlarının yanında özünü xəcalətli sayırdı. Qəribə idi ki, müstəntiqin ən çox sorğu-sual etdiyi şəxslər də bəlli idi: Fariz və onunla kəndə gələn dostları. Baş verən hadisə çox böyük səs-küy, söz-söhbət yaratdığından xüsusi nəzarətə alınmışdı. Kənd adamları təşvişdə idi: bu işin necə qurtaracağını, kimin başında çatlayacağını həyəcanla gözləyirdilər.
Səlim tapılmırdı ki, tapılmırdı. O itmişdi, ölmüşdü, yoxsa oğurlanmışdı, bunu bilən yox idi. Bircə mən, yalnız mən bilirdim əsl həqiqəti! Onu mən öldürmüşdüm və hələlik məndən heç kim şübhələnmirdi. Heç məni istintaqa da çağırmadılar. Adamlar ən çox Səlimin oğurlanması fikrində dayanırdı. Çünki Farizin çoxlu pulu var idi və bu yolla ondan pul qoparmaq versiyası, doğrudan da, ağlabatan idi. Bu sayaq oğurluqlar başqa ölkələrdə daha çox baş verdiyinə görə, məhz ən çox dindirilən də Farizin Samaradan gələn dostları idi. Səlimin gec də olsa, qeyrətə gəlib, yüngül əxlaqlı bir qadından qaçıb uzaqlaşması fikri də adamlar arasında hallanırdı. Müstəntiqin işi gündən-günə daha da çətinləşirdi. Bir aydan çox müddətdə axtarışda olan Səlim sanki "yağlı əppək olub, göyə buxarlanmışdı".
Bizim evdə də hər gün bu mövzuda söhbət gedirdi. Anam kəndin qız-gəlinlərindən, atam isə kişilərin söz-söhbətindən eşitdiklərini gəlib evdə danışırdılar. Bir xəbər də ağızdan-ağıza dolaşırdı: Səlim öldürüləndən iki ay sonra Bəyim Samaraya yollanaraq, atasının Robert adlı köməkçisinə ərə gedib.
***
Bir yağışlı payız günündə günorta vaxtı atamın gətirdiyi xəbər içimdə rahatsızlıq yaratdı. O, evə nahar eləməyə gəlmişdi, çox fikirli görünürdü. Atam əllərini yuyub, süfrəyə əyləşəndə anam onun qarşısına yemək qoyub soruşdu:
- Nə olub, ay Səməd, niyə belə dilxorsan?
Atam bir müddət cavab vermədi. Çörəyi tikələyib şorba dolu boşqaba tökdü. Şorbadan iki qaşıq yedi və salfet götürüb ağzını sildi. Sonra dərindən köks ötürüb dedi:
- Həyətləri axtaracaqlar. Polis deyir ki, Səlim itən gün kənddən kənara çıxmayıb. Ona nə olubsa, bu kənddə olub. Odur ki, bütün evlərdə, həyət-bacalarda yoxlama aparacaqlar.
Anam bu sözləri eşitcək:
- Yoxlasınlar da. Biz niyə narahat olmalıyıq? Maşallah, aydan arıyıq, sudan duru.
Atam:
- Mənim köməkçilərim var ee... iki qardaş - Valehlə Vəli, onları da aparıblar polisə, - deyib ayağa qalxdı.
- Nə danışırsan?! Onları niyə? - Anam təəccüblə atama baxıb ondan cavab gözlədi.
- Son illər Səlimin kimlərlə söz-söhbəti, davası olub, hamısını aparırlar dindirməyə... Bircə bu iş açılsaydı, camaatın canı dincələrdi, - deyib otağına getdi.
***
Mən bütün gecəni həyəcanla keçirdim. Səhərə qədər bir dəqiqə də olsun gözlərimi yuma bilmədim. "Yəqin bizim həyəti də yoxlayacaqlar. Onda necə olacaq? Mənim hər şeyi etiraf etməkdən başqa bir əlacım qalmayacaq. Bu da çox böyük biabırçılığa gətirib çıxaracaq", - deyə düşünürdüm. Amma ürəyimin lap dərinliyində bir rahatlıq, bir təsəlli də var idi. Mən nəyəsə arxayın idim elə bil.
Ertəsi gün bir qrup polis işçisi xüsusi öyrədilmiş itlərlə kənddəki evləri, həyətləri yoxlamağa başladı. Onlar qonşuda yoxlama aparıb, küçə boyunca irəliləyir, bizim evə yaxınlaşırdılar. Mən evimizin eyvanında dayanmışdım, içimə bir qorxu dolmuşdu. Evdə məndən başqa heç kim yox idi. Atam kəndimizin "yuxarı məhəllə" deyilən hissəsində ev tikirdi. Həmin gün anam evimizdən bir qədər aralıdakı torpaq sahəmizdə işləyirdi. Qardaşım Seymur isə məktəbdə idi.
Birdən küçədən səs gəldi:
- Bu kimin evidir?
Tanımadığım bu səsdən sanki ürəyim üzülüb ayağımın altına düşdü.
- Usta Səmədin evidir, rəis.
Bu səsi tanıdım. Kənd bələdiyyəsinin sədri Kamilin səsi idi.
Kamil atamı təriflədi:
- Çox nəcib, xeyirxah adamdı. Kənddə böyüklü-kiçikli hamı ona hörmət eləyir. Tikdiyi evə də söz ola bilməz, top vursan, dağılmaz.
- Ailədə neçə nəfərdilər? - mayor soruşdu.
Kamil:
- Həyat yoldaşı Gülsüm xala, qızı Ləman, oğlu Seymur, bir də Səməd dayı özü - dörd nəfər!
Mayor yenidən xəbər aldı:
- Oğlunun neçə yaşı var?
- On dörd. Məktəbimizdə oxuyur, özü də əlaçıdır. Ləman isə müəllimədir, hamı onun xətrini çox istəyir, - deyə Kamil cavab verdi.
Mayor uca səslə:
- Mənə elə gəlir ki, buranı yoxlamasaq da olar. Vaxtımız da azdı. Bir də bizə tapşırıblar ki, əsasən şübhələndiyiniz adamların həyətinə baxış keçirin.
Kamil onunla razılaşdı:
- Nə deyirəm, siz necə istəsəniz, elə də olsun.
Onlar yollarına davam edib, qonşu həyətə keçdilər.
Mən belə başa düşdüm ki, Kamilin "mayor" deyə müraciət elədiyi adam Səlimin ölümü ilə bağlı yaradılmış axtarış qrupunun rəhbəridir. Əməliyyat dəstəsi bizim evdən uzaqlaşdıqca, ürəyim yavaş-yavaş yerinə gəlirdi. Amma narahatlığım tam keçməmişdi. Çünki hər dəqiqə yenidən qayıdıb bizə gələ bilərdilər. Amma nə yaxşı ki gəlmədilər.
Gərginlikdən əsəblərim tarıma çəkilmişdi. Bir az özümə gəlim deyə, yatağıma uzandım. Yerimə girən kimi yuxu məni apardı.
***
Günlər keçirdi və hər gün bir az da qəlizləşirdi kənddəki ab-hava. Sakinlərin dincliyi büsbütün pozulmuşdu. Adamlar bir-birindən müştəbeh gəzir, hər kəs kimdənsə şübhələnirdi. Kənddə polisə çağırılmayan adam qalmamışdı. Farizdən və onunla birgə Samaradan gələn dostlarından xarici vətəndaş olduqlarına görə izahat alınmış, mobil telefonlarının nömrələri qeyd olunmuşdu. Yalnız bundan sonra onların Rusiyaya qayıtmalarına icazə verilmişdi.
Amma kənddə Valeh və Vəli qardaşlarını, eləcə də, Səlimlə həmişə pis münasibətdə olan digər üç nəfəri polis göz altına almışdı. Söz-söhbət gəzirdi ki, bu hadisə bir nəfərin yox, bir neçə nəfərin qrup halında törətdiyi ağır cinayətə oxşayır. Haqsız tutulan, saxlanılan adamlara görə kənd camaatı ilə polis arasında narazılıq yaranmışdı. Buna görə də, hər iki tərəfi başa düşmək olardı. Yəni, polis cinayətin üstünü açmaq üçün bütün variantlardan yararlanır, şübhəli görünən adamları saxlayırdı.
Çox cansıxıcı və əzabla dolu günlər yaşayırdım. Ətrafımda mənə görə yaranmış anlaşılmazlıq, sarsıntılar, stresslər, əsəb, göz yaşları və yağdırılan qarğışlar bütün kənd sakinlərinin rahatlığını pozmuşdu. Hiss edirdim ki, psixoloji böhran keçirirəm. Nə evdə, nə də məktəbdə özümü ələ alıb, günümü normal başa vura bilmirdim. Yuxum ərşə çəkilmişdi, bu da məndə güclü baş ağrıları yaratmışdı. İştahım kəsilmişdi, arıqlamışdım. Tez-tez gözlərim qaralırdı. Evdə hamı, ən çox da anam səbəbini bilmədən mənə görə üzülürdü. "Yazıq balam gözümün qabağında şam kimi əriyir", - deyirdi. Atam bir gün axşam işdən gəlib mənimlə hal-əhval tutandan sonra anama sakitcə: "Bu qız hər gün geri gedir. Sabah onu rayona, həkimə aparacam", - dedi. Mən anamın doluxsunduğunu, sonra yaylığı ilə göz yaşlarını silib, dərin bir ah çəkdiyini gördüm və çox pis oldum.
Rayon mərkəzi xəstəxanasında bir saatlıq müayinədən sonra həkimlər qərara gəldilər ki, mən mütləq stasionarda qalmalı, ən azı on gün müalicə almalıyam. Atam əvvəlcə razı olmadı. Amma tibb işçiləri vəziyyətin çox ciddi olduğunu başa salandan sonra o, xəstəxanada qalmağıma razılıq verdi.
***
Həkimlər məni ikinci mərtəbədə, təkadamlıq palatada yerləşdirdilər. Atam sağollaşıb ayrılanda gözləri dolmuşdu. Birinci dəfə idi ki, atamı bu qədər qəmli görürdüm. O, iri, qabarlı əlləri ilə məni qucaqlayıb: "Özündən muğayat ol", - dedi. Sonra gözlərimin içinə baxdı. Elə bil ürəyinə dammışdı ki, biz bir daha görüşməyəcəyik. O, məni öpüb palatadan çıxdı.
Pilləkənləri enəndə onun addım səslərini eşidirdim. Atam gedəndən sonra özümü uzaq, çox uzaq, mənə yad olan adamların arasına düşmüş bir qərib kimi hiss elədim. Ağlamaq, hönkür-hönkür ağlamaq istəyirdim. Axı, niyə? Nəyə görə mənim başıma bu müsibət gəlməli idi? Düşünürdüm ki, lap mən olmayım, yerimdə bir başqası olsun, ata-ananın min bir əziyyətlə böyüdüb tərbiyə elədiyi, ərsəyə gətirdiyi, hamıya nümunə göstərilən bir qız niyə hansısa bir murdarın, manyakın qurbanı olmalıdır? Niyə insanlar bu qədər gərginlik, həyəcan yaşamalıdır?
Səhər tezdən anam gəldi. O, mənə meyvə, xörək və öz əlimlə bağladığım heyva kompotu gətirmişdi. Mən iştahla xörəyi yeyib, kompotu açıb içdim. Xoş bir ovqat yaranmışdı məndə. Görünür, kənddən çıxmağım, sıxıntıdan, hər cür üzüntüdən bir qədər kənar olmağım səhhətimə müsbət təsirini göstərmişdi. Palatada xeyli yanımda qalan anam ayağa qalxıb qapıya yaxınlaşdı:
- Kənd dağılır, dünən iki nəfəri də apardılar. Yaxşı, qızım, mən gedim. Axırıncı avtobusun çıxmasına az qalıb, - dedi və mənlə sağollaşıb getdi.
Təmiz, saf adamlar heç vaxt çamurda qala bilməzlər, ya bu durumdan qurtulur, ya da batıb yox olurlar. Mən də belə bir vəziyyətdə idim, çirkabdan xilas olmalıydım, çıxmalıydım. Mənim üçün nə qədər çətin olsa belə, mütləq çıxmalıydım. Bütün sarsıntılara, çəkdiyim iztirablara tezliklə nöqtə qoymalıydım. Əks halda, mən dəlixanaya düşə bilərdim.
Hər halda, haqq-nahaq, mən bu cinayəti törətmişdim və qanunla cəzamı almalıydım. Günahsız adamların mənə görə yaşadıqları əzab-əziyyəti heç vaxt özümə bağışlaya bilməzdim.
Gecəni birtəhər keçirdim, səhər tezdən durub yeməyimi yedim. Marketə getmək bəhanəsi ilə paltarımı dəyişib xəstəxanadan çıxdım. Qarşı səkidə ilk gözümə dəyən taksiyə yaxınlaşdım, arxa qapısını açıb əyləşdim. Sürücü məni güzgüdən süzərək soruşdu:
- Hara gedəcəksiz?
Mən ağır-ağır:
- Polis şöbəsinə, - dedim.
Maşın yerindən tərpəndi. Pəncərədən küçəyə baxıb düşünürdüm: bu da axırı, bu da son. Oxuduğum çoxsaylı kitablardan bir həqiqəti də çox aydın dərk eləmişdim. Həyat yollarında büdrəyib yıxılmaq o qədər də faciəli deyil. Ən önəmlisi yıxılanda ayağa qalxmaq və yoluna davam etmək bacarığıdır.
Həmişə düşünürdüm ki, layiq olana ürəyimi verərəm, layiq olmayana yoxluğumu. Anlayanla dost oldum hər zaman. "Kimsəni qırmayım, incitməyim" deyə, özümə mesaj verərdim. Kimsəyə boyun əymədim, heç kimə haqsızlıq etmədim. Sadəcə insanlara həddən artıq güvəndim və bu üzdən çox şey itirdim. Bir də gördüm ki, özüm param-parçayam.
Anam mənə deyərdi ki, insanlar səni tanımadısa, bundan narahat olma. Sən insanları tanımadığın üçün narahat ol. Doğru deyirmiş anam.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!