Romandan parça
Nə olursa-olsun, içindəki uşağı unutma...
Qəbiristanlıq min illərin sükutu içində uyuyurdu. Dünya binə olandan belə olmuşdu - başdaşıları sanki sükuta keşik çəkirdi. Sükut o dünya ilə bu dünya arasında gözəgörünməz bir pərdə idi. Gorgaha bəni-insan ayağı dəyəndən-dəyənə bu pərdə azca tərpənirdi, əl-ayaq çəkiləndən sonra yenə əvvəlki halına qayıdırdı. Sükutu arada dəli küləklər pozurdu, yağan yağışlar qaralmış çopur başdaşılarını döyəcləyəndə sükut rəncidəhal olurdu, canını qoymağa yer tapmırdı. Bir də hüznlü addım səsləri... torpağın yaddaşını oyadırdı.
Bu dəfə də torpağın yaddaşı oyanmışdı. Yumşaq, zərif qadın ayaqlarının toxunduğu gil torpaq elə bil sızıldayırdı, ağrı çəkirdi; gərdişi-dövranın vəfasızlığından, həyatın faniliyindən xəbər verirdi. O zamanlar ki, xoşbəxtlik üfüqdə sayrışırdı, asudə, bəxtəvər günlər ömrə-günə min cür rəng qatırdı, səhərlər Günəş göy üzündə səadəti müjdələyirdi, axşamlar Ay uşaqlara sehrli nağıllar danışırdı, onda uşaqlar da düşünürdü ki, bu dünya nə gözəl yer imiş. Başlayırdılar dünyanı sevməyə. Dünya onlar üçün isti, işıqlı bir evə çevrilirdi. Onlar dünyaya evlərinin pəncərələrindən baxırdılar və dünya onların gözündə o qədər böyük idi ki, heyrət və maraq içində gözlərini o pəncərədən çəkə bilmirdilər. Torpaq onlar üçün üstündə yamyaşıl ağacları qol-budaq açan, şipşirin meyvələr bitirən möcüzəli bir yer idi. Onlar bilmirdilər ki, torpağın başqa üzü də var, torpağın başqa üzündən xəbərsiz idilər. Bilmirdilər ki, torpaq uğrunda qanlar tökülür, savaşlar aparılır, mərmilər torpağın altını üstünə çevirir; torpaq torpaq olmaqdan çıxır, uçuruma, yarğana çevrilir və doymaq bilməyən qorxunc əjdaha kimi insanları udur. Bilmirdilər və bu bilməzlik ilə də halları xoş idi.
...O qadın neçə illər idi ki, eyni cığırla, qəbirlərin arasıyla gedirdi və illər onun ipək saçlarını codlaşdırmışdı, tellərinə dən salmışdı, gözlərinin kənarında qəmli naxışlar toxumuşdu. O qadının ağ üzündə xırda çillər əmələ gəlmişdi. Amma gözləri həminki idi... Mavi, dünyanın təmizliyindən, paklığından, sevincindən xəbər verən mehriban, ifadəli baxışlar həminki idi... Həminki idimi? Axı deyəsən, bir azca solmuşdu bu baxışlar... Bu gözlərin dərinliyinə narın bir kədər hopmuşdu. O xırda çillər də, açıq-aşkar sezilən qırışlar da, ağarmış tellər də həmin o müxənnət kədərin işləkləri idi; kədərin görünən tərəfi, maddiləşmiş forması idi. Gözəlləri qocaldan dünya bu qənirsiz gözələ də tamah salmışdı, zaman səssiz-səmirsiz öz işini görməyində idi. O, bəlkə də heç bu qadını tanımırdı, onunla işi yox idi, sadəcə, bu dünyada Vaxt deyilən bir şey vardı. Külli-bəşər ona tabe idi, Vaxt irəlilədikcə insan da özündən asılı olmadan dəyişirdi, uşaqlığı, gəncliyi əlindən çıxırdı, yaşa dolurdu, qocalırdı və əlində-ovcunda qalan keçmiş olurdu. Və bu keçmiş onun yeganə sığınacaq yeri olurdu. Bu keçmişi onun əlindən alsan, o, daha yaşaya bilməzdi. Keçmiş onun mücrüsü idi ki, içində yaşadığı ömürdən qalan xatirələr toplanır. O mücrünün içində kədər də var, sevinc də...
Mən öz qəbrimi tapa bilmirdim. Qəbiristanlığın içində azıb qalmışdım. Külək qəbri uçurmuşdu, nədi?.. Qəbir yoxa çıxmışdı. Məndən on beş-iyirmi addım irəlidə addımlayan o qadın torpağın yaddaşını oyatdığı kimi, məni də bir anlığa keçmişə qaytardı.
Aradan uzun illər keçsə də, mən o qadını görən kimi tanıdım. Sazaq, külək ətrafa çökmüş hüznlü ovqatı, sonu görünməyən qüssəni bir az da qatılaşdırırdı. Çiyinlərini qısıb ürkək addımlarla irəliləyən qadını görüncə ürəyimin döyüntüsü artdı, neyləyəcəyimi bilmədən yerimdəcə donub qaldım. O yağışlı-çiskinli payız axşamı qadının yumşaq addımları qəbiristanlığın ağır havasına elə bil bir az yüngüllük gətirdi, həyat əlaməti gətirdi. Yoxsa bu ölülər səltənətində havasızlıqdan az qala, boğulacaqdım.
Narın yağış qəbir daşlarını da yuyub təmizləyirdi, bu daşlar yuyulduqca elə bil yavaş-yavaş nəfəs almağa başlayırdı. Torpaq yağışı canına çəkdiyi kimi bu qəbir daşları da doyunca suyu özünə çəkib canlanırdı. Qadının göz yaşları çoxdan qurumuşdu, mavi gözlərində, canında su qalmamışdı. Öz yağında qovrulub qurtarmışdı, eləcə ruh kimi gəzib dolaşırdı. Qadın birdən ayaq saxladı, qara mərmər başdaşının önündə diz çökdü. Bu qəbir bir az da mənim qəbrimə bənzəyirdi. Üstündə də mənim adım yazılmışdı - Kamran.
...İbiş qollu-budaqlı tut ağacının altındakı dəyirmi daşın üstündə çöməltmə oturub çox-çox illər bundan öncə Məhəmməd kişinin bu ağacı əkməyindən danışırdı. Bu ağacın nə vaxt əkildiyini heç kəs görməmişdi. Məhəmməd kişi bu tut ağacını İbişin gözləri önündə əkmişdi...
Qadın qara mərmər daşla danışırdı. Amma səsi çıxmırdı, dodaqları tərpənmirdi. Mən onun səsini açıq-aşkar eşidirdim. Sanki öz keçmişimə lap yaxından baxırdım.
Birdən-birə hər tərəf İbişin sarı sırıqlısının rənginə büründü və mən bu ilğımın içində öz uşaqlığımı gördüm; İbişlə üzbəüz oturub onun bir Allah bilir ki, neçənci dəfə danışdığı əhvalatı ilk dəfə eşidirmiş kimi maraqla dinləyirdim. Tut ağacının nağılını danışırdı İbiş...
Məhəmməd kişi ağıllı adam idi, amma nədənsə məhəllədə ona Gic Məhəmməd deyirdilər. Hər dəfə anamdan soruşurdum ki, Məhəmməd əmiyə niyə o adı qoşublar? Anam da gülümsəyib deyirdi ki, nə bilim, ay bala, elə deyirlər də. Məhəmməd kişi həmin o dəyirmi daşın üstündə oturub həsir zənbil toxuyurdu. O vaxtlar ki, hələ məhəlləmizdə tut ağacı yox idi, Məhəmməd kişi hələ o ağacı yerə bitişmiş dəyirmi daşın qabağında əkməmişdi. Onda Məhəmməd kişi Ağır Cəbrayılın qoyunlarını otarırdı. Ağır Cəbrayılın Təmənnis deyilən yerdə böyük təsərrüfatı vardı, kasıb-kusuba, kimsəsizlərə əl tutmağıyla ad çıxarmışdı. Kənd camaatı həmişə onun hörmətini saxlayırdı. Oğulun çayxanasına girəndə qəlyanının tüstüsü özündən qabaq içəri yayılırdı. Onun üçün tənbəki İrandan gəlirdi və bu tənbəkinin bihuşedici qoxusu Ağır Cəbrayılın büsbütün canına hopmuşdu. Süd rəngli "Qaz-21" "Volqa"sının kabinəsinə də hopmuşdu bu qoxu. Atam həmişə deyərdi ki, kişidən papiros iyi gələr. Ağır Cəbrayıldan da tənbəki iyi gəlirdi. Mahaçqalada, Təbrizdə tacir dostları vardı və Ağır Cəbrayıl tez-tez alış-veriş məqsədilə uzaq səfərlərə çıxırdı. Deyirdilər ki, Ağır Cəbrayıl o uzaq yerlərə həm də qumar oynamaqdan ötrü gedir. Dünyanın ən qəribə işlərindən biri də bu idi ki, bu xəbəri məhəllədə ilk dəfə Həcər xala dilinə gətirmişdi. O vaxta qədər heç kəs bilmirdi ki, Ağır Cəbrayılın qumarbazlığı da var. Həcər xala bu xəbəri hardan, kimdən öyrənmişdi, sirri-xuda idi.
Sən demə, İbiş də Ağır Cəbrayılın harasa uzaq bir yerə qumar oynamağa getməyindən xəbərdar imiş. Amma İbiş bu xəbəri heç vaxt dilinə gətirməmişdi. Ağır Cəbrayılın qumarda əli gətirəndə İbişin üzü gülürdü. Ağır Cəbrayıl belə səfərlərə çıxanda İbişdən "xeyir-dua" alırdı. "İbiş, bu dəfə əlim gətirsə, sənə yaxşı bir kostyum alacağam", "ürəyin nə istəyir, ay İbiş, de, gələndə alıb gətirim səninçün"... İbiş də eləcə gülürdü, bir söz demirdi. Bir dəfə Ağır Cəbrayıla demişdi ki, "udacaqsan, görərsən, bunu sənə İbiş deyir". Onda Ağır Cəbrayıl külli miqdarda pul udmuşdu və şax iyirmibeşliyi İbişin sırıqlısının cibinə basanda gözlərimlə görmüşdüm. "İbiş, ağzın fal imiş. Get, bu pula özünə nə istəyirsən, al". İbiş, bəlkə də ömründə o qədər pul görməmişdi, cibindən bənövşəyi rəngdə pulu çıxarıb gözləri parıldaya-parıldaya bir xeyli baxandan sonra cibinə dürtüb uşaq sevinci ilə gülmüşdü. Mən heç vaxt İbişin üzündə belə işıqlı təbəssüm görməmişdim və o təbəssüm uzun müddət torpağın dərinliyində qalıb havasızlıqdan boğulmuş, bozarmış qiymətli daş-qaş kimi göründü. Bu təbəssüm onun cod sifətində necə işım-işım işıldayırdı, İlahi?! Ağır Cəbrayıl İbişin kürəyinə yüngülcə vurub "get, kef elə" dedi və "Volqa"sına minib sürətlə məhəllədən uzaqlaşdı. İbiş hələ də üzündə təbəssüm donub qalmışdı.
Üzərinə biganəlik, laqeydlik tozu hopmuş unudulmuş qəbirlərə də o təbəssümdən pay düşdü. O kədərli təbəssümə mən bir neçə dəfə bu köhnə qəbiristanlıqda başdaşılarının üstündəki fotolarda da rast gəlmişdim. O təbəssüm dəli bir istəklə daşdan çıxıb həyata qayıtmaq istəyirdi. Sanki yalvarırdı ki, məni bu daş sükutundan oyadın, yenidən o gözəl həyata qayıdıb öz ömrümü yaşayım... Heyhat!.. Torpaq aldıqlarını bir daha geri vermir, bu daş pərdənin arxasındakıların yolu bir də heç vaxt bu dünyaya düşməyəcək. Onlar ancaq ölüm növbəsini gözləyən bu fani adamların yaddaşında bir müddət yaşayacaq, onlar da dünyadan köçəndən sonra o biçarələri bir də heç vaxt xatırlayan olmayacaq. Dünyanın işləri belədir... Uşaq vaxtlarımda məni qəbiristanlığa buraxmazdılar, amma mən hər dəfə fürsət tapıb tək-təkcənə qəbiristanlığa gəlirdim və köhnə qəbirlərin arasında dolaşa-dolaşa dünyanın faniliyi haqqında düşünürdüm. İnsanlar niyə doğulurlar? Niyə ölürlər? Bu suallar heç cür mənə rahatlıq vermirdi, içimi didib-tökürdü. Bu suallar mənim uşaqlıq sevincimi əlimdən alırdı, mənə rahatlıq vermirdi. Bir dəfə evdə anamdan soruşdum ki, ana, biz də öləcəyik? Anam təəccüblə üzümə baxıb bir müddət susdu, sonra nə düşündüsə gülümsədi, "biz uzun ömür yaşayacağıq, mənim balam, laaap çox yaşayacağıq, sən belə şeylər haqda düşünmə", - dedi və nədənsə fikrə getdi.
Otuz ildən sonra ilk dəfə gördüyüm o qadını dərhal tanıdım. Züleyxa müəllimənin qızı Kamilə idi - gözəl Kamilə. On il bir parta arxasında oturduğumuz günlər yadıma düşdü. O şıltaq, ərköyün qız gözlərimin önündə hörüklərini yelləyə-yelləyə şeytancasına gülümsəyirdi. Qəfildən onu sinifdə qucaqlayıb öpdüyümü indinin özündə də həyəcanla xatırlayıram. Axı niyə məhz onu öpmüşdüm, o qızda məni cəlb edən nə idi? Bu suallara cavabım yox idi. Mənim bu hərəkətim sinif rəhbərimizi də, uşaqları da heyrətə gətirmişdi. Əlbəttə, uşaqlar "heyrət" sözünün mənasını bilmirdilər, amma uşaq ömürlərində heç vaxt belə bir şey görməmişdilər. Kamilə mənim bu qəfil, gözlənilməz hərəkətimdən bərk qorxdu və ağlamağa başladı. Qızlar Kamilənin ağlamağını görüb onu müdafiə etmək üçün mənim üstümə çımxırdılar, mənə acıqlandılar. Təklənmiş vəziyyətdə qaldığım üçün özümü itirdim və nə edəcəyimi bilmədim. Yeddi yaşlı bir uşaq üzr istəmək nə olduğunu bilə bilməzdi. Eləcə tutulmuş halda "bilmədim" deyə bildim. Başqa heç nə.
Qızlar sinif rəhbərimiz Qasım müəllimə məndən şikayət etmişdilər. Qasım müəllim möhkəmcə qulağımı dartdı və mən bu qədər uşağın gözləri qarşısında pərt olduğumu sinirə bilməyib sinifdən çıxdım və evə doğru götürüldüm. Anam nə baş verdiyini anlaya bilmirdi, məni çox sorğu-suala tutsa da, doğru-dürüst bir cavab ala bilmədi. Örpəyini başına atıb əlimdən tutdu və məni özüylə məktəbə apardı. Anamın yanında bir az ürəklənmişdim, mənə elə gəlirdi ki, heç bir qəbahətim yoxdur. Məsələdən hali olandan sonra anamın da məni müdafiə edəcəyini düşünürdüm. Axı burda pis nə ola bilərdi?! Mən xoşuma gələn qəşəng bir qızı öpmüşdüm, vəssalam. Buna görə adamı niyə tənbeh eləsinlər, ona niyə cəza versinlər? Heç vaxt belə şey ola bilməzdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!