Özümə söz vermişdim ki, daha onlayn alış-veriş etməyəcəyəm. İnternet üzərindən hansısa mağazaya daxil oldunsa, bir də onda ayılırsan ki, dəyərli vaxtın və kifayət qədər pulun yoxa çıxıb. Əslində onlayn alış-veriş də pis vərdişlərdən biridir, birinci istifadədən sonra mütləq ikincisi, üçüncüsü olur və insanda bağlılıq yaranır.
Lənətə gəlsin! "Trendyol"dan yenicə qurtulmuşdum, indi də "Temu" çıxdı qabağıma. Heç olmasa, "Trendyol" Türkiyənindir, beş malı zay gəlsə də, biri isbatlı olur. "Temu" isə birbaşa Çinin alış-veriş məkanıdır. O ölkənin mallarını gözlə görüb, əllə toxunanda ehtiyatlı olursan ki, aldanmayasan, o da qala görüb-yoxlamadan nəsə alasan. Söz, "Temu"dakı 33 manatlıq malım gəlsin, daha heç nə sifariş etməyəcəyəm!
Telefonumu açıb "Temu" alış-veriş mərkəzinin saytına daxil oldum və saytın müştəri ilə müqaviləsini bir daha gözdən keçirdim. Dönə-dönə qeyd edirdilər ki, malın bir ay ərzində sənə çatmasa, pulun kartına qayıdacaq. Fikir məni apardı ki, ay yarımdır nə malımdan, nə də pulumdan bir xəbər yoxdu. Onlayn mağazanın əlaqə bölümünə keçərək şikayətimi bildirdim, hətta "Sizi məhkəməyə verəcəm, siz mənim pulum üzərindən qazanc əldə edirsiniz!" - deyərək, onları təhdid də etdim. Gülmək məni tutmuşdu, öz-özümə pıçıldadım ki, 33 manatımla ha, mənim 33 manatımı dövriyyəyə buraxıb pul qazanırlar. Yaxşı ki, "Temu"nun operatoru ilə sadəcə mesajlaşırdım, səsli danışıq olsaydı, qəhqəhəmi eşidib, ciddiyyətimə şübhə edəcəkdi. "Tək mən deyiləm axı, gör neçə minlərlə, bəlkə də yüz minlərlə mənlər var, hərənin cəmi 33 manatını ləngidib dövr etdirsələr, xeyli puldu", düşünərək, şikayətimə davam elədim. Bir müddət sonra bank kartıma bildiriş gəldi ki, bəs, "Temu" 33 manatını geri qaytarıb. Elə bu vaxt qapım da döyüldü, kuryer idi, "Temu"dan sifariş etdiyim malları gətirmişdi. Həm pul, həm də mal, ikisi bir gündə gəlmişdi. Heç nə demədən malları götürdüm. Pulu kuryerə iadə edəsi deyildim ki?..
Bağlamanı açdım, sifarişim olduğu kimi çatdırılmışdı. Keyfiyyətdən bəhs etmirəm, Çindən gəldiyini gözə alaraq sifariş eləmişdim. Onsuz da dolabımda onlayn alış-verişlərin bəhrəsi, həqiqətlə fotodakının tam əksi, arxadan pioner, üzdən "pensioner" o qədər paltar var ki... Nə isə... malları yerbəyer elədim. Amma ürəyim rahat deyildi, özümü "Temu"ya borclu sayırdım və bu borcu necə qaytaracağımın yollarını arayırdım. Düşündüm ki, ən yaxşısı, yenidən 33 manatlıq mal sifariş edim. Gəlsə də, gəlməsə də, borcumdan çıxmış olaram. Və sayta daxil olaraq bir neçə saatımın bədəliylə 33 manatlıq mal sifariş elədim...
Bu yay havalar yaman isti keçir. Əslində hər il belə olur, sadəcə, fəsil dəyişəndə deyinməyimiz adətdəndir. Mən şair Musa Ələkbərlinin ən qiymətli əşyası kitabdan ibarət olan balaca ofisində havanı yıxıb-sürüyürəm, şair də təsdiqləyirdi. Həlim xasiyyətli, heç kimi incitməyən, oturuşu-duruşu, davranışı səmimiyyətin özü olan şair mənim dediklərimlə birə-bir razılaşırdı. Hərdən başımızı qaldırıb pəncərəyə bərkidilmiş, canının yarısı eşikdə, yarısı da içəridə, ləhləməkdən boğazı gərləşən "Sovetski kondisioner"ə baxsaq da, gileyimizə xitam vermirdik. Şairin iş masasına, kompüterlərin yan-yörəsinə, pəncərələrin qarşısına səpələnmiş kitab-dəftərlərin səhifələri də kondisionerin havası dəydikcə bizim qeybətə qoşulurmuş kimi yerində qurcalanırdı. Ən az 60 yaşı olan kondisioner isə nə havalardan, nə də onu əldən salmış qocalıqdan şikayət etmədən işini görürdü. Qəribədir, indiki kondisionerlərin dərəcəsini salanda xəstələnirsən, qaldıranda istidən nəfəsin kəsilir. Altmış il papiros çəkən, sinəsi tütündən qat bağlayan qocalar kimi illərin toz-torpağı ilə dolu kondisioner isə bu illər ərzində tövrünü pozmadan çalışırdı - dondurmadan, yandırmadan...
- Rayona gedəsiyəm, yaman gözümə durub, - şair könülsüz və yorğun halda dedi.
- Şair, bu istidə necə gedəcəksiniz o uzaqlıqda yolu? - soruşdum.
- Birtəhər getməliyəm, yas yeri var.
- Zəng edin, başsağlığı verin və rahatsız olduğunuzu deyin, belə havada yola çıxmayın.
- Yaxın adamım rəhmətə gedib, mütləq getməliyəm.
- Allah rəhmət eləsin! - dedim və susdum.
- Sürət qatarı ilə getmək istəyirəm, deyirlər, o rahatdı. Dəllərə qədər gedərəm, oradan da maşın taparam.
- Olar, Şəmkirin dördyolundan Gədəbəyə hər dəqiqə maşın çıxır.
- Gərək gedim vağzaldan bilet alım.
- Nə vaxt gedirsiniz, şair?
- Ayın 13-ü, səhər obaşdan getsəm, 14-ü yasa çataram...
Çöldə ən azı 40 dərəcə istilik var idi. Şairə qıymadım ki, belə istidə dəmir yoluna getsin. Dedim:
- Şair, gəlin onlayn sifariş edək, ora getməyə nə ehtiyac?
Sevincək soruşdu:
- Onlayn... telefonla, eləmi? Nə yaxşı olar...
Doğrusu, heç vaxt qatara bilet almamışdım, həm də onlayn. Telefonu açdım və araşdıraraq Azərbaycan Dəmir Yollarının saytını tapdım. Qeydiyyatdan keçdim, sonra şairlə birlikdə oturacaqları və qiymətləri araşdırmağa başladıq. Qiymətlər yerə və xidmətə görə 15-100 AZN arasında dəyişirdi. Şair 33 AZN-lik yeri seçdi. Pul ödəmək bölümünə çatanda baxdım ki, kartımda 33 manat yoxdur, şair də sağ olsun, kart işlətmir ki, onun kartından istifadə eləyim...
Pəncərədən çölə boylandım, bircə ağac tapmadım ki, görüm, bircə yarpaq tərpənirmi? Yəni meh varmı, çölə çıxsam, nəfəsim kəsilməz ki?! Həyətdəki adamların qaş-qabağından, tələsik yerişlərindən, hərdən dayanıb boş əlləri ilə özlərini yelpikləmələrindən hiss elədim ki, çölə çıxılası deyil. Şairə də söz vermişdim, axı... Dedim:
- Şair, kartda pul yoxdur, gedim aparat tapım, karta pul yükləyim. - Düzü, kartımda 33 manatın olmadığı məni utandırdı, tələm-tələsik əlavə elədim: - Bilirsiniz də, ölkənin birinci bankı mənə pul atdı. Ondan sonra gözüm qorxub kartda pul saxlamaqdan...
- Necə yəni "atdı?" Nə oldu ki? - şair təəccüblə soruşdu:
- Uzun məsələdir, şair. Qısaca danışım, bir qohumum evindən köçürdü və paltaryuyan maşınını mənim dostumun iş yerinə qoydu ki, bəlkə müştəri tapıb satdıq. Mən paltaryuyanın şəklini onlayn satış saytlarından birinə yüklədim, altına da qiymətini yazdım. Aradan 20 dəqiqə keçməmiş telefonuma Rusiya nömrəsindən zəng gəldi. Bir qadın maşını almaq istədiyini bildirdi və pulunu yükləmək üçün məndən bank kartı istədi. Düşündüm ki, fırıldaqçı olar, kartımdakı pula müdaxilə eləyər. Ona görə də dostuma zəng edib dedim ki, səndəki boş kartın şəklini o qadına at, həm də maşın sənin iş yerindədir, elə sənlə əlaqə saxlayıb, götürərlər. Dostuma dönə-dönə tapşırdım ki, nəbadə, əlavə məlumat verəsən, internet fırıldaqçı ilə doludur. Dostum maşın almaq istəyən qadınla əlaqə saxlayar, telefonda xeyli söhbət edərlər, qadın dostumun boş kartının məlumatları ilə bizim birinci bankın aplikasiyasına daxil olar və oradan dostumun adında olan iki min manatı çıxarar.
- Necə yəni, "çıxarar?" - şair həyəcanla soruşdu.
- Dostumun adına içində pul olan başqa bir kart var imiş...
- Başqa kartdan necə çıxarıb, axı, bank qoruyur kart məlumatlarını...
- Şair, görünür ki, bank yaxşı qorumur, ya da elə bank əməkdaşlarının əli var bu işdə. Eh, şair, belə cinayət bir deyil, beş deyil, camaatın yüz minləri gedib e, bu yolla... - deyərək əlimi havada yellədim.
- Polisə şikayət etmədiniz? - şair soruşdu.
- Əlbəttə, etdik. Elə onda bildik ki, gündə onlarla adam belə şikayətlə polisin qapısını döyür. İşə bax e, banklar qazanır, vətəndaş pul itirir, polis isə işi-gücü yoxmuş kimi kibercinayətlə məşğul olur...
- Kibercinayət nədir? - şair sual dolu baxışlarını mənə zillədi:
- Kibercinayət - internet üzərindən adamların canına, malına, puluna qəsd edilən cinayət növüdür. Onlayn şəkildə adamlarla əlaqə qururlar, müxtəlif cinayətlər üçün, məsələn, terror, soyğunçuluq, killerlik, insan alveri, narkokuryerlik və bu kimi əməllərin həyata keçməsində istifadə eləyirlər, azyaşlıları intihara sürükləyirlər, insanların banklardakı pulunu, malını ələ keçirirlər.
- Bəs sonra necə oldu? Polis tapdı fırıldaqçıları?
- Araşdırır. Hətta Daxili İşlər Nazirliyi səviyyəsində kibercinayətkarlığa qarşı qurum da yaradılıb. Belə cinayətlər dünyanı başına götürüb. Mən bu hadisədən sonra sosial şəbəkədə məsələni ictimailəşdirdim. Yüz minlərlə adam mənə qoşuldu və eyni bankda, eyni hadisənin başlarına gəldiyini yazdı. Məncə, polis ilk olaraq həmin bankı araşdırmalıdır...
- Elə yaxşı ki, kartdan istifadə eləmirəm, - şair əsəbi səslə dedi.
- Elə o gündən sonra mən də karta pulu yalnız lazım olandan-olana qoyuram. Nə isə, şair, gedim karta 33 manat yükləyim, sonra bileti sifariş eləyək.
Şair mənə 33 manat verdi və yaxınlıqdakı "Milliön" aparatından kartıma pul yükləyib, döndüm şairin sərin otağına. Bütün əməliyyatı yenidən təkrarlayaraq bilet sifariş eləməyə çalışdım. "Bilet al" bölümünə çatanda telefonumdakı internet paketim bitdi. Əməllicə pərt olmuşdum. Yeni internet paketi almaq istədim, balansımda kifayət qədər məbləğin olmadığını gördüm. "Əstəğfürullah! Bu nədir başıma gəlir?" - pıçıldadım. "Bu istidə bir də eşiyə çıxım?" Bir dostum ağlıma gəldi, ona zəng etdim ki, mənim telefonuma iki manat qoy, mən sənə verərəm, indi vacibdir. Bir az sonra telefonuma mesaj gəldi ki, nömrəmə 18 manat pul yüklənib. Dostuma dedim, axı səndən cəmi iki manat istədim. Cavab verdi ki, əlim dəydi, səhv getdi. Nə isə, "yanlış da bir naxışdır", düşünərək internet paketi götürdüm. Şair səbirsizliklə bilet gözləyirdi, yenidən bilet almaq əməliyyatına başladım, yenidən qeydiyyat, yenidən Musa Ələkbərovun şəxsiyyət vəsiqəsinin məlumatları, yer seçmək və s. təkrarlandı. "Bilet al" bölümünə çatanda dəmir yolunun saytı işləmədi. Mənə bir istilik gəldi ki, sovetin zəhmətkeş kondisioneri də havamı almaqda çətinlik çəkdi. Özümü tox tutmağa çalışdım və sayta daxil olmaq üçün təkrar-təkrar cəhdlər elədim. Tam bir saatdan sonra sayt açıldı. Yenidən qeydiyyat, yenidən Musa Ələkbərovun şəxsiyyət vəsiqəsinin məlumatları, yer seçmək və s. təkrarlandı. "Bilet al" bölümünə çatanda telefonumun enerjisi bitdi...
Sakitcə yerimdən qalxaraq kondisionerin qabağına keçdim.
- Oldumu, düzəldimi bilet? - şair nigaran halda soruşdu.
- Yox, şair, olmadı. Telefon söndü. - Hirsimdən və bacarıqsızlığımdan az qalırdım ağlayım. Ürəyimdə deyinməyə başladım: "Sənin bu çoxbilmişliyin, adamlara yardım etmək istəyin, hər yerə burnunu soxmağın nə qədər davam eləyəcək? Bu yaxınlarda itirdiyin iki mini unutdun? Hələ də dostunun üzünə baxa bilmirsən. Nə olsun ki, dostun pulu səndən istəmədi, sənin ucbatından oldu də, ödəməlisən xalxın pulunu. İndi də belə... Sən bilet alan olmusan?" Amma onu da deyim ki, özümə ləzzət edən bir xasiyyətim də var, nə qədər böyük səhv eləsəm də, hərləyib-fırlayıb özümü haqlı çıxarıram. Yoxsa, vicdan əzabı məni çoxdan öldürmüşdü. Elə bank hadisəsində də özümə haqq vermişdim, dostum gözüaçıq olmalı idi. Mən ona dönə-dönə tapşırmışdım ki, ehtiyatlı ol.
- Canın sağ olsun, eybi yox, gedib vağzaldan alaram, - şair mənə təskinlik verməyə çalışdı.
Halsız şəkildə dedim:
- Şair, gedim evdən telefonu zaryadkaya qoyum, sonra sifariş edib, biletin PDF-ini sizə ataram.
- Sən Allah, özünü yorma, qoy qalsın, - deyərək, şair təkid eləsə də, razılaşmadım. İsti başımdan döyə-döyə evə gəldim və telefonu şarja qoşdum. Telefon açılan kimi Dəmir Yolunun saytına daxil olaraq əməliyyatı təkrarladım, həyəcanlı idim, tezcə bilet alıb şairə göndərmək üçün tələsirdim. Yenidən Musa Ələkbərovun şəxsiyyət vəsiqəsinin məlumatları, yenidən yer seçmək və s. təkrarlandı. "Bilet al" bölümünə çatdım və tıkladım. Telefonun ekranında "Əməliyyat uğurla başa çatdı" yazısını oxuyanda çox sevindim. Nəhayət, əməliyyat uğurla başa çatmışdı. Şükr edərək, e-mailimə gələn onlayn biletin PDF-ini telefona yüklədim ki, şairin vatsapına göndərim. Bütün günün əziyyətinin bəhrəsi idi bu bilet. İçimdəki rahatlığa sevinə-sevinə biletə göz yetirdim. Bəh-bəh, onlayn bilet necə səliqəli idi. Ləzzət ala-ala oxumağa başladım, Bakı-Dəllər sərnişin qatarı filanıncı vaqon, filanıncı yer... birdən gözüm qatarın çıxış saatına sataşdı - 18:00. Gözlərimə inanmadım, bir də oxudum, bir də, bir də... Bəli, mən səhər 8:00 əvəzinə, axşam 18:00 reysini seçmişdim. Bir müddət yerimdəcə donub qaldım. Özümə gələndən sonra şairə zəng elədim, utana-utana:
- Musa müəllim, siz mütləq səhər tezdən getməlisiniz? Bəlkə axşam reysi ilə gedəsiniz, hava da sərinləyər, - dedim.
Cavabı qısa və qəti idi:
- Yox, İradə xanım, səhərə alın, gecəyarı Gədəbəy yolunda qalmayım, - dedi.
Zəng başa çatandan sonra üzgün halda dəmir yolunun qaynar xəttinə zəng elədim. İncəvara, tez cavab verdilər, gözləməyə səbrimmi var idi? Nəzakətli operator qaytarmanın mümkün olduğunu söylədi. Onu da əlavə elədi ki, sizin puldan xidmət haqqı tutulandan sonra qalıq pul üç iş günündə kartınıza qayıdacaq. Operatorun nəzakətindən istifadə edərək soruşdum:
- Sizin sayt niyə tez-tez işləmir? Bu gün saatlarla sayta daxil ola bilməmişəm.
- O bizim saytın deyil, sizin brauzerin problemidir, elə olanda başqa brauzerə keçid edin, zəhmət olmasa.
Ürəyimdə "yaxşı mənə başa saldınız, bəs hər gün yüzlərlə bilet almaq istəyən, əziyyət çəkən adamlar hardan bilsin ki, brauzeri dəyişməlidir?" desəm də, nəzakətli operatorla sağollaşdım.
Qaytarmaqdan başqa əlacım yox idi. Düşündüm ki, çıxıb yaxınlıqda aparat taparam və karta yenidən 33 manat vuraram. Qaytarma əməliyyatını birtəhər başa çatdırdım. Şükürlər olsun ki, pul elə həmin an kartıma qayıtdı, aparatdan pul yükləməyə ehtiyac qalmadı. Yenidən dəmir yolunun saytına daxil oldum və yenidən Musa Ələkbərovun şəxsiyyət vəsiqəsinin məlumatlarını yüklədim, yenidən yer seçdim, "Bilet al" bölümünə çatanda məlum oldu ki, həmin günün biletləri bitib. Əsəbdən əllərim titrəyirdi, yenə də deyinməyə başladım, "sənə qalıb yaxşılıq? Oturardın də, oturduğun yerdə! Şair nə fikirləşəcək? Deməzmi, bu qız pulu kartına yükləmək üçünmü oyun çıxarırdı? Mən indi şairə necə anladım ki, bilet qurtardı?" Peşmanlıq hissi məni bürüsə də, özümü ələ almağa çalışırdım. Onu da deyim, etdiyim ən böyük səhvə görə belə peşman olmuram. Etdiklərimin deyil, etmədiklərimin peşmançılığı məni daha çox yandırar. Özümü danlaya-danlaya, xəcalət çəkə-çəkə yenidən şairə zəng etdim:
- Musa müəllim, olarmı ayın 14-ü, səhər tezdənə alım bileti?
- Yox, yox, o çox gec olacaq. Yasa çatmaram, axı... - Şairin budəfəki cavabı daha ağır oldu.
Asta səslə:
- Şair, həmin saata biletlər bitib... - dedim.
- Onda alma, başqa vaxta lazım deyil. Eybi yox, yol maşını ilə gedərəm, - deyən şair, halımdan anlamasa da, həmişəki həlimliyi ilə cavab verdi.
Şairin həlimliyi mənə zülüm kimi göründü. Ürəyimdə, "bu Musa Ələkbərlinin zalımlıq damarı məni gördü elə bil. Başqa vaxt hamıyla razılaşan, kimsəni incitməyən adam indi "Nuh deyir, peyğəmbər demir". İnsafın olsun, adam, görürsən ki, dardayam", - desəm də, dilimdə: - Şair, yenə tez-tez baxacam, ola bilər ki, kimsə həmin saata qaytarma-filan edər, onda alacam və bileti sizə atacam, - dedim.
Gecəni səhərə qədər yatmadım, "bu nə iş idi başıma gəldi? Niyə, axı, niyə? Nə günah işləmişdim ki, şairin yanında üzüm qara oldu?" - düşüncələri məni sakit buraxmırdı. Səhər tezdən telefonuma gələn mesaj səsinə oyandım. "İradə, Musaya bilet alma, mənim maşınımla gedəsi olduq". Şairin dostu Çingiz Abbasov Xızır kimi dadıma yetişmişdi. Ürəyimdə Abbasova alqış eləyə-eləyə şairi yığdım:
- Şair, Çingiz müəllim dedi "bilet alma..."
- Hə, onunla gedəsi oldum...
- Bu gün işə gedəcəksiniz? - soruşdum.
- Bilmirəm, bəlkə getdim, - dedi.
- Hə, mən də gələcəm, pulunuzu verərəm...
- Ay qız, lazım deyil, biletin puluydu o, onsuz da pulsuz gedirəm. Xərclə, halalın olsun, - dedi.
Hə, əvvəldə deməyi unutdum, bizim şair həm də səxavətlidir. Hər ay təqaüdünü alanda mütləq kiminləsə bölməlidir. Bu dəfə də mənimlə bölmək istəyirdi.
- Yox, ay Musa müəllim, nə danışırsınız, pulunuzu qaytaracam, - dedim.
- Vallah, üzünə baxmaram, qızım, sənə dedim ki, o pulu sənə halal edirəm. Nə fərqi var, elə bil ki, bilet almısan, - deyərək, sağollaşıb telefonu qapatdı.
Öz-özümə danışmağa başladım, 33 manatda nəsə hikmət var. Mən 33 manatlıq nə iş görürəmsə, pul hərlənir-fırlanır, yenə də üstümə gəlir. Elə bu düşüncədəydim ki, telefonuma "Trendyol"dan mesaj gəldi, 20 faizlik yay endirimlərinə start verilmişdi. Çoxdan idi onlayn dükandakı səbətimdə yataq üçün çarşaf dəsti saxlayırdım. Endirimi gözləyirdim ki, sifariş edim. Saytı açıb çarşaf dəstinin qiymətinə baxdım, 41 manatdan 33 manata düşmüşdü. Çaşıb qaldım, yenə 33 manat! Kartımdakı 33 manat yadıma düşdü və sevincək halda dəsti sifariş elədim...
16.07.2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!