Arabadakı adam - Zemfira MƏHƏRRƏMLİ

Romandan parça (Əvvəli 22-ci sayımızda)

 

 

 

Ayşən çantasının qabaq gözünü açdı, boz rəngli, on iki vərəqli dəftəri çıxardıb, mənə uzatdı:

- Buyurun, həmin dəftərdir. Ləman xahiş edib ki, şəxsən sizin özünüzə çatdırım.

Dünən oxumuşam onun yazdıqlarını. Özü artıq dərəcədə rica eləmişdi, demişdi ki, oxuyub sonra Seymura verərsiniz. Çox maraqlı yazıb, hər şey olduğu kimi, yəni bütün olaylar və o müdhiş qətl necə olub, elə də yazıb. Siz də oxuyun, mütləq oxuyun və bir gün Ləmanın görüşünə gedin. İndi sizdən başqa heç kimi yoxdu onun. Azadlığa buraxılmağına bir ildən az qalıb. Onda otuz bir yaşı olacaq. Bilirəm, sizdən yeddi yaş böyükdü. Özü deyib mənə.

Ayşən sözünü bitirib ayağa qalxdı:

- Yaxşı, mən gedim, yolçu yolda gərək, - dedi.

Çantasını çiyninə keçirib qapıya yaxınlaşdı. Mən də ayağa qalxdım.

- Sizi yola salım, - deyib, çantanı ondan aldım.

O, heç nə demədi. Biz pillələri enib həyətə düşdük. Blokdan çıxanda o, yaxınlıqdakı tut ağacının altında ağ rəngli maşını göstərib dedi:

- Narahat olmayın, özüm gedəcəm. Gördüyünüz o ağ maşın mənimdi. Bilirsiz, maşınsız bizim işimiz keçmir. Həə... Yaxşı yadıma düşdü. Heç soruşmadız kəndə niyə getmişdim? Ləman məndən xahiş eləmişdi, pul vermişdi ki, verim ananıza. Bacınız dustaqlar üçün açılmış toxuculuq sexində çalışır, hər ay maaş alır. Hesabında pul yığılıb. Mən də getdim sizə, pulu verdim Gülsüm xalaya, sizin o mehriban, işıqlı, saçları dümağ ananıza.

Biz maşına yaxınlaşdıq, mən çantanı arxa oturacağa qoydum.

- Deməli, belə çıxır ki, sizin mənə verdiyiniz pulları Ləman göndərib? - Mən qırıq-qırıq, tutula-tutula, bir az da həyəcanla soruşdum.

- Yox... Bu pulların Ləmana dəxli yoxdur. O, sizin halal pullarınızdır, - dedi.

Mən onun sözlərinə əhəmiyyət vermədən:

- Bir dəqiqə dayanın, mən indi gəlirəm, - dedim.

İti addımlarla bloka girib, pilləkənləri sürətlə qalxdım. Qapını açdım, Ayşənin masaya qoyduğu pulları götürüb, elə həmin sürətlə də aşağı düşdüm. Gülərüz, mehriban xanım sükanın arxasında da yaraşıqlı, cazibədar görünürdü. O, artıq mühərriki işə salmışdı. Ayşən maşının pəncərə şüşəsini aşağı endirib:

- Siz tam arxayın ola bilərsiniz, - həyətinizdəki meyvələrin puludur, sizin vaxtilə öz əllərinizlə əkdiyiniz ağacların məhsulunun. Gülsüm xala satıb, pulun bir hissəsini də sizə göndərib. O bildirdi ki, Ləmanın göndərdiyi pulları onun özü üçün saxlayacaq.

 

Ayşən bu sözləri deyib, maşının sürətini artırdı və bir göz qırpımında uzaqlaşdı.

 

***

Vaxt keçirdi. Mənzilin sahibi Muxtar kişi indilərdə gəlib məni evdən çıxarmalı idi. Əlli-əlli beş yaşlarında, dolu bədənli, şişman, ləngərli yerişi olan bu adam aradan ötən müddətdə mənə həmişə hörmətlə yanaşmışdı. Elə olub on-on beş gün gec ödəmişəm ev pulunu, hər dəfə məni yola verib. Amma hər şeyin bir əndazəsi var və mən o əndazədən çoxdan çıxdığımı bilirdim.

Pulsuzluqdan da, təmirə ehtiyacı olan bu birotaqlı kasıb mənzildən də, yatanda cırıltısı beynimi didən çarpayıdan da, elə özümdən də bezmişdim.

Otağa qalxıb, elə dəhlizdəcə pulları saymağa başladım. Bu qeyri-iradi hərəkətim mənə qəribə göründü. Düşündüm ki, yavaş-yavaş yaramaz oluram. Bəlkə də, belə lazımdı. İndi nadürüstlərin, yaramazların işi elə rəvan, elə gözəl gedir ki, adam dönüb yaramaz olmaq istəyir. Bu fikirləri beynimdə çözələyə-çözələyə pulları sayıb qurtardım. Min beş yüz manat pulun hamısını dəstələyib cibimə qoydum. O pulun altı yüz mantını iki ay öncədən ödəyib Muxtara verəcəyimi, Kənandan aldığım əlli manatı qaytaracağımı fikirləşib bir az təskinlik tapdım. Elə bu vaxt qapı yenidən döyüldü və ehmalca açıldı. Muxtar fısıldaya-fısıldaya otağa daxil oldu. Salam verib halımı soruşdu. Mən ona təşəkkür eləyib iki aylıq pulunu qabaqcadan ödəyəcəyimi dedim. Və düşündüm ki, Muxtar bu xəbərə çox sevinəcək. O, başını bulayıb dərindən nəfəs aldı. Ağır bədənli bu adam köhnə çarpayıya oturanda eşitdiyimiz qulaqbatırıcı səsə ikimiz də bəs deyincə güldük. Mən arada yaranmış bu yumşaq münasibətdən, necə deyərlər, faydalanmaq istədim və cibimdən topa pulları çıxartdım. Altı dənə yüzlük ayırıb Muxtara uzatdım.

- Buyurun, Muxtar dayı, iki aylıq kirayə haqqını qabaqcadan ödəyirəm. Sizin mənə hörmətiniz çox keçib. İndi mənim imkanım var, deyirəm, bir dəfə də mən nə isə bir iş görüm sizin üçün. Elə özüm də bir az rahat nəfəs alım, pul söhbətindən bir müddət canımı qurtarım, - dedim.

Zahirən kor-kobud, ürəyi isə ipək kimi yuxa olan, onun üçün yaratdığım bütün pul problemlərinə səbirlə dözən bu adam məni ilk dəfə görürmüş kimi, təpədən-dırnağa süzüb soruşdu:

- Hardandır, bir belə pul səndə?

Açığı, Muxtarın mənə belə sual verəcəyini gözləmirdim. Suala hazır olmadığımdan əlimi geri çəkdim və pulları qeyri-ixtiyari cibimə qoydum. Suçlu adamlar kimi başımı aşağı salıb, gözlərimi yerə dikdim.

Muxtar aram-aram dilləndi:

- Adam pulu halal qazanar, haramın axırı yoxdur. Pul gələr də, gedər də, amma hansı vəziyyətdə olursansa-ol, gərək adamlığını itirməyəsən.

- O pulları mənə evdən göndəriblər. Bu gün, bir saat əvvəl gətirib veriblər, - dedim və başımı qaldırıb Muxtarın gözlərinin içinə qəti bir inamla baxdım ki, onun başqa bir sual verməsinə daha lüzum qalmasın. Muxtar bığaltı gülümsəyib əllərini qoynunda çarpazladı.

- Muxtar dayı, sözlü adama oxşayırsınız? Nə sözünüz var, deyin. İstəsəniz, mən sizin bu mənzili elə bu saat tərk eləyə bilərəm. Qaldığım son yeddi günün pulunu da ödəyərəm.

Muxtar bir an fikrə getdi:

- Bilirsən, bacıoğlu, sən yaxşı oğlansan, amma gəl, açıq danışaq. Deyirsən, bu pulu sənə kənddən göndəriblər. Kim göndərib, Allah canını sağ eləsin, yaxşı eləyib. Amma o adam kimdirsə, həmişə sənə pul göndərə bilməyəcək axı. Bir-iki aydan sonra sənin pul problemin yenə qalxacaq. Mənim də bu yaşımda kiminləsə pul söhbəti aparmağa, mübahisə eləməyə nə həvəsim var, nə də hövsələm. Yenə deyirəm, sən yaxşı oğlansan. Səni itirmək istəmirəm, məni düzgün başa düş. Mənim də öz problemlərim var. Hər ay banklara kredit verirəm. Sən bir həftədir kirayə haqqını gecikdirirsən, mənim də kreditlərimin üstünə faizlər gəlir. Amma bu pulları vaxtında mənə versəydin, indi mən də rahat nəfəs alardım. Axı, belə olmaz, hər şeyin ölçüsü, biçimi, hər şeyin bir dirənən yeri var.

Muxtar sözünə ara verib ayağa qalxdı. Ağır addımlarla pəncərəyə yaxınlaşıb dərindən nəfəs aldı:

- Mən sənə heç nə demirəm. Bax, sən özün de. De görüm, mən nə edim? Necə edim, nə təhər edim?

- Sizi başa düşürəm, Muxtar dayı, mən nə deyim. Mənzilin sahibi sizsiz, necə deyirsiz, elə də olsun. Amma mənəm ki, bu mənzildə qalıram a... Heç kəs gəlib burda yaşamaz. Kağızları qopuq divarlar adamın üstünə gəlir, pəncərələr nə gündədir? Hələ tualeti, hamamı, mətbəxi demirəm.

Mən pulları cibimdən çıxarıb arasından bir yüzlük ayırdım, mənzilin açarları ilə bir yerdə dolabın üstünə qoydum.

- Sağ olun, - deyib qapıya tərəf getdim.

Muxtar:

- Sənə bir söz deyim, heç vaxt yadından çıxarma.

Mən dayanıb onun nə deyəcəyini qeyri-adi maraqla gözləyirdim. Bu adamla bundan sonra, bəlkə bir də heç vaxt üz-üzə gəlməyəcəkdim. Bu adamın səsini yəqin bir də eşitməyəcəkdim. Bəli, məhz elə bu anda fikirləşdim ki, "Muxtar dayı" deyə çağırdığım, özü demişkən, mənə heç vaxt pis olmayan bu qəribə adamla belə soyuq şəkildə ayrılmağımı nə Allah götürər, nə də mən özümə bağışlaya bilərəm.

Tez ayaqqabılarımı geyinib otağa döndüm. Muxtar sınıq-salxaq pəncərənin qabağında dayanıb hələ də küçəyə baxırdı. Yaxınlaşıb əlimi onun çiyninə qoydum və çox yumşaq şəkildə dedim:

- Buyurun, Muxtar dayı, deyin sözünüzü, eşidirəm.

Muxtar dərindən nəfəs alıb, mənə tərəf döndü. Onunla üz-üzə qaldıq. Muxtarın şişman qarnı məni bir az geri çəkilməyə məcbur etdi. O, cibindən dəsmal çıxarıb boynunu, boğazını, sonra alnını sildi. Ağır-ağır dilləndi:

- İnciməyəcəksən sözümdən?

- Yox, Muxtar dayı, Allah eləməsin. Siz sözünüzü deyin, heç ağsaqqal sözündən incimək olar? - deyə mən ona ürək-dirək verdim ki, o, fikrini rahat söyləyə bilsin.

- Sən çalış, Seymur, heç vaxt heç kimə möhtac olma; nə ataya, nə anaya, nə qardaşa, nə də bacıya - heç kimə. Kişi olan kəs özü qazanar, öz qazancını yeyər. Az, ya çox, dəxli yoxdur - özünü də dolandırar, arvad-uşağını da. Mən dediyim kimi yaşasan, həyatda hər şeyə nail olacaqsan. Yox, əgər elə-belə baş girləsən, axırın olmayacaq sənin, - deyib, təkrar pəncərəyə tərəf çevrildi və nazik yay pencəyinin cibindən siqaret çıxardıb yandırdı.

Mən danışa bilmirdim, nitqim qurumuşdu. Bəlkə, bu adamın hər şeydən xəbəri var. Hələ bilmək olmaz, bəlkə bu adam mənim bacımın dustaq həyatı yaşadığını da öyrənib, deyə düşünürdüm və bu fikirlər məndə bir rahatsızlıq yaradırdı. Susurdum, amma danışmalı idim. Nə isə deməli idim bu təzadlarla dolu şişman adama. Əslində düz deyirdi, amma niyə indi? Evdən çıxıb getdiyim anda, ovqatımın belə təlx vaxtında, həm də pulları görəndən sonra dedi bu sözləri mənə. Bəli, mən nə isə deməli idim. Muxtara cavab vermədən bu evi tərk etməyimi özümə bağışlamazdım.

- Siz bilirsiz, bu pullar məndə hardandır? - deyə mən yavaşca Muxtardan soruşdum.

- Özün dedin axı, evdən göndəriblər.

- Oğlunuz yaşında bir adamı sındırmaq, utandırmaq istəyirsiz. Sizin yaşınıza-başınıza yaraşmır axı bu münasibət. Mən heç vaxt başqasının çörəyini yeməmişəm. Kənddə meyvə ağacları ilə dolu iri həyətimiz var. Hər ilin bu vaxtı maşınlarla gəlib alırlar bizdən. Bəli, anamla birgə əkdiyimiz meyvə ağaclarının, min əziyyətlə ərsəyə gətirdiyimiz, bu gün bəhrəsini gördüyümüz almanın, heyvanın, narın, qozun, fındığın dəyəridir bu pullar, - dedim və iti addımlarla qapıya tərəf getdim.

Muxtar ardımca:

- Burda bir dəftər var, yəqin sənindir? - dedi.

Mən qayıdıb Ayşənin gətirdiyi on iki vərəq dəftəri dolabın üstündən götürüb Muxtara yaxınlaşdım. Onun qanı qaralmışdı. Gözlərini yerə dikmişdi. Bir əli şalvarının cibindəydi, o biri əlində tutduğu siqaretin külünü barmaqlarının ucu ilə yerə çırpırdı. Mən əlimi onun çiyninə qoyub:

- Əgər xətrinizə dəydimsə, bağışlayın, - dedim və otaqdan çıxdım.

İki ildən çox yaşadığım bu köhnə beşmərtəbəli binadan uzaqlaşdıqca özümə də qəribə görünən kövrək hisslər yaşayırdım. Mənə doğma olan bir yeri, ocağı sanki əbədi tərk eləyirdim. Halbuki mən bu evdə sarsıntılar da yaşamışdım, elə olmuşdu günümü cəmi bir dəfə yeməklə ötürmüşdüm, kirayə pulunu vaxtında Muxtara verə bilməyib, utanc hissi keçirmişdim. On iki saat günəmuzd fəhləlik eləyib, yorulub, əldən düşüb, evə birtəhər çataraq cırıltısı əsəblərimi oynadan çarpayıya özümü güclə salmışdım. Heç inanmazdım ki, bir gün bu evdən çıxanda belə nostalji hisslər yaşayacam. Mən qışqırmaq, hönkür-hönkür ağlayıb ürəyimi boşaltmaq istəyirdim. Niyə? Səbəbini özüm də bilmirdim. Bundan ötrü mütləq dənizə getməliydim. Sahildə kimsənin olmadığı bir yer tapıb hayqırmaq da, ağlamaq da mümkün idi. Amma indi yox, gecə yarıdan keçəndə - səhərə yaxın dan yeri söküləndə, ləpələr həzin-həzin pıçıldaşanda, ən başlıcası, Kənan da orada olanda getmək istəyirdim dənizə.

 

***

Mən hara getdiyimin fərqinə varmırdım. Yeməklərin menyusu yazılmış lövhə gözümə sataşanda bildim ki, bir kafenin qarşısında dayanmışam. Kafeyə daxil olub xidmətçi xanıma üz tutdum:

- Boş otağınız var? - deyə soruşdum.

O, mənim sualıma sualla cavab verdi:

- Neçə nəfərsiniz?

Mən tək olduğumu dedim.

- Yox, biz tək adam üçün otaq vermirik. Müdir bizə belə tapşırıb, - dedi və uzaqlaşdı.

Sağ tərəfdəki otaqdan çıxan xidmətçi oğlan əlində məcməyi yanımdan keçəndə onu səslədim:

- Sizin müdirin otağı hansıdır?

Xidmətçi oğlan:

- Bu otaq elə müdirin otağıdı, mən ona yemək gətirmişdim, - dedi və getdi.

Qapını ehtiyatla döyüb, icazə alaraq içəri keçdim. Elə mən yaşda, səliqəli geyinmiş bir gənc idi kafenin müdiri. O yemək yeyirdi və məni də masaya dəvət elədi. Təşəkkürümü bildirib dedim:

- Mənə bir otaq lazımdır. Gecə saat on ikiyə, ən geci birə qədər.

Kafenin müdiri:

- Bura kafedir, otel deyil, - dedi, bir əlində çəngəl, bir əlində bıçaq yeməyinə davam elədi.

- Bəs yemək yeməyəcəksiniz? - deyə soruşdu.

- Yox, yemək yeyəcəm. Əlbəttə, indi nahar eləyəcəm, elə axşam yeməyini də burda yeyib gedəcəm, - dedim.

- Biz gecə on ikiyə qədər işləyirik.

- Əla, lap yerinə düşdü. Mən on birdə yemək yeyib, on ikidə burdan çıxaram. Dənizə gedəcəm, saat dörddə bir nəfərlə görüşüm var.

Kafenin müdiri çəngəl-bıçağı boşqaba qoyub, ağzını salfetlə sildi. Və maraqla soruşdu:

- Gecə saat dörddə? O nə görüşdü elə?

- Mənim Kənan adında bir dostum var. Hər gecə səhərə yaxın əlil arabasında dənizə gəlir. Həə, çox maraqlı adamdı. Sübh tezdən günəşin dənizdən çıxmasına baxır və bundan ləzzət alır.

- Dediniz əlil arabasında gəlir, yəqin müharibədə olub, qazidir? - deyə o soruşdu.

- Bilmirəm. Mən onunla bu gün səhər tezdən tanış olmuşam, bir ayağı dizdən aşağı yox idi.

Elə bu vaxt otağın qapısı döyüldü. Xidmətçi oğlan çay gətirib masaya qoydu. Kafenin müdiri ona:

- Stəkanın birini də gətir, - dedi.

Xidmətçi oğlan:

- Baş üstə, - deyib çıxdı.

- Siz deyirsiz on ikidə burdan çıxacaqsız, dörddə görüşünüz var. Yaxşı, bəs on ikidən dördə qədər siz neyniyəcəksiz? O vaxt hava soyuq olur, əyniniz də çox nazikdir.

- Heç nə olmaz. Yaydır, havalar isti keçir, - dedim.

- Yoox, olanda olur.

Mən söhbətimizin alınmadığını artıq güman eləyib:

- Yaxşı, mən gedim. Sağ olun, - deyib, qapıya yaxınlaşdım.

- Sizin adınız nədir? - deyə kafenin müdiri arxamca səsləndi.

Ona adımı dedim. O isə:

- Mənim də adım Arifdi, - dedi.

O, mənə yaxınlaşıb əlini uzatdı. Beləcə, biz tanış olduq.

- Bir yerdə oxuyub eləmisiz? - deyə soruşdu Arif.

- Həə, ali təhsilli aqronomam, - dedim.

Arif güldü. Əllərini qoynunda çarpazlayıb:

- Qardaş, deməli, sənin yerin şəhər deyil.

- Tamam doğru, elə özümün də diplomuma heyfim gəlir, - dedim.

Əslində söhbətimizin başqa səmtə dəyişməyini istəmirdim. Ona görə də yenə məni narahat eləyən əsas məsələyə qayıtdım:

- Siz mənə bir otaq təşkil eləyin, mən bu gecəni birtəhər ötüşdürüm. Yeməyin hesabından başqa, əlavə iyirmi manat da verərəm, - dedim.

Elə bu vaxt xidmətçi oğlan içəri girib əlindəki stəkanı masanın üstünə qoydu, - Ayrı nə isə tapşırığınız var? - deyə Arifdən soruşdu.

- Var.

- Buyurun, eşidirəm, - deyə oğlan dilləndi.

- Bu qardaşın adı Seymurdur. Mən indi gedirəm, elə bu otaqda qulluq eləyin ona. Özü nə vaxt getmək istəsə, getsin.

Xidmətçi oğlan:

- Baş üstə, - deyib otaqdan çıxdı.

- Başqa bir obyekt də var, ora getməliyəm. Siz rahat istirahət edin. Bu otaqda hər cür şərait var. Hamamı, kondisioneri, divanı, yəni çölə çıxmağa ehtiyac yoxdur. O dediyiniz əlavə iyirmi manat da lazım deyil. Nə sifariş versəniz, pulunu ödəyərsiniz, bəs eləyər. Hə, gecə saat 3-dən tez getməyin. İşçilər on ikidə gedəcəklər. Gözətçi saat üçdə sizi yola salacaq.

Arif bunları deyib, mənimlə sağollaşdı və otaqdan çıxdı. O gedəndən sonra belə rahat otağın, elə Arifin özü demiş, gecənin yarısınadək ixtiyarımda olması məndə xoş bir ovqat yaratmışdı. Hər şeydən əlimin üzüldüyü, nə edəcəyimi və necə edəcəyimi dəqiqləşdirə bilmədiyim o üzüntülü anlar kaş heç ömrümə yazılmayaydı. Anlaşılmaz bir durumda qalıb hara getməyimin fərqinə varmadan saatlarla qaçıb "bəsdi" deyincə yorulmaq, haldan-hala düşüb, şıdırğı yağan yağışın altında diz çöküb, torpağın üstündə üzüqoylu uzanıb, tərki-dünya olmaq istəyimin canımda tüğyan elədiyi bir vaxtda Ariflə tanışlığım və özüm də gözləmədən onunla söhbətimin alınması, gözlərimdə dəyişmişdi hər şeyi, elə bu cəncəl dünyanın özünü də. Düşünürdüm ki, hər bir insan onun qarşısında yaranan çətinliklərə əl qaldırıb, "qismət beləymiş" deyib təslim olmamalıdır, məqsədinə doğru hərəkət eləməlidir. Belə olarsa, nə vaxtsa onun üçün hər hansı bir şansın yaranması, yıxılıb-durduğu, büdrədiyi, tələsdiyi ömür yollarında yaşıl işığın yanması mütləq və qaçılmazdır. Belə şanslar isə hər dəqiqə yaranmır. Yaşıl işıqlar hər dəqiqə yanmır qarşımızda.

Yadımdadır, universitet illərində tələbə oğlanların və gənc müəllimlərin yuxusunu qaçıran, onların ciddi və qeyri-ciddi təkliflərini rədd eləyən Gülgəz adlı olduqca gözəl və məsum bir tələbə qızın öz yoldaşları arasında mənə olan sevgisini açıq etiraf etməsi böyük səs-küyə səbəb olmuşdu. Halbuki o qız həmişə mənim diqqətimdən kənarda qalırdı. Gülgəz haqqında heç düşünmürdüm də. Amma o qız mənim ömür yolumda yanan yaşıl işıq idi, bəlkə də.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!