Fobiyalı yazıçılar - Azər QİSMƏT - Azər QİSMƏT

Azər QİSMƏT

Yazı adamlarının zehni əməklə məşğul olması son nəticədə bəzi fəsadlara yol açır.Beynin yorulması bəzən onların həyatını cəhənnəmə çevirir: ruhi düşgünlük, əsərlərindəki obrazların yuxularına girməsi, ömürlərinin sonunu psixi xəstəxanada keçirmələri. Əksər yazıçının fobiyası olduğu kimi, müəyyən qəribəlikləri də olur.

1814-cü ildə yazıçı, azadlıq tərənnümçüsü sayılan Markiz de Sad vəfat etdi. 200 ildən çoxdur ki, bu yazıçı barəsində müzakirələr səngimir. O vaxtkı tədqiqatçılar onu vəhşiliyin tərənnümçüsü kimi tənqid ediblər. İndikilərin bəziləri isə onu haqlı çıxarırlar. Markiz de Sad öz iqamətgahında yüzlərlə insana əzab verdirib. Bu ziddiyyətli adam barədə deyilənlər, yazılanlar bitib-tükənmir. Sadizmin banisi Donasyen Alfons Fransua de Sad. Ömrünün 29 ilini müxtəlif həbsxanalarda keçirən yazıçı və filosof əsərlərini əsasən məhbusluq həyatı yaşayarkən qələmə alıb. 74 yaşında isə kasıblıq içində dünyasını dəyişib. "İnsan əzabı" anlayışının yanında onun soyadı da səslənir. "Sadizm" ifadəsi məhz onunla bağlıdır. Əzab verməyi xoşlayan insanın özünün də fobiyası varmış. Markiz de Sada elə gələrmiş ki, kliniki ölümü ilə əsl ölümünü səhv salacaqlar. "Mənim sonuncu arzum budur ki, ölən kimi basdırılmayım. Meyitim məhz öldüyüm otaqda 48 saat saxlanılsın". Arzusuna baxmayaraq, onu 48 saat saxlamayıblar. Elə həmin gün dəfn edilib. Bəzən yazıçıların belə arzuları sonradan mistik əhvalatlar şəklində adamlar arasında yayılır. Məhz bu nöqteyi-nəzərdən Markiz de Sad haqqında da rəvayətlər danışıldı. Fransada onun qəbirdə oyandığı söylənilirdi. Guya qəbirdən çıxıb harasa uzaqlara getməsini görənlər də olmuşdu. Belə əfsanələrin yaradılmasında yalançı şahidlər böyük rol oynayırlar.

Yeri gəlmişkən, rus yazıçısı Mixail Vasilyeviç Qoqola da elə gələrmiş ki, öləndən sonra qəbirdə xortlayacaq. Belə qorxuya elmi dildə "tafofobiya" deyilir. Ömrünün son illərində adıçəkilən fobiya onu bütünlüklə çulğalayıb. Həmişə bu barədə düşünər və danışarmış. O, həm də son arzusunu dostları ilə yazışmasında da əks etdirib: "Bədənimdə həyat əlaməti görməyəndən sonra meyitimi basdırın. Xatırladıram ki, məndə ürək döyüntüsü dəfələrlə yoxa çıxıb, sonra yenidən qayıdıb". 1852-ci ildə Qoqol vəfat etdi. Belə ehtimal var ki, yazıçı sadəcə letargiya yuxusuna gedib. Sonra qəbirdə ayılanda hava çatışmazlığından ürəyi partlayıb. Yazıçının qəbirdə ayılması barədə xeyli əfsanə düşünüldü.

Tafofobiyadan əziyyət çəkən daha bir dahi filosof və yazıçı Artur Şopenhauer olub. Müasirləri xatirələrində qeyd ediblər ki, Artur gülməcə çıxaran, məzəli danışığı ilə çoxlarını darıxmağa qoymayan adam olub. Həm də qəribə hərəkətləri ilə ətrafdakıları təəccübləndirib. O, alman romantizmi və mistika ilə maraqlanar, dünyaya Buddizm nəzəriyyəsi ilə baxarmış. Fikirlərinə görə dünya Buddizm qaydaları ilə idarə olunmalıdır. Artur Şopenhauer həmişə deyərmiş ki, öləndə tabutunu qəbiristanlığa aparıb həmin gün basdırmasınlar. Əgər Markiz de Sad və Qoqol meyitlərinin 2 gün saxlanmasını istəyiblərsə, Şopenhauer sağlığında bunu 5 günə çatdırmağı düşünüb. Təsadüfi deyil ki, dəfnetmə mərasiminə gələnlər meyitin qoxusundan çətinliklə dayanıblar. Hərçənd meyitə çoxsaylı ətirlərin vurulması da, narazılığın qarşısını almayıb. Filosof 1860-cı ildə epidemiya halına gələn pnevmaniya (ağ ciyər sətəlcəmindən) dünyasını dəyişib.

Markiz de Sad, Mixail Vasilyeviç Qoqol və Artur Şopenhauerin sırasına tafofobiyadan əziyyət çəkən daha birini - ingilis yazıçısı Uilki Kollinzi əlavə edək. Dost və qohumlarının xatirələrində qeyd edilib ki, yazıçı narkotika aludəçisinə çevriləndən sonra əsəbləri pozulub. Revmatoid artritdən əziyyət çəkər, gözünün qarşısında rəngli hallüsinasiyalar görünərmiş. Kollinz tafofobiyadan o qədər qorxarmış ki, hətta çarpayısının yanında xatırlatma qeydi saxlayarmış. Ölümünə yaxın isə qeydlərini artırıb, əməlli-başlı məktuba çevirib. Məktubda yazılıb ki, ürəyinin döyünməsinə tam əmin olsunlar. Əgər uzun müddət ayılmasa, deməli ölümünə əsas yaranıb, dəfn edilsin. Uilki Kollinz 65 yaşında dünyasını dəyişib. Vəsiyyətnaməsinə əsasən nasirlikdən əldə etdiyi gəlir dostları və onların övladları arasında bölünüb.

Fobiyadan əlavə, əksər yazıçıların nəyəsə həvəsi olub. Məsələn, görkəmli təmsil ustası İvan Krılov yanğını sevərmiş. Bəzən haradasa yanğın baş verdikdə,  yanğınsöndürənlərdən əvvəl hadisə yerində o, görünərmiş. Sanki iy bilər və o qoxunu alıb yoluna davam edərmiş. Bəzən elə hallar olub ki, yanğınsöndürənlər onu alovdan uzaqlaşdırsalar da, Krılov həyatına yarana biləcək hər hansı təhlükəni nəzərə almayaraq yenidən irəli atılıb. Təmsil ustasının yanğına ehtirasını görən evin icarədarı hüquq mühafizə orqanlarına məktub göndərib: "Əgər Krılov mənim evimi yandırsa, 60 min rubl cərimə ödəyəcək". Düzdür, o, heç vaxt evi yandırmayıb, ancaq alova ehtirasını azaltmayıb.

Böyük yazıçı Onore de Balzak isə evlənməkdən qorxub. Uzun illər ailəli qadın - qrafinya Evelina Qanskayanı sevib. Maraqlı burasındadır ki, onlar 10 il görüşməyiblər. Evelina dul qalandan sonra Balzakı onunla evlənməyə razı salmağa çalışıb. Yazıçı daha 8 il də bu izdivacdan qaçıb. Bu müddət ərzində o, möhkəm xəstələnib. Evelinaya məktub da yazıb: "Belə getsə, siz məni qəbiristanlığa yola salacaqsız". Qadın da öz növbəsində ona sevgi dolu məktublar yazıb. "Mən səni dünyanın ən yaxşı ailə sahibi edəcəyəm. Sən bu evlilkdən peşman qalmayacaqsan". Hadisələrin sonrakı gedişatı isə peşmanlıqla nəticələnib. Toy baş tutmağına tutub. Balzakı nikah mərasiminə kresloda gətiriblər, çünki özü yeriyə bilmirmiş. Toydan 5 ay sonra isə gözlərini əbədilik yumub. Evelina anlayıb ki, evlilik təklifi yazıçıya doğrudan da pis təsir edirmiş. Ailə həyatı Balzakı qəbiristanlığa yola salıb.

Nəyəsə həvəsi olan yazıçlardan biri də Lev Tolstoy olub. Yox, o, Krılov kimi od-alovu sevmirmiş, nə də Markiz de Sad kimi tafofobiyadan qorxmurmuş. Tolstoyun həvəsi fiziki hərəkətə olub. O, aktiv həyat tərzi keçirməsəydi, çox yaşamazdı. Səhər tezdən oyanıb uşaqları ilə açıq havada gimnastika hərəkətləri edərmiş. Qraf hətta ahıl yaşında da Yasnaya Polyana ətrafında gəzməkdən usanmazmış. Odun yarar, kəndlilərə təsərrüfat işlərində kömək edər, velosiped sürərmiş. Uzun səyahətlərə çıxmağı da xoşlayarmış. Bir dəfə yelkənlə Saratovdan Həştərxana qədər üzüb. Tolstoyun nahardan sonra ən qısa gəzintisi 3 saat çəkərmiş. Hətta bir dəfə Yasnaya Polyanadan Tulaya qədər piyada yol qət edib. Tolstoy xatirələrində yazıb ki, piyada gəzməsə, velosiped sürməsə gecə gözünə yuxu getməz. Sızıldayan ayaqları ilə çarpayısına uzanar, dərin röyaya dalarmış.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!