Saqqız (Hekayə) - Ədalət TAHİRZADƏ

 

 

- Allah haqqı, imam haqqı, Ətağa cəddi bu saqqızların ikisini də atam alıb. Dedi ki, birini də Çingizə verərsən.

- Zaur, doğru deyirsənsə niyə and içirsən?

- Səni inandırmaq üçün.

- Yalanına inandırmaq üçün?

- Əşi, sənə bundan sonra yaxşılıq edənin...

Yalanı işə keçməyən Zaur özünü incimiş kimi göstərib velosipedinə minib getdi.

Onlar bir binada yaşayır, məktəbdə bir sinifdə oxuyurdular. Zaurun atası Ruslan böyük bir mağazanın müdiriydi. Hər şeyin talonla verildiyi bir vaxtda aztapılan malları altdan ikiqat-üçqat bahasına satır, pula pul demirdi. Təmtəzə QAZ-24 maşını vardı. Yaşadıqları binada iki il qabaq 4 otaqlı mənzil alıb son dəblə təmir etdirmişdi. Yapon videomaqnitofonunda filmlərə baxmaqçün qonşular tez-tez onlara yığışanda lovğa Ruslanın köksü qabarır, özünü ölkənin birinci katibi yerində hiss edirdi. Ancaq bu "zavmaq"da adamlıqdan əsər-əlamət yoxdu. Fırıldaqçının, kələkbazın, yalançının biriydi. Bir manat qazancından ötrü özgənin min manatını batırar, uf da deməzdi. İstər evdə, istər çöldə ağzından söyüş əskik olmazdı. Çox zaman da rus söyüşləri söyərdi. Doğru deyiblər ki, it, başından ayrı yatmaz. Arvadı "Eleanora xanım" da xasiyyətcə ərindən geri qalmırdı. Üst-başında yarım kilo qızıl vardı. Belə bir "kübar" ailədə dünyaya gəlmiş Zaur ata-ananın tək övladıydı. Ərköyün və ipəyatmaz böyümüşdü. Hər gün ona ən azı beş manat cibxərcliyi versələr də bununla kifayətlənməz, atasının cibindən də xəlvətcə pul çırpışdırar, özünü göstərmək üçün çoxlu saqqız alıb sinif yoldaşlarına paylardı. Bunun üstündə atası ona dəfələrlə qulaqburması versə də anası hər dəfə "qan-qada olmadı, dünya dağılmadı, tifil beş-on manat götürüb də" deyə ona qahmar çıxardı.

Çingizin atası Adil müəllim isə Akademiyada kiçik elmi işçiydi. Aspiranturanı bitirib namizədlik dissertasiyası müdafiə etmiş, evlənmiş, 5 il öncə ailəsini də götürərək Bakıya köçmüşdü. Bir qədər kirayədə yaşamışdılar. Sonra özünün və yoldaşının kənddəki böyükləri birləşib həyətin mal-qarasını sataraq gənc ailəyə şəhərdə 9 qatlı binanın birinci qatında iki otaqlı alababat bir mənzil almışdılar. Təmir etdirməyə gücləri çatmamışdı.

Adil müəllimin maaşı 160 manatdı. Arada-bərədə qəzet-jurnallardakı yazılarından aldığı 50 manata yaxın qonorarı saymasaq ailənin dolanışığı bu 160 manatdan asılıydı. Gənc alim öz sahəsinin ən savadlı və bacarıqlı mütəxəssislərindən sayılırdı. Xarici ölkələrin elmi jurnallarında da məqalələri çıxırdı. Ziyalılar məclisində adı daim hörmətlə çəkilirdi. Ömür-gün yoldaşı Gülər xanım ali təhsilli müəllim olsa da işləmirdi - şəhərdə hələ uyğun iş tapa bilməmişdi. Bir-birini ürəkdən sevən ər-arvad özlərini "boyunduruq yoldaşı" adlandırır, ailə yükünün bütün ağırlığını birgə çəkirdilər. Onlar hər çətinliyə qatlaşır, əl-ələ verib mələk kimi üç balanı böyüdürdülər. Qənaətcil Gülər xanım xərclənəcək hər qəpiyin yerini bilir, ailəni pis-yaxşı dolandırır, dosta-düşmənə möhtac olmağa qoymurdu. Hər iki ailə başçısı hələ kiçiklikdən uşaqlarına halal-haram öyrətmiş, onlarda harama nifrət yaratmışdı. Halal süd əmmiş, halal çörəklə böyümüş uşaqlar da ata-ana əməyinin dəyərini bilir, aza qane olurdular. Beşinci sinifdəki Çingiz onların ilki, ikincidə oxuyan Sevinc ortancılı, hələ bağçaya gedən Toğrul sonbeşikləriydi.

Çingiz çox qaynar, yerə-göyə sığmayan dəcəl olsa da düzgün, gözütox və ürəyiyumşaq uşaqdı. Yalan, söyüş bilməzdi. Əmindi ki, Zaur ona vermək istədiyi saqqızları atasından oğurladığı pullarla alıb və onu da öz oğurluğuna ortaq etməyi düşünüb - atasına deyəcəkdi ki, pulu götürməyi Çingiz təklif edib.

Yeri gəlmişkən, saqqız məktəblərinin yanındakı Məşədi Əzizbəyov heykəlinin dibində satılırdı. (İndi o heykəl Əzizbəyov Azərbaycan xalqının düşməni Şaumyanla əlbir olduğuna görə götürülüb). Burada yaşlı bir qadın bütün günü oturar, məktəb uşaqlarına saqqız və tum satardı. Hamı ona "Tanya xala" deyirdi. Nə millətdən olduğu bəlli deyildi. Kimisi onu rus, kimisi tatar, kimisi yəhudi bilirdi. Türklərlə türkcə, ruslarla rusca, ləzgilərlə ləzgicə, talışlarla talışca danışırdı. Həm çox bahacıl, həm də insafsızdı. Ömründə nisyə mal verməz, dediyi qiymətdən bir qəpik də aşağı düşməzdi. Burası da var ki, ən ətirli xarici saqqızlar, ən seçmə, iri tumlar onda olardı, buna görə Zaur da daxil bütün məktəblilər saqqızı, tumu ondan alardı.

Allah Zaura insaf versin, Çingizin də beyninə saqqız sevdası saldı. Əlbəttə, o, Zaurun verdiyi haram saqqızı almazdı. İş burasındadır ki, özünün də almağa pulu yoxdu. Qiyməti öyrənmək üçün Tanya xalanın yanına getdi. Gözü ən yaraşıqlı bir xarici saqqızı tutdu. "Neçəyədir?" soruşdu. "Bir manat" cavabı aldı.

Bir manat Çingiz üçün böyük puldu. Bu pula 3 çörək düşür, 10 qəpik də artıq qalırdı. Ailənin "xəzinədarı" olan anasından saqqızdan ötrü bir manat istəməyə insafı yol verməzdi. Bəs o pulu necə əldə etsin? Çox fikirləşdi, fikirləşdi, yalnız 50 qəpiyi "tapdı". Hər gün anası ona məktəbə getmək üçün 10 qəpik verirdi - avtobusla gedişə 5 qəpik, dönüşə 5 qəpik. Evləri Yasamalda "Kommunist" (sonrakı "Azərbaycan") nəşriyyatının yanındaydı. Məktəbə getmək üçün nəşriyyatın qabağındakı dayanacaqda avtobusa minərək Əzizbəyov heykəlinin yanında düşür, bu yolla da geri qayıdırdı. Artıq avtobusla deyil, piyada gedəcək, beləliklə, 5 gündə 50 qəpiyə qənaət edəcəkdi. Qalacaqdı 50 qəpik. Əsas məsələ də ikinci 50 qəpiyi tapmaqdı...

 

***

Həyətlərində iri bir xar tut ağacı vardı. Bu il faraş gətirmişdi. Düşündü ki, çıxıb həm özüm yeyərəm, həm də ailə üçün yığaram. Evdən kiçik bir sellofan torba götürüb cibinə qoydu, ağaca dırmaşdı. Xeyli yeyəndən sonra sellofan torbanı da iri tutlarla doldurub astaca aşağı endi. Qapı qonşuları Kərəm kişi dolu torbadakı iri tutları görüb sevindi - həkim ona çoxlu tut yeməyi məsləhət görmüşdü. Çingizə dedi:

- Oğul, həkim mənə tutu dərman deyib. O torbanı mənə satarsan?

- Ayıb sözdür ki, Kərəm dayı. Düzdür, evimizə yığmışdım, ancaq Sizə qismətmiş. Götürün, halal xoşunuz.

- Ancaq mən havayı istəmirəm ha.

Kərəm kişi bunu deyib əlini cibinə atdı, ancaq oradan bir 15 qəpiklik, bir də 5 qəpiklik çıxdı. "Az olsa da götür, halal puldur" deyib Çingizə uzatdı. Götürmək istəmədi, zorla cibinə basdı. Çingiz geri qaytarmadı. İndi 70 qəpiyi oldu.

Ertəsi gün Zaur velosipedin belində yanına gəldi:

- Sürmək istəyirsən?

Öncə "yox" demək istədi. Nə fikirləşdisə cavab vermədən tez velosipedin yəhərinə oturdu. Qonşu məhəlləyədək sürdü. Burada oğlanlar oynayırdılar. Biri Çingizə yaxınlaşıb dedi:

- Qaqaş, 15 dəqiqə sürməyə nə qədər verim?

- 20 qəpik.

- Ata canı cəmi 10 qəpiyim var.

Çingiz bilirdi ki, yalan deyir, çünki pulu olmayan velosiped sürmək istəməz. Özünü o yerə qoymadı:

- Yaxşı, ver gəlsin.

Ondan pulu alıb uzun müddət ovcunda saxladı. Bu 10 qəpik onu saqqıza daha da yaxınlaşdıracaq, cibində 80 qəpiyi olacaqdı.

Oğlan bir dövrə vurub velosipedi qaytardı, Çingiz də sağ-salamat Zaura təhvil verdi.

Aradan üç gün keçmiş, ancaq Çingiz çatmayan 20 qəpiyi hələ də toplaya bilməmişdi. Düşünürdü ki, yaşım çatsaydı fəhləlik edib qazanardım. Bir ara hətta saqqızdan vaz keçmək fikrinə düşdü, ancaq uşaq nəfsi bu qərarını üstələdi.

Məktəbdən yenə piyada qayıdırdı. Gördü ki, Politexnik İnstitutla üzbəüzdəki "Ceyran" kafesinə bitişik binanın sol qanadında bir kişi həyətdə üst-üstə yığılmış taxtaları bloka daşıyır. Kişinin alnından tər damlayırdı. Yorğunluqdan az qala ləhləyirdi. Ona yazığı gəldi. Yaxınlaşıb köməyini təklif etdi. Adam 12 yaşlı uşağa baxdı, ağlı bir şey kəsməsə də ağızucu "buyur" dedi.

Üç metrlik taxtaları beşinci qata çıxarmaq lazımdı. Orada qapı taybatay açıqdı. İçəridə beş otaq görünürdü. Hamısı da təmirə gərəkli materiallarla doluydu. Sən demə, kişi fəhlə yox, bu mənzilin yiyəsiymiş. İmkanlı olsa da varyeməz adamdı, çünki pulu çıxmasın deyə taxtaları daşımağa fəhlə də tutmamışdı.

Çingiz altıncı taxtanı yuxarı qaldıranda artıq taqəti qalmamışdı. Ayaq üstə güclə dururdu. Qapının ağzında dayanmış kişiyə: "Dayı, Allah mübarək eləsin. Daha mən gedim", - deyə əlini uzadıb sağollaşdı. Bu zaman ovcunda dəmir soyuqluğu hiss etdi. Əlini açanda bir 20 qəpiklik gördü. Soruşdu:

- Bu, nədir?

- Fəhlə pulundur də. Fəhləyə verəsi pulu sənə verirəm.

Otaq sanki Çingizin başına fırlandı. Yazığı gəldiyi bu kişiyə təmiz ürəklə, sadəlövhcəsinə kömək etmək istəmişdi. O isə nəinki bu köməyi insanca qiymətləndirmir, hətta uşağı işlədib zəhməthaqqını verməməsindən, onu "hərifləməsindən" ləzzət alırdı. Çingiz bir istədi ki, pulu onun sifətinə çırpsın. Özünü saxladı. Təkcə bunu deyib otaqdan çıxdı:

- Mən sənə insan kimi kömək etdim. Sənin insanlığınsa bu 20 qəpik qədərmiş!

 

***

Artıq həftə bitmiş, manat düzəlmişdi. Çingiz qonşu mağazaya gedərək bütün xırdaları verib əvəzində dəmir manatlıq almışdı. Leninin 100 illik yubileyi münasibətilə 1970-ci ildə buraxılan bu pulun üstündə "dahi rəhbər"in böyük keçəl başı təsvir olunmuşdu. Çingiz 6-cı dərsin bitməsini həsrətlə gözləyirdi. Zəng vurulan kimi çantasını qapıb Əzizbəyov heykəlinin yanına cumdu. Tanya xala oradaydı. Çatıb şəstlə manatlığı onun qabağına qoydu. "Bu saqqızı ver" deyə "gəl-gəl" çağıran xarici saqqızı göstərdi. Qadın manatlığa işarə edib soruşdu:

- Bu, nədir, bala?

- Pul.

- Nə pulu?

- Saqqız pulu.

- Bu pula sən göstərən saqqız düşmür.

- Axı keçən həftə dediniz ki, bir manatadır.

- O, keçən həftəydi, indi qiyməti qalxıb, manat yarım olub.

Çingizin başına sanki bir qazan qaynar su tökdülər. Axı o, bu bir manatı düzəldənədək nə zülmlər çəkmişdi! Bir həftə evdən məktəbə, məktəbdən evə piyada gedib-gəlmişdi. Çatmayan 50 qəpiyi əldə etmək üçün nələrə dözmüşdü! İndi bu qədər zəhməti havaya gedir, ondan, əlavə 50 qəpik də istəyirlər. Nifrətlə əlindəki dəmir manatlığa baxdı, "sənin dəyərin bir saqqız belə etmirsə nə Leninsən?" deyə hirsini keçəl kəlləyə tökdü.

O, Tanya xalanı nə qədər yumşaltmağa çalışsa da arvad tovlağa gəlmədi. Gördü ki, dediyi qiymətdən bir qəpik də enməyəcək. Birdən pulu onun üstünə tullayıb, seçdiyi saqqızı qapdı və ildırım sürətiylə Cəfər Cabarlı kinoteatrına (indi orada "Speys" televiziyası yerləşir) doğru qaçdı. Həyəcandan az qala ürəyi ağzına gələcəkdi. Düşündü ki, yəqin indi Tanya xala haray-həşir salıb, milisləri yardıma çağırıb və onlar da oğrunun dalınca düşüb qovurlar. Buna görə arxasına belə baxmadan, bir saniyə də dayanmadan özünü kinoteatrın çöl hasarına yetirdi. Ora çatanda çevrilib arxasına boylandı. Qovub-eləyən yoxdu, heç milis də gözə dəymirdi. Hərə öz işindəydi. Kinoteatr hasarının səkisində oturub nəfəsini dərdi. Hələ də bərk tövşüyürdü. Boğazı tamam qurumuşdu. Susuzluqdan yanırdı. Cibini eşələmədi, çünki orada bir qəpiyin də olmadığını bilirdi. Bu zaman səkinin obiri başında yarımçıq su şüşəsi gördü. Ətrafa boylana-boylana gedib şüşənin yanında durdu. Ona baxan yoxdu. Suyu götürüb başına çəkdi, bir az özünə gəldi.

Burada yarım saatadək oturdu. Sonra durub gəzişməyə başladı. Əlini cibinə salanda barmaqları saqqıza dəydi. Çıxarıb baxdı. Saqqızı açıb ağzına aparmaq istədi. Bu zaman sanki kimsə əlini tutub saxladı. Vicdanıyla nəfsi arasında gərgin savaş başladı. Vicdanı dedi:

- Çingiz, ağlını başına topla. Nə etdiyindir?! Axı sən bu saqqızı yaşlı bir qadından oğurlamısan. O, sənə haramdır.

Nəfsi geri çəkilmədi:

- Niyə haram olur ki? Axı ona pul vermişəm.

- Elədirsə niyə alıb qaçırdın?

- Qadın verməyəcəkdi deyə.

- Ona görə verməyəcəkdi ki, onun dediyi qiymətlə razılaşmadın.

- Axı o, insafsız qiymət dedi. Bir saqqızı da manat yarıma satarlarmı?

- Bu, onun günahıdır və sənin oğurluğuna əsla haqq qazandırmır. Saqqızı təcili qaytarmalısan.

Bu savaşda vicdan nəfsə üstün gəldi. Saqqız qaytarılası oldu.

Çingiz səkinin üstündən düşüb heykələ sarı üz tutdu. Tələsmədən irəliləyirdi. Tərəddüddəydi. Tanya xalanın onu necə qarşılayacağını bilmirdi. Onu görüncə qışqırıb-bağıra, "oğrunu tutun" deyə şivən sala, milis çağıra bilərdi. "Nə olar olar" deyə özünə təskinlik verərək addımlarını yeyinlətdi. Gəlib düz qadının qarşısında durdu. Dik gözlərinin içinə baxdı. Qadın onu belə görüncə təəccübdən ağzı açıla qaldı. Yarım saat öncə saqqızını alıb qaçmış oğlan indi onun qarşısında sanki heç nə olmamış kimi dururdu.

Çingiz saqqızı cibindən çıxarıb Tanya xalaya uzatdı. İncik səslə, bir qədər də amiranə dilləndi:

- Al saqqızını, qaytar pulumu.

Gözləyirdi ki, arvad sevinəcək, tez saqqızı götürüb keçəl başlı pulu ona qaytaracaq. Ancaq belə olmadı. Çingizin nə mənəvi əzablar çəkdiyinii üzündən oxuyan qadın saqqızı yüngülcə geri itələdi və dedi:

- Saqqız sənin, pul mənim olası oldu.

- Niyə belə? Axı 50 qəpiyim çatmır.

- O da sənin kekilinə qurban. Apar, halal xoşun.

- Yox, mənə nəzir gərək deyil.

- Oğul, vallah-billah nəzir vermirəm. Sən ki bu yaşda halalı harama qurban vermədin, apardığın saqqızın haram olduğunu dərk etdin, o 50 qəpik sənin halalındır! Nə zaman istəsən gəl, o saqqızı sənə manatdan verəcəyəm.

Çingiz inad göstərmək istəsə də, Tanya xalanın səmimiliyinə tam inandı. Bu səmimiyyət qarşısında geri çəkildi. "Çox sağ olun. Allah razı olsun" deyib heykəldən uzaqlaşdı. İncəsənət məktəbinin yanındakı dayanacağa çatanda kağızı açıb saqqızı ağzına apardı.

 

Gerçəkdən dadlı saqqızmış! Düz bir həftə çeynədi...

 

03.09.2025

Xırxatala

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!