Əvvəli ötən saylarımızda
Sərçə
Ordu dincələ-dincələ iki gün yarım yol gedir. Üçüncü günün axşamına yaxın bir şəhərə çatırıq. Şəhəri təpələrin üstündə, hündür yerdə salıblar, ətrafına hündür qala divarları çəkiblər. Təpəliyin ətəklərində isə bir neçə kənd görünür.
- Bura haradı? - Qarğa nənədən soruşuram.
- Bura Şamaxı şəhəridi, - deyir. - Burda yaşamışam haçansa...
Kərkəs də gəlib yanımızda oturur. Bir müddət əsgərlərin yerbəyer olmağına baxırıq. Əsgərlərin əsas işi yeməkdi, hara çatdılar mal-qara kəsib bişirirlər. Bir də parıldayan uzun şeyləri daşa çəkib itiləyirlər, nazik çubuqların ucuna dəmir bağlayırlar. Ordunun axırında bir-birinə bağlı gətirdikləri adamların əllərini açırlar. Onlar alaçıqları qurmağa başlayır. Bu adamlar ordudakı əsgərlərə oxşamır, paltarları da bizim yerin paltarları kimidir.
- Onlar kimdi? - kərkəsdən soruşuram.
- Onlar əsirlərdi. Ordu işğal etdiyi yerin camaatından çoxlu əsir götürür. Əsirləri ağır işlərdə işlədirlər. Alaçıqları onlara qurdururlar, mancanaqları onlara daşıtdırırlar.
- Nə üçün elə? - soruşuram.
- Əsgərlər yorulmasın, döyüşməyə gücləri olsun.
Qarğa nənə durub uçmağa başlayır. Kərkəslə mən də ona qoşuluruq. Yaxınlıqdakı kəndə gəlirik. Kənd bomboşdu, heç kim yoxdu, heç it-pişik də gözə dəymir. Evlərin bacasından tüstü çıxmır.
- Camaat hanı? - soruşuram.
- Yəqin, şəhərə qaçıblar. - Kərkəs deyir. - Xəbər tutub qaçıblar.
Yaxınlıqda görünən başqa kəndlərə də baş çəkirik, hər yerdə eyni şey. Monqol əsgərləri də dəstə-dəstə kəndlərə soxulur, heç nə tapmayıb kəndləri yandırırlar.
Qaranlıq düşəndə ordugaha qayıdırıq. Kərkəs o biri kərkəslərə qoşulub içalatı dimdikləyir. Bizi də çağırır, ancaq getmirik. Mən içalat yemirəm, Qarğa nənənin də iştahı yoxdu.
Qarğa
Olan-qalan tüklərimi qabardıb budaqda otururam. Sərçə də yanıma soxulur. Bu quşbaş məndən əl çəkmir də. Beyinsiz sərçəbaş!
Əsgərlər alaçıqların arasında böyük tonqallar qalayıblar. Yeyib-doyandan sonra bəziləri alaçıqlara çəkilib yatır. Bəziləri isə meydançaya yığışır. Burda çalğıçılar təbillərə vurur, bir-ikisi də uzun taxtaların üstündəki nazik simləri dingildədir. Maraqlı səs çıxır, heç vaxt belə şey eşitməmişəm. İki-üç adamı ortaya salıb oynadırlar. Əsgərlər də onlara qoşulur. Gecənin bir aləminə qədər oynayıb yorulurlar. Sonra hamı alaçıqlara çəkilib yatır.
Mən də gözlərimi yumuram ki, bəlkə çimir ala bildim.
- Qarğa nənə...
Ay sənin... İmkan verməz ki...
- Nə var? - soruşuram.
- Yatmışdın? - soruşur.
- İmkan versən, istəyirəm.
Bir az keçir. Yenə gözümü yuman kimi məni çağırır.
- Qarğa nənə, acmamısan?
- Acsam, durub yeyərəm də nəsə.
- Qarğa nənə...
- Kəs səsini! - qışqırıram. - Bir də səsini çıxartsan, səni boğub kərkəsin qabağına atacağam!
Sərçə qorxub səsini kəsir. Gözlərimi yumuram, heç bilmirəm məni haçan yuxu aparır.
Səhər atların səsinə oyanıram. Gözlərimi açıb baxıram. Əsgərlər atları dünən yandırdıqları boş kəndə tərəf sürür. Sərçə yanımda yoxdu. Durub onu axtaranda görürəm ki, kərkəslə söhbət edir. Onların yanına qonuram.
- Atları hara apardılar? - kərkəsdən soruşuram.
- Kəndin arxında suvarmağa.
Sərçə üzünü çevirib oturub. Yəqin, gecəkinə görə məndən inciyib, indi də naz eləyir. Elə bilir, ondan üzr istəyəcəyəm. Nazlı quşbaş!
- Burda çox qalacaqlar? - kərkəsdən soruşuram.
- O asılıdı şəhərin hakimindən. Görək, nə cavab verəcək.
- Nəyə nə cavab verəcək? - sərçə soruşur.
- Moğollar hansı şəhərə çatsalar, əvvəlcə elçi göndərib təslim olmağı tələb edirlər. - Kərkəs deyir. - Əgər yerli camaat təslim olub vergi verirsə, onda ordu şəhərə girmir, çıxıb gedir öz yoluna. Yox, əgər şəhər camaatı imtina eləsə, onda ordu hücum edib şəhəri dağıdır. Bir azdan elçiləri göndərəcəklər.
Fikirli-fikirli gözlərimi uzağa dikirəm. Əsgərlər atları suvarmaqdan gətirir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
