Qəfil alnından tər açılıb telefonun ekranını isladanda başa düşdü ki, yenə başlandı. Hər dəfə belə olurdu: durduğu yerdə tər basır, nəfəsi daralır, suya batıb-çıxırdı.
Ardınca sol döşünün altından ağrı qalxır, boynunun arxasına keçir, başında hərlənib-fırlanıb iki qaşının arasında qərar tuturdu. Sanki beyninin içini burur-burur, ancaq durub bir az hərəkət edəndən sonra, hayandan-hayana ötüşürdü.
Bu dəfə də ardıcıllıq pozulmamışdı.
- Hikmət, ay Hikmət, - Rafiq adını çağıranda dik atıldı. Təri yenicə soyumağa başlamışdı. - Dur, bir az gəzək, havamızı dəyişək.
Hava da o qədər isti deyildi, deyəydin, gün döyüb. Payız havası idi, əksinə, əvvəlki günlərə baxanda xeyli sərinləmişdi havalar.
Üstəlik, gün axşama dönmüşdü, bir az o yanda da hava buradakından fərqli deyildi. Amma Rafiq də bilirdi - dostunun gəzəndə özünü yaxşı hiss etdiyini. Özü də çox düşmüşdü oxşar situasiyaya.
O da yeni-yeni özünə gəlirdi. Bir-birinə qoşulub gəzəndə, ya baş-başa verib söhbət edəndə və heç nə danışmayıb nərd oynayanda hər şey yadlarından çıxırdı. Belə məqamlarda onu Rafiqdən yaxşı başa düşən olmazdı.
Əməliyyatdan sonra dönmüşdü Hikmətin dönəlgəsi. Bir də görürdün, gecənin bir yarısı kondisionerin altındaca yatdığı yerdə qan-tərə batıb çıxırdı.
Durub həyət-bacanı dörd dolanmasa, ondan adam olmurdu. Bəlkə də "sonsuz çarx" kimi fırlanmaq idi dərdinin əlacı. Nə özü bilirdi...
Hə, heç həftə səkkiz-mən doqquz gedib-gəlib pul tökdüyü həkimlər də baş çıxara bilmirdilər. Tapa bilmirdilər dərdinin dərmanını.
"Səndə heç nə yoxdur, dəf kimisən, maşallah!" demişdi axırıncı dəfə yarasını tutub yanına getdiyi həkim. "Özünü qorxudursan!"
Yeni söz tapmışdılar. Hər gələnə eyni şeyi deyib yola verirdilər.
"Necə ola bilər ölüb-ölümdən qayıdım, məndə bir şey olmasın! De, başım çıxmır, bu başqa məsələ..."
- Bu tərəfdən gəl, - Rafiq qoluna girib rayonun mərkəzi stadionuna tərəf dartanda başını qaldırıb gördü, səssizcə iki kilometr yol qət ediblər. İki qaşının arasındakı küt ağrı getdikcə şiddətlənir. - Burada da bir neçə "kruq" vurub dağılışarıq.
- Evə getmək istəmirəm, - dedi Hikmət. - Bu gün içmək istəyirəm.
Rafiqin də ürəyindən idi. Stadionun qapısından içəri keçəndə razılıq əlaməti olaraq səssizcə başını tərpətdi.
Stadionda onlardan başqa heç kim yox idi. Bircə arada başlarının üstündə çölgöyərçinləri uçuşurdu. Qoz ağacının təpəsindən uçub, onlar da idman edirmiş kimi, stadionun üzərində dövrə vurur, yenidən qayıdıb ən hündür budağa qonurdular.
Bu halda evə getsə, vəziyyəti daha da ağırlaşardı. Bir həftə qabaq beləcə sağollaşıb avtobusa necə mindiyini, necə düşdüyünü bilməmişdi.
Bir də onda gözünü açmışdı ki, darvazanın qabağında yerdə uzanıb. Sən demə, tir-tap yıxılanda səsə qonşu çıxıb evdəkiləri çağırıbmış. Onlar da yerindən tərpətməyə qorxub təcili yardıma xəbər veribmiş.
Təcili yardım həkimi də dərman-zad iylədəndən sonra özündən əvvəlkilərin dediyini təkrarlamışdı ürək kordeqrammasına baxaraq: "Gül kimidir. Heç nəyin yoxdur. Məncə, özünü qorxudursan. Pandemiyadan sonra çox adamda belədir". Hikmət başını tutub qaçmağa hazırlaşanda bircə cümlə əlavə etmişdi: "Hər halda başını MRT-yə saldır, bəlkə başında nəsə var?!"
İndiyəqədərki heç bir həkim bunu məsləhət görməmişdi. Bu cümlə ona bəs etmişdi "yeni yarası"nı tutub həkimə qaçmaq üçün. Öz-özünə fikirləşdi: "Halaldır, o boyda həkimə getdim, biri demədi, başını da yoxlat. Başqaları əzbər danışırdı, başından edirdi sanki. Evdəkilər də..."
Axır vaxtlar evdəkilərdən şübhələnmişdi. Bu qənaətə gəlmişdi ki, ola bilsin, nəsə ciddi xəstəliyi var, sadəcə evdəkilər qabaqcadan tənbehlədiyinə görə həkimlər ona heç nə demirdilər.
Əks təqdirdə, bu qədər eynilik ola bilməzdi. Yolaverdi bir neçə cümlə deyib, hamısı da bir-biri ilə danışıbmış kimi, ancaq sakitləşdirici yazırdı. Ona görə heç bir sözləri inandırıcı gəlmirdi.
Ağrı ki başladı, hamının əl-ayağını yeyirdi it kimi... Vəziyyəti dəyişəndə heç kimi gözü görmürdü. Sadəcə sakitlik axtarırdı.
Təklik yox, sakitlik. Tək olanda daha da pis olurdu. Əksinə, ona ağrının hirsini üstünə tökə biləcəyi adamlar lazım idi. Qırıq val kimi, danışır, danışır, danışır... zəhərini qusurdu. Özünə gələndə it kimi də peşman olurdu. Özündən asılı deyildi. Ondan olsa, heç kimi incitməzdi.
"Təcili yardım həkimi düz deyir, MRT-yə saldırmaq lazımdır. Gərək birinci gün gedim. Kim bilir, bəlkə də başımda pis nəsə yaranıb?! Mənim xəbərim yoxdur. Nə xəbərim olsun, həkimlər popuqay kimi eyni şeyləri təkrar edir... Bəlkə də özgə bir şeydir, başımda deyil, ciyərimdədir azar. Belə bir şey varsa, böyük ehtimalla həkimlərdən hansısa evdəkilərə deyib, məndən gizlədirlər", beyninə yeni məşğuliyyət tapmışdı.
Bayaq tər açılanda da bunları fikirləşirdi, deyəsən. İşdən icazə alıb gedə bilmədiyi üçün elə hey fikirləşir-fikirləşir, yarasına duz basırdı. Gah özündə, gah evdəkilərdə, gah həkimlərdə günah görürdü ki, niyə bu günə qədər ağıllarına gəlməyib MRT?
- Sən məndən heç nə gizlətməzsən, hə? - Ayaq saxlayıb Rafiqin qarşısında dayandı.
- Qətiyyən gizlətmərəm, - Rafiq altdan yuxarı havada uçuşan çölgöyərçinlərinin dalınca baxmaq üçün başını qaldırdı.
- Gözümün içinə bax, - Rafiqin başını ovcunun içinə alıb gözünü onun gözlərinə zillədi. - Gözümün içinə bax və de, məndən sənə nəsə deməyiblər?
- Yox. Kim? - Rafiq bu qəfil hərəkətdən bir az çaşmışdı. Yenə də birtəhər özünü düzəltdi. - Nə misal üçün?
- Anam, atam, qardaşım... Mənim səhhətimdə ciddi bir şey yoxdur ki?
Rafiq Hikmətin əllərini sərt hərəkətlə sifətindən götürüb yeriməyə davam etdi. Hikmət də onun arxasınca.
- Mən ölüm, dəlisən, - dedi Rafiq addımlarını sürətləndirərək. - Mən heç e... Mən yad adamam, kimsə elə bir şey desə, bəlkə də gizlədərəm. Evdəkilərdən necə elə bir şey gözləyirsən? Axı, bilirsən, onlar səndən ötrü əldən-ayaqdan gedirlər...
- Bilirəm, sadəcə arada başım xarab olur.
- Xarab olmur, qaqa, vallah, - Rafiq dayanıb ona sarı çevrildi. - Sənin başın xarabdır.
- Məzələnmə də... - Hikmət əli ilə zarafatyana yaxasından itələdi.
- Vallah, məzələnib eləmirəm. Guya bilmirsən? Eyni mərhələni mən də keçmişəm. Hər axşam elə bilirdim, ürəyim tutub, - Hikmətin qoluna girdi, iti addımlarla gəzməyə davam etdilər, - təcili yardım çağırırdım. Yazıqlar bezmişdilər. Artıq nömrəmi də tanıyırdılar. Bilirdilər, mən zəng etmişəm, zəngi götürəndə məzələnirdilər ki, yenə ölürsən?
- Yadımdadır... Bəs, necə keçdi?
- Bu haqda qabaqlar da sənə demişəm axı. Hər axşam işdən evə gedəndə iki "Xırdalan" pivəsi alır, soyuducuya qoyurdum. Elə ki "təb gəldi", çıxarıb soyuq-soyuq içirdim, heç nəyim qalmırdı. Məncə, sən də yoxla...
- Gəzintini bitirib gedəcəyik, - Dayanıb bir anlıq duruxdu. - Yox e, heç ağlıma gəlmir. Mənə pivə içmək olmaz, - dedi handan-hana.
- Niyə? - soruşdu Rafiq.
- Sənə baxma, qaqa, məndəki başla bağlıdır. Dedim axı, təcili yardım həkimi... - Rafiq onun sözünü kəsdi.
- Əşşi, başını burax o axmağın, - dedi. - Sənin başında yüngülvari miqrendən başqa heç nə yoxdur... Pivəni çox soyuq içməsən, heç nə olmaz.
Hikmətin danışmağa da taqəti qalmamışdı. Bu dəfə cavab vermədi. Rafiq də yorulmuşdu iti addımlarla yeriməkdən. Axırıncı dairəni bitirəndə stadiondan çıxıb üzü pivəxanaya getdilər.
***
Axşam pivəxanada Rafiq çox israr etsə də, Hikmət içməmişdi. Aralarında yüngülvari çəkişmə olmuşdu. O demişdi-bu demişdi, - səs-küy dünyadan çıxmışdı.
Ofisiant gələndə Rafiq üzrxahlıq edib geri göndərmişdi cibinə pul qoyaraq. Bayaq ötkəm səs tonu yer cıran ofisiant bircə cümlə: "Çalışın, sakitliyə riayət edəsiniz, mənə qalsa, problem deyil, müdiriyyət narazılıq edir", demişdi.
Səs-küydən Rafiqin də içmək həvəsi qırılmış, kirimişcə hesabı ödəyib qalxmışdılar. Hikmət Rafiqdən xahiş etmişdi ki, bazar ertəsi MRT-yə gedəndə ona yol yoldaşı olsun.
Bayaq maşını işə salıb mühərrikin qızmasını gözləyəndə ona zəng vurdu. Hiss etdi ki, hələ indi oyanır. Deyəsən, Rafiq verdiyi sözü də unutmuşdu, özünü o yerə qoymadı: "Səsini tanımadım. Hazırlaşıram... hazırlaşıram, beş dəqiqəyə götür..."
On dəqiqədən artıq idi Rafiqgilin talvarının altında oturub gözləyirdi. Rafiq hələ indi çay içməyə başlamışdı. Anası bir stəkan da ona süzmüşdü. Deyəsən, evdəkilər kimi Rafiq də bezmişdi Hikmətin bu "zorən xəstə" davranışlarından. İllərdir dost olduqları üçün başından edib könlünü qırmaq istəmirdi, həm də o eyni şeyləri yaşayanda Hikmət ona çox dəstək olmuşdu.
Problem burada idi ki, Hikmətin "sayrışan halları" çox uzun çəkmiş, uşaq kimi dəymə-düşər adam olmuşdu. Deyiləni də eşitmirdi. Bu zibil panika belədir. Özünü ki qorxutdun, söz eşitmədin, ya hər deyilən sözü ürəyinə saldınsa, düzələn deyil.
Eləcə də kimsə sənin nazınla oynadı, hər dediyinə "baş üstə" dedi, "gözün üstə qaşın var" demədi, özünü dəli oğlanlığa qoyursan.
"Bu zibili başa düşən adam əslində qarşısındakına ziyan vermiş olur, onu inandırır ki, həqiqətən, xəstədir". Bu sözlərin daha mədəni formasını Rafiqə Bakıda görüşüb uzun-uzadı söhbət etdiyi psixoloq dostu demişdi.
Əvvəllər o da inanmamış, sonralar bir müddət təkliyə çəkiləndə anlamışdı dərdinin əlacını tapdığını. Hikmətə də çox danışmışdı, faydası yox idi, heç cür özünə yığılmırdı.
Hər dəfə psixoloq adı gələndə cəmdəyinə qor dolurdu: "Sən allah, psixoloq nədir, yenə psixiatr olsa, dərd yarıdır. Sözlə müalicə olur? Danış, danış, danış... axırda da sözündən söz tutub yuxarılara məlumat versin, qanını batırsın!" deyirdi.
Cəhənnəm, psixiatra da getmirdi axı, deyəsən, heç olmasa, ona pənah aparıb, əlac umub. Özündəkini nevroloji məsələ hesab etmirdi, nəsə çox ciddi xəstəliyi olduğuna inandırmışdı çünki özünü.
Rafiq ayaqqabılarını ayağının burnuna keçirib sürüyə-sürüyə:
- Getdik, - dedi, sonuncu loxmanı ağzına tıxışdırıb çayından bir udum alandan sonra.
Hikmət qalxıb dalınca qapıya tərəf gedəndə Rafiqin anasının "Uğurunuz xeyir olsun!" dediyini eşitdi.
Bir anlıq ona elə gəldi, bu gün gözlədiyi o cavabı ala biləcək. Nəhayət, dərdinin dərmanının nə olduğunu deyəcəklər.
Hərçənd hiss edirdi, hətta əmin idi ki, ondakı hər nədirsə, başındadır. Yenə də bu söz niyəsə onu xeyli ümidləndirdi.
- Çox sağ olun! - deyib tələsdi.
...yeni yığdırılmış sovet maşını ovuna şığıyan ilan kimi şütüyürdü asfalt yolda. Yolboyu ötüb keçdiyi yarpağı tökülmüş ağaclara, otu saralmış səkilərə, suyu qurumuş çaylara baxır, köks ötürürdü.
- "Bravo"da saxla, bir-iki enerji içkisi götürüm, - Rafiqin səsini eşidəndə Şəmkirdə idilər. Ətrafa baxanda dairəvi yolu görüb təəccübləndi.
Rafiqin niyyəti sükan arxasına keçmək idi. Hikmət bayaqdan yolboyu sağa-sola əyilir, Tovuzdan sonra, az qala, o sürətlə ikisini də götürüb yol kənarına atırdı, bir balaca qaldı.
Elə bil, hansısa görünməz əl boynunun arxasından şillə çəkdi, yuxudan oyandı, yenidən yola düzəldi. Allah bilir, arxadakı sürücülər nə qədər söymüşdülər.
Əlində enerji içkiləri ilə qayıdanda:
- Bir az da mən sürüm, - dedi dəmir butulkanın birini Hikmətə verəndən sonra əlini uzadıb. - Çoxdan sürmürəm, bir az gözümün qurdunu öldürüm.
Hikmət maşının sağ qapısını açıb ayağının birini içəri qoydu:
- Açar üstündədir, - dedi. - Səsini eşitmirsən?! Heç söndürməmişəm də, - Əlindəki siqareti atıb tələm-tələsik əyləşdi.
Rafiq axırıncı dəfə yenə halı pisləşib uçurumun burnundan qayıdanda tərgitmişdi maşını. Söz vermişdi bir daha sürməyəcəyinə. Yolboyu sürətlə ötüb keçdiyi, arxada qoyduğu şeylər ürəyini bulandırır, diqqətini dağıdırdı. Çox uzun çəksə, özündən gedirdi.
Bayaqdan fikir vermişdi, ara-sıra köhnə kadrlar gözünün qabağına gəlib-getsə də, əvvəlki kimi hiss etmirdi sanki. Həm də bu halda nə qədər diqqəti dağılsa da, başında nəsə əmələ gəldiyini fikirləşən adamdan daha ehtiyatlı davranardı.
Deyəsən, gecə çox fikirləşmişdi Hikmət. Başını maşının pəncərəsinə söykəyən kimi yatdı.
***
- Cavab iki saatdan sonra çıxacaq, - Aparatdan çıxanda həkim diskin üstünə nəsə yazıb dedi. - Bir az şəhərdə gəzin, mən sizə xəbər verəcəm.
- Daha tez olmaz? - Hikmət harasa tələsirdi sanki.
- İki saata ancaq çıxır, - həkim özündən əmin şəkildə dedi. Gülümsündü. - Gözləməli olacaqsınız. İnşallah, yaxşı olacaq.
- Əlbəttə, həkim, biz də ona ümid edirik, - Rafiq Hikmətin qoluna girib qapıya sarı apardı. - İki saat sonra burada olacağıq!
- Bəs... - Hikmət əsəbiləşib nəsə demək istəyirdi, Rafiqin əlindən çıxan qapı arxasınca çırpıldı.
- Nə uzadırsan, prosedur budur, - dedi Rafiq. - Hövsələn olsun! Qazaxdan Gəncəyə dözmüsən, bir o qədər də dözsən, biləcəksən nə var-nə yox. - Gülən gözlərlə sözünə davam etdi. - Daha yaxşı, iki saat boş vaxtımız var, bir az gəzək, cavanlıq edək.
Yenə nəsə demək istədi, amma sözünü uddu Hikmət. Rafiq maşını icra hakimiyyətinin ətrafındakı dayanacaqlardan birində saxlayanda hirsi soyumuşdu.
Parkın ortasında dənlənən göyərçinləri görüb onu sakitləşdirdiyi üçün ürəyində dostuna təşəkkür də etdi. Skamyalardan birində oturub bir müddət beləcə göyərçinlərə baxdılar. Köşkdən aldıqları günəbaxan tumunu təmizləyib onlara səpdilər.
- Rafiq, - Hikmətin səsi qəfil açılan güllə kimi Rafiqin qulağında cingildədi. Amma gözünü göyərçinlərdən ala bilmədi. - Rafiq, məni eşidirsən?
- Əlbəttə, - göyərçinlərin bir-birinin üzərindən hoppanıb dən axtarmağına baxa-baxa cavab verdi. Əlini çırpıb üzünü ona tərəf çevirdi, - eşidirəm səni.
- Məndə ciddi nəsə çıxsa...
- Çıxmayacaq, - Rafiq istədi dostunun fikrini dağıtsın, olmadı.
- Rafiq, - səsini yüksəltdi Hikmət. - qulaq as, xahiş edirəm. - Səsinin tonunu aşağı salıb davam etdi. - İşdi-şayət, məndə ciddi nəsə çıxsa və həkim bunu mənə deməyə ürək eləməsə, gizlətmirsən.
- Yaxşı, - dedi. - Söz verirəm.
- Sonrası var, - əlini Rafiqin kürəyinə qoydu. - Söz ver ki, mənim müalicəm üçün camaatdan bir qəpik də yığmayacaqsınız.
- İraq olsun!
Hikmət Rafiqin çiynini sıxdı:
- Ayə, cavab o deyil. Yığmayacaqsınız, deyirəm, vəssalam, - dedi.
- Yaxşı, söz verirəm.
- Evdəkilərə də bunu tənbehləyəcəksən, heç kimə əziyyət vermək, heç kimə yük olmaq istəmirəm. Bu mənim səndən son istəyimdir.
- Son istək nədir, sən allah!
- Sən mən deyənə qulaq as, sənə nə qədər inandığımı bilirsən...
- Söz verirəm, elə bir şey olsa, sizinkilərə də deyəcəm, - dedi əlacsız şəkildə. Qısamüddətli sükut çökdü araya. Rafiq yenə dostunun fikrini dağıtmaq istədi. - Bu yaxında yaxşı çay verirlər, nərd də var.
- İstəmirəm.
- Necə istəmirən?! Dur, ə, dur, - Rafiq qoluna girib skamyadan qaldırdı Hikmətin alnında puçurlayan təri görəndə. - Sənin nazınla oynadıqca lap ağ edirsən. - Etiraz etmirdi. Rafiq bundan ilham alıb üstə qoydu, onu üzü "Xanbağı"na tərəf darta-darta. - Ölünü özbaşına qoysan, kəfəni cırıb qaçar...
Sol döşünün altından başlayan ağrı ürəyinə sancı versə də, Rafiqin zarafatına laqeyd qala bilmədi. Üzü gülürdü.
- Heç yadıma düşmədi, gəlmişkən gərək ürəyimin kordeqrammasını bir də burada çıxartdırardım.
- Qələtini elə... Gəz, açılacaqsan...
***
Həkim zəng edəndə çoxdan nərdi yarımçıq qoyub artıq xəstəxananın həyətində siqaret çəkirdilər.
- Alo! Həkim, biz burdayıq, indi qalxırıq, - dedi Rafiq, siqaretini barmaqlarının arasına alıb iki metrə o yandakı zibilqabına tolazlayanda. - İkinci mərtəbə? Hə, ikinci mərtəbə, yadımdadır.
Həkim kompüterin qabağında idi. Hikmətin kəlləsinin şəkli də qabağında. Hikmət həyəcanla qapıdan içəri girəndə az qaldı ayağı ilişib yıxılsın. Həkim arxaya çevrilib onun hələ də səndələdiyini görəndə gülümsündü.
- Həyəcanlanmağa ehtiyac yoxdur, - dedi. - Hər şey tərtəmizdir. Gəlin, özünüz də baxın.
Hikmət ürək etmirdi. Əvvəlcə Rafiq yaxınlaşıb baxdı, hər halda bir şey başa düşmədiyi üçün tez də uzaqlaşdı ekrandan.
Dalınca da Hikmət qorxaq addımlarla yaxınlaşdı, uzun-uzadı baxdı. Bir anlıq ona elə gəldi, beyin qıvrımlarından biri fərqli görünür. İstədi şəhadət barmağını uzadıb həkimə göstərsin, fikrindən daşındı.
Bu müddətdə həkimin ürəyi çəkildi.
- Yaman uzun baxdınız, - dedi.
- Üzrlü sayın, doğrusu, heç nə başa düşmədim.
Hikmət geri çəkilər-çəkilməz həkim diski çıxarıb konvertə qoydu.
- İstəsəniz, aparıb rayonda başqa həkimlərə də göstərə bilərsiniz. Onlar da mən deyəni deyəcək, - dedi. - Gül kimi beyniniz var. Heç nəyiniz yoxdur, narahat olmayın!
- Heç miqren də yoxdur? - Nəsə inanmağı gəlmədi.
***
Maşın "Dilbaz" at heykəlinin yanına çatana kimi səssiz-səmirsiz gəlmişdilər Qazaxa. Bu qədər yolu nə Hikmət ağzını açıb bir kəlmə demişdi, nə Rafiq o tərəfə baxıb danışdırmağa çalışmışdı. Qaşı-qabağı yerlə gedirdi, bıçaq vursan, qanı çıxmazdı Hikmətin.
Başını yoldan ayırıb sağa çevirəndə heykəlin həndəvərində yem axtaran göyərçinləri görüb bir az qırışığı açıldı, elə bil:
- Sabah diski də götürüb Bakıya gedirəm, - dedi. Rafiqə tərəf çevrilib qətiyyətlə əlavə etdi. - Bu dəfə tək...
Rafiq dinmədi.
Yeni yığdırılmış sovet maşını ovuna şığıyan ilan kimi şütüyürdü asfalt yolda. Ona elə gəldi, indicə maşın həqiqətən də, bir əfi ilana çevrilib göyərçinləri dənləyəcək. İstədi sükanına əl atıb dayandırsın, ərindi.
Pəncərəyə söykənəndə istəyirdi kəndə qədər gözünü yumub dincini alsın. Başı tərdən islanmış şüşədən sürüşəndə anladı ki, yenə başlandı...
9 iyun 2025-ci il, Qazax
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!