...Kim deyir ki, Orada vaxt keçmir?.. Saatın əqrəbləri tərpənmir. Zaman donub. Bəlkə də inanardı.
Ancaq Oradan çıxanda uzun koridorun tinindəki iri bədənnüma güzgüdə təpədən-dırnağacan, altdan yuxarı zəndlə, dönə-dönə, dəfələrlə özünə baxmışdı. Əgər Orada vaxt keçməsəydi, on beş il bundan əvvəlki şəvə saçları niyə indi bəs belə dümağ idi? Əgər Orada vaxt keçmirdisə, şax qaməti niyə əyilmişdi, ağzındakı cabəca dişləri də çürüyüb tökülmüşdü. Daraqbatmaz saçları bir yana, başı da keçəlləşib dazlaşmışdı. Bir vaxt kefinə düşüb dağa-daşa güc edəndə, yerindən tərpətdiyi qolları niyə indi nazilib az qala çubuğa dönmüşdü?!
***
Amma... Onun məhkum olduğu dustaqxanada on beş il bir zaman, vaxt kimi keçməmişdi. Əgər keçsəydi, on beş il bundan qabaq türmədə dustaq kimi kamerada ilk gecə qərara aldığı hökmün icrasını zaman, o vaxt keçdikcə yumşaldardı, icranı ləğv etmək fikrinə düşməsə də, bəlkə daha yüngül bir cəza ilə əvəz etmək qərarına gələrdi. Yox, onun üçün kamerada zaman, vaxt keçməmişdi. Bu on beş ildə kini-küdurəti zərrəcə soyumamış, hirsi-hiddəti, qəzəbi daha da şiddətlənib alovlanmışdı. Buradan çıxan kimi bir vaxt üzünə duran Şahidləri axtarıb tapmaq və hökmən onlardan amansız bir qisas, intiqam almaq! Bəlkə də ürəyi onda soyuyardı...
...Ona elə gəlirdi ki, on beş ili türmədə məhz o qəzəbin, qəlbindəki kinin-küdurətin, intiqam, qisas, hayıf almaq qərarının, özlüyündə verdiyi o hökmün icrasını yerinə yetirmək hesabına dözüb durub, tab gətirib. Günləri saya-saya bu günü - cəza müddətinin axır ki, başa çatacağı günü səbirlə, hövsələ ilə, hətta günləri saya-saya gözləyib.
***
Məhkumları kameralardan çölə, qısamüddətli gəzintiyə çıxarırdılar. Məhbuslar hündür daş hasar divarla əhatələnmiş həbsxananın divarları boyu ora-bura addımlayırdılar ki, ayaqları tutulmasın. Belə vaxtlarda keşikçi qülləsindəki əli avtomatlı mühafizəçilər daha ayıq-sayıq olardılar. Bir himə bənd idilər ki, barmaqlarını tətiyə çəksinlər.
Hər bir məhkum gəzə-gəzə özlüyündə, əlbəttə, nələrsə fikirləşir, götür-qoy edirdi. Onunsa gözü divarlar boyu yazılan çağırışlarda gəzərdi. "Unutma, səni anan-atan gözləyir!", "Evini, qoyub gəldiyin arvad-uşağı yaddan çıxarma!"
O isə hər belə çağırışın əvəzinə ürəyindəki səsi eşidərdi; ona elə gəlirdi ki, divara başqa sözlər yazılıb: "Çöldə səni qisasın gözləyir!"
Hündür qüllədəki ayıq-sayıq keşikçinin gülləsindən qorxmurdu. Hərçənd ki, fürsət tapıb qaçmağa cəhd edən dustaqlardan keşikçilərin gülləsinə tuş gələnlər də olmuşdu. "Unutma ki, səni çöldə qisasın gözləyir..."
***
...İş yerində darısqal bir otaqda üç nəfər idilər. Üçü də məktəb illərindən bir-birinə yaxın keçmiş sinif yoldaşları: o, dostu və bir qız.
Yuxarı siniflərdə az qala, bütün məktəb onunla o qızın "Leyli-Məcnun"luğundan xəbərdar idi.
O, sinif nümayəndəsi idi. Məktəbin fəxri, iftixarı idi. İşə bax, üçü də sonralar eyni bir ali məktəbə, eyni fakültəyə daxil olmuş və hətta bir qrupa düşmüşdülər. İndi də eyni bir yerdə təyinatla işə başlamışdılar.
Otaqda üçü idi. Kassadakı pullara qız cavabdeh idi. Seyfin açarı qızda idi. Müdir kimi onda da ehtiyat açarlar var idi. Tez-tez ümumi xatirələri yada salanda otaq dostları hər ikisinə sataşardı. Yaman zarafatcıl idi, ağlına gələni də dilindəydi:
- Daha nə qədər gözləyək? Toyunuzda babatca rəqs etməkdən ötrü evdə hər gün qol götürüb oynamaqdan, məşq etməkdən qollarım yorulur, dizlərim bükülür. Musiqi səsindən yuxusu qaçan qonum-qonşu da məni abırdan salır. Nə vaxt tərpənəcəksiniz?..
Belə söhbətlər zamanı nə qədər araları açıq olsa da, qız ortaq dosta barmağını silkələyə-silkələyə gülüb otaqdan çıxır, O isə: - Sən məşqinə davam et, - deyirdi, - toyxanada məharətini göstərməyə bir elə qalmayıb.
...Ancaq... Çevrilib üzünə baxsaydı, dostunun o məqamda, az qala, boğula-boğula necə nəfəs almasına diqqət kəsilsəydi, bəlkə də, elə bil quyruğunu gizlədən bir gürzə ilan kimi necə fısıldadığının şahidi olardı.
***
Bir gün müştərək dost qəflətən, birdən-birə, lap anidən əvvəlcə qeyri-təbii, lap sonralarsa açıq-aşkar başa düşdü ki, qızın bir gözü pul kassasındadır. Hərçənd ki, kassanın bir açarı da elə onun özündə idi. Köks ötürdü, kassadakı o pullarla yox, eləcə yarısı ilə də necə bir yeni həyat qurmaq olardı. Ancaq o kassadakı sayılı pul dəstlərindən bircə manat belə əskik olsaydı, bunun altından çıxmaq da olmazdı. İşin üstü açılsaydı, cinayət məsuliyyətindən yaxanı kənara çəkə bilməzdin.
Ancaq günlərin bir günü kassaya necə tamarzı ilə baxdığı otaq dostunun da gözlərindən yayınmadığını başa düşən qız qorxub diksindi. Tez baxışlarını gizlətdi. Gec idi. Ancaq oğlanın da gözlərinin o kassaya necə acgözlüklə dikildiyini görüb elə bil sakitləşdi. Və zəndlə, sınayıcı nəzərlərlə ona baxdı. Bir müddət hər ikisi lal-dinməz bir-birlərinə baxa-baxa qaldılar. Heç biri danışmırdı, susurdular. Amma... Hər ikisinin bəbəklərindəki şeytanlar elə bil bir-birlərinə göz vururdular, öz aralarında danışırdılar. Sonra qımışdılar. Bundan sonra köhnə dost daha Onu toy etməyə tələsdirmədi.
***
...Hadisə qəfil oldu. Bir gün qayda üzrə növbəti dəfə pul kassasını açıb təftiş etmək istəyəndə seyfi bomboş gördülər. Kassadakı pullar yerli-dibli yoxa çıxmışdı. Dərhal inzibati orqanlardan əməkdaşlar gəldi. Kassa yarılmamışdı. Sadəcə, qıfıl açarla açılmış və pullar götürülmüşdü. Kassaya cavabdeh qız idi, açarlar da onda idi və qız istintaqa cəlb edildi.
Dostu: - Nə fikirləşirsən? - deyə ondan xəbər aldı, - hətta yarıciddi-yarızarafat: - Bəs budurmu vəfan, Şirinin yolunda canını fəda edən Fərhad, Leyliyə görə çöllərə düşən Məcnun...
Fikirli-fikirli acıqla dostunu süzdü: - Məzhəkə yeridir heç...
Dostu canıyananlıqla: - Qızı xilas etmək üçün bir yol fikirləşməliyik...- deyə mənalı-mənalı dilləndi.
***
Bu dəfə imdad diləyirmiş kimi, çarəsiz-çarəsiz dostunun üzünə baxdı. Anlamışdı ki, zirək, çoxbilmiş dostu, deyəsən, bir şey fikirləşib.
- Neyləyə bilərəm ki?..
Dostu əlbəəl: - Boynuna götür, - dedi.
- Nəyi?
Dostu yenə də:
- Kassanın açarları axı səndə də var, - dedi. - Kassanı özünün açdığını, pulları oradan götürdüyünü etiraf et...
Bu qəfil məsləhətdən əvvəlcə duruxdu. Fikrə getdi. Haçandan-haçana: - Bunu onlara necə sübut edə bilərəm? - deyə nigarançılıqla dostunun üzünə baxdı. Üzünü ondan gizlətməyə çalışan dostu: - Cinayətin sübutu üçün günahkarın özünün etirafı ən əsas dəlildir. Lap sonra iki şahidə ehtiyac olur...
Dostu sonra bic-bic:
- İşdir-şayət, lazım gəlsə, şahid sarıdan da narahat olma! - dedi. - Sevanı başa salarıq. Şahidlik edər ki, bir gün qabaq açarları ondan almısan.
Duruxdu. - Yox, inanmıram ki, Seva buna razı olsun...
Dost canıyananlıqla:
- Bu yaşda cavan qız türmədə çürüməyəcək ki? Sənin də türməyə düşməməyin üçün sonra bir şey fikirləşərik...
Sonra da qımışa-qımışa: - Hə, ay çöllərə düşən Məcnun, ay külüngü başına vuran Fərhad, nə deyirsən?
- Bəs ikinci şahid?
Dostu ah çəkdi, köks ötürdü, doluxsuna-doluxsuna:
- Nə edim, çarəm yoxdu. Nə qədər ağır olsa da, ikinci şahidliyi özüm edərəm ki, yanımda seyfin açarlarını ondan aldın... - dedi.
***
...Müqəssir günahını özü etiraf etmişdi. İki nəfər şahid də üzünə durmuşdu. Uzun çəkən istintaq axır ki, yekunlaşdı. Külli miqdarda dövlət əmlakını mənimsəmək üzrə iş məhkəməyə verildi.
***
Hakim məhkəmənin hökmünü oxuduqdan sonra əlisilahlı konvoylar qolları qandallı məhkumu məhkəmə zalından çıxartdılar. Dustaq maşını elə məhkəmə binasının qapısının lap ağzında durmuşdu. Qapalı maşının özü də, elə bil, biradamlıq kameralı türməyə oxşayırdı. Maşına minəndə bir anlıq ayaq saxlayıb bayırda azadlığın sonuncu havasını ciyərlərinə çəkmək üçün köks ötürüb dərindən nəfəs aldı. Dördgöz olub ətrafa boylandı, diqqətlə ətrafın, elə bil quşların səsinə, ağacdakı yarpaqların pıçıltısına dinşək kəsildi. Bilirdi ki, bu onun azadlıqdakı dünyası ilə, bəlkə də son görüşüdür.
Qarşıdakı geniş, şosse yoldan maşınların siqnal səsi bir-birinə qarışmışdı. Musiqi səsləri də ətrafa yayılmışdı. Başa düşdü ki, toy karvanıdır. Həsrətlə ard-arda düzülmüş maşınlara sarı boylandı, gözləri bəylə gəlinin əyləşdiyi maşını axtardı. Hə, lap qarşıdakı güllə-çiçəklə, çələnglə bəzədilən bahalı maşın idi.
Birdən gözləri alacalandı. Yox, gözləri onu aldada bilməzdi. Bəylə gəlin onlar idi! Öz təkidi ilə üzünə duran şahidləri...
Məhkəmənin onun haqqında çıxardığı hökmlə cəza yerinə həbsxanaya aparılırdı. Elə həmin an o da özlüyündə şahidlər haqqında hökm çıxartdı. Azad olandan sonra hökmən onları cəzalandırmaq, təzədən həbsxanaya düşsə belə, qisas almaq!
***
...Hə, bəsdir oturduğu skamyada başını çemodanına söykəyib mürgüləyə-mürgüləyə dağı arana, aranı da dağa daşıdığı fikir-xəyallar, götür-qoylar...
Hara getsin, hara yollansın, kimə üz tutsun?.. Türməyə düşəndən sonra ilk illər onun da yanına görüşə gələnlər, itirib-axtaranlar var idi. Sonralar onu unutdular. Elə o özü də unutdu. Unutmadığı təkcə o şahidlər idi. Elə bil axtardığını tapdı. Əlbəttə, köhnə məhəlləyə yollanmalı, axırıncı dəfə onunla görüşə gələn həmtayı, uşaqlıqda, cavanlıqda oturub durduğu məhəllə uşağı ilə görüşüb o şahidlərdən bir xəbər, məlumat almalı idi. Yerlərini, ünvanlarını öyrənməli idi.
- Ağsaqqal, saat neçədir?
Başını qaldırıb qarşısındakı yeniyetmə oğlana baxdı. Sonra da qolundakı saata... Yox, vaxt orada keçmirdi. Burda isə... Düz üç saat idi ki, skamyada oturub qalmışdı. Oğlana saatı dedi. Oğlan aralanandan sonra o da yerindən qalxıb köhnə məhəlləyə yollandı.
***
Qəribə idi. Demə, vaxt elə buralarda da keçməyibmiş... Məhəllə elə həmin köhnə məhəllə idi. Ağaclar, səkilər, evlər elə həmin - həminki idi. Heyrətləndi. Əgər vaxt burada keçsəydi, on beş il bundan qabaq gördükləri yenə elə həmin bu biçimdə qalardımı?
Axtardığı məhəllə uşağını tapdı. Yenə heyrətləndi. Bu nə iş idi? Yox, əgər vaxt burada keçməsəydi, köhnə tanışı belə qocalmazdı...
***
- Nə var, nə yox?
Köhnə məhəllə uşağının sualına cavab verməyib susurdu.
- Nə vaxt çıxmısan? Xəbər eləyəydin, gəlib maşınla qarşılayardım.
Sonra yenə də sükut... Köhnə məhəllə uşağı daha heç nə demədi, heç nə soruşmadı. Elə bil on beş il bundan qabaq yox, günü dünən oturub-durub ayrılmışdılar. O da susub dinmirdi.
Ancaq birdən elə bil diksindi. Sanki sirri faş olmuşdu. Ehtiyatla məhəllə uşağının bir yerdə qərar tutmayan gözlərinə baxdı. Məhəllə uşağı nəzərlərini yayındırmağa çalışdı. Sonra da sanki ötən günkü havanın ondan xəbərsiz buludlu-buludsuz olması xəbərini ona çatdırırmış kimi: - Ancaq... gecikmisən, - dedi.
- Necə?
Elə bil yerində quruyub qalmışdı, sonra da ayılıb Məhəllə uşağını altdan yuxarı çaşqın-çaşqın süzdü. Necə? Məhəllə uşağı köks ötürdü. Sonra da biganəliklə:
- Onların heç biri indi həyatda yoxdur, - dedi.
Sonra da:
- Cəzalarına elə bu dünyada çatdılar. Hər ikisi gorbagor olub. Daha sənin qisas almağına ehtiyac qalmayıb.
Köhnə tanışının yaxasından yapışıb bərk-bərk silkələdi. Qəzəb qarışıq boğuq səslə:
- Əməlli-başlı başa sal, görüm, nə məsələdi.
Eşitdiyi xəbərlərdən quruyub qalmışdı. Elə bil nitqi qurumuşdu. Tapıb söz deyə bilmirdi. Köhnə Məhəllə uşağı isə yerli-yataqlı hər şeyi, ötənləri, arada susub siqaretinə qullab vura-vura ardıcıllıqla nəql edirdi, danışırdı.
***
Köhnə tanışı yaxasını onun əlindən güclə qurtardı. Qorxa-qorxa:
- Əşşi, mənim nə günahım? - deyə ehtiyatla dilləndi, - Bir qulaq as...
...Bəs...
Demə, onların evlilikləri uzun sürməyibmiş. Evliliklərinin elə ilk günlərindən itlə pişik kimi dolanırlarmış. Bir oğulları olur. Uşaq da onları barışdıra bilmir. Bu da axırı... Bir gün yenə sözləri çəpləşir, söz böyüyür. Ortaya qan düşür. Özündən çıxan ər mətbəxdən bıçağı qapır, hirsi soyuyanacan bıçağı arvadın sinəsinə saplayır. Hirsi soyuyanda isə daha gec idi.
Öz ayaqları ilə könüllü polisə gedib özünü təslim edir. İyirmi illik həbs cəzası. Ancaq o bu məhkumluğun heç üç ilini də orada keçirə bilmir. Nədən ki, türmədə intihar edir. Doğrudur, onun intiharı ilə bağlı dedi-qodular, şayiələr də çıxdı. Guya ki, onun ölümü intihar deyilmiş.
***
On beş il türmədə yata-yata bu günü gözləmişdi. Həbsdən azad olunan kimi dərhal yalançı şahidləri axtarıb tapmaq və onlardan qisasını almaq! İndi budur, onların hər ikisi dünyada yox idi... Elə bil birdən-birə diksindi. Bəs onu on beş illik məhkum ömrü yaşadan üçüncü şəxs? O ki, sağ idi... Yox, o da cəzasına çatmalı idi.
Həbsxanada on beş ili qisas gününün naminə dözüb durmuşdu. Bir ara intihar etmək qərarına gəlmişdi. Ac-susuz qalmışdı. Onun türməyə düşməyinin əsl səbəbindən xəbərdar olan dustaq yoldaşları onu ələ salıb təhqir etmişdilər. Dəfələrlə özündən güclülər tərəfindən alçaldılmışdı. O isə dözüb durmuşdu. Məhz həbsxanadan azad olandan sonra ona rahatlıq gətirəcək, təzədən buraya düşsə də, özlüyündə müqəddəs bildiyi qisas alacağı gününün naminə intihar fikrindən də əl çəkmiş, təhqirlərə də dözüb durmuşdu.
Yox, üzünə duran o yalançı şahidlərdən qisasını almalı idi. Yoxsa gora rahat gedə bilməzdi. İşdir-şayət, qisasını almamış qəfil dünyasını dəyişsəydi, od tutub qəbri yanardı. Elə bil birdən-birə diksindi. Başına girən qara-qura fikirlərdən, elə bil, onu üşütmə tutdu. Yalançı şahidlər... Bəs özü? Axı, "cinayət"ini boynuna alıb "etiraf" edən özü olmuşdu. Deməli, onu on beş il məhkum ömrü yaşatmağa məcbur edən əsl günahkar elə özü olmuşdu...
***
...İndisə on beş ildən bəri qəlbində gəzdirdiyi ən böyük məqsədi heç-puç olmuşdu, yoxa çıxmışdı. Bundan sonra hansı istəklə yaşaya bilərdi? Nəyisə arzulamaq, ona qovuşmaq naminə yaşamaq olardı. Bundan sonra arzu-istək boş şey idi. İndi gücü, deyəsən, təkcə elə özünə çatacaqdı...
...Elə bil axtardığını birdən tapdı. Haqsız həbsində günahkar olan üçüncü şəxs sağ idi. Dənizə tərəf yollandı.
***
Dəniz qırağında gəzişənlər arasına səs-küy düşdü. Hamı irəliyə, səs gələn tərəfə tələsdi. Səsi eşidən biri dedi ki, gözlərimlə gördüm, orta yaşlı bir kişi idi. Özünü dənizə atdı. Çox güman ki, intihar etmək qərarına gəlibmiş.
2020
Aydın TAĞIYEV
Şahidin ölümü

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!