Şəhid Mürsəlin təbəssümü - Alpay AZƏR

“Yaddaş eskizləri” silsiləsindən

2020-ci il oktyabrın 24-ü axşamüstü bibim oğlu Eynur mobil telefonuma zəng edib hüznlü səslə “Mürsəl deyəsən, şəhid olub” deyəndə, ürək döyüntülərimlə beynimdəki uğultu bir-birinə qarışdı. Bibim nəvəsi Mürsəl 44 günlük müharibə başlayanda, səfərbərliyə çağırılmışdı. Namazlarımda hər gün müharibənin qələbəmizlə bitməsini, onun sağ-salamat evə dönməsini arzu etsəm də, həyəcan öz yerindəydi. Eyni zamanda fikirləşirdim, “mən bu qədər həyəcanlıyamsa, gör, ata-anası nələr keçirir?!” Soyuq başsa deyirdi: “bu, müharibədir, hər an hər şey ola bilər”.

Qısa tərəddüddən (Deyim? Necə deyim?) sonra xəbəri evdəkilərə deyəndə, hamı əvvəlcə şok vəziyyətinə düşdü, sonra ağladıq. Axşama yaxın artıq hüzür yerində olan bibim oğlu Eynura zəng etdim: “Biz indi gələk, yoxsa sabah?” – “İndi məsləhət deyil”. – “Telefonu Kamilə ver”. Kamil Mürsəlin atası, həm də mərhum atamın bibisi oğludur. Doluxsuna-doluxsuna nəsə dedim, o isə ağlaya-ağlaya “Belim qırıldı”, dedi, mən yenə nəsə dedim, telefonu ondan aldılar. Sözüm ağzımda qalsa da, anladım ki, düz edib danışığımıza son qoydular. Sonralar düşünəcəm ki, doğmasını itirən adama həddindən artıq təskinlik vermək yersizdir. Həmin vaxt zəng etməyə axı nə ehtiyac var idi, onsuz da sabah ora gedəcəkdik. Telefonu Eynur götürüb dedi ki, Hacı (Sərhəd qoşunlarının istefada olan polkovniki, Kamilin xalası oğlu) Bərdəyə meyitə baxmağa gedib, son ümid ona qalıb ki, bəlkə, kimləsə səhv sala bilərlər. Sonralar həmin müharibədə belə səhvlərin olduğu məlum oldu. Axşam namazında Allaha yalvardım, səhv olsun, hərçənd məndə əminlik varıydı ki, şəhid olan Mürsəldir. Onu da fikirləşirdim, belə düşünməklə başqa bir ailədə ağlaşmaya, dərdə səbəb oluram. Nəhayət, Eynur zəng edib dedi ki, Hacı Bərdədən zəng etdi, şəhid olan Mürsəliymiş.

Həyatda adama adi gələn elə anlar olur, skleroz olmasa, onlar ömrümüzün sonuna qədər yadımızda qalır. 1995-ci ilin isti iyul günlərindən biri idi, tələbəydim, Sankt-Peterburqdan Bakıya yay tətilinə gəlmişdim. Adətən, hər tətildə rəhmətlik Məçi (Məhluqə) nənəmi gedib görürdüm, arada nənəmgillə qonşu olan Sevil bibimgilə baş çəkirdim. Bürkülü bir gün, axşamüstü yenə bibimgildəydim. Bibimin yoldaşı rəhmətlik Telman əmiylə televizora baxa-baxa, nə barədəsə söhbət edirdik, Mürsəlsə şirin yuxudaydı. Birdən onun üzünə təbəssüm qondu, babasıyla mən eyni anda ona baxdıq, Mürsəlin üzündəki təbəssüm bir az da böyüdü, gözlərini yarı açıb, nəsə deyib güldü, Telman əmiylə bir-birimizə baxıb güldük. Düzdür, adamlar bütün yaşlarında yuxularında gülür. Mürsəlin xoşbəxtliklə məsumluğun cəm olduğu təbəssümündə isə sanki “dünyada pislik deyilən şey yoxdur, bütün insanlar safdır” yazılmışdı.

Dəfn günü Dədə Qorqud qəbiristanlığında atam əsa ilə izdihamı yara-yara Mürsəlin nəşinin qoyuldğu Azərbaycan bayrağına bükülmüş mafəyə tərəf tələsirdi. Tutub saxlamaq istəyəndə əliylə əlimi geri itələdi. Qəfil beş-on il öncə 90-cı il Qarabağ müharibəsiylə bağlı atamın mənə dediyi bu sözlər yadıma düşdü: “Bizim qohumlardan o müharibədə şəhid olan olmadı”. O zaman atamın bu etirafına görə qıcıq olmamışdım. Elə indi də mafəyə tərəf gedən atamı qınamırdım, sadəcə, fikirləşirdim, görən, dediyi o sözlər atamın yadına düşür? Rəhmətə gedənə qədər bu məsələni ona xatırlatmadım.

Kamil oğlunun üçündə dərindən köks ötürüb dedi: “Oğlum doğulanda elə bilirdim, daha müharibə olmayacaq. Ümidliydim ki, sülh yolula məsələ həll olunar”. Kamil o günlərdə bəzən kədər emosiyalarına güc gələ bilirdi, bəzənsə yox. Şəhidin anası, bibim qızı Lalə ağrını, acını içindən keçirsə də, təmkinin gücünə özünü toparlayırdı, demək olar, bütün hüzrlərdə mən onda təmkinin emosiyaya qalib gəldiyinə şahid oldum.

Mürsəllə Vətən müharibəsində iştirak etmiş onun taqım komandiri Rüfət Mustafayev deyir: “Onunla müharibədə o qədər doğmalaşmışdım ki, şəhid olanda, elə bildim, öz övladımı itirdim. Ölümündən bir gün əvvəl avtobusla gedəndə bizdən bir az aralı yola mina atdılar, sağ qalmağımıza şükür etdik, yaralanan da olmadı”.

Döyüş yoldaşı Rza Poladı cəbhə marşrutunu belə təsvir edir: “Sentyabrın sonu rabitə taqımımızı Perəküşkül bazasında təlimə apardılar. Sonrakı günlər Horadizdə, Cəbrayılın işğaldan azad olmuş Daşkəsən kəndində olduq. Nəhayət, oktyabrın 23-də Kürdlər kəndinə gəlib çıxdıq. Piyada getdiyimiz yollarda suyumuz qurtaranda, palçıqlı suyu şüşələrə doldurub, içinə xlor atıb içirdik. Biz Kürdlər kəndində olanda, atışma-filan yox idi deyə, elə bilirdik, mina atmazlar”. – “Bəs Kürdlərə çatmamış sizə mina atanda, bomba səsləri eşidəndə qorxu hissi olurdu sizdə?” – soruşuram. “Əlbəttə, qorxunun heç olmaması mümkün deyil. Amma Mürsəl o hissi gizlədə bilirdi, gülürdü, dostlarıyla zarafat edirdi”.

Yaxın dostu Tural Əliyev: “Mürsəllə ilk tanışlığımız 888 saylı hərbi hissədə oldu. Səfərbər olunanlar ora toplaşmışdı. İlk gündən onunla söhbətimiz alındı. Onların qrupuna daxil olanda heç kimi tanımırdım. Mürsəl özü də orda olmağına baxmayaraq, yaxın münasibətdə olduğu dostu yoxuydu. Günü-gündən dostluğumuz möhkəmlənirdi, hələ cəbhə bölgəsinə yollanmamışdıq. Demək olar ki, qardaş kimi yaxın olmuşduq. Həmin gün ilk istirahət günümüzüydü, artıq nahar etmişdik. Təhlükənin nə olduğu ağlımıza gəlmirdi, Mürsəl həmişəki kimi yanımda idi. Həmin gün ailəmizlə danışmışdıq. Anidən partlayış oldu. Düşmən tərəfdən minaatanlardan atəş açıldı. Hər kəs qaçmağa başladı. Onlar qaçanda ikinci dəfə minaatanlardan atdılar, mən göyə qalxıb sürətlə yerə çırpıldım. Gözümü açanda qışqırıq səsləri eşidirdim. Mən Mürsəlin, Fərhadın, Rövşənin yerdə cansız vəziyyətdə uzandığını gördüm. Mürsəl məndən on-on beş metr aralıdaydı, tərpənə bilmirdim, onun adını qışqıra-qışqıra ağlayırdım, elə bilirdim yaralanıb. Məni və İsmayılı xərəklə ordan çıxartdılar. Onun şəhid olduğunu xəstəxanaya çatanda bildim. Allah şahiddir ki, özümçün heç nə istəmirdim, ancaq onun adını qışqırırdım, həkimlər məni sakitləşdirməyə çalışırdı. Bu, həyatda ilk ən böyük itkim idi. Mənim doqquzaylıq bir oğlan övladım var, adını Mürsəl qoymuşam. Evimizdə daha bir qəhrəman Mürsəl böyüyür”.

Hacı deyir ki, Mürsəlin nəşini Bərdədə görəndə, üzündə gərgin bir təbəssüm varıydı. “Ağlaya-ağlaya onu bağrıma basdım, sonra gördüm, gözləri yumuldu, təbəssüm hələ də üzündə qalmışdı, amma gərginlik yox olmuşdu”, – əlavə edir.

Bilmirəm, “Torpağın üzü soyuqdur” məsəli nə dərəcədə düzgündür, çünki insan qəbiristanlığa gedəndə, əlini vurduğu torpaq, məzar daşı qəlbində  əvvəlki istiliyini saxlamasa da, tam soyumur. Amma şəhid qəbirləri heç vaxt soyumur, çünki orda yaranan qürur atmosferinin verdiyi istilik daimi olur.

Mürsəl uşaqlığında yuxuda gülümsədi, yetkinlik yaşında təbəssüm üzündən əskik olmadı. Nəhayət, şəhidlik zirvəsinə ucalanda belə, təbəssümünü bu dünyaya qoyub o biri aləmə köçdü. Elə bilirəm, o dünyada da, Qiyamət günü Allah qarşısında 70 yaxını üçün şəfaət istəyəndə də, təbəssümüylə, nurlu simasıyla ətrafını işıqlandıracaq.

 

26 iyul 2022-5 aprel 2023

Bakı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!