Arabadakı adam - Zemfira MƏHƏRRƏMLİ

Romandan parça (Əvvəli 22 və 31-ci sayımızda)

 

Bir dəfə biz Maralgölə ekskursiyaya gedirdik. Gülgəz avtobusda mənim yanımda oturmuşdu. Biz şairlər, nasirlər, Nobelçi ədəbiyyat adamları haqqında danışırdıq. Söhbətimiz o dərəcədə maraqlı idi ki, qonşu oturacaqdakı tələbələr də həvəslənib bizə qoşulmuşdular. Biz Maralgöldə də Gülgəzlə bir gəzir, bu yerlərin havasından, suyundan, əsəbləri sakitləşdirən ecazkar gözəlliyindən danışırdıq. Amma aramızda bir dəfə də olsun sevgidən söz düşməmişdi. Hətta şairlərin sevgi şeirlərindən yox, onların ictimai-sosial mövzulu və təbiət haqqında yazdıqları əsərlər barədə danışırdıq. Mən iynənin ucu qədər də olsun, Gülgəzin mənə sevgisini hiss eləmirdim.

Halbuki Gülgəz bir dəfə rəfiqələrinə "mən hamıya Seymuru sevdiyimi söyləyirəm, amma özünə bildirməyə cəsarətim çatmır, o isə mənə bu barədə heç nə demir", söyləmişdi. Mən bunun dəqiq olduğunu biləndən sonra qərara gəldim ki, mütləq onunla görüşüb söhbət eləyim. Amma fikrimdən vaz keçdim. Fikirləşdim ki, bu barədə soruşmaq kişiyə yaraşan hərəkət deyil. Elə düz fikirləşmişdim. Axı, burda pis nə var? Hər bir adam kimi isə sevə bilər. Bir də düşünürdüm ki, bəlkə Gülgəz belə deməklə, onu narahat eləyən çoxsaylı naçar "aşiqlər ordusu"nu özündən uzaqlaşdırmaq üçün mənim adımdan yararlanmaq istəyir?!

Bir gün hər şey mənə məlum oldu. Biz onunla universitetin kitabxanasından çıxanda təsadüfən rastlaşdıq və yaxınlıqdakı parka getdik. Gəzişdik, söhbət elədik. Əhvalının yaxşı olmasından ürəklənib Gülgəzə dedim:

- Sən çox yaxşı qızsan. Həm zahirən, həm də mənəviyyatca çox gözəlsən. Tələbə dostlarımız arasında səninlə evlənmək, ailə qurmaq istəyənlərin sayı da çoxdu. Amma eşitdiyimə görə, hamının təklifini rədd eləyirsən. Nə əcəb? Heç kim sənin xoşuna gəlmir?

Elə bil üstümdən ağır bir yük götürüldü. Əslində belə bir sualı mən heç vaxt verməzdim hər hansı bir qadına, qıza. Amma adım bu mövzuda hallanırsa, bunun da səbəbkarı elə Gülgəzin özüdürsə, mənim verdiyim sualda da bir məntiq vardı. Gülgəz başını aşağı salıb, gözlərini yerə dikmişdi, heç nə demirdi. Sifətinə azacıq qızartı çökmüşdü. Mən də susub dayanmışdım. Düşünürdüm ki, danışsam, dilim topuq vuracaq. Söhbətin yönünü bu cür dəyişdiyimə görə içimdə özümü qınayır, danlayırdım. Amma gec idi, ox yayından çıxmışdı. Mən soruşmuşdum və təbii, cavab almaq istəyirdim.

- Necə ola bilər ki, sənin ürəyini bir nəfər də olsun ram edə bilmir? - deyə mən təkrar soruşdum və gülümsədim.

Gülgəz başını ağır-ağır qaldırıb gözlərimə baxdı. O susub durmuşdu. Mən birinci dəfə idi ki, onun gözəlliyinin, şirinliyinin, bu qədər yapışıqlı olmasının fərqinə varırdım. Ürəyimin döyüntüsünü açıqca eşidirdim. Elə bil Gülgəz məndən nə isə gözləyirdi. İstəyirdi ki, mən nə isə danışım, nə isə ona deyim. Amma mən heç nə demirdim ona, daha doğrusu, deyə bilmirdim. Onun baxışları altında əriyirdim. O, elə baxırdı ki, bu baxışları ölsəm, qəbirdə də yaddan çıxara bilməzdim. Gözəlliyi ilə çoxlarını dəli-divanə eləyən bu sirli mələyin mənim də üzərimdə qələbəsini onun gözlərində açıqca sezirdim. Bilirdim ki, Gülgəz üçün nə qədər çətin olsa da, danışacaq, mütləq danışacaq. Bir kəlmə də olsa, nə isə deyəcək. O, mənim susduğumu görüb, güclə eşidiləcək bir səslə dedi:

 

- Hər şeyin öz vaxtı var. Hər şey vaxtında olanda gözəldir.

Gülgəz bu sözləri deyib qoluma girdi. Əlindəki mobil telefonla şəklimizi çəkdi. Sonra telefondakı selfiyə baxıb gülə-gülə alnını turşutdu:

- Yox, yaxşı alınmayıb, - dedi.

Gülgəz başını çiynimə qoyub telefonu təkrar üzümüzə tutdu. Ekranda ikimizi də görürdüm, ikimizin də üzü gülürdü. Həmin dəqiqələrdə içimdə baş qaldıran duyğuları heç nə olmayıbmış kimi, ört-basdır eləməyə çalışırdım, amma bu nə dərəcədə alınırdı, ya alınmırdı, bilmirdim. Yalnız onu bilirdim ki, udqunmaqdan boğazım quruyub. Bəli, mən həyatımda ilk dəfə idi ki, bütün gözəlliyi ilə vücudumu alt-üst edən, təpədən-dırnağa canımda təlatüm yaradan qəribə hisslər yaşayırdım. Gülgəz şəklimizə baxıb, telefonu çantasına qoydu. Yenidən qoluma girib:

- Bir az gəzək, - dedi.

Biz parka rövnəq verən rəngbərəng çiçəklərin arasında xeyli gəzib yorulduq.

Gülgəz:

- Gəl əyləşək, - dedi.

Əlimdən tutub məni köklü-köməcli, yamyaşıl ağacın kölgəsindəki skamyaya tərəf çəkdi. Biz əyləşdik. O, gözündəki gün eynəyini çıxarıb mənim gözümə taxdı. Mənə baxıb güldü. Sonra eynəyi gözümdən çıxarıb dedi:

- "Gəl, əl-ələ tutub gedək..." - Bu şeiri oxumusan?

- Həə, əzbər bilirəm, - dedim. Mən də çıxıb getmək istəyirəm. Uzaqlara, elə o şeirdə deyildiyi kimi, biz olmayan yerlərə. Amma neyləyim, gedə bilmirəm. Bir gün bu şəhərdən ayrı qalanda darıxıram. Burnumun ucu göynəyür bu şəhər üçün. Elə bu şəhərdə də ölmək istərdim, sahibinə sadiq itlər kimi.

Gülgəz gülümsəyərək:

- Lap şairlər kimi dedin.

Bu zərif varlıq danışır, mən susurdum. Hələ də udquna-udquna qalmışdım. Getdikcə anlayırdım ki, bu parkdan tez çıxıb getmək, burdan uzaqlaşmaq, tək qalmaq istəyirəm. Gülgəzlə qəfil sağollaşıb getmək də düz olmazdı. Mənim özümə də çatmayan, heç vəchlə başa düşmədiyim bir narahatlıq yaşayırdım içimdə.

- Sən niyə belə narahatsan? Deyəsən, qızdırman var, axı, - dedi Gülgəz.

Əlini yaxınlaşdırıb alnımda saxladı. Biz bir müddət belə qaldıq. Nəhayət, mən ağır-ağır ayağa qalxıb xırıltılı səslə:

- Bağışla məni, getməliyəm. Vacib işim var, - dedim və iti addımlarla ondan uzaqlaşdım. Bir xeyli gedib dayandım, dönüb arxaya baxdım. Gülgəz dirsəklərini dizinə dayayıb əlləri üzündə, başını aşağı salıb yerə baxırdı. Dağılmış saçları onun gözəl çöhrəsinə yayılmışdı. O, bu vəziyyətdə hansısa dəli bir rəssamın çəkdiyi qəmli portreti xatırladırdı. Qənirsiz gözəlliyi olan bu mehriban, nəcib qız mehr-ülfəti, kübar davranışı ilə mənə çox söz deyirdi. Bacım Ləmanın acı taleyi məndə elə bir kompleks, ümidsizlik, məyusluq yaratmışdı ki, içimdəki qadağalardan qurtula bilmirdim. Kiminsə həyatına varmaq da mənlik deyildi.

...Aradan illər keçmişdi. İndi mən Gülgəzin həyatından çox-çox uzaqda idim. Harda, kiminlə, necə yaşadığını da bilmirdim. O, bir yaşıl işıq ola bilərdi mənim həyatımda. O işıq söndü mənim üçün. Daha doğrusu, mən özüm söndürdüm o yaşıl işığı...

Hərdən Gülgəzi xatırlayırdım. Bir zamanlar fikrim də, yolum da çarpaşıq, dolaşıq düşmüşdü. Bu dolanbac yollarda azıb qalmışdım. Köksümə darlıq edən duyğularımdan bezib usanmışdım. Dolub-daşmaq istəyən buludlar kimi qubar eləmişdim. Küskün buludların kirpiyi artıq sıxılmışdı. Şimşəktək çaxmaq, leysantək yağmaq, içimdəki neçə ilin dərdini, nisgilini boşaltmaq, bu ağır yükdən qurtulmaq istəyirdim. Heyhat...

Bəlkə də sənə qayıda bilərdim, Gülgəz! Ay-aydan, il-ildən ötsə də, sənin gileyini, mənim soyuqluğumdan dolayı incikliyini gec də olsa, duyub geri dönə bilmədim təəssüf ki... Bu, gecikmiş peşmanlıq duyğusuydu yoxsa? Gözümdən çəkilən yuxulara yenidən qayıtmaqdı, bəlkə... Ayların, illərin uzaqlığından bu günə boylanmaq elə də asan deyilmiş. Ölən məhəbbətə layla çalmaq da elə onun kimi. Mən onun yuxularında, bəlkə də vardım. Amma o qız artıq yox idi yuxularımda.

 

***

Arifin gecə saat üçə qədər mənim ixtiyarıma verdiyi bu gözəl otağın yumşaq divanında uzanıb, kövrək xatirələr axınında Gülgəzlə sonuncu görüşümüzü xatırlayıb yuxuya getdim. Beynimdə o qədər fikir varıydı ki, yuxumu tamam qarışdırdım. Görünür, heç diş-dırnaqla belə, açılmaz kələfə dönmüş düşüncələrim mənə rahatlıq vermirdi. Yuxuda gördüm ki, göy üzünü zəbt eləmiş, bədirlənmiş ayı seyr edirəm. Ayın üzünü qara buludlar örtür, bu kəhkəşan gözəlinin parlaq işığı son işartılarla yoxa çıxır. Bir sözlə, nağıllardakı əfsanəvi Qəmər buludlar ilə oynayır. Qarşısında durduğum pəncərədən asılan qaranlıq gecə yavaş-yavaş əriyir.

Hövlnak oyandım. Bu cazib yuxunun dumanı gözlərimdən hələm-hələm çəkilmirdi. Yenidən özümü yuxuya verdim. Bu dəfə anamı gördüm yuxuda. O, bağımızda, cərgə ilə əkilmiş ağacların arasında, yaşıl otların üstündə əlində tutduğu vedrəyə meyvə dərib yığırdı. Amma ağacların barı azalmaq əvəzinə, daha da çoxalırdı. Meyvələrin ağırlığından budaqlar az qala qırılacaqdı. Anam yorulmuş, taqətdən düşmüşdü. Meyvələri yığdıqca yığıb qurtara bilmirdi. Yer-göy meyvəylə doluydu. Birdən anamın əlləri barlı-bəhərli ağacın budağından yavaş-yavaş üzüldü. O, üzüqoylu yaşıl otların üstünə düşdü. Mən onun əks-səda verən xırıltılı səsini eşitdim:

- Bərəkətinə qurban olum, bəsdi daha, ay Allah. Mən öldüm axı, - dedi.

Güclü külək başlamışdı. Yerə o qədər meyvə tökülürdü ki, anam az qala görünməz olmuşdu.

Mən gözümü açıb:

- Ana, - deyib qışqırdım və yerimdən qalxdım.

Elə bu vaxt qapı açıldı. Xidmətçi oğlan içəri girib:

- Nə olub? - deyə soruşdu.

- Heç nə.

- Axı, qışqırırdın.

- Ola bilər. Uzanmışdım, yuxu görürdüm.

- Yemək yeyəcəksən?

- Əlbəttə, yeyəcəm, amma...

- Nə amma?

- Burda, yaxında telefon satılan yer var?

- Həə, var. Qapıdan çıxdın, sağ tərəfə düz gedirsən, işıqfora çatıb yolu keçən kimi telefon mağazası görəcəksən.

- Onda sən yeməyi hazırla. Mən ora dəyib gəlirəm.

- Telefon alacaqsan?

- Hə, anama zəng eləməliyəm.

- İtirmisən telefonu?

- Yox, satmışam.

- Niyə?

- Pulum qurtarmışdı, - dedim.

Xidmətçi oğlan gözlərini döyə-döyə mənə baxırdı. Mən masanın üstünə qoyduğum onikivərəq dəftəri götürdüm, qatlayıb şalvarımın arxa cibinə qoydum. Otaqdan çıxıb qapıya doğru getdim.

- İçki içəcəksən? - deyə xidmətçi oğlan soruşdu.

- Olsun, amma alkoqolsuz.

Dəhliz boyu gedib çıxışa yaxınlaşdım. Xidmətçi oğlan arxamca gəlirdi. Sanki məni təqib eləyirdi. Dayanıb onun təəccüb dolu gözlərinə baxdım:

- Sən narahat olma, bu saat qayıdıram, - dedim.

- Yolu keçəndə ehtiyatlı ol. Yaşıl işığı gözlə yansın, sonra keç.

- Yaxşı, - dedim.

Kafedən çıxan kimi deyilən istiqamətə gedib işıqfora çatdım. Yaşıl işığın yanmasını gözlədim, yolu keçib xidmətçi oğlanın dediyi mağazadan mobil telefon alıb anama zəng etdim. Onunla danışıb, xoş bir ovqatla geriyə - kafeyə qayıdırdım. Nə qədər ki, köhnə telefonum əlimdəydi, hər gün anamla danışırdım. Pulsuzluq üzündən məcbur olub bir həftə əvvəl çox ucuz qiymətə satmışdım; beş il mənimlə gecə-gündüz yoldaşlıq eləyən, "qara oğlan" adlandırdığım qara telefonumu. O üzdən bir həftə idi ki, anamla danışa bilmirdim. Gördüyüm qorxulu yuxudan sonra onun səsini təzəcə aldığım telefonda eşitdim, ürəyim yerinə gəldi. Ən başlıcası, tam arxayın oldum ki, anamın göndərdiyi pulun Ləmana heç bir dəxli yoxdu. Anam dedi ki:

- Bala, dünyadan vaxtsız gedən dədənin goru haqqı, sənə göndərdiyim o pullar öz əlinlə əkib-becərdiyin ağacların meyvəsinin puludur.

Anama inanırdım. Bilirdim ki, o heç vaxt yalan danışmaz. Vaxtsız itirdiyi istəkli ərinin ruhuna yalandan and içib məni inandırmazdı anam. Bizim ailəmiz kəndimizdə sayılıb-seçilən bir ailə idi. Bacımla bağlı haqqımızda yayılan söz-söhbətə atam tab gətirə bilmirdi, adam arasına çıxmırdı, qapılıb qalmışdı evimizdə. Ləman tutulandan on ay sonra atam dünyasını dəyişdi. Məni atasız qoyub bu fani dünyaya "əlvida" dedi; öz iri, kobud əlləri ilə çoxlarına ev tikib, xeyirxah ürəyi ilə işığını yandıran usta Səməd.

Arifin gecə saat üçədək ixtiyarıma verdiyi otağın qapısını, bəlkə heç vaxt görmədiyim, duymadığım xoş bir əhvalla açıb içəri girəndə masanın üstündəki yeməklərin, içkilərin, meyvələrin çoxluğu məni təəccübləndirmədi. Zatən, "gecə saat üçədək burda olacam", - deyə düşünüb özümə təskinlik verdim.

Vanna otağında da əl-üzümü yuyub, qurulayıb masaya yaxınlaşdım. Ləzzətli yeməklərdən iştahla yedim. "Paytaxt" salatından başlayıb, kabablarla tamamladım. Masanın üstündəki düyməni basmağımla xidmətçi oğlanın qapını açmağı bir oldu.

- Eşidirəm, nə isə lazımdı? - deyə soruşdu.

Mən əlimi cibimə salıb pul çıxartdım, ona uzatdım.

- Al, bu pulu. Sənə elə-belə, bir dost kimi verirəm. Yaxşı xidmətinə görə, - dedim və pulu onun önlüyünün yan cibinə saldım.

- Çox sağ ol, cibin dolu olsun.

- Masada nə var, hamısının pulunu ödəyəcəm. Qoy qalsın, heç nəyi yığışdırma. Sən mənə bir çaynik pürrəngi çay gətir. Hə... bir də gələndə hesabı öyrən, de mənə.

Mən onikivərəq dəftəri cibimdən çıxarıb, Arifin yaraşıqlı divanında əyləşdim. Rəngi bozarmış dəftər cibimdə əzilmişdi. Üz qabığında səliqəli xətlə "Nə üçün belə etdim?" sözləri yazılmışdı. Məndə belə bir fikir yarandı ki, deyəsən, bədii əsər oxuyacam. Qəfil telefon zənginə cavab verməli oldum. Bir an düşündüm ki, axı mənim təzə nömrəmi anamdan başqa heç kəs bilmir. Kim ola bilərdi? Tez telefonu açdım.

- Salam, tanıdınız məni? Oxudunuz Ləmanın dəftərini?

Birinci sualın cavabını gözləmədən sonrakı sualını verirdi telefondakı xanım. Mən onu ikinci sualından tanıdım, Ayşən idi.

- Salam. Salam, Ayşən xanım. Yox, hələ oxumamışam. Elə indi başlamaq istəyirdim, sizdən zəng gəldi. Yəqin nömrəmi anam verib sizə. Bu nömrə ilə mən yalnız ona zəng vurmuşam, - dedim.

- Elədir ki var, mən Gülsüm xalaya zəng edib, sizə pulu çatdırdığımı dedim. Bilirdim o narahatdır buna görə. Sizin bu nömrənizi də o verdi mənə. Həə... bir də Gülsüm xala dedi ki, nə vaxt gəlsən, Seymuru da kəndə gətir. Artıq ünvanınızı bilirəm. Kəndə gedəndə gəlib apararam sizi.

- Mən indi orda yaşamıram. Çıxmışam kirayədə qaldığım evdən, - dedim.

- Hə... Bəs indi?

- İndi bir kafedəyəm. Danışmışam, gecəni birtəhər keçirəcəm burda. Narahat olmayın.

- Bəlkə, mən gəlim, sizi gətirim bizə.

- Yox. Sağ olun. Mən səhərə yaxın burda bir nəfərlə görüşməliyəm.

- Səhərə yaxın?

- Hə... Kənan adında bir nəfər var, arabadakı adam, görməliyəm onu. Ona borcum var, qaytarmalıyam.

- Yaxşı, nə deyirəm, qoy siz deyən olsun. Görüşərik.

- Hələlik.

Mən telefonu bağlayanda xidmətçi oğlan içəri girdi. Əlindəki məcməyini divanın qarşısındakı jurnal masasına qoydu, stəkana çay süzüb dedi:

- Sizin hesab çatıb.

- Necə? - mən təəccüblə soruşdum.

- Həə, müdir zəng eləmişdi. Sizi soruşdu. Dedim, hər şey qaydasındadır, yaxşıdır. Sonra Arif müəllim dedi ki, sizdən pul almayım.

O, diqqətlə üzümə baxıb:

- Gözləriniz nə yaman qızarıb. Çay için, dincəlin bir az. Saat üçdə sizi yola salacaqlar.

Xidmətçi oğlan otaqdan çıxandan sonra mən masaya düzülmüş yeməklərin qiymətini hesablayıb, təxmini bir rəqəm üzərində dayandım. Yaşadığım son on üç-on dörd saat müddətində həyatımda baş verən ardıcıl dəyişikliklərin mənim ovqatıma və bütöv şəkildə yanaşsaq, xarakterimə, dünyagörüşümə təsirini çox aydın şəkildə hiss edirdim. Gecə saat dördün yarısından acqarına evdən çıxıb ürəyimin döyüntüsünü eşidə-eşidə pilləkənləri enməyim, sakit bir gecədə iti addımlarla geniş prospekti keçib, dənizə tələsməyim, küçə itlərinin mənə şübhəli baxışları, Kənanla ilk dəfə maraqlı söhbətlərim, marketdə gecə növbəsində işləyən qızın yuxusuz gözləri, anamın göndərdiyi pullar, Muxtarla, Ariflə və eləcə də xidmətçi oğlanla söhbətlərim, təbii ki, mənim ağlımdan, düşüncəmdən, hisslərimdən, dünyagörüşümdən təsirsiz ötüşə bilməzdi.

Mən dəyişirdim və bu dəyişikliyi görürdüm. Ətrafımda cərəyan edən hər bir olaya, hətta hər bir əşyaya baxışım artıq fərqliydi. Özünə qapanıb ətrafda, cəmiyyətdə, dünyada gedən dəyişikliklərdən kənarda qalmaq, "səhər naxıra, axşam axura" düzəni ilə yaşamaq və onu normal həyat tərzi kimi qəbul etmək istəmirdim. İnsan sevməli, sevilməli, dünyaya övladlar gətirməli, onların sevinci, qayğıları ilə yaşamalıdır. Onları böyütməli, tərbiyə eləməli, övladlarını insanlar arasına, cəmiyyətə milli-mənəvi dəyərlərlə çıxarmalı, həyatdan zövq almalıdır.

Amma heç kəs onu gözləyən qəfil zərbələrdən, neqativlərdən də sığortalanmayıb. Düşünürdüm ki, Azərbaycan dili və ədəbiyyatı müəllimi olan, əxlaqı, davranışı, dünyagörüşü ilə onu tanıyanların, həmkarlarının, şagirdlərinin, kənd sakinlərinin böyük hörmətini qazanmış bacım Ləmanın sevdiyi adam tərəfindən aldadılmasına və bu biabırçı aldanış üçün həmin şəxsi öldürməklə aldığı qisasa heç bir bucaqdan birmənalı yanaşmaq olmur.

Düzdür, Ləman adam öldürmüşdü və bu, şəksiz-şübhəsiz, böyük cinayətdir. Bəs adamın şərəfini, ləyaqətini alçaldaraq, onu bir əski parçasına döndərib ayaqlar altına atmaq, heç eləmək necə? Bu, cinayət deyil? Hər bir insan törətdiyi əmələ görə gec-tez cavabını alır, mütləq alır. Bu və ya digər şəkildə kimsə ölür, kimsə həbsxanaya düşür. Səlimlə Ləman kimi.

Bütün bunlar məni Ləmanın göndərdiyi onikivərəq dəftəri oxumağa sövq edirdi. Nə qədər çətin olsa da, o dəftəri oxumalı idim. İndi buna vaxtım da, həvəsim də var idi. Adam öldürüb, uzun illər məhbəs həyatı yaşayan bacımın bu dəftərdə nələr yazdığı, ən başlıcası, onun törətdiyi cinayətə indiki münasibəti məni çox maraqlandırırdı. Burda - Arifin kabinetindəki rahat divanda əyləşib bozumtul "qəm dəftəri"ni indi oxumasam, bəlkə bir də heç vaxt oxuya bilməyəcəkdim. İçimdəki yanğı və dəli marağım illərdən bəri ürəyimi didib-dağıdan tərəddüdlərimə üstün gəlmişdi. Şəhadət barmağımı dil-dodağıma sürtüb dəftərin üz qabığını çevirdim. Ləmanın özünəməxsus gözəl bir xətlə yazdıqlarını oxumağa başladım.

 

***

Ləman yazırdı:

"Mən Səlimi öldürməyimə peşman deyiləm. O, məni aldatmışdı. Mən onun yalanını heç vəchlə bağışlaya bilməzdim. Səlim mənim həyatımı, xəyallarımı, arzularımı, bütün gələcəyimi məhv eləyib başqa birisi ilə rahat yaşaya bilməzdi. Bunu nə yer götürərdi, nə göy, nə də mən.

Dörd qızdan sonra doğulan, ailədə, qohum-əqrəbada hamının sevimlisi olan Səlim İqtisad Universitetini bitirəndən sonra asfalt zavodunda mühasib işləyirdi. Rayon mərkəzində beşmərtəbəli binada birotaqlı mənzil almışdı. Həftənin beş iş gününü bu mənzildə, iki istirahət gününü kənddəki evlərində qalırdı. Səlim mənə ürəyini açıb, necə deyərlər, sevgisini bildirmişdi. Düzü, mən ona heç bir cavab verməmişdim. Amma bütün varlığımla ona bağlılığımı hiss edirdim, duyurdum. Mən həyatımın mənasını, gözəlliyini onda görürdüm. Toyumuzu, dünyaya gələcək uşaqlarımızı xəyalıma gətirir, onunla xoşbəxt olmaq istəyirdim. Di gəl, illər öncə başqa qızlar, qadınlarla onun haqqında gəzən sevgi macəraları məni qəti bir qərara gəlməyə qoymurdu. Bu söz-söhbətlər onun tələbəlik illərindən üzübəri səngimirdi, son vaxtlar isə kənddə adamların gündəlik mövzusuna çevrilmişdi.

Bir gün mən rayon təhsil şöbəsində müəllimlərin müşavirəsindən çıxıb, kəndə, evimizə qayıtmaq üçün avtobus gözləyirdim. Səhərdən yağan yağış ara vermirdi. Səkilərin kənarında, asfalt yolun çala-çuxurunda xırda gölməçələr yaranmışdı. Yaz yağmurundan üst-başı islanmış adamlar ora-bura qaçışır, daldalanmağa yer axtarırdılar. Avtovağzalda qələbəlik idi. Birdən Səlimin səsini eşitdim. Onu görəndə, elə bil gözlərimə işıq gəldi. Səlim hal-əhval tutub, sonra bir az aralıda, yolun kənarında saxladığı qara rəngli maşını göstərib dedi:

- Otur, gedək bizə. Anam da iki gündür gəlib, bu gün qayıtmaq istəyir kəndə. Həə... bilmirəm o Yaşıllıda nə görüb. Əl çəkmir. Təkid edir ki, apar məni kəndə. Gedək bizə. Bir stəkan çay içək, sonra üçümüz bir yerdə gedərik kəndə.

Qeyri-ixtiyari razılaşdım. Getdik Səlimin yaşadığı mənzilə. Amma Səlimin anası Gülşən xalanı orda görə bilmədim.

- Gülşən xanım hanı? Bəs deyirdin evdədir? - deyə soruşdum.

- Yəqin məni gözləməyə səbri çatmayıb, avtobusla gedib, - dedi Səlim.

Cəld otaqdan çıxmaq istədim. O, qarşımı kəsib məni saxladı. Məni dəlicəsinə sevdiyini, tezliklə ailə quracağımızı dedi.

Ürəyimə nə isə dammışdı. Onunla bir otaqda tək qalmaq istəmirdim.

- Bir stəkan çay içək, mənim maşınımla gedərik kəndə. Gecdi, bu vaxtlar avtobus olmur, - dedi Səlim.

Mən çarəsiz qalıb razılaşdım. Sonra biz divanda əyləşdik. O, birinci dəfə görürmüş kimi, məni diqqətlə süzürdü. Narahatlığım getdikcə artırdı. Səlim iki stəkan çay gətirdi. Mən çaydan bir qurtum alıb ayağa qalxdım və pəncərəyə yaxınlaşdım. İslanmış ağacların budaqlarını yel vurub tərpədir, yarpaqlardan su süzülüb torpağa tökülürdü. Səlim divandan qalxıb arxamca gəldi. Əllərini çiynimə qoydu. Onun ilıq nəfəsi boynumda, boğazımda gəzirdi. Hiss edirdim ki, o, məni tam təsiri altına salmaq istəyir. Özümü toparlayıb onun əlindən çıxdım. Divanın üstünə qoyduğum çantanı qaldırdım. O yaxınlaşıb qarşımda diz çökdü, ayaqlarımı qucaqladı. Mən sakitcə, heç nə olmayıbmış kimi, onun əllərini ayaqlarımdan aralayıb, qapıya tərəf getdim. Onun niyyətini anlamışdım. Necə olur-olsun, burdan tez çıxıb getmək, canımı ondan qurtarmaq istəyirdim. Qapının rəzəsini çəkib özümə tərəf dartdım, açılmadı. Başa düşdüm ki, o, açarla bağlayıb qapını.

- Gəl, qapını aç. Aç, deyirəm sənə. Yoxsa qışqırıb aləmi tökəcəm bura. İndi polisə zəng eləyərəm, dayan, - deyib, onu qorxutmaq üçün çantamı açdım. Mobil telefonumu çantada görməyib qışqırdım. O, bir göz qırpımında saçımdan tutub, əlindəki qalın salfeti ağzıma sıxdı. Mən tam gücümlə müqavimət göstərib, onun əlindən çıxmağa cəhd eləyirdim. Bəlkə də, çıxa bilərdim. Amma əlindəki salfetdən gələn məstedici qoxudan bayılıb yerə yıxıldım. Sonra nə baş verdiyini xatırlamıram...

Mən ayılanda artıq gec idi. Necə deyərlər, qatar artıq getmişdi. O, məni məhv eləmişdi. İçimdəki bir sızıltı bütün varlığıma hakim kəsilmişdi. O, mənə dil tökür, yalvarır, hər şeyin yaxşı olacağını, mənimlə evlənəcəyini, uşaqlarımız olacağını deyirdi.

Mən halsız, taqətdən düşmüş bir vəziyyətdə fikrimi bir nöqtəyə cəm edə bilmirdim. Nə etməyin, necə etməyin yolunu aramaq gücü qalmamışdı canımda. Amma ürəyimdə bir intiqam alovu, qisas almaq yanğısı vardı və o odu-alovu Səlimi qətlə yetirdiyim gün söndürə bildim. Artıq marağında deyildim, o, məni necə, hansı vəziyyətdə, hansı kimyəvi və ya bioloji maddə ilə bayıltmışdı, bu günə salmışdı. Acı həqiqət o idi ki, Səlim, məni namərdcəsinə aldatmışdı. Planlı şəkildə istəyinə çatıb, məni özündən tam asılı vəziyyətə salmaq istəmişdi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!